Məhkəmə qərarları › İş №1(101)-520/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-520/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-520/2024 22.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X13 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1991-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, "xxxx" MMC-də sürücü işləmiş, Hacıqabul rayonu, 1-ci Udullu kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 64-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 3,667 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşımış, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin və 8-ci Polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi 20 ünvanının qarşısında saxlanılaraq ünvan 1erləşən 8-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 16:20-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən naməlum mənbədən satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı 1 (bir) ədəd ağ rəngli kağız parçasına bükülmüş halda təmiz çəkisi 3,667 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ittiham aktında yazılanlarla razı deyil. O, polis əməkdaşları tərəfindən saxlanılanadək Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 64-də yaşamış, evli omaqla, himayəsində 2 (iki) azyaşlı uşağı var. Uşaqlarından biri 2-ci sinifdə oxuyur, digərinin isə 5 yaşı var. Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən tutulması ilə bağlı deyə bilər ki, onu narkotik vasitələrin külli miqdarda saxlaması və daşıması ilə bağlı saxlamışlar. Lakin onun narkotik vasitələrə heç bir aidiyyəti yoxdur. Hətta o, narkotik vasitələrlə ilk dəfə Səbail RPİ-nin 8-ci PB-də həmin bölmənin əməkdaşları vasitəsilə tanış olmuşdur. O, heç vaxt narkotik vasitə görməmiş, nə də ki, narkotik vasitələrdən istifadə etməmişdir. Onun narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. O, 30 mart 2023-cü il tarixdə günorta saatlarında Səbail RPİ-nin 8ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. Həmin vaxt o, ikinci sinifdə təhsil alan övladını dərsə aparmışdır. Onun övladı günorta növbəsində təhsil alır. 8-ci PB-nin əməkdaşları tərəfindən tutulduğu gün o, günorta namazını qıldıqdan sonra saat 13:00 radələrində evdən çıxmış və uşağı ilə birgə həyətə düşərək avtomobilinə əyləşmişdir. O, avtomobil ilə hərəkətdə olarkən Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları ona yaxınlaşmışlar. O da avtomobilin pəncərəsini aşağı endirib özünü təqdim etmişdir. Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları onu avtomobildən çölə çağırmışlar. O da, avtomobilindən düşərək polis əməkdaşlarına yaxınlaşmışdır. Həmin polis əməkdaşları ondan saxlanıldığı ərazinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir nəfər şəxs olduğunu və həmin şəxslə bağlı suallarının olduğunu bildirib ondan həmin şəxsi tanıyıb-tanımadığını soruşmuşlar. Səhv etmirsə, Əhməd adlı narkotacirliklə məşğul olan şəxsi tanıyıb-tanımadığını ondan soruşmuşlar. O da, Əhməd adlı şəxsi tanımadığını bildirmişdir. Daha sonra 8-ci PB-nin əməkdaşları ona birlikdə 8-ci PB-nə getməli olduğunu bildirmişlər. Sonra 8-ci PB-nin əməkdaşları onu özləri ilə 8-ci PB-nə aparmışlar. Uşağı da hadisə baş verən küçədə qalmışdır. O, 8-ci PB-də olarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə məruz qalmamış, lakin polis əməkdaşları ona psixoloji təzyiq etmişlər. Psixoloji təzyiq onda ifadə olunmuşdur ki, əgər o, narkotik vasitələrin ona məxsus olduğunu boynuna götürməsə idi, polis əməkdaşları onun yaşadığı evə basqın edərək daha artıq miqdarda narkotik vasitələri çıxaracaqlarını və onu daha artıq çəkidə narkotik vasitələrlə bağlı məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. Polis əməkdaşları həmçinin onu döyməklə hədələmişlər, lakin onu döyməmişlər. Həmin sözləri ona deyən polis əməkdaşının adını o, dəqiq bilmir. Polislərin arasında Bəxtiyar, Rasim, Tural və başqa adlarda polis əməkdaşları olmuş, həmçinin həmin polislər mülki geyimdə olmuşlar. O da, polis əməkdaşlarının təzyiqindən qorxduğu üçün məcbur qalaraq 8-ci PB-nin əməkdaşları ilə razılaşmış və izahatında narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, cinayət hadisəsinin üzərindən xeyli zaman keçdiyinə görə o, cinayət hadisəsi ilə əlaqədar heç bir xüsusatı dəqiqliklə xatırlamır. Lakin o, ibtidai istintaq zamanı ibtidai istintaq orqanına vermiş olduğu ifadəsini təsdiq edir və bundan başqa deyəcəyi yoxdur. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini məhkəmədə təsdiq etdiyindən onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə 8-ci Polis bölməsinin əməliyyat aparatına Səbail rayonu ərazisində yaşayan Qoşqar adlı şəxsin Bayıl qəsəbəsi, Y.Mürsəlov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat-axtarış tədbirləri ilə yoxlanılması məqsədəmüvafiq hesab edilmiş və bunun üçün ondan və 8-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçiriləcək tədbirin üsul və metodlarını müzakirə etdikdən sonra qəbul edilmiş qərar əsasında onlar əməliyyat-axtarış tədbirlərini həyata keçirməyə başlamışlar. Həmin gün saat 14:00 radələrində əlavə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Y.Mürsəlov küçəsindədir. Onlar həmin ünvana gəlmişlər və məlumatda göstərilən əlamətlərə oxşar şəxsi orada görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs tərəflərindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib Təqsirləndirilən şəxs 8-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməmiş və onlarla birlikdə 8-ci Polis bölməsinə gəlmişdir. Onlar Təqsirləndirilən şəxs 8-ci Polis bölməsinin inzibati binasına gətirdikdən sonra sonuncunun şəxsiyyətini dəqiqləşdirmişlər. Sonra keçirtdikləri əməliyyat tədbiri barədə bölmənin rəhbərliyinə məruzə olunmuşdur. Gətirdikləri şəxsin üzərinə şəxsi axtarış prosesual hərəkətin aparılması məqsədəmüvafiq hesab edilmiş və bu hərəkətin keçirilməsi bölmənin əməliyyat qrupunda olan təhqiqatçısına tapşırılmışdır. Təhqiqatçı saxlanılan şəxslə müvafiq sənədləşmə aparıb hüquqlarının müdafiəsi üçün vəkil dəvət edəndən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində daşınması və saxlanması qanunla qadağan edilən predmet və əşya varsa özü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən bükülmüş vəziyyətdə olan ağ rəngli kağız parçasını çıxarıb təqdim etmişdir. Həmin kağız parçası açılmış və parçanın içərisində qəhvəyi rəngli yaş toz halında olan maddə aşkar edilmişdir. Həmin maddənin nə olması barədə suala cavab olaraq Təqsirləndirilən şəxs bu maddənin narkotik vasitə heroin olduğunu və həmin heroini yaşadığı Bayıl qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra aşkar olunmuş maddə boş zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra onlar həmin zərfi və çəkilişlər bitəndən sonra şəxsi axtarışla bağlı tərtib olunmuş protokolu imzalamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, cinayət hadisəsinin üzərindən xeyli müddət keçdiyi üçün o, hazırkı cinayə işi ilə bağlı bütün xüsusatları tam da detallı bir şəkildə xatırlamır. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinə aparmışlar. Bundan sonra 8-ci Polis bölməsindəki xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin şəxsi axtarışda vəkil də iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş olan şəxsi axtarış zamanı etirafedici ifadə vermiş və narkotik vasitə aludəçisi olduğunu bildirməklə üzərində olan narkotik vasitəni qarşısındakı masanın üzərinə qoyaraq təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlamışlar, Təqsirləndirilən şəxs saxlanılmasına dair əməliyyat qrupunun rəhbəri o, olmuş, qrupun digər üzvü isə Şahid2 olmuş, Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatının mahiyyəti Qoşqarın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından ibarət olmuş, Təqsirləndirilən şəxs harada saxladıqlarını dəqiq olaraq xatırlamır, Təqsirləndirilən şəxs harada saxlanıldığını ibtidai istintaq orqanına vermiş olduğu ifadəsində qeyd etmiş, lakin Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində saxladıqlarını dəqiq bilir, Təqsirləndirilən şəxs saxlanılan zaman, habelə saxlanıldıqdan sonra sonuncuya qarşı heç bir fiziki və mənəvi işgəncə göstərilməmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış vəkilin iştirakı ilə keçirilmiş, Təqsirləndirilən şəxs saxlanılması zamanı Qoşqarın yanında ailə üzvünün olmasını xatırlamır. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini məhkəmədə təsdiq etdiyindən onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. xx.xx.2023-cü il tarixdə 8-ci Polis bölməsinin əməliyyat aparatına məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs adlı Bayıl qəsəbə sakini narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olur və tez-tez Y.Mürsəlov küçəsi 20 ünvanının yaxınlığında bu fəaliyyətlə məşğuldur. O, daxil olmuş məlumatı və məlumatı vermiş mənbənin etibarlılığı barədə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra bu məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədəmüvafiq hesab edilmiş və əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilməklə yanaşı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupun bir üzvü o, digər üzvü isə Səbail RPİ-nin Cinayət Axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 olmuşdur. Davranış xətti izah olunduqdan sonra onlar əməliyyat-axtarış tədbirini keçirməyə başlamışlar. Həmin gün saat 14:00 radələrində əlavə məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan ünvanın yaxınlığındadır. Bundan sonra onlar həmin ünvana gəlmişlər və məlumatda göstərilən əlamətlərə oxşar 30-35 yaşlı, orta boylu, üzü saqqalı kişi cinsli şəxsi orada görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək əvvəl həmin şəxsin şəxsiyyətini öyrənmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs tərəflərindən şübhəli bilindiyini izah edib sonuncunun onlarla birlikdə 8-ci Polis bölməsinə getməli olduğunu bildirmişlər. Qoşqar da buna etiraz etməmiş və onlarla birlikdə Polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs 8-ci Polis bölməsinin inzibati binasına gətirəndən sonra Qoşqarın şəxsiyyəti bir daha yoxlanılmışdır. Sonra keçirilmiş əməliyyat tədbiri barədə bölmənin rəhbərliyinə məruzə olunmuşdur. Gətirdikləri şəxsin üzərinə şəxsi axtarış prosesual hərəkətin aparılması məqsədəmüvafiq hesab edilmişdir, bu hərəkətin keçirilməsi isə bölmənin əməliyyat qrupunda olan təhqiqatçısına tapşırılmışdır. Təhqiqatçı saxlanılan şəxslə müvafiq sənədləşmə aparıb hüquqlarının müdafiəsi üçün vəkil dəvət etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində daşınması və saxlanması qanunazidd hesab edilən predmetlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən bükülmüş vəziyyətdə olan ağ rəngli kağız parçasını çıxarıb təqdim etmişdir. Həmin kağız parçası açılmış və parçanın içərisində qəhvəyi rəngli yaş toz halında olan maddə aşkar edilmişdir. Həmin maddənin nə olması sualına cavab olaraq Təqsirləndirilən şəxs bu maddənin narkotik vasitə heroin olduğunu və heroini yaşadığı Bayıl qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra aşkar olunmuş maddə boş zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 12.00 radələrində Səbail RPİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Səbail RPİnin 8-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 məlumat daxil olmuşdur ki, xx.xx.1991-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Hacıqabul rayonu, Udullu kəndində qeydiyyatda olan və hal-hazırda Bakı şəhəri, Y.Mürsəlov küçəsi, ev 64 ünvnaında yaşayan Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 29-30) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 31-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş halda qəhvəyi rəngli yaş və toz halında spesifik iyə malik olan maddə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1880 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 43-46) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs üzərindən ...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,667 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma barədə qərardan (cild 1, iş vərəqə 62) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd kompakt disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi barədə qərardan (cild 1, iş vərəqə 63- 64) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 66-67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-236/2023 saylı qərarından (cild 1, iş vərəqə 81-84) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma barədə qərardan (cild 1, iş vərəqə 101) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,617 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin saxlama otağına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli məktubdan (cild 1, iş vərəqə 108) görünür ki, Hacıqabul rayonu, birinci Udullu kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Səbail rayonunda yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı X6, övladları xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 ibarətdir. xx.xx.2023-cü il tarixli arayışdan (cild 1, iş vərəqə 109) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 115) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli məktubdan (cild 1, iş vərəqə 138) görünür ki, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitə verən şəxsi müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin 3688 nömrəli məcburi-narkoloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 150-151) görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 154-162) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, onun əldə etdiyi narkotik vasitənin mənbəsinin müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. Şəxsiyyət vəsiqələrinin surətlərindən (cild 1, iş vərəqə 111-112) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Səccad Həsənov və xx.xx.2018-ci il təvəllüdlü Məmmədhüseyn Həsənov adlı övladı var. "xxxx" MMC tərəfindən verilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 113) görünür ki, Təqsirləndirilən şəxs işlədiyi yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2021-ci il tarixli X3 X10 Regional Bölməsi tərəfindən verilmiş fəxri fərmandan (cild 1, iş vərəqə 114) görünür ki, Təqsirləndirilən şəxs “44 günlük” Vətən müharibəsində əsl vətənpərvər və xeyriyyəçi insan olaraq Tərtər şəhərində bunker və sığınacaqlarda yaşayan insanlara göstərdiyi qida və ərzaq yardımlarına görə fəxri fərmanla təltif edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 3,667 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşımış, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin və 8ci Polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi 20 ünvanının qarşısında saxlanılaraq ünvan 1erləşən 8-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 16:20-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən naməlum mənbədən satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı 1 (bir) ədəd ağ rəngli kağız parçasına bükülmüş halda təmiz çəkisi 3,667 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımış və üzərində şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,667 qram təşkil edən narkotik vasitə heroin aşkar edilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, yaşadığı və işlədiyi yer üzrə müsbət xarakterizə olunmasını, habelə fəxri fərmanla təltif olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini (nisbətən az olmasını) və onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,617 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,617 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar