Məhkəmə qərarları › İş №1(101)-521/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-521/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-521/2023 07.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X11 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X5 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Masallı rayonu, Məmmədoba kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Məmmədoba kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,899 qram, 0,791 qram, 1,478 qram, 0,899 və 2,115 qram olmaqla, ümumi təmiz çəkisi 6,182 qram tünd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı RPİnin 31-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 19 iyul 2022-ci il tarixdə saat 11:30-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sol cibindən 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,899 qram, 0,791 qram, 1,478 qram, 0,899 və 2,115 qram olmaqla, ümumi təmiz çəkisi 6,182 qram maddə kütlələri kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əzizbəyov küçəsi ev 19-da valideynləri ilə birlikdə yaşamış, 2 ay əvvəl isə anası vəfat etmişdir. “Anar” adlı polis əməkdaşı hadisə ilə bağlı Suraxanı rayonu 31-ci Polis Bölməsinə getməli olduğunu ona demişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evdə yatdığı yerdən onu götürüb Bakı şəhəri Suraxanı rayonu 31-ci Polis Bölməsinə gətirmişlər. Sonra orada ona içərisində narkotik vasitə olan 3 bükümü üzərinə götürməli olduğunu, əks halda vəziyyətinin daha da ağırlaşacağını demişlər. O da məcbur olub sənədlərə imza etmişdir. Əvvəllər narkotik vasitə istifadəçisi olmuş, lakin müalicə aldıqdan sonra narkotik vasitələrdən istifadə etməmişdir. O, narkotik vasitələrin satışını həyata keçirən şəxslərlə yoldaşlıq etməmişdir. Onun mobil telefonu olmamışdır. Atasının mobil telefon nömrəsini müstəntiqə əlaqə saxlamaq üçün vermişdir. O, əvvəllər hava limanında çalışsa da, tutulan ərəfədə işləməmişdir. Atası “Qarabağ veteranı” olduğu üçün sosial müavinat almışdır. O da qonşuluqda yaşayan ustanın yanında fəhlə işləmiş, gündəlik fəhləlik edərək ailəsini dolandırmışdır. O, sonuncu dəfə narkotik vasitəni tutulmazdan 2 ay 15 gün əvvəl istifadə etmişdir. O, ibtidai istintaq zamanı qətimkan tədbiri ilə bağlı məhkəmə iclasında hakimə yaşadığı evdə tutulduğunu bildirmiş və müdafiəçisi tərəfindən məhkəməyə vəsatət də verilmişdir. Bükümləri üzərinə götürmək üçün polis əməkdaşları onu döymüş və onun döyülməyi ilə bağlı heç bir sənədləşmə aparılmamışdır. O, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı prokurora və müdafiəçiyə demişdir. Polis əməkdaşları onu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əzizbəyov küçəsi ev 19-da olan zaman tutmuş, yaşadığı evə onu tutmağa 15 nəfərə yaxın polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları yaşadığı evə daxil olan zaman evdə atası olmuş və həmin vaxt polis əməkdaşları ona heç bir qərar göstərməmişlər. Polis bölməsinə aparıldıqdan 2 saat sonra “Anar” adlı polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş, həmin vaxt müdafiəçi bölmədə olmamış, müdafiəçini baxış keçirildikdən 1 gün sonra görmüşdür. Yaşadığı evin qapısı açıq olduğu üçün polis əməkdaşları yaşadığı evə rahat daxil olmuş, xəstə anasının yanına həkim gələcəyindən qapını bağlamamışlar. Bölmədə polis əməkdaşları tərəfindən döyülən zaman ona yüngül xəsarətlər yetirilmişdir. Onun cibinə narkotik vasitələr polis əməkdaşları tərəfindən qoyulmuş, sonra üzərinə baxış zaman polis əməkdaşları həmin narkotik vasitəni aşkar etmiş, ibtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 19 iyul 2022-ci il tarixdə təxminən saat 10:30-da Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əzizbəyov küçəsində yaşadığı ünvanın qarşısında olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları onu şübhəli şəxs qismində 31-ci PB-nə gətirmişlər. Orada xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Bundan sonra o, xidməti otaqda əynindəki boz rəngli idman şalvarının sol yan cibindən 5 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümləri və özünə məxsus üzərində mobil nömrə olmayan “Gerffins” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 5 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni 18 iyul 2022-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində Ceyhunbala adlı şəxsdən öz istifadəsi üçün 25 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə və mobil telefon onun iştirakı ilə 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlə möhürlənərək götürülmüşdür. O, narkotik vasitələrin və maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı qanunazidd hərəkətlər olmamışdır (cild 1, iş vərəqə 50-51 və 65-67). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələri istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəisə raportla məruzə olunduqdan sonra o və Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 10:30-da ünvan 1 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlamasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurəti yarandığını deyib onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bölmədə xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 5 ədəd bükümü və mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri 18 iyul 2022-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində “Ceyhunbala” adlı şəxsdən öz istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 5 ədəd büküm və 1 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Yeni Suraxanı qəsəbəsi, M.Əzizbəyov küçəsi ev 20 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlamışlar. Şəxsi axtarış polis bölməsində xidməti otaqların birində keçirilmişdir. Saxlanılan şəxsin üzərinə küçədə baxış keçirmək səlahiyyəti yoxdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman o da baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 5 ədəd büküm və 1 ədəd “Gerffins” markalı mobil telefon aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 33-34). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 5 ədəd bükümü və əynindəki həmin idman şalvarının sağ yan cibindən 1 ədəd “Gerffins” markalı mobil telefonu çıxarıb təqdim etmiş, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda o, həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri 18 iyul 2022-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində Ceyhunbala adlı şəxsdən öz istifadəsi üçün 25 manata aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmiş, sonra aşkar edilmiş həmin 5 ədəd büküm və 1 ədəd mobil telefon götürülüb qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilmiş və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqə 66-67). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3923 saylı 20 iyul 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №195” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər...” sözləri, soyadlar və imzalar sözləri qeyd edilmiş 1 ədəd zərfdə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,899 qram, 0,791 qram, 1,478 qram, 0,899 qram və 2,115 qram olmaqla, ümumi təmiz çəkisi 6,182 qram olan açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 6,182 qram, tədqiqata sərf edildi 0,25 qram, qalıq 5,932 qram, cild 1, iş vərəqə 40-42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 6948 saylı 18 noyabr 2022ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 124-125). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 1 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 38-41). Cinayət işinin materiallarında olan 25 noyabr 2022-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 5,932 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 130-138). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 114). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 28). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından azad olunmuşdur (cild 1, iş vərəqə 78-82). Cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi barədə” 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 83-84). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin tutulduğu müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, iş vərəqə 13-14). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 27 dekabr 2022-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 5,932 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixə kimi tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 27 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 5,932 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar