Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-522/2024 17.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmədə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olub Sabunçu rayonu Maştağa qəsəbəsi Maştağa-Buzovna Yolundakı yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs görə təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2062,157 qram narkotik vasitə heroin əldə edib onu hissələrə bölərək 2060 qram çəkidə hissəsini bir ədəd polietilen bağlamaya, 2,157 qram çəkidə hissəsini isə bir ədəd polietilen bükümə qablaşdırmaqla üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Buzovna Yolunun üzərindəki yeni yaşayış massivinədək daşımış, həmin tarixdə o, saat 02:30 dəqiqə radələrində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarənin Maştağa qəsəbəsi, Xanlar küçəsi 24A ünvanında yerləşən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin inzibati binasına gətirilib orada onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkcənin sağ iç cibindən bir ədəd polietilen bağlamada qablaşdırılmış külli miqdarda, yəni təmiz çəkisi 2060 qram, sağ üst yan cibindən isə bir ədəd polietilen bükümə qablaşdırılmış külli miqdarda təmiz çəkisi, yəni 2,157 qram olmaqla ümumi təmiz çəkisi 2062,157 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, gecə saat 02:00da evdə kinoya baxarkən qapı döyüldü. O da qapını açmışdır. İçəri doqquz nəfər polis əməkdaşı daxil oldu. O, polislərin evə girmələrinə icazə verməmişdir.. Onlar da ona təzyiq göstərib onu zorla polis bölməsinə aparmışlar. O, polis bölməsində iki gün qalmışdır. Orada onun üzərinə narkotik vasitə qoyaraq hər şeyin yaxşı olacağını, Bakı İstintaq Təcridxanasına aparıldıqdan sonra isə buraxılacağını dedilər. Sonra ona müxtəlif sənədləri imzalatdırmışlar. O yalnız kiril qrafikasını oxuya bilir, azərbaycan əlifbasını oxuya bilmir. Sözügedən hadisə 3 yanvar 2023-cü il tarixdə, gecə saat ikidə baş vermişdir. Polis bölməsində ona ağır gödəkçə vermişlər. O heç vaxt narkotik vasitə istifadə etməmişdir. Ona iki kiloqram narkotik vasitəni öz üzərinə götürməli olduğunu dedilər. O, bölmədə bu qədər pulunun olmadığından həmin narkotik vasitəni əldə edə bilməyəcəyini demişdir. Polis əməkdaşları ona fiziki təzyiq göstərmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. İki kiloqram altmış iki qram narkotik vasitə üzərindən aşkar olunmayıb. İbtidai istintaqın gedişində cinayət işi ilə bağlı hər hansı bir sənədi imzalamamışdır. Onu döyən zaman bibisi oğlu və həyat yoldaşı da hadisənin şahidi olublar. O, Bakı İstintaq Təcridxanasına daxil olarkən onun bədənində xəsarətlər aşkar olunmuşdur. Təcridxanada həkim onun üzərində yoxlanış etmişdir. İfadələrinə başqa əlavəsi yoxdu. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, özü narkotik vasitələrin istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmayıb, ona görə də özünü yalnız Azərbaycan Respublikası CM-nın 234.1-1-ci maddəsi ilə təqsirli bilir. Bir neçə ildir ki, ara-sıra narkotik vasitələrdən istifadə edir. Təqribən 2023-cü ilin yanvar ayının 1-də, gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Buzovna yolu, Yeni yaşayış sahəsində olduğu zaman yolun kənarında qara rəngli avtomobilin dayandığını, avtomobildən düşən şəxsin isə hasarın dibində nəsə gizlətdiyini görmüşdür. Avtomobil oradan getdikdən sonra o, hasara yaxınlaşaraq gizlədilən əşyanın nə olduğuna baxmış, üzərində şəffaf sellofan olan, qara rəngli paketdə olan bükülü olduğunu görmüşdür. Bükülünün içərisinə baxış keçirdiyi zaman narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin heroindən istifadə etmək üçün az miqdarda götürərək sellofana qoymuş, qalan hissəsini isə “Saboil” YDM-nin yaxınlığında daşların arasında gizlədərək oradan getmişdir. 04 yanvar 2023-cü il tarixdə saat 02:30 radələrində gizlətdiyi narkotik vasitənin yerini dəyişmək üçün “Saboil” YDM-nin yaxınlığına getmiş, oradan gizlətdiyi narkotik vasitəni götürərək əynində olan tünd göy rəngli gödəkçənin sağ iç döş cibində gizlətmiş, həmin yerdən ayrıldığı zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Sabunçu rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməyisini xahiş etmişlər. O özünü təqdim etdikdən sonra polis əməkdaşları şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər, üzərimdə narkotik vasitə olduğu üçün polis əməkdaşlarının suallarına dağınıq cavablar verərək tələsdiyini bildirərək getməyə çalışmış, bu zaman polis əməkdaşları ondan şübhələnmişlər və getməsinin qarşısını alaraq onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinə getməsini tələb etmişlər, o isə polis əməkdaşlarının tələblərinə cavab olaraq təkrarən tələsdiyini demiş və getməsinə icazə vermələrini xahiş etmişdir. Lakin polis əməkdaşları təkidlə İdarəyə getməsinin zəruri olduğunu bildirmişlər, o da məcbur qalıb polis əməkdaşları ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin inzibati binasına gəlmişdir. Polis İdarəsində aparılmış söhbət zamanı üzərində narkotik vasitə olduğunu etiraf etdiyindən üzərinə şəxsi axtarış və götürmə aparılması üçün onu nəzarət altında saxlayaraq ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə aparmışlar, orada hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər, vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan olunmuş, həmin prosessual hərəkətdə müdaifəçinin iştirak edib-etməməsinə dair münasibəti aydınlaşdırılmış, o da düşünmüşdür ki, onsuzda şəxsi axtarış zamanı üzərində olan narkotik vasitə aşkar olunacaq, müdafiəçi də buna şahid olsa sonradan artıq onu müdafiə edə bilməyəcək, ona görə ərizə yazaraq xahiş etmişdir ki, üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilsin. Bundan sonra oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə olan narkotik vasitə heroini, həmçinin həmin gödəkçənin sağ iç döş cibindən bir ədəd qara rəngli sellofan bağlamada olan narkotik vasitə heroini təqdim etmişdir. Polis əməkdaşları bükümlərdə olan maddələrin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşduqda cavab olaraq bildirmişdir ki, təqdim etdiyi maddələr narkotik vasitə heroindir, onları təqribən 3-4 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa- Buzovna yolunun üzərində yerləşən hasarın yanından taparaq götürmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin qablaşdırılmış, qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı ünvana da baxış keçirilmiş, lakin evindən dövriyyəsi qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini polislər tərəfindən saxlanılmamışdan 3-4 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa- Buzovna yolunun üzərində yerləşən hasarın dibindən tapmışdır, təsadüfən tapdığı həmin narkotik vasitə heroini gələcəkdə ehtiyacı yarandıqda istifadə etmək üçün saxlamışdır, həmin narkotik vasitədən heç kimə verməmiş və onun satışını həyata keçirməmişdir. Şahid1 ifadələrində göstərdi ki, 04 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisinə xidməti maşınla ərazinin n müşahidəsini apararkən məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan X6 ilk dəfə görüb onun özünü şübhəli apardığına görə ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs narkotik vasitə aşkar olundu. Azadı o və Sabunçu rayonu 14-cü Polis bölməsinin əməkdaşları saxlamışlar. Azada heç bir fiziki və psixi təzyiq göstərilməyib. O özü Azadın üzərindən narkotik vasitənin aşkar olunmasının şahidi olmuşdur. Azad narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını dedi. Azadın üzərinə şəxsi axtraış video çəkilişlə aparılıb. Həmin video çəkilişdə o da iştirak etmişdir. Təqsirləndirilən şəxsin əvvəllər məhkum olunduğu ona məlum olmamışdır. O, Azadın ağzının qanla dolu olduğunu, dişlərinin sındığını görməmişdir. O, təqsirləndirilən şəxs Azadın evində olmamışdır. O, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdə iştirak etmişdir. Təxminən təqsirləndirilən şəxs saxlanıldıqdan 40 dəqiqə sonra video çəkiliş aparıldı. Təqsirləndirilən şəxsin saxlanılmasından uzun müddət keçib deyə, hər şeyi tam dəqiqliyi ilə xatırlamır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, son vaxtlar İdarənin inzibati ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin sayının kəskin surətdə artması ilə əlaqədar Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparırlarmış. Saat 02:30 radələrində qəsəbənin Maştağa-Buzovna Yolunun üzərindəki yeni yaşayış massivi ərazisində diqqətlərini, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər orta yaşlı şəxs cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək ona yaxınlaşmışlar və özlərini təqdim edərək ondan həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olubolmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, ona verdikləri sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyyə fikirləşib çətinliklə cavablandırırmış, adını və soyadını belə zorla deyirmiş. Sorğu-sual zamanı həmin şəxsin əvvəllər məhkum olması məlum olduqda və danışdıqca sanki üzərində olan nəyi isə gizlətməyə çalışdığı, narkotik təsiri altında olması hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsi Polis İdarəsinə gətirsinlər. Belə də etmişlər, həmin şəxsi Polis İdarəsinə dəvət etmişlər, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək Sabunçu rayon Polis İdarəsinə gəlmişlər, burada apardıqları kəşfiyyat-profilaktiki söhbət zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını səmimi etiraf etmişdir, bununla əlaqədar üzərinə şəxsi axtarış aparılması zərurəti yaranmış, şəxsi axtarış və götürmənin cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun aparılması məqsədi ilə müvafiq sənədləşdirilmə aparılması üçün Təqsirləndirilən şəxs ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinn ünvan 4 ünvanında yerləşən inzibati binasına aparmışlar, orada növbədə olan təhqiqatçı Müsəllim Müsəllimov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində olan narkotik vasitələri və saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bir daha təsdiq edərək əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd qara rəngli sellofan bağlamanı, sağ yan cibindən isə bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, həmin narkotik vasitəni tərəflərindən saxlanılmamışdan təxminən 3-5 gün əvvəl Bakı şəhəri Sabunçu rayonu Maştağa-Buzovna Yolunun üzərində yerləşən «Saboil» yanacaqdoldurma məntəqəsinin yaxınlığından yolun kənarındakı hasarın dibindən tapdığını, narkotik vasitə olduğunu görüb öz istifadəsi üçün oradan götürüb üzərində saxlayaraq daşıdığını bildirmişdir. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm və bağlama təhqiqatçı tərəfindən açıldıqda içərilərində narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli tozşəkilli kəskin qoxulu kütlələrin olması müəyyən edilmiş, təhqiqatçı həmin kütlələrin sübut əhəmiyyəti kəsb etmələrini bildirərək onları qablaşdıraraq möhürləmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Daha sonra eyni tərkibdə Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri Sabunçu rayonu Maştağa-Buzovna Yolunun üzərindəki yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evə də baxış keçirilmiş, lakin evə keçirilmiş baxış zamanı dövriyyəsi qanunla qadağan edilmiş, iş üçün sübut əhəmiyyəti kəsb edən hər- hasısa bir əşya və predmet aşkar edilməmişdir. Sonradan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədqiqi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə onun yaşadığı ərazidə narkotik vasitələrin və pisxotrop maddələrin satışı ilə məşğul olması təsdiq olunsa da, konkret müştərilərini və narkotik vasitələri əldə etdiyi mənbələri hələlik müəyyən etmək mümkün olmamışdır, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunacağı təqdirdə istintaq orqanına da məlumat veriləcək. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Hadisə yanvar bu ilin ayının əvvəllərində baş vermişdir. Xidmətdə olan Təqsirləndirilən şəxs görmüşlər. Onlar Azada yaxınlaşmış, onun şübhəli davranışlarına görə onun narkotik vasitənin təsiri altında olduğunu qənəaətinə gəlib onu polis bölməsinə aparmışlar. Polis bölməsində olarkən Azadın üzərindən heroin akar olundu. O, narkotik vasitənin özünə aid olduğunu, heroini hasarın yaxınlığından tapdığını, narkotik vasitəni özünün istifadə etdiyini bildirdi. Onlar Təqsirləndirilən şəxsı Maştağa-Buzovna yolu istiqamətində saxlamışlar. Hadisə təxminən gecə saat 02:00 radələrində baş vermişdir. Təqsirləndirilən şəxs nəsə axtarırdı, onlar bu səbəbdən həmin şəxsdən şübhələnmişlər. Onun və xidmətdə birlikdə olduğu polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs fiziki və ya psixi təzyiq göstərilməyib. Təqsirləndirilən şəxslə heç bir ədavəti yoxdur. Onun özünün iştirakı ilə video çəkilişla Azadın üzərinə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs gecə polis bölməsində qalmayıb. Təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs üzərindən çıxmış narkotik vasitənin miqdarı dəqiq yadında deyil, heroin olduğunu xatırlayır, lakin narkotik vasitənin çəkisi yadında deyil. Azadı saxladıqları zaman Azad, onlara müqavimət göstərməmişdir. Azada nə psixi, nə də fiziki təsir göstərilməyib. Azadın bu barədə dedikləri yalandır. Azad saxlanılanda onun yanında polis əməkdaşı Şahid1 olmuşdur. Bir daha qeyd edir ki, onlar Təqsirləndirilən şəxsı həmin tarixdə təsadüfən görmüşlər. Azadın özünü şübhəli apardığına görə saxlamışıar. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 04 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Müsəllimov Müsəllİm Məhyəddin oğlu tərəfindən Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 və barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs – xx xxxxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikasının CM-nin 120 və 234.1-ci maddələri məhkum olmuş, fərdi əməklə məşğul olan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Maştağa-Buzovna Yolu yeni yaşayış sahəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib edilib ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə saat 02:30-da Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Buzovna yolu yeni yaşayış sahəsində özünü şübhəli apardığına görə saxlanılarkən yayınmağa çalışdığı üçün Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli qərara əsasən Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmış, xx.xx.2023-cü il tarixdə saat 04:30-də başlayaraq saat 04:36-da bitmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddəni və sağ döş cibindən bir ədəd qara rəngli sellofan bağlama bükülmüş maddəni təqdim etmiş, onların narkotik vasitə heroin olmasını, həmin maddələri Maştağa-Buzovna yolu yeni yaşayış sahəsi ərazisindən hasarın dibindən tapdığını, özü istifadə etmək məqsədi ilə götürüb üzərində saxlayaraq daşımasını bildirmişdir. Aşkar olunmuş maddələr sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 04 yanvar 2023-cü il tarixli 6/17 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd paketdə təqdim olunmuş 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 2,157 qram və 01 ədəd qara rəngli polietilen bağalamada təmiz çəkisi 2060 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2062,157 qram(2 kq 62,157 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər.. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Ekspertiza tədqiqatlarından sonra qalmış 2,057 qram və 2059,8 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılmaları ücün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişlər. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə psixiatrik ekspertizasının 18 may 2023-cü il tarixli 1362 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, hazırda və cinayət əməlini törətdiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşar olunmayıb, ifadə vermək qabiliyyəti və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir, təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində narkotik vasitə istifadəçisi olmadığını, heroindən istifadə etmədiyini, 03 yanvar 2023-cü il tarixində gecə saatlarında polis əməkdaşlarının onu evindən Sabunçu rayon 14-cü PB-nə apardıqlarını, həmin vaxt onun üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının onu döyüb, narkotik vasitəni öz üzərinə götürməsini tələb etdiklərini, istintaq təcridxanasına daxil olan zaman üzərində xəsarətlər olduğunu, döyülməsiylə bağlı heç kimə müraciət etmədiyini, ittiham aktında yazılan ünvanda polislər tərəfindən saxlanılmadığını göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini onun özünün ibtidai istintaq zamanı təqsiləndirildiyi ittihamın mahiyyəti üzrə verdiyi qismən etirafedici ifadələri, ona təzyiq və təsir göstərilməsinin inkar olduğunu bəyan edən şahidlərin ifadələri, onun üzərinə keçirilmiş baxışı özündə əks etdirən videoçəklişdə əks olunan təsvirlərdə onun sərbəst şəkildə cinayət əməlinin predmetini təşkil edən narkotik vasitəni təqdim edib özünə məxsus olmasını təsdiq etdiyi görüntülərlə, onun tərəfindən təqdim olunan narkotik vasitənin ondan götürülməsini təsdiq edən qeyd və iradsız təsdiq etdiyi protokolun məzmunu ilə, onun təqdim etdiyi narkotik vasitənin küllü miqdarda eyni tərkibli heroin olmasını təsdiq edən məhkəmə ekspertizasının rəyi, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin özü, habelə işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu iddialarını həqiqətə uyğun olmayan özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Çünki onun bu iddialarını təsdiq edən sübut müəyyən olunmadı. O da belə sübut təqdim etmədi. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə, məhkəmə yuxardıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəldiyiyndən onun təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi müəyyən olundu. Məhkəmə ekspertiza xərclərini təşkil edən 114 ( yüz on dörd ) manat vəsaitin təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən hüquqi yardım göstərilməsi bu səbəbdən də ona 80 (səksən) manat, məhkəmə istintaqı dövründə isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 70 (yetmiş saat) hüquqi yardım göstərilməsi və bu səbəbdən ona 420 ( dörd yüz iyirmi) manat pul vəsaitinin ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsi qənaətinə gəldiyindən Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 2,057 qram və 2059,8 qram təmiz çəkidə qalıq qalan narkotik vasitə heroinlər sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, bir ədəd rəqəmsal video diskin (DVD) cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarına əlavə olunmuş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinin 6-cı bəndi (köhnə redaksiyada “qəsdən adam öldürmə”) ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.1994-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək əməli CM-nin 95-ci maddəsinə tövsif edilməklə cəzası 10 ilə endirilmiş, xx.xx.2004-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Binəqədİ rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinn xx.xx.2007- ci il tarixli “Amnistiya Haqqında” qərarına əsasən xx.xx.2007-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin qeyd hissəsinə əsasən isə amnistiya aktına əsasən cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Ona görə də hazırda ittiham olunduğu cinayət əməlini törətdiyi müddətə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ittiham olunduğu cinayət əməllərinin törədilməsi halları barəsində ibtidai istintaq zamanı ətraflı ifadələr veməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır, çünkü onun təqsirli bilindiyi cinayət əməlinin xarakteri, bu əməli törətməmişdən qabaqkı qanuna münasibətədə riskli davranışları olması, bu əməli törətdikdən sonra əməl barəsində ziddiyyətli bəyanətləri onun onun hazırda da qanuna münasibətdə riskli olmasını təsdiq etdi. Məhkəmə, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən onun tərəfindən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs bu iş üzrə əvvəli 04 yanvar 2023-cü il tarixdən 03 aprel 2023-cü il tarixə qədər şübhəli və təqsirləndirilən şəxs qismində tutulub saxlanıldığı 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddət onun cəza müddətinə daxil edilməsini əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcının 04 yanvar 2023-cü il tarixdən hesablanmalı olduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş “ polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsini və onun barəsində həbs qətimkan tədbirinin seçilib məhkəmə iclas zalından dərhal həbsə alınmasını, seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Ambulator məcburi-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 10 yanvar 2023-cü il tarixli 86 saylı rəyindən aydın olur ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 08 ( səkkiz ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdən 03 aprel 2023-cü il tarixə qədər şübhəli və təqsirləndirilən şəxs qismində tutulub saxlanıldığı 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddət onun cəza müddətinə daxil edilsin və onun cəzasının çəkilməmiş hissəsi 07 ( yeddi ) il 09 (doqquz) ay 01 (bir) gün müəyyən olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar olaraq məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 114 (yüz on dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X3 80 (səksən) manat, məhkəmədə göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 ( dörd yüz iyirmi) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçilərə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 2,057 qram və 2059,8 qram təmiz çəkidə qalıq qalan narkotik vasitə heroinlər sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Bir ədəd rəqəmsal video disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-522/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-522/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver