Məhkəmə qərarları › İş №1(101)-523/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-523/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-523/2023 03.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsi ev 2-də qeydiyyatda olmaqla Sabunçu rayonu, Balaxanı qəsəbəsi, yeni yaşayış massivi, yeni tikilidə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin təxminən sentyabr ayının birinci on günlüyündə Bakı şəhərində başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, yəni ümumi təmiz çəkisi 1021,222 qram kustar üsulla hazırlanmış heroini əldə edib daşıyaraq bir hissəsini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən yeni tikilidə, bir hissəsini üzərində saxlamış, 07 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən həmin ünvanın qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilmiş, orada onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 01 ədəd bükümdə külli miqdarda, yəni 2,222 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən yeni tikili evin yataq otağındakı dolabda 01 ədəd polietilen torbada külli miqdarda, yəni ümumi təmiz çəkisi 1019,0 qram miqdarında xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, ibtidai istintaq mərhələsində yazılan yazıların heç biri qətiyyən düzgün deyil. Çünki orada yazılıb ki, iki nəfər onu küçədən, yəni qapının ağzından götürüb, amma əslində isə elə olmayıb. Onu öz evində tutublar. Onun yataq otağına üç-dörd nəfər polis əməkdaşı daxil olaraq onu götürüb bölməyə aparıblar. Əvvəlcə oğlunu onun qabağında, sonra isə onu oğlunun qabağında döyüblər. Oğlunun onun narkotik istifadəçisi olmağından xəbəri olmayıb. Özü narkotik vasitədən istifadə edir, lakin satışı ilə məşğul olmayib. Sonradan bölmədə onun cibinə narkotik vasitəni qoydular ki, guya onundur. Dedilər ki, əgər narkotik satışını boynuna almasa, oğlunu da onunla birgə tutacaqlar. Təzyiq altında olduğuna görə narkotik satışı ilə məşğul olduğunu qəbul etmişdir. İttiham aktında göstərilən miqdarda narkotik ona məxsus deyil. Polis əməkdaşlarının nəyə görə onun üzərinə şər atdığını bilmir. Polislər tərəfindən təzyiqə məruz qalmışdır, döyülmüşdür, xarici xəsarətləri olmasa da daxili xəsarətləri vardır, lakin həmin xəsarətlərin nədən ibarət olmasını bilmir. Onun üzərində narkotik vasitə olanda dostlarına hədiyyə edib, lakin satışla məşğul olmamışdır. Dost-tanışında da narkotik olanda ona hədiyyə etmişlər. Polislər bölməyə onunla bərabər Rüstəm adlı şəxsi də aparmışdılar. Rüstəm onun qonşusudur. Rüstəm onlara uşağını götürmək üçün gəlmişdir. Polislər onu evinin içindən, Rüstəmi isə həyətdən aparmışlar. Sonradan onun yoldaşını və oğlunu da bölməyə gətirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni qəbul etmir, təzyiq altında olduğu üçün məcbur olub, özünü təqsirli bilmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadələrində göstərmişdir: “ 7 ildir ki, kakos kimi tanıdığı narkotik vasitədən istifadə etməyə başlamışdır. Lakin bu hal mütəmadi olaraq davam etməmişdir. 051 *** ** ** nömrəsini işlədir, iki azyaşlı övladı var, Emil və İsrayıl himayəsində olan övladlarıdır. X4 həyat yoldaşıdır, vaxtilə işləmişdir, məhkumluğu yoxdur. 2022-ci ilin avqust ayında internet vasitəsilə, yəni sosial şəbəkəylə iranlı adını bilmədiyi şəxslə tanış olmuş onun kart nömrəsinə unutduğu şifrəyə unutduğu yerdən bankomat vasitəsilə 1000 manata heroin almış onun dediyi yerdən Balaxanıdan daşın altından gedib bir sellofan narkotik olan heroini götürmüş, sonra onu biraz özünə istifadə etmiş həmçinin evində dolabda saxlamış, bu barədə heç kimə deməmişdir. Bir qismini üzərində saxlamış 07 sentyabr 2022 tarixdə saat 15 radələrində evinin yaxınlığında piyada olaraq gəzərkən mülki geyimli polislər onlara yaxınlaşmış, üzərində sənəd olub-olmadığını öyrənmiş, üzərində sənəd olmadığından onlar onu 12-ci polis şöbəsinə dəvət etmiş, orada şəxsiyyəti müəyyən edilmiş, ona hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim edilmiş, orada xidməti otaqların birində ona üzərində hər hansı qanunla qadağa olunmuş əşya olub-olmaması soruşulduqda, o, yalan danışmağın bir əhəmiyyət kəsb etmədiyini başa düşüb, üzərində heroin olmasını bildirmişdir. Həmin 1 ədəd bükümdə heroini qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi büküm qablaşdırılaraq möhürlənmiş və ona həmin qanunsuz maddənin ekspertizaya göndəriləcəyi izah olunmuşdur. Həmçinin evində də bir sellofan heroin saxlamağını bildirmiş, evindən də heroin polislər tərəfindən müəyyən edilib götürülmüşdür. O, heroini öz istifadəsi üçün daima almış, bəzən isə satmış, satdığı adamları tanımır. 051 *** ** ** nömrəsi ona məxsusdur. Heroni aldığı şəxsi tanımır, nə adını nə üzünü görmüş, bir dəfə almış, dediyi yerdən gedib götürmüş, mobil nömrəsini də bilmir. Kart şifrəsini də unutmuşdur. Heçkimlə əlbir deyil, özü narkotiki və patını satmış, həmçinin telefon nömrəsinə daxil olan mesaj mətnləri barədə heç nə demək istəmir, oradan hər şey açıq-aşkar görünür”. Şahid ifadələrində Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirib ifadələrində göstərdi ki, 07 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, nömrəsiz fərdi evin yaxınlığında iş yoldaşı əməliyyat müvəkkili vəzifəsində xidmət edən Adilzadə Cavidlə birlikdə xidmətdə olarkən əvvəllər tanımadığı, məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görüb ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənədi onlara göstərməyini xahiş etmişlər. Rövşən şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirdi və yayınmaq istədi. Onlar da onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə saxladıqları şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Ona hüquq və vəzifələri izah edilmiş, özünün seçdiyi müdafiəçi ilə təmin olunmuşdur, lakin Rövşənin və onun müdafiəçisinin təklifi ilə onları iştirakı olmadan videoçəkilişlə Rövşənin üzərində axtarış aparıldı. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir bükümdə narkotik vasitəni çıxarıb təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan heroini öz istifadəsi üçün əldə etdiyiyni bildirdi. Onun üzərinə baxış zamanı digər qanunsuz əşya aşkar olunmadı. Bu barədə protokol tərtib olundu. Tərtib olunmuş protokol bütün iştirakçılar, o cümlədən də, Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən protokolu imzaladı və yaşadığı evdə də narkotik vasitə heroin saxladığını bildirdi. Bundan sonra onun evinə baxış keçirildi. Baxış zamanı dolabdan heroin aşkar edilib götürüldü. Rövşən həmin narkotik vasitəni satış məqsədiylə saxladığını bildirdi. Bu barədə də protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında tutublar. Ona qarşı hər hansı təzyiq və təsir göstərilməyib. Onun döyülməsi və ya ona başqa formada təsir göstərilməsi barəsindəki ifadələri yalandır.Rövşən saxlanılan anda narkotiklə bağlı bütün halları səmimi etiraf etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X2 RPİ-nin 12-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyiyni bildirib Şahid ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi ittihamı sübuta yetirən halları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 07 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə şəxsi axtarış keçirilmiş və axtarış zamanı o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə və sol yan cibindən bir ədəd özünə məxsus qara rəngli “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 07 sentyabr 2022-ci il tarixli fərdi evə baxış və götürülmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi evə baxış keçirilmiş və iki otaqdan ibarət fərdi yaşayış evinə daxil olduqda Təqsirləndirilən şəxs evin sol tərəfində yerləşən yataq otağının dolabının alt hissəsindən dolabı çıxarmış və ağ rəngli paket təqdim etmişdir. Ağ rəngli üzərindən “Şaurma 1” yazılan paketin içərisindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 8 sentyabr 2022-ci il tarixli, 6/4905 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı və imzalar olan kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,222 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 8 sentyabr 2022-ci il tarixli, 6/4906 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” yazısı və imzalar olan kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1019,0 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər rəydə olan heroinlə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş kompleks psixiatrik-psixoloji yoxlamanın 05 oktyabr 2022-ci il tarixli, 2638 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış keçirilmiş və oradan 20 iyun 2022 tarixdə 055 *** ** ** nömrəsindən “salam hardasan men evdeyem var bir sey gelim”, 12 avqust 2022 tarixdə 077 ******* nömrəsindən “kola lazımdı cavab verde”. Bu kimi narkotik vasitənin və psxixotrop maddənin satışıyla bağlı mesaj mətnləri müəyyən edilmiş, mesaj mətnləri maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində və evində aparılmış şəxsi axtarış və götürmə hərəkətlərin görüntülərini əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD disklərə baxış zamanı şəxsi axtarış və evə baxış zamanı göstərilən xüsusatlar yəni şəxsdən heroinin aşkar edilməsi bir daha müəyyən edilmişdir. Disklər və heroin maddi sübut kimi tanınmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş ümumi çəkisi 2,222 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınıb ekspetiza təqiqatından sonra qalığını təşkil edən 2,172 qram hissəsi, onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən yeni tikili evin yataq otağındakı dolabdan götürülmüş ümumi təmiz çəkisi 1019,0 qram miqdarında heroin maddi sübut kimi tanınıb onun ekspertiza tədqiqatından sonra qalığını təşkil edən 1018,95 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Sabunçi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətmədiyini, özünün ittihamda göstərilən ünvanda deyil yaşadığı mənzildə yataq otağında tutulduğunu, tutulduqdan sonra özünün və oğlunun polis əməkdaşları tərəfindən döyüldüyünü, bundan sonra narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etməyə məcbur edildiyini, özünün də məcbur olub ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini, onun bədənində döyülmənin xarici xəsarətlərinin izi olmadığını, daxili xəsarətlərin olduğunu, lakin bu xəsarətələrin nə xəsarətlər olduğunu bilmədiyini bildirib, hazırda həmin ifadələrini inkar etdiyini göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs bu ifadələrini araşdırdıqda, o, onun ibtidai istintaq zamanı və ya saxlanıldığı zaman döyülməsini təsdiq edən sübut təqdim etmədi. Həmin hallarla bağlı araşdırılmış şahid ifalərində də onun döyülməsini təsdiq edən hal və ya sübut müəyyən olunmadı. Məhkəmədə onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl şəxsi münasibətlərinin, o cümlədən də belə münasibətlər zəminində yarana bilməsi güman edilə bilən ədavətlərin olması müəyyən olunmadı. Əksinə polis əməkdaşlarının öz vəzifələrini icrası ilə məşğul olduqları Təqsirləndirilən şəxs təsadüfən görüb onun davranışının onlarda şübhə yaratdığı səbəbindən onu saxlayıb polis şöbəsinə apardıqları müəyyən olundu. Göstərilənlərlə bərabər məhkəmə qeyd edir ki, döyülmənin döyülmüş şəxsdə bədənin xarici nahiyyəsində iz qoymadan bədənin daxilinə xəsarətlər yetirməsi ümumi anlamda ağlabatan deyildir. Məhkəmə, göstərilən halları nəzərə alıb, Təqsirləndirilən şəxs bu ifadələrini özünün müdafiəsinə yönələn ifadə verməkdə sərbəst olması hüququndan yanlış istifadənin nəticəsi kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onu cinayət məsuliyyətindən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsinin olduğu qənaətinə gəlir və onun əməllərini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə hazırkı iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə 130 (yüz otuz) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 180 ( yüz səksən) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 130 (yüz otuz) manatın Təqsirləndirilən şəxs tutulub dövlət büdəsinə qaytarılmasını, müdafiəçiyə ödənilən məbləğdən azad olunmasını əsaslı sayır. Çünki onun həmin məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılan zaman aşkar edilərək götürülmüş ümumi çəkisi 1021,172 qram narkotik vasitə heroinin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1021,072 qram narkotik vasitə heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 2 (iki) ədəd rəqəmsal video (DVD ) diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış keçirilmiş və oradan 20 iyun 2022 tarixdə 055 *** ** ** nömrəsindən “salam hardasan men evdeyem var bir sey gelim”, 12 avqust 2022 tarixdə 077 ******* nömrəsindən “kola lazımdı cavab verde”. kimi narkotik vasitənin və psixotrop maddənin satışıyla bağlı mesaj mətnlərinin maddi sübutları cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ittiham olunduğu əməlin törədilməsi halları barəsində ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bu iş üzrə 07 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulub, 09 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 5788 saylı 05 oktyabr 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 07 sentyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1021,072 qram narkotik vasitə heroin məhv edilsin, axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 2 (iki) ədəd rəqəmsal video “DVD” disk, narkotik vasitənin satışıyla bağlı müəyyən edilmiş, mesaj mətnləri cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 130 (yüz otuz) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 180 ( yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmiş 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın və o, müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar