Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-527/2023 31.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ev 77 ünvanında yaşamış, 03 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs müəyyən olunmamış vaxt və mənbədən qanunsuz olaraq əldə etdiyi toxumlardan istifadə etməklə yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətində tikdirdiyi, pəncərəsi və dam örtüyü olmayan, bir mərtəbəli yarımtikilinin içərisində əkilib becərilməsi qadağan olunmuş 126 (bir yüz iyirmi altı) ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirərək diblərini suvarmaqla və yumşaldmaqla onlara aqrotexniki qaydada qulluq göstərib 03 avqust 2022-ci il tarixədək kultivasiya etmiş, həmçinin müəyyən olunmamış vaxtda həmin bitkilərin yarpaqlarını toplayaraq qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 1300,0 qram olmaqla külli miqdar təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış quludulmuş marixuana narkotik vasitəsini əldə edib həmin ünvanda saxlamış, “Xaş-xaş-2022” şərti adlı tədbirlər planının icra edilməsi məqsədi ilə qrupların yaradılması haqqında” xx.xx.2022-ci il tarixdə Sabunçu rayon Polis İdarəsində təsdiq olunmuş Ə412-075-22 nömrəli əmrə əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə əldə olunmuş əməliyyyat məlumatının yoxlanılması məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 22:00-da yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşları tərəfindən aparılmış baxış və axtarış zamanı həyətdəki pəncərəsi və dam örtüyü olmayan, bir mərtəbəli yarımtikilinin içərisində onun tərəfindən əkilibbecərilməklə kultivasiya edilmiş, yaş halda ümumi təmiz çəkisi 12635,0 qram olan 126 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, habelə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı ümumi təmiz çəkisi 1300,0 qram olmaqla külli miqdar təşkil edən quludulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlamaqla və qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə, cinayət işinin ibtidai istintaqı mərhələsində olduğu kimi özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o özü narkotik vasitə olan marixuana aludəçisidir və tutulmazdan təxminən beş il əvvəl başında olan kəskin ağrılarla əlaqədar marixuanadan istifadə etməyə başlamışdır. Əvvəllər müxtəlif tanımadığı şəxslərdən pul verərək öz istifadəsi üçün marixuana almış, lakin son vaxtlar narkotikin qiymətlərinin bahalaşması, maddi vəziyyətinin pisləşməsi və digər obyektiv səbəblərə görə ala bilməmişdir. Odur ki, öz həyətində çətənə bitkisi əkib marixuana əldə etmək qərarına gəlmişdir. Bu niyyətlə o, 2022-ci ilin may ayının təxminən ortalarında yaşadığı ünvanın həyətindəki üstü açıq, istifadəsiz qalmış yarımtikili binanın içərisində əvvəllər alaraq istifadə etdiyi marixuanadan qalmış toxumları səpərək onları cücərtmiş, onlara su vermiş, dibini nəmləndirməklə xususi qulluq göstərmiş və yetişdirmişdir. Qulluq mərhələsində əkib-becərdiyi kolların dibinin ot-alaqını təmizləmiş, çətənə bitkilərinin bəzi yarpaqlarını alaq kimi qoparıb həyətin bir küncünə toplamışdır. Yenicə məhsul yığımına başlamaq istəmişdir ki, polims əməkdaşları tərəfindən müəyyən olunmuş və tutulmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 03 avqust 2022-ci il tarixdə, axşam saatlarında məhəllədə dayanarkən Sabunçu Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib narkotik vasitələrin kultivasiyası ilə məşğul olmağı barədə onlara əməliyyat məlumatı daxil olduğunu bildirmiş və onun həyətinə baxış keçirmək istədiklərini demişlər. Çıxış yolu olmadığından məlumatlarının doğru olduğunu təsdiqləyib heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onun razılığı və iştirakı ilə videoçəkiliş aparmaqla tək yaşadığı, ünvan 5 ünvanında yerləşən fərdi həyət evinin həyətyanı sahəsinə və yaşayış binasının içərisinə baxış keçirmişlər. Baxış zamanı bir nəfər aqronomun da iştirakı təmin edilmişdir. Baxış zamanı özü könüllü surətdə polis əməkdaşlarına narkotik tərkibli çətənə bitkilərini əkibbecərdiyi yeri göstərmişdir. Həmin yerdə cəmi 36 ədəd çətənə kolu olmuşdur ki, aqronomun iştirakı ilə həmin kollar əkildiyi yerdən çıxarılmışdır. Lakin sənədləşmə aparılarkən polislər tərəfindən kolların sayının 126 ədəd olduğu qeyd olunmuşdur ki, bu doğru olmamışdır. Bundan başqa, polis əməkdaşları onun bitkilərə qulluq mərhələsində əkib-becərdiyi kolların dibinin ot-alaqını, çətənə yarpaqlarını yığdığı küncdən götürüb torbaya yığaraq götürmüş və sənədləşmə zamanı bunu guya artıq qurutduğu marixuana kimi qeyd etmişlər. Baxış nəticəsində aşkar olunan narkotik tərkibli bitkilər və marixuana kimi qeyd olunan bitki qalıqları ayrı-ayrılıqda qablaşdırırlaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, o da həmin protokolu, digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, əsil həqiqətdə onun həyətindən qurudulmuş marixuana aşkar olunmamışdır. Belə ki, o, hələ məhsul toplamağa başlamamış, onun həyətində yalnız kol şəkildə cəmi 36 ədəd çətənə bitkiləri aşkarlanmışdır. Ona görə də hazırda ona qarşı irəli sürülmüş ağır ittihamla razı deyildir. Əkib becərdiyi bitkilərdən narkotik vasitə kimi heç kimə verməmiş və ya satmamışdır. Saxlanılarkən onun üzərində mobil telefon olmamış, tutulmazdan bir neçə ay əvvəl onun mobil telefon cihazı xarab olduğundan telefon işlətməmiş, nömrələri də hazırda yadında qalmamışdır. Saxlanılarkən, həyətinə baxış keçirilərkən ona qarşı heç bir təzyiq edilməmiş, fiziki zor göstərilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 14-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİdə «Xaş-xaş 2022» şərti adlı «Tədbirlər planı»nın icra edilməsi məqsədi ilə onlar tərəfindən bir neçə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Belə tədbirlərdən biri də ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs öz həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitələrin kultvasiyası ilə məşğul olması barədə ələ olunmuş məlumatla bağlı xx.xx.2022-ci il tarixdə keçirilmiş tədbir olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə məruzə olunmuş və məlumatın yoxlanılması məqsədi ilə elə həmin gün, axşam saat 22 radələrində Polis Bölməsinin təhqiqatçısı Rəşad İsmayılovun rəhbərliyi, əməliyyat müvəkkili Anar Sərxanov, mütəxəssis-aqronom Şahid2 iştirakları ilə qeyd olunan ünvana baxış keçirilmişdir. Məlumatda göstərilən Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında müəyyən olunmuş, ona özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirərək həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etirazının olmadığını, yaşadığı evdə və həyətyanı sahəsində axtarış aparılmasına razı olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Rəşad İsmayılov müvafiq sənədləşmə işlərinə başlamış, sonuncu Təqsirləndirilən şəxs evində və həyətində əkib-becərilməsi, saxlanılması qanunla qadağan olunmuş hər hansı bir narkotik tərkibli bitkilər və s. maddələr olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs həyətində həqiqətən də narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini etiraf etmiş, darvazanı açaraq onları öz həyətinə buraxmış, onları həyətinin baş hissəsində yerləşən yarımçıq daş tikiliyə tərəf aparmışdır. Onlar qapı və pəncərələri olmayan, üstü açıq, təxminən 20 kv.metr sahəsi olan həmin daş tikilinin içərisinə daxil olduqda orada 126 ədəd 80-120 santimetr hündürlükdə bitki kollarının əkildiyini müəyyən etmişlər. Həmin tikilinin bir küncündə isə həmin bitkilərdən toplanaraq qurudulması üçün yerə sərilmiş hazır məhsul saxlanıldığı aşkar olunmuşdur. Axtarışda iştirak edən mütəxəssis-aqronom kolları bir-bir nəzərdən keçirərək həmin kolların narkotik tərkibli çətənə bitkisi olduğunu, onlara aqrotexniki qaydada qulluq olunduğunu və suvarıldığını təsdiq etmişdir. Narkotik tərkibli həmin kollar onlar tərəfindən kökündən çıxarılaraq 04 ədəd sellofan torbalara, artıq yığılaraq qurudulmaqda olan məhsul isə 01 ədəd sellofan torbaya yığılıb qablaşdırılmış və götürülmüşdür. Şahid qismində dindirilən Şahid1 ifadəsində daha sonra göstərdi ki, daha sonra Təqsirləndirilən şəxs razılığı ilə onun evinin yaşayış olan sahəsində də axtarış keçirilmiş, lakin həmin hissədəki axtarış zamanı heç nə müəyyən etməmişlər. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmış, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Əldə etdikləri müvafiq əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi və satışla məşğul olması, eyni məqsədlərlə qeyriləri ilə əlbir olması, konkret müştəriləri olması barədə hər hansı qeyd olmamışdır. Aparılmış müvafiq ilkin şifahi sorğu-sual zamanı Feyzulla özü uzun müddət narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, həyətində becərdiyi çətənə kollarını da əvvəllər tanımadığı şəxslərdən özü çəkmək üçün aldığı marixuanadan qalmış toxumları cari ilin may ayında öz həyətyanı sahəsində əkməklə yetişdirdiyini etiraf etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən, Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsi prosesində mütəxəssis-aqronom qismində iştirak etmiş Şahid2 ifadəsində göstərdi ki, ali təhsillidir, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini bitirmiş, 1981-ci ildən X7 məhsulları istehsalı müəssisəsində aqronom vəzifəsində işləməkdədir. 03 avqust 2022-ci il tarixdə, axşam saatlarında Sabunçu RPİ-nin 14-cü PB tərəfindən onun xidmət etdiyi müəssisəyə rəsmi qaydada müraciət olunmuş, onun ünvan 5 ünvanında yerləşən həyətyanı sahəyə keçiriləcək baxışda mütəxəssis qismində iştirakı xahiş olunmuşdur. Müraciət qəbul olunmuş və o, polis işçiləri onlarla birlikdə baxış keçirilməli olan ünvana getmişlər. Orada polis əməkdaşları ev sahibi Təqsirləndirilən şəxs müəyyən edib gəlişlərinin məqsədini bildirmiş, ev sahibi etiraz etmədikdə ona qanunda nəzərdə tutulan hüquq və vəzifələrini izah etmişlər. Sonuncu həyətində baxış keçirilməsinə etiraz etməmiş, həyətində həqiqətən də narkotik tərkibli çətənə kolu yetişdirməsini etiraf edərək darvazanı açıb onları öz həyətinə buraxmışdır. Təqsirləndirilən şəxs özü onları həyətinin baş hissəsində yerləşən yarımçıq daş tikiliyə tərəf aparmış, qapı və pəncərələri olmayan, üstü açıq, təxminən 20 kv.metr sahəsi olan həmin daş tikilinin içərisinə baxış keçirilmişdir. Baxış nəticəsində tikilinin içərisində 126 ədəd 80-120 santimetr boyunda çətənə kolları olduğunu müəyyən etmişlər. Həmin tikilinin bir küncünə isə çətənə bitkilərindən toplanaraq qurudulması üçün yerə sərilmiş hazır məhsul yığılmışdır. O, bir aqronom kimi həmin kolları bir-bir nəzərdən keçirməklə onların həqiqətən də narkotik tərkibli çətənə bitkiləri olmalarını və bitkilərin kultivasiya edildiyini müəyyən etmiş və bu barədə polisə arayış vermişdir. Həmin çətənə kolları iştirakçılar tərəfindən kökündən çıxarılaraq 04 ədəd sellofan torbalara, artıq yığılaraq qurudulmaqda olan məhsul isə 01 ədəd sellofan torbaya qablaşdırılaraq götürülmüşdür. Sonrakı baxış və ya axtarış nəticəsində iş üçün əhəmiyyətləi ola biləcək başqa bir şey müəyyənləşdirilməmişdir. Göstərdiklərinin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmış, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onun həyətində aşkar olunmuş bitkilərərin kultivasiya edilməsi barədə rəyini, həmin kolların yarımçıq tikilinin içərisində bir birinə simmetrik şəkildə əkilməsi, diblərinin yaş olması, yaxınlıqlarında su tutarlarının olması bitkilərin məqsədli şəkildə əkilib becərilməsinə işarə etdiyinə əsasən vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «axtarış və götürmə aparılması haqqında» 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokol Azərbaycan Respublikası DİN-in Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin təhqiqatçısı X6 tərəfindən Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247ci maddələrinin tələblərinə əsasən həmin bölmənin əməliyyat müvəkkilləri X5 və Şahid1, barəsində şəxsi axtarış və götürmə aparılan baxılan iş üzrə Təqsirləndirilən şəxs iştirakları ilə tərtib edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, “Xaş-Xaş-2022” tədbirlər planına əsasən 03 avqust 2022-ci il tarixdə, saat 22:00-da ünvan 6 ünvanında Təqsirləndirilən şəxs yaşadığı ünvanda əkilməsi və becərilməsi qanunla qadağan edilmiş narkotik vasitələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Axtanş və götürmə aparılması haqqında» 03 avqust 2022-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə həmin tarixdə qeyd olunan ünvanda saat 22:15-dən başlayaraq saat 22:35-dək axtarış və götürmə aparılmış, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində yaşayış evinə bitişik təxminən 20 kv.m sahəsi olan üstü açıq tikilinin içərisində əkilməsi və becərilməsi qadağan olunan 80-120 smdək müxtəlif hündürlükdə olan 126 ədəd narkotik tərkibli çətənə bitkisi və həmin tikilinin içərisində çətənə bitkisinin qurudulmuş halda olan kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin çətənə bitkilərini 2022-ci il may ayının axırlarında yaşadığı ünvanda şəxsi istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş bitki mənşəli kütlələr 05 ədəd kisədə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilədə də axtarış keçirilmiş lakin dövriyyəsi qadağan olunmuş hər hansı narkotik tərkibli maddə və sənədlər aşkar edilməmişdir (iş vərəqə: 13-14). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında keçirilmiş axtarış istintaq hərəkətinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə olan videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «axtarış və götürmə aparılması haqqında» 03 avqust 2022-ci il tarixli protokolun məzmunu ilə eynidir və ziddiyyətlər müəyyən edilməmişdir. Belə ki, tədqiq olunan protokoldan göründüyü kimi videoçəkilişin ilk saniyələrində Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı Rəşad İsmayılov proses iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir, prosesdə polis əməkdaşlarından başqa aqronom-mütəxəssis Şahid2 və evin sahibi, baxılan iş üzrə Təqsirləndirilən şəxs iştirak edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs müraciət edərək “Xaş-Xaş 2022” tədbirlər planına əsasən onun yaşadığı ünvan 6 ünvanındakı həyətinə və həyətyanı sahəsinə baxış keçiriləcəyini elan edir və buna münasibətini öyrənir. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdə təhqiqatçı ona təklif edir ki, həyətində narkotik tərkibli bitkilər əkmişdirsə olanları təqdim etsin. Görüntünün 01 dəqiqə 01-ci saniyyəsində Təqsirləndirilən şəxs arxasındakı dəmir darvazaya tərəf dönərək qapsını açıb həyətə daxil olur və piyada həyətin yuxarı hissəsində yerləşən yarımçıq daş tikili istiqamətində irəliləyir, arxasınca isə digər iştirakçılar hərəkət edirlər. Qapısı və pəncərələri olmayan daş tikilinin içərisinə daxil olurlar, həmin tikilinin içərisində divar boyu səliqəli şəkildə cərgə ilə bitki kollarının əkilməsi müəyən edilir. Orada iştirak edən Təqsirləndirilən şəxs bildirir ki, həmin bitkilər çətənə kollarıdır, onları öz istifadəsi üçün may ayının ortalarında əkmişdir. Görüntünün 02 dəqiqə 29-cu saniyyəsində aqronom-mütəxəssis Şahid2 həmin bitkiləri nəzərdən keçirərək bildirir ki, həmin bitkilər əkib-becərilməsi qanunla qadağan olunan narkotik tərkibli çətənə bitkiləridir, alaq və suvarma işləri aparılmaqla onlara xüsusi aqrotexniki qaydada qulluq olunub. Bundan sonra təhqiqatçı aşkar olunmuş bitkilərin yerindən çıxarılaraq toplanmasına dair müvafiq göstəriş verir, həmin bitkilər iştirakçılar tərəfindən bir bir yığılmaqla sayılaraq toplanmağa başlayır, toplanmda kolların sayının 126 ədəd olması elan edilir. Görüntünün 07 dəqiqə 17-ci saniyyəsində tikilinin sol divarının küncündə yerdə toplanmış vəziyyətdə əkilmiş bitkilərdən yığılmış vəziyyətdə yarpaqlar aşkar olunur, onların nə olmasına dair suala cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, beş ədəd koldan toplanmış hazır məsuldur. Aşkar olunmuş narkotik vasitələr beş ədəd ağ rəngli iri sintetik torbalara doldurularaq qablaşdırılır, möhürlənir, təhqiqatçı aşkar olunan narkotik tərkibli bitkilərin maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək onları götürüləcəyini və məhkəmə-bioloji ekspertizasına göndəriləcəyini elan edir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, qeyd olunanlardan başqa, təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçiriləcəyini elan etməklə münasibətini aydınlaşdırır, sonuncu etirazının olmadığını bildirdikdə iştirakçılar birlikdə həyətdəki yarımtiklidən çıxaraq evin yaşayış olan hissəsinə tərəf gedirlər. Görüntünün 13cü dəqiqə 35-ci saniyyəsində bir mərtəbəli yaşayış evinə daxil olurlar, Təqsirləndirilən şəxs iştirakçıları evin içərisnə buraxaraq həmin evdə tək yaşamasını bildirir, evdə axtarış aparılsa da sübut əhəmiyyəti kəsb edən heç nə aşkar olunmadığından iştirakçılar yenidən bayıra çıxırlar, yarımtikilidən aşkar olunaraq qablaşdırılmış maddi sübutların yanına qayıdırlar və təhqiqatçı protokol tərtib edərək iştirakçılara imza etdirir. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək videoçəkilişin dayandırılmasını elan edir (iş vərəqə: 78-79). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında keçirilmiş axtarış istintaq hərəkətinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskdəki videogörüntülərlə müəyyən olunur ki, axtarış və götürmənin videogörüntüləri məhkəmə baxışı zamanı tədqiq olunan «axtarış və götürmə aparılması haqqında» 03 avqust 2022-ci il tarixli protokolun məzmununa uyğundur və prosessual pozuntu müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/866 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi - 1300,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiqata təqdim olunmuş 4 (dörd) ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə ümumi sayı 126 ədəd, ümumi çəkisi - 12635,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir(iş vərəqə: 45-49). Məhkəmə baxışı zamanı, həmçinin tədqiq olunan «bitkilərə baxış keçirilməsi haqqında» 03 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, həmin rəy X7 X1 aqronomu Şahid2 tərəfindən tərtib edilmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, aqronom 03 avqust 2022-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşlarının dəvəti ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanındakı həyətyanı sahəyə keçirilmiş baxışda iştirak etmiş, baxış zamanı müəyyən olunmuşdur ki, yaşayış evinə bitişik təxminən 20 m2 sahəsi olan üstüaçıq tikilinin içərisində, əkilməsi və becərilməsi qanunla qadağan olunmuş 80-120 sm olan müxtəlif hündürlükdə 126 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur və həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmışdır(iş vərəqə: 37). İbtidai istintaq orqanının 05 avqust 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında keçirilmiş axtarış nəticəsində aşkar edilərək götürülmüş 126 ədəd çətənə (kannabis) növünə aid narkotik xassəli bitki kütləsinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 12.634,35 qram hissəsi və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1299,9 qram çəkidə külli miqdarda quludulmuş marixuana narkotik vasitəsi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması ücün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişlər. Tədqiq olunan həmin qərarla müəyyən edildi ki, 03 avqust 2022-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həyətinə keçirilmiş axtarış və götürmə zamanı videokamera vasitəsi ilə qeydə alınmış videogörüntülərin yükləndiyi 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 77-78). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 5119 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan “asılılıq sindromu” narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 105- 106). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan baxılan iş üzrə təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitələrin mənbəyi, onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, onun əlbir olduğu şəxslərin olub-olmamasını müəyyən etmək məqsədi ilə verilmiş əməliyyat tapşırıqlarına cavabla müəyyən edilmişdir ki, əməliyyat tapşırığında göstərilən və istintaq orqanını maraqlandıran hallar öz təsdiqini tapmamışdır (iş vərəqə: səh.96-97, 104). Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olduğunu bildirdi və cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Həmçinin İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Baxış və götürmə prosesində Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilib götürülən və cəmi çəkisi 1300,0 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin yaşadığı ünvanda yarıtikilidə aşkar edilmiş ümumi təmiz çəkisi 12635,0 qram olan 126 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məlum siyahılara əsasən külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara (İ və İİ siyahılar), həmçinin “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına (İİİ siyahı) uyğun olaraq həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlamaqla və qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikasının CM-nin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-1 və 237.2.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə baxışı zamanı verdiyi ifadələrində ona məxsus həyətdən aşkar olunmuş, öz istifadəsi üçün əkib becərdiyi narkotik tərkibli bitki kollarınnın sayının polis əməkdaşlarının qeyd etdiyi və sənədləşdirildiyi kimi 126 ədəd deyil, cəmi 36 ədəd olması, həyətindən qurudulmuş marixuana kimi götürülmüş bitki mənşəli kütlənin narkotik vasitə deyil, kultivasiya etdiyi çətənə kollarının dibindən təmizlənmiş ot-alaq tullantıları olması ilə bağlı gətirdiyi dəlillər məhkəmə baxışı zamanı hərtərəfli araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin dəlillərini onun cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1 və 237.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 95). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunduğunu və onun səmimi peşimançılığını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs X3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun və cinayətlərin məcmusuna görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5119 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 03 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 avqust 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, ümumi kütləsi 12 kiloqram 634,35 qram olan çətənə (kannabis) növünə aid narkotik xassəli 126 ədəd bitki kolu və 01 kiloqram 299,9 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməli, 03 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həyətinə keçirilmiş axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin yükləndiyi 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəsini aldıqdan sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, ümumi kütləsi 12 kiloqram 634,35 qram olan çətənə (kannabis) növünə aid narkotik xassəli 126 ədəd bitki kolu və 01 kiloqram 299,9 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin; - 03 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həyətinə keçirilmiş axtarış və götürmə prosesinin qeydə alınmış videogörüntülərin yükləndiyi 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-527/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-527/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver