Məhkəmə qərarları › İş №1(101)-528/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-528/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-528/2024 20.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 və nümayəndəsi - Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) X3, müdafiəçilər - Bakı şəhəri, 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri, 33 saylı Vəkil bürosunun Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxx 1988-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat yolu” adlanan ərazidə nömrəsiz fərdi evdə yaşamış, 20 may 2022-ci il tarixdə barəsində axtarış elan edilmiş və 01 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və məhkəmə iclas zalından azad olunmuş, 11 noyabr 2022-ci il tarixli qərara əsasən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X5 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldığı müxtəlif növ quru meyvələri respublikanın rayonlarında daha baha qiymətə sataraq özünün də gəlir əldə etməsi ilə yanaşı, aldığı malların dəyərini qısa müddətə ona ödəyəcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin yanvar-fevral aylarında Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarında əvvəlcə 7.000 manat, daha sonra 3.000 manat olmaqla, ümumilikdə 10.000 manat dəyərində müxtəlif növ quru meyvələri alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Rusiya Federasiyanın vətəndaşı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldığı qoz ləpəsini respublikanın rayonlarında daha baha qiymətə sataraq özünün də gəlir əldə etməsi ilə yanaşı, aldığı malların dəyərini qısa müddətə ona ödəyəcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 04 noyabr 2020-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs3 ümumilikdə həmin dövrün məzənnəsi ilə 85.850 manat təşkil edən 50500 ABŞ dolları dəyərində qoz ləpəsini alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui- istifadə edib aldığı müxtəlif növ quru meyvələri respublikanın rayonlarında daha baha qiymətə sataraq özünün də gəlir əldə etməsi ilə yanaşı, aldığı malların dəyərini qısa müddətə ona ödəyəcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin sentyabr-oktyabr aylarından 2021-ci ilin mart ayına qədər olan müddətdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən yerləşən “8-ci kilometr” bazarında hissə-hissə olmaqla, ümumilikdə 132.000 manat dəyərində müxtəlif növ quru meyvələri alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib başqa şəxslərdən aldığı müxtəlif növ quru meyvələrin dəyərini ödəyib yenidən həmin məhsullardan alaraq daha baha qiymətə satmaqla tezliklə pulunu geri qaytarmaqla yanaşı, ona da gəlir verəcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin sentyabr-oktyabr aylarında ünvan 1 ünvanında yerləşən “Paxlava” restoranında bir neçə dəfəyə olmaqla, ümumilikdə 14.000 manat, barəsində Bakı şəhəri, Nizami rayon Polis idarəsi, 24-cü Polis şöbəsində araşdırılan material üzrə şikayətçi Rusiya Federasiyanın vətəndaşı Zərərçəkmiş şəxs3 ödəyib sonradan qısa müddətə pulunu geri qaytaracağı adı ilə 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 “B” ünvanında yerləşən həmin polis şöbəsinin inzibati binasının yaxınlığında 4.000 manat olmaqla, ümumilikdə 18.000 manatı alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs X5 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2012-ci ildən «8 km bazarı»nda çərəz dükanında fəaliyyət göstərmişdir. 2021-ci ilə qədər zərərçəkmiş şəxs Veli Kuliyevlə ticarət əlaqələri olmuş, sonra isə zərərçəkmiş şəxsin özü ilə birbaşa alveri olmuşdur. O, satış üçün Ukraynadan gələn qoz ləpəsini nisyə götürmüş, ilin sonunda isə nisyələrini bağlayaraq yeni ildən yeni fəaliyyətə başlamışdır. Pandemiya dövründə alver olmadığı üçün işləri getməmiş, həmçinin qoz ləpəsinin bir hissəsi xarab olmuşdur. İşin sonunda onun Veliyə 112.000 ABŞ dolları borcu yaranmışdır. Sonradan həmin borcunun bir hissəsini ödəmiş, 58.000 dollar borcu qalmışdır. Bundan sonra Veli kişi ondan şikayət etmiş, sonra yenə də ödəniş eləmiş və hazırkı vaxta 47.000 ABŞ dolları borcu qalmışdır. Verilən sualları cavablandıran təqsirləndirilən şəxs Elman Ağasiyev ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Zərərçəkmiş şəxs4 «8 km bazarı»nda 2012-ci ildən tanıdığını, ona da pandemiya dövründə borcu yarandığını, hal-hazırda isə ona olan borcunu ödədiyini, sonuncunun ona qarşı şikayəti, tələbi olmadığını, ona olan son borcunu 2022-ci ilin noyabr ayında ödədiyini, özünün hər il 400-500 min manat alveri olduğunu, dələduzluq etmək fikri olsaydı, 112.000 ABŞ dolları borcu olanda həmin pulun hamısını ödəməkdən imtina etmək imkanı olduğunu, Rauf Mehdiyevə 132.000 manat borcu olmadığını, bu gün də ona borcu qalmadığını və Raufun da ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, həmçinin Elməddinə də borcunun qalmadığını, onun da şikayəti və tələbi olmadığını, adları çəkilən şəxslərin ona qarşı şikayətləri olmadığını, Veli onların adını çəkəndən sonra istintaq tərəfindən həmin şəxslərin də dəvət edilib dindirildiyini, Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəməyə çalışacağını, Zərərçəkmiş şəxs3 2012-ci ildən tanıdığını, 2016-2017-ci illərdən isə ticarət əlaqələrinin olduğunu, özünün iki obyekti olduğunu, onların da yerini zərərçəkmiş şəxsin bildiyini, aldığı malların yazılı qeydlərini apardıqlarını, malı nağd alarkən şifahi danışdıqlarını, istintaq müddətində alınmış malın ümumi dəyərinin 112.000 ABŞ dolları olduğunun müəyyən edildiyini və həmin dövrdə qismən ödənişlər etdiyini, Zərərçəkmiş şəxs3lə son hesablaşmaların 2020-ci ildə aparıldığını, nisyə götürdüyü malların satış qiymətini zərərçəkmiş şəxslə razılaşdırmadığını, xarab olan malları rayona göndərdiyini, orada atasıgilin həmin malları təmizləyib ona göndərdiyini, özünün isə təmizlənmiş malları aşağı qiymətə satdığını, Zərərçəkmiş şəxs3 ona 58.000 ABŞ dollar borcu qalanda şikayət elədiyini, sonradan onun daha 5.000 manat və 4.500 manat ödəniş etdiyini, X8 kişi ilə ticarət əlaqəsinin olub-olmadığını bilmədiyini göstərdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, o, təqsirləndirilən şəxsi 2020-ci ildən tanımışdır. Sonradan ona mal, yəni qoz ləpəsi və quru meyvələr vermişdir. Əvvəllər vaxtında pulları alsa da, sonradan Elmanın onun mallarının pulunu verməkdən yayındığını görmüşdür. Bundan sonra o, polisə şikayət etmişdir. Hazırda Elmanın ondan aldığı qoz ləpəsinə görə 47.853 ABŞ dolları borcu yaranmışdır və həmin pulların verilməsini tələb edir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs3 bildirdi ki, o, Elmana 15-16 dəfə mal vermiş, Elman da az-az onun pulunu qaytarmışdır. 21 fevral 2021-ci il tarixdə Elmanın ona 50.000 ABŞ dolları borcu yaranmış, həmin vaxtdan sonra isə o, Elmana mal verməmişdir. Elman Ağasiyev vəhabiləri onun üstünə göndərənə qədər münasibətləri yaxşı olmuşdur. O, 18 yaşından Rusiyaya getmiş, sahibkarlıq fəaliyyəti ilə bağlı vergi ödəyicisidir. 2021-ci ilin mart ayının 25-də polisə müraciət etmişdir. Elmanı təqribən 2020-ci ilin oktyabr ayından tanıyır və ona 04 noyabr 2020-ci ildən mal verməyə başlamışdır. Ondan götürdüyü mallara görə Elman 10-12-dəfə ödəniş etmiş, bu barədə özü qeydiyyat aparmışdır. Məlum olmuşdur ki, Elmanın ona 50.500 ABŞ dolları məbləğində borcu yaranmışdır. Elman ümumilikdə ondan 18 ton 890 kq mal götürmüş, həmin vaxt 110.111 ABŞ dolları borcu oldmuşdur. Hazırda o, Elmanın ona verməli olduğu 47.853 ABŞ dolları pulunu tələb edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun həm qonşusu, həm də dostu olmuşdur. Onlar bir-birinə pul verib pul almışlar. Sonuncu dəfə də Elman ondan pul istəmiş, o da, həmin pulu Elmana vermişdir. Sonradan Elman 24-cü Polis bölməsində olarkən zəng etmiş, Vəlinin şikayət etdiyini bildirmiş və gətirib ona 5.000 manat verməyi xahiş etmişdir. O da, həmin pulu aparıb Vəliyə vermişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hazırda onun Elman Ağasiyevi bağışladığını və ona qarşı şikayəti, tələbi olmadığını, istintaqda Vəlinin Elmana işləməyə imkan vermədyini bildirdiyini, özünün Elmanı 2021-ci ildən tanıdığını, bazarda Elmanın kiməsə pul atdığını eşitmədiyini, onu Elmanın çağırıb Vəlinin ondan şikayət etdiyini deyərək ona pul verməyi təklif etdiyini, Elmanın ona da borcu olduğunu özünün Vəliyə də dediyini bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, o, Elman Ağasiyevi tanımış, onunla normal işləmişlər. Elmana nisyə mal vermiş, sonuncu da həmin malların pullarını hissə-hissə ona vermişdir. Elman ondan nisyə götürdüyü malların pulunun demək olar ki, çox hissəsini ödəmişdir və demək olar ki, Elmanın borcu qalmamışdır. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs4 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, onun Elman Ağasiyevə qarşı şikayəti və tələbinin olmadığını, Elmanı 2012-2013-cü illərdən tanıdığını, Elmana malları nağd və ya nisyə verdiyini, Elmanın mağazalarının yerlərini tanıdığını və onun kimisə aldatdığını eşitmədiyini, Elmanı ticarət əlaqələrinə görə tanıdığını, Elmanın ona olan borcunun sonuncu ildə yarandığını, Elman illik ondan təxminən 10.000 manatlıq mal götürdüyünü, onun Elmandan şikayət etmədiyini, istintaqda onun adının çəkildiyini, bundan sonra oraya çağırıldığını, polisə çağırılandan sonra Elmanın ona qalan borcunu ödədiyini, özünün ərizə ilə polisə müraciət etmədiyini, müstəntiqin çağırışı ilə istintaqa gedib ifadə verdiyini, Elman polisə çağırılarkən 10.000 borcunun qaldığını, sonradan onun çox hissəsini Elmanın atası və əmisinin gətirib ödədiklərini, təqsirləndirilən şəxsin əmisinin qalan borcu da ödəyəcəyini dediyini, buna görə də onun hazırda Elman Ağasiyevə qarşı şikayəti və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Elman Ağasiyevi tanıyır, onunla necə illərdir ki, alver edirlər. 2020-ci ildə Elmanın ondan götürdüyü malın pulunun qaytarılmasında gecikmələri olmuş və 132.000 manat borcu yaranmışdır. Lakin sonradan Elman ona olan borcunu ödəmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, 2012-ci ildən Elmanla alver etdiyini və ona nisyə mal verdiyini, ona vurulmuş maddi ziyanı tam ödədiyini, Vəli ilə Elmanın nə vaxtdan alver etdiyini xatırlamadığını və Vəliyə olan borcunu nəyə görə ödəmədiyini bilmədiyini, Elmanın ona borclu olması ilə bağlı özünün polisə şikayət etmədiyini, polis bölməsindən onun çağırıldığını və izahatının alındığını, Elmanın kimisə aldatdığını eşitmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun oğludur. Elman 2016-cı ildə Vəlidən nisyə qoz ləpəsi almış, həmin malı satdıqca da xırda-xırda pulunu ödəmişdir. Sonradan pandemiya olduğu üçün qoz ləpəsini sata bilməmişlər və ləpə qalıb xarab olmuşdur. Sualları cavablandıran İntiqam Ağasiyev bildirdi ki, o, Elmanla alverə başlayandan sonra Vəlini tanımışdır. X9 61.000 dollar borcu olmuş, sonradan həmin borcun bir hissəsini ödəmiş və 47.000 dollar borcu qalmışdır. Elman 2016-cı ildən Vəli ilə alver etməyə başlamış, təxminən 3 ay sonra o, Vəli ilə tanış olmuşdur. Oğlunun Vəliyə 61.000 dollardan əvvəl nə qədər borcu olduğunu bilməmişdir. Pandemiya dövründə 7 tondan artıq ləpə xarab olmuş, onun bir hissəsini təmizləyərək oğlu aşağı qiymətə satmışdır. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, hazırda günəmuzd fəhləliklə məşğul olur. Elşad Cəbiyev və Elman Ağasiyevi bir neçə ildir ki, tanıyır. Belə ki, onlarla əvvəllər Qaraçuxur qəsəbəsindəki məsciddə namaz qılmışlar. 2021-ci ilin təxminən yaz aylarında Nizami rayonunda yerləşən 8-ci km bazarında pomidor satışı ilə məşğul olan dostları Fərid və Rəşada kömək etmişdir. Həmin ərəfədə bazarda çayxanada olanda Elman təsadüfən onunla rastlaşmış, salamlaşıb hal-əhval tutaraq söhbət etmişlər. Bir neçə dəqiqə keçmiş əvvəllər tanımadığı təxminən 60 yaşlarında keçəl kişi çayxanaya daxil olub Elmanın üstünə qışqırıb nəyə görə borcunu qaytarmadığını soruşmuşdur. Həmin vaxt Elman onun oturduğu masada əyləşmişdir. Masada Elmandan başqa dostları Rəşad və Fərid də əyləşmişlər. Həmin şəxs çox aqressiv olmuş, Rəşad və Fərid isə həmin şəxsi sözlə sakitləşdirməyə çalışmışlar. Lakin həmin şəxs Rəşadgilə demişdir ki, “siz hamınız dələduzsunuz”. Sözlə mübahisə zamanı polis əməkdaşları oraya gəlmişlər. Onun masasında oturan Elmanı, Rəşadı, Fəridi və onu 24-cü Polis şöbəsinə aparmışlar. Orada izahat vermişdir. Orada məlum olmuşdur ki, onlardan polis şöbəsinə şikayət edən şəxs Veli adlı şəxsdir. O, Veli adlı şəxsi birinci dəfə idi ki, görmüşdür. Veli ona böhtan atmışdır. Onun Veli ilə heç bir söhbəti və mübahisəsi olmamışdır (cild 4, iş vərəqi 156-157). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 dekabr 2023-cü il tarixli ərizələrə əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs X5 tərəfindən onlara vurulmuş maddi zərərin ödənildiyini, hazırda ona qarşı şikayətləri və tələbləri olmadığını bildirmişlər. Elektron Məhkəmə Portalından əldə edilmiş məlumatdan görünür ki, X5 ailəlidir, himayəsində xx.xx.2015-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartetekasında təqsirləndirilən şəxs X3 məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs Elman Ağasiyev öz müdafiəsi üçün dəlillər gətirərək, zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirmək niyyətinin olmadığını, Zərərçəkmiş şəxs3 qoz ləpəsi aldıqdan sonra pandemiya ilə əlaqədar həmin malların satılmasında çətinliklər yarandığını, malın bir hissəsinin xarab olduğunu, qalan malı Zərərçəkmiş şəxs3 qaytarmaq istəyərkən, sonuncunun onları qəbul etməkdən imtina etdiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Elman Ağasiyevin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı külli və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxs X3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X4 qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağın olması, 59.1.14-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi təqsirləndirilən şəxs X3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs X3 barəsində 20 may 2022ci il tarixdə axtarış elan edilmiş və 01 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 03 noyabr 2022-ci il tarixdə Elman Ağasiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və məhkəmə iclas zalından azad olunmuşdur. İstintaq orqanının 11 noyabr 2022-ci il tarixli qərarına əsasən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərarı ilə Elman Ağasiyevin barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ibtidai araşdırma zamanı Elman Ağasiyevin 01 noyabr 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Həmçinin, təqsirləndirilən şəxs X3 19 iyul 2023-cü il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 mülki iddia qaldıraraq vurulmuş maddi ziyana görə 81.350 (səksən bir min üç yüz əlli) manat, dövlət rüsumu kimi ödənilmiş 334 (üç yüz otuz dörd) manat 05 qəpik və vəkil xərci kimi ödənilmiş 360 (üç yüz altmış) manat, ümumilikdə 82.044 (səksən iki min qırx dörd) manat 05 qəpik məbləğində pul vəsaitinin X1 alınaraq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Məhkəmədə müəyyən edildi ki, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası CPM-nin 179- 183-cü maddələrinin tələblərinə əməl etməklə cinayət təqibi mərhələsində mülki iddia qaldırmış və həmin mülki iddiaya görə müəyyən edilmiş dövlət rüsumunu ödəmişdir. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxs X3 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 qaldırdığı mülki iddianın təmin olunması haqqında qərar edilməsi ilə əlaqədar onun dövlət rüsumu qismində ödədiyi 334 (üç yüz otuz dörd) manat 05 qəpik və vəkil xərci kimi ödənilmiş 360 (üç yüz altmış) manat pul vəsaiti də təqsirləndirilən şəxs Elman Ağasiyevdən alınıb zərərçəkmiş şəxsə ödənilməlidir. Cinayət işi üzrə maddi sübutların olmaması, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai araşdırma zamanı Elman Ağasiyevin 01 noyabr 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün cəza müddətinə daxil edilməklə çıxılsın və X3 üzərində çəkilməsi üçün qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X5 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə X4 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs (mülki cavabdeh) X4 qarşı mülki iddiası tam təmin edilsin. Vurulmuş maddi ziyana görə 81.350 (səksən bir min üç yüz əlli) manat, dövlət rüsumu kimi ödənilmiş 334 (üç yüz otuz dörd) manat 05 qəpik və vəkil xərci kimi ödənilmiş 360 (üç yüz altmış) manat, ümumilikdə 82.044 (səksən iki min qırx dörd) manat 05 qəpik məbləğində pul vəsaiti X1 alınaraq Zərərçəkmiş şəxs3 ödənilsin. Cinayət işi üzrə maddi sübutların olmaması, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, X4 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar