Məhkəmə qərarları › İş №1(101)-529/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-529/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-529/2020 09.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu vә Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, keçid 1723, ev 3\20 mənzil 78 də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Müqəddəs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Müqəddəs oğlu xx xxxxxx 2019-cu il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3 ədəd ayrı-ayrılıqda bükümlərdə və 1 ədəd qabda təmiz çəkiləri 2,948 qr, 0,451 qr, 0,514 qr, 2,983 qr, ümumi təmiz çəkisi isə 6,896 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 7 ədəd ayrı-ayrılıqda bükümlərdə, təmiz çəkiləri 0,461 qr, 0,440 qr, 0,454 qr, 0,417 qr, 0,397 qr, 0,318 qr, 0,422 qr, ümumi təmiz çəkisi isə 2,909 qram olan, külli miqdarda ağ rəngli, kristal formada metamfetamini və 3 ədəd ayrı-ayrılıqda bükümlərdə, təmiz çəkiləri 0,283 qr, 0,197 qr, 1,973 qr, ümumi xalis çəkisi isə 2,453 qr olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 500 manat müqabilində əldə edərək saxlamaqla daşımış və xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi X7 məxsus «Lada 217030» minik markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqların üzərinə və saxlanc yerinə yığıb avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olarkən, sükan arxasında mobil telefonla danışdığı üçün ərazidə xidmət aparan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X10 Yol Patrul Xidməti Alayının MEB 3-cü tağım əməkdaşları tərəfindən saxlanıldıqda sənədlərini təqdim etdikdən sonra avtomobildən enib qapılarını bağlayaraq qaçıb polis əməkdaşlarından uzaqlaşmış, avtomobil evakuator vasitəsilə Nizami rayonu M.Əliyev küçəsi 2404 ünvanında yerləşən 11 saylı Duracağa yerləşdirildikdən sonra, həmin gün saat 20.50 radələrində 11 saylı duracaqda onun iştirakı ilə idarə etdiyi həmin «Lada 217030» markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən baxış keçirilərkən avtomobilin qabaq ön oturacağının üzərindən və saxlanc yerindən 3 ədəd ayrı-ayrılıqda bükümlərdə və 1 ədəd qabda təmiz çəkiləri 2,948 qr, 0,451 qr, 0,514 qr, 2,983 qr, ümumi təmiz çəkisi isə 6,896 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 7 ədəd ayrı-ayrılıqda bükümlərdə, təmiz çəkiləri 0,461 qr, 0,440 qr, 0,454 qr, 0,417 qr, 0,397 qr, 0,318 qr, 0,422 qr, ümumi təmiz çəkisi isə 2,909 qram olan, külli miqdarda ağ rəngli, kristal formada metamfetamin və 3 ədəd ayrı-ayrılıqda bükümlərdə, təmiz çəkiləri 0,283 qr, 0,197 qr, 1,973 qr, ümumi xalis çəkisi isə 2,453 qr olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin narkotik vasitələrin çəkilməsi üçün nəzərdə tutulmuş elekton tərəzi, istifadə edilmiş falqa topu və içərisində narkotik vasitələr satıb pulunu alacağı barədə qeydlər olan kitabça aşkar edilərək götürülmüşdür. Məhkəmədə iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Müqəddəs oğlu özünü ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddələri ilə qismən təqsirli bilərək avtomobilindən tapılmış narkotik vasitələri özünün istifadə etməsi üçün daşıdığını, əvvəllər narkotik qəbul etdiyi üçün məhkum olunduğunu, xəstə olduğunu bildirmişdir. Təxminən 1 ildir ki, narkotik qəbul edir. xx xxxxxx 2019-cu il tarixdə tanışından 1 qram heroin almış, onun da yarısını işlətmiş, qalan hissəni maşında “bardaçoka” atmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində idarə etdiyi avtomaşınla Babək prospekti ilə Günəşli qəsəbəsi istiqamətində hərəkət edən zaman YPX əməkdaşı onu telefonla danışdığına görə saxlamışlar. İdarə etdiyi avtomaşını kredit yolu ilə almışdır, etibarnaməsi olsada həmin etibarnamənin müddəti bitmiş və yeni etibarnamə almamışdır. Buna görə onun maşınını cərimə meydançasına aparmaq istədiklərini görmüş və avtomaşının qapılarını bağlayaraq qaçmışdır. Qaçmışdır ki, onu cərimələyib maşınını aparmasınlar. Oradan qaynanasının Günəşli qəsəbəsindəki evinə gedib yatmışdır. Bir də görmüşdür ki, yatdığı yerdə qollarını qandallayırlar. Ayılıb görmüşdür ki, polislər evə gəlib onu polis bölməsinə aparırlar. Polislər onu 11 saylı duracaqa aparanda görmüşdür ki, maşınının qapısını açıblar, avtomaşınında qabaq oturacaqlarda cantalar var, qabaq oturacağın üstündə natkotik vasitələr iki ədəd mobil telefon qızıl tərəzisi, gümüşü falqa və kitabça qoyublar. Ona bildirmişlər ki, bu əşyalar sənin maşınından çıxıb. O maşınında belə şeylər olmadığını bilir. Bununla bağlı etirazını polislərə ildirmişdir. Sonra polislər hal şahidlərini çağırmış, əşyaları da qablaşdırıb götürmüşlər. Protokol tərtib edib onu bölməyə aparmışlar. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən şəxs Təqsirləndirilən şəxs Müqəddəs oğlu öz ifadəsində maşınına qoyulmuş narkotikin ona aidiyyatı olmadığını, onun orada cəmi yarım qram heroinin olduğunu, xəstə olduğu üçün aldığını, bir hissəsini istifadə etdiyini, ittihamda adı çəkilən Rüstəm adlı şəxsi tanımadığını da bildirmişdir. Məhkəmədə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsindədir. Əvvəllər sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs Müqəddəs oğlu adlı şəxsi tanımamış, heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 14.30 radələrində Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın MEB İİİ Tağımının YPX inspektorları polis baş serjantı Şahid4 Qaçaq oğlu və Şahid5 Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən maşın bazarının qarşısında avtomaşında mobil telefondan istifadə etdiyi üçün saxlatdıqları «Lada Priora» markalıt ** OJ *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs Müqəddəs oğlunun avtomaşının sənədlərini təqdim edərək avtomaşının qapısını bağlayaraq hadisə yerindən qaçması, avtomaşının salonuna pəncərəsindən baxarkən oturacağın üzərində şübhəli bükümlərin olması və avtomaşını cərimə meydançasına yerləşdirmələri barədə bölmə rəhbərliyinə vermiş olduqları raport əsasında, həmin gün Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşlir qəsəbəsi AB massivi 125 saylı evdə saxlanılaraq PB-nə gətirilmiş Təqsirləndirilən şəxs Müqəddəs oğlunun və dəvət olunaraq hüquq və vəzifələri izah edilmiş hal şahidlərinin iştirakları ilə birlikdə ünvan 1 saylı ünvanda yerləşən DİN-in Siqnal İdarəsinin 11 saylı duracağında Vaz 217030 markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl tərəflərindən Təqsirləndirilən şəxs avtomaşınında və ya üzərində narkotik vasitə olub-olmamasını soruşulmuş və varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olmamasını, lakin baxış keçiriləcək Vaz 217030 markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomaşınında narkotik vasitə olmasını, həmin narkotik vasitəni saxlanılmazdan bir gün əvvəl 500 manata Əhmədli qəsəbəsində yerləşən «Nargilə» kafesinin qarşısında İran İslam Respublikası vətəndaşından almasını bildirmişdir. Daha sonra avtomaşına baxış zamanı qabaq sağ oturacaq üzərində olan çantanın içindən bir ədəd plastik dairəvi qabda, doqquz ədəd sellofana bükülü dəmir qabın içində büküm, sellofana bükülü olan bir bitki hissələri və ondan bir qədər kiçik olan sellofana bükülmüş bir ədəd büküm, sağ oturacaqdan isə bir ədəd kağıza və gümüşü kağıza bükülmüş bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki maddələrin vasitələrin narkotik vasitələr olmasını bildirmişdir. Həmçinin avtomaşından 1 ədəd kiçik tərəzi, 1 ədəd yazılar olan kitabça, 1 ədəd “Samsunq” markalı mobil telefon, 6 ədəd karton trupkalar aşkar edilmişdir. Baxış zamanı avtomaşından başqa iş üçün əhəmiyyət kəsb edəcək qanunsuz əşya müəyyən edilməmişdir. Bundan sonra tərəflərindən aşkar edilmiş bükümlər və əşyalar qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı isə sonuncunun əynində olan şalvarının sağ yan cibindən isə bir ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilmişdir. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılar kimi o, da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə şahid qismində dindirilmiş BPİ-nin DYPİ-nin YPX inspektoru Şahid4 xx xxxxxx 2019-cu il tarixli raportunda və ifadəsində həmin tarixdə saat 14.30 radələrində sürücünün mobil telefondan istifadə etməsi səbəbindən Təqsirləndirilən şəxs Müqəddəs oğlunun idarə etdiyi avtomaşın tərəflərindən saxlanıldıqdan sonra, sürücü sükan arxasından düşərək avtomaşının sənədlərini və mobil telefonu danışmaq bəhanəsi ilə YPX inspektoruna verdikdən sonra avtomaşının qapılarını bağlayaraq həmin yerdən qaçdığından avtomaşın 11 saylı cərimə meydançasına yerləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5, Şahid8, Şahid9, Şahid10, Şahid11 Şahid4 ifadəsinə analoji ifadə verdilər. Məhkəmə iclasinda ifadəsi elan edilərək tədqiq olunmuş şahidlər Şahid7 və Şahid6 eyni məzmunlu ifadə verərək ifadələrində göstərmişlər ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs Müqəddəs oğlu adlı şəxsi əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri, ünvan 1 saylı ünvanın yaxınlığından keçən zamanı polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşlar olmalarını bildirərək, ondan tərəflərindən keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etməyi xahiş etmişdir. o, polis əməkdaşlarının təkliflərinə əsasən onlarla razılaşdıqdan sonra, dəvət olunmuş digər tanımadığım hal şahidi ilə birlikdə həmin ünvanda yerləşən cərimə meydançasına gəlmiş və orada polis əməkdaşları tərəfindən ona və dəvət olunmuş digər hal şahidinə hüquq və vəzifələri izah edildikdən sonra, özünü Təqsirləndirilən şəxs Müqəddəs oğlu kimi təqdim edən şəxsə məxsus cərimə meydançasında olan Vaz 217030 markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçiriləcəyi elan edilmişdir. Baxış zamanı əvvəlcə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Müqəddəs oğluna üzərində və ya avtomaşınında narkotik vasitə olub-olmamasını soruşularaq, olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs isə polis əməkdaşlarına üzərində narkotik vasitə olmamasını, lakin baxış keçiriləcək Vaz 217030 markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomaşınında narkotik vasitə olmasını, həmin narkotik vasitəni saxlanılmazdan bir gün əvvəl 500 manata Əhmədli qəsəbəsində yerləşən «Nargilə» kafesinin qarşısında İran İslam Respublikası vətəndaşından almasını bildirmişdir. Daha sonra avtomaşına baxış zamanı qabaq sağ oturacaq üzərində olan çantanın içindən bir ədəd plastik dairəvi qabda, doqquz ədəd sellofana bükülü dəmir qabın içində büküm, sellofana bükülü olan bir bitki hissələri və ondan bir qədər kiçik olan sellofana bükülmüş bir ədəd büküm, sağ oturacaqdan isə bir ədəd kağıza və gümüşü kağıza bükülmüş bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki maddələrin vasitələrin narkotik vasitələr olmasını bildirmişdir. Həmçinin avtomaşından 1 ədəd kiçik tərəzi, 1 ədəd yazılar olan kitabça, 1 ədəd “Samsunq” markalı mobil telefon, 6 ədəd karton trupkalar aşkar edilmişdir. Baxış zamanı avtomaşından başqa iş üçün əhəmiyyət kəsb edəcək qanunsuz əşya müəyyən edilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən aşkar edilmiş bükümlər və əşyalar qablaşdırılmış. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı isə sonuncunun əynində olan şalvarının sağ yan cibindən isə bir ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilmişdir. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılar kimi o, da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İş materiallarındakı Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın MEB İİİ Tağımının YPX inspektorlarının xx xxxxxx 2019-cu il tarixli raportundan görünür ki, həmin saat 14.30 radələrində sürücünün mobil telefondan istifadə etməsi səbəbindən Təqsirləndirilən şəxs Müqəddəs oğlunun idarə etdiyi avtomaşın tərəflərindən saxlanıldıqdan sonra, sürücü sükan arxasından düşərək avtomaşının sənədlərini və mobil telefonu danışmaq bəhanəsi ilə YPX inspektoruna verdikdən sonra avtomaşının qapılarını bağlayaraq həmin yerdən qaçdığından avtomaşın 11 saylı cərimə meydançasına yerləşdirilmişdir. İş materiallarındakı Bakı şəhəri, Nizami RPİ-nin təhqiqatçısının tərtib etdiyi 2019-cu il 15 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Müqəddəs oğlu Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində eyni tarixdə tutulmuşdur. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28484/85 saylı xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından…» sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri- 0,283 qr, 0,197qr, 1,973qr, ümumi çəkiləri-2,453qr olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 3 ədəd bükümlərdə və 01 ədəd qabda ayrıayrılıqda təmiz çəkiləri – 2,948qram, 0,451qram, 0,514qram, 2,983 qram ümumi təmiz çəkisi -6,896 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, 07 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,461qram, 0,440qram, 0,454qram, 0,417qram, 0,397qram, 0,318qram, 0,422qram, ümumi təmiz çəkisi – 2,909 qram olan ağ rəngli, kristal formada olan maddələr metamfetamindir. 6 ədəd dairəvi karton trupkaların üzərində narkotik vasitə izləri vardır. İş şəklində olduğuna görə heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün deyil. Cinayət işini materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 660 saylı xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd kağız zərfdəki, 01 ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetamin izləri vardır və metamfetamin iş şəklində olduğu üçün tədqiqata təqdim olunmuş metamfetaminlərlə eynilik aparmaq mümkün deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd kitabça, 28 ədəd təxmini ölçüləri eni 3 sm, uzunluqları 10- 12 sm ölçüdə kəsilmiş gümüşü falqa parçaları, 5 ədəd CD-in, 3 ədəd mobil telefon aparatları, Təqsirləndirilən şəxs aşkar edilmiş ilkin xalis çəkisi 2,453 qram marixuanan tədqiqatdan sonrakı qalıq çəkisi 2,393qram, ilkin xalis çəkisi 6,896qram heroinin tədqiqatdan sonrakı qalıq çəkisi 6,796qramı, ilkin xalis çəkisi 2,909qram metamfetaminin tədqiqatdan sonrakı qalıq çəkisi 2,759qramı, 6 ədəd dairəvi karton trupkaları, elektron tərəzi xx xxxxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış saxlanc yerinə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmədə tədqiq edilmiş Bakı şəhəri, Nizami RPİ-nin tərtib etdiyi “baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il, tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Müqəddəs oğlunun müxtəlif nömrələrlə narkotik vasitənin qanunsuz dövriyyəsinə dair yazışmalar aparmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmədə tədqiq edilmiş Bakı şəhəri, Nizami RPİ-nin tərtib edtiyi “baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 13 sm uzunluğu 9.5 sm eni olan qızılı rəngli üzəri zərli kitabçanın üzərinə şəffaf üzlük çəkilmişdir. Kitabçanın ilk səhifələri şaquli xətlənmişdir. 1-ci vərəqdə “ Günəş 5 kola 100 140” 2-ci vərəqdə başda “xx xxxxxx 2019” aşağısında isə “ 1.094 Benzin Socar 33,00: 2. Market Süd keks 6,00: 3.Kontur (200) (704) (618) 23,00” yazıları,növbəti vərəqdə “1. Fariz patı 20,00: 2.Abas patı 5.00” yazıları, kitabçaının sonundan 3-cü vərəqində “ x xxxxxx 2019, 1) Süd: 26 X 38,00=1000.00: 2) Kola: 20 X 20,00=400,00: 3) Kişmiş:10:700=70,00: 4) Saman: 2X 75,00=150,00” yazıları vardır. Kitabçanın içərisində 28 ədəd təxmini ölçüləri eni 3 sm, uzunluqları 10-12 sm ölçüdə kəsilmiş gümüşü falqa parçaları vardır. Həmçinin kitabçanın içərisində sınmış “7sm” ölçüdə şəffaf xətkeş parçası vardır. Təqsirləndirilən şəxs məxsus həmin qeydlərin narkotik vasitələri satdığı şəxslərdən borclu qalmaları ilə bağlı qeydlər olmuşdur. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama Mərkəzinin 2819 saylı xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Müqəddəs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Müqəddəs oğlunun məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Müqəddəs oğlunun əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Müqəddəs oğlunun törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə dair ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasi-tələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı ol-ma-yaraq Azərbaycan Respublika--sının qanunvericiliyi ilə müəyyən edilmiş qay-da-ları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Müqəddəs oğlunun ittiham edildiyi cinayət əmə-lini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs Müqəddəs oğlunun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Müqəddəs oğlunun cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Müqəddəs oğlu hazırda X4 ilə faktiki nikahda yaşayır, birlikdə təsərrüfat aparırlar. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Müqəddəs oğlunun bu nikahdan 2014-cü il 12 noyabr təvəllüdlü Xalid Tağızadə adlı azyaşlı uşağı vardır. Məhkəməyə təqdim edilmiş tibbi sənədin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Müqəddəs oğlunun xx xxxx 1967-ci il təvəllüdlü, 4-cü dərəcəli onkoloji- Leyomiosarkoma xəstəliyindən əziyyət çəkən anası onun himayəsində yaşayır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərtib etdiyi 2019cu il 23 noyabr tarixli tələbnamənin və Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünün, Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının kserosurətindən görünür ki, X3 Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə o, göstərilən cəzadan 5 ay 10 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər— onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Belə olan halda da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Müqəddəs oğlunun məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Müqəddəs oğlu qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və yenidən qəsdən ağır (CM-nin 234.4.3-ci maddəsi) cinayət törətdiyindən əməlində cinayətin residivi vardır. Təqsirləndirilən şəxs Müqəddəs oğlunun əməlində Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının, onkoloji xəstəlikdən əziyyət çəkən anasının olması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Müqəddəs oğlunun əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsi əsasında cəzasını ağırlaşdıran hal cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olduğu və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Məhkəmə bundan əlavə Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinin tələblərinə görə hesab edir ki, Təqsirləndirilən şəxs Müqəddəs oğluna narkomaniyadan müalicə edilmək ücün tib-bi xarakterli məcburi tədbirlər təyin olunmalıdır. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Müqəddəs oğlu Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə Nizami RPİ-də saxlanılan smaddi sübutlar 1 ədəd kitabça, 28 ədəd təxmini ölçüləri eni 3 sm, uzunluqları 10-12 sm ölçüdə kəsilmiş gümüşü falqa parçaları, 5 ədəd CD-in, 3 ədəd mobil telefon aparatları, Təqsirləndirilən şəxs aşkar edilmiş ilkin xalis çəkisi 2,453 qram marixuanan tədqiqatdan sonrakı 2,393qramı, ilkin xalisə çəkisi 6,896qram heroinin tədqiqatdan sonrakı qalıq çəkisi 6,796qramı, ilkin xalisə çəkisi 2,909qram metamfetaminin tədqiqatdan sonrakı qalıq çəkisi 2,759qramının, 6 ədəd dairəvi karton trupkalar məhv edilməlidir. Təqsirləndirilən şəxs Müqəddəs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqalarının dəyəri – 189 manat 94 qəpik Təqsirləndirilən şəxs Müqəddəs oğlundan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Müqəddəs oğlunun hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 40 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs Müqəddəs oğluna göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs Müqəddəs oğlunun tutulduğu gündən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344-347-ci, 349-cu, 351- 353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Müqəddəs oğlu Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinib 6(altı) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Müqəddəs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Müqəddəs oğlu narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 189 manat 94 qəpik Təqsirləndirilən şəxs Müqəddəs oğlundan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs Müqəddəs oğluna göstərilən hüquqi yardımla əlaqədar X5 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 240 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Nizami RPİ-də saxlanılan smaddi sübutlar 1 ədəd kitabça, 28 ədəd təxmini ölçüləri eni 3 sm, uzunluqları 10-12 sm ölçüdə kəsilmiş gümüşü falqa parçaları, 5 ədəd CD-in, Təqsirləndirilən şəxs aşkar edilmiş marixuanan tədqiqatdan sonrakı 2,393qramı, heroinin tədqiqatdan sonrakı qalıq çəkisi 6,796qramı, metamfetaminin tədqiqatdan sonrakı qalıq çəkisi 2,759qramının, 6 ədəd dairəvi karton trupkalar məhv edilsin. Təqsirləndirilən şəxs Müqəddəs oğluna məxsus olan «Samsung Galaxy A6» markalı «SM-A600FN/DS» modelli, bir ədəd «Nokia» markalı «1280» modelli və «Samsung Galaxy A6» markalı «SM-A600FN/DS» modelli 3 ədəd mobil telefon aparatları Təqsirləndirilən şəxs Müqəddəs oğlunun qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs Müqəddəs oğlu barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs Müqəddəs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Müqəddəs oğluna isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar