Məhkəmə qərarları › İş №1(101)-529/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-529/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-529/2025 28.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X11 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndələri Şahid5 (etibarnamə əsasında) və “Fortiori” vəkil Bürosunun vəkili X7 (order və etibarnamə əsasında), Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, taksi sürüçüsü işləyən, əvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 30 may 2024-cü il tarixdə saat 04:30 radələrində idarə etdiyi «Khazar» markalı Az-**-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 2 ünvanda hərəkətdə olan zaman, qarşıdan, yəni yolun əks istiqamətindən hərəkədə olmaqla onun avtomobili ilə qarşılaşan «KİA» markalı Az-**-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 ilə yolun dar olması səbəbindən bir-birilərinə yol vermələri barədə işarələr versələr də, Rasim İsgəndərovun avtomobilində sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs onun avtomobilini geri çəkməsini tələb edib mübahisə yaradaraq onun üstünə gedib fiziki zor tətbiq etmək istəyərkən o, şəxsi münasibtlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən ağır xəsarət yetirmək məqsədilə əlləri ilə yerə əyilmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs boyun nahiyəsindən tutub bərk sıxaraq sonuncuya tetraplegiya (hər iki yuxarı və aşağı ətrafın hissi və hərəkəti funksional pozunluğu) ilə nəticələnən və onurğa beyninin ağır dərəcəli əzilməsi,C3 (İİİ boyun) fərəqəsinin sınıq-çıxığı ilə müşaiyət olunan qapalı fərəqə sütunu travması kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. 30 may 2024-cü il tarixdə saat 05:00 radələrində sifariş qəbul etmişdir. Taksi sifariş edən müştərinin üvanına gedərək 5-10 dəqiqə gözləmişdir. Lakin müştəri gəlməmişdir. Bu səbəbdən də oradan qayıtmışdır. Yolda olarkən onun idarə etdiyi avtomobilin arxasınca başqa maşın gəlmişdir. Həmin yol bir zolaqdan ibarət olmuşdur. Sonradan Rasim olduğunu bildiyi şəxs də həmin yolda dayanmışdır. Anidən Rasim öz avtomobili ilə onun avtomobilinin qarşısına çıxmışdır. Rasim ondan keçməsi üçün yol verməsini istəmişdir. O, yolun sağ tərəfi geniş olmadığı üçün, yəni oradan keçib Rasimə yol verə bilməyəcəyi üçün öz avtomobilini bir qədər arxaya vermiş və özünün keçməsi üçün Rasimdən avtomobilini arxaya verməsini istəmişdir. Lakin sonuncu öz avtomobilindən düşmüş və avtomobilin qapılarını bağlamışdır. Bundan sonra Rasim öz avtomobilini arxaya verməyəcəyini deyərək ona avtomobilini arxaya verməsini demişdir. Həmin vaxt adının sonrada Xəyyam olduğunu bildiyi Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək ona doğru gedərək təpik atmışdır. O, qırağa çəkilmiş və Xəyyam yerə yıxılmışdır. Xəyyam yerə yıxıldıqda onun ayağından tutaraq özünə doğru çəkmişdir. O, Xəyyamın başından tutaraq sıxmış, lakin sonuncunu boğmamışdır. Bütün bunlar 2-3 saniyə ərzində olmuşdur. Arxadan Rasim onlara doğru gəlmiş, onun boğazından tutaraq geri çəkmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona verilmiş suallara cavab olaraq göstərdi ki, zərərçəkmiş şəxsə yumruq zərbəsi vurmamışdır. Hadisə baş verən vaxt həm Rasim, həm də Xəyyam içkili olmuşdur. Hadisə baş verən yerdə yol onun olmuşdur. Xəyyam içkili olduğu üçün özündən getdiyini düşünmüş və sonuncunun hadisə nəticəsində boynunun sındığını bilməmişdir. Hadisə baş verən gün günorta saatlarında Rasim ona zəng edərək hadisə vaxtı içkili olduqlarını, bu səbəbdən onları üzrlü saymalarını xahiş etmişdir. Axşam 8-9 radələrində isə polis bölməsindən ona zəng edərək bölməyə yaxınlaşmalı olduğunu demişlər. O, bölməyə getmiş və bölmədə ona Xəyyamın boynunun sındığını demişlər. Zərərçəkmiş şəxslə barışığa cəhd etmiş, dərman almaq üçün köməklik etmişlər. Lakin zərərçəkmiş şəxsin ailəsi ondan böyük məbləğdə pul tələb etmşdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Xəyyam yıxıldıqdan sonra ona qarşı güc tətbiq etməmiş, Rasim onu Xəyyamın üstündən çəkmişdir. O, Xəyyamın boynunu sıxmamış, öz çəkisi ilə Xəyyamın üstünə yıxılmışdır. Əvəllər heç bir idman növü ilə məşğul olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zəruri müdafiə həddini aşmaqla Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərəçəkmiş şəxs, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə istintaqında videokonfrans əlaqə sistemi vasitəsilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Rasim onun dostudur. Sonuncunun avtomobili ilə məhəllənin içindəki yolla gedərkən Elmar anidən onların olduğu avtomobilin önünə keçmişdir. Bundan sonra Rasim avtomobildən düşmüş və Elmarla aralarında mübahisə yaranmışdır. Bundan sonra o, avtomobildən düşərək Rasimgilə yaxınlaşmış və dava başlamışdır. Baş verən hadisələr təfərrüatı ilə yadında qalmamışdır. Zərərçəkmiş şəxs məhkəmə istintaqında ona verilmiş suallara cavab olaraq göstərdi ki, mübahisə zamanı Elmar ona qarşı söyüş və ya hər hansı bir təhqiramiz ifadə işlətməmişdir. Elmarla aralarında mübahisə yaranmasına səbəb sonuncunun onunla kobud danışması olmuşdur. Lakin Elmar ona hücum etməmişdir. İlk dəfə Elmara nalayiq ifadələr işlədən və hücum edən onun özü olmuşdur. O, Elmarı vurmaq deyil, itələmək məqsədilə yaxınlaşmışdır. Hadisə nəticəsində boynundan xəsarət almışdır. O, yıxıldıqdan sonra Elmar onun üstünə gəlmişdir. Onun yıxılmasına səbəb Elmar olmamış, özü yıxılmışdır. Bunda sonra o sonuncunun ayağından tutaraq yıxmaq istəmiş, ancaq Elmar boynundan tutaraq aşağı tərəfə sıxmışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Elmar ona cüzi miqdarda pul məbləği vermişdir. Əvvəl Elmardan şikayətçi olmasa da, baş verənlər Elmarın vecinə olmadığı üçün şikayətçidir. Təqsirləndirilən şəxsla barışmamışdır, ona qarşı şikayət və tələbi vardır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşımdır. Baş vermiş hadisə barədə əvvəlcədən heç nə eşitməmişdir. Hadisə günü gecə saat 04:25-də Rasim adlı dostu qardaşı Xəyyamı halsız və içkili vəziyyətdə ona təhvil vermişdir. Daha sonra Xəyyamı Rasimin maşını ilə X22 Stansiyasına aparmışlar. Orada içkili olduğu üçün Xəyyamı “Semaşko”ya (01 saylı X16) apararaq mədəsini yuduzdurmalı olduqlarını demişlər. Xəyyam özünə gəldikdən sonra xəstəxanaya getmək istəmədiyini demişdir. Çünki Xəyyamın özünün də boynunun sınmasından xəbəri olmamışdır. Qardaşı yaxşı olduğunu dedikdən sonra onu evdə qoyaraq işə getmişdir. Axşam saat 5-6 radələrində bacısı ona zəng edərək Xəyyamın boynundan aşağı bədən hissəsini hiss etmədiyni demişdir. O, evə gedənə qədər polislər onların evinə getmiş və Xəyyamı TTYS-ə aparmışlar. 2-3 gün sonra qonşusunun qapısında quraşdırılmış müşahidə kameralarına düşmüş videogörüntüyə baxdıqda təqsirləndirilən şəxslə Rasimin mübahisəsi olduğunu, Xəyyamın araya girdiyini və mübahisə nəticəsində belə bir hadisə olduğunu görmüşdür. Hal-hazırda qardaşının bədəninin 95 faizi işləmir. Xəyyam ümumilikdə 55 gün xəstəxanada qalmışdır. Sonuncu 50 gün müddətində süni tənəffüs aparatında olmuşdur. Şahid5 məhkəmə istintaqında ona verilmiş suallara cavab olaraq göstərdi ki, Xəyyamı ilk dəfə X22a apardıqda həkim Xəyyamı müayinə etməyərək içkili olduğunu demişdir. Həmin vaxt Xəyyamın nə qədər içki içdiyini bilməmişdir. Təqsirləndirilən şəxs 30- 50 manat miqdarında olmaqla təxminən 1000 manatlıq yardım etmişdir. Lakin onun özü Xəyyamın müalicəsinə 17000 manat xərcləmişdir. Sonradan hadisənin Elmarla Rasimin avtomobillə bir-birlərinə yol verməmələri səbəbindən baş verdiyini eşitmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. Həmin gün Xəyyam içkili olmuşdur. Xəyyamı avtomobilinə əyləşdirərək evinə aparmaq istəmişdir. Yola çıxdıqdan sonra qarşıdan adını sonradan bildiyi Elmarın idarə etdiyi «Khazar» markalı avtomobil gəlmişdir. O, avtomobilin işığı ilə işarə edərək Elmardan yol verməsini istəmişdir. Elmar orada müştəri gözlədiyi üçün onu müştərinin çağırdığını demişdir. O, Elmara maşınını yolun boş olan hissəsinə salmasını və ona yol verməsini istəmişdir. Bu zaman sonuncu ona həmin yola girə bilməyəcəyini demişdir. O, avtomobildən düşmək istəyəndə Xəyyam da avtomobildən düşmək istəmişdir. Lakin o, Xəyyamın avtomobildən düşməsinə imkan verməyərək özü düşmüşdür. O, avtomobildən düşdükdən sonra da Elmara avtomobilini qırağa çəkməsini demişdir. Bu zaman içkili olan Xəyyam da avtomobildən düşərək onların yanına gəlmişdir. Daha sonra o və Elmar mübahisə etməyə başlamışlar. Xəyyam Elmarın ayağından, Elmar isə Xəyyamın boynundan yapışmışdır. Xəyyam Elmarın ayaqlarını yerdən götürdükdə Elmar öz ağırlığını Xəyyamın üstünə salmşdır. Elmar Xəyyamın boynundan sıxaraq Xəyyamın içkili olduğunu və onu buraxmalı olduğunu demişdir. Elmar Xəyyamı buraxdıqdan sonra Elçin və Tənzilə də gələrək hadisəni görmüşlər. Elçin ona Xəyyamı xəstəxanaya aparmasını demişdir. O isə Xəyyamı maşına əyləşdirərək qardaşı Farizin yanına aparmış, sonra isə sonuncu ilə birlikdə Xəyyamı TTYS-ə aparmışdır. Orada su verdikdən sonra 1 saylı X15 (Semaşkoya) aparmalı olduqlarını demişlər. Fariz anasını Semaşkoda qoyulan səhv diaqnoz nəticəsində öldüyünü bildirərək, Xəyyamın ora aparmayacağını bildirmişdir. Yenidən Xəyyamı maşına qoyaraq evə aparmışlar. Səhəri günü saat 10-da Farizə zəng vurub Xəyyamın səhhəti ilə maraqlanmışdır. Fariz Xəyyamın vəziyyətinin yaxşı olduğunu demişdir. Daha sonra Polis Bölməsinə çağırılmış və orada izahat vermişdir. Bölmədə ona Xəyyamı çağırmağı tapşırmışlar. Xəyyamın olduğu evə gedərək sonuncunun yataqda uzandığını, bədəninin heç bir yerinin tərpənmədiyini görmüşdür. X17 X12 Mərkəzə aparmışlar. Mərkəz Xəyyamı qəbul etmədiyi üçün Respublika Neyrocərrahiyə xəstaxanasına aparmışlar. Sonuncu həmin xəstəxanada əməliyyat olmuşdur. Şahid1 məhkəmə istintaqında ona verilmiş suallara cavab olaraq göstərdi ki, hadisədən əvvəl o pivə içmiş, Xəyyam isə başqa 2 nəfər şəxslə 0,7 litr araq içmişdir. Hadisə baş verdiyi yol sağ və sol zolaqdan ibarət olmuşdur. Sol tərəfdə məhəllə sakinləri öz avtomobillərini saxlamışlar. Həmin yol bağlı olduğu üçün sağ tərəfdən keçməli olmuşdur. Mübaisə zamanı yol onun olmuşdur. Xəyyam avtomobildən düşərək Elmara təpik vurmuş, lakin özü yerə yıxılmışdır. Xəyyam sonra Elmarın ayağından, Elmar isə Xəyyamın boğazından yapışmışdır. 4-5 saniyə sonra o, Elmarın boğazından yapışaraq Xəyyamın içkili olduğunu demişdir. Bundan sonra Elmar Xəyyamı buraxmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, hadisə baş verən gün Tənzilə ilə işdən qayıtmışlar. Mənim uşaqlarım internat məktəbdə yaşayırlar. Qardaşı evdə olmadığına görə evdə tək qalmamaq üçün Tənziləgildə qalmağa qərar vermişdir. Tənginəfəs olduqları üçün evin yanında “besedkada” oturmuşlar. Bu zaman Tənziləyə iki nəfər cavan oğlan yaxınlaşmışdır, onlar öz aralarında söhbət etmişlər. Daha sonra həmin iki nəfər onlara çay içməyi təklif etmişlər. Tənzilə ona da birlikdə getməyi təklif etmişdir. Çay içmək adı ilə yaxınlıqdakı kafelərdən birinə getmişlər. Onlar kafenin kabinetində oturmuşlar. Bu zaman kabinetə çay əvəzinə meyvə və spirtli içki gəlmişdir. İçki qəbul etdikdən sonra halı pisləşmişdir. Bu səbəbdən ordan getmək istəmiş və taksi sifariş etmişdir. Taksi sürücüsü gəldikdən sonra avtomobilə əyləşərək getmişdir. X8 məhkəmə istintaqında ona verilmiş suallara cavab olaraq göstərdi ki, Tənziləyə yaxınlaşan iki nəfər şəxsi əvvəllər tanımamışdır. Onlardan biri saqqallı, digər sarışın olmuşdur. Həmin oğlanların hər biri içki içmişdir. Həmin şəxslərin xəsarət aldığını Səbail RPİ-də olarkən bilmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə baş verərkən evdə olmuşdur. Saat təxminən 4-5 radələri olmuşdur. Səs-küy gəldyini eşitmiş və küçəyə çıxmışdır. Küçəyə çıxarkən Xəyyamın yerə uzandığını görmüşdür. Xəyyamın üzünə su tökmüş, lakin sonuncu ayılmamışdır. Rasimə kömək edərək Xəyyamı maşına əyləşdirmişdir. Şahid4 məhkəmə istintaqında ona verilmiş suallara cavab olaraq göstərdi ki, Rasimi və Xəyyamı məhəllə sakini kimi tanımışdır. Xəyyamın sərxoş olduğu üçün özündən getdiyini düşünmüşdür. Təqsirləndirilən şəxsin Xəyyama qarşı aqressiv olmasını, sonuncuya qarşı nəlayiq sözlər işlətməsini görməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Şahid3 Xanverdli qızının ibtidai istintaq zamanı vermiş olduğu məhkəmə istintaqı zamanı elan edilərək araşdırılmış ifadəsindən görünür ki, X4 təxminən 2014-cü il tarixdən və Zərərçəkmiş şəxs isə 2010-cü il tarixdən onun yaşadığı ünvanın yaxınlığından yaşadıqları üçün bir qonşu kimi tanımış onlarla onun normal münasibəti vardır və onlarla onun heç bir ədavəti düşmənçiliyi yoxdur. 29 may 2024-cü il tarixdə saat təxminən 23:30 radələrində o və Elnarə ilə birlikdə onun yaşadığı ünvan 3 ünvanın həyətində olan istirahət üçün nəzərdə oturacaqda oturub bir qədər söhbət edən zaman, həmin vaxtı onun qonşusu Xəyyam yaxınlıqda olan yaşadığı evlərinə gedərkən orada onunla salamlaşaraq görüşmüş və bir qədər söhbət etdikdən sonra Xəyyam ona və Elnarə ilə birlikdə Bayıl qəsəbəsində çay evində çay içməyə dəvət etdiyindən və onlar isə onunla razılaşmışlar. Bundan sonra elə həmin günü Xəyyam tanışı Rasim adili şəxsə zəng edərək avtomobili ilə gəlmiş və onlar birlikdə Səbail rayonu Bayıl qəsəbəsində yerləşən «Aradabulvar» adlanan kafeyə gəlmişlər. Bundan sonra o, Elnarə, Rasim və Xəyyam «Aradabulvar» adlanan kafedə oturmuşlar. Xəyyam kafedə xidmət göstərən şəxsə Rasim üçün 1 bakal piyvə, özü və onlar üçün isə 2 ədəd 0,7 litrlik «Orqanik» araq və arağı içmək üçün meyvə sifariş vermişdir. Bu zaman elə həmin günü saat 00:30 radələrindən etibarən, həmin günü saat 04 radələrinədək orada içki qəbul edikdən sonra, Rasim ümumi hesab olan 80 manat pul ödəmişdir. Bundan sonra onlar kafenin həyətinə düşərək, o və Elnarə oradan piyada yaşadıqları ünvana getmişlər. Elə həmin günü saat təxminən 04:30 radələrində o, evdə olan zamanı onun yaşadığı ünvanın yaxınlığında yerləşən ünvan 4 ünvana gəlmiş və orada taksi kimi fəaliyət göstərən Ağ rəngli «Khazar» markalı avtomobillin sürücüsü sonradan adı məlum olan Elmar adlı şəxs avtomobili ilə hərəkətdə olan zaman, yolun əks istiqamətində hərəkət etmiş Rasimə yol vermədiyi üstündə aralarında mübahisələri olması səbəbindən aralarında artıq mübahisə olduğundan və yerdə Xəyyamın halsız uzanıqlı vəziyyətdə olduğunu şahidi olmuşdur. Həmin vaxtı orada hadisə yerinə yaxınlıqda yerləşən yaşayış ünvanda yaşayan tanımadığım şəxslər toplanmışlar, bu zaman Xəyyam Elmarı yerdə söyüb təhqir edən zaman Elmar onun üzərinə hücüm edərək onu yendən vurmaq istəyən zaman Rasim onun qarşısına keçərək ayırmışdır. Bundan sonra o, Elmara yaxınlaşqıb və ona öz iradını bildirərək oradan çıxıb getməsini bildirmişdir. Sonradan aldığı məlumat görə onun hadisə yerinə gələnədək artıq Elmar Xəyyamı yerə yıxaraq onu yerdə boğaz nahiyəsindən əli ilə tutaraq sıxmaqla onun boynunu sındırmışdır. Bundan sonra Elmar hadisə yerindən getmiş, orada toplaşan insanlar və Rasim zorla Xəyyamı öz avtomobilinə otuzduraraq evlərinə aparmışdır. Elə həmin günü o, Xəyyamgilə getmiş və orada Rasimə Xəyyamı təcili olaraq xəstəxanaya aparmasını bildirmiş və Rasim isə onu Xəstəxanaya aparmışdır. Bundan sonra o, evə gəlmişdir. X18 rayon ərazisində yerləşən Neyrocərrahiyə Xəstəxasında həkimlər tərəfindən müalicə aldığını bildirmişdir. Baş vermiş hadisə 30 may 2024-cü il tarixdə saat təxminən 04:30 radələrində ünvan 5 ünvanda olmuş, hadisənin şahidləri o, həmin hadisə yerində yerləşən yaşayş ünvanlarında yaşayn şəxlər olmuşlar və hadisə təxminən 10 dəqiqə davam etmişdir. 30 may 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 22:41-də Neyrocərrahiyyə xəstəxanasının tibb bacısı Cəfərova ünvan 6 ünvanında yaşayan xx.xx.1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs 3-cü dərəcə boyun fəqərəsinın sınığı ilə müraciət etməsi barədə məlumat vermişdir. (Cild 1 i.v 4) xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutmuşdur. (Cild 1 i.v 50-51) xx.xx.2024-cü il tarixli Səbail Rayon Məhkəməsinin qərarındandan görünür ki, Təqsirləndirilən şəxs 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1 i.v 90-93). xx.xx.2024-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2024-cü il tarixli 4(009)-246/2024 nömrəli qərarı ləğv edilmişdir. (Cild 1 i.v 109-114) 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v 115) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid qismində dinirilmiş şəxs Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qolu ilə boğazından tutaraq qəsdən ona xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı bildirmişdir. (Cild 1 i.v 72-74) xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs o, törətdiyi cinayət əməlini hadisə yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. Bununla bağlı olaraq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinin materialına əlavə edilmişdir. (Cild 1 i.v 75-78) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 iyun 2024cü il tarixli 1708 saylı rəyindən görünür ki, X3 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kamağlıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictiai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilmişdir. X3 hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yüksək ruhi həyacan (affekt) vəziyyətində olmamışdır. (Cild 1 i.v 135-138) 05 iyun 2024-cü il tarixli qərarla təyin edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X19 Ekspertinin 25 iyun 2024-cü il tarixli 266 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-tetraplegiya (hər iki yuxarı və aşağı ətrafın hissi və hərəkəti funksional pozunluğu) ilə nəticələnən və onurğa beyninin ağır dərəcəəli əzilməsi, C3 (İİİ boyun) fərəqəsinin sınıq-çıxığı ilə müşaiyət olunan qapalı fərəqə sütunu travması bərk küt əşyanın (əşyaların) təsrindən törənmişlər, qərarın təsiviri hissəsində göstərilən müddətdə və şəaraitdə.yəni 30 may 2024-cuü il tarixində, kənar şəxs tərəfindən boyun nahiyyəsinin sıxılması nəticəsində əmələ gəlməsi inkar edilmir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (Cild 1 i.v 145-148) 21 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisənin əsas təşəbbüskarı və səbəbkarı kimi qiymətləndirilmişdir. (Cild 1 i.v 166-175) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1 i.v 134) Məhkəmə baxışı zamanı ünvan 2 ünvanda olan video müşahidə kameradan götürülmüş hadisənin görüntülərinin olduğu 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yol birzolaqlı yoldur və yolun kənarında (təqsirləndirilən şəxsin hərəkət istiqaməti üzrə sağ tərəfdə) avtomobillər park edilmiş vəziyyətdədir, yəni yol Təqsirləndirilən şəxs məxsusdur. Videonun 02 dəqiqə 34-cü saniyəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı avtomobillə asta surətlə hərəkət edir. Bu zaman Şahid1 idarə etdiyi “KİA” markalı Az-**-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobil surətlə hərəkət edərək Təqsirləndirilən şəxs qarşısını kəsir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə maşını öz hərəkət istiqaməti üzrə sağ tərəfə doğru çəkməklə Şahid1 yol verməyə çalışmış, lakin buna nail ola bilməmiş, hər iki şəxs idarə etdiyi avtomobili saxlamışdır. Bir nəfər ağ rəngli kofta geyinmiş şəxs “KİA” markalı AZ-**-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobildən ön sərnişin oturacağından düşərək Elmarın idarə etdiyi avtomobilə doğru yaxınlaşması müşahidə edilir. Məhkəmə baxışı zamanı həmin şəxsin Zərərçəkmiş şəxs olması müəyyən edilmişdir. Bundan sonra Şahid1 da avtomobildən düşərək Elmarın avtomobilinə doğru yaxınlaşmışdır. Videonun 04 dəqiqə 08-ci saniyəsində dava başlayır və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hücum etməyə çalışmış, lakin Şahid1 ona mane olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təpik vurmaq istəsə də, yer yıxılmışdır. 2-3 saniyə sonra Xəyyam yenidən Elmara doğru hücum etmiş və onlar yerə yıxılmışlar. Daha sonra Şahid1 Xəyyam və Elmarı ayırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi birincinin zərərçəkmişə yetirmiş olduğu xəsarəti özünü müdafiə edərkən yetirməsini bildirmiş və ona görə də, məhkəmə təqsirləndirilənin zəruri müdafiə vəziyyətində hərəkət edib-etməməsini və ya zəruri müdafiə vəziyyətini aşıb-aşmamasını araşdırmalıdır. Bunun üçünü məhkəmə zəruri müdafiə və zəruri müdafiə vəziyyətini aşma ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 36.1-ci maddəsində qeyd edimişdir ki, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Cinayət hüquq nəzəriyyəsində göstərilmişdir ki, zəruri müdafiə vəziyyətində hərəkət edən kimsə ilk planda fərdi hüquqsal dəyərləri müdafiə etməklə məşğul olur. (özünü qoruma prinsipi). Ancaq eyni zamanda hüquqa zidd hücumun dəf edilməsi vasitəsilə bütün olaraq hüquq düzənini də müdafiə edir (hüququn qorunması prinsipi). Zəruri müdafiə 3 mərhələli araşdırılır:

1. Zəruri müdafiə vəziyyətinin mövcudluğu;

2. zəruri müdafiə hərəkətinin hüquqa uyğunluğu;

3. müdafiə istəyi (sübyektiv hüquqa uyğunluq ünsürü). - Bir hüquqa uyğunluq səbəbinin mövcudluğu (Zəruri müdafiə vəziyyətinin mövcudluğu): a) Hücum b) Hücumun aktuallığı (davam edən olması) c) Hücumun hüquqa ziddliyi - Zəruri müdafiə hərəkətinin hüquqa uyğunluğu: a) Əlverişlilik b) Zərurilik c) Uyğunluq (Hücum və X9) - Müdafiə iradəsi. (subyektiv hüquqa uyğunluq ünsürü) Hücum. Hücum qavramında fərdi dəyərlərin və ya mənfəətlərin insan hərəkəti ilə təhdid edilən hər pozulması başa düşülür. Hücumun (yalnız təqsirləndirilənin təsəvürrünə görə deyil) həqiqətən mövcud olması zəruridir. Hücumun aktuallığı. Bir hücum əgər az öncə meydana gəlmişdisə, ya da hələ də davam edirsə aktualdır. Hücumun hüquqa ziddliyi. Hüquq qaydası ilə ziddiyyət təşkil etdirsə və hücuma məruz qalan şəxsin buna dözmək öhdəliyi yoxdursa hücum hüquqa ziddir. Zəruri müdafiə hərəkətinin hüquqa uyğunluğu. Zəruri müdafiə haqqının geniş olmasına baxmayaraq burada bir məhdudiyyət zəruridir. İlk olaraq müdafiə hərəkətinin hücumu dəf etmək üçün əlverişli olub-olmadığını araşdırlmalıdır ki, burada 3 mərhələli araşdırma zəruridir. Əlverişlilik. Müdafiə hərəkətinin hücumu aradan qaldırmağa əlverişli olması zəruridir. İstənilən halda, o, prinsipcə hücumu ya tamamilə dayandırmalı, ya da ən azı onu yumşaltmalıdır. Burada da bir meyar müəyyən edilməlidir ki, dəyər prinsipi olaraq müdafiə hərəkəti hücumdan qorunmasa belə, məqsədəuyğun kimi qəbul edilməlidir. Zərurət. Müdafiə hərəkəti müdafiənin dəf edilməsi üçün zəruri olmalıdır. Hücumun qarşısını almaq üçün müdafiədə olan şəxsin ixtiyarında çoxlu alətlər var, ona görə də o, hücum edənin hüquqi dəyərlərini məhdudiyyətsiz poza bilməz, lakin hücum edəni ən az sıxıntıya salacaq vasitələri seçməlidir. Çünki hücumu dəf etmək üçün müxtəlif formalarda müxtəlif müdafiə hərəkətləri çox vaxt uyğun olur ki, bunlar eyni dərəcədə təsirli deyillər. Lakin müdafiədə olan şəxs normal şəraitdə həmişə hücumu dərhal dayandıracaq və təhlükənin son olaraq aradan qaldırılmasını təmin edəcək müdafiə vasitələri seçə bilər. Bununla belə, o, riskli müdafiə tədbirləri almamalıdır. (görməməlidir). O daha yüngül vasitənin mümkün olduğu, ancaq özünün müdafiəsinin uğur qazanmaq şansını azaldacağı halda bu yüngül vasitəni seçmək məcburiyyətində deyildir. Ayrıca zərurət obyektiv bir mühakiməyə əsasən ex ante ölçülür, yəni əməlin törədildiyi anda hücum edənin düşdüyü vəziyyətə obyektif üçüncü şəxsin baxış bucağı həlledicidir. Bundan əlavə hücuma məruz qalanın şəxsi məlumatları da qiymətləndirmə zamanı nəzərə alınmalıdır. Hücum və X6 Tapılması. Müdafiə mövcud hadisədə uyğun olmalıdır. Qanuni müdafiənin həyata keçirilməsi üçün müdafiə “hücuma mütənasib” olmalıdır, daha doğrusu, hücum proporsional (ölçülü) müdafiə ilə dəf edilməli və ya zərərsizləşdirilməlidir. Başqa sözlə hücumun mütənasibliyi dedikdə nəzərdə tutulan müdafiə hücumunun hücumu dəf etmək üçün kifayət etməsidir. Hücumu dəf etmək üçün kifayət qədər hücum etməklə, hücum edənə lazım olan ən az ziyana səbəb olacaq müdafiə hücumu etməyi nəzərdə tutur. Bu o demək deyil ki, hücumlar eyni gücdə olacaq. Bununla belə, müdafiə hücumu dəf etmək üçün kifayət qədər qalmalıdır. Müdafiə üçün lazım olan istənilən vasitədən istifadə oluna bilər, lakin hücumu dəf etmək üçün lazım olandan artıq güc tətbiq edilməməli və hücumda istifadə olunan vasitələrlə müdafiədə istifadə olunan vasitələr arasında ağlabatan tarazlıq tapılmalıdır. Eyni zamanda, hücuma məruz qalan şəxsin müdafiə zamanı müdafiə olunduğu fayda ilə müdafiə nəticəsində hücum edənə dəyən zərər arasında balans tapılmalıdır. Əgər edilən müdafiə özünümüdafiədə mütənasiblik prinsipini pozursa, yəni müdafiə hücumu hücum edənə minimum zərərdən çox ziyan vurubsa, o zaman özünümüdafiə həddi aşılmış olur. Müdafiə iradəsi. (Subyektiv hüquqa uyğunluq ünsürü) Təqsirləndirilənin hüquqa uyğunluq vəziyyətini bilməsi və uyğun niyyətlə hərəkət etməsinin zəruri olduğu təsbit edilməlidir. Hazırki işdə bu qeyd olunan əlamətlərin uyğun olub-olmamasını araşdıraq. Göründüyü kimi mübahisə zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən başlanmış, əvvəlcə təqsirləndiriləni nalayiq ifadələrlə təhqir etmiş, daha sonra üzərinə gələrək ona təpik atmış, təpik təqsirləndirilənə dəyməyərək yerə yıxılmış, daha sonra təqsirləndirilən Təqsirləndirilən şəxs ayaqlarından tutub onu yıxmaq istəmiş və bu zaman Təqsirləndirilən şəxs həyatı və sağlamlığı üçün təhlükə olmuşdur. Sual yaranır ki, ayaqlarından tutulub yerə yıxmağa çalışılan Elmir İsmayılov özünü qorumaqdan başqa nə edə bilərdi. Zəruri müdafiənin qəbul etmədiyi qaçmaq imkanına da malik deyildi. Yalnız özünü qorumaq üçün zərəçəkmiş şəxsə müqavimət göstərməklə yıxılmasına mane olmaq. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı hücum olmuş, həmin hücum aktual idi, yəni hücum davam etməkdə idi, həmçinin zərərçəkmiş şəxsin hərəkəti hüquqa zidd idi. Bundan başqa, hadisə zamanı təqsirləndirilən şəxsin hərəkətlərində əlverişlilik və zərurət əlamətləri olmuş, eləcə də təqsirləndirilən müdafiə iradəsi ilə hərəkət etmişdir. Obyektiv kənar bir müşahidəçinin baxış bucağından baxıldıqda ayaqlarından tutan şəxsə müqavimət göstərərək buna imkan verməmək üçün həmin an üçün seçilmiş ən uyğun üsul boynundan, belində tutmaqdan ibarət olan hərəkətdir. Ancaq təqsirləndirilənin seçdiyi bu müqavimət forması doğru olsa da, boynunu sıxılmasına tətbiq etdiyi gücün ölçüsü mütanasiblik baxımından daha ağır olmuşdur. Belə ki, zərərçəkmiş şəxsdən fiziki cəhətdən qüvvətli olan təqsirləndirilənin zərərçəkmişin boynunu daha ağır sıxmaqdan ibarət hərəkəti ilə boynunun sına biləcəyini bilməli idi. Bu zaman zəruri müdafiə vəziyyəti ölçü baxımından aşılmışdır. Həmin vaxtı təqsiləndirilən Elmir İsmayılov dolayı qəsdlə hərəkət etmiş, müdafiə hücumu edərkən şəxs əməlinin ictimai təhlükəli olmasını dərk etmiş, qanunun mətnindəki nəticəni öncədən görməsə də, şüurlu surətdə yol verməklə zəruri müdafiə həddinin aşılmasını gerçəkləşmişdir. Azərbaycan Respublikası CM-nin 36.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.1-ci, cinayətin zəruri müdafiənin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsini CM-nin 59.1.7-ci, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini CM-nin 59.1.8-ci, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini CMnin 59.1.14-cü, təqsirləndirilən şəxsin cinayət əməlini törətməsini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı məsələyə gəldikdə məhkəmə hesab edir ki, onun əməlində kifayət qədər yüngülləşdirici halların olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, həmçinin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 130.1-ci maddəsinin, sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı digər cəzaların da nəzərdə tutulmasını məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə onu da qeyd edir ki, cinayət işi üzrə zərərçəkənin şikayəti olmuş, lakin məhkəmə bunu ağırlaşdırıcı hal olaraq qəbul edə bilməz və həmin hal şəxsə ağır cəza təyin ediməsi üçün də əsas ola bilməz. Hüquq haqsızlığa boyun əyməməli və zərərçəkmiş etdiyi hərəkətin qarşılığında hansı nəticələr verə biləcəyini görməli idi və o, baş vermiş nəticəyə də qatlanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev 45-də çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində ona yaşadığı ünvanını saat 00:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcə cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) günü 2 (iki) günə bərabər tutulmaqla, 14 (on dörd) gün kimi hesablanmaqla hazırki cinayət işi üzrə ona təyin ediləcək cəzadan çıxlmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 2 ünvanda olan video müşahidə kameradan götürülmüş hadisənin görüntülərinin olduğu 01 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə,

H Ö K M E T D İ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. 01 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) günü 2 (iki) günə bərabər tutulmaqla, 14 (on dörd) gün kimi hesablanmaqla hazırki cinayət işi üzrə ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 7 ünvanını saat 00:00-dan saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. ünvan 2 ünvanda olan video müşahidə kameradan götürülmüş hadisənin görüntülərinin olduğu 01 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Kamran Muxtarov X14 Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar