Məhkəmə qərarları › İş №1(101)-53/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-53/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-53/2022 01.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslərin nümayəndələri: Bakı şəhər 12 saylı vəkil bürosunun vəkili Nümayəndə1, “ProBono” vəkil bürosunun vəkili Nümayəndə2, zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, müdafiəçi: Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi dalan 1, ev 9, mənzil 16-da qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən, zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünün guya bir ədədinin dəyəri 900 ABŞ dolları olan orijinal “İphone 6S” markalı mobil telefonların Azərbaycan Respublikası ərazisində pərakəndə qaydada satışı ilə məşğul olduğunu bildirib həmin işə pul vəsaiti yatıracağı təqdirdə hər 1000 ABŞ dollarına görə ona maya dəyərindən əlavə 75 (yetmiş) manat gəlir verəcəyini vəd edərək aldatmış, etibarından sui-istifadə edərək ondan 2016-cı ilin mart ayından 24 iyul 2016-cı il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ayrı-ayrı vaxtlarda və yerlərdə özü əlbəəl, eləcə də Şahid3 vasitəsilə, sonuncu dəfə isə 24 iyul 2016-cı il tarixdə ünvan 2 ünvanın qarşısında Şahid3 vasitəsilə 2000 ABŞ dolları olmaqla, ümumilikdə 55.500 ABŞ dolları və 900 AVRO pul almış, həmin pulun 18.000 ABŞ dolları və 900 AVRO olmaqla bir hissəsini qaytarsa da qalan, həmin dövrdə məzənnəsi 61.563,6 manat təşkil edən 37.500 ABŞ dollarını geri qaytarmayaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 61.563,6 (altmış bir min beş yüz altmış üç manat altmış qəpik) manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, təkrarən, Zərərçəkmiş şəxs2 özünün guya bir ədədinin dəyəri 900 ABŞ dolları olan orijinal “İphone 6S” markalı mobil telefonların Azərbaycan Respublikası ərazisində pərakəndə qaydada satışı ilə məşğul olduğunu bildirib həmin işə pul vəsaiti yatıracağı təqdirdə hər 1000 ABŞ dollarına görə ona maya dəyərindən əlavə 100 (yüz) manat gəlir verəcəyini yalandan vəd edərək aldatmış, etibarından sui-istifadə edərək guya həmin işə sərf edəcəyi adı ilə ondan 07 iyun 2016-cı il tarixdə ünvan 3 ünvanın qarşısında Şahid3 vasitəsilə həmin dövrdə məzənnəsi 32.301,6 (otuz iki min üç yüz bir manat altmış qəpik) manat təşkil edən 21.500 ABŞ dolları, 10 iyun 2016-cı il tarixdən 24 iyul 2016-cı il tarixədək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi ev 66 saylı binanın həyətində və ünvan 3 ünvanın qarşısında hissə-hissə olmaqla bir neçə dəfəyə, həmin dövrdə məzənnəsi 118.873,44 (yüz on səkkiz min səkkiz yüz yetmiş üç manat qırx dörd qəpik) manat təşkil edən 75.600 ABŞ dolları pul alıb ələ keçirmiş, lakin verdiyi vədlərə əməl etməyərək ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 151.175,04 (yüz əlli bir min yüz yetmiş beş manat dörd qəpik) manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, təkrarən, Zərərçəkmiş şəxs1 özünün guya bir ədədinin dəyəri 900 ABŞ dolları olan orijinal “İphone 6S” markalı mobil telefonların Azərbaycan Respublikası ərazisində pərakəndə qaydada satışı ilə məşğul olduğunu bildirib həmin işə pul vəsaiti yatıracağı təqdirdə hər 1000 ABŞ dollarına görə ona maya dəyərindən əlavə 80 (səksən) manat gəlir verəcəyini və onu inandırmaqdan ötrü verəcəyi pulların zəmanəti olaraq ona orijinal “İphone 6S” markalı mobil telefonları girov qismində verəcəyini yalandan vəd edərək onu aldatmış, etibarından sui-istifadə edərək 13 iyul 2016-cı il tarixdə ünvan 4 ünvanda orijinal “İphone 6S” markalı mobil telefon kimi təqdim etdiyi əslində isə orijinal olmayan 59 ədəd Çin Xalq Respublikasında istehsal olunmuş, həssas təzyiqlə (sensorlu) çalışan, respublika ərazisində satışı qadağan olunmuş kontrafakt məhsullar olan, faktiki olaraq qiymətləndirilməsi aparılmayan üzərində “İphone S A 1688” yazıları olan smartfonları pul əvəzində girov qismində verməklə guya həmin işə sərf edəcəyi adı ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs4 vasitəsilə həmin dövrdə məzənnəsi 78.833,43 (yetmiş səkkiz min səkkiz yüz otuz üç manat qırx üç qəpik) manat təşkil edən 50.700 ABŞ dolları və guya həmin mobil telefonları Azərbaycan Respublikasına idxal edən şəxsə verəcəyi adı ilə hər bir ədəd mobil telefona görə 20 manat olmaqla 1.180 manat, sonuncu dəfə isə 21 iyul 2016-cı il tarixdə ünvan 4 ünvanda orijinal “İphone 6S” markalı mobil telefon kimi təqdim etdiyi əslində isə orijinal olmayan 55 ədəd Çin Xalq Respublikasında istehsal olunmuş, həssas təzyiqlə (sensorlu) çalışan, respublika ərazisində satışı qadağan olunmuş kontrafakt məhsullar olan, faktiki olaraq qiymətləndirilməsi aparılmayan üzərində “İphone S A 1688” yazıları olan smartfonları pul əvəzində girov qismində verməklə guya həmin işə sərf edəcəyi adı ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs4 vasitəsilə həmin dövrdə məzənnəsi 77.052,63 (yetmiş yeddi min əlli iki manat altmış üç qəpik) manat təşkil edən 49.100 ABŞ dolları pul alıb ələ keçirmiş, lakin verdiyi vədlərə əməl etməyərək, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 157.066,06 (yüz əlli yeddi min altmış altı manat altı qəpik) manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, təkrarən, Zərərçəkmiş şəxs4 özünün guya bir ədədinin dəyəri 900 ABŞ dolları olan orijinal “İphone 6S” markalı mobil telefonların Azərbaycan Respublikası ərazisində pərakəndə qaydada satışı ilə məşğul olduğunu bildirib həmin işə pul vəsaiti yatıracağı təqdirdə hər 1000 ABŞ dollarına görə ona maya dəyərindən əlavə 80 (səksən) manat gəlir verəcəyini və onu inandırmaqdan ötrü verəcəyi pulların zəmanəti olaraq orijinal “İphone 6S” markalı mobil telefonları ona girov qismində verəcəyini yalandan vəd edərək onu aldatmış, etibarından sui-istifadə edərək orijinal “İphone 6S” markalı mobil telefon kimi təqdim etdiyi, əslində isə işlək vəziyyətdə olmayan istifadəyə yararsız olduğundan qiymətsiz 02 ədəd “iPhone 6S” markalı “A1688” modelli, 01 ədəd “iPhone 6S” markalı “A1700” modelli, hər birinin dəyəri 100 manat təşkil edən 13 ədəd “iPhone 6S” markalı “A1688” modelli, 01 ədəd “iPhone 6S” markalı “A1700” modelli və 01 ədəd “iPhone 6S” markalı “A1633” modelli üzərlərində olan markalanma göstəricisinə əsasən Çin Xalq Respublikasında istehsal edilmiş, həssas təzyiqlə (sensorlu) çalışan, kontrafakt smartfonları pul əvəzində girov qismində verməklə guya həmin işə sərf edəcəyi adı ilə Zərərçəkmiş şəxs4 21 iyul 2016-cı il tarixdə ünvan 4 ünvanda həmin dövrdə məzənnəsi 16.634,58 (on altı min altı yüz otuz dörd manat əlli səkkiz qəpik) manat təşkil edən 10.600 ABŞ dolları və sonuncu dəfə 29 iyul 2016-cı il tarixdə eyni ünvanda həmin dövrdə məzənnəsi 8.559,54 (səkkiz min beş yüz əlli doqquz manat əlli dörd qəpik) manat təşkil edən 5.400 ABŞ dolları pul alıb ələ keçirmiş, lakin verdiyi vədlərə əməl etməyərək ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 25.194,12(iyirmi beş min yüz doxsan dörd manat on iki qəpik) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Teymur adlı şəxslə 2014-cü ildə ortaq tanışları vasitəsilə tanış olmuşdur. 2014-cü ildən Teymurun vasitəsilə telefon alveri ilə məşğul olmağa başlamışdır. Teymurdan telefonları alıb üstünə pul qoyaraq qazanc əldə etmişdir. Teymur 2016-cı ildə Azərbaycan manatının devalvasiyası zamanı manatla aldığı telefonları dollara çevirmiş olmayan borcu onun üzərinə yıxmağa çalışmışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 bacısının iş yoldaşıdır. İlk dəfə həmin şəxs ona 45.000 ABŞ dollarını 2016-cı il iyunun 4-nə kimi qaytarmaq şərtilə vermişdir. Həmin pulu vaxtında qaytararaq əlavə olaraq 22.500 ABŞ dollarını ona çatası gəlir kimi vermişdir. Bu hadisədən sonra mütəmadi olaraq proses davam etmişdir. Onun bacısı Şahid1 bu məsələ ilə heç bir əlaqəsi yoxdur. O, artıq evini, torpağını, hər şeyi satmışdır ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəsin. O, hər zaman kompromisə hazırdır. Onun anası 100.000 manatı Zərərçəkmiş şəxs1 vermək üçün onun yanına getsələr də, həmin şəxs buna razı olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 borcunun olmağını inkar etmir. Onu da Teymur adlı şəxs aldadıb, o, Prokurorluğa Teymurla bağlı şikayət ərizəsi göndərsə də, heç bir nəticə əldə etməmişdir. Çin istehsalı olan telefonların satılması isə onun təqsiri olmadan baş verib. Ümumilikdə 100 000 dolları götürəndən sonra aldatmaq məqsədi olsaydı, heç zaman 54.000 ABŞ dollarını xeyir kimi zərər çəkmişə verməzdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadə verəndə 37.000 manatdan bəhs edir. Lakin Həsənin heç zaman 37.000 manatı olmamışdır. Zərər çəkmişlərin fikri borc verdikləri pul vəsaitini almaq deyil, ona əzab vermək istəyirlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imza etmişdir. Əgər onun Zərərçəkmiş şəxs2 97 000 ABŞ dolları borcu varsa, nəyə görə ona 30 000 ABŞ dollarını ödəyəcəyi təqdirdə, şikayəti geri götürəcəyini bildirir. O, telefonların alqı-satqısından götürdüyü xeyiri, pul götürdüyü şəxslərlə birlikdə bölüşdürmüşdür. Telefonların alqı-satqısı işində Teymurla birlikdə iş görmüş, təxminən, 3-4 ildir ki, bu işi görmüş və heç vaxt problem olmamışdır. Onun zərər çəkmiş şəxsləri aldatmaq fikri olmamışdır, telefon alqı-satqısı ilə məşğul olmuş, Teymur onu aldatdığı üçün, onun da zərər çəkmiş şəxslərə borcu yaranmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun həmin ifaadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 aladadaraq pullarını ələ keçirmiş, Emil və Vüqarı inandırmaq üçün onlara girov təminatı qismində “İphone 6S” markalı mobil telefon adı ilə orijinal olmayan Çin istehsallı mobil cihazlar vermiş, bacısı Şahid1 onun həmin şəxsləri aldatmaq niyyətinin olduğunu, eləcə də Emil və Vüqara girov təminatı qismində “İphone 6S” markalı mobil telefon adı ilə verdiyi mobil cihazların orijinal olmadığını əvvəlcədən bilməmiş, eləcə də onun apardığı əməliyyatların əsl mahiyyətindən Nigarın, həmçinin taksi sürücüsü Şahid3 xəbəri olmamışdır. O, Leyla, Emil və Vüqarı aldadarkən Nigar heç bir məbləğdə gəlir əldə etməmişdir, əksinə həmin ərəfələrdə Nigarın özündən də borc qismində pul alıb xərcləmişdir. O, bu əməliyyatları edərkən pulları guya mobil telefon alqı-satqısına sərf etdiyini hər kəsə demiş, lakin əsl həqiqətdə o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, sadəcə olaraq Teymura olan borcunu ödəməkdən ötrü kommersiya fəaliyyəti ilə məşğul olduğunun görüntüsünü yaratmış və özünün normal kommersiya fəaliyyəti ilə məşğul olduğuna inandırmaqdan ötrü və şübhələnməsinlər deyə Leyla, Emil və Vüqardan aldığı pullardan özlərinə gəlir adı ilə pullar qaytarmışdır. Leyla, Emil və Vüqardan aldığı pullar ilə öz borclarını qaytarmağa çalışmışdır. İlham adlı şəxsin adını özündən uydurmuş, elə bir şəxslə heç bir əlaqəsi olmamışdır. Leyla, Emil və Vüqara qarşı dələduzluq edərkən o, heç bir şəxslə, eləcə də bacısı Şahid1 ilə qabaqcadan əlbir olmamış, həmçinin taksi sürücüsü Şahid3 də onun əməllərindən xəbərsiz olmuşdur, Əhməd də onun kommersiya fəaliyyəti ilə məşğul olduğuna inanmış, o, Əhməddən bir taksi sürücüsü kimi istifadə etmiş, Əhmədlə də bu cinayətlərin törədilməsində əvvəlcədən hər hansı bir sövdələşməsi olmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid1 əvvəllər onunla birlikdə "xxxx" ASC-də işləmişdir. "xxxx"da işlədikləri müddətdə Nigar ona demişdir ki, bacısı Nuranla birlikdə orijinal “İphone” markalı mobil telefonların ölkə ərazisində topdan və pərakəndə qaydada müxtəlif şəxslərə alqı-satqısı ilə məşğul olub pul qazanırlar. Təxminən 2016-cı ilin iyun ayının əvvəlində Nigar ona mobil telefonda olan «Whatsapp» proqramı vasitəsi ilə yazaraq onun da onların telefon ticarətinə qoşularaq pul qazanmaq istəyinin olub-olmaması barədə soruşmuşdur. O, Nigara demişdir ki, onların ticarət prosesindən tam təfərrüatı ilə məlumatlı olduğu halda qoşulmağa razılıq verəcəyini bildirmişdir. O, Nigarın yaşadığı Bakı şəhəri, Azadlıq prospektində yerləşən binanın qarşısına getmiş, Nigar bacısı Nuranla birlikdə binanın önünə düşüb onun avtomobilinə əyləşmişdir. Nigar ona ətraflı izah edərək bildirmişdir ki, Nuranla birlikdə şərikinə «İphone 6S» markalı orijinal mobil telefonların ölkə ərazisində topdan və pərakəndə satışı ilə məşğuldurlar, onların biznesi 100 %-li gəlirli, iflasa uğrama ehtimalı olmayan bir biznesdir. Əgər onların telefon ticarətinə pul qoyaraq sərmayə yatırsa, ona hər satılacaq telefonun maya dəyərindən əlavə 80 manat əlavə gəlir verəcəklər. Nigar ona demişdir ki, topdan alqı-satqının hər dövriyyəsi üçün təxminən 50 000 ABŞ dolları pul lazımdır. O da həmin pulun batmamasının təminatı kimi onlardan verəcəyi pulun müqabilində həmin məbləğə alınacaq «İphone 6S» markalı telefonların özündə saxlanılmasını istəmiş, Nigarla Nuran onunla razılaşaraq etiraz etməmişlər. Beləliklə, 11 dəfə alqı-satqı prosesi olmuş, onların 9 partiyasında verdiyi pulları əlavə gəliri ilə birlikdə bütövlükdə Nurandan almış, yalnız sonuncu iki dəfənin pulunu Nurandan götürə bilməmişdir. Belə ki, 13 iyul 2016-cı ildə verdiyi 50 700 ABŞ dolları, 1180 manatı və sonuncu dəfə 21 iyul 2016-cı il tarixdə verdiyi 49 100 ABŞ dolları, cəmi isə 99 800 ABŞ dolları və 1180 manat pulu Nuran ələ keçirmiş və ona qaytarmamışdır. 21 iyul 2016-cı il tarixdə sonuncu dəfə Nurana 49 100 ABŞ dolları verəndən bir neçə gün sonra Nigarın əri Cavad onun mobil nömrəsinə zəng edib bildirmişdir ki, Nuranın olduğu yer məlum deyil və gedərkən evdə əlyazma vərəqə yazaraq qoymuş, həmin vərəqədə onları aldatdığını, ona verdiyi 114 ədəd «İphone 6S» markalı mobil telefonların orijinal deyil, saxta olduqlarını yazmışdır. O, bir neçə telefonun qutusunu açıb baxdıqda, onların həqiqətən orijinal deyil saxta olduğunu aşkar etmiş, ona görə də Nigar və Nuran bacılarının ona qarşı törətdikləri dələduzluq barədə polisə şikayət etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 2015-ci ilin sonlarından tanıyır, onunla heç bir ədavəti olmamış, təxminən 2016-cı ili mart ayında Nigar söhbət əsnasında bacısı Təqsirləndirilən şəxs telefon ticarəti ilə məşğul olduğunu, lakin pulu az olduğu üçün işi genişləndirə bilmədiyini demişdir. Nigar bacısı Nuranın mobil nömrəsini ona verib özünün Nuranla ətraflı danışıb telefon alveri barədə məlumat almağını təklif etmişdir. O, Nuranla telefonla danışdıqda Nuran ona bu işə qoşulub yaxşı gəlir əldə etməyi təklif etmiş, Nuranın sözlərinə görə hər bir telefonun dəyəri 1000 ABŞ dolları olmuş, hər satılan telefondan 150 manat xeyir qalacaqmış. Həmin 150 manatın yarısı, yəni 75 manatı ona, ikinci yarısı isə Nurana çatmalıymış. Nuran ondan həmin işə qoymaq üçün ümumilikdə 55 500 ABŞ dolları və 900 AVRO pul almış, Nuran ona həmin pulldan 900 AVRO və 18 000 ABŞ dollarını hissə-hissə qaytarsa da, qalan 37 500 ABŞ dolları pulu hazırkı vaxta qədər qaytarmamışdır. Təqsirləndirilən şəxs həmin pulları ondan alarkən guya mobil telefon alqı-satqısı ilə məşğul olduğunu, pulları həmin işə sərf edəcəyini və hər 1000 ABŞ dollarına görə ona əlavə gəlir verəcəyini vəd etmişdir. Həmin gəliri ilk əvvəl 75 manat kimi müəyyən etsə də sonradan əlavə pulları alarkən gəliri 400 manata kimi qaldırmışdır. Lakin sonradan başa düşmüşdür ki, bütün bu vədləri Nuran onu aldatmaq üçün vermişdir. Pulları bəzi hallarda Nuranın özünə əlbəəl vermiş, çox vaxt isə Əhməd adlı taksi sürücüsünün vasitəsilə Nurana göndərmişdir. Təqsirləndirilən şəxs ondan pulu götürəndə demişdir ki, istədiyi vaxt pulları geri ala bilər, lakin bir müddət sonra o, pulu götürmək istəyəndə Nuran müxtəlif bəhanələr gətirmiş, gah pulu dövriyyədən çıxarmaq istəmədiyini, gah ucuz telefon tapıb yaxşı gəlir götürəcəklərini bəhanə etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid1 hadisədən əvvəl tanımamış, onu Emil vasitəsi ilə tanımışdır. Təxminən 2016-cı ilin iyun ayının əvvəlində Emildən eşitmişdir ki, o, Nigarın bacısı Təqsirləndirilən şəxs maraqlı və gəlirli telefon satışı biznesi ilə məşğuldur. Sonradan o, Emillə Nuranın biznesi ilə bağlı o, hər dəfə Qazax rayonuna gedəndə Nigarın bacısı Təqsirləndirilən şəxs bu işin çox gəlirli və risksiz olduğu barədə ona söhbət etmiş və bu işə qoşulmağı təklif etmişdir. O, bu işin içində olduğu üçün, yəni hər dəfə telefonların alınmasında, əsas məbləğin və gəlirin təhvil-təslimində iştirak etdiyi üçün bu işdən çoxlu pul qazanmaq fürsətinin olmasına inanmış və Nuranın təklifi ilə razılaşmışdır. Nuran onu əmin etmişdir ki, telefonlar problemsiz orijinal telefonlardır, Emilə də girov qismində verdiyi telefonların hamısı orijinal telefonlardır. Hər satılacaq telefona görə ona əlavə olaraq 80 manat gəlir verəcəkdir. Nuran onunla 5 partiya alqı-satqı etmiş, əvvəlki 3 partiyanın pulunu və əlavə gəlirini vermiş, son iki partiyanın yəni, 21.07.2016-cı il tarixdə və 29.07.2016-cı il tarixdə ondan aldığı pulları qaytarmamış, həmin pulların təminatı qismində ona verdiyi və orijinal kimi təqdim etdiyi 18 ədəd “İphone” markalı mobil telefonlar əslində saxta çıxmışdır. Nuran onu şirnikləndirib orijinal telefonların biznesi ilə məşğul olmağı barədə aldadaraq 14 600 ABŞ dolları pulunu ələ keçirmiş, sonradan məlum olmuşdur ki, həmin telefonlar saxtadır, orijinal deyil. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş zərər çəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bacısı Şahid1 təxminən 2004-cü ildən tanıyır. Təxminən 2016-cı ilin aprel ayında Nigar ona təklif etmişdir ki, bacısıNuran Gürcüstan Respublikasından «İphone» markalı telefonları alıb Bakı şəhərində «Azercell» şirkətinə satır, yaxşı gəlir əldə edir. Nigar ona təklif etmişdir ki, Nuranın həmin biznesinə sərmayə qoysa ona da yaxşı qazanc verəcəkdir. O, Nigara inanaraq bacısı Nuranın telefon ticarətinə qoşulmağa və bu məqsədlə pul yatırmağa razı olmuşdur. Bir neçə gündən sonra Nigar ona zəng vurub demişdir ki,ticarət dövriyyəsinə 50 000 ABŞ dolları pul qoyacağı təqdirdə 4 gündən sonra ona əsas məbləğdən başqa 5000 manat gəlir verəcəkdir. Qayda belə olmuşdur ki, hər 1000 ABŞ dollarına görə 100 manat gəlir olmalıdır. Təxminən 2016-cı ilin may ayının əvvəlində günorta saatlarında "xxxx" ASC-də işdə olan zaman o, Nigara 45 000 ABŞ dolları pul vermişdir. Danışdıqları kimi, hər 4 gündən bir Nigar ona 4500 manat gəlir verməli olmuş, 06 iyun 2016-cı ildə mənzil almağa hazırlaşdığı üçün Nigardan 45 000 ABŞ dollarını və ona düşən gəliri 01 iyun 2016-cı ildə ona qaytarmağı xahiş etmişdir. Əvvəllər işlərin nə yerdə olması barədə məlumatları Nigardan almışdır. Sonradan Nigar işinin çox olduğunu bəhanə edərək məlumatları Nurandan almağını xahiş etmişdir. O, mütəmadi olaraq Nuranla mobil telefon vasitəsi ilə əlaqə saxlamış və işlərin nə yerdə olduğu barədə ondan məlumat almışdır. Nuran pulların ona qaytarılmasını 04 iyun 2016-cı il tarixə keçirməyi təklif etmişdir. 04 iyun 2016-cı ildə təxminən səhər saatlarında o, Nigar və Təqsirləndirilən şəxs bacılarından pulunu tələb etməyə başlamışdır. 05 iyun 2016-cı il tarixdə təxminən səhər saatlarında Nuran Əhməd adlı şəxs ilə ona 45 000 ABŞ dollarını və 32 500 manatı göndərmişdir. Bundan sonra o, Nuranın mobil nömrəsinə zəng edərək Əhmədin pulu ona çatdırmasını demiş, telefon danışığı zamanı Nuran ondan yenidən bu işə qoşulmaq istəyinin olub-olmaması barədə soruşmuşdur. O, isə demişdir ki, həmin pullarla özünə ev aldıqdan sonra yenidən onun telefon biznesinə pul qoyaraq bu işə qoşular. O, 07 iyun 2016-cı il tarixdə yenidən bu işə qoşulmaq üçün təxminən səhər saatlarında Nurana sürücü Əhməd vasitəsi ilə 21.500 ABŞ dolları pul vermişdir. Bundan başqa, təxminən 2016-cı ilin iyun ayının 10-dan iyul ayının 24-nədək olan müddətdə müxtəlif vaxtlarda iş yerində və yaşadığı binanın qarşısında hissə-hissə olaraq bir neçə dəfəyə Nurana 75.600 ABŞ dolları vermişdir. Bununla da o, ümumilikdə Nurana 97.100 ABŞ dolları vermişdir. 24 iyul 2016-cı il tarixdə o, Nurana istifadəsində olan 050 513 33 31 nömrəli telefonundan mesaj göndərib soruşmuşdur ki, Nuranın ona nə qədər pul verəcəyi vardır. Nuran ona 055 292 65 57 nömrəli telefondan mesajla bildirmişdir ki, «20+6+3600+5=34 600 və 62 sənin köhnə partiyan, 35 100 yeni», yəni Nuranın ona 97.100 ABŞ dolları verəcəyi vardır. 28 iyul 2016-cı il tarixdə o, günorta saatlarında Nurana zəng vurub pulları istəmişdir. Lakin Nuran onun zənglərinə cavab verməmişdir. O, narahat olaraq Nigara demişdir ki, Nuran onun zənglərinə cavab vermir. Nigar ona demişdir ki, Nuranı maşın vurub o, gipsdədir. Sonradan bilmişdir ki, həqiqətdə heç Nuranı avtomobil vurmamış, sadəcə Nuran bahənə gətirərək vaxt udmaq istəmiş, bununla da pulu qaytarmaqdan yayınmışdır. Təxminən 2016-cı ilin oktyabr ayının 10-da Nigar iş yerinin qarşısında ona 30 000 ABŞ dolları pul qaytarmış, hal-hazırda Nigar və Nuran ona 67 100 ABŞ dolları pul qaytarmalıdır. Sonradan bilmişdir ki, Nigar və Nuran Emili və onun dostu Vüqarı da aldadaraq onların külli miqdarda pullarını ələ keçirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 ilə 2009-cu ildə evlənib bir neçə aydan sonra boşanmışlar. Ayrı-ayrı ünvanlarda yaşasalar da mütəmadi olaraq ünsiyyət saxlayırlar. Təxminən 2016-cı ilin iyul ayının 29-u günorta saatlarında o, Nigara zəng etsə də Nigar telefona cavab verməmiş, növbəti dəfə o, Nigara zəng edərkən Nigar ağlayaraq ona cavab verib özünü öldürəcəyini demişdir. O, birinci dəfə idi ki, Nigarı belə bir vəziyyətdə görmüşdür. Ağlamağının səbəbini soruşanda Nigar bacısı Nuranın onu aldadaraq məhv etdiyini, özünü öldürəcəyini demişdir. O, təcili olaraq Nigarın evinə getmiş, ora çatanda artıq Əhməd adlı taksi sürücüsü və İlqar adlı şəxslər Nigarın evində olmuşdur. Sonra İlqar ona Nigarın evində Nuranın yazıb qoyduğu əlyazmanı göstərmişdir. Əlyazmanın dəqiq mətni halhazırda yadında deyil, təxminən aşağıdakı sözlər yazılmışdır: “Məni bağışlayın, işlərin belə olmasını istəməzdim” Teymur adlı şəxsin onu aldadıb manat borcunun ABŞ dollarının yeni məzənnəsi ilə tələb etdiyini, Emildə olan telefonların saxta olduğunu, özünü öldürəcəyini və s. Həmin vaxt Nigarın vəziyyəti həqiqətən də çox pis olmuş, o, dayanmadan ağlayıb özünü öldürəcəyini demişdir. Ona görə o, Nigarı tək qoymamaq üçün onu anasının evinə Şağan qəsəbəsinə aparmışdır. Səhəri gün Nigarın xahişi ilə o, Emilə zəng vurub Nuranın itdiyini, özünü öldürmək istədiyini, onda olan telefonların saxta olduğunu demişdir. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, Nuran ona telefon işi ilə məşğul olması barədə demiş, amma harada kiminlə işləməyi barədə heç bir məlumatı olmamışdır, telefonları kimdən və haradan almağı barədə heçnə bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus ** OH *** qeydiyyat nişanlı “Saturn Astra” markalı avtomobil ilə sərnişin daşımaqla məşğuldur. Təqsirləndirilən şəxsı təxminən 2016-cı ilin əvvəlindən tanıyır, 2016-cı ilin mart ayından başlayaraq Nuran mütəmadi olaraq onun taksi xidmətlərindən istifadə etməyə başlamışdır. Bir neçə dəfə Nuranın tapşırığı ilə tanımadığı müxtəlif adamlara pul aparmışdır. 28 May küçəsində yerləşən telefon mağazasında Teymur adlı şəxsə bir neçə dəfə Nuranın tapşırığı ilə pul aparıb vermiş, pullar çox vaxt kağıza bükülü olmuş və o, pulları saymamışdır. Bir neçə dəfə Nuran Teymura pul verəndə Teymur ona bir neçə ədəd «İphone 6» markalı mobil telefon verərək Nurana çatdırmağını xahiş etmişdir. Bir neçə dəfə Nuranın tapşırığı ilə “Space” televiziya şirkətinin yaxınlığında yaşayan Həsən adlı şəxsə pul aparıb çatdırmışdır. Bəzən həmin şəxs onunla pul dəyişmə məntəqəsinə gedərək həmin pulları ABŞ dollarına dəyişib Nurana aparmağını xahiş etmiş, bundan başqa, Nuranın tapşırığı ilə bir neçə dəfə "xxxx"da işləyən Leyla adlı xanıma pul verib, pul almışdır. 2016-cı ilin iyun ayının əvvəlində Nuran ona zəng vurub xahiş etmişdir ki, Qazax rayonuna mobil telefon aparmaq lazımdır. Bu qayda ilə o, 3-4 dəfə Qazax rayonuna telefon aparmış, iki dəfəsində Qazax rayonuna çatanda gecə saat 2-3 radələrində Nuranla zəngləşib gömrük məntəqəsinə az qalmış yolun kənarında yeməkxananın yaxınlığında yolda görüşmüş, Nuran orada telefonları təhvil alıb sellofan bağlamalarda ona pul vermiş və həmin pulları Bakıya çatanda Leylaya, Teymura və Həsənə çatdırmağını xahiş etmişdir. Gecə ilə qayıdıb Bakıya gəlmişdir. Səhəri gün pulları Nuranın dediyi adamlara çatdırmışdır. Nuran hər dəfə Qazax rayonuna gedib gəldiyinə görə ona taksi xidməti göstərdiyi üçün 150 manat pul vermişdir. Nuran hər zaman pulları ona sellofana və ya kağıza bükülmüş formada verib onları Leylaya, eləcə də Həsənə çatdırmağını söyləmiş, ona maraqlı olmadığı üçün o, həmin pulların məbləği ilə maraqlanmamışdır. Belə hal bir neçə dəfə baş vermiş, eləcə də bir neçə dəfə Leyla və Həsənin verdiyi pulları aparıb Nurana çatdırmış, yenə də həmin pullar bağlı şəkildə olduğundan onların dəqiq məbləğini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2012-ci ildən ünvan 5 ünvanda yerləşən mobil telefon alqı-satqı mağazasını icarə əsasında işlədir. Təqsirləndirilən şəxs dəfələrlə müştəri qismində onun işlədiyi mobil telefon alqı-satqısı mağazasına gəlmiş, eləcə də onun qonşuluqda yerləşən digər mobil telefon alqı-satqısı mağazalarına da gəlib-getdiyini görmüşdür. Ola bilər ki, Təqsirləndirilən şəxs işlədiyi mağazadan nə vaxtsa mobil telefon almışdır, lakin o, bunu dəqiq xatırlamır. Ona görə də Nuranın onun işlədiyi mağazadan konkret olaraq hansı markalı mobil telefon aldığını dəqiq bilmir. İcarə əsasında işlətdiyi mağazada 2016-cı il tarixdə Çin istehsallı, qutusunun üzərində “İphone 6S” yazısı olan mobil telefon satışda olmuş, lakin artıq bir müddətdir ki, həmin telefonlar satılıb qurtarmışdır. Təqsirləndirilən şəxs həqiqətən də işlədiyi mağazadan həmin mobil telefondan almasını xatırlamır. Həmin mobil telefonları təxminən 2-3 il əvvəl səyyar olaraq mobil telefon alqı-satqısı ilə məşğul olan əslən Qazax rayonundan olan bir nəfər şəxs satırmış, o da mobil telefonları həmin şəxsdən almışdır. O, həmin telefonların orijinal “İphone 6S” olmadığını bilirmiş, çünki onların satış qiyməti orijinal telefonlarla nisbətdə çox ucuzdur, belə ki, orijinal “İphone 6S” markalı mobil telefonların qiyməti təxminən 1000 ABŞ dolları, orijinal olmayanların isə təxminən 100 ABŞ dollarıdır. Həmçinin xarici görünüşcə bir-birilərinə çox bənzəsələr də diqqət yetirdikdə onun orijinal olmadığını və Çin istehsallı olduğunu aydınlaşdırmaq mümkündür. Məhkəmədə ifadəsi elan edilərək tədqiqi edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri “Velotrek” ticarət mərkəzində “Azercell 1” adlı mobil telefon alqı-satqısı mağazasını icarə əsasında işlədir, şəxsiyyəti ona keçirilən istintaq hərəkəti zamanı dəqiq məlum olan Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki, tanıyır, onunla hər hansı bir şəxsi münasibəti və ya əlaqəsi olmamışdır, sadəcə olaraq Təqsirləndirilən şəxs dəfələrlə müştəri qismində onun işlədiyi mobil telefon alqısatqısı mağazasına gəlmiş, eləcə də Nuranın onunla qonşuluqda yerləşən digər mobil telefon alqı-satqısı mağazalarına da gəlib-getdiyini görmüşdür. O, Nuranı xarici əlamətlərindən, yəni kök bədən quruluşlu olmasına görə dəqiq xatırlamışdır. Təqsirləndirilən şəxs işlədiyi mağazadan əvvəllər bir neçə dəfə mobil telefon almış, lakin konkret olaraq hansı markalı mobil telefon aldığını xatırlamır. İcarə əsasında işlətdiyi mağazada əvvəllər Çin istehsallı, qutusunun üzərində “İphone 6S” yazısı olan mobil telefonlardan satışda olmuş, lakin artıq bir ildir həmin telefonlar satılıb qurtarmışdır. Həmin mobil telefonları təxminən 2 il əvvəl səyyar olaraq mobil telefon alqı-satqısı ilə məşğul olan müxtəlif tanımadığı şəxslərdən almış, onlar ayrı-ayrı şəxslər olmuş, onların adını və tam anket məlumatlarını dəqiq bilmir, öz əlaqə telefonlarını ona verməmişlər, çünki özləri bir neçə gündən bir mağazaya gəlib-getmişlər. Uzun müddət keçdiyi üçün həmin şəxslərin xarici görünüşlərini hal-hazırda xatırlamır. Həmin telefonların orijinal “İphone 6S” olmadığını bilmiş, çünki onların satış qiyməti orijinal telefonlarla nisbətdə çox ucuz, yəni təxminən 100 ABŞ dolları olmuşdur. Həmçinin xarici görünüşcə bir- birilərinə çox bənzəsələr də diqqət yetirdikdə onun orijinal olmadığını və Çin istehsallı olduğunu aydınlaşdırmaq mümkündür. Bunu həmin mobil telefonu mağazadan alan hər bir şəxs bilmiş, çünki satmazdan əvvəl özü də alan şəxslərə izah etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, doğma bacısı Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxın «İphone» markalı mobil telefonların ticarəti ilə məşğul olmuş, Nuranın deməsinə görə özü Dubay şəhərindən kimlərinsə göndərdiyi mobil telefonları Azərbaycanda bir neçə dükanlara topdan və pərakəndə satmaqla pul qazanmışdır. O, özü də şəxsən bacısı Nurana müxtəlif vaxtlarda müxtəlif məbləğlərlə 1500 manat bir, 5000 ABŞ dolları bir, 9000 ABŞ dolları bir, 3000 manat bir və digər kiçik məbləğlərlə pul verib onun bu telefon alveri işindən bir neçə dəfə qazanc götürmüşdür. Həmin işlə Nuran özü məşğul olmuş, o, Nuranın konkret olaraq mobil telefonları haradan almasını və kimə satmasını izləməmiş, çünki bacısına inanmışdır. Təxminən o, ilk dəfə bacısı Nurana telefon alveri ilə məşğul olmaq üçün 2014-cü ildə pul vermiş, hətta Unibankdan anasının adına 15 000 manat kredit götürüb Nurana telefon alverini genişləndirmək üçün pul vermişdir. Bacısı Nuran ona bir neçə dəfə bildirmişdir ki, dost tanışla maraqlansın, əgər istəyən olsa onun bu ticarət işinə pul qoyub qoşulsun, özü həmin şəxsə müəyyən faizdə qazanc verəcəkdir. O, da bu barədə rəfiqələrindən Zərərçəkmiş şəxs2 və dostu Zərərçəkmiş şəxs1 demişdir. Zərərçəkmiş şəxs2 təxminən 2004-cü ildən, "xxxx" sığorta şirkətinin Unibank ASC-də nümayəndəsi işləyən zaman tanımış və aralarında yaxın rəfiqəlik münasibəti yaranmışdır. Rəfiqə kimi söhbət edərkən Leylanı əri ilə ev almaq üçün uzun müddət pul yığdıqlarını bilmişdir. O, Zərərçəkmiş şəxs2 2-3 dəfə borca pul alıb vaxtında qaytarmışdır. Növbəti dəfə aldığı borc pulu Leylaya qaytaranda ona borc alandan sonra aldığı pulu Nuranın telefon işinə qoyub gəlir əldə etdiyini bildirmiş və Leylaya da bu işə qoşulmağı təklif etmiş, Nurana inandığına görə Leylaya işin tam şəffaf və gəlirli olduğunu demiş, şərtlərini izah etmişdir. Nuranın dediyinə görə hər bir telefonun dəyəri 1 000 ABŞ dolları olmuş, hər telefondan 100 manat gəlir olmalı imiş, gəlirlər 3-4 gündən bir hesablanacaqmış. Leyla da bu şərtlərə razı olduğundan birinci dəfə təxminən 45 000 ABŞ dollarına yaxın pul vermiş, Leyla qoyduğu 45 000 ABŞ dollarını və 32 500 manat gəlirləri götürəndən sonra onun ikinci dəfə pul verməsindən xəbəri olmamışdır. Təxminən 2016-cı ilin iyul ayının əvvəlində Leyla ikinci dəfə yenidən Nurana telefon alveri üçün pul verdiyini ona bildirmiş, o, Leylaya Nuranın ondan pul almasından xəbərinin olmadığını demişdir. Nuran evdən qaçıb gedəndən sonra Emil və Leyla pullarını tələb etməyə başlamışlar. Leyla demişdir ki, Nuran ona təxminən 90 000 ABŞ dolları pul verməlidir. O, atalığı Arifin Nurandan öyrənib ona dediyi və Nuranın özünün verdiyi məlumatlara əsasən, Leyladan alınan və verilən pulların hesabatını yazmış, həmin əlyazmanı sonradan Leylaya təqdim etmişdir. Əlyazmaya əsasən Leyladan alınan pullar 56 500 ABŞ dolları təşkil etmişdir. Bacısı Nuranın əməllərindən utandığından, eləcə də rəfiqəsi Leylanın yanında pis vəziyyətə düşdüyündən özü sonradan aldığı sığorta pulundan Leylaya 30 000 ABŞ dolları pul vermişdir. Həmin əlyazmaya əsasən Nuran Leylaya daha 26 500 ABŞ dolları verməlidir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs1 orta məktəb vaxtlarından tanıyır. Aralarında hər zaman yaxın dostluq-yoldaşlıq münasibətləri olmuşdur. Ədavət və düşmənçilikləri olmamışdır. Emil həmçinin onun həmkarı olmuş, uzun illər "xxxx" da birgə işləmişlər. 2016-cı ilin iyun ayının əvvəllərində o, iş yoldaşı Zərərçəkmiş şəxs1 aralarındakı söhbət əsnasında təklif edib bildirmişdir ki, əgər istəyirsə o da bacısı Nuranın telefon biznesinə pul vəsaiti qoyub qazanc əldə edə bilər. Emil də razılaşıb maraqlanmağa başlamış, bu barədə telefonla da danışmış, aralarında “Votsap” yazışması da olmuşdur. O, Emilə bu iş barədə danışanda ondan tanışlarına və telefon alveri ilə məşğul olan adamlara məlumat verməməyi tapşırmış və işin detalları barədə Nuranla özünün ətraflı danışmasını demişdir. Bunu ondan Nuran xahiş etmişdir və bunun kommersiya sirri olduğunu demişdir. O, həmçinin Zərərçəkmiş şəxs1 bu işə özünün də pul qoyduğunu, guya dayısının da bu işdə iştirak etdiyini demişdir. Bu işə qoşulan Leylanın adını çəkməmək üçün Emilə yalandan demişdir ki, dayısı da bu işdə iştrak etmişdir, çünki Leyla və Emil bir-birilərini tanıdıqlarından, eləcə də Leyla onun həmin işə qoşulması barədə heç kimə məlumat verməməyini xahiş etdiyindən, Emilə onun barəsində məlumat verməmişdir. Həmin ərəfədə o, Emili yaşadığı evin yaxınlığında bacısı Nuranla görüşdürmüş, belə ki, o, və bacısı Emilin idarə etdiyi maşına əyləşmişlər, avtomobilin içərisində Nuran Emillə telefon alqı-satqısı barədə ətraflı danışmışdır. Nuran bildirmişdir ki, həmin telefonlar «İphone 6S» markalıdır, hər birinin dəyəri 1000 ABŞ dollarıdır. Hər dəfə 50 ədəd telefon alıb satır, ona görə də, telefon alqı-satqısına qoşulmaq üçün 50 000 ABŞ dolları pul lazımdır. Nuran Emilə demişdir ki, 50 000 ABŞ dolları vəsait verdiyi halda hər bir mobil telefonun satışından ona 80 manat qazanc verəcək, Emil də razılaşmışdır. Nuran bildirmişdir ki, həmin mobil telefonlar sərhəd rayonundadır, oradan gətirib Bakıda mağazaya satıldıqdan sonra əldə olunmuş puldan Emilə qazanc verəcəkdir, bunun üçün malı gedib rayondan Bakıya gətirmək lazımdır. Emil isə ona demişdir ki, təki qazanc olsun lazım gəlsə 100 000 ABŞ dolları pul verə bilər, lakin verəcəyi pulun təminatı olaraq həmin məbləğdə həmin dəyərdə mobil telefonları özündə girov kimi saxlamaq istəyir. Həmçinin demişdir ki, bir şərtlə pul verir ki, öz adamı da Nuranla birlikdə gedib malın Bakıya gətirilməsində iştirak edəcək. Nuran da buna etiraz etməmişdir. Bundan sonra, bacısı Nuranın eləcə də Emilin ona deməsinə görə bilmişdir ki, Emil həmin telefonların sərhəd rayonundan – Qazaxdan – kimdənsə götürülüb Bakıya gətirilməsi üçün öz dostu Vüqara 50 000 ABŞ dolları pul verib onu Nuranla rayona yola salmış və Qazaxda Vüqar həmin pul məbləğini Nurana vermiş, Nuran da həmin pulu bir nəfər şəxsə verərək mobil telefonları götürüb Vüqarla birlikdə Bakıya gətirdikdən sonra Emilə təhvil vermişdir. Bu barədə ona Nuran özü də bildirmişdir. Bir müddət sonra Nuranın ona deməsinə görə bilmişdir ki, Emil ikinci dəfə telefon ticarətinə qoşulmaq üçün əlavə 50 000 ABŞ dolları pul vermiş, eyni qaydada həmin pulu dostu Vüqara verərək malı Bakıya gətirmək üçün onu Nuranla Qazax rayonuna yola salmış və mobil telefonları onlar Bakıya gətirib Emilə təhvil vermişlər. Bundan sonra Nuran bildirmişdir ki, əlavə mal almaq üçün artıq Bakıdan Qazaxa getməyə ehtiyac yoxdur, belə ki, malı sərhədə gətirən adamlar özləri onu Bakıya gətirirlər. X6 arasında olan məsələlərə o, qarışmamış, sadəcə bu barədə Nuran özü ona ara-sıra məlumat vermişdir. Daha sonra bacısı Nuran bir-iki dəfə onun evinə sellofan bağlamalarda mobil telefonlar qoymuşdur. Emilin dostu Vüqar da Emilin tapşırığı ilə həmin malları gəlib onun evindən götürərək Emilə aparmışdır. O, bacısının normal biznes fəaliyyəti ilə məşğul olduğuna inandığı üçün həmin sellofan torbalardakı mobil telefonların orijinal olub-olmamasına ümumiyyətlə diqqət yetirməmişdir. 29 iyul 2016-cı il tarixdə günorta saatlarında o, işdə olarkən bacısı Nurana zəng etdikdə artıq Nuranın mobil telefonuna zəng çatmamışdır. İş saatından sonra o, evə gəldikdə bacısı evdə olmamışdır. Nuranı heç yerdə tapa bilməmişlər, onu tanıyan şəxslərlə maraqlansa da harada olduğunu bilən olmamışdır. O, bacısı Nuranı tanıyan, adını xatırlamadığı taksi sürücüsünə zəng etdikdə həmin şəxs ona bildirmişdir ki, özü həmçinin İlqar adlı şəxs də Nuranı axtarır. O, aydınlıq gətirmək üçün həmin şəxslərlə görüşdükdə İlqar ona bildirmişdir ki, Nuran bir gün əvvəl ondan 8000 ABŞ dolları borc pul götürmüşdür. Özü və ailə üzvləri Nuranın olduğu yeri öyrənə bilməmişlər. Lakin həmin gün o, yaşadığı evdən bacısı Nuranın yazıb qoyduğu əlyazmanı tapmış, həmin əlyazmada Nuran «məni bağışlayın. Mən belə olmasını istəməzdim. Mən oyuna gəldim, Teymur məni yüklədi, manat borcu dollara çevirib, Emildəki mobil telefonlar Çin istehsalı olan telefonlardır, onlarıda almışdım ki, Emil mənə inansın» və sair bu kimi sözlər yazılmışdı. O, artıq Nuranın dələduzluq etdiyini başa düşmüş, əvvəlcə Nuranın özünü axtarmışdır ki, ortaya çıxıb bu problemi həll etsin, lakin tapa bilməmişdir. Ona görə də Cavaddan xahiş etmişdir ki, mobil telefonların orijinal olmaması barədə Emilə məlumat versin, Cavad da öz növbəsində Emilə zəng edib bu barədə məlumat vermişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs4 bir neçə dəfə onun evinə gəlib-getmişdir. Vüqar onun evində olan telefonları götürmüş və ya təhvil vermiş, lakin bu proseslərdə o, özü iştirak etməmiş, pulları və telefonları yalnız Nuran özü Vüqarla təhvil-təslim etmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı, zərər çəkmiş şəxslər ifadələrində göstərdikləri xüsusatlarıonun üzünə qarşı demişlərr. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 dekabr 2016-cı il tarixli 28578/28579/28642 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 114(yüz on dörd) ədəd “İphone S A1688” yazıları olan həssas təzyiqlə(sensorlu) çalışan smartfonlar kontrafakt məhsullara aiddirlər. Tədqiqata təqdim edilmiş 114(yüz on dörd) ədəd “İphone S A1688” yazıları olan həssas təzyiqlə(sensorlu) çalışan smartfonlar hal-hazırda istifadəyə yaralıdırlar. Respublika ərazisində kontrafakt məhsulların satışı qadağan olduğu üçün tədqiqata təqdim edilmiş 114 ədəd “İphone S A1688” yazıları olan həssas təzyiqlə (sensorlu) çalışan smartfonlar üzrə qiymətləndirmə aparılmadı. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş kompleks-məhkəmə əmtəəşünaslıq, məhkəmə kompüter-texniki və kontrafakt məhsulların məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki: a, b, c) tədqiqata təqdim edilmiş 13 ədəd həssas təzyiqlə (sensorlu) çalışan smartfonlar «iPhone» markalı «A1688» modelli olmaqla hal-hazırda istifadəyə yararlıdırlar və həmin modelin texniki xarakteristikasına uyğun deyildirlər. Tədqiqata təqdim edilmiş 1 ədəd həssas təzyiqlə (sensorlu) çalışan smartfon «iPhone» markalı «A1700» modelli olmaqla hal-hazırda istifadəyə yararlıdırlar və həmin modelin texniki xarakteristikasına uyğun deyildir. Tədqiqata təqdim edilmiş 1 ədəd həssas təzyiqlə (sensorlu) çalışan smartfon «iPhone» markalı «A1633» modelli olmaqla hal-hazırda istifadəyə yararlıdır və həmin modelin texniki xarakteristikasına uyğun deyildir. Tədqiqata təqdim edilmiş 2 ədəd həssas təzyiqlə (sensorlu) çalışan smartfonlar «iPhone» markalı «A1688» modelli olmaqla hal-hazırda işlək vəziyyətdə olmayaraq istifadəyə yararlı deyildirlər. Tədqiqata təqdim edilmiş 1 ədəd həssas təzyiqlə (sensorlu) çalışan smartfon «iPhone» markalı «A1700» modelli olmaqla hal-hazırda işlək vəziyyətdə olmayaraq istifadəyə yararlı deyildir. ç, d) Ekspertiza tədqiqata təqdim edilmiş mobil telefon aparatlarının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2016-cı ilin iyul ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 1. Tədqiqata təqdim edilmiş ekspert tərəfindən şərti olaraq 1 və 2 rəqəmləri ilə nömrələnmiş 2 ədəd «iPhone 6S» markalı «A1688» modelli və ekspert tərəfindən şərti olaraq 1 rəqəmi ilə nömrələnmiş 1 ədəd «iPhone 6S» markalı «A1700» modelli həssas təzyiqlə (sensorlu) çalışan smartfonlar hal-hazırda işlək vəziyyətdə olmayaraq istifadəyə yararsız olduğu üçün qiymətsizdir; 2. Tədqiqata təqdim edilmiş ümumilikdə 15 ədəd «iPhone 6S» markalı (13 ədəd «A1688» modelli, 1 ədəd «A1700» modelli, 1 ədəd «A1633» modelli) mobil telefon - 1500,00 (15x100) manat. 3. Tədqiqata təqdim edilmiş 18 ədəd «iPhone 6S» markalı mobil telefonlar üzərində olan markalanma göstəricisinə əsasən Çində istehsal edilmişdir. e) Tədqiqata təqdim edilmiş 15 ədəd «iPhone» markalı «A1688» modelli, 2 ədəd «iPhone» markalı «A1700» modelli və 1 ədəd «iPhone» markalı «A1633» modelli həssas təzyiqlə (sensorlu) çalışan smartfonlar kontrafakt məhsullardır. Cinayət işinin materiallarına əlavə edilmiş Nəsimi RPİ-nin dəftərxanasında saxlanılan HK-1/264/16 saylı rədd materialında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış əlyazma vərəqinə baxış protokolundan görünür ki, həmin əlyazmaya «Mən bilirəm siz məni heç vaxt bağışlamayacaqsız. Mən belə iş görmüşəm ki, heç vaxt haqq qazandırmıram, mən qorxdum vaxtında deə bilmədim hər şeyi bu həddə çatdırdım. Qızların pullarını da artıqlaması ilə xeyrlərini vermişəm 50 veriblər 100 000 götürüblər. Məni bağışlayın mən öddürürəm özümü çünki bilirəm axırı türmədir, bizim o boyda pulumuz yoxdur ki, verək hamıya. İstiyirdim mənimlə fəxr edəsiz, pul qazanım hamıda yaşasın. Belə hamıya atmış oldum. Birisinin puluylu o biri pulu pokrıt eladim. Teymur var ondan telləri götürdüm düşdüm onun zibilinə. Baxa götürüb ucuz satdım. Dollarla yüklədi hamısı şişdi, özüdə bilirdi ki, satıram yenədə verirdi. O telefonlar evdəkilər, emildəkilər kitayskidir gedib aldım ki inansınlar alverlə məşqulam. Umolayu polisə vermiyin, mən onsuzda yaşamaq fikrində deyiləm özümə qəsd edirəm mama mənim hər şeyimdi ona heç doymadım bağışlayın məni. Mənim kimisinə it kimi ölmək yaraşır. Yoxumdu dirəndi hər şey özlərindən götürdiyimi xeyir kimi özlərinə qaytarmışdım, birdə Teymura. Mənim meyidimidə yaginki tapılmaz, çünki elə ölüm seçdim» sözləri qələmlə yazılmışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərlə olan əlaqəsini və işin digər hallarını müəyyən etmək məqsədi ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 01.05.2016-cı ildən 01.09.2016-cı il tarixə kimi daxil olan və çıxan zənglər və smslərin məzmunu Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş və həmin məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi arasında ilk telefon əlaqəsi 04.05.2016-cı ildə, sonuncu telefon əlaqəsi isə 28.07.2016-cı ildə olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında qeyd olunan tarixdə ümumilikdə 249 dəfə telefon əlaqəsi olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***- **-** mobil nömrəsi arasında ilk əlaqə 04.06.2016-cı ildə sonuncu telefon əlaqəsi isə 25.07.2016-cı ildə olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında qeyd olunan tarixdə ümumilikdə 218 dəfə telefon əlaqəsi olmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında ilk əlaqə 04.06.2016-cı ildə sonuncu telefon əlaqəsi isə 28.07.2016-cı ildə olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında qeyd olunan tarixdə ümumilikdə 197 dəfə telefon əlaqəsi olmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında ilk əlaqə 01.05.2016-cı ildə sonuncu telefon əlaqəsi isə 22.07.2016-cı ildə olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında qeyd olunan tarixdə ümumilikdə 140 dəfə telefon əlaqəsi olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 qarşı törətdiyi dələduzluq cinayətlərində özünü qismən təqsirli bildiyini, zərərçəkmiş şəxs X2 və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq cinayəti törətmədiyini bildirsə də, onun göstərdiyi həmin xüsusatlar yuxarıda sadalanan zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi və işin digər faktiki halları ilə tam təkzib edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən, zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün onun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında əsas cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət işi materillarında olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə ibtidai istintaq zamanı 19 aprel 2017-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işi üzrə 03 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİnin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin MSY-yə təhvil verilmişdir. 04 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. 11 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs məhkəmədən yayındığına görə 07.06.2018-ci il tarixli qərar ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmişdir. 12.08.2021-ci il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs Yasamal RPİ-nini əməkdaşları tərəfindən həbs edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğundan, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 12.08.2021-ci il tarixdən hesablanmalı və hazırki iş üzrə həbsdə olduğu 1 (bir) gün müddət ona təyin olunacaq cəzanın müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, həmçinin Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia ərizəsi və dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edərək məhkəmədən, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 25.194,12 (iyirmi beş min yüz doxsan dörd manat on iki qəpik) manat; Zərərçəkmiş şəxs1 157.066,06 (yüz əlli yeddi min altmış altı manat; Zərərçəkmiş şəxs3 37.500 (otuz yeddi min beç yüz) manat; Zərərçəkmiş şəxs2 nümayəndəsi Zülyüqar Hüseynov isə təqsirləndirilən şəxs eyni zamanda mülki cavabdeh Nuran Səməndərovdan 67100 ABŞ dolları (114.070) vurduğu maddi zərər, 10.000 manat mənəvi zərər, ödənilmiş dövlət rüsumu 30 manat olmaqla ümumilikdə 124.100 manat məbləğində pulun tutularaq müvafiq olaraq hər birinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsindəə göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Həmin Məcəllənin maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin məhkəmənin hökmündə mülki iddianın həllindən bəhs edən 354-cü maddəsində göstərilir ki, «məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir:- iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması». Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin (mülki iddiaçılar) cavabdeh Təqsirləndirilən şəxs qarşı verdikləri- Zərərçəkmiş şəxs4 25.194,12 (iyirmi beş min yüz doxsan dörd manat on iki qəpik) manat; Zərərçəkmiş şəxs1 157.066,06 (yüz əlli yeddi min altmış altı manat; Zərərçəkmiş şəxs3 37.500 (otuz yeddi min beş yüz) manat; həmçinin Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə1 67.100 ABŞ dolları (114.070) vurduğu maddi zərər, 10.000 manat mənəvi zərər, ödənilmiş dövlət rüsumu 30 manat olmaqla ümumilikdə 124.100 manat məbləğində mülki iddialar baxılmamış saxlanılmalı və zərərşəkmiş şəxslərin (mülki iddiaçılar) hər birinə Azərbaycan Respublikası CPM-nin məzmunu yuxarıda göstərilən 180.3-cü maddəsində nəzərdə tutulan hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan 114 (yüz on dörd) ədəd “İphone S A1688” yazıları olan həssas təzyiqlə (sensorlu) çalışan, kontrafakt məhsullara aid smartfonlar Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalı; 15 ədəd “iPhone 6S” markalı “A1688” modelli, 2 ədəd “iPhone 6S” markalı “A1700” modelli, 1 ədəd “iPhone 6S” markalı “A1633” modelli, kontrafakt məhsullara aid həssas təzyiqlə (sensorlu) çalışan smartfonlar (istifadəyə yararlı olsalar da, həmin modellərin texniki xarakteristikasına uyğun olmadıqlarından) məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 441,4 (dörd yüz qırx bir manat qırx qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN: **********) ödənilməlidir. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 03 sayli Vəkil Bürosunun vəkili X3 hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 03 sayli Vəkil Bürosunun nəfinə 100 (yüz) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07(yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazırki iş üzrə həbsdə olduğu 1 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, həmçinin Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılsın və onların hər birinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan 114 (yüz on dörd) ədəd “İphone S A1688” yazıları olan həssas təzyiqlə (sensorlu) çalışan, kontrafakt məhsullara aid smartfonlar Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın; 15 ədəd “iPhone 6S” markalı “A1688” modelli, 2 ədəd “iPhone 6S” markalı “A1700” modelli, 1 ədəd “iPhone 6S” markalı “A1633” modelli, kontrafakt məhsullara aid həssas təzyiqlə (sensorlu) çalışan smartfonlar məhv edilsin. Cinayət işi üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 441,4 (dörd yüz qırx bir manat qırx qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN: **********) ödənilsin. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 03 sayli Vəkil Bürosunun vəkili X3 hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 03 sayli Vəkil Bürosunun nəfinə 100 (yüz) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar