Məhkəmə qərarları › İş №1(101)-532/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-532/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-532/2022 14.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı4, Təqsirləndirilən şəxs, müdafiəçilər - "PRO BONO" Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və "FEMİDA" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 19 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 iyun 2021-ci il tarixdə həbsdən azad edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 17 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan qəsəbəsində şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşından onlayn qaydada heroinin hər qramına 22 manat və metamfetaminin hər qramına 45 manat ödəmək şərti ilə, ümumi təmiz çəkisi 2044,734 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 11,143 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, həmin narkotik maddələrdən 7,616 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,191 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qardaşı X14, 0,227 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qardaşı X15 və 0,235 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini X9 vermiş və 19 iyun 2021-ci il tarixdə, saat 14:00 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ cibindən 9 ədəd bükümdə, ümumi təmiz çəkisi 2,225 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,290 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin əməliyyat-axtarış tərbirlərinin davamı olaraq 19 iyun 2021-ci il tarixdə, saat 16:30-dan 17:00-dək olan müddət ərzində Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində baxış həyata keçirilən zaman həmin evin qonaq otağında masanın üzərindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə, X4 götürülmüş heroinlə, X10 götürülmüş heroinlə və X11 götürülmüş heroinlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan, 1 ədəd bükümdə təmiz çəkisi 2005 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 14 ədəd bükümdə ümumi təmiz çəkisi 29,269 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Ehtibar Bədəlovun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə, X10 götürülmüş metamfetaminlə və X2 götürülmüş metamfetaminlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan 13 ədəd bükümdə ümumi təmiz çəkisi 8,662 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 7 ədəd 2 ml-lik şpristlərin içərisində ümumi həcmi 1,63 ml qəhvəyi rəngli qatılaşmış maye kustar üsulla hazırlanmış heroin məhlulu (həmin məhlulda heroinin ümumi təmiz çəkisi 0,162 qram təşkil edir) və 4 ədəd üzərində heroinin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, heroini inyeksiya yolu ilə qəbul edir. O, evdə saxlanılaraq polis bölməsinə aparılmış və evdə ona məxsus heroin aşkar edilmişdir. İttihamda olan narkotik və psixotrop maddələrin hamısı ona məxsus olmuş, lakin onun narkotik vasitələri satmaq niyyəti olmamışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, narkotik vasitə olan heroindən istifadə etdiyini, narkotik vasitəni Hövsan qəsəbəsində Abuzər adlı şəxsdən aldığını, onun evdə tutularaq polis bölməsinə aparıldığını, həmin vaxt evdə anasının və ailəsinin evdə olduğunu, axır vaxtlar iynə vuraraq narkotik vasitədən istifadə etdiyini, narkotik vasitələrdən 2 ilə yaxındır ki, istifadə etdiyini, evdən aşkar olunan heroinin ona məxsus olduğunu, polis əməkdaşlarının narkotik vasitəni özlərinin çıxardıqlarını, bölmədə təzyiqlərə məruz qaldığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrin aludəçisi olduğu üçün təxminən 5 (beş) ildir ki, heroin kimi tanıdığı narkotik maddədən inyeksiya yolu ilə istifadə edir. Həmin narkotik maddələri onlayn vasitəsi ilə tanımadığı İran vətəndaşından öz şəxsi istifadəsi və satmaq üçün almışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə onlayn vasitəsi ilə narkotik vasitələr sifariş etmişdir. Daha sonra ona mesaj gəlmiş və o, həmin narkotik maddələri Xırdalan qəsəbəsində yerləşən tanımadığı yerdə köhnə avtobusun içərisində olan ağ sellefon torbaya qoyulmuş narkotik vasitələri götürərək evə gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, ev 3 ünvanının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu yaxınlıqda olan PŞ-nə gətirərək təhvil vermişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində yəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 9 ədəd siqaretin kağızından ibarət bükümləri və bir ədəd şəffaf sellofanda ümumilikdə 10 ədəd büküm təqdim edərək həmin bükümlərin içərisində heroin və metamfetamin kimi tanıdığı narkotik maddələr olduğunu bildirmişdir. Sorğu zaman bu narkotik vasitələri xx.xx.2021-ci il tarixdə adım bilmədiyi onlayn şəklində tanımadığı şəxsdən heroinin 1 qramı 22 manata, metamfetaminin 1 qramı isə 45 manata, heroinin bir bülkümü 5-10 manat arasında, metamfetaminin bir bükümü isə 10 manata pul ödəyərək öz şəxsi istifadəsi və digər şəxslərə satmaq məqsədilə aldığını, bir qismini istifadə etdiyini, qalan bir qismini tanımadığı şəxslərə satmış, bir qismini isə qardaşı Sahib Babayevə verdiyini, qalıq hissəsini isə üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra təqdim edilmiş bükümlər açıldıqda heroin kimi tanıdığı narkotik maddələr aşkar edilmişdir. Sorğu zamanı 9 ədəd bükümdə heroin və bir ədəd şəffaf sellofanda büküm metamfetamin kimi tanıdığı narkotik vasitələr olduğunu bildirmişdir. Ondan aşkar edilmiş narkotik vasitələr olan ümumi 10 ədəd bükümlər polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra o, ərizə verdikdən sonra onun yaşadığı ünvan 5 ünvanına baxış keçirilmişdir. Baxış zamanı evin giriş hissəsində olan qonaq otağında olan masanın üzərindən yeddi ədəd tibbi iynələri göstərmiş və həmin iynələrin içərisində narkotik vasitələrin olmasını bildirmişdir. Bundan sonra 4 ədəd elektron tərəzi, 23 ədəd siqaretin kağızlarına bükülmüş narkotik maddə, 4 ədəd şəffaf politelin sellofana bükülmüş və 1 ədəd rəngli sellofana bükülmüş narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin bükümlər zərfə qoyulub qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və o və bütün iştirakçılar tərəfindən imza olunmuşdur. Üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş həmin narkotik maddələri xx.xx.2021-ci il tarixdə adını bilmədiyi onlayn şəklində tanımadığı şəxsdən heroinin 1 qramı 22 manata, metamfetaminin 1 qramı isə 45 manata, heroinin bir bülkümü 5-10 manat arasında, metamfetaminin bir bükümü isə 10 manata pul ödəyərək almışdır. Saxlanılarkən və ya üzərində şəxsi axtarış zamanı və eləcə də, yaşadığı evdə axtarış zamanı ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır (cild 1, iş vərəqi 20-22). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs protokollardakı imzaların ona məxsus olduğunu, istintaqdakı ifadələri təsdiq etdiyini, lakin narkotik vasitələri satmaq niyyətində olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 19 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Onunla birlikdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 14 radələrində Hövsan qəsəbəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Ehtibar Bədəlov əynində olan göy rəngli cins şalvarının sağ cibindən 9 ədəd siqaret kağızında olan bükümləri və 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Ehtibar Bədəlov bildirmişdir ki, həmin bükümlərin içərisində heroin və metamfetamin kimi tanıdığı narkotik maddələr vardır və həmin bükümlər onun özünə məxsusdur, həmin narkotik maddələri 17 iyun 2021-ci il tarixdə tanımadığı və adını bilmədiyi şəxsdən zaklatka yolu ilə heroinin bir qramını 22 manata, metamfetaminin 1 qramını 45 manata, heroinin bir bükümünü 5-10 manat arası, metamfetaminin bir bükümünü isə 10 manata öz şəxsi istifadəsi və satmaq üçün əldə etmiş, həmin narkotik maddələrin bir qismini özü istifadə etmiş, digər qismini qardaşı Sahib Babayevə satması üçün vermiş,q alanını isə üzərində saxlamışdır. Bundan sonra aşkar edilmiş həmin bükümlər götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra həmin əməliyyat tədbirlərinin davamı olaraq Ehtibar Bədəlovun yaşadığı evində axtarış aparılması barədə icazə alınmış və Ehtibar Bədəlov etirazı olmadığını bildirərək bu barədə ərizə yazdıqdan sonra onun və müdafiəçisinin iştirakı ilə yaşadığı ünvana baxış aparılmışdır. Mənzilə baxış zamanı həmin evin qonaq otağında olan masanın üzərindən 7 ədəd tibbi iynə, 4 ədəd elektron tərəzi və 23 ədəd siqaret kağızlarına bükülmüş maddə, 4 ədəd şəffaf sellofan büküm və 1 ədəd rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Ehtibar Bədəlov həmin bükümlərin içərisində heroin və metamfetamin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin narkotik maddələri 17 iyun 2021-ci il tarixdə satış məqsədilə adını bilmədiyi şəxsdən onlayn qaydada heroinin 1 qramını 22 manata, metamfetaminin 1 qramını 45 manata, heroinin bir bükümünə 5-10 manat arası, metamfetaminin bir bükümünə isə 10 manat pul ödəyərək alıb əldə edərək yaşadığı evində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı mənzildən qanunsuz hər hansı bir əşya və ya predmet, eləcə də, hər hansı bir narkotik vasitə və yaxud psixotrop maddəyə bənzər büküm və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə ünvan 2 ünvanın yaxınlığında saxlanılıb Suraxanı RPİ 30-cu polis şöbəsinə gətirilərək şəxsi axtarışının aparılmasında və narkotik vasitələrin götürülməsində, həmçinin həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baış keçirilməsində və narkotik vasitələrin götütürlməsində əməliyyat qrupunun tərkibində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ cibindən 9 ədəd siqaret kağızında olan bükümlər və 1 ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüş, istintaq hərəkəti zamanı müvafiq videoçəkiliş aparılmış və bununla bağlı disk iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 31-32). İş materiallarında olan 19 iyun 2021-ci il tarixli mənzilə baxış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, bu zaman həmin mənzilin qonaq otağında olan masanın üzərindən 7 ədəd tibbi iynə, 4 ədəd elektron tərəzi və 23 ədəd siqaret kağızlarına bükülmüş maddə, 4 ədəd şəffaf sellofan büküm və 1 ədəd rəngli sellofan büküm aşkar edilərək aşkar edilərək götürülmüşdür. İstintaq hərəkəti zamanı müvafiq videoçəkiliş aparılmış və bununla bağlı disk iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 37-38). Cinayət işində olan 02 avqust 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünü çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzıərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Ehtibar Bədəlovun əynində olan göy rəngli cins şalvarın sağ cibindən 9 ədəd siqaret kağızma bükülmüş bükümləri və 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Ehtibar Bədəlovun həmin bükümlərin içərisində heroin və metamfetamin kimi tanıdığı narkotik maddə olduğunu və həmin bükümün onun özünə məxsus olmasını, həmin narkotik maddələri həm öz istifadəsi, həm də satış məqsədilə 17 iyun 2021-ci il tarixdə satış məqsədilə adını bilmədiyi şəxsdən onlayn qaydada heroinin 1 qramını 22 manata, metamfetaminin 1 qramını 45 manata, heroinin bir bükümünə 5-10 manat arası, metamfetaminin bir bükümünə isə 10 manat pul ödəyərək alıb əldə edərək üzərində saxladığını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Ehtibar Bədəlovun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 116). İş materiallarına əlavə edilmiş 02 avqust 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən mənzildə axtarış keçirilən zaman çəkilmiş videogörüntünü çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə polis əməkdaşları tərəfindən axtarış keçirilməsi, axtarış zamanı həmin mənzildə qonaq otağında masanın üzərindən 7 ədəd tibbi şpris, 4 ədəd elektron tərəzi, 23 ədəd siqaret kağızlarına bükülmüş bükümlər, 4 ədəd şəfaff sellofan bükümdə olan bükümlər və 1 ədəd rəngli sellofana bükülmüş büküm aşkar edilərək götürülməsi, ondan həmin bükümlərin və sprislərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Ehtibar Bədəlovun həmin bükümlərin içərisində müxtəlif narkotik maddələr olduğunu, onları 17 iyun 2021-ci il tarixdə satış məqsədilə adını bilmədiyi şəxsdən onlayn qaydada heroinin 1 qramını 22 manata, metamfetaminin 1 qramını 45 manata, heroinin bir bükümünə 5-10 manat arası, metamfetaminin bir bükümünə isə 10 manat pul ödəyərək alıb əldə edərək yaşadığı evində saxladığını bildirməsi, həmin bükümlərin, şpritlərin və elektron tərəzilərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Ehtibar Bədəlovun yaşadığı evdə polis əməkdaşları tərəfindən axtarış davam etdirilməsi və onun yaşadığı evdən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur (cild 1, vərəqi 117). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 21 iyun 2021-ci il tarixli 6/2511 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs evindən götürülmüş...” yazısı olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2005 qram qəhvəyi rəngli tozşəkilli maddəkütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “vət. X6 üzərindən götürülmüş..” yazısı olan zərfdə: 14 (on dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 29,269 qram qəhvəyi rəngli maddələr xarixi əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 13 (on üç) ədəd bükümdə ümumi təmiz çəkisi 8,662 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs evindən götürülmüş şprislər ..” yazısı olan zərfdəki, 7 ədəd 1 mm-lik şpristlərin içərisində ümumi həcmi 1,65 ml olan qəhvəyi rəngli qatılaşmış maye kustar üsulla hazırlanmış heroin məhluludur və həmin məhlulda heroinin ümumi təmiz çəkisi 0,162 qramdır. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs evindən götürülmüş 4 ədəd tərəziyazısı olan zərfdəki 4 ədəd “gümüşü” rəngli elektron tərəzilərin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Vət. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2034,431 qramdır (2 kq 34,431 qram). 14 ədəd bükümdəki və 1 ədəd bağlamada olan heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Şprislərdə heroin məhlul vəziyyətdə olduğu üçün, bükümlərdə və bağlamada olan heroinlərlə kimyəvi tərkibli olub-olmamasım müəyyən etmək mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər (cild 1, iş vərəqi 47-54). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 21 iyun 2021-ci il tarixli 6/2509 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı olan zərfdəki 10 ədəd bükümdə, onlardan 9 ədəd bükümdə, ümumi təmiz çəkisi 2,225 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,290 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinlər, vət. X4 götürülmüş heroinlə (6/2510 saylı ekspert rəyi) və X11 götürülmüş heroinlər (6/2508 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. - Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamin, vət. X10 götürülmüş metamfctaminlə (6-2507 saylı ekspert rəyi) və X1 götürülmüş metamfetaminlə (6/25086 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər (cild 1, iş vərəqi 55-61). Cinayət işində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 3336 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 133-134). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 sentyabr 2021-ci il tarixli 2190 saylı rəyindən görünür ki, X7 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlər anamnezində keçirilmiş “Qısa müddətli depressiv reaksiya adaptasiya pozulması nəticəsində” qeyd olunmuşdur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xaraketrli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 139-142). İbtidai istintaq orqanının 13 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı və yaşadığı evdə axtarış zamanı aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəylər alınmış 2036,494 qram narkotik vasitə heroin, 8,952 qram psixotrop maddə metamfetamin, 1,63 ml heroin məhlulu, içərisində qəhvəyi rəngli qatılaşmış maye kustar üsulla hazırlanmış heroin məhlulu olan 7 ədəd 1 milik şpris və üzərində heroinin izləri olan 4 ədəd elektron tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatlarından sonrakı qalıq 2036,064 qram narkotik vasitə heroin, 8,772 qram psixotrop maddə metamfetamin, 1,28 ml heroin məhlulu və üzərində heroinin izləri olan 4 ədəd elektron tərəzi zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və mənzilə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən iki ədəd DVD diski isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 240-257). İşdə olan 16 iyul 2021-ci il tarixli 277 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən, həmçinin şəxsiyyət vəsiqələrinin, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. X5 ilə birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü Fatimə Babayeva və xx.xx.2012-ci il təvəllüdlü Fərhad Babayev olmaqla iki uşağı vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 110-111, 144-148). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 30 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 110). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, yaşadığı evdə saxlanılaraq polis bölməsinə aparıldığını, evdə ona məxsus heroin aşkar edildiyini, lakin onun narkotik vasitələri satmaq niyyətinin olmadığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən, həmçinin yaşadığı mənzil baxış keçirilən zaman özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddəni, həmçinin elektron tərəziləri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitə olan heroinin və psixotrop maddənin ona məxsus olduğunu, onları satmaq məqsədi ilə aldığını bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Həmçinin "Elektron məhkəmə" informasiya sistemindən götürülmüş və cinayət işinə əlavə edilmiş X8 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1(010)-302/2021 nömrəli hökmündən, X12 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 1(010)-293/2021 nömrəli hökmündən və X13 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli 1(101)-531/2022 nömrəli hökmündən görünür ki, adları çəkilən şəxslərin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs almaları öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağın olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 19 iyun 2021-cı il tarixdə şübhəli şəxs qismində tutulub 21 iyun 2021-ci il tarixədək həbsdə saxlanılmış, həmin tarixdə həbsdən azad edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 22 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdən 21 iyun 2021-ci il tarixədək həbsdə olduğu iki gün təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 3336 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı və yaşadığı evdə axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonrakı qalıq qalan 2036,064 qram narkotik vasitə heroin, 8,772 qram psixotrop maddə metamfetamin, 1,28 ml heroin məhlulu və üzərində heroinin izləri olan 4 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və mənzilə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında "FEMİDA" Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi2 ödənilməli olan 40 (qırx) manat məbləğində pul qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 228 (iki yüz iyirmi səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 19 iyun 2021-cı il tarixdən 21 iyun 2021-ci il tarixədək onun həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı və yaşadığı evdə axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonrakı qalıq qalan 2036,064 qram narkotik vasitə heroin, 8,772 qram psixotrop maddə metamfetamin, 1,28 ml heroin məhlulu və üzərində heroinin izləri olan 4 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və mənzilə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğndə pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi2 ödənilməli 40 (qırx) manat məbləğində pul vəsaiti "FEMİDA" Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar