Məhkəmə qərarları › İş №1(101)-535/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-535/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-535/2023 17.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla eyni ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı bir ədəd soyuq silahı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’-in İ siyahısına daxil edilən 8,905 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 14:00-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı Dəmirolu Vağzalının qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı bir ədəd soyuq silah əynindəki cins şalvarının sağ kəmər hissəsindən, eləcə də qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 8,905 qram çəkidə narkotik vasitə heroin ayrı- ayrılıqda 3,930 qram və 4,975 qram olmaqla qara rəngli gödəkçəsinin sol tərəfdən iç cibindən iki ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, 28 may metro stansiyası yaxınlığında tutulmuş və üzərində bıçaq aşkarlanmışdır. Saxlanılan zaman polis əməkdaşları nə özlərini, nə əməliyyat-axtarış tədbiri haqqında qərarı təqdim etməmişdirlər. Üzərindən aşkar edilən bıçağı 5-6 ay əvvəl tanımadığı şəxsdən satın almışdır. Bıçağın üstündən çıxmasına etiraz etmir lakin, ümumiyyətlə narkotik istifadəçisi deyil. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi onu kriminal aləmlə əlaqəsi olduğuna görə saxlayıb. Ona cəzaçəkmə müəssisələrinə gedib-gəldiyinə, orada dost, tanışının olduğuna görə sifarişlə tutulduğunu deyiblər. O, Gəncədə böyümüş, daimi yaşadığı yer olmuş, ətrafında olan insanların əksəriyyəti cəzaçəkmə müəssisələrindəndir. 27 sentyabr saxlanılmazdan 1 saat əvvəl təcridxanada və azadlıqda olan dostları ilə görüşmək üçün taksi ilə Bakı şəhərinə gəlmişdir. Dostları müxtəlif cinayətlərə görə tutulmuşdur, aralarında narkotik satışı ilə məşğul olanlar yoxdur. Tutulduqdan sonra ona əməlinə görə cəzasının 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə olduğunu, etiraf etməsini, əks halda daha ağır cəza alacağı bildirilmiş, həmin vaxt yanında müdafiəçi olmamışdır. Müdafiəçi təqdim edildikdə bu hallarla bağlı məlumat verməmişdir. İstintaq zamanı döyülməmişdir. Lakin, “tup”(agciyər vərəmi) xəstəliyindən əziyyət çəkdiyindən, ciyərində yara olduğudan, ciyərinin partlaya biləcəyindən qorxduğuna görə döyülməməsi üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Ona narkotik verən əməliyyatçının adının Xəlil olduğunu xatırlayır. Xəlillə ona ittiham elan edilən əməlin əks olunduğu maddənin sanksiyasında nəzərdə tutulan 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasına razı olmuş, istintaq təcridxanasında olan zaman həmin əmələ görə daha çox cəza təyin edildiyini bilmişdir. Bıçaq daşımağın cinayət olduğunu bilməmiş, ona görə narkotikin onun üzərinə qoyulduğunu, bıçağa görə cəza verməməsini xahiş etmişdir. Bundan sonra yükləməylə bağlı hər yerə şikayət etməyə çalışmışdır. Bununla bağlı videoçəkiliş də görüntü üçün olmuşdur. Əgər narkotik vasitə götürmüşdürsə bununla bağlı yerindəcə çəkiliş etməli idilər. 28 may metro stansiyası yaxınlığında saxlanılarkən üzərində çəkiliş aparılmayıb. Narkotik vasitədən anlayışı yoxdur. Əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185-ci maddəsi olan talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə maddəsi ilə təqsirlənərək cəza almış və cəzanı çəkib bitirmişdir. Onu narkotikdən analiz vermək üçün Maştağaya aparmış, həkim ona analizin nəticəsini vermiş, qanından narkotik vasitə çıxmışdır. Narkotik vasitənin hansı növünün aşkarlandığını bilmir. O həkimdən narkotik istifadə edən olmadığını, qanından necə narkotik çıxa biləcəyini soruşmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri ona yenidən analiz verməyə icazə verməmişdirlər. Həkim onu yenidən analiz vermək üçün göndərmiş, atdığı dərmanın tərkibində narkotik vasitə ola biləcəyini bildirmiş, o isə dərman qəbul edərkən həyəcanlandığını, buna görə də heç bir dərman qəbul etmədiyini bildirmişdir. Sonra analiz vermək üçün 20 yanvar ərazisinə aparılmış,nəticəni isə ona deməmişdirlər. Həkimə narkotik istifadəçisi olmadığını demiş, həkim isə narazılığının olub-olmadığını soruşmuşdur. Barəsində həmçinin ekspertiza keçirilmiş, lakin bədənində xəsarət qeydə alınmamışdır. Bıçağı isə xoşuna gəldiyi üçün üstündə gəzdirmiş, bıçaq gəzdirməsinə görə cəza müəyyən olduğunu bilməmişdir. Bıçağı Gəncədə olan zaman almışdır. Həmin vaxtdan xüsusi qabında üzərində gəzdirmişdir. Narkotikdən şübhəli şəxs kimi tutulduqda, ona qarşı ittiham irəli sürüldükdə özünü qismən təqsirli bilmiş, həmin vaxt ona müdafiəçi təqdim edilmişdir. Müdafiəçi təqdim edildikdə, ona banditizm işçilərinin apardığı söhbəti bildirməmişdir. Vəkili Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi təşkil etmişdir. Buna görə də onları şikayət etməmişdir. Məhkəmədə onun barəsində həbs qətimkan tədbiri seçilməsi zamanı narkotikin ona aid olmaması ilə bağlı ifadə işlətməkdən qorxmuş, belə ki, onu yenə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytaracaqlarını düşünmüşdür. Üzərindən narkotik vasitə çıxmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, Baş İdarədən ona saxlanılan şəxsin narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın məzmunu satış faktı, həmçinin saxlanılan şəxsin Bakı şəhərində olacağı ilə bağlı olsa da narkotik vasitənin dəqiq miqdarını əks etdirməmişdir. Məlumat daxil olduğu zaman, ilk növbədə barəsində məlumat daxil olan şəxsin şəxsiyyəti müəyyən edilir. Şəxsin həyat tərzi və yaxınlıq etdiyi adamlar haqqında məlumat yox idi. Təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrinin qanunuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat olmamış, bu ilk məlumat olmuşdur. Saxlanılan şəxsin sırf olduğu yeri özləri tərəfindən müəyyənləşdirilmişdir. Əməliyyat məlumatı tək narkotik vasitələrlə bağlı olsa da təqsirləndirilən şəxsin üzərindən bıçaq da aşkar olunmuşdur. Şəxsin şəxsiyyəti dəqiq müəyyən olunub ki, Təqsirləndirilən şəxsdur. Xarici görünüşü və şəxsiyyəti portal sistem vasitəsilə müəyyən edildi. Baş idarədən rəhbərliyə məruzə edərək, müvafiq icraat açdıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid2 və Şahid3 daxil edilmişdir. Sentyabr ayının 27-si günorta vaxtlarında saat 13:00-14:00 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş, şəxs 28 may metrosu yaxınlığında müəyyən edilmişdir. Özlərini və əməliyyat-axtarış haqqında qərarı saxlanılan şəxsə təqdim etdikdən sonra saxlanılan şəxsi baş idarəyə aparmışdırlar. Baş idarədə təhqiqatçı tərəfindən videoçəkiliş olduqdan sonra şəxsin üzərində baxış keçirilmiş, ona üzərində qanunsuz bir şey olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Saxlanılan şəxs iki büküm heroini və bıçaqı təqdim etmişdir. Həmin heroini Gəncə şəhərində yerdən tapdığını, özü üçün lazım olanda istifadə etsin deyə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxsin üzrərindən aşkar edilərək götürülmüş bıçaq və narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Bıçağı nə üçün daşıdığı dəqiq yadında deyil, şəxsi istifadə üçü ola biləcəyini xatırlayır. Təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edərkən onun məhkumluğunun olmasını müəyyən etmiş, məhkumluğu oğurluq cinayəti ilə bağlı olmuşdur. Məlumat dərhal icra olunduğu üçün şəxsin cinayətə meyilli olub-olamadığını ətraflı müəyyənləşdirə bilməmişdirlər. Narkotik vasitəsini təqsirləndirilən şəxs Gəncə şəhərində tapmış, Bakıya şəxsi işləri ilə bağlı gəldiyini demişdir. Şəxs saxlanıldıqdan sonra üzərində baxış keçirilməyərək təhlükəsizlik qaydalarını təmin etməklə müşayiət altında baş idarəyə gətirilmiş, dəvət olunan vəkil gələnə qədər üzərində baxış keçirilməsi üçün təhlükəsiz şəraitdə saxlanılmışdır. Protokol tərtibi, adamların çoxluğu və kənar müdaxilələr səbəbindən şəxsi saxladıqları yerdə üzərində baxış, axtarış keçirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis polkovnik leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022ci il tarixində şöbənin baş əməliyyat müvəkkili Şahid1 saxlanılan şəxsin narkotik vasitələrinin qanunsuz dövriyyəsi və soyuq silah saxlaması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatı Şahid1 məlumatı olmuş, əməliyyat məlumatının məzmunu narkotik vasitələrinin qanunsuz dövriyyəsi və soyuq silah saxlanılması təşkil etmişdir. Şəxsin yeri barədə məlumat olmamış, tədbirin 28 may metrostansiyası yaxınlığında olacağını bilərək ora getmişdirlər. Əməliyyat qrupu yaradılmış və 3 nəfərdən ibarət əməliyyat qrupu ilə birlikdə dəmiryolu vağzalının qarşısına yollanaraq həmin şəxsi müşayiət altına aldıqdan sonra yaxınlaşıb xidməti vəsiqələri göstərərək polis baş idarəsinə dəvət etmişdirlər. Əməliyyat məlumatı Şahid1 olduğundan şəxsi görən kimi o tanımışdır. İdarədə müdafiəçinin və təhqiqatçının iştirakları ilə birlikdə şəxsi axtarış ilə bağlı videoçəkiliş aparılarkən həmin şəxsin üzərindən 1 ədəd bıçaq və 2 büküm narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra protokol tərtib edilərək, protokolun düzgünlüyü imza ilə təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının məzmunu narkotikin əldə edilib saxlanılması və satışı haqqında olmuş, bıçaqla bağlı məlumat olmamışdır. Rəhbərliyə məruzə olunaraq əməliyyat qrupu yaradılmış, Nəsimi rayonunda yaşayan, dəmiryolu vağzalının yaxınlığında Sərxan adlı şəxsi görüb, yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Həmin şəxs isə anket məlumatlarını onlara təqdim etmişdir. Əməliyyat tədbirinin keçirilməsi haqqında qərarı təqdim edərək, yaxınlışdıqda onu nə üçün tutduqlarını bildirmiş, saxlanılan şəxs isə bununla bağlı heç nə deməmişdir. Baş idarəyə getdikdən sonra orada könüllü üzərində olan əşyaları təqdim etməsini bilirdikdən sonra təqsirləndirilən şəxs yaxınlaşaraq masanın üzərində əşyaları təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə sənədləşdirilmişdir. Narkotikin satışı faktı isə öz təsdiqini tapmamışdır. Daha sonra araşdırma aparılıb-aparılmadığını bilmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, müəyyənləşdirmək məqsədilə “X2 haqqında” Qanununa uyğun olaraq Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin, soyuq silahların vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 5-6). Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, o, üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin və 1 ədəd bıçaq olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol iç döş cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynidə olan qara rəngli cins şalvarın sağ kəmərin hissəsində olan 01 ədəd qara rəngli bıçağa oxşar predmeti , həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 25 manat məbləğində pulu və həmin şalvarın sağ arxa cibindən 01 ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. (Cild 1, iş vərəqə 27-29) 28 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5544 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,930 qram, 4,975 qram, ümumi təmiz çəkisi 8,905 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 8,805 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 47-48). 30 sentyabr 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəməiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, iş vərəqə 47-48). 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının mətnini özündə əks etdirən Bakcell MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. 13 oktyabr 2022-ci il tarixli maddi sübutların ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir (Cild 1, iş vərəqə 172-174). 28 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 5592 nömrəli rəyindən göstərilir ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 178-179). 03 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3/1337 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir, üzərində hər hansı dəyişiklik və düzəliş edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır (175-177). 23 noyabr 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bıçaq maddi sübut növü kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Eyni tarixli sübutarın qiymətləndirilməsi haqqında qərarla təqsirləndirilən şəxsin barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Qərarda həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 8,905 qram narkotik vasitə heroinin maddi sübut növü kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilməsinin, təqsirləndirilən şəxsdən götürülmüş “Samsung” markalı mobil telefonun müdafiəçi X3 təhvil verilməsinin nəzərə alınması göstərilmişdir. (cild 1, iş vərəqə 184-199) Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Kəpəz Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində çıxarılmış hökm dəyişdirilərək ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 5 noyabr 2021-ci il tarixli 8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 gün hissəsini çəkməkdən azad edilərək, üzərindən məhkumluğu götürülmüşdür. (Cild 1, iş vərəqə 116-118 129-138, 140-143) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə əməllərinə görə qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən DVD diskdən də görünür ki, təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilərkən üzərindən aşkar edilərək götürülmüş bıçaq və narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə iclasında verdiyi ifadələrdə bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən bıçaq onun özünə məxsusdur, tanımadığı şəxsdən əldə edərək üzərində saxlamaqla daşımışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təkrar dindirilərkən, həmçinin məhkəmə iclasında verdiyi ifadələrində narkotik vasitənin ona məxsus olmadığını, üzərinə şəxsi axtarış keçirilərkən, habelə ilkin ifadələr verən zaman ona psixi təzyiq edildiyini, yəni şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona polis əməkdaşları tərəfindən verildiyini, həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməyəcəyi təqdirdə daha ağır maddə ilə ona ittiham elan ediləcəyinin bildirildiyini, narkotik vasitə “istifadəçisi” olmadığını göstərmişdir . Məhkəmə iclasında elan edilərək tədqiq edilən üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs onu saxlayan polis əməkdaşlarından ikisi ilə , yəni Şahid1 və Şahid2 ilə üzləşdirilmiş, ona psixi təzyiq göstərən şəxsin həmin şəxslərin olmadığnı bildirmişdir. Məhkəmə iclasında isə təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş hər üç şahidi dindirmək imkanına malik olmaqla, həmin şahidlərin onun tutulmasında iştirak etməsini etiraf etsə də ona psixi təzyiq göstərən şəxsin bu şəxslərdən heç birinin olmadığını, qeyd etdiyi şəxsin adının “Xəlil” olmasını bildirməklə, barəsində məhkəməyə heç bir məlumat təqdim edə bilməmişdir. Məhkəmə iclasında barəsində fiziki zor tətbiq edilib -edilməməsi barədə suallara isə ağciyər xəstəliyindən əziyyət çəkdiyini, döyülməsi üçün şərait yaratmadığını qeyd etmişdir. Bundan başqa məhkəməyəqədər icraat dövründə təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olub olmasının müəyyən edilməsi məqsədilə ekspertiza keçirilmiş, 28 sentyabr 2022-ci il tarixli məhkəmə tibb ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət olmaması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 169-170). Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin heç vaxt narkotik vasitədən istifadə etməməsi barədə ifadələri həm Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilməsi barədə 13 oktyabr 2022-ci il tarixli maddi sübutların ekspertizası, həm də sonuncuda opioidlərdən istifadə etmə hallarının olmasını təsdiq edən 28 sentyabr 2022-ci il tarixli məhkəmə kimyəvi ekspertiza rəyləri ilə təkzib olunur. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olmaması, narkotik vasitədən heç vaxt istifadə etməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən həm narkotik vasitə, həm də bıçağın Təqsirləndirilən şəxs özünə məxsus olması işin mübahisəsiz halları olmaqla müvafiq sübutlarla təsdiq olunur. İş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək üzərindən narkotik vasitə aşkar edilsə də, istintaq orqanı bu hərəkətlə kifayətlənmiş, təqsirləndirilən şəxsin yaşadığı evə münasibətdə ümumiyyətlə axtarış həyata keçirilməmişdir. Bundan başqa nə təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı üzərindən aşkar edilərək götürülən “Samsung” mobil telefona, nə də Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının mətnini özündə əks etdirən Bakcell MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi zamanı iş üçün əhəmiyyət kəsb edən, o cümlədən şəxsin üzərindən aşkar edilən narkotik vasitələri əldə etməsi, daşıması və saxlamasında satış məqsədinin olmasına dəlalət edən hər hansı hallar aşkar edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 23 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, sonradan keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar əldə edilsə də , əvvəllər narkotik vasitə və ya psixotrop maddələri , o cümlədən üzərindən aşkar edilmiş narkotik vasitəni aldığı şəxsin müəyyən edilməsinin, həmçinin digər cinayət əməllərinin törədilməsində iştirakının, narkotik vasitə və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli şəxslərlə əlaqlərinin olub-olmaması, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt kimdən, hansı şəraitdə əldə etməsi müəyyən edilə bilməmişdir. Məhkəmə əvvəla qeyd edir ki, 23 noyabr 2022-ci il tarixli məktubda sonradan “keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar əldə edilməsi” məsələsi öz əksini tapsa da həmin əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş məlumatların həqiqiliyinin qanunvericilklə müəyyən olunmuş qaydada yoxlanılmasına dair iş materiallarında məlumat yoxdur. Digər tərəfdən “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş, məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməsinə yol verilmir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi ilə əlaqədar düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar isə təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında təqdim edilən 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin xəstəlik tarixindən çıxarış vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs ağciyər vərəmi diaqnozu qoyulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin gənc olmasını, ağciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini, qismən etirafedici ifadələr verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 27 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 101-103). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,905 qram təşkil edən heroin, soyuq silah olan bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 129 (yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46-48,175-177). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 24 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 144 ( yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci və Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,805 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən götürülmüş soyuq silah olan bıçaq məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 129 (yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar