Məhkəmə qərarları › İş №1(101)-538/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-538/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-538/2022 10.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 08.04.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib 12 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.11.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29.08.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08.04.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3cü maddəsi ilə təqsirli bilinib 12 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda o, 27 avqust 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 05 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,199 qram, 0,683 qram, 0,856 qram, 0,750 qram və 0,410 qram ümumi təmiz çəkisi 4,898 qram kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda narkotik vasitə heroinin hər bükümünü 25 manata, ümumilikdə 125 manata əldə edib saxlamaqla üzərində daşımış, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, 27 avqust 2021-ci il tarixdə saat 15.30 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən 05 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,199 qram, 0,683 qram, 0,856 qram, 0,750 qram və 0,410 qram ümumi təmiz çəkisi 4,898 qram maddə kütlələri kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda narkotik vasitə heroin və sol cibindən səthində narkotik vasitə heorinin izləri olan “mesko” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroindən təqribən 2 ildir ki, inyeksiya üsulu ilə istifadə etmişdir. 27 avqust 2021-ci il tarixdə təqribən saat 14 radələrində, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, keçidin yanı kimi tanıdığı ərazidə üzdən tanıdığı, lakin şəxsiyyəti barəsində heç bir məlumatı olmayan “Anar” adlı şəxsdən şəxsi istifadəsi üçün hər birinin dəyəri 25 manat olmaqla, ümumilikdə 125 manata 5 ədəd sellofan bükümdə narkotik vasitə hesab edilən kokos (heroin) almış və sonra istifadə etmək üçün həmin narkotiki üzərində saxlamışdır. Lakin həmin gün, 27 avqust 2021-ci il tarixdə saat 15.30 radələrində yaşadığı ünvan 5 ünvanının qarşısında ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onu Surxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O da onlarla birlikdə 31-ci Polis Bölməsinə getmiş, bölmədə otaqların birində onun üzərinə videoçəkilişdən istifadə etməklə baxış keçirilmiş, baxış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən beş ədəd sellofan bükümdə kokos kimi tanıdığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərinə baxış davam etmiş, üzərində olan şalvarın sol cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüş, bu zaman o, ondan aşkar edilən narkotik vasitəni həmin gün saxlanmazdan təqribən bir saat əvvəl Yeni Suraxanı qəsəbəsində keçidin yanı kimi tanınan yerdə “Anar” adlı şəxsdən hər bükümü 25 manata aldığını bildirmişdir. Həmin bükümlər iştirakçıların yanında zərfə qoyulmuş, iştirakçılar tərəfindən imzalanmış, möhürlənmiş və ekspertizaya göndəriləcəyi ona bildirilmişdir. O, yalnız narkotik vasitələri qəbul edir və satışı ilə məşğul olmur. Elektron tərəzini özünə narkotik vasitə alan zaman aldığı narkotiki ölçmək üçün, həmçinin istifadə edən zaman da artıq miqdarda istifadə etməsin deyə ölçdüyünə görə üzərində gəzdirmiş, hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİnin 31-ci PB-də cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 27 avqust 2021-ci il tarixdə “Ramil” adlı şəxsin Suraxanı rayonunun inzibati ərazisində narkotik vasitələri əldə etməklə qanunsuz olaraq saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra “Ramil” adlı şəxsin xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də raportla Suraxanı RPİ-nin 31-ci PB-nin rəisi cənab Ülvi Məmmədova məruzə edilmiş və 27 avqust 2021-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna onun özü, həmçinin Suraxanı RPİ-nin 31-ci PB-nin əməlliyat müvəkkili polis leytenantı Şahid2 da daxil edilmişdir. Bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan həmin şəxsin şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 27 avqust 2021-ci il tarixdə saat 15:30 radələrində qrup üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi ünvanında olan zaman bir nəfər kişi cinsindən olan şəxsin əlamətlərinin əməliyyat məlumatında göstərilən şəxsin, yəni Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmış və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxalanılan şəxs özünü təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxsə qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və satışında şübhəli olduğu diqqətinə çatdırıldıqdan sonra ona onlarla birlikdə 31-ci Polis Bölməsinə getməli olduğunu bildirib Təqsirləndirilən şəxs avtomobillə ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirmiş və bu barədə raportla bölmə rəisinə məruzə edilmişdir. Salxanılan şəxs Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması 31-ci PB-nin təhqiqatçısı Telman Camalova həvalə edilmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilıməsi üçün 31-ci PB-nə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış aparılacağı izah edikdikdən sonra şəxsi axtarış iştirakçılarına, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı iştirakçıların və Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bükümlərin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitə heroini 27 avqust 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində “Anar” adlı şəxsdən hər bükümünü 25 manata, ümumilikdə 125 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və bu zaman onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin tərəzindən heroini istifadə etməzdən əvvəl normadan çox olmamasını bilmək üçün istifadə etdiyini demişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Ramil Əksərovdan götürülmüş 05 ədəd büküm və 01 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən zərfə qoyularaq və möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin əməlliyat müvəkkili polis leytenantı Şahid2 oğlu da Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin eksperti Şahid3 ifadəsində göstərdi ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrin tədqiqi ixtisası üzrə ekspert vəzifəsində xidmət edir. 02 noyabr 2021-ci il tarixli 6/4478 nömrəli ekspert rəyi onun tərəfindən verilmişdir. Həmin rəyin təsviri və nəticə hissəsində olan qeyddə əlavə kimyəvi ekspertiza tədiqatına təqdim edilmiş narkotik vasitə heroinin ümumi çəkisinin 2,619 qram olması onun tərəfindən mexaniki olaraq səhvən yazılmışdır. Belə ki, əlavə kimyəvi ekspertiza tədqiqatına ilkin ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,818 qram narkotik vasitə heroin təqdim edilmiş, 4,818 qram heroindən 0,1 qramı tədqiqata sərf edilmiş, 4,718 qram heroin isə qalıq qalmışdır. Sonuncu rəydə ilkin ekspertiza tədqiqatından sonra heorinin qalıq təmiz çəkisinin 2,619 qram, qalığın isə 2,519 qram olması barədə olanlar həqiqəti əks etdirmir. Odur ki, əlavə kimyəvi ekspertiza tədqiqatından sonra qalıq heroinin təmiz çəkisinin 4,818 qram, tədqiqata 0,1 qramının sərf edildiyi və qalığın isə 4,718 qram qaldığı nəzərə alınmalıdır. 02 noyabr 2021-ci il tarixli 6/4478 nömrəli ekspert rəyinin təsviri və nəticəsi hissəsində heroinin kimyəvi tərkibi barədə və sair göstərilən digər məlumatlar isə reallığı əks etdirir. Bundan başqa rəyin birinci vərəqinin 5-ci sətrində ekspertiza təyin edilməsi haqqında qərarın tarixinin 20.08.2021-ci il tarixli olması da mexaniki olaraq onun tərəfindən səhvən qeyd edilmiş sonuncu əlavə kimyəvi ekspertiza təyin edilməsi haqqında qərarın tarixi əslində 29.08.2021-ci il olmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə kimyəvi ekspertizası üzrə 28 avqust 2021-ci il tarixli 6/3751 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №195” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 05 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,199 qram, 0,683 qram, 0,856 qram, 0,750 qram, 0,410 qram, ümumi təmiz çəkisi 4,898 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına daxildir. Qeyd hissəsində göstərilmişdir ki, heroinin ümumi təmiz çəkisi 4,898 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 4,818 qram təşkil edir. (iş materialları vərəqə 48-51) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi əlavə məhkəmə kimyəvi ekspertizası üzrə 02 noyabr 2021-ci il tarixli 6/4478 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş “...Təqsirləndirilən şəxs...” qeydli kağız paketdəki 05 ədəd bükümdə olan heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Bu maddənin növü və ilkin çəkiləri barədə 28.08.2021-ci il tarixli 6/3751 saylı ekspert rəyi verilmişdir. Digər kağız paketdəki “Mesko” markalı elektron tərəzinin səthində narkotik vasitə-heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan eyniləşdirmə üzrə tədqiqatın aparılması və təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. Qeyd hissəsində göstərilmişdir ki, heroinin ümumi təmiz çəkisi 4,818 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,718 qram təşkil edir. (iş vərəqə 142-143) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X6 verdiyi məhkəmə narkoloji ekspertizası üzrə 18.11.2021-ci il tarixli 4541 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş materialları vərəqə 144-145) İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat tədbirinin həyata keçirilməsi haqqında» 27 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində olacağı və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. (iş vərəqə 4) İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2021-ci il tarixli 4(010)-427/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat tədbirinin həyata keçirilməsi haqqında» 27 avqust 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 110-114) Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçı polis mayoru Telman Camalov tərəfindən tərtib edilmiş «şəxsi axtarış və maddi sübutun götürülməsi barədə» 27 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən qərarla tanış olduqdan sonra polis əməkdaşlarının dövriyyəsi qadağan olunmuş maddələrin olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklifi ilə əynində olan göy rəngli cins şalvarın sağ cibindən içərisində narkotik maddə heroin olan 05 (beş) ədəd selofan bükümləri və sol cibindən 01 ədəd ağ rəngdə olan elektron tərəzi götürülmüşdür. (iş vərəqə 32-33) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitəni əldə edib saxlaması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir, iş üzrə dindirilmiş şahidlərin istər ibtidai istintaq dövrü, istərsə də məhkəmədə verdikləri ifadələri, «şəxsi axtarış və maddi sübutun götürülməsi barədə» 27 avqust 2021-ci il tarixli protokol, «əməliyyat tədbirinin həyata keçirilməsi haqqında» 27 avqust 2021-ci il tarixli qərar, Suraxanı Rayon Məhkəməsinin «əməliyyat tədbirinin həyata keçirilməsi haqqında» qərarın qanuni hesab edilməsinə dair 29 avqust 2021-ci il tarixli 4(010)-427/2021 saylı qərarı, məhkəmə kimyəvi ekspertizası üzrə 28 avqust 2021-ci il tarixli 6/3751 nömrəli rəyi, məhkəmə kimyəvi ekspertizası üzrə 28 avqust 2021-ci il tarixli 6/3751 nömrəli rəyi, eləcə də digər sübutlarla tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs götürülmüş 05 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,199 qram, 0,683 qram, 0,856 qram, 0,750 qram və 0,410 qram ümumi təmiz çəkisi 4,898 qram maddə kütlələri kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda narkotik vasitə heroinin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, xırda bağlamalara bükülməsi də təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 08.04.2003-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs X4 ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 08.04.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib 12 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.11.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilməmiş və götürülməmişdir. (iş vərəqə 132-134) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardığı gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4.-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə istinad olunan sənədlər və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsi əsasında Təqsirləndirilən şəxs əməlində hazırkı iş üzrə cinayətlərin xüsusilə təhlükəli residivi halını müəyyən edir. İş materiallarında olan Suraxanı rayon İHB-nın Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14.12.2021-ci il tarixli 1834 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşamış və müsbət xarakterizə olunur. Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətlərin xüsusilə təhlükəli residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin xüsusilə təhlükəli residivi halı müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin dörddə üçündən az olmamaqla təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 18.11.2021-ci il tarixli, 4541 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən götürülmüş 05 ədəd sellofan bükümdə ümumi qalıq çəkisi 4,718 qram maddə kütlələri kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda narkotik vasitə heroin və sol cibindən səthində narkotik vasitə heorinin izləri olan “mesko” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 219,80 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 27.08.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Suraxanı Rayon Məhkəməsinin 29.08.2021-ci il tarixli, 4(010)-427/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 23; 110- 114) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən götürülmüş 05 ədəd sellofan bükümdə ümumi qalıq çəkisi 4,718 qram külli miqdarda narkotik vasitə heroin və “mesko” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 219,80 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar