Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-539/2020 27.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada işləmiş, məhkum olunmuş, Bakı şəhəri Sabunçu rayonu, Xətai küçəsi, ev 2, mənzil 2də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində ünvan 1 saylı ünvanda yerləşən «Neftçi» kafesinin qarşısında tanışı Zərərçəkmiş şəxs onu təhqir və üzərinə hücum çəkməsi nəticəsində üzərində saxladığı və silah qismində istifadə etdiyi ucu iti dəmir alətlə qəsdən Zərərçəkmiş şəxs sağ döş qəfəsinə vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sağ plevra boşluğuna nüfuz edərək sağ tərəfli hemotoraksa (döş boşluğuna qanın yığılması) səbəb olan döş qəfəsinin sağ yarısının ön səthinin bir ədəd deşilmiş kəsilmiş yarasından ibarət xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs hadisəyədək qiyabi olaraq tanımışdır. xx xxxxxxxx 2019-cu il tarixdə axşam saatlarında Ülvi adlı tanışı ilə görüşmək üçün Sabunçu rayonu, Balaxanı qəsəbəsi, «Neftçi» kafesinin yaxınlığına getmişdir. Həmin vaxt orada Ülvi ilə Seymurun dayanıb söhbət etdiklərini görmüşdür. Ülvi ilə gedəsi yeri olduğundan söhbətini tez yekunlaşdırmağı xahiş etmişdir. Seymur onun sözündən əsəbləşib, aqressiv formada ona işi varsa çıxıb getməsini bildirmişdir. Sonuncudan kəskin spirtli içki qoxusu gəldiyindən onun sərxoş olduğunu başa düşmüşdür. Cavabında Seymura bir qədər sakit formada danışmağı xahiş etmişdir. Seymur yaxınlaşıb onu təhqir etməyə başlamış və qəflətən yumruqla sinəsindən vurmuşdur. Onlar əlbəyaxa olmuşlar. Seymura gücünün çatmadığını görüb, ayaqlarından tutub onu yerə yıxmışdır. Həmin ərazidə yerdə şüşə qırıntıları və armatur olmuşdur. Seymur yerə yıxılarkən yerdə olan hansısa dəmir parçası və ya şüşə qırıntısı Seymurun bədəninə batmış və sonuncu qışqırmışdır. Bundan sonra onlar aralanmışlar. Yoldan keçən bir taksi saxladıb, Seymuru xəstəxanaya aparmasını xahiş etmişdir. Üzərində bıçaq olmamış və o, Seymura bıçaqla xəsarət yetirməmişdir. Bununla belə, baş verənlərə görə təəssüf hissi keçirir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində Balaxanı qəsəbəsində yerləşən «Neftçi» kafesinin yaxınlığında olmuşdur. Əvvəlcə orada dayanmış bir taksi sürücüsü ilə mübahisəsi düşmüşdür. Sonra Ülvi adlı tanışını görmüş, sonuncuya yaxınlaşıb söhbət etməyə başlamışdır. Söhbət zamanı Məhərrəm Ülvini çağırıb getməli olduqlarını demişdir. Məhərrəmin bu hərəkətinə əsəbləşmiş, sonuncuya işi varsa özünün çıxıb getməsini bildirmişdir. Məhərrəm onun aqressiv formada danışmağına irad tutmuş və onu söymüşdür. Bundan sonra o, Məhərrəmə əl-qol atmış və onlar əlbəyaxa olmuşlar. Sonuncunu yumruqla vurmuşdur. Bu vaxt Seymur onun ayağına girmiş və hər ikisi yerə yıxılmışdır. Üzü üstə yerə yıxıldığına görə yerdə olan hansısa dəmir parçası onun sinəsinə batmışdır. Bunu görən Məhərrəm çıxıb getmişdir. Sonuncu onu bıçaqla vurmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Balaxanı qəsəbəsindən tanıyır. xx xxxxxxxx 2019-cu il tarixdə, təxminən saat 16:30-da Balaxanı qəsəbəsində yerləşən «Neftçi» kafesinin yanında dayanmışdır. Əvvəlcə Seymur, sonra Məhərrəm də həmin yerə gəlmişdir. Bundan sonra o, kafeyə daxil olmuşdur. Bir qədər kafedə əyləşib televizora baxdıqdan sonra, səs-küy gəldiyini eşitmişdir. Kafedən çölə çıxıb, Seymurla Məhərrəmin yüksək səslə mübahisə etdiklərini görmüşdür. Odur ki, oradan çıxıb getmişdir. Sonradan Seymurun sərxoş vəziyyətdə Məhərrəmi təhqir etdiyini, sonuncunun isə dəmir alətlə Seymura xəsarət yetirdiyini eşitmişdir. Seymur özü də ona hadisənin bu cür baş verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2008-ci ildən X5 həkim cərrah vəzifəsində işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 19-20 radələrində Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası ilə tibbi mərkəzə daxil olmuşdur. Xəstənin dediyinə görə Məhərrəm adlı şəxs tərəfindən ona bıçaqla xəsarət yetirilmişdir. Xəstə əməliyyat edildikdən sonra dörd gün xəstəxanada yataraq müalicə almışdır. Yara kəsicideşici alətlə yetirilməyə xarakterik olmuşdur. Xəstə ona bıçaqla xəsarət yetirildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sabunçu RPİnin 12-ci PŞ-də əməliyyat müvəkkili işləyir.xx xxxxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində Balaxanı qəsəbəsi «Neftçi» kafesinin qarşısında Zərərçəkmiş şəxs bıçaqlanaraq X6 müraciət etməsi barədə məlumat daxil olmuşdur. Dərhal əməliyyat qrupu ilə birlikdə KTM-ə yollanmışlar. Şifahi sorğu zamanı Seymur ona xəsarət yetirən şəxsin «Maqa» ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonuncu oktyabr ayındla tutulmuşdur. Şifahi sorğu sual zamanı Məhərrəm ona Seymura xəsarət yetirdiyini bildirmişdir. İşin 126-129-cu vərəqələrindəki protokol və fotocədvəldən görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə zərərçəkmiş şəxs X2 ifadəsi hadisə yerində yoxlanılarkən həmin ərazidə heç bir dəmir qırıntısı aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının x xxxxxxx 2019-cu il tarixli, 14 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Elbrus oğlunda sağ plevra boşluğuna nüfuz edərək sağ tərəfli hemotoraksa (döş boşluğuna qanın yığılmas) səbəb olan döş qəfəsinin sağ yarısının ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti xx xxxxxxxx 2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Əlavə məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 16/14 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ plevra boşluğuna nüfuz edərək, sağ tərəfli hemotoraksa (döş boşluğuna qanın yığılması) səbəb olan döş qəfəsinin sağ yarısının ön səthinin bir ədəd deşilmişkəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti xx xxxxxxxx 2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin lokalizasiyasına və xarakterinə (onun adına tərtib edilmiş xəstəlik tarixində yerli müayinə zamanı yaranın kənarlarının hamar bucaqlarının iti olması müəyyən edilmişdir), eləcə də onun bədənində qabarıq hissələrdə digər xəsarət müəyyən edilmədiyinə görə, həmin xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yerinə yetirilməsi, eləcə də qərarda və təqdim edilmiş protokolda göstərilən şəraitdə, yəni yıxılma zamanı dəmir parçasının (bərk küt əşyanın) onun döş qəfəsinə batması nəticəsində əmələ gəlməsi inkar olunur. Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2565 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 116-cı vərəqəsindəki protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, «Neftçi» kafesinin qarşısında baş verənləri özündə əks etdirən diskə keçirilmiş baxış zamanı həmin kafenin qarşısında bir neçə nəfər şəxsin toplaşması və münaqişənin baş verməsi müəyyən edilmişdir. İşin 118-ci vərəqəsindəki xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd disk maddi sübut kimi tanınıb iş materiallarına əlavə edilmişdir. İşin 41-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 136-149, 155-166-cı vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsi və hökmlərin surətlərindən görünür ki, Quliyev X3 rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinib 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə Şabran rayon məhkəməsinin qərarı ilə 2 ay 27 gün cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa o, Abşeron rayon məhkəməsinin x xxxxxxx 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2.300 manat cərimə cəzasına məhkum edilmişdir. X7 Probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin x xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2.300 manat cərimə cəzası ödənilməmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini, yerə yıxılarkən yerdə olan hansısa dəmir parçası və ya şüşə qırıntılarının Seymurun bədəninə batdığını göstərdi. Zərərçəkmiş şəxs da eyni məzmunlu ifadə verib, əlbəyaxa zamanı üzü üstə yerə yıxıldığına görə yerdə olan hansısa dəmir parçasının onun sinəsinə batdığını bildirdi. Onların bu ifadələri məhkəmə iclasında dindirilmiş şahid ifadələri, zərərçəkmiş şəxsin aldığı xəsarətin yıxılma zamanı dəmir parçasının (bərk küt əşyanın) onun döş qəfəsinə batması nəticəsində əmələ gəlməsini inkar edən ekspertiza rəyi, maddi sübut, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə, ifadələrinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Əməlində cinayətlərin residivinin olmasını isə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki cəzaya Abşeron rayon məhkəməsinin x xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2.300 manat cərimə cəzası tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası və 2.300 manat cərimə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin edilən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən hazırki cəzaya Abşeron rayon məhkəməsinin x xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2.300 manat cərimə cəzası tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2300 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınmış bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-539/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-539/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver