Məhkəmə qərarları › İş №1(101)-539/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-539/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-539/2025 11.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1996-cı il tarixdə Ağcabədi rayonu, Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağcabədi rayonu, Boyat kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Məmmədli kəndində fermada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 126.2.2, 126.2.3 və 29,120.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, zərərçəkmiş şəxsə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır zərər vurmuş, xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs1 ilə telefonla əlaqə saxlayıb qonaq getdiyi ünvan 1 ünvanında yerləşən anasıgilin evlərindən evinə qayıtmasını tələb etdikdə, sonuncunun onunla birgə yaşamaqdan imtina edib ayrılmaq istədiyini bildirməsi səbəbindən aralarında baş vermiş sözlü mübahisədən sonra qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gələrək istintaqa məlum olmayan vaxtda və mənbədən bıçaq əldə edərək silahlanıb 17 may 2024-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanına gələrək aqressiv şəkildə arvadını səsləyib ondan hazırlaşıb evdən çıxmasını tələb etmiş, onun əsəbi vəziyyətdə bacısına nəsə edə biləcəyindən ehtiyatlanan baldızı Zərərçəkmiş şəxs3 dəvəti ilə aranı sakitləşdirməkdən ötrü həmin ünvana gəlmiş arvadının nənəsi Zərərçəkmiş şəxs2 ondan səs-küy salmayıb evdən çıxıb getməsini tələb etməsi səbəbindən aralarında baş vermiş sözlü mübahisə zamanı qəflətən sağ yumruğu ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən bir dəfə zərbə vurduqdan sonra bunu görüb köməyə qonşuları çağırmaqdan ötrü həyətə tərəf qaçan baldızı Zərərçəkmiş şəxs3 arxasınca qaçaraq sol əli ilə onun boynundan tutub üzərində gəzdirdiyi bıçağı çıxardaraq ona döş qəfəsinin qançırı, sağ əlin İV barmağının kəsilmiş səthi yarası kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcəsi təyin olunmayan bir ədəd, boyun və sağ bazu nahiyələrinin kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid üç ədəd xəsarətlər yetirdikdən sonra öz cinayətkar əməllərini davam etdirib qəsdən adam öldürməyə yönəlmiş niyyətini həyata keçirmək üçün həmin vaxtı evin qonaq otağından həyətə tərəf boylanan arvadı Zərərçəkmiş şəxs1 üstünə hücum edərək onu arxası üstə yerə yıxıb əlindəki bıçağı nümayiş etdirərək “sənin başını kəsəcəm” kəlməsini işlətdiyi zaman özünü onlara yetirib cinayətkar qəsdin qarşısını almaq məqsədi ilə nəvəsinin başını ayaqları arasında gizlətməyə çalışan Şahid1 itələyib yerə yıxması nəticəsində ona sol ənsə nahiyəsinin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid dərəcəsi təyin olunmayan xəsarət yetirib, sonra isə onu arxadan tutub qanunazidd hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 tərəf çönərək ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığına ağır zərər vurmaq məqsədilə nəvələri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 gözləri qarşısında sonunculara xüsusi əzab verdiyini dərk edərək, əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 bədən səthinə bir dəfə zərbə vuraraq ona sol tərəfli hemopnevmotoraksa (sol plevra boşluğuna sərbəst qan və hava yığılması) səbəb olan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd deşilmiş-kəsilmiş xəsarət yetirdikdən sonra da öz əməllərini davam etdirərək həmin an onun ayaqları arasında arxası üstə yerdə uzanıqlı vəziyyətdə olub müqavimət göstərməyə çalışan Zərərçəkmiş şəxs1 nənələri Şahid1 və Zərərçəkmiş şəxs2, bacısı Zərərçəkmiş şəxs3 gözləri qarşısında sonunculara xüsusi əzab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə bədən səthinə ardıcıl zərbələr vuraraq ona sağ dirsək oynağı nahiyəsinin kəsilmiş səthi yarası kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid bir ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən bir ədəd, sol təpə-gicgah nahiyəsinin bir ədəd cəmi iki ədəd ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib növbəti zərbələri vurmaq istəsə də, Zərərçəkmiş şəxs2 onun əlində olan bıçağın tiyəsindən tutması səbəbindən buna nail olmayıb ona sol əlin İİ, İV və V barmaqlarının kəsilmiş səthi yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, həmin vaxtı Zərərçəkmiş şəxs3 evin qonaq otağından götürdüyü su qabını onun təpə nahiyəsinə çırdığı üçün müvazinətini itirib yerə yıxıldığından, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona aktiv müqavimət göstərdiklərindən, eləcə də hadisə yerinə gəlmiş qonşular Şahid3 Xəqani oğlu və Şahid2 tərəfindən onun hərəkətlərinin qarşısı alındığından öz əməlini başa çatdıra bilməyib hadisə yerindən qaçıb getmiş, Zərərçəkmiş şəxs1 vaxtında X4 PHŞ-yə çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, Zərərçəkmiş şəxs3 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 126.2.2, 126.2.3 və 29,120.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina etsə də, ona verilən suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs1 həyat yoldaşı, Zərərçəkmiş şəxs3 baldızı, Zərərçəkmiş şəxs2 isə Elminazın nənəsidir. Hadisə ibtidai istintaq zamanı ifadəsində göstərdiyi vaxtda, Elminazın nənəsigildə, əsasən evdə baş vermişdir. Hadisə Elminazın “mən atamın yolunu getmək istəyirəm” deməsinə görə baş vermişdir. Belə ki, onun atası narkotik vasitələrin dövriyyəsinə görə cəzaçəkmə müəssisəsində hazırda cəza çəkir. O, Elminazın nənəsigilə gedərkən Elminaz və Aysel orada idi, Laçın isə sonradan gəlmişdir. Vurduğu bıçaq zərbələrini xatırlamır. Əvvəllər də Elminaz ilə onun arasında mübahisə olmuşdur. Hadisədən bir gün əvvəl olan mübahisədə Elminaza onun burnunu qıracağımı bildirmişdir. Mübahisə zamanı Elminaza onu öldürəcəyini bildirməmişdir. Mübahisə zamanı otağa daxil olan zaman otaqda Elminaz, onun bacısı, qardaşı və iki nənəsi də otaqda olmuşlar. Otağa daxil olan zaman Elminaza “dur hazırlaş, gedirik” demişdir. Elminazın nənəsindən 50 manat borc almış, həmin borcu rayona yasa getmək üçün almışdır. Həmin borcu qaytarmışdır. Üzərində olan bıçaqdan işlədiyi fermada heyvanların dırnaqlarına daş girəndə çıxarmaq üçün istifadə etmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, orta təhsilini Ağcabədi rayonu, Boyat kəndində yerləşən tam orta məktəbdə aldıqdan sonra ali məktəbə qəbul olunmamış, səhhətində problem olması səbəbindən hərbi xidmətə aparılmamışdır. Təxminən 2-3 il olar ki, işləmək üçün Bakı şəhərinə köçüb müxtəlif ünvanlarda kirayədə yaşamış, tikinti sahələrində fəhləlik etmişdir. Həbs olunan qədər də rəsmi olaraq heç bir yerdə işləməmiş, son dövrlərdə xalası oğlu X3 rayonu, Məmmədli kəndində icarəyə götürdüyü fermada onun heyvanlarına baxmışdır. Zərərçəkmiş şəxs1 ilə təxminən 3 il bundan əvvəl onun təhsil aldığı 170 nömrəli məktəbdə tanış olmuşlar. Həmin dövrdə özü Sabunçu qəsəbəsində yaşadığı üçün Elminazı orada görüb onunla tanış olduqdan Elminazın ailə üzvlərinin onu başqa bir oğlana ərə vermək istədiklərini eşidib bir il sonra onu qaçırmışdır. O, Elminazı qaçırdan zaman 17 yaşında olduğu üçün onlar bir il sonra rəsmi nikaha daxil olmuşlar. Ər-arvad kimi yaşamağa başladıqları dövrdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində kirayəyə ev götürüb yaşamağa başlamış, onunla nikahından 02 oktyabr 2023-cü il təvəllüdlü oğlu X2 dünyaya gəlmişdir. Onlar ailəli olduqları müddətdə özü fəhləliklə məşğul olub ailəsini saxlamış, Elminaz isə heç bir yerdə işləməmişdir. Onun arvadı Elminazla münasibəti daim yaxşı olmuş, onlar bir-birlərini sevib ailə qurduqları üçün aralarında heç bir ədavət olmamışdır. Hər bir ailədə olduğu kimi onların da aralarında arabir sözlü mübahisələr olsa da, sonradan münasibətləri qaydasına düşmüşdür. Bu illər ərzində o, Elminazı döyməmiş, əzab-işgəncə verməmişdir. Elminaz özü də heç vaxt ondan hər hansı bir hüquq-mühafizə orqanına şikayət etməmişdir. Onların ailə üzvlərinin də münasibətləri yaxşı olmuş, Elminazın ailəsi ilə arasında ədavət olmamışdır. Arvadı Elminazın bacısı Zərərçəkmiş şəxs3, nənələri Zərərçəkmiş şəxs2 və Şahid1 ilə münasibətləri normal olmuş, onlarla arasında heç bir ədavət, düşmənçilik olmamışdır. Daim bir böyük kimi nənələrinə hörmətlə yanaşmış, heç bir inciklik olmamışdır. Oğlu Hüseynin ayağında problem olduğu üçün qərara gəlmişdir ki, evə həkim çağırsın. Lakin Elminazın nənəsi Şahid1 onlara bildirmişdir ki, X4 PHŞ onların evlərinin yanında yerləşir, buna görə də təklif etmişdir ki, uşağı onlara gətirsinlər ki, özü onu həkimə aparsın. O, razılıq verdikdən sonra 15 may 2024-cü il tarixdə arvadı Elminazı və oğlu Hüseyni onların evlərinə gətirmişdir. Onlar danışmışlar ki, uşağı Elminaz nənə özü aparıbgetirəcək, arvadı Elminaz isə evə qayıdacaqdır. 16 may 2024-cü il tarixdə işdən yorğun evə qayıtmış, ac olsa da, özünə yemək hazırlamaq bacarığı olmadığı üçün arvadı Elminaza zəng vurub ona hansı səbəb görə evə qayıtmadığını, ac olduğunu demişdir. Elminaz isə nənəsinə kömək etmək üçün orada qaldığını bildirmişdir. O, Elminaza onlar hələ uşağı gətirməzdən əvvəl nənəsinin onlara ehtiyac olmadığını, uşağı özünün aparıbgətirəcəyini dediyini xatırlatmışdır. Onun bu sözündən sonra aralarında sözlü mübahisə olmuş, mübahisə zamanı Elminaz ona atasının yolunu davam etdirəcəyini, onun kimi narkotik vasitələrdən istifadə edəcəyini, ondan ayrılacağını bildirdiyi üçün əsəbləşərək Elminazın və ailəsinin ünvanına söyüşlər işlətmiş, evə qayıdanda onun burnunu sındıracağını demişdir. Onlar bir qədər mübahisə etdikdən sonra Elminazın interneti bitdiyi üçün danışıqları yarımçıq qalmışdır. Səhəri gün yəni 17 may 2024-cü il tarixdə saat 16 radələrində evdən çıxıb arvadı Elminazgilin ünvan 4 ünvanında yerləşən evlərinə getmişdir. Ora çatanda saat 17 radələri olmuşdur. Onu qapıda arvadının nənəsi Şahid1 qarşılamış və o, Elminazdan arvadının harada olduğunu soruşmuş, Elminaz cavabında onun yatdığını bildirmişdir. Bundan sonra ona tapşırmışdır ki, arvadına onun gəldiyini xəbər versin, hazırlaşsın ki, birlikdə evə qayıtsınlar. Həmin vaxtı sakit olmuş, Elminazla arasında heç bir mübahisə olmamışdır. Bir qədər keçmiş arvadının ana nənəsi Zərərçəkmiş şəxs2 həmin ünvana gəlib aqressiv şəkildə onunla danışaraq Elminazı aparmağa icazə verməyəcəyini, onları boşadıb Elminazı ondan da yaxşı bir oğlana ərə verəcəyini demişdir. Laçının bu sözlərindən sonra əsəbləri pozulmuş, bu səbəbdən də onunla mübahisə etməyə başlamışdır. Laçın onun ünvanına nalayiq söyüşlər işlətdiyi üçün onun sifət nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Sonra isə əsəblərinə hakim ola bilməyib cibində saxladığı bıçağı çıxardaraq məlum hadisəni törətmişdir. Lakin dəqiq olaraq kimə və hansı şəraitdə bıçaq xəsarətləri yetirməyini xatırlamır. Özü əvvəllər yol nəqliyyat hadisəsi keçirdiyi üçün arada idarəetməni itirir. Buna görə də 17 may 2024-cü il tarixdə baş vermiş hadisəni heç cür xatırlaya bilmir. 17 may 2024-cü il tarixdə saat 17 radələrində arvadı Zərərçəkmiş şəxs1 yaşadığı anasıgilin evinə gəlib aqressiv şəkildə ondan hazırlaşmasını tələb etməsi, onu evə aparıb burnunu sındıracağı ilə hədələməsi, bundan sonra baldızı Zərərçəkmiş şəxs3 nənələri Zərərçəkmiş şəxs2 zəng vurub onu sakitləşdirməsi üçün evə çağırması, Zərərçəkmiş şəxs2 gəlib ondan sakitləşməsini tələb edərək qolundan tutub evdən çıxmasını istəməsi, onun isə həmin vaxtı Zərərçəkmiş şəxs2 burun nahiyəsindən yumruqla zərbəsi vurması, sonra isə baldızı Zərərçəkmiş şəxs3 boğaz nahiyəsinə xəsarət yetirib evə daxil olaraq arvadı Elminazı yerə yıxıb başını kəsəcəyini bildirməsi, onun nənəsi Şahid1 nəvəsini qorumağa çalışanda onu əli ilə itələdiyi üçün sonuncunun yıxılaraq başının stola dəyməsi, sonra isə yerdə uzanıqlı vəziyyətdə olan arvadı Elminazın başından və sol böyründən əlində olan bıçaqla vurub xəsarət yetirməsi, bu zaman Zərərçəkmiş şəxs2 nəvəsini müdafiə etdiyi üçün ona da sol böyründən vurub xəsarət yetirməsi, bıçağı tutub saxlamağa çalışan zaman əlini kəsməsi barədə göstərilənlərlə bağlı bildirmişdir ki, bu barədə dəqiq bir söz deyə bilmir. Bəlkə də həqiqətən də hadisə göstərilən şəraitdə baş vermişdir. Dediyi kimi yalnız Zərərçəkmiş şəxs2 yumruq zərbəsi vurduğunu xatırlayır. Sonradan kimə və hansı şəraitdə bıçaqla xəsarətlər yetirməyini xatırlaya bilmir. Onun davası yalnız arvadı Elminazla olmuşdur. Onların mübahisələrinə səbəb Elminazın onunla birlikdə evə qayıtmaq istəməməsi, ondan boşanmaq istəməsi olmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə heç bir davası olmamışdır. Ola bilsin ki, onlar hadisə baş verən günü onun arvadı ilə arasında olan mübahisəyə müdaxilə etdikləri üçün onları da bıçaqla vurmuşdur. Onun onları bıçaqlamaqda məqsədi öldürmək olmamışdır. Ümumiyyətlə kimisə öldürmək, bıçaqlamaq fikiri olmamışdır. Özündə olmadığına görə hadisə zamanı nə kimi hərəkətlər etdiyini xatırlamır. Fermada heyvanlara qulluq etdiyi üçün bıçaq daim üstündə olmuşdur. Həmin bıçaqla qoyun, quzunun dırnağını kəsmişdir. Hadisə günü də bıçağı məqsədli şəkildə gətirməmişdir. Həmin bıçaq açılıb-bağlanan olmaqla dəmir materialdan hazırlanmış, uzunluğu təxminən 10-15 sm olmuşdur. Hadisədən sonra həyəcanlı olduğu üçün bir qədər gəzişdikdən sonra avtobusa əyləşərək evə getmiş, hətta əsəbindən öz ayağına da bıçaqla xəsarət yetirmişdir. Sonra isə paltarlarını dəyişmiş, sellofan paketə qoyub bıçağı da həmin paketə atıb Məmmədəli qəsəbəsində zibil yeşiyinə tullamışdır. Hadisədən sonra heç kimlə görüşməmişdir. Cinayət törətməyi barədə heç kimə məlumat verməmişdir. Hadisənin şahidi olmuş şəxslər barədə heç bir məlumatı yoxdur. Əməlindən peşmandır. Əgər arvadı vaxtında ona qoşulub evə getsəydi o, heç vaxt belə bir hadisə törətməzdi. Bir daha bildirmişdir ki, əsəbi olduğu üçün özünü idarə edə bilməmişdir (cild 2, iş vərəqi 4-7). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 126.2.2, 126.2.3 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona, bacısına və nənəsinə xəsarət yetirmişdir. Hadisə günü Elnur onunla dalaşacağı üçün qapını bağlamışdılar. Həmin gün övladını həkimə aparmalıydılar. Bu vaxt Elnur paltarını geyinməyini ona bildirmişdir. O isə Elnurun ona dediyini etməyə başladığı vaxt hadisə baş verdi. Elnur hadisə günü ona başını kəsəcəyini bildirmişdi. İbtidai istintaq zamanı veridiyi ifadəni təsdiq edir. Zərərçəkmiş şəxs1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, hadisədən bir gün əvvəl Elnur ilə dalaşmışlar. Hadisə baş verən gün nənəsigilə qonaq gəlmişdir. Hadisə vaxtı bacısı və iki nənəsi orada idi. Nənəsigildə övladını müalicə etdirirdi, ona görə ora gəlmişdir. Elnur birinci olaraq bıçaqla ona xəsarət yetirmişdir. Hadisə səs-küyə görə qonşuların gəlməsi səbəbindən qutarmışdır. Təcili tibbi yardımı həm onlar, həm də ki, qonşular çağırmışdılar. Təcili tibbi yardımı çağıran zaman Elnur artıq getmişdir. Elnur həyətə daxil olan zaman o evdə olmuşdur. Həmin vaxt nənəsi paltar asmağa getmiş, bacısı ilə o isə evdə olmuşdur. Elnur həyətə daxil olan vaxt o evdə yatırmışdır. Səs-küy vaxtı Elnur ona: “sənin başını kəsəcəm”-deyə bildirmişdir. Elnurla dalaşdıqlarını əks etdirən Whatsapp yazışmalarını istintaqa təqdim etmişdir. O, bacısını Elnur otağa daxil olmamışdan əvvəl nənəsinə xəbər verməsi üçün göndərmişdir. Elnur otağa daxil olmamışdan əvvəl onun bacısına və nənəsinə xəsarət yetirməsi ilə bağlı səslər gəlirdi. Elnur o, olan otağa daxil olan vaxt onu yerə uzadıb bıçaqladı. Elnur o olan otağa daxil olan vaxt nənəsi də orada olmuşdur. Nənəsi onunla Elnuru ayırmağa çalışsa da gücü çatmayıb. Elnur ilk olaraq yumruq təpiklə, sonradan isə bıçaqla ona xəsarət yetirmişdir. Elnur bıçaqla əvvəlcə onun başından xəsarət yetirmişdir. Otaqda olan nənəsi atasının anası olan Elminaz idi. Nənəsi Elnurda bıçaq olduğunu bilirdi. Anasının anası olan nənəsi Elnur onu bıçaqlamamışdan əvvəl evə gəlmişdir. O, Elnurun Elminaz nənəsini itələməsini görmüşdür. Elnurun Laçın nənəsini bıçaqla vurmasını görmüşdür. Onu hadisə yerindən qardaşı çıxarmışdır. Elnur nənəsi Laçının ağ ciyərinə bıçaqla xəsarət yetirmişdir. Hadisə yerindən çıxmağına qonşular köməklik etmişdir. Elnur xəstəxana xərcləri ilə bağlı onlara köməklik etməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün nəvəsi Aysel onu çağıraraq Elnurun gəldiyini, əsəbi olduğunu və qorxduqlarını bildirmişdir. O isə buna görə evə geri qayıtmışdır. Evə çatan zaman Elnurun mətbəxdə olduğunu görmüşdür. Onu sakitləşdirmək üçün çölə çağırmış, çölə çıxan zaman danışmağa başlayanda Elnur yumruqla onu vurmuşdur. O, Elnura nəyə görə onu vurduğunu deyib sinəsindən tutan vaxt Elnur evə daxil olmuş və Elminaza toxunub yerə yıxmışdır. Bundan sonra o, tez evə daxil olmuş, evə daxil olanda Elnurun Elminazın baş nahiyyəsinə və kürək nahiyyəsinə bıçaqla xəsarət yetirdiyini görmüş və tez Elnurun əlindəki bıçağın tiyəsindən tutmuşdur. Elnur bıçağı çəkən vaxt onun əli kəsilmiş, Elnur həmin an onun kürək nahiyyəsindən bıçaqla vurmuşdur. Bundan sonra baş verənləri tam xatırlamır. Bir müddət sonra Təcili tibbi yardım gəlib onu və nəvələrini xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, evə gələn vaxt Elnurun hirsli olduğunu görmüşdür. Elminaza kömək edərkən Elnur onu bıçaqlamışdır. Ona evin içində xəsarət yetirmişdir. Elnur ona xəsarət yetirən vaxt orada nəvələrinin ata nənəsi Elminaz və nəvəsi Elminaz var idi. Elnur Ayselə çöldə xəsarət yetirmişdir. Elnur birinci olaraq Ayselə, sonra isə onlara xəsarət yetirmişdir. Elnurun Elminaza “səni öldürəcəm və başını kəsəcəm” sözləri deməsini eşitməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Elnur ilə bacısı dalaşdıqları üçün onlar qapını bağlamışdılar. Bu vaxt bacısı ilə o, evdə olan vaxt Elnurun həyətə daxil olduğunu görmüşdür, sonuncu ona qışqıra-qışqıra: “get bacına de tez paltarını geyinib gəlsin”-deyə bildirmişdir. Bu vaxt o, gedib bacısını yuxudan oyatmışdır. Dava-dalaş baş verəcəyini başa düşüb, nənəsi Laçını çağırmağa getmişdir. Nənəsi gələndən sonra Elnur nənəsinə həm yumruq və təpiklə zərbələr vurdu, həm də bıçaqla vurub xəsarətlər yetirmişdir. Bundan sonra Elnur onun boyun nahiyyəsinə bıçaqla zərbə vurmuşdur. Sonra isə otağa keçib bacısına əvvəlcə yumruq və təpiklə sonra isə bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, bacısı hadisə baş verməmişdən əvvəl Elnur ilə dalaşdığını və sonuncunun evə gələcəyini bildirmişdir. Bacısına Elnurun gəldiyini o, demişdir. Elnur birinci olaraq nənəsinə, sonra bacısına, ən sonda isə ona xəsarət yetirmişdir. Elnur həyətə daxil olanda çox əsəbi olmuşdur. Bacısı evə getmək üçün hazırlaşmağa başlamışdır. Elnur bacısına “səni öldürəcəm”, “başını kəsəcəm” kimi sözlər demişdir. Elnurun Laçının nənəsini yumruq və təpiklə vurmasını görsə də, bıçaqla vurmasını görməmişdir. Elnurun bacısını yerə uzatdığını görmüşdür. Həmin vaxt bıçaq Elnurun əlində olmuşdur. İçəri daxil olanda Elnurun bacısının başından və döş qəfəsindən vurduğunu, yenədə zərbələr vurmağa davam etdiyini görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs yaşadıqları evə daxil olub Zərərçəkmiş şəxs1 səsləyərək ondan harda olduğunu soruşmuşdur. O, Elminazın evdə olduğunu və yatdığını bildirmiş və onu çağırmışdır. Həmin məqamda otağa Zərərçəkmiş şəxs2 gəlmiş, otaqda səs-küy salaraq Təqsirləndirilən şəxs evi tərk etməsini bildirmişdir. Elnur Zərərçəkmiş şəxs2yla bir qədər mübahisə edəndən sonra əsəbləşmiş, nəticədə məlum hadisə baş vermişdir. Hadisə zamanı yerə yıxıldığından dəqiq olaraq baş verənləri xatırlamır. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, hadisə zamanı evdə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 olmuşlar, ancaq onlar yatmışdır. Bu səbəbdən Elnur evin qapısını döyəndə qapını o, açmışdır. Elnur hadisə zamanı ona olan borcunu qaytarmış və onunla mübahisə etməmişdir. Hadisə zamanı Elnur əsəbi vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs2 evdə olan qızlar çagırmışdır. Hadisə zamanı o, Elnurun əlində bıçaq görməmişdir. Elnur Zərərçəkmiş şəxs1 baş və döş nahiyyəsinə xəsarətlər yetirmişdir. O, Elnurla Zərərçəkmiş şəxs1 arasında olan mübahisələri eşitməmişdir. “WhatsApp” sosial şəbəkəsində olan yazışmalarla bağlı məlumatı yoxdur. Müstəntiqə ifadə verdikdən sonra həmin ifadəni oxumamış imzalamışdır. Sonradan evə qonşular da gəlmişlər. Təqsirləndirilən şəxs hadisə zamanı ilk başda Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirmişdir. Sonra onun xatırladığı qədər Zərərçəkmiş şəxs3 qoluna və Zərərçəkmiş şəxs2 xəsarət yetirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü qonşuların evində səs-küy olduğundan evə tərəf gedib. Sonra evdə mübahisə yarandığını görmüşdür. Dava-dalaş edən şəxsləri araladıqdan sonra hadisə yerindən uzaqlaşmışdır. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, mübahisə əsasən Elnurla Zərərçəkmiş şəxs2 arasında olmuşdur. Onların hər ikisi yerdə əlbəyaxa vəziyyətdə olmuşlar. Hadisə yerinə təcili tibbi yardımı o, çağırmamışdır. Şəxsləri araladıqdan sonra hadisə yerindən uzaqlaşdığı üçün sonra baş verənlər barədə məlumatı yoxdur. Elnur adlı şəxsin əlində bıçaq və ya hadisə yerində hər hansı qan izlərini görməmişdir. Hadisə zamanı ətrafda olan insanları tam olaraq xatırlamır. Zərərçəkmiş şəxs3 xəsarət yetirilməsi ona sonradan məlum olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Müstəntiq ifadəsini əlyazma şəklində yazmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Xəqani oğlu ifadəsində göstərmişdir ki, hadisə zamanı o, kirayədə qaldığı evdə yatmışdır. Bir qədər sonra qonşuların evində səs-küy olduğundan evə tərəf getmiş və mübahisə yarandığını görmüşdür. Dava-dalaş edən şəxsləri araladıqdan sonra hadisə yerindən uzaqlaşıb. Hadisə baş verdikdən bir qədər sonra o, işə getmişdir. Artıq işdən qayıtdıqdan sonra baş verənlərdən xəbəri olmuşdur. Şahid3 Xəqani oğlu məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Hadisə zamanı Zərərçəkmiş şəxs1 boynunda qan izlərini görmüşdür. Elnur adlı şəxsin Zərərçəkmiş şəxs1 münasibətdə “sənin başını kəsəcəm” ifadəsini işlətdiyini eşitməmişdir. Eşitdiyinə görə Elnur adlı şəxs evdə olan bir neçə nəfərə bıçaqla xəsarət yetirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin materiallarında olan 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmişdir. İstintaq hərəkəti protokollaşdırılmış və fotoşəkillər çəkilərək istintaq materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 62-64). Cinayət işinin materiallarında olan 19 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs ona və ailə üzvlərinə bıçaq zərbəsi vurulduğu yeri, necə vurmasını hadisə yerində əyani şəkildə göstərmişdir. İstintaq hərəkəti protokollaşdırılmış və fotoşəkillər çəkilərək istintaq materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 37-41). Cinayət işinin materiallarında olan 19 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs ona və ailə üzvlərinə bıçaq zərbəsi vurulduğu yeri, necə vurmasını hadisə yerində əyani şəkildə göstərmişdir. İstintaq hərəkəti protokollaşdırılmış və fotoşəkillər çəkilərək istintaq materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 31-36). Cinayət işinin materiallarında olan 19 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs ona və ailə üzvlərinə bıçaq zərbəsi vurulduğu yeri, necə vurmasını hadisə yerində əyani şəkildə göstərmişdir. İstintaq hərəkəti protokollaşdırıİmiş və fotoşəkillər çəkilərək istintaq materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 26-30). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 17 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşir. Evin giriş qapısı dəmir materialdandır. Giriş qapısından içəri daxil olduqda mətbəx yerləşir. Mətbəx təxminən 6 kv metrdir. Mətbəxlə iç-içə təxminən 15 kv.m sahədə qonaq otağı vardır. Evə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, dəlil müəyyən edilmədi. Ətrafda yerləşən evlərdə də video müşahidə kamerası müəyyən edilmədi (cild 1, iş vərəqi 3-5). Məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2024cü il tarixli, 1539 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən bir ədəd, sol təpə-gicgah nahiyəsinin bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları və sağ dirsək oynağı nahiyəsinin kəsilmiş səthi yarası müəyyən edildi. Xəsarətlər deşici-kəsici əşya (əşyalar) təsirindən törənmişdir, bıçaqla yetirilən bilər, müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən bir ədəd, sol təpə-gicgah nahiyəsinin bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaralan ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sağ dirsək oynağının kəsilmiş səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğun üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 175- 177). Məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2024cü il tarixli, 1538 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 soltərəfli hemopnevmotoraksa (sol plevra boşluğuna sərbəst qan və hava yığılması) səbəb olan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol əlinin İİİ, İV və V barmaqlarının kəsilmiş səthi yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müəddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dəcərəsinə görə sol tərəfli hemopnevmotoraksa (sol plevra boşluğuna sərbəst qan və hava yığılması) səbəb olan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Sol əlin İİİ, İV və V barmaqlarının kəsilmiş səthi yaraları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 179-181). Məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2024cü il tarixli, 1155 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 boyun, sağ bazu nahiyələrinin və sağ əlin İV barmağının kəsilmiş yaraları (cəmi 4 ədəd), döş qəfəsinin qançırları müəyyən edildi. Xəsarətlərdən boyun, sağ bazu nahiyələrinin və sağ əlin İV barmağının kəsilmiş yaraları kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Döş qəfəsinin qançırları isə bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə boyun və sağ bazu nahiyələrinin kəsilmiş yaraları (cəmi 3 ədəd) hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Sağ əlin İV barmağının kəsilmiş yarası və döş. Qəfəsinin qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 183- 184). Məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2024cü il tarixli, 1156 nömrəli rəyindən görünür ki, Şahid1 sol ənsə nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024- cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 186-187). Məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2024cü il tarixli, 1171 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər iki təpə nahiyəsinin və sağ budun kəsilmiş səthi yaraları müəyyən edildi. Xəsarətlər kəsici kənara malik əşya təsirindən törənmişlər, şüşə qəlpələrin təsirindən əmələ gələ bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmişdir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi inkar olunur, bədənin əlçatan nahiyəsində yerləşdiyindən özü və kənar şəxs tərəfindən yetirilə bilər (cild 1, iş vərəqi 189- 190). Məhkəmədə tədqiq edilərək araşdırılmış kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə-tibbi kriminalistik tədqiqinə dair xx.xx.2024-cü il tarixli, 398/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus donun ön səthinin sağ yarısında bir ədəd, sağ qolunun arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törətnmişlər. Zərərçəkmiş şəxs2 məxsus gecə köynəyinin və xalatın hər birinin ön səthinin sol yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ölgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişlər. Zərərçəkmiş şəxs2 məxsus xalatın sağ qolunun dairəvi tikişi və qolun azad kənarındakı tikişin üzərində sökülmüş zədələr var. Bu zədələr küt yaranma mexanizminə malik olub paltarın həmin nahiyələrinin dartılma nəticəsində törənmişlər. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus paltarın üzərində olan deşilmiş-kəsilmiş zədələrin morfoloji əlamətləri bir-biri ilə oxşarlıq təşkil edir, bu zədələr eyni bir alətin, yaxud oxşar konstruktiv xüsusiyyətə malik alətlərin tiyəsinin təsirindən törənə bilər. Zədələr yetirilərkən zərərçəkənlərlə zərbəni endirən şəxs və ya şəxslər müxtəlif qarşılıq vəziyyətə ola bilər (cild 2, iş vərəqi 43-47). Məhkəmədə tədqiq edilərək araşdırılmış kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə-tibbi bioloji tədqiqinə dair xx.xx.2024-cü il tarixli, 536/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: 0/l/-dir. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu A/ll/-dir. (təqdim olunan şəxsiyyət vəsiqələrinin surətinə əsasən) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus xalat və gecə köynəyi üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup göstəriciləri təyin edildikdə A antigeni və həmçinin beta aqqlyutininin də alındı. Beləliklə, bu qan ləkələri A-beta/ll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus don üzərində keyfiyyət pozuntusuna məruz qalmış çox zəif intensivlikdə qan ləkələri aşkar olundu. Pozuntu prosessinə məruz qalmış qan denaturasiya nəticəsində həllolma xüsusiyyətini itirdiyindən onun növünü təyin etmək mümkün olmadı (cild 2, iş vərəqi 48- 52). Məhkəmədə tədqiq edilərək araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1973 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. O, ictimai təhlükəli əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istər ictimai təhlükəli cinayət əməlini törədərkən, istərsə də törətdikdən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir (cild 1, iş vərəqi 192-195). Cinayət işinin materiallarında olan 21 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X4 Publik Hüquqi şəxsindən götürülmüş hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd don, hadisə vaxtı Zərərçəkmiş şəxs2 əynində olmuş bir ədəd gecə paltarı və bir ədəd xalat maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (cild 2, iş vərəqi 58-78). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib ona 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqi 123-124). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 38). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 102-107). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş edirlər (cild 3). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü Hüseyn Əliyev adlı bir azyaşlı uşağı vardır (cild 2, iş vərəqi 21). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 126.2.2, 126.2.3 və 29,120.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü madəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi 20 (iyirmi) il olduğundan həmin cinayəti törətməyə cəhdə görə azadlıqdan məhrum etmə cəzasının müddəti Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən 20 (iyirmi) ilin dörddə üçündən, yəni 15 (on beş) ildən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 126.2.2 və 126.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 63.3-cü madəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayətlər” sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 may 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan X4 Publik Hüquqi şəxsindən götürülmüş hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd don, Zərərçəkmiş şəxs2 əynində olmuş bir ədəd gecə paltarı və bir ədəd xalat hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 126.2.2, 126.2.3 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 19 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan X4 Publik Hüquqi şəxsindən götürülmüş hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd don, Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd gecə paltarı və 1 ədəd xalat hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar