Məhkəmə qərarları › İş №1(101)-540/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-540/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-540/2021 09.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 14 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 16 avqust 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq vahid niyyətlə talamaq məqsədilə 30 iyul 2020-ci il tarixdə gecə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus mebel emalatxanasına həyət darvazasından keçməklə açıq qapıdan emalatxanaya qanunsuz daxil olaraq oradan 200 manat dəyərində künckəsici aparatı, 200 manat dəyərində batareya ilə olan qazma (drel) aparatı, 65 manat dəyərində qazma (drel) aparatı, 200 manat və 350 manat dəyərində olan iki ədəd perforator aparatı, 10 avqust 2020-ci il tarixdə eyni üsulla həmin ünvandan əvvəlcədən planlaşdırdığı kimi vahid niyyətlə 150 manat dəyərində künc kəsici aparatı, 45 manat dəyərində qazma (drel) aparatı, 48 manat dəyərində 2 qab dolğu və 2 ədəd dolğu suyu (tiner), 1.100 manat dəyərində qoşamismar vuran tapança aparatı, 350 manat dəyərində divan tikmək üçün tapança aparatı, 170 manat dəyərində mebel cilalayan aparatı və 60 manat dəyərində laqonda aparatını gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 2.938 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, satış məqsədi ilə qanunsuz olaraq naməlum şəxsdən Bakı şəhəri, Nəsimi rayonu, “Sovetski” adlanan yerdə 50 manat verməklə bir ədəd siqaretin şəffaf selofanına bükülmüş ümumi təmiz çəkisi 2,268 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə etmiş, üzərində saxlamış və daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 avqust 2020-ci il tarixdə saat 18:45 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılıb Suraxanı RPİ 32-ci Polis bölməsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli siqaretin şəffaf rəngli selofana bükülü vəziyyətdə ümumi təmiz çəkisi 2,268 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilmir, lakin 177.2.3-cü maddəsi ilə verilmiş ittihamla razıdır. Oğurluq etdiyini etiraf edir, oğurladığı əşyaların bir hissəsini Zərərçəkmiş şəxs qaytarmışdır. Lakin onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu polis bölməsinə gətirdikdən sonra onu narkotik vasitə ilə həbs edəcəklərini və ona məhkəmə tərəfindən üç ilə qədər azadlıqdan məhrum etmə cəzasının veriləcəyini bildirmişlər. O da, polis əməkdaşlarının dedikləri ilə razılaşıb bütün sənədləri imzalamışdır. Sonradan bilmişdir ki, ona narkotik vasitələrin satışına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs Samirin emalatxanasına iki dəfə oğurluğa girdiyini, lakin həmin emalatxananın Samirə aid olduğunu bilmədiyini, narkotik vasitələrdən istifadə etdiyini, bölməyə gələn zaman videoçəkiliş edildiyini, polis əməkdaşlarının onu səhər saat 9-da evdən tutub bölməyə apardıqlarını, həmin vaxt zərərçəkmiş şəxslə onu görüşdürdüklərini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq oldundu. O, həmin ifadəsində göstərmişdir ki, 2004-cü ildə ailə həyatı qurmuş və bu nikahdan 11 və 12 yaşlarında iki övladı vardır. 2007-ci ildə oğurluq etdiyi üçün Suraxanı rayon Məhkəməsi tərəfindən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və bir hissəsini həbsdə qaldıqdan sonra komendaturaya çıxmış, 2011-ci ildə isə tam azad olunmuşdur. Həmin vaxtdan indiyə kimi bir dəfə 2020-ci ilin yanvar ayının sonlarında xırda talama inzibati xətası törətdiyi üçün 30 gün inzibati həbs olunmuş və fevral ayının sonlarında azadlığa buraxılmışdır. Təxminən 3 ildir ki, narkotik vasitənin kokos kimi tanıdığı növündən inyeksiya yolu ilə qəbul edir. Narkotik maddəni Bakı şəhərində və Qaraçuxur qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxslərdən öz istifadəsi üçün alır. 30 iyul 2020-ci il tarixdə axşam saat 03 radələrində ünvan 2 ünvanda yerləşən mebel emalatxanasının həyətinə darvazadan aşmaq yolu ilə daxil olaraq oradan bir ədəd “Bosch” markalı perforator, bir ədəd taxta kəsən aparatı (lobzik) və iki ədəd dolğu oğurlamışdır. Həmin oğurluğu edən zaman orada bir ədəd künc kəsici aləti (uqlorez) də görmüş, lakin ağır olduğu üçün oğurlaya bilməmişdir. Bundan sonra qərara almışdır ki, sonra təkrar həmin yerə gizli daxil olaraq oradan uqlarezi oğurlasın. Oğurladığı bir ədəd “Bosch” markalı preferator və iki ədəd dolğunu yaşadığı evə aparıb həyətdə gizlətmişdir ki, heç kim görməsin, bir ədəd lobziki isə işləmədiyi üçün yadında qalmayan yerdə zibil qutusuna atmışdır. Sabahı gün “Bosch” markalı preferatoru aparıb qonşuluqda yaşayan Pənah adlı şəxsə 70 manata satmışdır. Həmin vaxt Pənaha preferatorun özünə məxsus olduğunu bildirmişdir. Oğurladığı iki ədəd dolğunu isə yaşadığı evin arxasında həyətdə köhnə əşyaları yığdığı taxta şkafın içərisinə gizlədib saxlamışdır. Bundan sonra, 10 avqust 2020-ci il tarixdə gecə saat 03 radələrində təkrar ünvan 2 ünvanda yerləşən mebel emalatxanasının həyətinə hasardan keçmək yolu ilə daxil olaraq oradan qabaqcadan niyyətində olduğu bir ədəd künc kəsici aləti (uqlarez) gizli olaraq oğurlamışdır. Həmin alət ağır olduğu üçün hasara kimi əlində daşımış və hasarın yanında kəndirdən istifadə edərək aləti hasarın yuxarı hissəsinə qaldırmış və həmin iplə bayıra sallamışdır. Bundan sonra özü hasardan bayıra çıxmış və oğurladığı künc kəsici aləti yaşadığı evə aparıb heç kim görməsin deyə həyətdə görünməyən yerdə gizlətmişdir. Sabahı gün oğurladığı həmin künckəsici aparatı da aparıb qonşuluqda yaşayan Şahid3 90 manata satmışdır. Həmin vaxt da Şahid3 alətin özünə məxsus olduğunu bildirmişdir. Oğurluq yolu ilə əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 14 avqust 2020-ci il tarixdə səhər təxminən saat 10 radələrində yaşadığı evdən çıxıb və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində məscidin yanında üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 10 manata “iki çet” narkotik vasitə kokos almışdır. Bundan sonra heç kimin olmadığı kənar bir yerə çəkilmiş və aldığı “iki çet” kokosun bir çetini inyeksiya yolu ilə qəbul etmiş, digər qalan bir ədəd çeti isə əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, sonra istifadə etsin. Bir az özünə gəldikdən sonra yaşadığı məhəlləyə qayıtmış və axşama kimi yaşadığı məhəllədə olmuşdur. Həmin gün saat 18-19 radələrində yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi, ev 9A ünvanın qarşısında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra özü barədə məlumat verməyini istəmişlər və o da, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu vaxt polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olduğunu bildirərək, Bakı şəhəri, Suraxanı RPİ 32-ci PByə dəvət etmişlər. O da, razılaşmış və polis əməkdaşları ilə birlikdə 32-ci PB-yə gəlmişdir. Suraxanı RPİ-nin 32-ci PB-də olan otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və buna görə də, dövlət hesabına müdafiəçi ilə təmin olunacağını qeyd etmişlər. Bir müddət sonra ona dövlət hesabına təyin edilmiş müdafiəçi gəldikdən sonra üzərində videogörüntü ilə axtarış həyata keçirilmişdir. Əvvəlcə ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməyi təklif olunmuş, o da, əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin gün səhər saatlarında tanımadığı şəxsdən aldığı kokos kimi tanıdığı narkotik maddə olan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nə olması, haradan və nə vaxt əldə etməyi barədə soruşmuş, o da, həmin bükümün içərisində kokos kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Həmin narkotik maddəni 14 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində məscidin yanında üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün almışdır. Bundan sonra polis əməkdaşları tərəfindən həmin büküm götürülərək qablaşdırılmış, üzəri möhürlənmiş, bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra isə polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 150-154). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 30 iyul 2020-ci il və 10 avqust 2020-ci il tarixlərdə gecə saatlarında naməlum şəxsin sexdən oğurluq etməsi barədə 14 avqust 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Həmin tarixlərdə ona məxsus emalatxanadan 200 manat dəyərində künckəsici alət, 200 manat dəyərində bateriya ilə olan drel, 65 manat dəyərində drel, 200 manat dəyərində, 350 manat dəyərində olan iki ədəd perefarator, 150 manat dəyərində künckəsən aparat, 45 manat dəyərində drel, 48 manat dəyərində 2 qab dolğu və 2 ədəd dolğu suyu (tinər) oğurlanmışdır. Sonra emalatxanada özü baxış keçirmiş və əlavə olaraq 1.100 manat dəyərində qoşamismar vuran tapança, 350 manat dəyərində divan tikmək üçün tapança, 170 manat dəyərində mebel cilalayan aparat və 60 manat dəyərində laqonda oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona 2.938 manat dəyərində maddi ziyan dəymişdir. Hadisənin Zakir adlı şəxs tərəfindən törədilməsini hadisədən bir neçə gün sonra Zakir Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman bilmişdir. Zərərçəkmiş şəxs həmçinin işin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən oğurlanan əşyaların bir hissəsinin ona qaytarıldığını, hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayətinin və iddia tələbinin olmadığını bildirdi və bununla bağlı 17 fevral 2021-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirdi ki, 2020-ci ilin iyul ayından yaşadığı evdə təmir işləri aparmış və təxminən avqust ayının əvvəllərində qonşuluqda yaşayan Zakir adlı şəxs əlində perefaratorla yaşadığı evin həyətinə gəlmiş və əlindəki perefaratoru satmaq istədiyini bildirmişdir. Evdə işləyən ustalar bildirmişlər ki, həmin perefarator onlara iş üçün lazımdır və o da, həmin perefaratoru almazdan əvvəl ondan soruşmuşdur ki, həmin perefaratoru haradan əldə etmişdir. Zakir bildirmişdir ki, qohumunundur və xəstə olduğu üçün ona pul lazımdır, buna görə aləti satır. İlkin olaraq Zakir həmin aləti 150 manata satdığını bildirmiş, sonra isə danışaraq həmin aləti 70 manata ondan almışdır. Həmin gündən təxminən 10 gün sonra Zakir yenidən əlində taxtakəsən aparatla yaşadığı evin həyətinə gəlmişdir. Həmin aparatın qohumuna məxsus olduğunu və onu da satdığını bildirmişdir. Həmin gün də evdə işləyən ustalar alətin lazım olacağını bildirmiş və o, həmin aləti də Zakirdən 90 manata almışdır. Bundan bir neçə gün sonra ona məlum olmuşdur ki, həmin alətlər oğurluqdur. Bu səbəbdən Zakirdən aldığı həmin perefaratoru və taxtakəsən aparatı könüllü olaraq polisə təhvil vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin alətlərin oğurluq olması barədə məlumat olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri, Suraxanı RPİ 32-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 şahid qismində verdiyi ifadəsində bildirdi ki, Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi qəsəbəsi, 1-ci Vağzal küçəsində Zakir adlı şəxsin üzərində narkotik vasitələrin olacağı, həmin şəxsin geyimi və xüsusi əlamətləri barədə əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumat raportla polis bölməsinin rəisinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilməklə əməliyyat qrupunun yaradılması barədə əmr tərtib edilmişdir. 14 avqust 2020-ci il tarixdə əməliyyat qrupunun üzvü ilə birlikdə Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi ev 9A ünvanının qarşısında daxil olmuş məlumatda bildirilən əlamətlərinə görə həmin şəxsə oxşayan bir nəfərə yaxınlaşraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib adının Zakir olmasını dəqiqləşdirmiş, həmin şəxs özünü təqdim etmiş və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şəxsə narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olduğunu bildirərək onu 32-ci polis bölməsinə dəvət etmişlər. Sonra polis bölməsində vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən siqaretin şəffaf selofanında olan 1 ədəd bükümü çıxardaraq təqdim etmiş, həmin bükümün nə olduğu soruşulduqda “kokos” olduğunu, narkotik vasitəni 50 manata “Sovetski” adlanan yerdən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin büküm qablaşdırılaraq möhürlə möhürlənmişdir. Sonda isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı prorokol tərtib edilmiş və bütün iştirakçılar doğruluğunu imza ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs psixi və ya fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Suraxanı RPİ, 32-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək sonuncunun üzünə qarşı bildirməklə onu ifşa etmişdir (cild 1. İş vərəqi 161-164). İş materiallarına əlavə edilmiş 14 avqust 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükülü vəziyyətdə siqaretin şəffaf selofanını təqdim edərək həmin bükümün içərisində narkotik vasitə «kokos» olduğunu, həmin narkotik vasitəni 13 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Sovetski» deyilən ərazidə üzdən tanıdığı şəxsdən 50 manata aldığını bildirmişdir (cild 1, iş vərəqi 28-29). Cinayət işinə əlavə edilmiş 07 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində taxta şkafın içərisində saxladığı iki ədəd sarı rəngli metal qutuda olan dolğunu könüllü olaraq təqdim etmiş və istintaq hərəkətini əks etdirən fotoşəkil protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 159). İş materiallarına əlavə edilmiş 07 oktyabr 2020-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması barədə protokoldan görünür ki, 30 iyul 2020-ci il tarixdə saat 03 radələrində ünvan 6 yerləşən mebel emalatxanasından perforator, taxta kəsən aparat (lobzik) və iki ədəd dolğu oğurladığını, daha sonra təkrar 10 avqust 2020-ci il tarixdə oğurluq məqsədi ilə yenidən həmin ünvandan, yəni ünvan 6 yerləşən mebel emalatxanasından bir ədəd künc kəsici aləti (uqlarez) gizli olaraq oğurlamasını deyərək, hadisə yerini göstərmiş və istintaq hərəkəti zamanı çəkilmiş müvafiq fotoşəkillər protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 155-158). İş materiallarına əlavə edilmiş 07 oktyabr 2020-ci il tarixli tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, iki ədəd sarı rəngli metal qutularda olan dolğu, bir ədəd “Bosch” markalı perforator və bir ədəd taxtada künckəsici alət (uqlarez) Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, həmin şəxs əşyaları əlamətlərinə görə tanıyıb ona məxsus olmasını bildirmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 169-170). İş materiallarına əlavə edilmiş 08 oktyabr 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilərək diskə köçürülmüş bir ədəd videogörüntüyə baxış keçirilmişdir (cild 1, iş vərəqi 188). Məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2020-ci il tarixli 2851 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstələyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 204-205). Məhkəmə-kimyəvi ekspertizasının 15 avqust 2020-ci il tarixli 6/1559 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,268 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqata 0,1 qr. sərf edilmişdir, qalıq 2,168 qr. təşkil edir. (cild 1, iş vərəqi 44-48). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 oktyabr 2020-ci il tarixli 2068 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 207-209). İbtidai istintaq orqanının 18 noyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış ümumi çəkisi 2,268 qram olan kustar üsulla hazırlanmış heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD diskləri iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 224-234). Məhkəmə əmtəəşünaslıq ekspertizasının 10 noyabr 2020-ci il tarixli 9/4189 saylı rəyindən görünür ki, iki ədəd üzərində “Rim San, sellulozik dolqu, 2,5L” markalanması olan metal qabda qablaşdırılmış dolğu boyası 34 manat, bir ədəd üzərində “Bosch, GBH 4 DFE” markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş perforator 40 manat və bir ədəd üzərində markalanması olmayan (yazılar silinib), xarici görünüşünə görə uzun müddət istifadə edilmiş taxtada künc kəsən alət 120 manat olmaqla həmin əşyaların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 194 manat müəyyən edilir (cild 1, iş vərəqi 211-215). İş materiallarında olan 18 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində saxlanılaraq Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə gətirildiyi və orada ona fiziki təsir göstərildiyini bildirmiş, göstərilən faktla bağlı Bakı şəhəri, Suraxanı rayon prokurorluğunda araşdırma aparılaraq fakt təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir (cild 1, iş vərəqi 222-223). Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 01 may 2008-ci il tarixli hökmünün surətindən və 16 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 iyun 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 131-132, 217-218). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, hazırkı iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmişdir və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə belə hesab edir ki, həmin dəlillər təqsirləndirilən şəxs tərəfindən öz məsuliyyətini yüngülləşdirmək məqsədilə seçilmiş müdafiə taktikası kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməl az ağır, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməl isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, 15.4-cü maddəsinə əsasən isə, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardır, cəzanı ağırlaşdıran hallar isə məhkəmədə müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri, Suraxanı RPİ 32-ci Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.5-ci maddəsinə uyğun olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, 132.1.6-cı maddəsinin tələbinə görə isə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi çəkisi - 2,268 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 2,168 qramı məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk cinayət işində saxlanılmalı; - oğurluq yollu ilə əldə olunan üzərində “Rim San, sellulozik dolğu, 2,5L” markalanması olan metal qabda qablaşdırılmış iki ədəd dolğunun, bir ədəd “Bosch, GBH 4 DFE” markalı perforatorun və bir ədəd taxtada künc kəsici alətinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 189 (yüz səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2020-ci il tarixli 2851 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 14 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi çəkisi 2,268 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 2,168 qramı məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk cinayət işində saxlanılsın; - oğurluq yollu ilə əldə olunan üzərində “Rim San, sellulozik dolğu, 2,5L” markalanması olan metal qabda qablaşdırılmış iki ədəd dolğunun, bir ədəd “Bosch, GBH 4 DFE” markalı perforatorun və bir ədəd taxtada künc kəsici alətinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfləri hesab edilən 189 (yüz səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar