Məhkəmə qərarları › İş №1(101)-540/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-540/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-540/2024 27.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs Elnur Annagıevin və müdafiəçi – Bakı şəhəri, "Prospekt" Vəkil Bürosunun vəkili Müdafiəçi Aslan oğlunun iştirakı ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Gürcüstan Respublikasının Laqodexi rayonunda doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, Gürcüstan Respublikası, Laqodexi rayonunun Qabal kəndində qeydiyyatda olmaqla yaşamış, 04 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 05 mart 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Elnur Annagıevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Elnur Annagıev məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 7,719 qram olan narkotik vasitə heroinı əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai rayon Polis idarəsi, 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 mart 2023-cü il tarixdə saat 10:40-da Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2-də yerləşən «Kremlin» şadlıq sarayının yaxınlığında saxlanılıb Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 6/4-də yerləşən Xətai RPİ, 34-cü Polis şöbəsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,910 qram, 0,707 qram, 0,483 qram, 0,270 qram, 0,200 qram, 1,904 qram, 0,215 qram, 0,427 qram, 0,393 qram, 0,210 qram olmaqla, ümumi təmiz çəkisi 7,719 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Elnur Annagıevin həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Elnur Annagıevə qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs Elnur Annagıev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2023-cü il fevral ayının 28-də Gürcüstandan Azərbaycana gəlmişdir. Mart ayının 3-də «Legenda» çay evində polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, polis işçilərindən nəyə görə saxlanıldığını soruşduqda, onu döymüşlər. Mart ayının 4-də polislərin rəisi gəlmiş və onu qəbul etmişdir. Rəisin yanında da polis işçiləri onu döymüşlər. Bu gün də o, nəyə görə tutulduğunu bilmir. Verilən sualları cavablandıran təqsirləndirilən şəxs Elnur Annagıev bildirdi ki, o, Gürcüstan Respublikasının Laqodexi rayonunda anadan olmuşdur. 28 fevral 2023-cü il tarixdə Azərbaycana gəlmiş və mart ayının 3-də tutulmuşdur. Burada olduğu müddətdə oteldə qalmışdır. Saxlanıldığı vaxt o, artıq iki gün olmuşdur ki, oteldə yaşamışdır. «Legenda» çay evində Ərşad və Orxanla çay içəndə onları saxlamışlar. X3 da tutulmuş və onların işləri də məhkəmədə baxılır. Polis işçiləri tərəfindən saxlanıldığı gün onun üstünə baxış keçirmişlər. Onun üzərinə martın 3-də baxış keçirilsə də, sənədləşmədə martın 4-ü qeyd olunmuşdur. Çəkilişdən əvvəl təzyiqlər olunduğu üçün o, məcbur olub polis əməkdaşlarının dediklərini çəkilişdə demişdir. Onun üzərindən təxminən 7 qram narkotik vasitə götürülmüş, lakin həmin narkotik ona məxsus olmamışdır. O, latın qrafikası ilə yazıb-oxuya bilməmiş, lakin saxlanılarkən onun yanında vəkili olmuşdur. Ona psixoloji təzyiqlər edilmişdir. O, Bakıya gəldikdən 3 gün sonra tutulmuşdur. Onu Rasim adlı tanışı «Legenda» çay evinə gətirib düşürmüş, özü isə çıxıb getmişdir. Orada olarkən iki nəfər tanımadığı şəxs ona yaxınlaşmışlar. Kafedə olarkən Orxan Qulu oğlu ilə onun arasında problem olmuşdur. Orxan Qulu oğlunu o, əvvəlcədən tanımışdır. Mübahisə edən vaxtı orada olan Ərşad və Orxan onları aralamağa çalışmışlar. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Elnur Annagıev Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin ortalarından başlayaraq narkotik vasitə heroindən istifadə edir. Bakı şəhərində də olanda tanımadığı şəxslərdən heroin alıb qəbul edir. Sonuncu dəfə 01 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmiş və müvəqqəti olaraq oteldə qalmaq fikrinə düşmüşdür. Bu məqsədlə Nizami rayonu, Babək prospektində yerləşən «Astoria» hotelinə getmiş və orada 04 mart 2023-cü ilədək qalmaq üçün ödəniş edərək 5005-ci otaqda qalmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində «Astoria» hotelinin yaxınlığında olan zaman tanımadığı bir şəxsi görüb narkotik vasitə istifadəçisinə oxşadaraq narkotik satıb-satmadığını soruşmuşdur. O, narkotik vasitə təxminən 10 qram heroini olduğunu və 130 manata sata biləcəyini demişdir. O, razılaşıb 130 manatı verib ondan 1 ədəd siqaret selofanında olan 10 ədəd ağ kağız bükümdə heroini alıb əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, istifadə edər. 04 mart 2023-cü il tarixdə oteldə qalmaq vaxtdı bitdiyi üçün səhər oradan çıxmışdır ki, Gürcüstana getsin. Lakin Xətai rayonu, Telnov küçəsində işi olduğu üçün oraya getmişdir. Saat təxminən 10:30 radələrində Telnov küçəsində yerləşən «Kremlin» şadlıq sarayının yaxınlığı ilə gedən zaman ona mülki şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını deyib özünü təqdim etməyini bildirmişlər. O, özünü təqdim etdikdən sonra narkotik vasitələrdən istifadə etməyi və gəzdirməyi ilə bağlı məlumatları olduğunu deyib, onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Onların təklifi ilə razılaşıb birlikdə 34-cü PŞ-nə getmişlər. Orada otaqların birində ona təqdim olunmuş vəkilinin iştirakı ilə polis əməkdaşları videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparmışlar. Ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa, təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret selofanında olan 10 ədəd ağ kağız bükümdəki heroini stolun üzərinə qoymuşdur. Həmin maddənin nə olması soruşulduqda, onların narkotik vasitə olduğunu, özü üçün istifadə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Nizami rayonu, Babək prospektində yerləşən «Astoria» Hotelinin yanından tanımadığı şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Sonra üzərində axtarış davam etsə də, qanunla qadağan olunan maddə və ya əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş pulu isə özünə qaytarılmışdır. Sonra həmin maddə zərfə qoyulub möhürlənmiş və protokol tərtib edilib imzalanmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ondan yalnız özü üçün istifadə etdiyini göstərmişdir (cild 1, iş vərəqi 60-61). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran təqsirləndirilən şəxs Elnur Annagiyev dindirmə protokolundakı imzaların və sonda yazılan qeydin ona məxsus olduğunu, lakin həmin sözləri onun demədiyini, polis işçiləri özlərinin nə cür istəyiblərsə, həmin şəkildə də ifadəsini yazdıqlarını, özünün dindirilərkən təzyiq altında olduğunu və ifadəni oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai rayon Polis idarəsi, 34-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onu keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, 04 mart 2023-cü il tarixdə «Astoria» otelində müvəqqəti yaşayan Gürcüstan vətəndaşı X4 rayonu, Telnov küçəsində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat Şahid2 daxilolmuş, həmin məlumatla əlaqədar ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar həmin gün Xətai rayonu, Telnov küçəsinə getmişlər və Elnuru saxlayraraq 34-cü Polis şöbəsinə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Elnur Annagıevin üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Elnur əynində olan şalvarın sağ yan cibindən 10 bükümdə qəhvəyi rəngli toz halında maddələri stolun üzərinə qoyaraq təqdim etmiş, həmin maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni «Astoria» otelinin yanında tanımadığı şəxsdən 130 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç br təsir və təzyiq olunmamışdır. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitənin daşınması və istifadəsi barədə olmuş, həmin məlumatda narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi barədə heç nə bildirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai rayon Polis idarəsi, 34-cü Polis şöbəsinin sabiq əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, lakin onun saxlanılmasında iştirak etmişdir. Hazırda o, Bakı şəhər Baş Polis idarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir, lakin şəxsin saxlanılması zamanı 34-cu Polis şöbəsində əməliyyat müvəkkili işləmişdir. Həmin vaxt onlar bir gün ərzində 3-5 nəfərin saxlanılmasında iştirak etmişlər, buna görə də təqsirləndirilən şəxsin saxlanılması ilə bağlı detallar yadından çıxmışdır. Təhqiqat zamanı videoçəkiliş aparılmış, həmçinin o, müstəntiqə ifadə vermişdir. Baş verən hadisə videogörüntülərdə əks olunmuşdur, eləcə də müstəntiqə verdiyi ifadəsini təsdiq edir. Verilən sualları cavablandıran Şahid2 təxminən bir il olar ki, Bakı şəhər Baş Polis idarəsində əməliyyat müvəkkili işlədiyini, 34-cü Polis şöbəsində işləyərkən Telnov küçəsinin onun xidməti ərazisi olduğunu, təqsirləndirilən şəxsi xatırladığını, onu narkotik vasitənin ya istifadəsi, ya da dövriyyəsi ilə bağlı saxladıqlarını, təqsirləndirilən şəxsi saxlayarkən ona heç bir təsir və təzyiq olunmadığını, polis şöbəsində şəxsin üzərinə baxış keçirildiyini və videoçəkiliş aparıldığını, hadisədən sonra müstəntiqə ifadə verdiyini və həmin ifadəni təsdiq etdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, 04 mart 2023-cü il tarixdə səhər tezdən şöbəyə Nizami rayonu, Babək prospektində yerləşən «Astoria» Hotelində müvəqqəti yaşayan Gürcüstan vətəndaşı X5 rayonu, Telnov küçəsində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumatı aldıqdan sonra şöbə rəisinə raportla müraciət edilmiş və əməliyyat qrupu yaradılmışdır. O, qrupun rəhbəri, şöbənin əməliyyat müvəkkili Şahid1 isə qrupun üzvü təyin olunmuşdur. Bundan sonra Coşqunla Xətai rayonu, Telnov küçəsinə çıxaraq məlumatın dəqiq olub-olmasını yoxlamağa başlamışlar. Saat təxminən 10.40 radələrində Telnov küçəsi ilə gedən zaman əlamətlərindən Elnur Annagıevə bənzəyən bir şəxsi görüb ona yaxınlaşıb, ondan özünü təqdim etməsini istəmişlər. O, özünü Elnur Annagıev kimi təqdim etmiş və şəxsiyyətini təsdiq edən pasportunu da göstərmişdir. Bundan sonra ondan narkotik vasitələrdən istifadə etməkdə və üzərində gəzdirməkdə şübhələndiklərini bildirib onu 34-cü PŞ-yə dəvət etmişlər. Şöbənin xidməti otaqlarından birində Elnur müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş maddə, əşya və predimet varsa təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 10 bükümdə qəhvəyi rəngli toz halında olan maddələri stolun üzərinə qoymuşdur. Ondan həmin maddələrin nə olması soruşulduqda bildirmişdir ki, həmin maddələr narkotik vasitə olan heroindir, onu xx.xx.2023-cü il tarixdə saat 21.00 radələrində müvəqqəti olaraq qaldığı Nizami rayonu, Babək prospektində yerləşən «Astoria» Hotelinin yanında tanımadığı şəxsdən 130 manata özü üçün istifadə etmək məqsədilə alıb üzərində saxlamışdır. Sonra ondan hər hansı qanunla qadağan olunmuş maddə, əşya və predimet aşkar edilməmişdir. Bundan sonra həmin maddələr bükümlərlə birlikdə ölçüldükdə 11.44 qram olması müəyyən edilmişdir. Daha sonra həmin maddələr zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 91-92). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid2 dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu və elan olunmuş ifadəni təsdiq etdiyini, əməliyyat məlumatını hadisə günü təxminən 15-20 dəqiqə əvvəl aldıqlarını, əməliyyat məlumatının narkotik vasitənin daşınması və istifadəsi barədə olduğunu və satış məqsədi ilə həmin maddələrin əldə edilməsi barədə heç nə deyilmədiiyni, təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olunmadığını bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 04 mart 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə Xətai RPİ, 34-cü Polis şöbəsində Elnur Annagıevin üzərində videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, ona qanunla qadağan olunmuş maddə və ya əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Elnur Annagıev əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 10 bükümdə qəhvəyi rəngli toz halında olan maddələri stolun üzərinə qoymuş, ondan həmin maddələrin nə olması soruşulduqda, narkotik vasitə olan heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə saat 21.00 radələrində müvəqqəti olaraq qaldığı Nizami rayonu, Babək prospektində yerləşən «Astoria» Hotelinin yanında tanımadığı şəxsdən 130 manata özü istifadə etmək məqsədilə alıb üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılsa da, hər hansı qanunla qadağan olunmuş maddə, əşya və predimet aşkar edilməmişdir. Həmin maddələr zərfə qoyularaq möhürlənmiş, protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır (Cild 1, iş vərəqi 29-31). İş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilməsi haqqında 04 mart 2023-cü il tarixli protokoldan görünür ki, videogörüntülərdə əks olunanlarla Elnur Annagıevin üzərində şəxsi axtarış aparılması haqqında protokolda qeyd olunanlar arasında uyğunluq mövcuddur (Cild 1, iş vərəqi 50). Məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2023-cü il tarixli 6/1334 saylı rəyindən görünür ki, Elnur Annagıevdən aşkar olunmuş 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,910 qram, 0,707 qram, 0,483 qram, 0,270 qram, 0,200 qram, 1,904 qram, 0,215 qram, 0,427 qram, 0,393 qram, 0,210 qram, ümumi təmiz çəkisi 7,719 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir (Cild 1, iş vərəqi 38-42). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1664 nömrəli rəyindən görünür ki, Elnur Annagıevdə opioidlərdən istifadə etmə halları istisna olunmur. Lakin hal-hazırda Elnur Annagıevdə müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Elnur Annagıev narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür (Cild 1, iş vərəqi 98-99). İbtidai istintaq orqanının tarixli qərarı ilə Elnur Annagıevin üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk, onun üzərindən aşkar olunmaqla ekspertiza tədqiqatından sonra qalıq qalan 7,519 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş və 7,519 qram çəkidə narkotik vasitə heroin isə Xətai RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (Cild 1, iş vərəqi 101-104). Azərbaycan Respublikası DİN Baş Əməliyyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Elnur Annagıevin məhkumluğu barədə məlumat yoxdur (Cild 1, iş vərəqi 93). Məhkəmə iclasında təqsirləndirilən şəxs Elnur Annagıev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, mart ayının 3-də «Legenda» çay evində polis əməkdaşları tərəfindən saxlanıldığını, onun döyüldüyünü, «Legenda» çay evində Ərşad və Orxanla çay içəndə onların saxlanıldığını, X3ın da tutulduqlarını, üzərinə martın 3-də baxış keçirilsə də, sənədləşmədə martın 4-nün qeyd olunduğunu, çəkilişdən əvvəl təzyiqlər olunduğu üçün məcbur olub polis əməkdaşlarının dediklərini çəkiliş zamanı bildirdiyini, onun üzərindən təxminən 7 qram narkotik vasitə götürüldüynü, lakin həmin narkotikin ona məxsus olmadığını, latın qrafikası ilə yazıb-oxuya bilmədiyini, kafedə olarkən Orxan Qulu oğlu ilə onun arasında problem olduğunu, mübahisə vaxtı orada olan Ərşad və Orxanın onları aralamağa çalışdıqlarını, elan olunmuş ifadədə yazılanların onun sözləri olmadığını və dindirmə protokolunu oxumadan imzaladığını qeyd etdi və öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Elnur Annagıev müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş şəxsi axtarış zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Elnur Annagıev narkotik vasitənin özünə məxsus olduğunu, onu 03 mart 2023-cü il tarixdə saat təxminən 21 radələrində «Astoria» hotelinin yaxınlığında olan zaman tanımadığı şəxsdən 130 manat müqabilində alıb şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitəni heç kimə satmaq fikrində olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Elnur Annagıev müdafiəçisinin iştirakı ilə dindirilmiş və bütün dindirmə protokolları onlar tərəfindən imzalanmışdır. İttihamda qeyd olunan narkotik vasitəni polis əməkdaşlarının fiziki təzyiqləri və onu döymələri nəticəsində etiraf etməsi barədə Elnur Annagıevin gətirdiyi dəlillə bağlı isə məhkəmə qeyd etməyi lazım bilir ki, məhkəmə baxışı zamanı bu hal yoxlanılmış, onun saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına və Bakı şəhəri, Xətai rayon prokurorluğuna müvafiq sorğular verilərək cavablar alınmışdır. Bakı İstintaq təcridxanasının xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-454 saylı məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Elnur Annagıev xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətrilmiş, müayinə zamanı bədənində hər hansı xəsarət aşkar edilməmiş, şikayəti olmadığını bildirmiş, yalnız sol budun arxa səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Bakı şəhəri, Xətai rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli ********* saylı məktubundan görünür ki, Elnur Annagıev məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması barədə müraciət etmədiyindən və saxlanıldığı Bakı İstintaq təcridxanasından bədəni üzərində xəsarət izləri olması barədə məlumat daxil olmadığından rayon prokurorluğunda müvafiq araşdırma aparılmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, fiziki təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Elnur Annagıevə 7,719 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilmədi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 Baş idarəyə daxil olmuş əməliyyat məlumatında Elnur Annagıevin narkotik maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə heç nə deyilmədiyini bildirdilər. Həmçinin, işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Elnur Annagıevin istifadəsində hər hansı mobil nömrə olması müəyyən edilməmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Elnur Annagıevin 7,719 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Elnur Annagıevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Elnur Annagıevə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1- 1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxs Elnur Annagıevin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Elnur Annagıevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Elnur Annagıevə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxs Elnur Annagıevə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Elnur Annagıevin himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Elnur Annagıevə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Elnur Annagıevə təyin olunacaq cəzanın başlanğıcı 04 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Elnur Annagıev həmin tarixdə Bakı şəhəri, Xətai RPİ, 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin təqsirləndirilən şəxs Elnur Annagıevin 04 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Elnur Annagıevin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1664 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Elnur Annagıevdə opioidlərdən istifadə etmə halları istisna olunmasa da, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə Cinayət Məcəlləsinin 52-ci maddəsinin yuxarıda qeyd edilən tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Elnur Annagıev əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Xətai RPİnin saxlancına təhvil verilmiş maddi sübut - Elnur Annagıevdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,519 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxs Elnur Annagıevin şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Elnur Annagıevdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Elnur Annagıev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Elnur Annagıev təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Elnur Annagıevə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 52-ci maddəsinə əsasən, əsas cəzanı çəkdikdən sonra Elnur Annagıev barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin olunsun. Elnur Annagıev barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Xətai RPİ-nin saxlancına təhvil verilməklə təqsirləndirilən şəxs Elnur Annagıevdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,519 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - təqsirləndirilən şəxs Elnur Annagıevin şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Elnur Annagıevdən tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Elnur Annagıevə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar