Məhkəmə qərarları › İş №1(101)-541/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-541/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-541/2021 04.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X7 iştirakı ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X1 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 10 dekabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur və məhkəmə istintaqı mərhələsindədir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, 25 iyul 2019-cu il tarixdə saat 23 radələrində ünvan 2-də yerləşən «Manqal» kafesində, sərxoş vəziyyətdə mobil telefonla uca səslə danışaraq nalayiq sözlər işlədən Zərərçəkmiş şəxs iradını bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı sonuncu ona bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirdikdən sonra hərəkətlərini davam etdirən Zərərçəkmiş şəxs, dostu Şahid1 zərbələr vurduğunu görüb, sonuncunun həyatı üçün təhlükəli olan ağır xəsarət yetirəcəyini güman edərək, hadisə yerindən kənarda zibillikdən götürdüyü istintaqa məlum olmayan taxta materialdan hazırlanmış «pəncərə kənarı» ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya həyatı üçün təhlükəli olan «açıq kəllə-beyin travması, baş beynin orta dərəcəli əzilməsi, pnevmosefaliya, əsas sümüyün böyük qanadının xətti sınığı, sol almacıq sümüyün, sol almacıq qövsünün və alın çıxıntısının yerdəyişən qəlpəli sınığı, sol gicgah, təpə və ənsə nahiyələrinin çoxsaylı əzilmiş-kəsilmiş yaraları» ilə müşayiət edilən xəsarətlər yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqının gedişində dövlət ittihamçısı X6 vəsatətlə çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran zəruri müdafiə halı mövcud olduğundan barəsində aparılan cinayət təqibindən tam imtina edilməsini, iş üzrə icraata (cinayət təqibinə) Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsini və onun dərhal məhkəmə iclası zalında həbsdən azad edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, hazırki cinayət işi üzrə zərər çəkən şəxs Zərərçəkmiş şəxs 07 oktyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən Zərərçəkmiş şəxs məhkum edilmişdir ondan ötrü ki, 25 iyul 2019-cu il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yerləşən «Manqal» kafesinin həyətinə sərxoş vəziyyətdə gəlib orada mobil telefonla ucadan nalayiq sözlər işlədərək danışarkən həmin vaxt tanışları ilə kafedə ad gününü qeyd edən Təqsirləndirilən şəxs Seyfəddin oğlunun buna görə ona iradını bildirməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan, kafenin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslərin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək özünü digər şəxslərdən üstün tutub, gücünü nümayiş etdirməklə ümumi davarnış normalarına hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək nalayiq ifadələrlə Vüqar Nurməmədovu söyüb təhqir etmiş, silah qismində istifadə etdiyi bıçaqla qəsdən ona iki dəfə zərbə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran xəsarətlər yetirmiş, həmin vaxt ictimai borcunu yerinə yetirib onları ayırmaq istəyən X9 bıçaqla iki dəfə qəsdən zərbə vuraraq sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər və ictimai borcunu yerinə yetirib onu sakitləşdirmək istəyən Şahid1 xuliqanlıq niyyətilə qəsdən yumruq və təpiklə vurub yerə yıxmaqla sağlamlığın uzun müddətə (üç həftədən yuxarı) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Azərbaycan Respublikası CPM-nin 65.6-cı maddəsinə əsasən «Birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir». Bakı Ağır Cinayətlər Məhkəməsinin Zərərçəkmiş şəxs barəsində sözügedən hökmü qanuni qüvvəyə minmiş, belə olan halda qeyd olunan hökm Bakı Ağır Cinayətlər məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə dair hissədə preyudisial əhəmiyyətə malikdir və şərtsiz məcburidir. Hazırki cinayət işinin materialları, eləcə də Zərərçəkmiş şəxs barəsində istintaq edilmiş cinayət işinin materialları, o cümlədən 07 oktyabr 2020-ci il tarixli preyudisial əhəmiyyətə malik hökmlə müəyyən edilmişdir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 25 iyul 2019-cu il tarixdə «Manqal» kafesində, sərxoş vəziyyətdə mobil telefonla uca səslə danışaraq nalayiq sözlər işlədən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncu ona heç bir əsaslı səbəb olmadan bıçaqla qəsdən ağır dərəcəli bədən xəsarəti yetirdikdən sonra, hərəkətini davam etdirən Zərərçəkmiş şəxs həmin vaxt ictimai borcunu yerinə yetirib onları ayırmaq istəyən X9 bıçaqla iki dəfə qəsdən zərbə vuraraq sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər və ictimai borcunu yerinə yetirib onu sakitləşdirmək istəyən Şahid1 xuliqanlıq niyyətilə qəsdən yumruq və təpiklə vurub sağlamlığın uzun müddətə (üç həftədən yuxarı) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərkən, eyni zamanda Şahid1 əlindəki bıçaqla da vurmaq istəyərkən Təqsirləndirilən şəxs yerdən tapdığı taxta materialdan hazırlanmış «pəncərə kənarı» ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya həyatı üçün təhlükəli olan «açıq kəllə-beyin travması, baş beynin orta dərəcəli əzilməsi, pnevmosefaliya, əsas sümüyün böyük qanadının xətti sınığı, sol almacıq sümüyün, sol almacıq qövsünün və alın çıxıntısının yerdəyişən qəlpəli sınığı, sol gicgah, təpə və ənsə nahiyələrinin çoxsaylı əzilmiş-kəsilmiş yaraları» ilə müşayiət edilən xəsarətlər yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Həmçinin müəyyən edilmişdir ki, hazırki iş üzrə irəli sürülmüş ittiham işin faktiki hallarına, eləcə də preyudisial əhəmiyyətə malik olan hökmə uyğun deyil. Belə ki, Zərərçəkmiş şəxs hökmü ilə müəyyən edilir ki, sonuncu Təqsirləndirilən şəxs məhz qəsdən bıçaqla ağır xəsarəti yetirir, eləcə də ictimai borcunu yetirən şəxslərə qarşı müvafiq olaraq bıçaqla və yumruqtəpiklə müvafiq xəsarətlər yetirir, bundan başqa, Şahid1 əlindəki bıçaqla da qəsdən vurmaq istəmişdir ki, qeyd olunan bu hallar, o cümlədən Babək Fərhadova dair epizod hazırki iş üzrə irəli sürülmüş ittihamda ümumiyyətlə göstərilməmişdir. Sadaladığı bu hallar Zərərçəkmiş şəxs barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, həmin iş üzrə dindirilərək hökmə salınmış bütün proses iştirakçılarının ifadələri, eləcə də hazırda məhkəmə baxışında olan cinayət işi üzrə bütün ibtidai istintaq materiaları və məhkəmə baxışı zamanı artıq ifadələri alınmış «Təqsirləndirilən şəxs» və «zərər çəkən şəxs Zərərçəkmiş şəxs» səmimi etirafedici ifadələri ilə bir daha öz təsdiqini tapır. Bundan başqa, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs əməlinə hüquqi qiymət verilərkən (sübutların qiymətləndirilməsi haqqında qərarda da o cümlədən), sonuncunun köməksiz vəziyyətdə olub-olmamasına, eləcə də zəruri müdafiə vəziyyətində olub-olmamasına münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının CM-də beş hal «Əməlin cinayət olmasını aradan qaldıran hallar» adı altında xüsusi fəsildə müəyyən edilmişdir ki, belə hallardan biri də həmin Məcəllənin 36-cı maddəsində nəzərdə tutulan zəruri müdafiə halıdır. Zəruri müdafiə vətəndaşlara verilmiş ictimai təhlükəli qəsdlərdən qorunmağa imkan verən hüquqlardır. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən- zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Zəruri müdafiə – hücum edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qorunma vətəndaşların subyektiv hüququdur və cinayətkarlıqla mübarizənin təsirli vasitələrindəndir. Bu yolla təhlükənin qarşısı alınarkən yol verilən hərəkət, zəruri müdafiə həddini aşmırsa, cinayət sayılmır. Cinayət hüquq elminə görə qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli hücumun qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da, zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır. Yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: a) qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri; b) müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri. Qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqiliyi aşağıdakı şərtləri tələb olunur: - əməl ictimai təhlükəli olmalıdır, əməl şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; - qəsd mövcud olmalıdır, kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır. Bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır; - qəsd real olmalıdır, yəni varlıqda obyektiv olaraq baş verməlidir. Qəsd müdafiə edənin yanlış təsəvvürü ilə uydurulmamalıdır. Müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri isə bunlardır: - müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlməlidir; - müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilməlidir; - müdafiə zəruri müdafiə həddini aşmamalıdır. Hər iki cinayət işinini faktiki hallarından, eləcə də qüvvədə olan məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs zəruri müdafiə həddini aşmamış, özünü və başqa şəxsin (hətta şəxslərin) həyatını qəsd edənə zərər vurmaq yolu ilə ictimai təklükəli qəsddən qorumuşdur (bıçağa qarşı təsadüfən yerdən tapılan taxta parçası ilə). Göründüyü kimi hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilən hərəkətlər qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlir, yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün, zəruri müdafiə institutuna xarakterik olan bütün şərtlər mövcuddur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının vəsatətini işdəki sübutlarla əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən ittihamçının vəsatəti təmin edilməli, cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət təqibi üzrə toplanmış sübutlar qanuni yolla əldə edilməli, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzə toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməlidir. Yəni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən başlanılmış, 20 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və Xətai Rayon Məhkəməsinin 4(011)- 470/2020 nömrəli 20 iyul 2020-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 19 iyul 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa cinayət işi üzrə Zərərçəkmiş şəxs eyni hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-727/2020 saylı, 07 oktyabr 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4, 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs 25 iyul 2019-cu il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yerləşən «Manqal» kafesinin həyətinə sərxoş vəziyyətdə gəlib orada mobil telefonla ucadan nalayiq sözlər işlədərək danışarkən həmin vaxt tanışları ilə kafedə ad gününü qeyd edən Təqsirləndirilən şəxs Seyfəddin oğlunun buna görə ona iradını bildirməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan, kafenin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslərin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək özünü digər şəxslərdən üstün tutub, gücünü nümayiş etdirməklə ümumi davarnış normalarına hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək nalayiq ifadələrlə Vüqar Nurməmədovu söyüb təhqir etmiş, silah qismində istifadə etdiyi bıçaqla qəsdən ona iki dəfə zərbə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran xəsarətlər yetirmiş, həmin vaxt ictimai borcunu yerinə yetirib onları ayırmaq istəyən X9 bıçaqla iki dəfə qəsdən zərbə vuraraq sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər və ictimai borcunu yerinə yetirib onu sakitləşdirmək istəyən Şahid1 xuliqanlıq niyyətilə qəsdən yumruq və təpiklə vurub yerə yıxmaqla sağlamlığın uzun müddətə (üç həftədən yuxarı) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Qeyd olunan fakt Zərərçəkmiş şəxs barəsində olan hökmdə tam əks olunmaqdan başqa, həmçinin hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələrində öz əksini tapmışdır. Zərərçəkmiş şəxs məhkəməyə Təqsirləndirilən şəxs ilə barışdığı, ona qarşı heç bir şikayətinin olmaması barədə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici insan və vətəndaş hüquqlarının qorunması və müdafiəsi sahəsində, habelə cinayət qanunvericiliyi sahəsində müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək Konstitusiya ilə nəzərdə tutulan hədlərdə cinayət qanununun müddəalarının məzmununu, o cümlədən ictimai təhlükəli əməllərin törədilməsinə görə cəzaları və şəxsin cinayət törətməsinin digər cinayət-hüquqi nəticələrini müəyyən etməkdə haqlıdır. İctimai təhlükəli əməlin müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafəisindən bəhs edən 26-cı maddəsində deyilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa təqsirsiz sayılır. Şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Ədalət mühakiməsini təqsirsizlik prezumpsiyası prinsipi (CPM-in 21-ci maddəsi) şəxsin təqsiri Cinayət-Prosessual Məcələsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prossesual Məcəlləsinin 139-cü maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliyini sübutlara əsasən müəyyən edilməsini tələb edir. Eləcə də, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM-in 33-cü maddəsi) sübutlar,sübutlara dair normalar, o cümlədən cinayət–prosessual qanununun 125, 143-146-cı maddələri, həmin əsaslığına dair müddəalar (CPM maddə 349.5) tələb edir ki, məhkəmə müəyyən edilmiş faktların sayılması üçün nəticələrinin həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan, tam, hərtərəfli və obyektiv yoxlanıllmış, mənsubiyyəti, mümkünlüyü, mötəbrəliyi ilə lazımınca qiymətyəndirilmiş sübutlar vasitəsi ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət- Prossesual Məcəlləsinin 21, 349-cu maddələrinin tələb eydiyi kimi məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bununla bağlı «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 4cü bəndində göstərilir ki, qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Bundan başqa «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququndan bəhs edən 6-cı maddəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələrimüəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. ... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir". Konstitusiyanın 68.1-ci maddəsinin tələbinə görə hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Konstitusiyanın 71-ci maddəsində nəzərdə tutulur ki, bu konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Konstitusiyanın 125-ci maddəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7-ci madəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin əməlin cinayət olmasını aradan qaldıran hallar adlandırılan 8-ci fəslində 36-cı maddədə nəzərdə tutulur ki, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai-təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etməkdir. Həmin Məcəllənin 39-cu maddəsində cinayət təqibini istisna edən hallar göstərilmişdir. Belə ki, 39.1-ci maddədə deyilir ki, «aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir):- ….əməldə cinayət tərkibi olmadıqda;». Həmin Məcəllənin 43-cü maddəsinə görə məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilərək məhkəmənin bütün tərkibi tərəfindən imzalanır. Məhkəmə kollegiyası bu normaların təbində çıxış edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanın hazırkı iş üzrə gəldiyi nəticələr işin mühüm əhəmiyyət kəsb edən faktiki hallarına uyğun deyildir. Məhkəmə eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata (cinayət təqibinə) xitam verilməsi məsələsini həll edərkən ona vurulmuş ziyanın ödənilməsini, barəsində seçilmiş qətimkan tədbirini, habelə iş üzrə məhkəmə xərclərini müzakirə edərək müvafiq qərar qəbul etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 56.0cı maddəsində göstərilir ki, «aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər:- … bu Məcəllənin …39.1.2-ci… maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs». Həmin Məcəllənin 57-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Həmin Məcəllənin 61-ci maddəsində göstərilir ki, cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarmış orqan cinayət prosesini həyata keçirən orqanının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir (CPM-nin 62-ci maddəsi). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (CPM-nin 63-cü maddəsi). Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Həmin Məcəllənin 162.1, 162.1.1 və 162.3-cü maddələrinə görə təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Həmin Məcəllənin 320-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin və onun nümayəndəsinin izahatlarını, habelə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin (xüsusi ittihamçının) fikrini dinləyərək məhkəmə öz qərarı ilə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirini dəyişə və ya ləğv edə bilər. Azərbaycan Respublikası CPM-nin 197-ci maddəsinə görə ekspertə, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqlar məhkəmə məsrəflərinə aiddir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri – 200 (iki yüz) manat təşkil edir və həmin məbləğ Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına «xxxx» MMC-yə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X10 40(qırx) iş saatı müddətində müdafiə etmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından müdafiəçi Nazim Kərimovun vəkil işlədiyi Bakı şəhəri 5 saylı vəkil bürosunun nəfinə 240 (iki yüz qırx) manat köçürülməlidir. Şərh olunalara əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 56- 57, 60-63, 156, 162, 193, 195, 197, 314, 320, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X4 barəsində aparılan cinayət təqibindən tam imtina edilməsinə dair dövlət ittihamçısı X2 vəsatəti təmin olunsun. X3 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə verilmiş ittiham onun əməlində cinayət tərkibi olmadığından barəsində olan cinayət işi üzrə icraata (cinayət təqibinə) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 200 (iki yüz) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına «xxxx» MMC-yə ödənilsin. Təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından müdafiəçi X7 vəkil işlədiyi Bakı şəhəri 5 saylı vəkil bürosunun nəfinə 240(iki yüz qırx) manat köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar