Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-541/2023 23.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri - X4 və X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 19,850 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və 23 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirilib orada üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəgli sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 19,850 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxsdən narkotik vasitə əldə etmək üçün danışıqlara başlamışdır. Məhəmməd adlı şəxsin bank hesabına narkotik vasitə əldə etmək üçün 50 manat pul göndərmişdir. O, Nərimanov rayon ərazisində “Məhəmməd” adlı şəxsin qabaqcadan bildirdiyi ərazidən narkotik vasitəni götürmüşdür. Həmin narkotik vasitə cibində olarkən Nəriman rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları yaxınlaşaraq onu 18-ci Polis Bölməsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 18-ci Polis Bölməsinə getmişdir. Orada üzərinə baxış keçirilən zaman 1 büküm narkotik vasitə aşkar edilmişdir. O, İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuş, lakin narkotik vasitə əldə etmək üçün onunla “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. O, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının dediyi ərazidən götürdükdən 1 gün sonra saxlanılmışdır. Uzun müddət etmək istifadə etmək üçün 10 qramdan narkotik vasitə əldə etmək istəmiş, heroindən gündəlik olaraq 1 qram istifadə etmişdir. Həmin narkotik vasitənin bir hissəsindən istifadə etmiş, həm metadon, həm də heroindən istifadə etmişdir. O, İran İslam Respublikasının vətəndaşından narkotik vasitənin olub-olmadığını soruşduqda, narkotik vasitənin olduğunu bildirmişdir. İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxsin bank hesabına ilkin ödəniş kimi 50 manat ödəmiş, narkotik vasitəni götürdükdən sonra yerdə qalan məbləği göndərəcəkdir. İran İslam Respublikasının vətəndaşından 19 qramdan az miqdarda narkotik vasitə göndərməsini sifariş etsə də, daha çox miqdarda göndərmişdir. Həmin narkotik vasitəni 20 gün ərzində istifadə edəcəkdir, həm də narkotik vasitə əldə etmək üçün tanımadığı şəxslərə müraciət etmək istəməmişdir. 1 il narkotik vasitələrdən istifadə etmiş, tutulmazdan əvvəl şəxsi istifadəsi üçün narkotik vasitələri müxtəlif şəxslərdən əldə etmişdir. Onun narkotik vasitələrlə bağlı digər şəxslərlə danışıqları olmamış, sadəcə yaxın ərazidə yaşadığı şəxslərlə birlikdə narkotik vasitədən istifadə etmişlər. 10-15 qram miqdarında narkotik vasitə sifariş etsə də, ona 19 qram narkotik vasitə göndərilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2022-ci il tarixdə saat 22:00 radələrində iş yoldaşı, sahə inspektoru polis kapitanı Şahid2 ilə ünvan 4 ünvanının qarşısında xidmətdə olduqları zaman bir nəfər şəxs davranışı ilə özünü şübhəli apardığından ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti haqqında maraqlanmışlar. Bu vaxt həmin şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmışdır. Bundan sonra həmin şəxs söhbətlərini yarıda kəsərək qaçmağa başlamış, lakin qaçarkən yıxılmışdır. Onlar da həmin şəxsi saxlayaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmişlər. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bununla bağlı müvafiq raport yazıldıqdan sonra bölmə rəisi tərəfindən araşdırmanın aparılması təhqiqat şöbəsinə həvalə edilmişdir. Tərtib edilmiş raportda da şəxsin içkili olduğunu və özünü şübhəli apardığını qeyd etmişlər. Sonra təhqiqatçının dəvəti ilə vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üstünə qoymasını təklif edəndə, o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmişdir. Sonra şalvarının sol cibində istifadə etdiyi “Samsung” markalı mobil telefonu da təqdim etmişdir. Bükümdə olan maddənin nə olduğu Təqsirləndirilən şəxs soruşulduqda, o, bükümün içərisində olan maddənin narkotik vasitə heroin (kakos) olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmamış, həmin ərazidə xidmət apararkən təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Onlar “Dədə Qorqud parkı” adlanan ərazidə mütəmadi olaraq itlərin azyaşlıların üzərinə hücum çəkməsi səbəbindən gündəlik olaraq həmin ərazidə xidmət aparırlar. Səhv etmirsə, təqsirləndirilən şəxsin üzərindən heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir psixi və fiziki təsir olmamışdır. Təqsirləndirilən şəxsin üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən qara rəngli sellofana bükülmüş 1 ədəd bükülünü könüllü olaraq çıxarıb təqdim etmişdir (cild 1, iş vərəqə 24-25). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli sellofana bükülmüş bükümü təqdim edir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə boş zərfə qoyularaq üzəri imzalarla təsdiq edilib təhqiqatçı tərəfindən götürülür (cild 1, iş vərəqə 68). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2022-ci il tarixli 6/5503 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 19,850 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırkanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümümi təmiz çəkisi 19,850 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 19,800 qram, cild 1, iş vərəqə 33-35). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 26 senyabr 2022-ci il tarixli 5508 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 116- 117). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 26 sentyabr 2022-ci il tarixli 2571 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə, də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altında düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 114-115). Cinayət işinin materiallarında olan 26 sentabr 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 19,800 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 1 ədəd DVD-R disk isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 90-91). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 114). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 48). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 12-13). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 19,800 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 19,800 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-541/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-541/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver