Məhkəmə qərarları › İş №1(101)-541/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-541/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-541/2024 20.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X5 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, 3 oktyabr 1985-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 8 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 10,766 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 4 mart 2023-cü il tarixdə saat 10:40-da Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4ən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 8 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,132, 1,243, 1,232, 1,316, 1,496, 1,113, 0,902 və 2,132 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 10,766 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 3 mart 2023-cü il tarixdə həftənin 5-ci günü mühafizəçi işlədiyi “VTB” bankın əməkdaşları ilə birlikdə iş saatı qurtarandan sonra Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən restoranların birində şam yeməyinə getmişlər. Təxminən saat 22 radələrində 2-3 il əvvəl tanıdığı Qədir adlı şəxs ona zəng edərək harada olduğunu soruşmuş, o da Mərdəkan qəsəbəsində iş yoldaşları ilə birlikdə restoranda yeyib-içdiyini demişdir. Qədir, ondan nə vaxt gələcəyini soruşduqda gec gələcəyini bildirmişdir. Özü qəsdən elə cavab vermişdir ki, Qədir ondan əl çəksin. Belə ki, Qədirlə yaxın münasibəti olmamışdır. Qədir ondan yaşca 10-12 yaş kiçikdir və xasiyyətləri də uyğun deyildir. Bundan sonra Qədir 4-5 dəfə ona zəng edərək tez gəlməyini xahiş etmiş, səbəbini soruşduqda isə bildirmişdir ki, yaxın uşaqlar gələcək, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən “Leqenda” restoranında oturub onlarla birlikdə çay içəcəklər. O da hələ çox oturacağını bildirərək gələ bilməyəcəyini demiş, Qədir isə israrla gəlməyini xahiş etmişdir. Qədir ondan “Leqenda” restoranının sahibini tanıdığına görə onlar üçün kabinet ayırmağını xahiş etmiş, o da həmin restoranda işləyən Orxan adlı şəxsə zəng edərək Qədir üçün münasib bir kabinet ayırmasını xahiş etmişdir. Mərdəkandan təxminən saat 23 radələrində çıxmışlar, Zığ yolu ilə həmin restoranın olduğu yerə gəlmişdir. “Leqenda” restoranı yaşadığı evin yaxınlığında yerləşir. O, avtomobilini restoranın qarşısında saxlayaraq mühərriki söndürmədən restorana daxil olmuş və fikirləşmişdir ki, Qədirgillə görüşüb tez evə getsin. Çay evinə girəndə girişdən sol tərəfdə kabinetlərdən birində əvvəllər tanıdığı ədliyyə işçisi olan tanışlarını görmüşdür. Onlarla xudafizləşib Qədirgilin əyləşdiyi kabinetə doğru getmişdir. Qədir kabinetin qarşısında durub onu gözləmişdir. Qədirlə kabinetə daxil olduqdan təqribən 3 dəqiqə sonra kabinetdə olan Qədirin dostları bir-biri ilə uca səslə danışmağa başlamışlar. O, Qədirdən soruşmuşdur ki, bəs deyirdin bunlar dostdurlar, amma dava edirlər. Bu vaxt polis əməkdaşları çay evinə daxil olmuşlar. Bundan sonra onları Xətai RPİ-nin 34-cü PŞ-nə gətirərkən öz şəxsi avtomobili ilə Qədir və Qədirin yanında çevikin polis alayının işçisi kimi təqdim edən mülki geyimli şəxslə polis şöbəsinə getmişlər. Onu heç kim polis şöbəsinə aparmamış, Qədirə görə polis şöbəsinə getmişdir. Xətai RPİ-nin 34-cü PŞ-nin qarşısında polis əməkdaşları ilə 1 neçə saat söhbət etmiş, köhnə polis əməkdaşı olduğundan orada olan əməkdaşların bir çoxunu tanımışdır. Bu ərəfədə faktiki yaşadığı qadın ona zəng etmiş, həmin qadına dostları ilə mübahisə etdiyinə görə polis şöbəsində olduğunu demişdir. Polis şöbəsinin girişində əyləşərkən çevik polis alayının işçisi qabaqda, Qədirin isə onun arxasınca PŞ-nin həyətindən bayıra doğru qaçdıqlarını görmüşdür. Qədirdən hara getdiyini soruşduqda o geri qayıdacağını bildirmişdir. Bundan 15 dəqiqə sonra onu polis şöbəsinin saxlama kamerasına gətirmişlər. O, DİN-nin nəzdində olan idman klubunun məşqçisi olmuş, DİNnin zabit və gizir heyətinə “Kikboksinq” idmanı üzrə dərs demişdir. Bu yaşına kimi heç vaxt siqaret belə çəkməmişdir. Onu narkotik vasitələri saxlamaqda ittiham etmişlər. Səhərisi gün bir neçə nəfər polis əməkdaşı onu kameradan çıxartdıraraq sorğu-sual etməyə başlamışlar, qarşısına bükülü qoyaraq videoçəkiliş vasitəsilə axtarış apararkən həmin büküm ona məxsus olmasını bildirməyini tələb etmişlər. Heç vaxt narkotikdən istifadə etmədiyini, əvvəllər polis əməkdaşı olduğunu bildirərək onlara narkotikin yaraşmadığını bildirərək imtina etmişdir. Həmin polis əməkdaşları təxminən onu 45 dəqiqə döydükdən sonra yenə də boynuna götürməkdən imtina etmişdir. Bundan sonra onlar ona alçaldıcı hərəkətlər edəcəklərini, onu ailəsiylə təhdid edəcəklərini bildirmişlər. Bu zaman ailəsi gözünün qarşısına gəlmiş, həmin bükümü ona məxsus olmasını şəxsi axtarış zamanı bildirəcəyini demiş, boynuna götürəcəyini bildirmişdir. Polis əməkdaşlarının dediyi kimi içərisində narkotik vasitə olan bükülünü şalvarının sol cibinə qoymuş onların dedikləri kimi şəxsi axtarış zamanı izahat vermişdir. Ona elan olunmuş ittihamda onu “Ukranya dairə”sinin yaxınlığında saxladıqlarını bildirsələr də, o polis şöbəsinə çayxanada yaranmış mübahisə ilə bağlı getmişdir. Narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. O, polis orqanlarından keçmiş rəis müavini ilə arasında olan mübahisəyə görə ayrılmışdır. Polis əməkdaşları ilə heç vaxt düşmənçiliyi və ədavəti olmamışdır. Pərviz və Elşən onun dostları, Qədir isə sadəcə uzaqdan tanışıdır. Orada öyrənmişdir ki, Qədirin onu çağırdığı “Legenda” çay evində baş vermiş mübahisə Orxan adlı şəxs sosial şəbəkədə kriminal aləmdə Qulu adı ilə tanınmış şəxsin əleyhinə nə isə kobud ifadə işlətmiş, Namiq də Orxan adlı şəxsin tapılmasını və cəzalandırılmasını tanıdığı adamlara sifariş etmişdir. Onu və digər şəxsləri Qədir adlı şəxs “Legenda” çay evinə çağırmışdır. O, “Legenda” çay evindən Xətai RPİ-nin 34-cü PŞ-nə şəxsi avtomobili ilə “Legenda” çay evinin icarədarı və dostu olan Orxan, Qədir və çevik polis alayının əməkdaşı ilə birlikdə getmiş, avtomobilini özü idarə etmişdir. Avtomobili Xətai RPİ-nin 34-cü PŞ-nin qarşısında saxlamışdır. “Legenda” çay evinə 23:30 radələrində çatmışdır. Saxlanılan zaman Naxçıvandan olan döyülən Orxan adlı şəxslə eyni kamerada saxlanılmış, hətta həmin şəxs digər şəxslərlə düşmən olduğunu, buna görə də onunla eyni kamerada qalmaq istədiyini bildirmişdir. Səhəri gün şöbənin əməliyyat müvəkkillərindən başqa 4-5 nəfər şəxs də orada olmuşdur. Avtomobili gecə şöbənin qarşısında saxlamış, növbəti gün günorta saat 13:00 radələrində qardaşı gəlib avtomobilini götürmüşdür. “Legenda” çay evinin sahibi dostu Orxan Qədirgil üçün kabinet rezerv etməsini xahiş etmişdir. “Legenda” çay evi yaşadığı evin yaxınlığında yerləşdiyindən və Qədirin ona dostları ilə tanış etməsi barəsində israr etdiyindən onların yanına getmişdir. “Legenda” çay evində ondan başqa Naxçıvanlı Orxan adlı şəxs, Gürcüstanlı Elnur adlı şəxs və başqa bir nəfər saxlanılmış, həmin şəxslərin Qədirlə münasibətləri olub-olmadığını bilməmişdir. “VTB” bankda aparıcı əməliyyatçı vəzifəsində çalışırdı. O, sonuncu dəfə DİN-nin Səbail rayon mühafizə polisi idarəsində işləmişdir. DİNnin Səbail rayon mühafizə polisi idarəsində çalışan zaman rəis müavini olmuş şəxsin halhazırda hansı vəzifədə çalışması barədə məlumat yoxdur və fikrinə görə saxlanılmağının onunla əlaqəsi yoxdur. Nicat tutulan zaman polis əməkdaşlarına onun oteldə olduğunu bildirmişdir. Qədirlə çay evində tanış olmuşdur. Aylıq əmək haqqı ilə bağlı narazılığını bildirərək polis orqanlarından işdən azad olunmağıyla bağlı ərizə yazmışdır. “Ağa” adlı polis əməkdaşı onun cibinə narkotik vasitə qoymuşdur. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə təzyiq altında olduğu üçün oxumadan imza etmişdir. Vəkil Cahid Musayevin iştirakı ilə dindirilməmişdir. Ona psixoloji və fiziki zor tətbiq etmişlər. Bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarət yetirmişlər. Təcridxanaya daxil olarkən xəsarət aşkar olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminin 3 aya yaxındır ki, narkotik vasitə olan heroin qəbul edir. 3 mart 2023-cü il tarixdə saat 23 radələrində üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxs ilə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında söhbət zamanı ona narkotik vasitə olan heroin lazım olduğunu bildirdikdə həmin şəxs ona təşkil edə biləcəyini bildirib 5-10 dəqiqə gözləməyini demişdir. Həmin şəxs dediyi vaxtda qayıdaraq cibindən 1 ədəd sellefon torbaya qoyulmuş lakin içərisində 8 ədəd ayrı-ayrılıqda olan narkotik vasitə olan heroini ona 100 manata təklif etmişdir. O, həmin şəxsin narkotik vasitə olan heroini ucuz verdiyini düşünüb hissə-hissə zamanla istifadə etməyini və tanışlarına pay şəkilində hədiyyə verməyini düşünmüşdür. Bu səbəbdən həmin şəxsdən 8 ədəd narkotik vasitə olan heroini alıb cibinə qoyaraq üzərində gəzdirmişdir. 4 mart 2023-cü il tarixdə, saat 10:40 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Xətai RPİ-nin 34-cü polis şöbəsinin inzibati binasına aparmışlar. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən, 1 (bir) ədəd sellofan bükümdə həmin bükümün içərsində olan 8 ədəd ayrı ayrılıqda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin kütlələrini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmışdır. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 12,22 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Ona baxış zamanı verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı şəxsdən aldığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 56-58). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə müvəkkili vəzifəsində işləyir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisənin üzərindən uzun müddət keçdiyindən təqsirləndirilən şəxsi xatırlamır. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ərazisində saxlanılmışdır. Səhv etmirsə, Ərşad narkotik vasitələrlə bağlı saxlanılmış və onun üzərində şəxsi axtarış keçirilmişdir. Xatırlamadığı tarixdə Xətai rayonu Məzahir Rüstəmov küçəsində saxlanılmışdır. Saxlanılan şəxs polis şöbəsinə gətirilmişdir. Gün ərzində 15-20 nəfər şəxs saxladıqları üçün Ərşadın saxlanılması ilə bağlı təfərrüatları xatırlamır. Ərşadı narkotik vasitələrlə bağlı olaraq saxlamışlar, lakin narkotik vasitələrin satışı və ya istifadəsi ilə əlaqədar saxladıqlarını xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən alması barədə verdiyi izahatı xatırlamır. Təqsirləndirilən şəxs təxmini olaraq Xətai rayonu, Məzahir Rüstəmov küçəsində saxlamışlar. Əməliyyat qrupuna kimin rəhbərlik etdiyini xatırlamır. Təqsirləndirilən şəxs hansı saatda və hansı tarixdə saxlanıldığını, hansı avtomobillə polis şöbəsinə gətirildiyini xatırlamır. Hadisənin üzərindən uzun müddət keçdiyindən ifadəsində qeyd edilənləri xatırlamır, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əməliyyat raportunda 3 fərqli ünvanda saxlanılması ilə bağlı yazılan qeydlər barədə deyə bilər ki, Təqsirləndirilən şəxs Xətai rayonu, Məzahir Rüstəmov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən onun avtomobilinin yanında olub-olmamasını xatırlamır. Xətai RPİ-nin MSY-də Təqsirləndirilən şəxsla üzləşdirmə olmuşdur, lakin həmin hadisəni dəqiq xatırlamır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, məxfi əməkdaşdan ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və satışı barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. 4 mart 2023-cü il tarixdə saat 10:40 dəqiqədə ünvan 3 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb onu saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərib özünü təqdim edərək polis əməkdaşları olduğunu bildirmişdir. Onu şəxsiyyəti ilə bağlı sorğu sual etdikdə, həmin şəxs özünü xx.xx.1985-ci ildə Cəlilabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və satışı barədə məlumat daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək ona birlikdə 34-cü PŞ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan onu 34-cü PŞnə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tərəfindən raport yazılandan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması şöbənin baş təhqiqatçısı polis kapitanı Eərid Abbasova həvalə olunmuşdur. Baş təhqiqatçısı polis kapitanı Fərid Abbasov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına vəkil dəvət edilərək təqdim edilmişdir. Bundan sonra videoçəkiliş edərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, o, 34-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirak etmişlər. Şəxsi axtarışdan öncə baş təhqiqatçısı polis kapitanı Fərid Abbasov Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümü çıxardıb təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm baş təhqiqatçısı polis kapitanı Fərid Abbasov tərəfindən açılmış, həmin bükümün içərisində 8 ədəd ayrı ayrılıqda qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə hesab edilən heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasınm yaxınlığında tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 100 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar olunmamışdır. Aşkar edilmiş maddə '‘Pocket Scale’" markalı elektron tərəzidə çəkildikdən sonra baş təhqiqatçısı polis kapitanı Fərid Abbasov tərəfindən bir ədəd zərfdə qablaşdırılmışdır. O və digər iştirakçılar zərfin üzərində imza etmişlər (cild 1, iş vərəqə 88-89). Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 4 mart 2023-cü il tarixdə Ərşadın faktiki həyat yoldaşı Günel Eyyubova ona zəng edərək qardaşı Ərşadın gecə evə gəlmədiyini, telefonuna zəng çatmadığını onunla sonuncu dəfə danışdıqda Xətai RPİ-nin 34-cü PB-nin inzibati binasında olduğunu və dostlarının saxlanıldığını bildirmişdir. Buna görə də Xətai RPİ-nin 34-cü PB-nə getmişdir. Orada polis əməkdaşları Ərşadın gecə polis bölməsinə gətirildiyini və narkotik vasitə ilə ittiham olunduğunu və 30 dəqiqə sonra ora yenidən yaxınlaşmağını bildirmişdir. 30 dəqiqə sonra yenidən Xətai RPİ-nin 34-cü PB-nin növbətçi hissəsinə yaxınlaşdıqda Ərşadın dava-dalaş etdiyi üçün saxlanıldığını bildirmişdir. 3-cü dəfə növbətçi hissəyə yaxınlaşdıqda Xətai RPİnə aparıldığını bildirmişlər. Xətai RPİ-nə getdikdə orada qardaşıyla bağlı ona məlumat verməmişlər. Təxminən saat 11 radələrində Xətai RPİ-nin 34-cü PB-nə Ərşadın arxasınca getmişdir. Ərşadın Xətai RPİ-nin 34-cü PB-nə gecə gətirdiklərini bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 3 mart 2023-cü il tarixdə saat 23:02-də zəng edərək yaşadığı ünvana gələcəyini bildirmişdir. Həmin gecə onu gözləsə də Ərşad yaşadığı evə gəlməmişdir. Narahat olduğundan 4 mart 3:30 radələrində zəng etdikdə Ərşad dostlarının polis əməkdaşları tərəfindən saxlanıldığını və Xətai RPİ-nin 34-cü PB-nin qarşısında olduğunu və işini bitirdikdən sonra yanına gələcəyini bildirmişdir. Daha sonra səhər saatlarına qədər Ərşada zəng etsə də, onun mobil telefonu bağlı olmuşdur. 4 mart saat 10:00 radələrində Ərşadın qardaşı Elməddinə zəng edib Ərşaddan xəbər ala bilmədiyini demiş, bir neçə saat sonra qardaşı ona zəng edərək Ərşadın polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Ərşadla 3 mart 2023-cü il tarixdə 23:23-də “whatsapp” tətbiqi vasitəsilə danışmışdır. Ərşadla sonuncu dəfə 4 mart 3:30 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə danışmışdır. Ərşadın Xətai RPİ-nin 34-cü PB-nə gecə gətirdiklərini bildirmişlər. Məhkəmə şahid qismində dindirilmiş X2 və X6 ifadələrini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirərək həmin şahidlərin ifadələrini mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan 4 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş, ayrı-ayrılıqda 8 bükümdə olan, qəhvəyi rəngli, tozşəkilli, spesilik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi, lakin üzərindən başqa heç bir əşya aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirdi ki, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən çıxan 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş, ayrıayrılıqda 8 ədəd sellofan torabaya bükülmüş, qəhvəyi rəngli maddə “heroin” adlanan narkotik vasitədir. Götürülmüş kütlə elektron tərəzi vasitəsi ilə çəkildi və 8 bükümdə olan şəffaf rəngli sellofan torbaya bükülmüş, qəhvəyi rəngli, toz şəklində kütlənin çəkisi 12,22 qram müəyyən olunmuşdur. (cild 1, iş vərəqə 32-33). Cinayət işinin materiallarında olan 6 mart 2023-cü il tarixli “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, həmin disk “DVD” formatlıdır, disk açıldıqda içərisində bir ədəd “mp4” formatlı görüntü vardır, həmin görüntüdə Xətai RPİ-nin 34-cü PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilir, belə ki, Təqsirləndirilən şəxs özünü təqdim etdi, onun yanında iki nəfər mülkü geyimli şəxs vardır, həmin şəxslər Xətai RPİ- nin 34-cü PŞ-nin əməliyyat müvəkkilləridir, qarşıda olan stulda 13 saylı vəkil Bürosunun vəkili X8 əyləşmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu da əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin şəffaf rəngli sellofanına bükülmüş bükümü təqdim etdi. Təhqiqatçı tərəfində həmin bir ədəd siqaretin şəffaf rəngli sellofanı açıldıqda içərisində ayrı ayrılıqda 8 (səkkiz) ədəd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroin aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitə heroini xx.xx.2023-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında tanımadığı şəxsdən 100 manat müqabilində öz istifadəsi üçün almışdır. Həmin şəxsdən əvvəllər bir dəfə narkotik vasitə aldığını bildirdi. Təqsirləndirilən şəxs təxminən 2-3 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başladığını qeyd etdi. Təhqiqatçı tərəfindən üzəri axtarılmış, lakin heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin elektron tərəzi ilə çəkilmiş və narkotik vasitə heroinin ümumilikdə çəkisi 12,22 qram, ayrı ayrılıqda isə 1,39, 2,47, 1,42, 1,22, 1,03, 1,65, 1,26 və 1,64 qram müəyyən edilmişdir. Vəkili Məhəmməd Nemətov tərəfindən sual verilərkən Təqsirləndirilən şəxs saxlanılarkən narkotik vasitələrin üzərində olduğunu, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və zor tətbiq olunmadığını, narkotik vasitələri öz istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq 152 nömrəli möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 62). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4 mart 2023-cü il tarixli 6/1335 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №152” dairəvi möhür əksi olan, ”... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 8 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,132, 1,243, 1,232, 1,516, 1,496, 1,113, 0,902 və 2,132 qram, ümumi təmiz çəkisi 10,766 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 10,766 qram, tədqiqata sərf edildi 0,24 qram, qalıq 10,526 qram, cild 1, iş vərəqə 42-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 9 mart 2023-cü il tarixli 1371 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs nakormaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 92-93). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 31 iyul 2023-cü il tarixli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 6 mart 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, bədəninə baxış keçirən zaman sol dirsək nahiyyədə kəsilmiş qərtməkli yara, sol göz qapağı nahiyyədə bənövşəyi rəngli əzilmiş qançır aşkar edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Polis idarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilməsi ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X21 Xətai rayonu şöbəsinin 12 oktyabr 2023-cü il tarixli 74/2023 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs sol dirsək oynağı nahiyəsinin kəsilmiş yarası və sol göz qapaqları nahiyəsinin hematoması(əzilmiş qançır) müəyyən edilmiş, xəsarətlərdən kəsilmiş yara iti kənarlı əşya (alət) təsirindən, hematoma isə bərk küt əşya təsirindən törənmişlər, müddətləri Təqsirləndirilən şəxs 6 mart 2023-cü il tarixdə müayinəsindən 2-4 gün qədər əvvələ uyğun gəlir və dərəcələrinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasyalarına əsasən həmin xəsarətlər onun özü tərəfindən yetirilə bilməsi az inandırıcı olsa da, istisna edilmir, həmçinin polis əməkdaşları izahatlarında Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və psixi zorakılıq etmədiklərini, onu döymədiklərini, bədənində xəsarətin olubolmaması ilə bağlı məlumatlarının olmamasını bildirmişlər (cild 2). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 5 mart 2024-cü il tarixli qərardan görünür ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 5 fevral 2024-cü il tarixdə ləğv edilməsinə baxmayaraq, hazırkı 5 mart 2024-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmasına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən qanunsuz davranışlara məruz qaldığını bildirsə də, araşdırma zamanı izahat verməkdən imtina edərək həmin şikayətini təsdiq etməmiş, qanunsuz davranışlara məruz qalması barədə məlumat verməmiş, polis əməkdaşları izahatlarında Təqsirləndirilən şəxs saxlanılması, polis idarəsinin inzibati binasına gətirilməsi zamanı və orada olduğu müddət ərzində polis əməkdaşlarından heç kəsin onu döymədiyini, fiziki zor tətbiq etmədiyini və buna cəhd etmədiyini bildirmişlər, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X21 Xətai rayonu şöbəsinin 12 oktyabr 2023-cü il tarixli 74/2023 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs sol dirsək oynağı nahiyəsinin kəsilmiş yarası və sol göz qapaqları nahiyəsinin hematoması(əzilmiş qançır) müəyyən edilmiş, xəsarətlərdən kəsilmiş yara iti kənarlı əşya(alət) təsirindən, hematoma isə bərk küt əşya təsirindən törənmişlər, müddətləri Təqsirləndirilən şəxs 6 mart 2023-cü il tarixdə müayinəsindən 2-3 gün qədər əvvələ uyğun gəlmiş, dərəcələrinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləridir, aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasyalarına əsasən həmin xəsarətlər onun özü tərəfindən yetirilə bilməsi az inandırıcı olsa da, istisna edilmir. Bundan əlavə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi olmuş Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X8 araşdırma zamanı izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi müvafiq təqirləndirilən şəxslə aralarında olmuş danışıqlar zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmadığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə əməlindən peşman olduğunu demişdir (cild 2). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qərarından görünür ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 5 mart 2024-cü il tarixli qərar ləğv edilmiş və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir (cild 2). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz fiziki zor tətbiqinə məruz qalmasına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən qanunsuz davranışlara məruz qaldığını bildirsə də, araşdırma zamanı izahat verməkdən imtina edərək həmin şikayətini təsdiq etməmiş, qanunsuz davranışlara məruz qalması barədə məlumat verməmiş, X10 araşdırma zamanı izahatında Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitənin olmamasını, polis əməkdaşları tərəfindən fiziki zor tətbiqinə məruz qaldığından məcbur olub etirafedici məzmunda izahat verməsini, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsinin şahidi olmadığını, yalnız səsini eşitdiyini bildirmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılması, polis idarəsinin inzibati binasına gətirilməsi zamanı və orada olduğu müddət ərzində polis əməkdaşlarından heç kəsin onu döymədiyini, fiziki zor tətbiq etmədiyini və buna cəhd etmədiyini bildirmişlər, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X21 Xətai rayonu şöbəsinin 12 oktyabr 2023-cü il tarixli 74/2023 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs sol dirsək oynağı nahiyəsinin kəsilmiş yarası və sol göz qapaqları nahiyəsinin hematoması (əzilmiş qançır) müəyyən edilmiş, xəsarətlərdən kəsilmiş yara iti kənarlı əşya (alət) təsirindən, hematoma isə bərkküt əşyanın təsirindən törənmişlər, müddətləri Təqsirləndirilən şəxs 6 mart 2023-cü il tarixdə müayinəsindən 2-3 gün qədər əvvələ uyğun gəlmiş, dərəcələrinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləridir, aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasyalarına əsasən həmin xəsarətlər onun özü tərəfindən yetirilə bilməsi az inandırıcı olsa da, istisna edilməmiş, bundan əlavə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi olmuş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8 araşdırma zamanı izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi müvafiq təqirləndirilən şəxslə aralarında olmuş danışıqlar zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmadığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə əməlindən peşman olduğunu demişdir (cild 2). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 10,526 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı videokamera ilə qeydə alınmış görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk, "xxxx" MMCdən daxil olmuş 7 aprel 2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 13 iyun 2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 209-219). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 179-180). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 mart 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 4 mart 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 69-74). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 4 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 10,526 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı videokamera ilə qeydə alınmış görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk, "xxxx" MMCdən daxil olmuş 7 aprel 2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 13 iyun 2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 4 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 10,526 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı videokamera ilə qeydə alınmış görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk, "xxxx" MMCdən daxil olmuş 7 aprel 2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 13 iyun 2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar