Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-542/2022 23.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1 və X2, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 7 may 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 13, ev 52-də qeydiyyatda olub yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 sentyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan vaxtda, Bakı şəhəri Nəsimi rayonu, Papanin adlanan yaşayış ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımış, 29 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi rayonu Azadlıq prospekti 191 ünvanda yerləşən Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətirilmiş, orada üstünə baxış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin iç sol cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 2,630 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə edir. Heroini Papanin adlanan ərazidə üzdən tanıdığı «Qara» ləqəbli şəxsdən almışdır. 28 sentyabr 2021-ci il tarixdə həmin şəxsdən 35 manata öz istifadəsi üçün narkotik vasitə heroin alıb əynində olan göy rəngli gödəkçənin iç sol cibində gizlətmişdir. 29 sentyabr 2021-ci il tarixdə axşam saat 00:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində piyada gəzərkən polis əməkdaşları tərəfindən saxlanılıb, Binəqədi RPİ-nin 4-cü PŞ-yə aparılmışdır. Orada əynindəki göy rəngli gödəkçənin iç sol cibindən bir ədəd ağ rəngli kağızın içərisindəki sellofan bükülünü təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün Papanində Qara ləqəbli şəxsdən aldığını demişdir. Daha sonra üzərində şəxsi axtarış aparılsa da, iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Həmin heroinə baxış keçirildikdən sonra polis əməkdaşları tərəfindən qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş və bununla bağlı protokol tərtib edilmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Bölməyə Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik maddələri saxladığı və istifadəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, onun və şöbənin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və əməliyyat tədbiri keçirilmişdir. Nəticədə 29 sentyabr 2021-c il tarixdə saat 00:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində saxlanılaraq 4-cü PŞ-yə gətirilmişdir. Şöbədə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Sonuncu onların təklifi ilə əynində olan göy rəngli gödəkçənin iç sol cibindən bir ədəd ağ rəngli kağızın içərisindəki sellofan bükülünü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş bükümün narkotik vasitə heroin olduğunu, 28 sentyabr 2021-ci il tarixdə Papanin adlanan ərazidə «Qara» ləqəbli şəxsdən 35 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra aşkar edilərək götürülmüş kütlə zərfə qoyularaq üzəri möhürlənmişdir. Sonda tədbirin nəticəsini əks etdirən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar verdi. İşin 31-33-cü vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin iç sol cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 2,630 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 29 sentyabr 2021-ci il tarixli, 6/4294 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs (imza)....» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,630 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 22 noyabr 2021-ci il tarixli 4606 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 105-106-cı vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 109-113-cü vərəqlərindəki «sübutların qiymətləndirilməsi haqqında» 6 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir büküm ümumi təmiz çəkisi 2,630 qram narkotik vasitə heroin və onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalmış 2,530 qram narkotik vasitə heroin saxlanılması üçün Binəqədi RPİ-nin saxlancına verilmiş, videogörüntüləri özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarına əlavə edilmişdir. İşin 20-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 92-93-cü vərəqlərindəki doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 aprel 2017-ci il təvəllüdlü Əhmədov Əhməd və 20 noyabr 2018-ci il təvəllüdlü Əhmədov Məhəmməd olmaqla iki azyaşlı uşağı vardır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, 28 sentyabr 2021ci il tarixdə istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Nəsimi rayonu, Papanin adlanan yaşayış ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımış, 29 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətirilmiş, orada üstünə baxış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin iç sol cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 2,630 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 2,630 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayaraq üstündə daşımışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən bir dənə də olsun belə, mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, narkotik vasitəni satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən narkotik vasitəni satmağa cəhd etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 2,630 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan vaxtda, Bakı şəhəri Nəsimi rayonu, Papanin adlanan yaşayış ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımış, 29 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi rayonu Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətirilmiş, orada üstünə baxış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin iç sol cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 2,630 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ona görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir büküm ümumi təmiz çəkisi 2,630 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalmış 2,530 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir büküm ümumi təmiz çəkisi 2,630 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalmış 2,530 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-542/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-542/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver