Məhkəmə qərarları › İş №1(101)-542/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-542/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-542/2023 14.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 4,057 qram olan külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 16 sentyabr 2022-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Balaxanı qəbiristanlığının qarşısındakı ərazidə özünü şübhəli apardığı üçün saxlanılaraq 12-ci PŞ-nə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,057 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılan gün uşağını məktəbə aparıb geri qayıdarkən “Balaxanı” qəbiristanlığı adlanan ərazidə “Bəxtiyar” adlı polis əməkdaşı onu öz avtomobilinə dəvət edib sözü olduğunu və onunla birlikdə yaxınlıqda olan kafelərdən birinə getməyi təklif etmişdir. Həmin vaxt Bəxtiyardan başqa avtomobildə daha bir polis əməkdaşı də olmuşdur. O, həmin avtomobilə əyləşmiş və sonra yaxınlıqda olan kafelərdən birinə getmişlər. Kafeyə daxil olan zaman içəridə olan polis əməkdaşları onu saxlayıb polis bölməsinə gətirmişlər. Bölmənin rəisi masaya içərisində narkotik vasitə olan bükümləri qoyub “rəis payı” olduğunu bildirmişdir. Bölmədə olarkən əvvəlcə odlu silahla ittiham olunmağını, sonra çətənə kolları ilə bağlı ittiham olunmağını, daha sonra isə narkotik vasitə olan heroinlə ittiham olunmağını təklif etmişlər. Bölmədə 3 dəfə videoçəkiliş aparılmışdır. Lakin ona psixi və fiziki təsir göstərdikləri üçün videoçəkiliş zamanı bükümün ona aid olduğunu demişdir. Onun ayaqlarında qandalın izi uzun müddət getməmişdir. O, narkotik vasitə istifadəçisi olmuş, lakin ona irəli sürülüən ittihamda qeyd edilən narkotik vasitə onun olmamışdır. Uzun müddət narkotik vasitələrdən istifadə etmiş, sonuncu dəfə isə tutulmazdan bir həftə əvvəl narkotik vasitələrdən istifadə etmişdir. “Kakos” adlanan narkotik vasitədən gizli şəkildə istifadə etmişdir. O, Bəxtiyarla 1 neçə il əvvəl başqa cinayətin araşdırılması zamanı tanış olmuşdur. Bölmədə üzərinə şəxsi axtarış keçirilərkən vəkil dəvət olunmamış, ibtidai isintaqda şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsi barədə ərizə yazmamışdır. O, vəkili həbs qətimkan tədbiri seçilən zaman, həmçinin ittiham aktı ilə tanış olan zaman görmüşdür. O, bölmədə 4-5 nəfər adını bilmədiyi polis əməkdaşı tərəfindən döyülmüşdur. Baş, yan və ayaq nahiyələrinə zərbələr vurmuşlar. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. O, saxlanılan zaman Şahid1 orada olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 16 sentyabr 2022ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Balaxanı qəbiristanlığının qarşısı ilə piyada hərəkət edərkən iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək 12-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Şəxsiyyətini təsdiq edən sənəd olmadığından, üzərində heroin olduğu üçün polis əməkdaşları tərəfindən tutula biləcəyindən ehtiyat edib həyacanlanmış və onlardan tez bir zamanda yayınmaq istəmişdir. Lakin hərəkətlərindən polis əməkdaşları şübhələnib ona birlikdə Sabunçu RPİ-in 12-ci PŞ-nə getməyi təklif etmişlər. Artıq qaçıb gedə bilməyəcəyini başa düşüb etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada xidməti otaqların birində polis əməkdaşı tərəfindən ona polis şöbəsinə gətirilməsinin səbəbi, dövlət hesabına vəkil dəvət ediləcəyi izah edilmiş, öz istəyi ilə vəkil seçməkdən ötrü vəkillərin siyahısı ona təqdim edilmişdir. Siyahını nəzərdən keçirmiş və onun istəyi ilə təhqiqatçı tərəfindən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5 dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkilin iştirakı ilə ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Gələcəkdə hüquqlarının müdafiə edəcəyini, etibar və inamı itirməməkdən ötrü vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Bundan sonra təhqiqatçı tərəfindən ondan üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və predmetin olubolmaması soruşulmuş, varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin maddəyə polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Daha sonra üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi maddədən başqa üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və predmet aşkar edilməmişdir. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 15 sentyabr 2022ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşımışdır. Narkotik vasitə heroindən istifadə etsə də, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə tez-tez əlaqə qurub görüşsə polis əməkdaşları tərəfindən tutula biləcəyindən ehtiyyat edib sonuncu dəfə külli miqdarda heroin almışdır. Başqa niyyəti və məqsədi olmamışdır. Sonuncu dəfə aldığı heroindən hər hansı bir şəxsə hədiyə belə etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı şəxs tərəfindən fiziki və ya psixi təzyiqə məruz qalmamışdır (cild 1, iş vərəqə 51-53 və 64-66). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 sentyabrda Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı qəbirstanlığının qarşısında inzibati ərazidə xidmət apararkən sonradan adının “Elnur” olduğunu bildiyi şəxs onları gördükdə həyəcanlandığını hiss etmişlər. Dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Həmin şəxs də üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirib daha da həyacanlanmışdır. Onlar da həmin şəxsə onlarla birlikdə 12-ci PŞ-nə getməyi təklif etmişlər. O da etiraz etməyib onlarla birlikdə 12-ci PŞ-nə gəlmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparıb təhvil vermiş, bu barədə polis şöbəsinin rəisinə raportla məruzə olunmuş, toplanmış material üzrə araşdırmanın aparılması 12-ci PŞ-nin təhqiqatçına həvalə edilmişdir. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şöbəyə gətirilməsinin səbəbləri izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil ilə təmin olunmasından ötrü vəkil seçmək hüququ izah edilərək vəkillərinin siyahısı təqdim olunmuşdur. Təqsirləndirilən şəxs siyahı ilə tanış olub vəkil seçmiş, sonra təhqiqatçı tərəfindən vəkil polis şöbəsinə dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirildikdə o, vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasını istədiyini demiş və bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın və ya predmetin olub-olmaması barədə sual verilmiş, əgər varsa həmin əşyaların təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli idman şalvarının cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin əşya qablaşdırılaraq zərfə qoyulmuş, Təqsirləndirilən şəxs isə üzərində aşkar edilən narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, təqsirləndirilən şəxsə 48 saat ərzində buraxılacağı ilə bağlı ona söz verməmiş və təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsin üzərinə axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2 iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olubolmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 15 sentyabr 2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını, uzun müddətdir ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunan digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddə ekspert tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 29-31). Cinayət işinin materiallarında olan “DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında” 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskdə “KAZİMOV ELNUR ELXAN OĞLU” adlı bir ədəd qovluq var. Həmin qovluq açıldıqda 5 dəqiqə 35 saniyə davam edən videogörüntünün olduğu müəyyən edildi. Baxış keçirdikdə görüntüdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2 iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olubolmamasının soruşulmuş, varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 15 sentyabr 2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını, uzun müddətdir ki, narkotik vasitədən istifadə etdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi narkotik vasitə heroindən başqa qanunla dövriyyəsi qadağan olunan digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddə ekspert tədqiqatına təqdim edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 54). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2022-ci il tarixli 6/5275 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə...saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdi-iki imza; Tərtib etdi: Təhqiqatçı-F.Əmənov - imza...” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdə 1 ədəd bükümdəki təmiz çəkisi 4,057 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 4,057 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 4,007 qram, cild 1, iş vərəqə 38-40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 5 oktyabr 2022-ci il tarixli 5789 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 112-113). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 5 oktyabr 2022-ci il tarixli 2641 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamış, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmuş, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır (cild 1, iş vərəqə 115-116). Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən onun təxirəsalınmaz tibbi müayinəsi zamanı bədənində hər hansı bir xəsarət aşkar edilməmiş, hər iki saidin ön səthində köhnə çapıq toxumalar müşahidə edilmişdir (cild 1, iş vərəqə 189). Cinayət işinin materiallarında olan 1 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 4,007 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 121-128). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon məhkəməsinin 11 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2014-cü il tarixli qərarı ilə cəzası 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş və 22 avqust 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 103-105). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 110). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 18). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 18 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 72-76). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4,007 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4,007 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar