Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-542/2024 02.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi, “Kiçikbəyov və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Ukrayna Respublikasının Çerniqov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Naxçıvan MR, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd şəffaf rəngli sellofan bağlamada, külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,879 qram, 1,449 qram, 1,084 qram, 1,206 qram, 1,272 qram, 0,668 qram, 0,900 qram, 1,497 qram - ümumi təmiz çəkisi 9,955 qram psixotrop maddə metamfetamini 200 manat nağd pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 mart 2023-cü il tarixdə saat 10:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılıb ünvan 3rləşən 34-cü Polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1,879 qram, 1,449 qram, 1,084 qram, 1,206 qram, 1,272 qram, 0,668 qram, 0,900 qram, 1,497 qram - ümumi təmiz çəkisi 9,955 qram külli miqdarda, ağ rəngli, kristalşəkilli, tozşəkilli kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 03 mart gecə saat 11:00 radələrində Xətai rayon ərazisində yerləşən “Legenda” kafesində dostu Ramil və onun 6 nəfər tanışları ilə oturub yemək yeyən zaman içkili olduqları üçün aralarında bir az mübahisə yaranmış, X5 üzvləri şikayətlə əlaqəli içəri daxil olmuşlar. Onlar mübahisə etdikləri üçün onun əli qanlı olmuşdur, belə ki, özünü müdafiə etmək üçün stəkanı qırmışdır. X5 üzvləri onu bu halda görüb şikayətinin olub-olmadığını soruşmuş, o öz israrı ilə şikayətinin olduğunu demişdir. Onlar ayın 4-nə keçən gecə saat 12:00 radələrində 34-cü Polis bölməsinə gəlmişlər. Onunla bərabər olan digər 5 şəxs növbətçi hissənin yanında olan müvəqqəti saxlamasına qalxmış, o isə orada divanda oturmuşdur. O, hətta yaxınlıqda olan mağazadan orada olan serjantlara sifariş verdikləri siqareti, “redbul”u almış və səhərə qədər orada oturmuşdur. Üzərində olan telefonu ilə anası və dayısı ilə danışıb, onlara məsələni izah etmişdir. Orada olan naxçıvanlı əməliyyatçı ona gec olduğu üçün Sahil qəsəbəsinə gedib-gəlmək gec olacağını, səhər saat 9-da bölmə rəisinin gələcəyini, aydınlaşdırıb, ondan sonra hər şeyin yoluna düşəcəyini demişdir. Səhər tezdən rəis gəlmiş, xidməti otaqda tanımadığı bir şəxs otaqda olanların hamısını bir-bir düzərək birinin saqqalını dartmış, birinə şillə vurmuş, ona yaxınlaşıb ondan haralı olduğunu soruşmuş və o, naxçıvanlı olduğunu demişdir. Həmin şəxs ona onların hamısının yekəbaş olduğunu bildirmiş, o da həmin şəxsə yekəbaş özünün atası olduğu cavabını vermişdir. Həmin şəxs əynindəki başmağı çıxarıb onun başına vurmaq istəyərkən o, həmin şəxsin əlini tutmuş, ondan sonra o, saatlarla döyülmüş, ona hər cür işgəncə verilmişdir. Onu döydükdən sonra qarşısına 8-9 qram narkotik vasitə qoyulmuş, sonra Günel adlı bir qız gətirib, ondan Günel adlı xanımı tanıyıb-tanımadığını soruşmuşlar. O, döyüldükdən sonra prokurorluğa aparılmasını xahiş etmiş, həmin dəqiqə onu polis maşınına mindirib prokurorluğun qarşısına gətirmişlər. Orada müstəntiq olan İlkin adlı şəxs ona prokurorluğun qəbul etmək istəmədiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onu 2ci mərtəbədə döydükdən sonra aşağı mərtəbəyə gətirmişlər və otağa daxil olduqdan sonra cibinə narkotik vasitə qoyub, ona deyilən sözləri təkrarlamasını bildirmişlər. Döyülməsi ilə bağlı prokurorluq orqanına şikayət edib. Heç bir zaman narkotik vasitələrdən istifadə etməmişdir. Ona zor tətbiq edildiyi, işgəncələrə dözməyib narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 04 mart 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitələri qanunsuz olaraq istifadə etməyi və üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin inzibati binasına dəvət etmişdirlər. O da hər hansı bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 34-cü Polis şöbəsinə getmişdir. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetlər olduğu təqdirdə onları təqdim etməyini təklif etmişlər. O da könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf rəngli sellofan bağlamanı təqdim etmişdir. Həmin sellofan bağlama polis əməkdaşları tərəfindən açıldıqda içərisindən 5 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm və 3 ədəd qara rəngli kağıza bükülmüş büküm aşkar edilmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində olan 5 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm və 3 ədəd qara rəngli kağıza bükülmüş bükümün içərisində olan maddələrin nə olmasını soruşduqda o həmin maddələrin “şüşə” adlanan psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Könüllü təqdim etdiyi 5 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm və 3 ədəd qara rəngli kağıza bükülmüş bükümün içərisində “şüşə” adlanan psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və onların birlikdə ümumi çəkisinin 10,43 qram olması müəyyən edilmişdir. Sonra həmin bükümlər birlikdə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürləndikdən sonra o, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Polis əməkdaşlarına könüllü təqdim etdiyi maddələrin özünə məxsus olduğunu, həmin maddələri həmin günü Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 200 manat məbləğində nağd pul müqabilində aldığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Protokol ona və digər iştirakçılara ucadan oxunduqdan sonra protokolla tanış olaraq doğruluğunu o və digər iştirakçılar imzalarla təsdiq etmişlər (cild 1, iş vərəqi 47-49, 61-63). Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 04 mart 2023-cü ildə Orxan adlı şəxsin qanunsuz olaraq satış məqsədilə Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış və saat 10:40 radələrində həmin ünvana yaxınlaşıb və xarici görünüş əlamətlərindən Orxana bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim edib və şəxsiyyət vəsiqəsini təqdim etməyi xahiş etmişlər. Orxana narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilmiş və 34-cü Polis bölməsinə dəvət edilmişdir. Orxan onlarla könüllü olaraq bölməyə gəlmiş, təhqiqatçının xidməti otağında müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərində qanunsuz əşya olduğu halda təqdim olunması təklif olunmuşdur. Orxan tünd rəngli qara şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd büküm təqdim etmiş və üzərində aşkar edilmiş narkotik vasitənin metamfetamin olduğunu, öz şəxsi istifadəsi üçün “Neftçilər” metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 200 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm açılmış, qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 təqsirləndirilən şəxsi kafedən götürmədiklərini, onu saxlayan zaman təqsirləndirilən şəxsin tək olduğunu, sonuncuya qarşı fiziki və psixoloji təzyiqlərin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduğunu, əməliyyat tədbiri zamanı yaxaladıqlarını, təqsirləndirilən şəxsin ifadəsinin yalan olduğunu, sonuncunun cibinə heç kimin narkotik vasitə qoymadığını, təqsirləndirilən şəxsə qarşı fiziki zorakılığın edilmədiyini, təqsirləndirilən şəxsin bildirdiyi Günel adlı şəxsi tanımadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Naxçıvan şəhəri, Nəiman Nərimanov küçəsi, ev 15-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri və psixotrop maddələri saxlaması, satışı və qəbulu ilə məşğul olması barədə məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qurupunun təşkil olunmasına və əməliyyat tədbirinin həyata keçirilməsinə icazə verilməsi üçün məruzə edilmişdir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə, saat 10:40-da Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində saxlanılaraq Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində 5 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kiçik ölçülü bağlama və 3 ədəd qara rəngli kağıza bükülmüş kiçik ölçülü bağlamalar olan 1 ədəd şəffaf sellofan bağlama aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 8 ədəd kiçik ölçülü bağlamaların içərisində olan kütlənin özünə məxsus olmaqla psixotrop maddə olan metamfetamin olmasını, bağlamanı həmin gün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin hər hansı anket məlumatlarını və əlaqə vasitəsini bilmədiyi şəxsdən 200 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir (cild 1, iş vərəqi 28-29). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1337 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 152” dairəvi möhür əksi, (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 8 (səkkiz) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,879 qram, 1,449 qram, 1,084 qram, 1,206 qram, 1,272 qram, 0,668 qram, 0,900 qram, 1,497 qram, ümumi təmiz çəkisi 9,955 qram ağ rəngli, kristalşəkilli, tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 34- 38). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bağlamanı könüllü olaraq çıxarıb təqdim edərək həmin bağlamanın içərisindən aşkar edilmiş 5 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kiçik ölçülü bağlama və 3 ədəd qara rəngli kağıza bükülmüş kiçik ölçülü bağlamaların içərisində olan ağ rəngli, kristalşəkilli kütlələrin psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 50-51). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanasında müalicə olunmamışdır. (cild 1, iş vərəqi 90). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 08 ədəd bükümdə ümumi təmiz çəkisi 9,955 qram olan psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 9,715 qram qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai rayon Polis İdarəsinin Növbətçi hissəsinə verilmişdir (cild 1, iş vərəqi 96-97, 136). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD formatındakı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 99). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xətai rayon Polis İdarəsinin 34cü Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin haradan əldə etməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi, müsbət nəticə əldə olunacağı təqdirdə məlumat veriləcəyi qeyd edilmişdir (cild 1, iş vərəqi 98). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2785 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 110-111). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil nömrə üzrə "xxxx" MMC-dən əldə edilmiş məlumatlara baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin nömrə ilə siyahılarda qeyd edilmiş müxtəlif mobil nömrələr arasında danışıqlar və müxtəlif məzmunlu mesaj mətnləri ilə yazışmalar aparılmışdır. Siyahılara baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir mesaj mətni, yazışma və ya məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 114). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi külli miqdarda psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 124-126). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 88-89). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmış və o, ittihamı mübahisələndirmişdir. Təqsirləndirilən şəxs onun polislər tərəfindən 04 mart 2023-cü il tarixdə tutulmaması, həmin tarixdən bir gün əvvəl, yəni 03 mart axşam saat 11:00 radələrində Xətai rayon ərazisində yerləşən “Legenda” kafesində dostları yemək yeyən zaman içkili olduqları üçün aralarında mübahisə yaranması, X5 əməkdaşlarının müşayiəti ilə 34-cü Polis bölməsinə gəlməsi, axşam orada qalıb ertəsi gün orada polis əməkdaşları tərəfindən döyülməsi və bunun nəticəsində psixotrop maddəni boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan şalvarın cibindən psixotrop maddə metamfetamin kütlələrini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş metamfetamini Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 200 manat məbləğində nağd pul müqabilində aldığını bildirmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq edilmədiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq təcridxanasına daxil olarkən müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət aşkar olunmadığı müəyyən edilmişdir. Bundan əlavə, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsindən daxil olmuş materiallarla müəyyən edilmişdir ki, 03 mart 2023-cü il tarixdə “Legenda” adlı kafedən 34-cü Polis şöbəsinə dava-dalaşla bağlı hər hansı məlumat daxil olmamış, belə dava-dalaş barədə törədilmiş və hazırlanan cinayətlər barəsində heç bir məlumat qeydə alınmamışdır. Təqsirləndirilən şəxs isə 04 mart 2023-cü il tarixdə saat 11:30 radələrində Telnov küçəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhələndiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə məhkəmədə göstərdiyi xüsusatlar iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların xırda bükümlərə bükülməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş psixotrop maddə məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi psixotrop maddənin ona aid olması barədə etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Pelnumunun tövsiyələrini nəzərə alaraq məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirli bilinməli və o, ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs ailə vəziyyətinə dair portal çıxarışından görünür ki, onun himayəsində xx.xx.2011-ci il təvəllüdlü Nihal Əliyeva adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 05 mart 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 17, 7-73). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 04 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,715 qram metamfetamin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməsi üçün əsas müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,715 qram metamfetamin məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-542/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-542/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver