Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-543/2023 13.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10 : 55 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Ağdam rayonunun, Əhmədavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Xıdırlı ərazi dairəsi, Xıdırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi ev 5, mənzil 10-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 2,284 qram kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Daxili İşlər Nazirliyinin Sabunçu RPİ- nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə ünvan 1 ünvanda saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə gətirilmiş, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 2,284 qram satış məqsədi ilə saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 08 sentyabrda 2022-ci il tarixdə polis əməkdaşı əməliyyatçı Sənan ona zəng edərək, harada olduğunu soruşmuş, o da Əhmədli qəsəbəsində olduğunu, təxminən 1 saata gələ biləcəyini demişdir. O, həmin vaxt narkotik vasitələrin təsiri altında olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 1 həftə əvvəl özü polis əməkdaşlarına demişdir ki, onu narkotik vasitə istifadəçisi kimi həbs etsinlər ki, bir müddət həbsdə qalaraq narkotik vasitənin təsirindən çıxa bilsin. Daha sonra evə gəlmiş, polis əməkdaşı Sənana zəng edərək, evdə olduğunu, bölməyə gəlmək istədiyini demişdir. Sənan isə bölməyə gəlməməsini, idarə rəisinin müavininin bölmədə olmasını bildirərək, özlərinin evə gələcəklərini, onları gözləməsini demişdir. Polis əməkdaşları gəlib onu evdən götürmüş, o, əməliyyatçılarla birlikdə polis bölməsinə getmişdir. O, saxlanılarkən 234.1-1-ci maddənin olmasından məlumatsız olmuşdur. O, CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edildiyini zənn edərək, polis əməkdaşlarının dedikləri bütün sənədlərə oxumadan qol çəkmişdir. Sonradan 234.1-1, daha sonra isə 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Cinayət işinin materiallarında olan telefon danışıqları məlumatlarına əlavə edilmiş nömrələr narkotik vasitələrin satışı ilə məşğul olan Anar və Röyal qardaşlarına məxsus nömrələr olmuşdur. Həmin şəxslər hazırda həbsdədirlər. Polis əməliyyatçısı Sənan müstəntiqin yanında gəlib ona demişdir ki, “mənə haqqını halal et və sənədlərə qol çək”. Saxlanılarkən onun üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında suallara cavab olaraq göstərdi ki, onun üzərində 2,284 qram narkotik vasitə heroin olmayıb. Əməliyyatçı özü seyfdə saxladığı narkotik vasitəni çıxarıb tərəziyə qoyaraq ölçmüş və 1 qram çəkidə narkotik vasitəni ona təqdim etmişdir. O da narkotik vasitəni sağ cibinə qoymuşdur. O, yara içində olduğu üçün bədəninin təmizlənməsi üçün həbs olunmaq istəmişdir. Onun müalicə olunmaq üçün imkanı və iradəsi olmamışdır. Əvvəllər 234.1-ci maddəsi ilə məhkum olunarkən onun barəsində 3 ay müddətinə sanksiya seçilmiş, lakin, hazırki iş üzrə qətimkana dair məhkəmədə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Lakin, o, bunun səbəbini maraqlanmamışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq olunmamış, işgəncə verilməmişdir. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrlə bağlı bir dəfə məhkum olunmuşdur. O, 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunmuşdur. Polis əməkdaşı əməliyyatçı Sənan da ona ağrıları olanda narkotik vasitəni istifadə etmək üçün təmənnasız şəkildə vermişdir. Polis əməkdaşları yaşadığı mənzilə gələrkən evdə atası X4 və anası X3 olmuşlar. Ata və anası onun polis əməkdaşları ilə birlikdə getməyini görmüşlər. Polis bölməsinə daxil olarkən o, orada müdafiəçi görməmişdir. Latın və kiril qrafikaları ilə sərbəst yazıb oxuya bilir. Lakin ibtidai istintaq zamanı ifadəsini oxumamışdır. Ona mesajlara görə 234.4.3-cü maddə ilə ittiham irəli sürülsə də, həmin mesajlar ona aid olmamış, həmin mesajlar başqa şəxslərə aid olmuşdur. Onun istifadəsində telefon olmamış, atasının və ya anasının telefonlarından istifadə etmişdir. Atasının mobil telefon nömrəsi ***-***-**-**, anasının istifadəsində olan nömrəsi isə ***-***-**-**-dir. X1 ***-***-**-** nömrəsi ilə zəng etmişdir. O, həm Səyyad, həm də Sənan adlı əməliyyatçıları tanımışdır. Sms mətnlərindəki ***-**-** və sonu 74-25 rəqəmləri ilə bitən nömrələr Anar və Röyal qardaşlarına məxsus olmuş, onlar narkotik vasitələrin alveri ilə məşğul olmuşlar. O, ***-**- ** nömrəsindən istifadə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərdi ki, o, Sabunçu RPl-nin 13-cü PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəsi polis baş leytenantıdır. 08 sentyabr 2022 tarixdə ünvan 1 ünvanda iş yoldaşı Şahid2 ilə birlikdə xidmətdə olarkən bir nəfər əvvəllər tanımadığı kişi cinsli şəxsin özünü şübhəli aparmasını, nədənsə narahat olmasını görmüş, ona yaxınlaşıb özlərini təqdim edəndən sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi onlara göstərməyini xahiş etmiş, həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını onlara bildirib, ona verilən digər suallara dağınıq cavab vermiş, tez bir zamanda onlardan yayınmaq istəmişdir. Bundan sonra onlar həmin şəxsi 13-cü PB-nə dəvət etmişlər. Şəxs gətirilərkən üzərində axtarış aparılana kimi müddət ərzində tərəfindən müşahidə altında saxlanılmış bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan heroini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bölmədə şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, ona hüquq və vəzifələri izah edilməklə, müdafiəçi təqdim edilmişdir. Şəxsin öz tələb və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərində axtarış aparılmışdır. Videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs adlı şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitəni onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan heroini öz istifadəsi üçün əldə etmişdir. Onun üzərinə baxış zamanı qanunsuz digər əşya və ya predmet aşkar olunmamışdır. 13-cü PB-nin inzibati binasında protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola tədbir iştirakçıları, o cümlədən tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən imza etmişdir. Təqsirləndirilən şəxs heroini öz istifadəsi üçün əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs özünün onlara zəng edərək, həbs edilmək istəməsini deməsi ilə bağlı ifadələri, eləcə də, onun üzərindən aşkar edilmiş narkotik vasitənin polis əməkdaşlarının xidməti seyfindən götürülərək ona verilməsi ilə bağlı dedikləri yalandır. Onların bölməsində narkotik vasitənin saxlanc yerləri yoxdur. Həmçinin, bölmənin hər hansı əməkdaşının seyfində narkotik vasitə olması mümkün deyil, çünki, xidməti otaqlarına rəhbər şəxslər tərəfindən yoxlamalar keçirilir. Təqsirləndirilən şəxs yaşadığı evdən götürərək, bölməyə aparmaqları barədə deyilənlər doğru deyil. Təqsirləndirilən şəxs günorta saatlarından sonra saxlamışlar. Təqsirləndirilən şəxs polis baş leytenantı Şahid2lə birgə saxlamışlar. Narkotik vasitə bir bükümdə olmuş, miqdarının nə qədər olmasını bilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona ara-sıra istifadə etməsi üçün narkotik vasitə verilməsi ilə bağlı dedikləri həqiqətə uyğun deyildir. onun istifadəsində ***- ***-**-** nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman ona və ya valideynlərinə zəng etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, o, Sabunçu RPlnin 13-cü PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəsi polis baş leytenantıdır. 08 sentyabr 2022 tarixdə saat 18 radələrində ünvan 1 ünvanda iş yoldaşı Şahid1la birlikdə xidmətdə olarkən bir nəfər əvvəllər tanımadığı kişi cinsli şəxsin özünü şübhəli aparmasını, nədənsə narahat olmasını görmüş, ona yaxınlaşıb özünü təqdim edəndən sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi ondan onlara göstərməyini xahiş etmiş, həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını onlara bildirib, ona verilən digər suallara dağınıq cavab vermiş, tez bir zamanda onlardan yayınmaq istəmişdir. Bundan sonra onlar həmin şəxsi 13-cü PB-nə dəvət etmişlər. Şəxs gətirilərkən üzərində axtarış aparılana kimi müddət ərzində tərəfindən müşahidə altında saxlanılmış bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan heroini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bölmədə şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ona təqdim edilmişdir. Şəxsin öz tələb və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərində axtarış aparılmışdır. Videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs adlı şəxs əynindəki qara rəngli cins şalvarının sağ cibindən bir ədəd bükümdə narkotik vasitəni onlara təqdim etmişdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan heroini öz istifadəsi üçün əldə edibdir. Onun üzərinə baxış zamanı qanunsuz digər əşya və ya predmet aşkar olunmamışdı. 13-cü PB-nin inzibati binasında protokol tərtib olunmuşdu. Tərtib olunmuş protokola tədbir iştirakçıları, o cümlədən tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən imza etmişdi. Təqsirləndirilən şəxs heroini öz istifadəsi üçün əldə etdiyini, satışıyla məşğul olmadığını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 9 sentyabr 2022-ci il tarixli, 6/4974 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş » yazısı və imzalar olan kağız zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,285 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli AR Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. (iş vərəqə 36-39) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 oktyabr 2022-ci il tarixli, 5790 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 129-130) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik Ekspertiza Publik-Hüquqi şəxsi kompleks psixiatrik-psixoloji yoxlamanın 05.10. 2022-ci il tarixli, 2636 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. (iş vərəqə 131-134) Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması barədə qərar və protokoldan, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan, görünür ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi olmadan narkotik vasitəni əldə edib, üzərində saxlayaraq daşımaqda şübhəli bilinərək tutulmuş və cinayət işi AR CM-in 234.1-1-ci maddəsi ilə başlanmışdır. (iş vərəqə 01, 07, 19) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. (iş vərəqə 26) İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundan görünür ki, AR CM-in 234.1-1-ci maddəsi ilə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. (iş vərəqə 45-47) Həmçinin, xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunda da Təqsirləndirilən şəxs 01 ədəd bükümdə narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyini göstərmişdir. (iş vərəqə 59-61) İş materiallarında olan Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış keçirilməsi haqqında protokolda 055 ******* nömrəsindən “qaqa 1 cet maldı gel” məzmunlu mesaj mətninə əsaslanmaqla ibtidai istintaq orqanı həmin qeyrimüəyyən mətni Təqsirləndirilən şəxs qarşı AR CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün kifayət hesab etmişdir. (iş vərəqə 126-127) Lakin, iş materiallarında olan "xxxx" MMC-nin təqdim etdiyi diskdə olan sms mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsi ilə müxtəlif nömrələr arasında yazışmalar aparılsa da, həmin yazışmalarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı hər hansı yazışmaya rast gəlinmir. Qeyd etmək lazımdır ki, ibtidai istintaq orqanının əsaslandığı “qaqa 1 cet maldı gel” məzmunlu sms mətni qeyri-müəyyən şübhə olmaqla yanaşı, həmin sms Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsindən yazılmamış, əksinə ********** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olması güman edilən nömrəyə göndərilmişdir. (iş vərəqə 97) Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ***-***- **-** nömrəsinin kimə məxsus olmasına dair məlumatlar "xxxx" MMC-dən götürülmüş, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, BKC/LGL-4640/23 nömrəli cavab məktubunda qeyd olunan nömrənin xx.xx.2020-ci il tarixdə digər abunəçinin adından F. Cəbrayılın adına rəsmiləşdirilməsi, sonradan isə nömrənin iki tərəfli bağlı olması, xx.xx.2023-cü il tarixdə yenidən satış üçün təyin olunması, hal-hazırda hər hansı abunəçinin adına aktivləşdirilməməsi qeyd edilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanının şəxsə AR CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün yeganə əsas götürdüyü hal öz təsdiqini tapmamış şübhədən ibarətdir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına 20 noyabr 2022-ci il tarixli cavab məktubunda qeyri-müəyyən, biri digəri ilə ziddiyyətli, anlaşılmaz ifadələrdən istifadə edilməklə, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə edilməməsi, onun narkotik vasitənin və psixotrop maddənin satışıyla məşğul olmasının müəyyən edilməsi, lakin konkret olaraq hansı şəxslərə satmasının müəyyən edilməməsi qeyd edilmişdir. Yəni, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan, hansı faktlara əsaslanaraq, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışıyla məşğul olmasına dair nəticəyə gəldiyini göstərməmişdir. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının 05 dekabr 2022-ci il tarixli qərarı ilə kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (iş vərəqə 142) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin bükümlərə ayrılmaması, yalnız 01 ədəd bükümdə 2, 284 qram çəkidə olması Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülüb-bükülməməsi, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 da ifadələrində qeyd etmişlər ki, saxlanılan zaman Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq, aşkar olunan heroini öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Beləliklə ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. AR CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə-insan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,284 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSll-dən verilmiş tələbnamədən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5790 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ona narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,284 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,184 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış-götürmə protokolunu özündə əks etdirən 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk və sms mətnləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 110 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)- 762/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 19; iş vərəqə 67-70) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,184 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış-götürmə protokolunu özündə əks etdirən 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk və sms mətnləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Rasim Sadıxov İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-543/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-543/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver