Məhkəmə qərarları › İş №1(101)-543/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-543/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-543/2024 16.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağ olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1/1, mənzil 9-da qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sahil küçəsi, ev 34-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 3,508 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 mart 2023-cü il tarixdə saat 14:00-da ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,508 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittihamda göstərilmiş 3,508 qram heroin onun üzərində olmamış, o idmançıdır, karate idman növü ilə məşğul olmaqla Milli Karate Federasiyasına məxsus “Fərasət” idman klubunda məşqçidir. 30 mart 2023-cü il tarixdə səhər saatlarında o Zabrat qəsəbəsində 15-ci polis bölməsində olmuşdur. Ondan bir gün əvvəl isə gecə saat 4-5 radələrində onun telefonuna zəng gəlmiş, özünü Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşı kimi təqdim edən Şahid1 ona demişdir ki, onun əvvəllər işlədiyi Maştağa psixiatrik xəstəxanasında hadisə baş vermiş, onun gəlib həmin məsələ ilə bağlı məsləhət verməsinə ehtiyacları vardır. O, Şahid1 gün ərzində bölməyə yaxınlaşacağını demiş, lakin, o, dərhal bölməyə gedə bilməmişdir. Həmin gün yeznəsi Elman Zamanov ona zəng edərək bildirmişdir ki, yaşadığı evə Bakı şəhəri Sabunçu RPİnin 13-cü PB-nin polis əməkdaşları gələrək onu soruşmuşlar. Bundan sonra o həmin gün saat 11-12 radələrində atası Yədulla Əliməmmədovla birlikdə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə getmiş, orada onu və atasını Şahid1 qəbul etmiş. O Şahid1 xidməti otağında 15-20 dəqiqə gözləmiş, bundan sonra onu Sabuncu RPİ-nə aparmışlar, atası isə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-də qalmışdır. Orada onun anket məlumatları alınmış, bu məlumatları alan şəxsin kriminalist olduğunu düşünür. Oradan onu yenidən Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə oradan isə Zabrat qəsəbəsi 15-ci PB-nə aparmışlar.Orada polis əməkdaşlarının sinif otağında heçnə demədən 1 gün saxlamışlar. 30 mart 2023-cü il tarixdə səhər saatlarında onu Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşlarına anket məlumatları ilə birlikdə təqdim etmişlər. Onu Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PBnin əməkdaşlarına təhvil verən polis onlara bildirmişdir ki, “aparırsız onu bölməyə, narkotik vasitə yükləyirsiz”. Oradan onu Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəis müavinin xidməti otağına gətirmişlər. Həmin otaqda Şahid1 və rəis müavini birgə olmuşlar. Orada rəis müavini masanın üzərinə bir büküm qoyaraq bunu üzərinə götürməyi tələb etmişdir. Həmin rəis müavinin adı və soyadını bilmir. Rəis müavini tələb etmişdir ki, üzərinə baxış zamanı həmin bükümü təqdim etsin, bükümü bu gün səhər saatlarında yerdən tapdığını bildirsin. O buna etiraz etmişdir. Ona o vaxta kimi müdafiəçi təqdim edilməmiş, hüquqları izah edilməmiş, psixoloji təzyiq edilməklə ona məxsus olmayan içərisində heroin olan bükümü cibinə qoymaqla şəxsi axtarış zamanı təqdim etməyi təklif etmişlər. O etiraz etdikdə ona daha ağır maddə veriləcəyi, bükümdəkindən daha çox narkotik olacağından və atasınıda narkotiklə məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. Bundan sonra polis əməkdaşlarının təklifini qəbul etmişdir. Bundan sonra videoçəkilişlə üzərinə baxış keçirilmiş və o onun üzərinə qoyulmuş heroin olan bükümü özünə məxsus olan büküm kimi təqdim etmişdir. Ona fiziki zor tətbiq edilməsədə yuxarıda göstərdiyi kimi psixoloji təzyiqlər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iştirakçısı olduğu əməliyyat tədbiri zamanı tanımışdır. Buna kimi Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 30 mart 2023-cü il tarixdə həmkarı Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Kərimov Ricada Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla əlaqədar yaradılmış əməliyyat qrupuna oda daxil olmuş, 30 mart 2023-cü il tarixdə saat 14 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında saxlanılmış, onlar özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onu Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 13-cü PB-nə gəlmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman, bölməyə gətirilən zaman nəzarətdə olduğundan üzərinə şəxsi axtarış aparılana kimi olan müddət ərzində üzərində heç bir axtarış aparılmamış, həmçinin Təqsirləndirilən şəxs hər hansı maddə, əşya və predmet atmağa imkanı olmamışdır. Bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs ərizə təqdim edərək üzərinə baxışı vəkilin iştirakı olmadan “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü və sərbəst şəkildə əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü təqdim etmiş, həmin bükülü təhqiqatçı tətərfindən açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzə maddə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni 30 mart 2023-cü il tarixdə səhər saatlarında yerdən tapmış, tapdığı əşya onda maraq kəsb etdiyi üçün o bükümü cibinə qoyaraq üzərində gəzdirmişdir. Onun bükümün içərisində olan narkotik vasitəni istifadə etmək və ya satmaq məqsədi olmamışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs özü tərəfindən könüllü təqdim etdiyi bükümü kağız zərfə qoymuş, onu möhürləmiş və baxışın bütün iştirakçıları həmin zərfin üzərinə imzalarını atmışlar. Axtarışla bağlı tərtib edilmiş protokolu bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən heç bir qeyd edilmədən imzalanmışdır.Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs qarşı saxlanılan və bölməyə gətirilən zaman fiziki zor və psixoloji təzyiq olmamışdır. Təqsirləndirilən şəxs bu tarixədək Şahid1la ünsiyyətdə olması, İlkin Əlimmədovun 29 mart 2023-cü il tarixdə saxlanılması barədə məlumatı yoxdur. Dəqiq onu bilir ki, Təqsirləndirilən şəxs onun və Şahid1 tərəfindən 30 mart 2023-cü il tarixdə keçirilən əməliyyat tədbiri zamanı saxlanılmış və Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. Belə ki, 30 mart 2023-cü il tarixdə ona etimad doğuran mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə həmin tarixdə tərəfindən Sabunçu RPİ-nin 13-cü PB-nin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Şahid2la birlikdə 30 mart 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında olmasına dair əldə etdikləri məlumata əsasən həmin ərazini müşahidəyə götürüb, qeyd olunan küçə ilə piyada hərəkət edən Təqsirləndirilən şəxs getdiyini görərək ona yaxınlaşaraq özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 13-cü PB-nə gəlmişdir. Təqsirləndirilən şəxs bölməyə gətirdikləri və təhqiqatçıya təhvil verdikləri vaxtadək onun üzərində axtarış etməmişlər, qanunsuz heç bir hərəkət törətməmişlər. Bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasında vəkilin iştirakının zəruri olmamasına dair ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü sərbəst və könüllü olaraq əynindəki açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükülü təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlə bağlı onu 30 mart 2023-cü il tarixdə səhər saatlarında yerdən tapıb maraq kəsb etdiyi üçün cibinə qoyduğunu, lakin narkotik maddə istifadə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün könüllü təqdim etdiyi büküm kağız zərfə qoyulmuş, möhürlənmiş, baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla tanış olduqdan sonra onlar hamısı, o cümlədən Təqsirləndirilən şəxs imzaları ilə həmin protokolu təsdiq etmişlər.Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri həqiqətə uyğun deyildir. Belə ki, onun barəsində əldə edilmiş məlumatla əlaqədar bölmənin digər əməkdaşları İlkin Əlimmədovun yeznəsinin yaşadığı ünvana gedib, sonuncunun yerini soruşmuşlar.Lakin, İlkin Əlimmədovun yeznəsi sonuncunun yerini bilmədiyi üçün növbəti gün, yəni 30 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zor və ya psixoloji təzyiq olmamışdır, onun üzərinə narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün ibtidai araşdırma zamanı verdiyi ifadələri və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, qərərsiz mənbədən daxil olmuş məlumatda Bakıxanov qəsəbəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış və keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə, saat 14:00-da ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etməmiş və müdafiəçinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 30 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış videoçəkiliş aparılmaqla keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik maddəni və sol qolundakı qara rəngli saatı çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında yerdən tapıb maraq kəsb etdiyi üçün üzərində gəzdirdiyini, lakin narkotik maddə istifadə etmədiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən heç bir irad və qeyd edilmədən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Qərarın məzmunundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs izahat verərkən özünü təqsirli bildiyini, narkotik vasitəni yerdən tapdığını, əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş kompyuter vasitəsilə nümayiş olunaraq 30 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılmasına dair” CD diskdə olan görüntülərdən müəyyən olunur ki, polis əməkdaşlarının iştirakı ilə Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu könüllü olaraq əynindəki açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik maddəni və sol qolundakı qara rəngli saatı çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında yerdən tapıb maraq kəsb etdiyi üçün üzərində gəzdirdiyini, lakin narkotik maddə istifadə etmədiyini bildirmişdir. Bükümdəki maddə baxışda işirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülür, ərizə və şikayət daxil olmur. Məhkəmədə elan edilib araşdırılmış 31 mart 2023-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddəni və sol qolundakı qara rəngli saatı çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur. Həmin sellofan büküm 01 ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılır, üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli qol saatı özünə qaytarılır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında yerdən tapdığını, maraq kəsb etdiyi üçün üzərində gəzdirdiyini, lakin narkotik maddə istifadə etmədiyini, saxlanılan zaman və idarədə olan zaman üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli, 6/1856 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №160” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,508 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına ( Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2694 saylı rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış 49-2/2-4024 nömrəli, xx.xx.2023-cü il tarixli mktubdan müəyyən olunur ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli «diskə baxış keçirilməsi barədə» protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərztində daxil olan və çıxan zənglərin, mesajların siyahısında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumatlar aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,408 qram narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edimişdir. Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən və doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, o ailəldir, himayəsində 2018 və 2020-ci il təvəllüdlü uşaqları var, müsbət xarakterizə olunur, karete idman növü üzrə müxtəlif nailiyyətlər əldə etmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin, külli miqdar təşkil edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadəsi polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ibtidai istintaq zamanı verdiyi ifadəsilə, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini (nisbətən az olmasını) və onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin 31 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 mpart 2023-cü ildən hesablanmışdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,408 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə ekspertiza xərcləri olan 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş - ekspertizanın tədqiqatından sonra 3,408 qramçəkidə qalıq qalmış heroin məhv edilsin, şəxsi axtarış və götürmə video görüntülər əks olunmun 01ədəd CD ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar