Məhkəmə qərarları › İş №1(101)-545/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-545/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-545/2020 12.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortaixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Seyidbazar kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 62 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib, üzərində saxlamaqla gəzdirmiş və qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 saylı binanın arxasında şəxsi münasibətlər zəmnində aralarında narazılıq olan Zərərçəkmiş şəxs yanında olan istintaqla şəxsiyyətləri müəyyən edilməmiş və barələrində cinayət işi ayrılmış 3 nəfər şəxsin əllərində olan beysbol ağacı ilə onun üzərinə hücum edib bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmələri səbəbindən əlində olan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib, üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq ona nazik bağırsaq ilgəyinin eventrasiyası (bayıra çıxması), nazik bağırsaq və ilgəklərinin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, iki ildir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 76 saylı binanın birinci mərtəbəsində yerləşən dərzi sexində icarəçi kimi fəaliyyət göstərir. Həmin sexdə atası və anası da onunla birgə işləmişlər. Hadisədən bir müddət əvvəl yaşadığı həyətdə Hüseyn adlı, tanıdığı bir şəxs və onunla olan tanımadığı bir neçə nəfər uca səslə danışdıqları və söyüş söydükləri üçün onlara irad tutub, məhəllədə uca səslə və söyüşlə danışmamalarını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində işlədiyi sexin qapısından küçəyə çıxmış və yaxınlıqda yerləşən «Sərhədçi» idman kompleksinə tərəf getməyə başlamışdır. Metal qəbulu məntəqəsinin yaxınlığından keçən zaman bir nəfərin qarşı tərəfdən ona tərəf gəldiyini görmüşdür. Həmin şəxsin sifətindən hiss etmişdir ki, onun arxasında da kimlərsə var. O, arxaya baxdıqda bir neçə nəfər görmüşdür. Həmin şəxslərdən Hüseyni tanımışdır. Digərlərinin adlarının isə sonradan Vüsal və Rüfət olduğunu bilmişdir. O, geri qayıdıb sexin digər qapısından çıxanda həmin şəxslərdən birinin əlində beysbol üçün bita olmuşdur. Həmin şəxs onun üstünə tərəf gələn zaman o, onlara üstünə gəlməmələrini deyib, üstündə olan bıçağı çıxarıb işlədiyi sexə tərəf qaçmağa başlamışdır. Lakin pilləkənlərdən düşən zaman müvazinətini itirib üzüüstə yerə yıxılmış və həmin vaxt üstündə olan bıçaq əlində olmuşdur. Yıxıldıqdan sonra yerdə fırlandıqda Zərərçəkmiş şəxs da onun üstünə yıxılmış və onun əlində olan bıçaq Çingizin qarın nahiyəsinə dəymişdir. Həmin vaxt Çingizin yanında olan Hüseyn və digər şəxslər də ona yaxınlaşmışlar. Onlar onun bədəninin müxtəlif yerlərinə bita ilə vurmağa başlamışlar. Ətrafda olan tanımadığı şəxslərdən kimsə qışqırmışdır ki, polisə zəng ediblər, polis gəlir və yaxınlıqda olan şəxslər hadisə baş verən yerdən uzaqlaşmışlar. Bundan sonra o da həmin yerdən uzaqlaşmışdır. Onun həmin hadisə zamanı Çingizi bıçaqla vurmaq niyyəti olmamışdır. O, yerə yıxılan zaman Çingiz onun üstünə yıxıldıqda əlində olan bıçaq Çingizin qarın nahiyəsinə dəymişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisəyə qədər o, zərərçəkmiş şəxsi tanımamışdır. Hadisədən əvvəl onun Zərərçəkmiş şəxsla aralarında heç bir mübahisə olmayıb və o, Çingizə bıçaqla yüngül xəsarət yetirməmişdir. Hadisədən bir müddət əvvəl o, Hüseynə məhlədə söyüş söyməmələrini irad bildirdiyi üçün bu söz Hüseynin xoşuna gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 160-162-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Mən Zərərçəkmiş şəxs təxminən 2 ay olar tanıyıram, lakin onunla yaxın münasibətlərim olmamışdır. Çingiz bir müddət əvvəl işlədiyim sexə gələrək mənimlə mübahisə etdi və həmin vaxt mən onu bıçaqla yüngülvari vurmuşdurm. Lakin, Çingizin xəsarəti yüngül olduğu üçün o, polisə şikayət etmədi, bu barədə heç bir araşdırma aparılmadı. Həmin vaxtdan mən ehtiyat edirdim ki, Çingiz məndən qisas ala bilər, ona görə üstümdə qatlanan köhnə bir bıçaq saxlayırdım. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadənin sonunda olan əlyazma və imza ona məxsusdur. Lakin ifadəni oxumadan imza etmişdir. O, hadisədən əvvəl zərərçəkmiş şəxsi tanımamış və ona bıçaqla xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Hüseyn adlı şəxsi idman zalında idmanla məşğul olduğu vaxtlardan, yəni təxminən beş il olarki tanıyır. Hüseynlə yaxşı münasibəti var, belə ki, boş vaxtlarında görüşüb söhbət edib, Əhmədli qəsəbəsində yerləşən “Qarabağ” kafesinə gedib çay içirmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində “Qarabağ” kafesinin qarşısında yolu gedərkən birdən adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildyi təqsirləndirilən şəxslə çiyin-çiyinə toqquşmuşlar. Bu minvalla aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı əllə bir-birilərini itələmişlər. Yaranmış səs-küyə tanımadığı şəxslər toplaşmışlar və Asif bir qədər kənara çəkilib cibindən hansısa əşyanı çıxartmışdır. Bu zaman orada olan avtomobilin arxasında yerdə olan bitanı götürüb Asifin üstünə tərəf getdikdə Asif oradan qaçıb uzaqlaşmağa başlamış, yaxınlıqdakı pilləkənlərdən düşən zaman müvazinətini itirib yerə yıxılmışdır. Həmin vaxtı o da Asifin arxasınca qaçarkən özünü saxlaya bilməyib Asifin üstünə yıxılmışdır. Bu zaman qarın nahiyəsində ağrı hiss etmiş və əli ilə baxdıqda qarın nahiyəsində qan olduğunu görüb, Asifin əlində olan bıçağın qarın nahiyəsinə dəyərək xəsarət yetirdiyini başa düşmüşdür. Ağrıdan huşunu itirmiş və özünə gələndə xəstəxanada olduğunu, qarın nahiyəsindən əməliyyat edildiyini bilmişdir. Səhəri gün ona məlum olmuşdur ki, Asifin əlində olan bıçaq qarın nahiyəsinə dəyərək xəsarət yetirdikdən sonra Hüseyn onu xəstəxanaya aparmışdır. Hadisə zamanı Asifi vurmamışdır. O, hadisə yerində tək olmuşdur. Hadisə zamanı yanında heç kim olmamış, heç kim Asifə xəsarət yetirməmişdir. Asifə kimlərinsə xəsarət yetirmələrini görməmişdir. Hadisəyə qədər təqsirləndirilən şəxsi tanımamışdır. Hadisədən bir müddət əvvəl onun təqsirləndirilən şəxslə aralarında heç bir mübahisə, münaqişə, dava olmayıb və Asif ona bıçaqla heç bir xəsarət yetirməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə etmişlər. Ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Arvadı Anjelika və oğlu Asiflə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən dərzi sexini icarə əsasında işlətmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində dərzi sexini bağlayıb evə getməyə hazırlaşan zaman küçədə səs-küy gəldiyini eşitdiyinə görə nə baş verməsini bilmək üçün küçəyə çıxıb, səs-küy gələn tərəfə getmişdir. Bu zaman tanımadığı iki nəfər cavan oğlanın oğlu Asifi beysbol ağacı ilə vuraraq döydüklərini görmüşdür. Ona görə də yaxınlıqda olan stulu götürüb oğlu Asifi həmin şəxslərin əlindən almaq məqsədi ilə həmin şəxslərin üstünə tərəf getmişdir. Bunu gördükdə tanımadığı iki nəfər şəxsdən nisbətən arıq bədən quruluşlu olanı, adının Hüseyn olduğunu bildiyi şəxs bir qədər arxaya çəkilmiş, digər əynində qara rəngli köynək olan oğlan isə dayanmadan əlində olan beysbol ağacı ilə Asifin bədəninin müxtəlif nahiyələrinə vurmağa davam etmişdir. Əlində olan stulla həmin oğlanın üstünə tərəf getmiş və tanımadığı həmin oğlan əlində olan beysbol ağacı ilə onu vurmaq istəsə də, özünü müdafiə etmək üçün stulu qabağa verdiyinə görə zərbələr stula dəymişdir. Zərbədən stulun ayaqları sınmış və həmin şəxs yaxınlıqda olan pilləkənlərə tərəf qaçdıqda müvazinətini itirib yerə yıxılmış və əlində olan beysbol ağacını yerə ataraq ona yalvarıb Asiflə aralarında anlaşılmazlıq olduğuna görə Asifi döydüklərini bildirmişlər. Həmin vaxt Hüseyn kənarda dayanıb birdə belə hadisə olmayacağını, söhbətin qurtardığını demişdir. Kənarda dayanmış Hüseyn də əlində olan beysbol ağacını yerə atmış və yaxınlıqdakı marketə tərəf qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra sexə qayıdıb oğlu Asifdən nə baş verdiyini soruşmuşdur. Asif ona xəsarət yetirən həmin şəxsləri tanımadığını bildirmişdir. Asif xəsarət aldığına görə sınıqçıya getmiş, arvadı evə, o, isə sexə qayıtmışdır. Bu zaman bir tanımadığı bir nəfər kişi sexə daxil olub adının Kamil olduğunu, dava-dalaşda iştirak edən Hüseynin qardaşı olduğunu, oğlu Asifin bıçaqla Çingizə xəsarət yetirdiyini, Çingizin xəstəxanaya yerləşdirilməsi üçün pul lazım olduğunu deyərək ona pul verməyini bildirmişdir. O, Kamilə pulunun olmadığını demişdir. Kamil 20- 30 manat olmasa xəstəxananın Çingizi qəbul etmədiyini bildirmişdir. Ona görə də o, 20 manat, yanında olan Rövşən və Rahim adlı şəxslər hər biri 10 manat olmaqla cəmi 40 manat pulu vermişlər. Söhbət zamanı Kamil ona baş vermiş dava-dalaş hadisəsində qardaşı Hüseynində iştirak etdiyini, polisə məlumat vermək lazım olmadığını, öz aralarında həll edib, bu söhbəti bitirməyi bildirmişdir. Onun sözlərinə inanmamış və Kamil çıxıb getmişdir. Səhəri gün, yəni xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında işlədiyi sexə getmişdir. Sonradan arvadı Anjelikadan həmin gün saat 15 radələrində polis əməkdaşlarının yaşadıqları evə gəlib oğlu Asifin bıçaqla Çingiz adlı şəxsi vurub xəsarət yetirdiyini bildirdiklərini demişdir. Bundan sonra polis əməkdaşları ona zəng edib Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə getmiş və orada ona baş vermiş dava-dalaş hadisəsinin videogörüntülərini göstərib, baş vermiş hadisədə oğlu Asifin günahının olmadığını bildirmişlər. Lakin, sonradan həmin video görüntünü gizlətmişlər. Asif həmin hadisə zamanı özünü müdafiə etmişdir. Bundan sonra Asifə zəng edib evə gəlməsini demiş və Asif ona polis bölməsinə getsə, orada onu tutacaqlarını, sabah vəkillə birlikdə gedəcəyini bildirmişdir. Həmin gün saat 23 radələrində Eyvaz və Vilayət adlı polis əməkdaşları yaşadığı evə gəlib ona vəkilə artıq pul verməməsini, vəkilə ehtiyacın olmadığını bildirmişlər. Həmin polis əməkdaşları öz mobil telefon nömrələrini ona verərək, onlara qarşı hansısa qaydada zor tətbiq edilərsə bu barədə onlara məlumat verməyini bildirmişlər. Bundan sonra Asif yaşadıqları evə gələrək, hadisə baş verən zaman sexdən çıxıb mağazaya siqaret almaq üçün gedərkən bir nəfərin ona salam verdiyini, həmin şəxsin əlində beysbol ağacı olduğunu, ona görə kənara çəkildiyini, bir neçə nəfərində Asifə yaxınlaşdığını bildirmişdir. Ona görə də üstündə olan bıçağı çıxarıb həmin şəxslərdən kim olmalarını soruşmuş və yaxın gələrlərsə vuracağını bildirib sexə tərəf gəlmişdir. Bu zaman tanımadığı şəxslərdən biri əlində olan beysbol ağacı ilə Asifin ayağından vurduqda Asif yerə yıxılmış, digər şəxslər də Asifin bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışlar. Həmin şəxslərin niyyəti Asifi öldürmək olmuşdur. Hadisə nəticəsində gözü qaralaraq yerə yıxılmış, ona görə də əlində olan bıçaqla kimə xəsarət yetirməsini bilməmişdir. Hətta Asif elə hesab etmişdir ki, əlində olan bıçaqla özünə xəsarət yetirmişdir. Yəni, Asifin Çingiz adlı şəxsi bıçaqla vurub xəsarət yetirməsi təsadüfən baş vermişdir. Həmçinin, Asif ona yaxınlaşan şəxsin Çingiz olduğunu bilsəydi, bıçaq çıxartmazmış, onunla söhbət edə biləcəyini demişdir. Bundan sonra Asiflə birlikdə Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə getmişlər. O, xahiş etsə də oğlu Asifin barəsində məhkəmə tibb ekspertizası təyin edilməmişdir. Sonradan bildiyinə görə oğlu Asifi döyüb xəsarət yetirən şəxslərdən birinin adı Hüseyndir, lakin digər şəxslərin adlarını bilmir. Sonradan Hüseynin qardaşı ona əgər qardaşı Hüseyndən şikayət etsələr evlərinə narkotik vasitə atacaqlarını bildirib, onu hədələməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində fəaliyyət göstərən “Modern Hospital” xəstəxanasında mühəndis işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində özünə məxsus “Opel Corsa” markalı “**-GP- ***” dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu ərazisində yerləşən “Yağmur mebel” mağazasının qarşı tərəfi ilə hərəkətdə olan zaman bir neçə nəfər yola çıxıb avtomobili saxlamağına işarə etmişlər. O, avtomobili saxlayıb nə baş verməsini soruşduqda həmin şəxslər bir nəfərin halının pis olduğunu, həmin şəxsi “Modern Hospital” xəstəxanasına çatdırmağını xahiş etmişlər. Bundan sonra həmin şəxslərdən idmançı bədən quruluşlu, saqqallı biri, qarın nahiyəsindən xəsarət almış şəxsi avtomobilin arxa oturacağına uzadıb, özü də onun yanında əyləşmiş, digər arıq bədən quruluşlu şəxs isə avtomobilin qabaq oturacağında, onun yanında əyləşmişdir. Həmin şəxsləri xəstəxanaya gətirən zaman ona məlum olmuşdur ki, kəsici-deşici alətlə xəsarət almış şəxsin adı Çingiz, onun yanında əyləşmiş idmançı bədən quruluşlu, saqqallı oğlanın adı isə Rüfətdir. Lakin, avtomobilin qabaq oturacağında əyləşmiş şəxsin adını bilməmişdir. Xəstəxanada Çingizə ilkin tibbi yardım göstərildikdən sonra onu Sabunçu xəstəxanasına aparmışlar. O, hadisənin şahidi olmamış, hadisənin hansı səbəbdən baş verməsi barədə də məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, həmin şəxslər onunla eyni məhəllədə qonşuluqda yaşayırlar. Çingizlə yaxşı münasibətləri var, belə ki, hərdən Çingizlə görüşüb söhbət edir, çay evinə gedib çay içirmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman Çingiz onun mobil telefonuna zəng edib işi olduğunu, məhəllədəki çay evinin yaxınlığına getməsini demiş, ona görə də dərhal yaşadığı evdən çıxıb yaxınlıqda yerləşən çay evinə tərəf getmişdir. Çay evinin qarşısına çatanda Çingizi yerə yıxılmış vəziyyətdə görmüş və yaxınlaşdıqda Çingiz onu bıçaqla vurduqlarını demişdir. Bu zaman Çingizin yanında olan Rüfət yol maşını ilə Çingizi yaxınlıqda yerləşən “Modern Hospital” xəstəxanasına aparmışdır. Çingizi bıçaqla kimin vurmasını əvvəldən görməsə də, sonradan onunla eyni məhəllədə yaşayan Asifin, aralarında baş vermiş mübahisə zamanı özündə olan bıçaqla Çingizi vurub xəsarət yetirdiyini öyrənmişdir. X4 arasında əvvəldən ədavət olduğunu eşitmiş, lakin onların arasında olan ədavətin səbəbini bilməmişdir. Çingizin bıçaqla vurulduğunu bilib ona yaxınlaşan zaman Rüfət, Çingiz və Vüsal İbrahimovun əllərində beysbol ağacı olduğunu görmüşdür. Lakin, həmin şəxslərin əllərində olan beysbol ağacı ilə kimisə vurmalarını, kiməsə xəsarət yetirmələrini görməmişdir. Həmin hadisə zamanı onu heç kim vurmamış, heç bir xəsarət almamışdır. Həmçinin, özü də heç kimi vurmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 28-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış bıçağın təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs atası X2 öz oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçağı istintaqa könüllü olaraq təqdim etmişdir. Təqdim edilən bıçaq qara plastik dəstəkli bıçaqdır, bıçağın ümumi uzunluğu 22,8 sm, dəstəyinin eni 3,4 sm, dəstəyinin qalınlığı 1,3 sm-dir.Tiyəsinin uzunluğu 9,3 sm, eni 1,9 sm, qalınlığı 0,3 sm-dir. Bıçağın tiyəsi metalik rəngli düymə vasitəsilə dəstəyin içərisindən çıxıb-yığılır. Qara plastik dəstəyin tiyə ilə əks tərəfində bıçağın paltara keçməsi üçün boz metalik rəngdə sıxma qurğusu vardır. Həmin sıxma qurğunun üzərində “Combat troodom, 00556, mikrotech, D/E” sözləri və rəqəmləri, heyvan başının şəkli həkk olunub. Cinayət işinin 135-138-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 4464-4465 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan ov bıçağıdır, soyuq silah hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Təqdim edilmiş köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədə və onun sayı qeyd edilmişdir. Həmin zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin, o cümlədən, təqdim edilmiş bıçağın və ona bənzər xassəli hər hansı bir alətin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş köynəyin səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş köynəyin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilmə-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Cinayət işinin 10-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, sonuncu baş vermiş hadisəni əyani göstərərək, istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq etmişdir. Cinayət işinin 132-134-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisəni Təqsirləndirilən şəxs üzünə deyərək istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kim qəbul edir. Cinayət işinin 87-89-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış MTE və PAETTB-nin Xətai rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 125 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs nazik bağırsaq ilgəyinin eventrasiyası (bayıra çıxması), nazik bağırsaq və ilgəklərinin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işinin 121-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış MTE və PAETTB-nin Xətai rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 07/125 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs nazik bağırsaq ilgəyinin eventrasiyası (bayıra çıxması), nazik bağırsaq və ilgəklərinin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Müddəti xx xxxxxx 2019-cu il tarixinə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs qarın nahiyəsində müəyyən edilmiş bir ədəd deşilmiş-kəsilmiş yara müxtəlif şəraitlərdə törənə bilərdi, eləcə də təqsirləndirilən və zərərçəkmiş şəxslərin istintaqda vermiş olduqları ifadələrində göstərilən şəraitə də uyğun gəlir. Cinayət işinin 125-126-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış MTE və PAETTB-nin Xətai rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli, 08/1275 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- sağ said, sol mil-bilək oynağının arxa və ön, sol əlin arxa və ovuc səthləri nahiyələrində qançırlar, sağ baldır nahiyəsində əzilmiş səthi dəri yarası, sağ əlin 5 barmağı və sol diz oynağı nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcləri təyin edilmir. Cinayət işinin 140-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli baxış keçirilmə protokolundan və cinayət işinə əlavə edilmiş CD diskdən görünür ki, müxtəlif markalı və dövlət qeydiyyatlı avtomobillər dayanmış vəziyyətdədir, faylın 30-cu saniyəsindən görünür ki, həmin avtomobillərin yaxınlığından 4 nəfər şəxs qaçır, həmin şəxslərdən üçünün əlində taxta parçası vardır. Faylın 20-ci saniyəsində görünür ki, avtomobillərin yanında 1 nəfər dayanmış vəziyyətdədir, onun yanına əlində taxta parçaları olan 3 nəfər gəlir və qaçıb uzaqlaşırlar. CD diskə baxış zamanı iş üçün əhəmiyyətli olan başqa hal müəyyən edilməmişdir. Cinayət işinin 141-144-cü vərəqələrində olan xx xxxx 2020-ci il tarixli "Sübutların qiymətləndirilməsi haqqında" qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xəsarət yetirmiş şəxslərin müəyyən edilərək əməllərinə hüquqi qiymət verilməsi üçün cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli 03 №-li qərarının 3-cü bəndinə görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən, cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəl qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınır. Qeyd etmək lazımdır ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dindirilərkən hadisədən əvvəl onların arasında olan qarşılıqlı münasibətləri, aralarında yaranmış narazılıq və münaqişənin səbəbləri barədə ifadə verməkdən yayınmışlar. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən bildirmişdir ki, hadisədən bir müddət əvvəl yaşadığı həyətdə Hüseyn və bir neçə nəfər uca səslə danışdıqları və söyüş söydükləri üçün onlara irad tutmuş, bu səbəbdən xx xxxxxx 2019-cu il tarixdə Hüseyn, zərərçəkmiş şəxs Çingiz və digər tanımadığı şəxslər ona hücum etmişlər. Zərərçəkmiş şəxs isə bildirmişdir ki, hadisə günü tək olmuş və getdiyi yolda Asifə çiyniylə toxunmuş və münaqişə bu səbəbdən baş vermişdir. Lakin, məhkəməyədək icraat zamanı, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində (i.v.23-24), həm təqsirləndirilən şəxs (44-45, 160-162) qismində dindirilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisədən iki ay əvvəl tanımış və bir dəfə onunla mübahisə edərək ona bıçaqla yüngül xəsarət yetirmişdir. Sonradan Çingiz ondan qisas almaq üçün bir neçə nəfərlə birlikdə onun üzərinə hücum etmiş və beləliklə həmin hadisə baş vermişdir. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Cinayətin motivi cinayətin subyektiv cəhətinin elementlərindən biridir və ibtidai istintaq orqanının əsas vəzifələrindən biri cinayətin motivini işin istintaqı zamanı təqsir kimi aydınlaşdırmaqdan ibarətdir. Motivin məzmununu açmaqla şəxsin konkret vəziyyətdə başqa cür deyil, məhz nə üçün belə hərəkət etməsi əsaslandırılmalıdır. Göründüyü kimi, məhkəmə prosesində Təqsirləndirilən şəxs cinayətin törədilmə motivini, münaqişənin səbəbini gizlətmiş və özünü təqsirkar bilməyərək, münaqişə zamanı güya pilləkənlərdən düşərkən müvazinətini itirib üzü üstə yerə yıxıldığı vaxt əlində olan bıçğınq Çingizin qarın nahiyəsinə dəyməsini bildirmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq, onun faktiki tutulduğu, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 19-cu vərəqəsində olan cinayətin törədilməsində şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 55-56-cı vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 4(011)- 710/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsdə olmanın əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 ədəd bıçaq, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək hökm qanuni qüvəyyə mindikdən sonra məhv edilməli, bir ədəd CD diskin isə cinyət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti və dəyəri olmayan digər əşyalar olmadıqda isə məhv edilməlidir; İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 ədəd bıçaq, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək hökm qanuni qüvəyyə mindikdən sonra məhv edilsin, bir ədəd CD diskin isə cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparıılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar