Məhkəmə qərarları › İş №1(101)-545/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-545/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-545/2022 05.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Cəlilabad rayonu, Hacıismayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Hacıismayıllı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən "Kərbəlayi" adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında razılaşmaya görə "Kərbəlayi'adlı şəxsin tapşırığına əsasən istifadəsində olan mobil teiefondakı WhatsApp ani mesajlaşma tətbiqi vasitəsi ilə sonuncu ilə əlaqə yaradaraq "Kərbəlayi" adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan şəxslə (şəxslərlə) göndərərək həmin tətbiq vasitəsi ilə paylaşdığı lakin istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 1078,55 qram narkotik vasitə heroini əldə edib yaşadığı ünvan 2 ünvanına daşımaqla həmin narkotik vasitənin 1022 qramını evin yataq otağında 1 ədəd sellofan torbada, 56,550 qramını isə üzərində saxlamış, 05 may 2021 -ci il tarixdə saat 04:40 radələrində Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı yaşadığı evin qarşısında saxlanılaraq BNMİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 56,550 qram, əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşayış evinə baxış zamanı isə evin yataq otağından 1 (bir) ədəd sellofan torbada ümumi təmiz çəkisi 1022 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 05 may 2021-ci il tarixdə axşam saat 04:40 radələrində Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı binanın yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 20 (iyirmi) AZN pul, 1 (bir) ədəd açar, 1 (bir) ədəd, "Samsung" markalı mobil telefon və şəxsiyyət vəsiqəsi aşkar olununmuşdur. Sonra 1 (bir) bükümdə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 61 qram (altmış bir qram) olmuşdur. Sonra həmin kütlə ağ rəngli, içi boş olan zərfdə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, özü tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi ona izah olunduqdan sonra 1 (bir) ədəd, "Samsung" markalı mobil telefon, şəxsiyyət vəsiqəsi götürülmüş, 20 (iyirmi) AZN pul və 1 (bir) ədəd açar ona geri qaytarılmışdır. O, sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Kərbalayi adlı şəxin vasitəsi ilə əldə əldə etdiyini, həmçinin yaşadığı mənzildə narkotik maddə saxladığını, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 3 ünvanına getmişdir. Həmin mənzilin girişindən sol tərəfdəki yataq otağı kimi istifadə olunan yerdə saxladığı 1 (bir) ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1 kq 42 qram (bir kq qırx iki qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər ağ rəngli, içi boş olan zərfdə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Daha sonra mənzilin digər otağlarına, hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Əlavə olaraq göstərmişdir ki, onun üzərinə axtarış və evinə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparımışdır. Ondan başqa heç kim onun evinə baxış və üzərinə şəxsi axtarış keçirməmişdir. Saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. "Kərbəlayi" adlı şəxslə "İnstagram" sosial şəbəkəsində təsadüfən tanış olmuşdur. Təxminən 3 ay əvvəl həmin şəxs ona dostluq göndərmişdir. O, həmin şəxsi tanıdığını düşünərək dostluğunu qəbul etmişdir. Söhbət zamanı həmin şəxs özünü "Kərbəlayi" kimi təqdim etmiş, adını deməsə də İranda yaşadığını bildirmişdir. Profilində canavar şəkli olmuşdur. Ondan mobil nömrəsini aldıqdan sonra "whatsap" mobil proqramı vasitəsilə ona zəng edərək münasibət saxlamağa başlamışdır. Həmin şəxs bir neçə dəfə pul müqabilində "əmanət" adlandırdığı bağlamanı dediyi yerdən götürüb saxlamağı və sonra dediyi adamlara çatdırmağı təklif etsə də o, razı olmamışdır. Lakin may ayının 14 ya da 2-si ona yenidən zəng edərək yenə həmin təklifi etmişdir. Evdə heç kim olmadığı üçün 850-900 manat müqabilində həmin şəxsin təklifi ilə razılaşmışdır. Həmin gün saat 22 radələrində tək Mehdiabad deyilən yerə getmiş və telefonda həmin şəxslə danışa-danışa bağlama olan yeri tapmışdır. Bağlama qaranlıq ərazidə olmuş, ətrafada heç bir tikili olmamışdır. Hasarın dibində olan bağlamanı götürüb avtobusla geri qayıdaraq evə gətirmiş və yataq otağında gizlətmişdir. Həmin şəxs bağlamanı saxlamağı və deyilən vaxtda dediyi adamlara çatdırmağı tapşırmışdır. Həmin şəxs bağlamada narkotik vasitə olan heroin olduğunu ona demişdir. İçərisində narkotik vasitə olan bağlamanı götürdüyü yerə gecə getmişdir. Həm də qeyd edilən ərazidə əvvəl olmadığı üçün, həm də günün qarnalıq vaxtı oraya getdiyindən həmin yeri indi yadına sala bilmir. Həmin şəxs işi başa vurduqdan sonra bank kartı nömrəsi göndərməyini və pulu həmin karta köçürəcəyini bildirmişdir. Həmin bağlamanın dediyi yerə kimin, nə vaxt, necə apardığını bilmir. Bağlamanı götürən vaxt evdə heç kim olmamış, ailə üzvləri kənddə olmuşdur. Buna görə də ailə üzvlərinin həmin bağlamadan xəbəri olmamışdır. Hərdən kokos adlanan heroin, hərdən də şüşə adlanan metamfetamin istifadə edir. Üzərindən aşkar edilən narkotik vasitəni evdəki bağlamadan lazım olanda öz istifadəsi üçün götürüb üzərində saxlamışdır. ***-***-**-** mobil nömrəsindən istifadə edir. Kərbalayi ilə yazışmalarını və danışıqları mütəmadi olaraq telefondan sildiyi üçün ola bilsin indi heç nə qalmamışdır. Həmin şəxsin mobil nömrəsini bilmir, ancaq İran dövlətinə məxsus mobil nömrə olmasını xatırlayır. Daha əvvəl belə bir əməl törətməimişdir. İlk dəfə idi ki, həmin şəxsin təklifi ilə belə hərəkət etmişdir. Evdən aşkar edilmiş maddəni Kərbalayinin deyəcəyi adamlara çatdırmaq məqsədilə saxlamışdır. Başqa narkotik vasitə və ya psixotrop maddə saxlamır. Təqsirləndirilən şəxs qismində əlavə olaraq dindirilmiş Təqsirləndirilən şəxs Alədddin oğlu ifadəsində göstərmişdir ki, o, 05.05.2021-ci il tarixdə səhv etmirsə saat 04:40 radələrində yaşadığı evin yaxınlığında Məmmədli qəsəbəsi Ə.Əliyev küçəsində olarkən polis əməkdaları tərəfindən saxlanılmışdır. Onun bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilməsi, orada üzərinə şəxsi axtarış keçrilməsi dəqiq xatırlamasa da təxminən ümumilikdə 50 dəqiqə ərzində baş vermiş, Baş Narkotiklərlə Mübarizə İdarəsində şübhəli şəxs qismində tutulduğu andan müdafiəçisi Xəyalə Babayeva iştirak etmişdir. Üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə heroin onun iştirakı ilə tərəzi vastəsi çəkilmiş, sonra isə qablaşdırılaraq tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Ola bilsin ki, polis əməkdaşlarının çəkdikləri tərəzi çəkini səhv göstərsin və üzərindən 61 qram, yaşadığı ünvandan isə aşkar edilmiş heroinin miqdarının 1 kq 42 qram heroin aşkar edilməsi qeyd olunsun. Ekspert rəyində göstərilənlər doğrudur, üzərindən 05 may 2021-ci il tarixli, 6/1816 nömrəli rəydə göstərilən kimi 56,550 qram, yaşadığı ünvandan isə 1022 qram heroin aşkar edilməsi ilə bağlı heç bir etirazı, vəsatəti və ya şikayəti yoxdur. Sadəcə elə bilirmiş ki, üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə heroinin miqdarı 500 qramdan artıq deyildir. Bu səbəbdən də cinayət işi materialları ilə tanış olarkən bildirmişdir ki, üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə heroinin miqdarı 500 qramdır. Bu yalnız onun ehtimalıdır. O, heroini alarkən çəkməmişdir, heroini əldə etməkdə məqsədi isə şəxsi İstifadəsi üçün olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Polis baş leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 05 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün rəhbərliyə məruzə edilmiş və müvafiq qərar qəbul edilərək əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində 05 may 2021-ci il tarixdə saat 04:40 radələrində ünvan 4 ünvanının yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi müəyyən edərək ona yaxınlaşmışlar, özlərini təqdim edərək polis əməkdaşı olduqları bildirilmiş və sorğu zamanı həmin şəxsin həqiqətən də xx xxxx 1993-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra həmin şəxs onların müşayiəti ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Burada ona hüquqları izah edildikdən sonra video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmamasını soruşduqda həmin şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərində tərəfimizdən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 20 (iyirmi) AZN pul, 1 (bir) ədəd açar, 1 (bir) ədəd, "Samsung’1 markalı mobil telefon və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra 1 (bir) bükümdəki heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 61 qram (altmış bir qram) olmuşdur. Sonra həmin kütlə ağ rəngli, içi boş olan zərfdə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi Təqsirləndirilən şəxs izah olunduqdan sonra 1 (bir) ədəd, "Samsung" markalı mobil telefon, şəxsiyyət vəsiqəsi götürülmüş, 20 (iyirmi) AZN pul və 1 (bir) ədəd açar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Kərbalayi adlı şəxin vasitəsi ilə əldə əldə etdiyini, həmçinin yaşadığı mənzildə narkotik maddə saxladığını, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı həmin şəxsin ərizəsi alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 3 ünvanına getmişlər. Təqsirləndirilən şəxs həmin mənzilin girişindən sol tərəfdəki yataq otağı kimi istifadə olunan yerdə, 1 (bir) ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1 kq 42 qram (bir kq qırx iki qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər ağ rəngli, içi boş olan zərfdə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra mənzilin digər otağlarına, hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Əlavə olaraq bildirmişdir ki, aşkar edilmiş narkotik vasitələr şəxsi axtarış və baxış zamanı qablaşdırılma ilə birlikdə çəkildiyi üçün müəyyən edilmiş çəkilər ekspert rəyində göstəriləndən fərqli ola bilər. Cinayət işi üzrə şahid qismində əlavə olaraq dindirilmiş DİN-in BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə dəqiq məlumatları olmuş, bu səbəbdən də o və DİN-in BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 əvvəlcədən DİN-in BNMİ-nin təhqiqatçısı polis baş leytenantı Nəcəf Aburşuya məlumat vermişlər ki, daxil olmuş əməliyyat məlumatı ilə bağlı Təqsirləndirilən şəxs saxlanıla bilər və həmin gün vəkil bürosu ilə əlaqə saxlayıb vəkil lazım olması barədə məlumat versin. 05.05.2021-ci il tarixdə saat 04:40 radələrində Məmmədli qəsəbəsində Təqsirləndirilən şəxs o və BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən narkotik vasitələri qanunsuz olaraq əldə edib daşımaqla satışı ilə məşğul olması ilə bağlı saxlanılarkən dərhal təhqiqatçı Nəcəf Aburşuya məlumat verərək sonuncuya vəkil bürosu ilə əlaqə saxlayıb vəkil lazım olması barədə deməsini bildirmişlər. Gec saatları olduğundan yolun hərəkət hissəsi boş olmuş, bu səbəbdən də avtomobillə DİN- in BNMİ-nin inzibati binasına tez çatmaqda heç bir məhdudiyyət olmamışdır. DİN-in BNMİ-nin inzibati binasında təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində tutulması 50 dəqiqə müddətində davam etmişdir. O, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə heroin onların iştirakı ilə tərəzi vastəsi çəkilmişdir. Ola bilsin ki, istifadə etdiyi tərəzidə qram olaraq səhvlik olsun. Lakin ekspertlər ixtisaslaşmış şəxslərdir. Onların istifadə etdiyi tərəzi və xüsusi avadanlıqlarda ola bilməz ki, səhvlik olsun. Ona görə də cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarının protokolda qeyd olunan kimi 61 qram deyil, 05 may 2021-ci il tarixli, 6/1816 nömrəli rəyində göstərilən kimi 56,550 qram, sonuncunun yaşadığı ünvandan isə aşkar edilmiş heroinin miqdarının 1 kq 42 qram deyil, 05 may 2021-ci il tarixli, 6/1816 nömrəli rəyində göstərilən kimi 1022 qram olması ilə bağlı heç bir etirazı, vəsatəti və ya şikayəti yoxdur. Təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olarkən üzərindən və yaşadığı ünvandan 500 qram heroin aşkar edilməsi barədə göstərdikləri sonuncunun özünü müdafiə etməsi ilə bağlıdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 28-31-ci vərəqlərində olan 05 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Cinayət işinin 34-36-cı vərəqlərində olan 05 may 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yataq otağından içərisində narkotik vasitəyə bənzər maddə olan sellofan torba aşkar edilmişdir. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 45-46-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının ***-**** saylı, 05 may 2021-ci il tarixli nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 56,550 qram qəhvəyi rəngli maddə kütləsi (oby.№1) kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, üzərində "Şübhəli şəxs X1 yaşadığı mənzildən..." və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1022 qram qəhvəyi rəngli maddə kütləsi (oby. №2) kustar üsulla hazırlanmış narkotik vasliə- heroindir, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin 121-122-ci vərəqlərində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 2662 nömrəli, 04 avqust 2021-ci rəyindən görünür ki, Təqsirləndirilən şəxs ORİOİDlərin birgə qəbulun və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 116-cı vərəqində olan 24 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın və yaşadığı ünvan 2 ünvanına baxışın videogörüntüsünü əks etsirən DVD disklərə baxış keçirilmiş və həmin DVD disklər maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir Cinayət işinin 118-ci vərəqində olan 24 yanvar 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə aşkar edilərək götürülmüş təmiz çəkisi 1078,55 qram olan narkotik vasitəheroin maddi sübut kimi tanınmış və təhqiqatdan sonrakı qalıq çəkisi 1078,4 qram olan heroin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 19 və 76-77-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 05.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 06.05.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 114-115-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 05 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 04 avqust 2021-ci il tarixli, 2662 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar-Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, cinayət işi üzrə aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1078,4 qram heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın videogörüntüsünü və Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxışın videogörüntüsünü əks etdirən iki ədəd DVD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 05 may 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar-Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, cinayət işi üzrə aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1078,4 qram heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın videogörüntüsünü və Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxışın videogörüntüsünü əks etdirən iki ədəd DVD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar