Məhkəmə qərarları › İş №1(101)-546/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-546/2022

04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-546/2022 04.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 31 avqust 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, 27 avqust 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd kibrit qutusunda 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,610 qram, 2,051 qram, 2,814 qram, 1,112 qram, ümumi təmiz çəkiləsi 7,587 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, üstündə saxlamaqla daşımış və 27.08.2021-ci il tarixdə saat 16:05 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3da yerləşən Suraxanı RPİ-nin 31ci PB-nə gətirilərək orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,610 qram, 2,051 qram, 2,814 qram, 1,112 qram, ümumi təmiz çəkisi 7,587 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, o, subaydır, Balaxanıda Şin zavodunda fəhlə işləyir. O, üzərində 0,5 qram narkotik vasitə heroin ilə olmuş, həmin narkotik vasitə bir büküm olmuş, lakin təzyiq altında olduğu üçün digər bükümləri də öz üstünə götürmüşdür. O, narkotik vasitəni Qara Qarayev metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən həmin gün 2021-ci ildə avqust ayının 27-də satış məqsədilə deyil, öz istifadəsi üçün almışdır. Həmin narkotik vasitəni 30 manata almış, iki-üç gün istifadə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi – satış məqsədi ilə narkotik vasitə əldə etməməsi, üzərində aşkar edilmiş həmin maddələrin ona məxsus olmaması, şəxsi istifadə üçün yalnız bir büküm narkotik vasitə əldə etməsinə dair xüsusatları özünümüdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsi daşıyır. Ona daxil olmuş məlumatda «Elnur» adlı şəxsin qanunsız olaraq narkotik vasitələrin saxlaması və istifadə etməsi bildirilmişdir. Məlumatın yoxlanılması və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə tərəfindən bölmənin rəhbərliyinə raportla müraciət olunmuş və Suraxanı RPİ-nin NMB-nİn əməkdaşından ibarət əməliyyat qrupu yaradılmışdır. 27.08.2021-ci il tarixdə saat 16:05 radələrində o və NMBnin əməkdaşı, əməliyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilinən, sonradan adı onlara məlum olan ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş və orada xidməti iş otaqların birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə ararılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü sürətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunun içindən 04 ədəd şəffaf setofana bükülmüş bükümləri təqdim edərək bildirmiş ki, həmin bükümlərdə olan kütlə narkotik vasitə heroindir və həmin heroini Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan «Şoşu» ləqəbil Rəşad adlı şəxsdən öz istifadəsi üçün 35 manata əldə etmiş və üzərində saxlamaqla gəzdirmişdir. Bundan sonra narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Polis Bölməsində olarkən ona qarşı heç bir fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizası 6/3754 nömrəli 28 avqust 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «AR DİN» Zərflər üçün №194» dairəvi möhür əksi, «..Təqsirləndirilən şəxs...» və s yazıları olan zərfdəki 01 ədəd kibrit qutusunda 04 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 1,610 qram, 2,051 qram, 2,814 qram, 1,112 qram, ümumi təmiz çəkisi 7,587 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 3450 nömrəli 15 sentyabr 2021-ci il tarixli ambulator məhkəmə-narkoloji ekspertizası rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik X2 hüquqi şəxsin 2240 nömrəli 25 sentyabr 2021-ci il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 -ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiacı yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4194 nömrəli 18 oktyabr 2021-ci il tarixli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «AR ƏN Məhkəmə Ekspertiza mərkəzinə məxsus «Tədqiqat Obyekti № 60» ştamp əksi, «Ekspert rəyi 6/3754... 28 avqust 2021-ci il... Suraxanı RPİ 31-ci PB...» və s yazılar olan «...Təqsirləndirilən şəxs...» qeydli zərfdki 01 ədəd kibrit qutusunda 04 ədəd bükümdə olan heroin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Bu maddələrin növü və ilkin təmiz çəkiləri barədə 28.08.2021 -ci il tarixli 6/3754 saylı eksprert rəyi verilmişdir. Cinayət işinə əlavə edilmiş 27 avqust 2021-ci il tarixli raportdan görünür ki, “Elnur” adlı şəxsin Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinə əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında 27 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 04 ədəd şəffaf selofana bükülmüş maddələr aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinə əlavə edilmiş “diskə baxış keçirilməsi” haqqında 29 avqust 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsinin təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda 04 ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olmasını, həmin narkotik maddələri Bülbülə qəsəbəsində «Şoşu» ləqəbil Rəşad adlı şəxsdən 35 manata özü istifadə etmək üçün almasını, üzərində saxlamasını və daşımasını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmetin aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi ifadələri arasında ziddiyətlər vardır və onun istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı qeyri-səmimi olması, o cümlədən ağır ittihamdan yayınmağa cəhd etdiyi qənaətinə gəlməyə əsas verir. Belə ki, cinayət işinin 55-56-cı vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə müdafiəçisi Pürzə Əliyevanın iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, 27 avqust 2021-ci il tarixdə təxminən saat 16:00-da Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 1-də 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Ona Suraxanı RPİ-nin, 31-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan qanunsuz əşyaları təqdim etməyi bildirmişlər. Xidməti otaqda əynindəki boz rəngli idman şalvarımın sağ yan cibindən 1 ədəd kibrik qutusunun içərsində olan 4 ədəd şəffaf selofanda narkotik vasitə olan heroini təqdim etmiş və həmin bükümlərdə narkotik vasitə heroin olduğunu qeyd etmişdir. O üzərində gəzdirdiyi narkotik vasitəni özü istifadə edir. O həmin narkotik vasitəni Bülbülə qəsəbəsində «Şoşu» ləqəbli Rəşad adlı şəxsdən 35 (otuz beş) manata almışdır. Cinayət işinin 67-69-cu vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2021-ci il tarixdə müdafiəçisi Pürzə Əliyevanın iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olduğu, həmçinin narkotik vasitə olan heroinin xırda bükümlərə bölünməsi onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzsını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd kibrit qutusunda 04 ədəd bükümdə olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,467 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 219 (iki yüz on doqquz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd kibrit qutusunda 04 ədəd bükümdə olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,467 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 219 (iki yüz on doqquz) manat məbləğində pul məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar