Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-547/2020 10.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X5 və prokuroru X1, müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Sarıxanlı kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış massivindəki nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmiş, habelə özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah tədbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs silah tədbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində sərnişin qismində Zərərçəkmiş şəxs taksi fəaliyyəti göstərdiyi «Mercedes» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 5 saylı binanın qarşısındakı yolda qanunsuz olaraq əldə edib, üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı, istifadəyə yararlı, soyuq silah hesab edilən ov bıçağını Zərərçəkmiş şəxs böyür nahiyəsinə dirəyib, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həmin bıçaqla vuracağı ilə hədələməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib avtomobilin qoltuqaltı hissəsindəki pul qabının içərisindən Zərərçəkmiş şəxs məxsus 100 manat nağd pulu ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 100 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 15 radələrində yaşadığı evdən tanışları ilə görüşüb vaxt keçirmək məqsədilə çıxaraq Dərnəgül şossesində yerləşən “Sabirabad” otelinə getmişdir. Orada tanışları ilə birlikdə çay içib bir qədər söhbətləşmiş, sonra da pula ehtiyacı olduğu üçün Yasamal rayonundakı «Qəbələ dairəsi»nin yaxınlığında yaşayan tanışı Emindən borc almaq qərarına gəlmiş, həmin məqsədlə «Qəbələ dairəsi»nə getmək üçün özünün deyil, oradakı tanışlarından birinin mobil telefonundan sifariş üçün *2111 taksi şirkətinə zəng etmiş, operatora olduğu ünvanı deyib «Qəbələ dairəsi»nə gedəcəyini və sonra da yenidən “Sabirabad” otelinin qarşısına qayıdacağını bildirmiş, sifarişi ümumilikdə 7 manat təşkil etdiyindən razılaşmışdır. Saat təxminən 18 radələrində otelin yaxınlığındakı “Santral Elektrik” mağazasının qarşısına çıxıb taksinin gəlməsini gözləməyə başlamış və bir neçə dəqiqə sonra üzərində taksi nişanı olan dövlət qeydiyyat nömrəsini xatırlamadığı “Mercedes” markalı avtomobilin mağazanın qarşısında saxladığını görüb ona yaxınlaşmış, avtomobilin sürücüsü, sonradan adını öyrəndiyi İlyaz adlı şəxslə danışıb sifarişi əsasında gəldiyini dəqiqləşdirdikdən sonra avtomobilin qabaq oturacağına əyləşmiş və «Qəbələ dairəsi» istiqamətində hərəkətə başlamışlar. Həmin istiqamətdə hərəkətdə olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən borc almağı düşündüyü Eminin hal-hazırda xatırlamadığı mobil nömrəsinə zəng etmiş, amma balansında kontur olmadığından zəngi alınmamışdır. Ona görə də taksi sürücüsü İlyazdan zəng etmək üçün telefonunu istəmiş, sonuncu da etiraz etməmişdir. İlyazın telefonundan Eminin nömrəsini yığmış, amma Emin cavab verməmişdir. Artıq «Qəbələ dairəsi»nə çatmışlar və Emin cavab vermədiyindən İlyazdan onu Xətai rayonunun S.Ə.Şirvani küçəsində yerləşən “Akay” kafesinə aparmasını xahiş etmişdir. Özlüyündə fikirləşmişdir ki, kafeni işlədən Xəyal adlı şəxslə münasibəti olduğu üçün orada oturub bir qədər çay içib vaxt keçirər, həmin müddətdə Xəyalın istifadəsində olan mobil nömrə ilə borc pul istəmək üçün təkrarən Eminlə əlaqə saxlayar. Bununla belə o anda taksinin qabaqcadan müəyyənləşdirilmiş sifariş qiymətini ödəməli olduğundan üstündə olan ümumilikdə 7 manat pulu İlyaza vermişdir. Amma «Akay» kafesinə getmək sifarişdən kənara çıxdığı üçün İlyaza təklif etmişdir ki, onu həmin kafeyə apardıqdan sonra yenidən «Qəbələ dairəsi»nə qayıtmalı olacaq, ona görə də əlavə zəhmət haqqını təkrarən «Qəbələ dairəsi»nə gedəndən sonra ödəyə biləcəkdir. İlyaz bir söz deməyərək onun bu təklifi ilə razılaşmış və onlar «Qəbələ dairəsi»ndən «Akay» kafesinin qarşısına gəlmişlər. Amma özünün üstündə ümumiyyətlə pulu olmadığı üçün İlyaza müraciət edib sifarişin haqqı kimi ödədiyi 7 manatı geri qaytarmasını xahiş etmiş və təkrar «Qəbələ dairəsi»nə qayıtdıqdan sonra ödəyəcəyi məbləğlə birlikdə həmin 7 manatı da ödəyəcəyini bildirmişdir. İlyaz onun bu xahişinə də etiraz etməyib razılaşaraq 7 manatı geri qaytarmış və o, avtomobildən düşüb kafeyə daxil olaraq Xəyalla görüşmüş, çay sifariş etmiş, qısa şəkildə söhbətləşmiş, yenidən Eminə zəng etməyə çalışmış, amma Emin telefona cavab verməmişdir. Kafedə bir qədər oturub qalmış, müəyyən vaxtdan sonra onu çöldə gözləyən İlyaz içəri daxil olub çox gözlədiyini demiş, o isə cavabında zəng gözlədiyini deyib bir qədər səbr etməsini xahiş edərək onu da çay süfrəsinə dəvət etmiş, onlar İlyazla birgə çay içib müxtəlif mövzularda danışmışlar. Amma Emindən zəng gəlmədiyi üçün əlacsız durumda qaldığından taksi sürücüsü İlyazı aldatmaq qərarına gəlmişdir. Bu məqsədlə də İlyaza yalandan guya işinin artıq alındığını deyib «Qəbələ dairəsi»nə getməli olduqlarını bildirmişdir. Saat təxminən 20 radələrində birgə kafedən çıxıb İlyazın idarə etdiyi taksiyə əyləşib «Qəbələ dairəsi» istiqamətdə yola düşmüşlər. Yolda gedərkən İlyaz taksi pulu kimi ona 20 manat verməli olacağını demişdir. Pulu olmasa da İlyazı aldadıb danışılan yerə çatan kimi tanışından pul alıb yol haqqını verəcəyini demişdir. «Qəbələ dairəsi»nə çatdıqdan sonra o, avtomobildən düşərək yaxınlıqda onu gözləyən tanışından 20 manat pulu götürüb ona verəcəyini deyib İlyazdan gözləməsini xahiş etmiş və ara yollarla oradan uzaqlaşaraq çıxıb getmiş və bir daha İlyaza tərəf qayıtmamışdır. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanmış və ona məlum olmuşdur ki, İlyaz adlı həmin taksi sürücüsü onun barəsində polisə ərizə ilə müraciət edərək, guya idarə etdiyi avtomobillə onu müştəri qismində Xətai rayonundakı “Akay” kafesindən «Qəbələ dairəsi» istiqamətində apardığı zaman, onun üzərinə bıçaq çıxarıb hədələyərək 100 manat pul və mobil telefon aparatını ələ keçirməsini bildirmişdir. Bu səbəbdən şübhəli kimi saxlandığını ona bildirən polis işçiləri ilə birlikdə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə getmişdir. Orada tanımadığı iki nəfər hal şahidinin iştirakı ilə üzərində axtarış aparılmış, axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin içəri cibindən bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Bıçaq həqiqətən ona məxsus olaraq həmin vaxt cibində olmuşdur. Bu bıçağı İlyazla bağlı həmin hadisədən təxminən bir neçə həftə əvvəl hal-hazırda xatırlamadığı yerdən almış, bıçaq çox xoşuna gəldiyi üçün hər hansı başqa məqsədi olmadan onu üzərində saxlamış və gəzdirmişdir. Amma həmin bıçağı İlyaza qarşı tətbiq etməmiş, bıçaqla və ya bıçaqsız İlyazı hədələməmiş, İlyazın hər hansı məbləğdə pulunu və ya digər əmlakını ələ keçirməmişdir. İlyazın bu şəkildə ondan şikayətçi olması səbəbinə gəlincə isə belə fikirləşir ki, aldadıb taksi pulunu ödəmədiyi üçün İlyazın ona acığı tutmuş, hirslənmiş, ona görə də bıçaq dirəyib pulunu alması məzmununda ərizə yazmışdır. Bu taksi sürücüsünün hal-hazırda da eyni mövqedə qalaraq şikayətçi olması ilə bağlı isə hesab edir ki, İlyaz onun valideynlərindən pul qopartmaq fikrindədir və həmin niyyətlə də şikayətini davam etdirir. İlyazın bıçağı görməsi ilə bağlı məqamla əlaqədar isə onu qeyd edə bilər ki, həqiqətən İlyaz onlar «Qəbələ dairəsi» istiqamətində hərəkətdə olarkən onun əlində bıçağı görmüşdür. Amma bu hər hansı hədələmə ilə bağlı olmamışdır. Belə ki, “Akay” kafesindən «Qəbələ dairəsi» istiqamətində hərəkətdə olarkən Emin adlı tanışından zəng gözlədiyi bir vaxtda onun mobil telefonu sönmüş və o, telefonu işə sala bilmək üçün onun batareya hissəsini çıxarıb yenidən telefona salmaq qərarına gəlmiş, bu məqsədlə də cibində gəzdirdiyi bıçağı çıxarıb onun tiyəsindən istifadə etməklə telefonun arxa qapağını açmışdır. Məhz telefonun qapağını açmaq üçün istifadə etdiyi vaxtda İlyaz onun əlindəki bıçağı görmüşdür. Ona görə də hesab edir ki, İlyaz müraciətində həm də guya ona qarşı bıçaq tətbiq etməsini bu səbəbdən qeyd etmişdir. Ona görə də heç bir cinayət əməli törətmədiyinə görə barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, özünə məxsus «Mercedes» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərir. Həm fərdi qaydada təsadüfi rastlaşan, həm də taksi xidmətləri göstərən şirkətlər vasitəsilə əlaqələndirilən müştəriləri daşıyır. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 18 radələrində “Maxim Taxi *2111” taksi şirkətindən tanımadığı müştərinin Dərnəgül şossesində yerləşən “Sabirabad” otelinin qarşısı tərəfdən götürüb Yasamal rayonundakı «Qələbə dairəsi» yaxınlığına aparmaq və eyni qaydada geri aparıb qoymaq barədə sifarişi qəbul etmişdir. Bu sifarişlə əlaqədar Dərnəgül şossesi ilə hərəkət edib həmin otelin yaxınlığında yerləşən “Santral Elektrik” mağazasının qarşısında avtomobili saxlayıb gündəlik adi iş qaydası kimi müştərini gözləməyə başlamışdır. Az vaxt keçdikdən sonra əvvəllər tanımadığı və rastlaşmadığı, adını məlum hadisə ilə bağlı sonradan bildiyi Təqsirləndirilən şəxs onun avtomobilinə yaxınlaşmış, onun sifariş əsasında gəldiyini dəqiqləşdirdikdən sonra avtomobilin qabaq oturacağına əyləşmişdir. Marşrutu qabaqcadan bildiyindən «Qələbə dairəsi» istiqamətində hərəkətə başlamışdır. Bir az getdikdən sonra Təqsirləndirilən şəxs özünün mobil nömrə kartında danışıq konturunun qurtardığını demiş və kiməsə zəng etmək üçün ondan telefonunu verməsini xahiş etmişdir. O da etiraz etməyib özünə məxsus “Hofman” markalı mobil telefon aparatını danışması üçün ona vermiş, Orxan da onun telefonu ilə kiminləsə danışıb qaytarmışdır. «Qələbə dairəsi»nə çatdıqda Orxan ona buraya gəlməkdə məqsədinin hansısa tanışı ilə görüşmək olduğunu, amma bu görüşləri baş tutmayacağı üçün onu əvvəlcə “Sabirabad” otelinin yaxınlığına, oradan da Xətai rayonunda yerləşən Şirvani küçəsindəki “Akay” kafesinə aparmasını xahiş etmiş, eyni zamanda, cibindən 7 manat pul çıxarıb qabaqcadan edilmiş sifarişin pulunu ödəmiş, sifarişdən kənara çıxan yola görə isə ayrıca hesablaşacağını bildirmişdir. Orxan əlavə etmişdir ki, “Akay” kafesinə getdikdən sonra həm də o yenidən Dərnəgül şossesindəki “Sabirabad” otelinə qayıtmalı olacaqdır. Onun işi elə müştəri daşımaqdan ibarət olduğu üçün Orxanın dedikləri ilə razılaşmış və sonuncunu Şirvani küçəsində yerləşən “Akay” kafesinin qarşısına aparmışdır. Kafenin qabağına çatdıqda Orxan üstündə pul olmadığını deyib, az əvvəl yol haqqı kimi ona verdiyi 7 manatı geri qaytarmasını xahiş etmiş, yenidən “Sabirabad” otelinə qayıdarkən obyektdən pul götürüb ona verəcəyini demişdir. Heç nədən şübhələnmədən, ehtiyatlanmadan 7 manatı Orxana qaytarmışdır. Orxan az sonra qayıdacağını deyib elə dayandıqları yerdə onu gözləməsini xahiş etmiş və avtomobildən düşüb “Akay” kafesinə getmişdir. Amma onun dediyi az vaxt məsələsi düz çıxmamış, təxminən iki saat gözlədikdən sonra Orxanın gəlib çıxmadığını, həm də nəinki zəhmət haqqını verməməsi, hətta üstəlik ilkin sifarişin pulunu da geri alıb getməsi səbəbindən avtomobildən düşüb sözügedən kafeyə daxil olmuşdur. Kafedəki otaqların birinə keçib Orxanın təkcə orada əyləşdiyini, həm də başını stolun üstünə qoyub faktiki yuxulu vəziyyətdə olduğunu görmüşdür. Orxan başını qaldırıb onu gördükdə əyləşib bir stəkan çay içməsini təklif etmiş və bir qədər də gözləməli olacaqlarını bildirmişdir. O da etiraz etməyib situasiyaya uyğun olması üçün bir stəkan çay içmiş və bundan artıq gözləyə bilməyəcəyini deyərək getməli olduğunu bildirmişdir. Faktiki onun bu təkidindən sonra nəhayət saat təxminən 20 radələrini keçmiş olan bir vaxtda Orxan yerindən qalxmış və onlar kafedən çıxıb avtomobilə əyləşərək “Sabirabad” oteli istiqamətində hərəkətə başlamışlar. Orxan yenə qabaq oturacaqda əyləşmişdir. Hərəkətə başladıqdan və təxminən 10-15 metr məsafə qət etdikdən sonra gözləmədiyi halda Orxan cəld bir hərəkətlə şalvarının belindən gümüşü rəngli bıçaq çıxartmış, üzərindəki düyməni basmaqla bıçağı açıb tiyəsini onun sağ yan böyrünə dirəmiş və bıçaqla onu vuracağı ilə hədələyərək avtomobilin qoltuqaltı nahiyəsində saxladığı içərisində 100 manat pul olan 5 manat dəyərində portmanatı götürmüşdür. Böyrünə bıçaq dirənməsinə baxmayaraq özünü itirməməyə çalışmış və o anda gizli şəkildə özünə məxsus mobil telefonla 102 xidmətinə zəng etmək niyyətinə düşmüşdür. Orxan onun zəng etməklə bağlı fikrini dərhal başa düşmüş və ona görə də 50 manat dəyərində olan “Hofman” markalı mobil telefonunu elə bıçağı dirədiyi vəziyyətdə qalmaqla tələb edərək götürmüşdür. Telefonu götürdükdən sonra Orxan bu telefonunun ona lazım olmadığını, sadəcə kimsəyə zəng vurmamasından ötrü bunu etdiyini deyib avtomobildən düşərkən telefonu qaytaracağını bildirmiş, eyni zamanda, avtomobili artıq “Sabirabad” otelinin yanına deyil, birbaşa «Qələbə dairəsi»nə sürməyi tələb etmişdir. Bıçağı onun böyründən çəkməyən Orxan həm də onu hədələyərək demişdir ki, avtomobili başqa bir yerdə saxlayacağı və ya kimdənsə kömək istəyəcəyi tədqirdə onu bıçaqlayacaqdır, yəni bıçağı soxacaqdır. Başqa çıxış yolu olmadığından və həm də artıq real olaraq bıçaqlana biləcəyindən çox qorxduğundan Orxanın tələblərinə əməl edərək avtomobili Qara Qarayev prospekti, daha sonra Dərnəgül şossesi ilə hərəkət etdirib Yasamal rayonundakı «Qələbə dairəsi»ə çatmışdır. «Qələbə dairəsi»nin yaxınlığına çatarkən Orxan avtomobili saxlamasını tələb etmiş və o da avtomobili saxlamışdır. Orxan onun portmanatının içində olan 100 manat pulunu götürmüş, sonra portmanatını və mobil telefonunu ona qaytarmış, daha sonra isə cəld hərəkətlə avtomobildən düşmüş, düşərkən əlindəki bıçağı əynindəki gödəkçənin içəri hissəsinə qoyub yaxınlıqdakı ara məhəllələrə doğru qaçıb uzaqlaşmışdır. Baş verənlərə görə möhkəm qorxduğu və bərk həyəcan keçirdiyi üçün bir müddət özünə gələ bilməmiş, bir qədər sonra birtəhər özünü toparlayıb 102 xidmətinə zəng vuraraq ona qarşı törədilən bu əməl barədə məlumat vermişdir. Sonradan Orxanı polis əməkdaşları müəyyən edib tutmuşlar. Onun əvvəllər heç vaxt tanımadığı Təqsirləndirilən şəxs qarşı heç bir qərəzi yoxdur. Amma ona qarşı törədilmiş bu əmələ görə Orxanı bağışlaya bilmir. Ən azından ona görə ki, ötən bu müddət ərzində həm ibtidai istintaq vaxtı, həm də məhkəmə araşdırmasının gedişində nə Orxan özü, nə də onun valideynləri elementar üzrxahlıq belə etməmiş, nə də ona vurulan 100 manat maddi ziyanı ödəməmişlər. Əksinə, ona qarşı haqsız olaraq qərəzli münasibət göstərmişlər. Orxanın atası hətta onu bir dəfə maddi ziyanı ödəmək adı ilə görüşə çağırmış, amma görüş zamanı onun 100 manatını verməmiş və üstəlik gedib məhkəməyə maddi ziyanın ödənilməsi barədə ərizə verməsini tələb etmiş, onun 100 manatını qaytarmaq məsələsinə sonradan baxacağını bildirmişdir. Ona görə də bütün bu halları nəzərə almaqla Təqsirləndirilən şəxs qanunların müəyyənləşdirdiyi qaydada cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Şəfa oğlu göstərdi ki, təxminən 2 il müddətində Bakı şəhəri, Xətai rayonu, Şirvani küçəsində yerləşən “Akay” çay evini icarə götürüb işlətmişdir. Təqsirləndirilən şəxs da elə artıq iki ilə yaxındır ki, tanıyır, yəni onların tanışlıqları da elə “Akay” kafesini icarəyə götürdüyü vaxtlarda yaranmışdır. Belə ki, Orxan tez-tez müştəri kimi onun işlətdiyi həmin kafeyə gəlmişdir. Kafeyə gəlişlərində Orxanın hər hansı şəxslə mübahisəsinin, dava-dalaşının şahidi olmamışdır. Orxanı çox sərbəst həyat tərzi olan adam kimi qəbul etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 18 radələrində kafedə olduğu zaman Orxan oraya gəlmiş, onunla görüşüb hal-əhval tutmuş və çay sifariş edərək kafedəki kabinələrin birinə keçib tək əyləşmişdir. Orxan kafeyə gəlib kabinəyə keçdikdən təxminən bir saat, saat yarım sonra kafeyə əvvəllər tanımadığı başqa bir gənc oğlan gələrək Orxanın yanına keçərək əyləşmiş və bu iki şəxs birlikdə oturub çay içərək söhbətləşmişlər. Amma yanlarında olmadığından nə barədə söhbətləşdiklərini, Orxanın bu şəxslə nə münasibəti olmasını bilməmişdir. Bir az keçəndən sonra Orxan həmin oğlanla birlikdə kafeni tərk edib getmiş, çıxarkən çayın pulunu da ödəmişdir. Baş vermiş hadisə barədə yalnız sonradan eşitmiş və özünün də dəvət olunduğu 34-cü Polis Şöbəsində olarkən ona məlum olmuşdur ki, Orxanla birlikdə kafedə çay içmiş həmin şəxs taksi sürücüsü olmuş, onlar birgə kafeni tərk edib taksiyə əyləşdikdən sonra Orxan həmin taksi sürücüsünə qarşı bıçaq tətbiq etməklə 100 manat pulunu ələ keçirmişdir. Sonuncu dəfə kafeyə gəldiyi gün və ondan əvvəlki vaxtlarda Orxanda hər hansı bıçaq görməmişdir. Amma Orxanın avara həyat tərzi keçirməsi səbəbindən həmişə onun üzərində bıçaq gəzdirməsini ehtimal etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin məsul növbətçisinin xx xxxxxx 2019-cu il tarixli raportundan müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş məlumatda bildirilmişdir ki, Zərərçəkmiş şəxs həmin xidmətə müraciət edərək taksi xidməti apardığı avtomobilə əyləşmiş naməlum sərnişin əlindəki bıçağı sürücüyə dirəyərək 100 manat pulunu almış, daha sonra onu «Qələbə dairəsi»nə aparmağı tələb etmiş və həmin dairəyə çatandan sonra avtomobildən düşüb uzaqlaşmışdır (cild 1, iş vərəqə 5). Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ərizəsində də avtomobilinə minmiş tanımadığı şəxsin ona bıçaq çıxardaraq 100 manat pulunu aldığını bildirmişdir (cild 1, iş vərəqə 6). Baxış keçirmə və götürmə barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətinin törədilməsində şübhəli bilinərək saxlanılıb Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən, sonuncu əynindəki qara rəngli gödəkçənin içəri cibindən 01 ədəd gümüşü rəngli, düymə vasitəsi ilə açılan bıçağı polis əməkdaşlarına təqdim edərək, bıçağın özünə məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqə 7). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 43-47). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsi hadisə yerində - Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 5 saylı binanın qarşısındakı yolda yoxlanılarkən, o, öz ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərməklə bir daha tam təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 79-82). Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş eyni növdən olan oxşar formalı bıçaqlar sırasından Təqsirləndirilən şəxs üstünə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd gümüşü rəngli qatlanan bıçağı formasından, rəngindən, uzunluğundan və digər əlamətlərindən tanımış, Təqsirləndirilən şəxs hadisə zamanı məhz həmin bıçağı onun böyür nahiyəsinə dirəyib onu vuracağı ilə hədələməklə avtomobilin qoltuqaltı hissəsindən ona məxsus içərisində 100 manat nağd pul olan bir ədəd portmanatı ələ keçirdiyini bildirmişdir (cild 1, iş vərəqə 42). Məhkəmə ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 32070 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, təyinatı üzrə isifadəyə yararlıdır (cild 1, iş vərəqə 87-90). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 83). Cinayət işinin materiallarında olan nikah və doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir və onun 2014-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 60-61). Hərbi xidmətdə olduğu müddətdə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 64). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə sərnişin qismində Zərərçəkmiş şəxs məxsus taksi kimi fəaliyyət göstərdiyi «Mercedes» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman üzərində bıçaq olmasına baxmayaraq, həmin bıçağı Zərərçəkmiş şəxs qarşı tətbiq etməməsi, ona məxsus pul və ya hər hansı digər əmlakı ələ keçirməməsi, avtomobildə hərəkətdə olarkən yalnız üstündə gəzdirdiyi bıçağı telefonun batareyasını dəyişmək istəyərkən onun arxa qapağını açmaq məqsədilə istifadə etdiyini bildirməsinə dair ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, cəzasını yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs məhz silah tətbiq etməklə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək quldurluq cinayətini törətmişdir. Basqın zamanı təqsirləndirilən şəxs zərərçəkmişin sağlamlığına zərər yetirməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranması faktını məhkəmə mübahisəsiz hesab edir. Təqsirləndirilən şəxs tətbiq etdiyi silahla bağlı müvafiq ekspert rəyinin mövcudluğu şəraitində onun əməlinin əlavə olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə də tövsif edilməsi qanuni və əsaslıdır. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dairişlər üzrə məhkəmə təcrübəsi haqqında» x xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında da ifadə olunmuşdur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi digər əməlin ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə hərbi xidmət zamanı müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 9, 18-19, 69-72, 74-77). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin dəyəri olmadıqda məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan soyuq silah - bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs hazırkı iş üzrə bu və ya digər tələblə bağlı mülki iddia verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş həmin zərərçəkmiş şəxsə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlı olması izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351- 354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan soyuq silah - bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı məhv edilsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə ona vurulmuş ziyanı tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: imza Faiq Qəniyev Hakimlər: imza Mirzə Xankişiyev imza İlham Mahmudov
Məhkəmə qərarları › İş №1(101)-547/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-547/2020
10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver