Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-547/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Probono» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3, 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə 03 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 21.02 2018-ci il tarixli qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli qanunu tətbiq edilərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 17.07.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzası 03 il 03 ay azadlıqdan məhrumetmə cəzasına endirilmiş və 19.12.2020-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs təkrarən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 26 avqust 2021-ci il tarixdə axşam saatlarında naməlum mənbədən 35 manata 04 (dörd) ədəd ayrı-ayrılıqda təmiz çəkisi 0,656 qram, 0,701 qram, 0,267 qram və 1,031 qram, ümumi təmiz çəkisi 2,655 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla, daşımış və 28 avqust 2021-ci il tarixdə saat 16:00-da Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 04 ədəd siqaretin kağız bükümlərində, ayrı-ayrılıqda təmiz çəkisi 0,656 qram, 0,701 qram, 0,267 qram və 1,031 qram, ümumi təmiz çəkisi 2,655 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq 23 sentyabr 2021-ci il tarixdə naməlum mənbədən 50 manata 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,553 qram, 5,451 qram və 2,753 qram, ümumi təmiz çəkisi 15,757 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinin NMB-nin və Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2021-ci il tarixdə saat 10:00 ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 7,553 qram, 5,451 qram və 2,753 qram, ümumi təmiz çəkisi 15,757 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamda özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə təqsirli bilmir. O, narkotik vasitənin istifadəçisidir, patıdan, şüşədən istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən əldə edir. 28 avqust 2021ci il tarixdə o, evdə olarkən polis əməkdaşları gəlib onu evdən tutub polis idarəsinə aparmışlar. Onu evdən götürəndən sonra həmin ərazidə olan təxminən 21 nəfəri də evlərindən götürmüşlər. Onu, Ramin və Ziyad adlı şəxsləri əvvəlcə Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmişlər. Sonra onu oradan növbətçi maşınla 32-ci PB-nə aparmışlar. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Lakin həmin vaxt ona 4 büküm vermişlər ki, guya onun üzərində narkotik vasitə olmuşdur. Sonra onu polisdən buraxmışlar. Onu buraxdıqdan sonra 23 sentyabr 2021-ci il tarixdə 2 nəfər polis əməkdaşı onu saxlayıb Suraxanı RPİ-nə gətirmişdir. Orada üstünə videoçəkiliş edəndə ona 3 büküm vermişlər və verdikləri bükümləri cibindən çıxarıb stola qoymağını tapşırıb, ona bildirmişlər ki, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. O, inanıb polislərin dedikləri kimi ona verilən bükümləri cibindən çıxarıb stolun üstünə qoyub ona məxsus olmayan narkotik vasitələri öz üzərinə götürmüşdür. Xahiş edir onun əməlləri CM-nin 234.1-ci maddəsinə tövsif edilsin. Elan olunmuş cinayət işinin 33-34, 38-40-cı vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən təqisrləndiriən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsi axtarış və götürmə haqqında protokola imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Belə ki, cinayət işinin 51-52, 72-74, 207-210 və 250-252-ci vərəqələrində olan şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarında Təqsirləndirilən şəxs göstərmişdir ki, bir müddətdir ki, heroin kimi tanıdığı narkotik maddədən istifadə edir. Belə ki, həmin narkotik maddəni Bakı şəhərində müxtəlif yerlərdən öz şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. 26 avqust 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olarkən, orada öz şəxsi istifadəsi üçün tanımadığı bir şəxsdən 35 manata 04 ədəd siqaretin gümüşü rəngli kağızı bükümlərində olan narkotik vasitə hesab edilən heroini alıb əldə etməklə əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoyaraq özündə saxlamışdır ki, sonra lazım olan vaxt istifadə etsin. 28 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən «Əfsun» şadlıq sarayının yaxınlığından keçərkən, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onu Suraxanı RPİ-nin 32-ci PB-nə gətirmişlər. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra, müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla üzərinə baxış keçirməsinin zəruri olmasını bildirmişlər, o da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində onun ərizəsi əsasında müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı 04 ədəd siqaretin gümüşü rəngli kağızı bükümlərində olan narkotik vasitə hesab edilən heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümləri açaraq baxış keçirmişlər və bükümlərin içərisində narkotik vasitə hesab edilən heroin aşkar edilmişdir. Sorğu zamanı həmin bükümlərdə olan narkotik vasitənin həqiqətən də heroin olmasını və həmin 04 ədəd büküm heroini 26 avqust 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı bir şəxsdən 35 manata öz şəxsi istifadəsi üçün alaraq şalvarının sol yan cibində saxlamaqla daşıdığını bildirmişdir. Ondan aşkar edilərək götürülmüş 04 ədəd heroin bükümləri zərfə qoyularaq möhürlənmiş və bu barədə müvafiq qaydada protokol tərtib edilmişdir. Onunla keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor və təziq tədbiq edilməmişdir. Bundan başqa, 23 sentyabr 2021-ci il tarixdə səhər tezdən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayan tanıdığı “Anar” adlı şəxsdən 50 manat ödəməklə 03 ədəd bükümdə narkotik vasitə heroin almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Həmin gün, yəni 23 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında piyada olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özünü təqdim etmiş və onların polis əməkdaşı olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşları onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması zərurətini bildirərək onu Suraxanı RPİ-nə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Pİ-də şəxsiyyəti müəyyən olunduqdan sonra ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasım bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş və polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı onun üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları ona təqdim etdiyi 03 ədəd bükümün içərisində nə olmasını, nə vaxt, kimdən, hansı yolla əldə etdiyini, nə məqsədlə üzərində saxladığını soruşmuşlar və o da həmin 03 ədəd bükümün içərisində heroin narkotik maddəsi olduğunu, onları 23 sentyabr 2021-ci il tarixdə səhər tezdən Yeni Suraxanı qəsəbəsində yaşayan tanıdığı “Anar” adlı şəxsə 50 manat ödəməklə ondan öz istifadəsi üçün alıb əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Həmin 03 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik maddəni kiməsə satmamışdır. O, narkotikə olan ehtiyacını ödəmək üçün narkotik maddələr əldə etmiş və üzərində saxlamışdır. Üzərində külli miqdarda narkotik maddələri ayrı-ayrı bükümlərdə üzərində saxlamağının səbəbi isə özünün istifadə etməyi olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada təsir və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs elan olunmuş ifadələrlə əlaqədar bildirmişdir ki, protokolda olan imzalar ona məxsusdur, lakin ifadələri təsdiq etmir. Həmin ifadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında “Rafiq” adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 16:00 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında xarici əlamətlərindən “Rafiq” adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razı olaraq onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. 32-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra ona hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan gör rəngli cins şalvarın sol yan cibindən 04 ədəd bükümü çıxarıb təqdim etmiş və Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və ona məxsus olduğunu, həmin narkotik maddəni 26 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 35 manat müqabilində öz istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 04 ədəd büküm götürülərək qablaşdırılmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin CAŞ-nin rəis müavini vəzifəsində çalışır. 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 10:00 radələrində ünvan 4 ünvanın qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra ondan özünü təqdim etməsini istəmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi, üzərində saxlanılması və satışında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və Anar adlı şəxsə 50 manat pul verərək həmin üç büküm heroini öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 03 ədəd büküm götürülərək qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı əlavə və ya düzəliş daxil olmamış və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Ona qarşı heç bir təzyiq və təkid olmamışdır. Məhkəmə iştirakçılarının razılığı ilə məhkəmədə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, sonuncu Şahid4 dediklərini təsdiqləyərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də tədqiq etmişdir. Belə ki, cinayət işinin 152-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə saat 16:00 radəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsidnə yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq PB-nə gətirlib üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin 04 ədəd siqaretin gümüşü rəngli kağız bükümlərində, ayrı-ayrılıqda təmiz çəkisi 0,656 qram, 0,701 qram, 0,267 qram və 1,031 qram, ümumi təmiz çəkisi 2,655 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 212-213-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 avqust 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 04 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda isə, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və onu 26 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 35 manat müqabilində öz istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmiş, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 158-162-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3758 saylı, 29 avqust 2021-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,656 qram, 0,701 qram, 0,267 qram və 1,031 qram olmaqla, ümumi təmiz çəkisi 2,655 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 33-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 38-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 sentyabr 2021-ci il tarixli mənzildə axtarış aparılması protokolundan görünür ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə axtarış keçirilmiş, axtarış zamanı həmin mənzildən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 99-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 sentyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümləri çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda isə, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və onu bir neçə saat əvvəl Yeni Suraxanı qəsəbəsində “Anar” adı ilə tanıdığı şəxsdən 50 manat müqabilində öz istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 45-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/4240 saylı, 24 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş” yazısı olan zərfdəki 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 07,553 qram, 5,451 qram və 2,753 qram olmaqla, ümumi təmiz çəkisi 15,757 qram açıq qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 236-237-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 08 dekabr 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroin və marixuananın mənbəyinə dair ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs oğlu özünü təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir, lakin tutulanda onun üzərində narkotik olmayıb, xahiş edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunsun. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in və metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 109-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 oktyabr 2021-ci il tarixli tələbnamədən və cinayət işinin 219-223-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 1(011)-283/2017 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 30 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işlərinə məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 17.03.2009-cu il tarixli Amnistiya haqqında qərarına əsasən azad edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 06 ay azadlıqdan məhrum edilmiş, 14 noyabr 2014-cü il tarixdə vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 il 06 ay azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3, 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə 3 il 09 ay azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02 2018-ci il tarixli qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli qanunu tətbiq edilərək ona 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 17.07.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzası 03 il 03 ay azadlıqdan məhrumetmə cəzasına endirilmiş və 19.12.2020-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilməmiş və qanuna müvafiq olaraq üzərindən götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs oğlunun əməli cinayətlərin residivini yaratdığından məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin 214-215-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 oktyabr 2021 -ci il tarixli, 3785 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir.dir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 23 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 13 və 28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, cinayət işinin 59-61-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli (010)-463/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı, cinayət işinin 136 və 148-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, lakin cinayət işinin 172-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qərardan görünür ki, 30 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Covid-19” virusu aşkar olunduğu üçün sonuncu saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun 28 avqust 2021--ci il tarixdən 30 avqust 2021-ci il tarixədək olan 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,455 qram və 15,607 qram narkotik vasitə heroin məhv edilməli, iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs oğlu qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,455 qram və 15,607 qram narkotik vasitə heroin məhv edilsin. İki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-547/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-547/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver