Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-547/2025 04.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1999-cü ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 2 ədəd qara rəngli polietilen bağlamada ayrıarılıqda təmiz çəkiləri 4025 və 3010 qram, ümumi çəkisi 7035 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib ağ rəngli üzərində qara və qırmızı xətlər olan böyük əl çantasında saxlayaraq əlində daşımış, Səbail RPİ-nin NMB-nin və Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində 18 may 2024-cü il tarixdə saat 23:39 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılıb, Səbail RPİ-yə gətirilərək, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində üzərində şəxsi axtarış keçirilən zaman əlində olan ağ rəngli üzərində qara və qırmızı xətlər olan böyük əl çantasının içərisindən 2 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 4025 və 3010 qram ümumi çəkisi 7035 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 8) görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli olan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:39 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları 1 ünvanının qarşısında saxlanılaraq Səbail RPİ-nə gətirilmişdir.
4. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22) görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23:39-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.
5. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda (cild 1, iş vərəqə 24-25) qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən 01 ədəd özünə məxsus qara rəngli “Samsung” markalı mobil telefonu, şalvarın cibindən 01 ədəd “Leobank” bankına məxsus plastik kart, 02 ədəd “kapital bank” bankına məxsus plastik kartları çıxardaraq masanın üzərinə qoydu. Həmçinin sağ əlində saxladığı 01 ədəd ağ rəngli üzərində qara və qırmızı xətlər olan böyük ölçülü əl çantasının içərisindən 02 ədəd qara rəngli sellofana bükülmüş bükülün masanın üzərinə qoydu. Həmin bükülülər açıldıqda içərisində spesifik iyə malik olan yaşıl ota bənzər narkotik maddəyə oxşar bitki aşkar olundu. Həmin bükülülər açıldıqda içərisində spesifik iyə malik olan yaşıl ota bənzər narkotik maddəyə oxşar bitki aşkar olunmuşdur. Həmin bükülülərin içərisində nə olduğunu soruşduqda o, 02 ədəd bükümün içərisində narkotik vasitə olan "Marixuana" olduğunu və Təqsirləndirilən şəxs Brindən aşkar edilmiş narkotik vasitələri bir ay əvvəl inistaqram səhifəsində tanımadığı İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən "Namiq" adlı şəxsin sifarişi əsasında 800 manat müqabilində məkan göstərərək ünvan 6 ünvan olaraq Gəncə şəhərinə aparmasını tapşırmış. Lakin aşkar olunmuş narkotik vasitəni xx.xx.2024-cü il tarixdə ünvan 8 ünvanın qarşısından əldə etdiyi zaman polis əməkdaşları tərfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən kar olunmuş 02 ədəd qara rəngli sarafana bükülmüş narkotik maddəyə oxşar vasitələr tərəfimdən tərəzi vasitəsi ilə ölçüldükdə ümumi çəkisi 7 kiloqram təşkil etdi. Aşkar olunmuş narkotik vasitələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd ağ rəngli üzərində qara və qırmızı xətlər olan böyük ölçülü əl çantasında qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zarflər üçün 51 saylı möhürü ilə möhürlənərək götürüldü. Həmçinin Təqsirləndirilən şəxs üzərindən kar edilmiş "Samsung" markalı mobil telefonu, 1 ədəd "Leobank" bankna məxsus plastik kart, 2 ədəd kapital bank bankına məxsus plastik kartlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Azarbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 51 saylı möhürü ilə möhürlənərək tərəfindən götürüldü. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ va protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi.
6. Məhkəmə-bioloji ekspertizanın 19 may 2024-cü il tarixli, 7/775 saylı ekspert rəyində (cild 01, iş vərəqə 32-35) göstərilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində "... Təqsirləndirilən şəxs... “ yazısı və imzalar olan damalı çantadakı 02 (iki) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 4025 qram; 3010 qram olan bitki mənşəli kütlələr tərkibində nerkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi -7035 qramdır. Tədqiqata istiafadə olundu -0,4 qram, (hər obyektdən 02 qram götürüldü) qalıq- 7034,6 qram.
7. 20 may 2024-cü il tarixli cinayət əməlinin tövsif olunması barədə qərardan (cild 01, iş vərəqə 41) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsinə əsasən tövsif edilməsi qərara alınmışdır.
8. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 42) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham irəli sürülmüşdür.
9. 20 may 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 60) görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş 01 (bir) ədəd DVD-R diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd fayl var. Həmin fayl 15 dəqiqə 35 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan göy rəngli cins şalvarın şalvarın sağ cibindən 01 ədəd özünə məxsus qara rəngli “Samsunq GalaxyA-12” markalı mobil telefonu, şalvarının sol yan cibindən isə 3 (üç) ədəd bank kartlarını çıxarıb stolun üstünə qoymaqla təqdim etmişdi.Həmçinin sağ əlində saxladığı 01 ədəd ağ rəngli üzərində qara və qırmızı xəttlər olan böyük ölçülü əl çantasının içərisindən 02 ədəd qara rəngli selofana bükülmüş bükülünü masanın üzərinə qoymuşdu. Həmin 02 dəd bükümlər açıldıqda içərisində spesifik iyə malik olan yaşıl ota bənzər kütlə narkotik maddəyə bənzər bitki aşkar olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdi ki, üzərinə şəxsi axtarış aparılan həmin şəxs onun özüdür, həmin görüntülər 19 may 2024-cü il tarixdə Səbail RPİ-nin TŞ-nin inzibati binasında üzərinə aparılmış şəxsi axtarış zamanı çəkilmişdir, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı 01 ədəd ağ rəngli üzərində qara və qırmızı xəttlər olan böyük ölçülü əl çantasının içərisindəki 02 ədəd qara rəngli selofana bükülmüş bükülünün içərisində olan maddə kütləsi narkotik vasitə qurudulmuş marixuanadır, həmin qurudulmuş marixuananı Gəncə şəhərinə aparmalı və orada tanımadığı şəxsə təhvil verib 800 manat pul almalı idi. Daha sonra aşkar edilmiş 02 ədəd büküm üzərində qara və qırmızı xəttlər olan əl çantasına qoyulub qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır.
10. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsi 4(009)-228/2024 saylı qərardan (cild 01, iş vərəqə 65-68) görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 may 2024-cü il saat 23:39-dan hesablanması qərara alınmışdır.
11. 25.05.2024-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan (cild 01, iş vərəqə 69) görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 7035 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 7034,6 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınması qərara alınmışdır.
12. Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 4666 saylı ekspert rəyindən (cild 01, iş vərəqə 79-80) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabionidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
13. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən (cild 01, iş vərəqə 86-87) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
14. 20.07.2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 88) görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd qarar rəngli “Samsunq GalaxyA-12” markalı mobil telefona Səbail RPİ-nin İstintaq Şöbəsindəki xidməti otağında baxış keçirilmiş, baxış keçirilən zaman telefonun ani mesajlaşma səhifəsi, Whatsapp mesajlaşma səhifəsi açılaraq yoxlanılmış, lakin telefona keçirilən baxış zamanı istintaq əhəmiyyət kəsb edən heç nə müəyyən edilməmişdir.
15. Azərfon MMC-dən xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş 1 ədəd CD diskə əlavə edilmiş məlumatlar məhkəmə istintaqı zamanı tətqiq edilərkən, cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən hər hansı bir hal müəyyən edilməmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 21 dekabr 2024-cü il tarixli məktub və ona əlavə edilmiş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs qarnın ön divarında, alın nahiyyəsində sol dizaltı nahiyyədə köhnə toxuması, sol qaş nahiyyəsində köhnə çapıq izi aşkarlanmış, həbs olunmadan əvvəl alınmış zədə və bədən xəsarətlərini inkar etmişdir və təqsirləndirilən şəxsin hər hansı şikayəti olmamışdır.
17. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciət əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
18. Məhkəmədə şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlara əvvəlcədən əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə dərhal rəhbərliyə raport ilə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Şübhəli şəxsi Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov qardaşları 1 ünvanı ərazisində saxlamışlar. Daha sonra şübhəli şəxs rayon polis idarəsinə təhvil verilmişdir. Onların da iştirakları ilə, təhqiqatçının otağında, videoçəkiliş vasitəsilə şübhəli şəxsin üzərində şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə may ayında baş vermiş və şübhəli şəxsi saxlayan zaman saat gecə 23:00 radələri olmuşdur. Şübhəli şəxs onlara qarşı müqavimət göstərməmişdir. Onlar şübhəli şəxsə yaxınlaşan zaman Əlibəyov qardaşları 1 ünvanının qarşısında olmuşdur. Onlar şübhəli şəxsi saxlayan zaman sonuncunun əynində hansı paltarın olduğunu xatırlamır. Onlar şübhəli şəxsi saxlayan zaman dayanmış və əlində çanta olmuşdur. Şübhəli şəxs onlara qarşı müqavimət göstərməmişdir. Şübhəli şəxsi saat təqribən 12:00 radələrində polis idarəsinə gətirmişlər. Şübhəli şəxsi saxladıqları yerdən təxminən 15 dəqiqə ərzində polis idarəsinə gətirmişlər.
19. Məhkəmədə şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 18 may 2024cü il tarixdə Fərid adlı şəxsin barəsində Bakı şəhəri Səbail Rayon Polis İdarəsində məlumat daxil olmuş, məlumat bir şəxsin Bayıl ərazisində Əlibəyov qardaşları küçəsinə yaxınlaşan şəxsin hansısa bir əşyanı götürməsi və həmin əşya ilə hansısa başqa bir yerə getməsi barədə olmuşdur. Buna görə də o, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşı Nihada və baş əməliyyat müvəkkili Nizami adlı polis əməkdaşına məlumat vermişdir. Həmin gün saat 23:30 radələrində həmin ünvanda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamışlar və sonuncunu Səbail Rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində Fəridin İran vətəndaşından konum vasitəsilə marixuana aldığını və həmin İran vətəndaşının göstərişi ilə başqa bir ünvana aparacağını müəyyən etmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdə saat təxminən 23:30 radələrində saxlamışlar. Fəridə yaxınlaşdıqlar zaman sonuncunun əlində bir ədəd bağlama olmuş, həmin bağlamanın Fəridin əlində olmasını hansı məsafədən gördüklərini dəqiq olaraq xatırlamamışdır. Təxminən 250 metr məsafə olmuşdur. Fəridi saxladıqları yer qaranlıq bir yer olmuş həmin yer məşhur bir yer olmuşdur. Ev yiyəsi orada kamera yerləşdirmişdir. Lakin həmin kameranı hər dəfə kimlərsə qırmışlar. Kamera görüntülərinin cinayət işinə əlavə edilib-edilməməsini bilmir. Fəridi əvvəldən tanımamış, sonuncu ilə heç bir şəxsi-qərəzliyi olmamışdır. Fəridi saxladıqları zaman sonuncu qaçmamış, onlara heç bir tabesizlik göstərməmişdir. Fəridi onun yanında heç kim döyməmiş, onun yanında heç kim təhqir etməmişdir. Fəriddən 20.000 manat pul heç kim istəməmişdir. 250 metr məsafədən qaranlıqda Fəridin əlində bağlamanın olduğunu görə bilmişdir, çünki onda gecəgörmə eynəyi olmuşdur.
20. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsi elan olunmuşdur. O ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Səbail RPİ-də olan zaman Şahid2 xx.xx.1999-cü il təvəllüdlü Neftçala rayonunda anadan olmuş, Neftçala rayonu Kürkənd Ə\D Kürkənd kəndində qeydiyyatda olan və Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Əlibəyov qardaşları 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuş və həmin məlumat əsasnda tədbir keçirilməsi zərurəti yaranmışdı. Bu barədə rəhbərliyə məruzə edildikədn həmin şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2, 8-ci PB-nin kiçik əməliyyat müvəkkili polis serjantı X3 və ondan ibarət əməliyyat qrupu təşkil edilmişdi. 18 may 2024-cü il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında olması barədə təkrar məlumat daxil olmuşdu. Təxminən 10 dəqiqə ərzində məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə həmin küçəyə getmiş və məlumatda göstərilən əlamətlərə bənzər şəxsin həmin yerdə olduğunu görmüşlər. Onlar sonuncuya yaxınlaşıb saxlamış və özlərini təqdim edərək özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş, qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib onu Səbail RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək birlikdə polis İdarəsinə gəlmişdi. Keçirtdikləri əməliyyat tədbiri barədə İdarənin rəhbərliyinə məruzə etdikdən sonra araşdırmanın aparılması növbətçi təhqiqatçısına həvalə edilmişdi. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacağı təhqiqatçı tərəfindən izah edilərək ondan bu hərəkətə dair etirazının olub-olmaması soruşulmuşdu. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın şalvarın sağ cibindən 01 ədəd özünə məxsus qara rəngli “Samsunq GalaxyA-12” markalı mobil telefonu, şalvarının sol yan cibindən isə 3 (üç) ədəd bank kartlarını çıxarıb stolun üstünə qoymaqla təqdim etmişdi. Həmçinin sağ əlində saxladığı 01 ədəd ağ rəngli üzərində qara və qırmızı xəttlər olan böyük ölçülü əl çantasının içərisindən 02 ədəd qara rəngli selofana bükülmüş bükülünü masanın üzərinə qoymuşdu. Həmin 02 ədəd bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərisində spesifik iyə malik olan yaşıl ota bənzər kütlə narkotik maddəyə bənzər bitki aşkar olunmuşdu. Həmin kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdi ki, 02 ədəd bükümün isrisindəki narkotik vasitə qurudulumuş marixuanadır, onları 1 ay bundan əvvəl “İnstagram” internet şəbəkəsi vasitəsi ilə tanış olduğu, tanımadığı İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Namiq adlı şəxsin xx.xx.2024-cü il tarixdə Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində dəqiq ünvanı bilmədiyi yerə qoyduğu və ona göndərdiyi məkandan götürmüşdür, ondan aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı götürüb özü ilə gəzdiməyinin səbəbi isə Namiqin dediyinə görə Gəncə şəhərinə aparıb, orada isə 800 (səkkiz yüz) manat almaq olmuşdur. Sonra həmin kütlə tərəzi ilə çəkilmiş və çəkisi 7 kq olmuşdu. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 (iki) ədəd bükümlər cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı Pərviz Mustafayev tərəfindən 01 ədəd ağ rəngli üzərində qara və qırmızı xəttlər olan böyük ölçülü əl çantasına qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək götürülmüşdü. Həmçinin Təqsirləndirilən şəxs məxsus qara rəngli “Samsunq GalaxyA-12” markalı mobil telefonu, şalvarının sol yan cibindən isə 3 (üç) ədəd bank kartları da qablaşdırılaraq götürülmüşdü. Sonra qablaşdırılmış əl çantasının üstü iştirakçılar tərəfindən imzalanmışdı. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən üzərinə şəxsi axtarış və götürmə zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdi.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır
21. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o saxlanıldığı zaman narkotik vasitə götürmək üçün getmişdir. O, 2024-cü il may ayın 18, ya da 19-da tutulmuşdur. Şəxsi istifadəsi üçün narkotik vasitə marixuana götürmək üçün getmişdir. Marixuana kibrit qutusunda olmuşdur. O, özünü tamamilə təqsirsiz hesab etmir, hesab edir ki, müəyyən qədər təqsiri vardır. Onun telefonunu da polis əməkdaşları ondan götürmüşlər, telefonu hazırda müstəntiqdədir. Telefonunu araşdırdıqda və həmin telefon vasitəsilə heç kimlə narkotik vasitələrin alqısatqısı barədə heç bir danışığı və yazışması olmamışdır. Polis bölməsində polislər onu döymüşlər, hətta onu üzərinə silah qoymaqla belə hədələmişdir. Onu 7 kiloqram narkotik vasitə ilə yükləmişlər. O, bu miqdarda narkotik vasitəni əldə etmək məqsədilə getməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o əvvəllər narkotik maddələrdənmarixuanadan istifadə etmişdir. O, təxmini 3 ilə yaxındır ki, marixuanadan istifadə edir. Marixuananı başında travma olduğu üçün müalicə üçün istifadə etmişdir. Marixuananı "İnstaqram" sosial şəbəkəsindən əldə etmişdir. İnstagramda marixuananın satışı ilə məşğul olan hesab işlədən şəxslər vardır. O, həmin şəxsləri tanımır, lakin şəxsi istifadəsi üçün narkotik vasitəni bu formada əldə etmişdir. O, bir nəfər şəxsdən narkotik vasitə almışdır. Həmin şəxsin isə adını bilmir. Narkotik satan şəxsin adı Namiq olmamışdır. Onun Namiq adlı tanışı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, həmin ifadəni təzyiq altında döyüldüyü üçün vermişdir.Tutulduğu gün döyülmüş, lakin döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. İstintaq təcridxanasına gələndən sonra heç bir yerə şikayət etməmişdir. Polis İdarəsində döyülməsi barədə dediyi təqdirdə ona istintaq təcridxanasında pis baxacaqlarını demişlər. Onu Polis İdarəsində başında travma olduğuna görə çox da döyməmişlər. Bir-iki dəfə başına və sinəsinə vurmuşlar. Ondan polis əməkdaşları 20.000 manat pul istəmişlər. Narkotik vasitəni Bayıl qəsəbəsində bir yerdən götürmək üçün getmişdir. Həmin yerin ünvanını dəqiq bilmir, həmin ünvanı ona göndərmişlər. Həmin yerin ünvanını ona kimin göndərdiyini dəqiq olaraq xatırlamır. Narkotik vasitəni əldə etmək üçün hadisə yerinə yaxınlaşmış, orada bir çanta olmuş, həmin çantanın içərisində iki ədəd bağlama olmuşdur. Çantadakı bağlamaların hərəsi iki kiloqram olmuşdur. Həmin çantanı götürən kimi 7 nəfər onun üzərinə qaçmışdır. Polislər onun üstünə töküləndə bağlamanı tullayıb qaçmışdır və polis əməkdaşları onu tutmuşlar. Onu saxlayan kimi başından vuraraq maşına salmışlar. Həmin şəxsin nəyə görə ona bir çanta marixuana göndərdiyini bilmir. O sadəcə şəxsi istifadəsi üçün istəmiş, 80 manat da pul göndərmişdir. O narkotik satanın watsapdakı nömrəsi vasitəsilə ona göndərdiyi bank hesab nömrəsinə 80 manat göndərmişdir. Onun "Samsung Galaxy" mobil telefonu üzərində aşkar edilmişdir. Üzərində həmçinin bank kartı olmuşdur. Üzərindəki, bank kartı Kapital banka məxsus olmuşdur. Üzərindəki kartda 4 manat olmuşdur. Üzərində iki kart olmuşdur. Həmin kartlardan biri əmək haqqı kartı olmuşdur, O "Ulduz" metro stansiyasının yaxınlığında "Trendyol” vasitəsilə gətirilən malların deposunda işləmişdir. Digər kart boş, digəri isə ailə üzvünün kartı olmuşdur. Narkotik satan şəxsə verdiyi 80 manatı "Milli Ön" aparatı vasitəsilə ödəmişdir. Onu polislər 17 may 2024-cü il tarixdə saat 10:00 radələrində saxlamışlar. O, təxmini 17 mayda saxlanıldığını xatırlayır. Polislər onu saxladıqları zaman telefonunu almışlar, telefonu hazırda müstəntiqdədir. Saxlanıldığı zaman üzərində göy dama-dama gödəkçə, cins şalvar və göy rəngdə köynək olmuşdur. O narkotik satan şəxsdən şəxsi istifadəsi üçün bir kibrit qutusunda, 5 qram miqdarında narkotik vasitə almışdır. O bu təhditlər qarşısında narkotiki boynuna götürmüşdür. Bağlamanı götürdüyü gün, narkotiki ora qoyan şəxslə heç bir danışığı olmamışdır. Bir gün əvvəl şəxsi istifadəsi üçün narkotik almağı barədə yazışması olmuşdur, həmin yazışmanı isə silmişlər. Telefonu müstəntiq ona göstərmiş, həmin telefonda heç kimin nömrəsi olmamışdır. Narkotik satan şəxs ona Azərbaycan nömrəsi ilə yazmışdır. Narkotiki satan şəxsə yazışmada həmin gün istədiyini desə də, həmin şəxs ertəsi gün verə biləcəyini demişdir. Ona demişdir ki, sabah axşam narkotiki göndərəcək. Axşam işdən gəlmiş və duş aldıqdan sonra həmin şəxs ona yazaraq demişdir ki, “narkotiki götürmək istəyirsən?” o isə narkotik götürmək istədiyini demişdir. O əvvəllər iki dəfə həmin şəxsdən narkotik almışdır. Baş ağrıları olduğu üçün istifadə etmişdir. Narkotiki 1 ay istifadə etmişdir. Narkotik vasitəni başqa şəxsə satması barədə heç bir yazışması olmamışdır. Narkotik satışı ilə məşğul olmamışdır. Onu vəkilinin yanında döymüşlər. Bu barədə Baş prokurorluğa şikayət yazmışdır. O ibtidai istintaq zamanı veridyi ifadəni təsdiq etmir, o elə ifadə verməmişdir. İfadəsindəki imzalar ona məxsusdur, lakin həmin ifadəni oxumadan imzalamışdır. İfadəsini ona oxumağa imkan verməmişlər.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
21. Maddə 234.4.3 Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
23. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
24. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
25. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
26. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
27. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
28. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
29. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
30. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
31. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
32. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
33. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
34. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
35. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
36. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə qurudulmuş marixuana təmiz halda 5 qrama qədəri xeyli miqdarı, 500 qramdan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
37. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
38. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
39. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
40. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı
41. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
42. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
43. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin presedent hüququ:
44. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
45. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
46. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
47. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 37-ci bəndi) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
48. Məhkəmə kollegiyasının mövqeyinə görə, Təqsirləndirilən şəxs verilmiş ittiham tam əsaslıdır. Belə ki, təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsi barədə videogörüntülərə baxdıqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitələri bir ay əvvəl instaqram səhifəsidə tanımadığı İİR vətəndaşı kimi özünü təqdim edən “Namiq” adlı şəxsin sifarişi əsasında 800 manat müqabilində məkan göstərərək ünvan 14 ünvan olaraq Gəncə şəhərinə aparmasını tapşırması barədə bildirmişdir.
49. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji və fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət olması və ya döyülməsi barədə məlumat verməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
50. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
51. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində qeyd etdiyi kimi 80 manat məbləğində öz şəxsi istifadəsi üçün 1 kibrit qutusu marixuana götürməyə getmiş olsaydı ona deyilən ünvanda 7 kq-a yaxın, ona aid olmayan böyük həcmdə bağlamanı götürməzdi. Qeyd edilən hallar təqsirləndirilən şəxsin məhkəməyə qeyri-səmimi ifadə verməsini, onun bu vasitə ilə cinayət məsuliyyətindən yayınmağa çalışmasını göstərir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni mötəbər sübut kimi qiymətləndirir.
52. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 29-cu bəndi)
53. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
54. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 23,24,25,27,28-ci bəndləri).
55. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, gənc olmasını və ilk dəfə cinayət törətməsi kimi cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
56. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 26-cı bəndi).
57. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 01, iş vərəqə 65-68). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 34 və 35-ci bəndləri).
58. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
59. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir
60. İş üzrə maddi sübut olan, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 7034,6 qram çəkidə olan qurudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd, həmçinin "xxxx" MMC-dən daxil olmuş 1 ədəd, ümumilikdə 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 36-cı bəndi).
61. İş üzrə maddi sübut cinayət işi materiallarında saxlanılan “Samsung” markalı bir ədəd mobil telefon və 03 ədəd bank kartı Təqsirləndirilən şəxs özünə birinə qaytarılmalıdır. (qərarın 36-cübəndi).
62. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
63. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 36-ci bəndi).
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 7034,6 qram çəkidə olan qurudulmuş marixuana məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən, o cümlədən anten dairəsi məlumatlarını əks etdirən 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub cinayət işi materiallarında saxlanılan bir ədəd “Samsung” mobil telefon və 03 ədəd bank kartı Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov