Məhkəmə qərarları › İş №1(101)-549/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-549/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-549/2025 22.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, X2, X3, X4, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əvvəllər satıcı işlədiyi “Cheers Alcostore” adlı şərab mağazasının kassasından sonradan yerinə qoymaq niyyətilə 10 manat pul götürməsinin mağaza müdiri Zərərçəkmiş şəxs tərəfindən aşkarlanaraq həmin məsələyə aydınlıq gətirilərkən Zərərçəkmiş şəxs onu oğurluqda ittiham etməsinə görə aralarında yaranmış mübahisə nəticəsində işdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs ilə yenidən görüşüb onu oğru adlandırmasına görə cəzalandırmaq qərarına gələrək həmin niyyətini həyata keçirmək məqsədilə 27 mart 2024-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yerləşən “Cheers Alcostore” şərab mağazasının qarşısına gəlib orada Zərərçəkmiş şəxs ilə mübahisəsini davam etdirərkən sonuncunun növbəti dəfə onu mağazadan oğurluq etməkdə ittiham etməsindən hiddətlənərək özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını əynindəki gödəkçənin sağ yan cibindən çıxarıb Zərərçəkmiş şəxs bədəninə iki zərbə vuraraq sonuncuya döş qəfəsinin sol tərəfli hemopnevmotoraksı və sol ağciyər kökünün sıxılması, döş qəfəsinin soldan Vİİ qabırğanın sınığı, diafraqmanın və mədənin böyük əyriliyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön orta qoltuqaltı xətt üzrə 1 (bir) ədəd döş və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, qarın boşluğunun zədələnməsi ilə müşayiət olunan qarın sol yan qalça qanadından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş- kəsilmiş yarası ilə nəticələnən dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, O, Lökbatan qəsəbəsində yerləşən “Cheers Alcostere” mağazasında satıcı vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs onun müdürü olmuş, aralarında iş müddəti ərzində hər hansı bir problem olmamışdır. Lakin müəyyən müddətdən sonra aralarında münaqişələr yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs onu oğru kimi təqdim etmiş və o, oğurluq etmədiyini ona sübut etməyə çalışmışdır. 26 mart 2024-cü il tarixdə Orxanla aralarında sözlə mübahisə baş vermiş, sonuncu onu kassadan 10 (on) manat pul oğurlamaqda ittiham etmişdir. Ertəsi gün o, Orxana mesaj yazaraq kassadan pul götürmədiyini bildirmiş, Zərərçəkmiş şəxs isə onu bir daha oğru adlandırmışdır. Həmin gecə səhərədək stressdən yata bilməmiş, Zərərçəkmiş şəxs onu dəfələrlə oğurluq etməkdə ittiham etmiş və o, artıq bu hallara dözə bilməmiş və işdən ayrılmışdır. O, Orxana mesaj yazaraq ona oğru olmadığını və bunu sübut etmək istədiyini bildirmişdir. Belə ki, pulların xərclənməsi ilə bağlı hesab-kitab dəftəri olmuş, bu səbəbdən Orxana kassada problem olan günün videogörüntüsünün axırına da baxmasını təklif etmişdir. Çünki götürdüyü 10 (on) manat pulu o, həmin kitabda qeyd etmişdir. Zərərçəkmiş şəxs onunla razılığa gəlmək istəməmiş, onu görüşə çağırmış və bu zaman üzərində bıçaq da olmuşdur. Məqsədi Orxanı vurmaq yox, sadəcə qorxutmaq olmuşdur. Əməlindən peşmandır və zərər çəkmiş şəxslə barışmışdır. O, mağazaya gələndə orada Orxandan başqa kimsə olmamış, hadisə baş verən zaman ətrafda kiminsə olub-olmadığına fikir verməmişdir. Orxan ona söyüş söymüş, o, Orxanı həmin mağazanın qarşısında bir bıçaq zərbəsi ilə vurmuşdur.Məhkəmənin diqqətinə çatdırır ki, baş vermiş hadisəyə görə əməlindən olduqca peşmandır. Buna görə də hər gün özünü, öz vicdanı qarşısında mühakimə edir. Zərərçəkmiş şəxs mağazada işləyərkən yanlışlığa yol vermədiyini, ona qarşı göstərilən münasibəti haqq etmədiyini sübut etmək istəyərkən anidən yuxarıda ifadə edilən hadisə baş vermişdir. Səhvini anlamış və zərərçəkmiş Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır. Qeyd olunanların nəzərə alınmasını, gənc yaşlarında azadlıqdan məhrum edilməməsi niyyətilə ona mərhəmət olunmasını məhkəmə heyətindən xahiş edir. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxsla aralarındakı mübahisə sonuncunun satıcı, özünün isə müdiri olduğuu mağazada hesablarda olan sayım ilə əlaqədar baş vermiş, belə ki, pulun miqdarında çatışmazlıq yaranmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs xəbərsiz şəkildə 10 manat pulu kassadan götürdüyü müəyyən edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs özü işdən çıxmaq qərarına gəlmiş, onun Fuadı işdən çıxarmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan pulu dəftərə qeyd etməklə götürdüyünü bildirmiş, götürdüyü 10 manat pulu yerinə qoyacağını ona bildirmişdir. O, isə Fuadın bu sözünə inanmamışdır. O, Fuadın həmin pulu dəftərə sonradan qeyd etdiyini görmüş, bu səbəbdən də, bir daha belə halların təkrarlanmamasını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs daha onunla işləmək istəmədiyini, işə gəlməyəcəyini demiş və çıxıb getmişdir. Həmin günün səhəri günorta saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini demiş, o, işdə olduğundan rahat danışa bilmədiyi üçün telefonda görüşün məqsədini soruşmamışdır. Daha sonra Təqsirləndirilən şəxs axşam saatlarında zəng edərək görüşmək istəmişdir. O, mağazada tək olduğu üçün çox uzaqlaşa bilməmişdir. Fuad mağazanın qarşısına gələn zaman o, çölə çıxmışdır. Onlar söhbət edən zaman narazılıq yaranmış, Təqsirləndirilən şəxs cibindən bıçaq çıxararaq ona doğru zərbələr endirməyə başlamışdır. Daha sonra o, yaralandığını görmüşdür. Mağazada tək olduğu üçün mağazadan çox uzaqlaşa bilməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı söyüş və ya təhqir işlətməmiş, sadəcə olaraq ona oğurlanmış pulla bağlı iradını bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayəti və ya hər hansı tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclası zamanı ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təxminən 5 ildir, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən “Cheers Alcostore” adlı şərab mağazasını icarə əsasında işlədir. Zərərçəkmiş şəxs onun qrup yoldaşıdır, universiteti bir yerdə oxumuşlar, həmin vaxtdan da dostluq münasibətləri var. Təqsirləndirilən şəxs da təxminən 15 ildir ki, Lökbatan qəsəbə sakini kimi tanıyır. Fuad ilə münasibətləri həmişə yaxşı olmuşdur. 2024-cü ilin yanvar ayının əvvəllərində Orxan Fuadla birlikdə mağazaya gəlib işi öyrənməyə başlamışdır. Fuad həmin ərəfələrdə bir dəfə ortaq tanışları olan Emil adlı dostu ilə birlikdə onun işlətdiyi mağazaya gəlmişdir. Həmin vaxt onun köhnə satıcısı onu aldadıb yeyinti etdiyi üçün sonuncunu işdən çıxarmış, mağazada özü əyləşmişdir. Söhbət əsnasında Fuad demişdir ki, “mən iş axtarıram, isətsən gəlib səninlə işləyərəm”. O da satıcısı olmadığı üçün Fuada etiraz etməmişdir. Yanvar ayı ərzində Fuad arabir gəlib kömək edə-edə işi öyrənmişdir. 01 fevral 2024-cü il tarixdən isə Orxanla mağazanı şərik işlətməyə başlamışlar. Lakin mağazanı işlətmək üçün Orxanla heç bir sənəd üzərində rəsmiləşdirmə işləri aparılmamışdır. O mağazaya yanlız Orxan kömək üçün çağıranda gəlib getmişdir. Təqsirləndirilən şəxs o müqavilə ilə rəsmi olaraq işə götürmüşdür. Fuad satıcı kimi işə başlamışdır. Fuad təxminən 2 ay işləmişdir. 2024-cü ilin mart ayının sonlarında o mağazaya gəlmiş, Orxanla söhbət etdiyi zaman sonuncu video göstərərək ona demişdir ki, “Fuadı yoxladım, kassaya 10 manat artıq qoymuşdum, lakin dəftərdə 10 manatı qeyd eləməmişdim, Fuad da kassanı təhvil alanda 10 manat artıq kimi görünən pulu özünə götürüb”. O da Orxana demişdir ki, “əgər Fuaddan xoşun gəlmədisə işdən çıxar, kimi istəsən gətir işləsin”. 26 mart 2024-cü il tarixdə axşam saatlarında mağazada sayım edib artıq-əskik gələn malların hesabatını aparmaq qərarına gəlmişlər. Əskik gələndə Fuadın maaşından tutub işdən uzaqlaşdırmağı qərarlaşdırmışlar. Həmin vaxt o da mağazada olmuş, təxminən mağazada olan malların 20 faizi miqdarında sayım etmişlər, qalanı isə qalmışdır. Gec olduğundan sayımı sabaha saxlamışlar. O mağazadan biraz tez çıxıb getmiş, o gedəndən sonra Fuad Orxana demiş ki, “mən işdən çıxıram, sabahdan gəlməyəcəm”. 27 mart 2024-cü il tarixdə səhər saatlarında Orxan ona zəng edərək Fuadın işə gəlməyəcəyini, ona görə də mağazanı onun açmasını xahiş etmişdir. O da xx.xx.2024-cü il tarixdə saat 10 radələrində mağazanı açmış, özü oruc tutduğundan Orxan axşam işdən gələndə mağazanı Orxana təhvil verib gedəcəkmiş. Elə də olmuş. Orxan saat 18.40 radələrində mağazaya gəlmiş, o mağazanı Orxana təhvil verib evə getmişdir. İftar vaxtına təxminən 5-10 dəqiqə qalmış ki, Orxan ona zəng etmiş və demiş ki, “Fuad məni bıçaqladı”. O Orxana təcili olaraq təcili tibbi yardıma getməyini və onun da ora gələcəyini bildirmiş. O da tez evdən çıxıb Lökbatan qəsəbəsində yerləşən TTYS-na getmiş, Orxanın bədənindəki yaradan qan axmadığını görüb Orxana demiş ki, “təcili xəstəxanaya getməliyik”. TTYS-nın avtomobili ilə “Semaşko” deyilən X11 getmişlər. Orxanı əməliyyat etmişlər. Hadisənin baş vermə səbəbini isə o sonradan bilmiş ki, Fuadın kassadan 10 manat götürüb dəftərdə qeyd etməməsi, Orxanın da Fuada video görüntünü göstərərək kassadan 10 manat götürdüyünə görə ona oğru deməsi olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbə sakini Təqsirləndirilən şəxs, tanışı 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Könüllü gəlmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq 10-cu Polis Şöbəsinə gələrək əməlini etiraf etmiş, həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi gümüşü rəngli dəstəyi olan metal materialdan ibarət bıçağı könüllü olaraq təhqiqata təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı təqdim etmiş, həmin bıçağa baxış keçirilən zaman müəyəyn edilmişdir ki, bıçaq balaca ölçülü olmaqla gümüşü rəngli metal dəstək və tiyədənn ibarətdir, açılıb bağlanır. Tiyənin üzərində “WİNCHESTER” yazısı var, tiyənin kənarı iti ülgüclüdür, başlanğıc yeri dəliklidir. Bıçaq açıq vəziyyətdə ümumi uzunluğu təxminən 17-18 sm təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə, saat 12:30 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış” protokolundan görünür ki, Zərərçəkmiş şəxs adına olan xəstəlik tarixçəsindən çəkilmiş şəkilə baxış keçirilmiş, xx.xx.2024-cü tarixdə KTM-ə qarın sol orta-aşağı üçdə birinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(002)-85/2024 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(002)-189/2024 nömrəli qərarına əsasən, həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “DVD Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD diskdə olan 01 ədəd fayl açılarkən görüntüdə bir nəfər şəxs yolun kənarında dayanmış, daha sonra başqa bir nəfər şəxs onun yanına gəlmiş, təxminən 6-7 saniyə söhbət edəndən sonra qara gödəkçəli şəxs sağ əlini gödəkçənin cibindən çıxarıb qarşında dayanmış şəxsə tərəf bir neçə dəfə zərbələr atır, qarşı tərəf isə həmin zərbələrdən yayınmağa çalışaraq yola tərəf dönüb ona zərbələr atan şəxsin əlindən qaçıb gedir. Baxış zamanı Zərərçəkmiş şəxs görüntünün onun işlədiyi mağazanın qarşısı olması, əli cibində mağazanın qarşısında dayanan şəxsin Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs onu mağazadan çölə çağırdığını, mağazanın qarşısında aralarında mübahisə yarandığını, Təqsirləndirilən şəxs qəfildən cibindən çıxardığı bıçaqla onun bədəninin sol nahiyəsinə zərbələr atdığını, o da, fırlanaraq Təqsirləndirilən şəxs əlindən avtomobil yoluna qaçaraq getdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, uzunqol poliver boz rənglidir, boyun hissəsində “WELLBRED” yazısı olan etiketi var. Poliverin sol döş hissəsində 01 ədəd cib yeri var. Poliverə baxış keçirəndə ön səthinin sol yarası hissəsində deşilmiş-kəsilmiş zədələr, həmçinin qana bənzər ləkələr var. Mayka qara rənglidir, qolsuzdur. Maykanın üzərində qana bənzərə ləkələr var. Maykanın boyun səthində “Ceylanoğlu” yazısı var. Maykanın ön səthinin sol yarısında deşilmiş-kəsilmiş zədə izləri var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Kompleks Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1604 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinələrin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində idrak prosesləri, dünyagörünüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünə məxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışlarını iradi olaaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi malicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs əməli Azərbaycan respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur.Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir.Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslik, gərginlik kimi hallar əmələ gəlmiş, həmin halların yaranması situasiya ilə əlaqədar olmuşdur.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizoloji affekt halında olmamışdır.Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 maddi sübutların ekspertizasının xx.xx.2024-cü il tarixli 275/2024-MTKŞ nömrəli rəyindən görünür ki, maddi sübutların kompleks (məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik) tədqiqatına, qərarın təsviri hissəsində olan məlumatlara, iş materiallarına və göstərilən suallara uyğun aşağıdakı nəticəyə gəlmişdir: İ. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol yarısının üzərində 02(iki) ədəd, həmçinin poliverin ön səthinin sol yarısının üzərində 02(iki) ədəd dəlib-keçən zədələr müşahidə olundu. Bu zədələrin forma, xarakter və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin(lərin) təsirindən əmələ gəlmələri istisna olunmur. - Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin eksperimental zədələrlə müqayisəli təhlilinə əsasən demək olar ki, bu zədələrin təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsi ilə törənməsi inkar olunmur. İİ. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza vəX6” X8 xx.xx.2024-cü il tarixli, 403/2024-MTBŞ nömrəli rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən ekspertlər aşağıdakı nəticəyə gəlmişlər: Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. /Şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka və sviter üzərində olan maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A antigeni, həmçinin ləkələrdə beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə məlum Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ifadələrin yerində yoxlanılması protokolu, məhkəmə-tibbi ekspertizası, ambulator məhkəmə-psixiatrik ekspertizası və kompleks məhkəmə tibbi-bioloji və məhkəməkriminalistik ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs istifadə etdiyi bıçaq maddi sübut hesab edilmiş, Zərərçəkmiş şəxs hadisə zamanı əyninə olmuş mayka və poliver maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(002)-214/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 03 oktyabr 2024-cü il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməli və o, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir iddası, şikayəti və tələbi yoxdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, ali təhsilli olmaqla gənc yaşlarda olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (könüllü gəlib təqsirini boynuna alması və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hallar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsini rəhbər tutaraq, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında AR Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən) cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, AR Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi də nəzərə alınmaqla, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmamalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bıçaq məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd bıçaq məhv edilsin. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar