Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-550/2023 09.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 05 avqust 1985-ci il tarixdə Masallı rayonu, Bədəlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. 2.Belə ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində 27 avqust 2022-ci il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən «211» adlanan ev alqı-satqı məntəqəsinin qarşısında onunla birlikdə yol gedən qohumu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı soyuq silah hesab olunmayan dəmir (armatur) parçası ilə qəsdən Zərərçəkmiş şəxs baş və ayaq nahiyəsindən bir neçə dəfə vuraraq ona baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sol baldır sümüklərinin çoxsaylı, açıq, yerdəyişən sınıqları ilə nəticələnən xəsarət yetirərək Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Sübutların tədqiqi: 3.Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 11 avqust tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuş, 13 avqust tarixdə Bakı şəhərinə gələrək özünə dəmir alıb-satmaqla bağlı iş yeri açmışdır. Zərərçəkmiş şəxs onun yoldaşının və məhkum olunduğu iş üzrə xəsarət yetirdiyi şəxsin dayısının oğludur. Seymur ona zəng edərək işə götürməsini istəmiş, o, isə etiraz etmişdir. Daha sonra birlikdə işlədiyi şəxsin sözü ilə razılıq vermiş, həmin şəxs Seymuru gətirmiş və birlikdə işləmişlər. Hadisə vaxtı sərxoş olmuş, Seymur qohumları haqqında danışıqları ilə onu bezdirmiş, o, da götürüb dəmir ilə vuraraq Seymurun ayağını sındırmışdır. Daha əvvəl aralarında ədavətləri olmamışdır. O, Seymurun başına vurmamış, müstəntiq işi ağırlaşdırmaq üçün bu şəkildə qeyd etmişdir. 2018-ci il tarixdə müstəntiqin xalası oğlu ilə Türkanda aralarında dava-dalaş olmuşdur, bu səbəbdən də müstəntiq tərəfindən onun üzərinə üç maddə qoyulmuşdur. O, cinayət törətmək fikrinin olmadığını, cinayət törətdiyinə görə peşman olduğunu bildirmişdir. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ildə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 avqust 2022-ci ildə azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra iki gün yaşadığı Masallı rayonunda qalmış, bundan sonra isə hazırkı vaxtadək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 yerləşən fərdi yaşayış evində kirayədə qalaraq səyyar metal alıbsatmaqla məşğul olmuşdur. Onu da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs arvadının dayısı oğludur. Seymur da bir neçə gün əvvəl onun yanına işləməyə gəlmiş və onlar birlikdə metal satışı ilə məşğul olmuşlar. Hadisə ilə bağlı onu bildirmişdir ki, Seymur spirtli içkiyə meyilli olduğundan demək olar ki, hər gün araq içirmiş və içdikdən sonra da özünü apara bilmədiyindən aralarında mübahisələr olurmuş. Sonuncu dəfə 27 avqust 2022-ci il tarixdə, gecə saatlarında yenidən Seymurla birlikdə yemək, eləcə də içməyə araq alıb Binə qəsəbəsi X2 yerləşən «Borçalı» kafesinə getmişlər, əvvəlcə kafedə bir neçə bakal pivə içmişlər. Sonradan kafe bağlandığından onlar kafenin qarşısındakı boş masada əyləşib yeyib-içməyə davam etmişlər. Seymur çox araq içdiyindən özünü idarə edə bilməmiş və ağzına gələni danışıb onun ünvanına nəlayiq ifadələr deməyə başlamışdır. Həmin vaxt artıq hava işıqlaşmış və təxminən saat 05:00 radələri olarmış. O, Seymurun qoluna girib onu yaşadıqları evə aparmaq istəmişdir. Yolun əks tərəfinə keçib bir qədər getmişlər ki, yenidən Seymur onu söyüb təhqir etməyə başlamışdır. O da əsəbləşmiş və özünü saxlaya bilməyib yaxınlıqda olan tikinti materiallarının qarşısındakı armatur kəsiyini götürüb Seymurun bədəninin aşağı ətrafına vurmağa başlamışdır. Zərbədən Seymur yerə yıxılsada o, yerdə də onun ayaqlarına bir neçə zərbə vurub söyüş söyməməsini bildirmişdir. Daha sonra isə 102 zəng xidməti mərkəzinə zəng vuraraq həmin yerə polisləri çağırmışdır. Polislər gələnə kimi həmin yerdən keçən X5 avtomobili ilə Seymuru xəstəxanaya yola salmışlar. Özü isə həmin yerdə dayanıb polislərin gəlməsini gözləmişdir. Bir qədər keçmiş həmin yerə gələn polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Onu da qeyd etmişdir ki, hər ikisi sərxoş olduğundan qeyd olunan hadisə baş vermişdir. Hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən «211» adlı ev alqı-satqı ofisinin qarşısında baş vermişdir. Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmişdir. 5.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ömür boyu həkimlərin dediyinə görə belə vəziyyətdə olacaqdır. Yol getmək üçün əsadan istifadə edir, onun köməyi olmadan uzaq yol gedə bilmir. Fərasət onun başından vurmamasını deyir, amma buna dair şəkilləri olmuşdur. Bəlkə də Fərasət bilməmiş, ağlı başında olmamış, buna görə Fərasət onu başından vurub-vurmamasını bilməmişdir. O, maddi cəhətdən əziyyət çəkdiyini, müalicəyə 12000 manata yaxın xərcinin çıxdığını, ağzında dişinin olmadığını, ayağının 6 yerdən sındığını qeyd etmişdir. Fərasətin öz doğma əmisi oğlunun taksi sürücüsü olduğunu, onu dəfələrlə xəstəxanaya apardığını, onun çəkdiyi əziyyətləri gördüyünü bildirmişdir. Hal-hazırda kreditinin və faizinin olmasını, özünün də 3-4 il dustaq həyatı yaşamasını və Fərasətin səkkiz övladının olmasını, buna görə də dəymiş zərəri ödəsə onun tutulmasını istəmədiyini bildirmişdir. Lakin, ona ödəniş olunmamışdır. Təqsirləndirilən şəxslə barışıq olmadığını, şikayətçi olduğunu bildirmişdir. 6.Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Tədqiq edilmiş ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, bir kəndçi kimi tanıyır və qohumluq münasibətləri var. Fərasət 10 avqust 2022-ci il tarixdə həbsxanadan azadlığa buraxılmış və o da hamı kimi Fərsətlə normal görüşmüşdür. Fərasət təxminən 1 həftə rayonda qalmış və sonra işləmək üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə getmişdir. Aradan bir neçə gün keçdikdən sonra Fərasət ona zəng vurub onu da Binə qəsəbəsinə işləməyə dəvət etmiş və o, Binə qəsəbəsinə gələrək Fərasətlə birlikdə kirayə tutduqları evdə yaşamağa başlamışdır. Fərasətlə birlikdə müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. Təxminən 6 gün Fərasətlə bir yerdə qalmış və sonuncu gün yəni 26 avqust 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 yerləşən «Borçalı» kafesinə getmiş və orada o, çay, Fərasət isə pivə və çay içmişdir. Sonradan kafe bağlanmış, onlar kafedən çölə çıxmışlar. Kafenin qarşısında olan stolda əyləşib yemək yeməyə davam etmişlər. Orada da Fərasət pivə və araq içmişdir. Səhər saat 05:00 radələrində onlar birlikdə yolu keçib evə getmək istəyərkən qəflətən Fərasət arxadan onun başından yumruqla vuraraq onu yerə yıxmışdır. O, zərbədən özünü itirmiş, Fərasət isə yolun kənarında olan armaturu götürüb ona bir neçə zərbə də vuraraq xəsarət yetirmişdir. Zərbələrin təsirindən komaya düşmüş və ayılarkən xəstəxanada olduğunu görmüşdür. Fərasətin onu səbəbsiz yerə vurduğunu, hadisə zamanı orada onlardan başqa heç kimin olmadığını bildirmişdir. 7.Məhkəmə-tibb ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 18/t nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər (tibbi sənədə əsasən) baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sol baldır sümüklərinin çoxsaylı, açıq, yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “X4” X6 müraciətindən az əvvəl olmaqla, xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş qeyd olunan xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (İ cild, səh. 80-82). 8.Məhkəmə-ballistik ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 3/1277 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş dəmir parçasıdır, soyuq silah hesab edilmir (İ cild, səh. 83-85). 9.«Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında» 27 avqust 2022ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, maddi sübut olan 01 ədəd armatur parçası götürülmüşdür (İ cild, səh. 7). 10.«Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 28 avqust 2022-ci il tarixli protokolda Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdə saat 14.15-də şübhəli şəxs qismində tutulması qeyd edilmişdir (İ cild, səh. 34). 11.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 4(003)- 384/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 28 avqust 2022-ci il tarixdən hesablamaqla 03 ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 58-59). 12.İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzadan 13 may 2021-ci il tarixdən 14 may 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 01 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılaraq qəti olaraq üzərində 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (İ cild, səh. 64). 13.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il, xx.xx.2013-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2017-ci il təvəllüdlü beş azyaşlı uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 14.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 15.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 16.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 17.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 18.Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma olan ictimai təhlükəli əməl hesab olunur və cinayət məsuliyyəti yaradır. 19.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 20.Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sol baldır sümüklərinin çoxsaylı, açıq, yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törənməsi, törənmə müddətlərinin xx.xx.2022-ci il tarixə uyğun gələ bilməsi, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olması müəyyən edilir və həmin xəsarətlərin zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi məhkəmə istintaqı zamanı araşdırılmış subutlarla tam təsdiq olunur. 21.Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 22.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 23.Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmaması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir və hesab edir ki, ifadədə qeyd etdiyi həmin hal məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunur. 24.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər. 26.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 27.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 28.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 29.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşaqlarının olmasını və törətdiyi cinayət əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 30.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 31.Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarı ilə üzərində 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 27 avqust 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. 32.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 33.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 34.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 35.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin tələbinə uyğun residivə görə cəza təyini ilə bağlı tələbləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 36.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 37.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 38.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 39.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 40.Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 28 avqust 2022-ci il tarixdən hesablanmalıdır. 41.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 43.İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Yerində saxlanılan 01 ədəd dəmir (armatur) parçası məhv edilməlidir. 44.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 45.İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürüməlidir. 46.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 47.Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 108 (yüz səkkiz) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 648 (altı yüz qırx səkkiz) manat təşkil edir. 48.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı 648 (altı yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 49.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 648 (altı yüz qırx səkkiz) manat Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Maddi sübut - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Yerində saxlanılan 01 ədəd dəmir (armatur) parçası - məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev