Məhkəmə qərarları › İş №1(101)-550/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-550/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-550/2024 23.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər, “Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 30 avqust 1972-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Lerik rayonu, Akinahiran kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6, nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 aprel 2023-cü il tarixdə saat 15:40 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Binə Univermağı"nın yaxınılığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqda üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 3,933 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, ona qarşı elan olunmuş ittiham əsassızdır. Belə ki, 8 aprel tarixində səhər saat 9-10 radələrində ailəsi ilə birlikdə öz maşını ilə qızıgilə gedərkən Binə yolunda əməliyyatçı onu saxlamış, rəisin onu çağırdığını demişdir. O da maşında adam olduğunu, onları düşürüb sonra getmələrini bildirmişdir. O, ailəsini qızıgildə düşürtdükdən sonra polis əməkdaşlarının maşınına minmiş və onu bölməyə aparmışlar. Rəis içəri girən kimi qışqırmağa başlamış, İranı, mücteidləri söymüşdür. Rəis ona 3 maddə: dövlətə xəyanət, silah və narkotik təkiif etmiş və bu 3 maddədən birini seçməli olduğunu demişdir. O da bunların heç birinin ona aidiyyəti olmadığını bildirmişdir. Rəis Vüsal adlı əməliyyatçıya onun qollarını bağlayıb aparmalarını tapşırmışdır. Bundan sonra onu Xəzər rayon Polis İdarəsinə əməliyyat rəisinin otağına aparmışlar. Bu rəis də ona həmin 3 maddəni demiş, əks halda təsəvvür edə bilməyəcəyi qədər təhqirlər olacağını demişdir. O razılaşmamışdır. Həmin vaxt rəis əməliyyatçılara ailəsini gətirmələrini tapşırmışdır. O da əgər belə bir addım atacaqlarsa, 3 maddəyə də qol çəkəcəyini bildirmişdir. Sonra onu aşağı düşürtmüşlər. Əməliyyatçılar Vüsal və Fərid büküm gətirərək cibinə qoymasını, müstəntiqin yanında Suraxanıda tanımadığı bir şəxsdən bunu 50 manata aldığını deməsini bildirmişlər. Daha sonra müstəntiqin yanına gəlmiş, video çəkmişlər, həmin qoyulan bükümü cibindən çıxarmışlar. İki gün müvəqqəti saxlama yerində qalmışdır. Müstəntiq sənədləri qol çəkməsi üçün gətirmişdir. O, satış məqsədi yazdıqlarını görmüşdür. Ona heç olmasa qismən təqsirli bildiyini yazmasını bildirmişlər. O da yazmayacağını demişdir. Belə deyəndən sonra müstəntiq onun çiyninə zərbələr vurmuş, o da özünü təqsirli bilmədiyini yazmışdır. Onu məhkəməyə çıxardıqları zaman hər şeyi orada demişdir. Daha sonra onu 3 saylı İstintaq təcridxanasına aparmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs ona mənəvi təzyiqlər olunduğunu, ailə-uşağı ilə təhdid edildiyini, təzyiq nəticəsində CM-nin 234.1-ci maddəsi ilə razılaşdığını, əməliyyatçıların ona təzyiq etmədiklərini, təzyiqlə bağlı prokurorluğa müraciət etmədiyini, məhkəmədə hər şeyi dediyini, lakin təzyiq olunduğunu demədiyini, heç kimə narkotik satmadığını, heç narkotik görmədiyini, satışla bağlı danışığının olmadığını, hökumətdə bəyənmədiyi işləri tənqid etdiyini, heç bir dövlət məmurunu təhqir etmədiyini, sadəcə tənqid etdiyini, “Facebook” səhifəsində də bununla bağlı paylaşımlar etdiyini, etdiyi narazılıqlarla bağlı heç kimin ona sual vermədiyini, “Facebook” səhifəsində paylaşdıqlarına görə tutulduğunu ehtimal etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, keçən ilin aprel ayında onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O və sahə rəisi, polis kapitanı Şahid2 Binə qəsəbəsi, “Binə univermağı”nın yaxınlığında Cavanşiri saxlamışlar və Xəzər rayon Polis İdarəsinə, müstəntiq Nizami müəllimin yanına aparmışlar. Orada üzərinə baxış keçirilən zaman Cavanşirin üzərindən dövriyyəsi qanunla qadağan olunmuş 1 büküm heroin aşkar olunmuşdur. Onlar həmin narkotik vasitəni qablaşdırdıqdan sonra ekspertizaya göndərmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 onlara daxil olan əməliyyat məlumatına görə Cavanşirin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, Cavanşirin narkotik vasitələri satması ilə bağlı konkret fakt əldə etmədiklərini, sadəcə istifadə etməsini ifadəsində göstərdiyini, onlar tərəfindən şəxsə qarşı heç bir psixi, fiziki təsir olunmadığını, təqsirləndirilən şəxsin narkotik vasitəni Suraxanı rayonunda, tanımadığı şəxsdən aldığını qeyd etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Hüseynli X2 narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı konkret fakt əldə etmədiklərini, şəxsin özünün narkotik vasitəni Suraxanıdan, şəxsi istifadəsi üçün aldığını etiraf etdiyini, təqsirləndirilən şəxsi piyada olarkən “Binə univermağı”nın yaxınlığında saxladıqlarını və maşınla Xəzər rayon Polis İdarəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda 30 avqust 1972-ci ildə Lerik rayonu, Akinahiran kəndində doğulan, həmin kənddə qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu bildirilir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 30 avqust 1972-ci ildə Lerik rayonu, Akinahiran kəndində doğulan, həmin kənddə qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 30 avqust 1972-ci ildə Lerik rayonu, Akinahiran kəndində doğulan, həmin kənddə qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş məlumatla əlaqədar Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə saat 15:40 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Binə Univermağı”nın yaxınlığında saxlanılaraq saat 16:00 dəqiqədə Xəzər RPİnin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, o, əynində olan tünd boz rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 08 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manat nağd pula əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümü açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər tozşəkilli kütlənin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 43 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 31-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekpsertizasının xx.xx.2023-cü il tarixli, 6/2077 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N43” dairəvi möhür əksi olan, “C.Ə. Yəhyayenin üzərindən aşkar edilmiş kütlə...” soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 3,933 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 37-41). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 48-49). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın videogörüntüsü yazıldığı CD diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, onun üzərində 08 aprel 2023-cü il tarixdə Xəzər rayon Polis İdarəsinin inzibati binasında olan xidməti otaqda polis əməkdaşları və müdafiəçi X4 iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmadan öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb, üzəri "DİN-nin Zərflər üçün 43 saylı" möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 08 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manat nağd pula aldığını bildirmişdir (cild 1, iş vərəqi 74). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəyini, eləcə də onun həmin narkotik vasitəni aldığı şəxsin yerinin və şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və bu istiqamətdə polisin köməkçi qüvvələrindən geniş istifadə olunmuşdur. Keçirilmiş tədbirlərə baxmayaraq müsbət nəticə əldə olunmamışdır (cild 1, iş vərəqi 89). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 90). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 7786 saylı məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü, Lerik rayonu, Akinahiran kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 96). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3059 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 102-103). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əldə olunmuş təmiz çəkisi 3,933 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 3,883 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Xəzər RPİ-yə təhvil verilmiş, 01 ədəd disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 104-109). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, narkotik vasitə heroinin məınbəyini müəyyən etmək məqsədilə cinayət işindən material ayrılmış və Xəzər RPİ-nin 3-cü PŞ-nə verilmişdir (cild 1, iş vərəqi 104-109). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, X6, yeni yaşayış sahəsi, nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır, Himayəsində xx.xx.1993-cü il təvəllüdlü Əzimzadə Mələkxanım, xx.xx.1999-cu il təvəllüdlü Əzimzadə Mirfatma, xx.xx.2003-cü il təvəllüdlü Yəhyayev Mirheydər adlı uşaqları vardır. Ərazidə yaşadığı müddət ərzində özünü yaxşı aparmış, nümunəvi davranışa görə həmyaşıdları arasında fərqlənmişdir. İctimai işlərdə fəal iştirak etmişdir, onun barəsində heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 91-94). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 97-98). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ona əleyhinə ifadə verən şahidlərə bilavasitə suallar vermək üçün şərait yaradılmış, özü şəxsən və müdafiəçiləri vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Savalanlı və digərləri Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə ikinci, üçüncü və dördüncü ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarındakı müddəalar nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə narkotik vasitə heroini əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda 3,933 qram təmiz çəkidə narkotik vasitə heroini bir bükümdə üzərində saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitənin mənbəyinin, narkotik vasitəni əldə etdiyi şəxsin yerinin və şəxsiyyətinin müəyyən ediilməsi ilə bağlı əməliyyat orqanına tapşırıq verilmişdir. Həmin əməliyyat tapşırığına verilmiş cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəyini, eləcə də onun həmin narkotik vasitəni aldığı şəxsin yerinin və şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və bu istiqamətdə polisin köməkçi qüvvələrindən geniş istifadə olunmuşdur. Keçirilmiş tədbirlərə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, əməliyyat tapşırığına verilən cavabdan da təqsirləndirilən şəxsin hansısa şəxsə narkotik vasitə satması müəyyən edilmir. Digər tərəfdən, məhkəmədə dindirilmiş polis əməkdaşları – təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin ifadələrindən də görünür ki, onlar təqsirləndirilən şəxsin kiməsə narkotik vasitə satması barədə konkret fakt müəyyən etməmişlər. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin narkotik vasitələr satması, bu istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir sübut yoxdur. Lakin, 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda 3,933 qram təmiz çəkidə narkotik vasitə heroinin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkarlanması özüözlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə heroinin satışı ilə məşğul olması, belə maddələrin satışı ilə bağlı hər hansı şəxslə danışıq aparması və bu barədə sövdələşməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” narkotik vasitələrlə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 08 aprel 2023-cü il tarixdə onun üzərindən külli miqdarda 3,933 qram təmiz çəkidə narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitə heroinin məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini o, satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitə olan heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək onun üzərində narkotik vasitə olmaması, polis idarəsində polis əməkdaşları tərəfindən ona psixi təzyiq edilməsi və onun həmin təzyiq və təhdid altında etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis idarəsində üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkilişdən istifadə edilməklə və onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və o, əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan heroini çıxardıb təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, habelə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını, onu tanımadığı şəxsdən 50 manat pula şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən o, ittiham olduğunu cinayəti qismən etiraf etmişdir. Lakin məhkəmədə ifadələrini dəyişərək həmin narkotik vasitənin ona aid olmadığını qeyd etmiş və polis əməkdaşları tərəfindən ona psixi təzyiq edildiyini bildirmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində 10 aprel 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 71-74). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 08 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 3,883 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməsi üçün əsas müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 3,883 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar