Məhkəmə qərarları › İş №1(101)-551/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-551/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-551/2022 27.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs2 və nümayəndəsi Nümayəndə2 Zərərçəkmiş şəxsin hüquqi varisi X2 və nümayəndəsi Müdafiəçi2 Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, “Berlib Pub” kafesində mühafizəçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 29 avqust 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən "Berlin Pub” kafesində mühafizəçi kimi işdə olarkən kafeyə birlikdə gəlmiş müştərilər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 kafenin girişində yerləşən pilləkənlərin yuxarı hissəsində geyimlərinə görə saxlayıb içəri buraxa bilməyəcəyini demiş, Zərərçəkmiş şəxs2 ona etirazını bildirdikdə aralarında yaranmış mübahisə zamanı mühafizəçi kimi üzərinə düşən vəzifəsindən açıq aşkar kənara çıxaraq, orada olan səxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bır əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən bir dəfə yumruqla vurub ona sol almacıq və sol çənə bucağı nahiyələrinin yumşaq toxumalarının zəif şişkinliyi halında əzilməsi kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, həmin an arxasında pilləkənin yuxarı hissəsində dayanmış Zərərçəkmiş şəxs1 onun çiyin nahiyəsindən əli ilə cüzi toxunmasım bəhanə edib, ona qarşı hər-hansı bir qanunsuz hərəkətlərə yol verilmədiyi və heç bir təhlükə yaranmadığı halda, Zərərçəkmiş şəxs1 tərəf çevrilərək fiziki hazırlıq gücündən istifadə edərək mübahisədə iştirak etməyən və tızıkı cəhətdən ondan çox zəif olan sonuncunun sifət nahiyəsindən bir dəfə yumruqla vurduqda, Zərərçəkmiş şəxs1 müvazinətini itirib səndələməklə orada qoyulmuş dəmir dibçəyi olan ağaca dəydikdə, dibçək aşağı düşmüş, bu zaman həmin yerdə onun istinad edəcəyi nəddin olmadığım və təhlükəli vəziyyətdə qalacağım görərək növbəli dəfə vuracağı halda Zərərçəkmiş şəxs1 hündürlükdən yıxılıb həyal və sağlamlıq üçün ağır nəticələrə səbəb ola biləcək xəsarətlərin almasını, belə nəticənin baş verməsim dərk edib və şüurlu surətdə yol verərək, onun sifət nahiyəsindən ikinci dəfə yumruqla vuraraq, ona burun sümüyünün qapalı qəlpəli sınığı, burun nahiyəsinin deformasiyası, burun belinin qançırı və sıyrığı kimi sağlamlığa az ağır, sağ göz qapağının əzilmiş yarası və qançırı kimi sağlamlığa yüngül zərər vurma, sol bazunun qançırlar, sol ayağın İ barmağının sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək 2 metr 70 santimetr hündürlükdən arxası üstə yıxılması və başın arxa nahiyəsinin metlax üzlü döşəmənin üzərinə dəyməsi ilə nəticələnmiş baş beyin toxumasının əzilməsi, baş beynin yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, ənsə sümüyünün sınığı ilə müşayiət olunan başın ənsə nahiyəsinin əzilmiş yarası həyat üçün təhlükəli olan, ölümlə birbaşa səbəbli əlaqəsi olan sağlamlığa ağır zərər vuraraq, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş və bundan sonra pilləkəndan enib orada dayanmış Valeh Məmmədovun sifət nahiyəsindən bir daha yumruqla vuraraq orada olan şəxslərin rahatlığını pozmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o “Berlin Pub” kafesində mühafizəçi işləyirdi və qapıda dayanaraq qonaqları qarşılayırdı. 14 gün idi ki, həmin kafedə işləyirdi. Kafenin müdriyyətinin müəyyənləşdirdiyi qaydalara əsasən şəpit geyinmiş və corabsız şəxsləri kafenin içərisinə daxil olmasına icazə vermək qadağan edilmişdi. 29 avqust 2021-ci il tarixdə axşam saatlarında 3 nəfər əvvəllər tanımadığı şəxs o kafenin qapısında dayanarkən, ona yaxınlaşdı. Onlardan biri corabsız şəpit geyindiyindən, onlara mülayim şəkildə “qardaş, şəpitlə corabsız içəri qoymurlar” deyə bildirdi. Onlar ondan bu problemi hansı yolla həll etməyin mümkün olduğunu soruşduqda, onlara corab geyinmələrini və bu halda içəri daxil olmağa icazə verə bildiyini bildirdi. Bundan sonra onlar kafenin qapısından uzaqlaşıb getdilər və 3 nəfərdən biri corabsız olan şəxsə öz corabını verdi və o da geyindi. Bundan sonra onlar yenə ona yaxınlaşdıqda, onlara “xoş gəlmisiz, buyurun” deyərək içəriyə daxil olmalarına icazə verdi və onlar içəri daxil oldular və o həmişəki kimi müştəriləri qarşılamaqla məşğul oldu. Bu vaxt kafedə müştərilərə öz rezerv yerlərinə əyləşməyə kömək edən Sevinc gələrək, həmin 3 nəfər şəxsin rezerv etdikləri yerin başqa şəxsə verildiyini dedi. Əvvəlcə onunla birgə işləyən digər mühafizəçi Elşən, daha sonra o kafenin içərisinə daxil oldular. İçəri çox səs-küy olduğu üçün həmin 3 nəfərlə birgə çölə çıxdılar. Elşən həmin 3 nəfər şəxslə danışırdı.O bu problemi həll etmək üçün içəri daxil olub Sevinclə danışaraq başqa yer onlar üçün hazırlamağı təklif etdi. Sevinc isə pandemiya olduğu üçün yaxın əyləşmək mümkün olmadığından onlar üçün yeni bir yerin hazırlanmasının mümkün olmadığını bildirdi. Bundan sonra o çölə çıxaraq həmin şəxslərə mülayim şəkildə bugün əyləşmək üçün əlavə yerin olmadığını və sabah gəlmələrini təklif etdi. Bundan sonra həmin 3 nəfərdən Valeh kobud şəkildə Elşən və ona etiraz bildirməyə başladı.O Valehin etirazına səssizcə qulaq asırdı, çünki o etiraz etməkdə haqlı idi. Bundan sonra müdriyyət ona onların “xanımsız” içəri daxil olmağa icazə verilməyəcəyini dedi və o da bu halı onlara bildirdi. Yenə Valeh kobud formada danışmağa davam etdi və o yenə səbrlə, səssizcə onu dinləyirdi. Bunu kafenin mühafizə kameralarındakı görüntülərdən də görünür. Hətta o bir-birilərini daha yaxşı başa düşmək üçün tanışı olan Emin adlı şəxsə zəng edərək, telefonu Valehə verdi, çünki düşündü ki, Valeh həmin şəxsi tanıyır və bu danışıqla məsələ bitər. Valeh həmin şəxslə 10 dəqiqə danışdı. Bundan sonra Valeh artıq onu təhqir etməyə başladı. Onun onu söyməsinə baxmayaraq o içkili olduğu üçün ona heç nə demədi. Lakin Valeh onu ictimaiyyət içində söyməyə davam edirdi. O artıq çox əsəbiləşdi, bundan sonra Valehi yumruqla vurdu. Valehi vuranda sağ boğaz nahiyyəsinə əli ilə kiminsə toxunduğunu hiss etdi. Həmin 3 nəfər şəxs içkili idi və içəriyə daxil olanda üzərilərini yoxlamadığı üçün üzərilərində hər hansı təhlükəli əşya olduğundan da narahat idi və qorxurdu. O uzun illər idmanla məşğul olduğu üçün ona əli ilə toxunan şəxsi sol-sağ vurdu. Ona bir əli dəydi. Mərhumu vuranda müqavimətini itirmişdi. Mərhumu vurandan sonra pilləkəndən düşərək, Valehə tərəf getdi. Çünki onu əsəbiləşdirən Valeh idi. Valeh və mərhumdan başqa 3-cü şəxsə tərəf də baxdı və gördü ki, onun ona heç bir reaksiyası yoxdu, ona görə də onu vurmadı. O Valehə yaxınlaşıb onu vurmaq istəyəndə, Elşən tutdu onu və mərhumun yıxıldığını dedi. Bunu eşidən kimi pilləkənlə yuxarı qalxıb baxdı və gördü ki, həqiqətən həmin şəxs yerə yıxılıb. Kafenin adminstratoru Ramilə “kömək edin qaldıraq onu” dedi. Bu vaxt mərhumun yıxıldığı yerə gedib ona kömək etmək istədi. Bu vaxt kafenin adminstratoru Ramil ona “dəymə, daha da pis olar” dedi. O həmin vaxt Elşənə özündə olmadığını, valideynləri ilə əlaqə saxlayaraq həmin yerə yıxılmış şəxsin aparılacağı xəstəxanaya gedərək, ona maddi baxımdan kömək etmələrini deməyini xahiş etdi və “mən gedirəm” dedi. Elşən hara getdiyini soruşduqda özünü pis hiss etdiyini və hara getdiyini özünün belə bilmədiyini dedi. Həmin an o şok vəziyyətində idi. Özünə əsəbindən telefonunu da vurub sındırdı. O heç vaxt istəməzdi ki, belə bir hadisə olsun. Səhər açıldıqdan sonra Bakı şəhər Polis İdarəsinə getdi və baş verən hadisə barədə onlara məlumat verdi. Orada polis əməkdaşları ona dedi ki, həmin yerə yıxılan şəxs ölüb. O şok oldu, çünki gözləmirdi ki, o öləcək. Mübahisənin davam etdiyi müddət ərzində mərhum nə onun ünvanıma nalayiq sözlər işlətdi, nə də onui vurdu. Mərhumu vurduğu anda o arxasında idi və o müqavimətini itirmişdi. Onun üzərini yoxlamadığı üçün qorxdu ki, o üzərinə hücum edib təhlükəli predmetlə onu vurar və ona görə onu vurdu. Onlarla birgə olan üçüncü şəxs hadisədən əvvəl Valeh və Mərhumu çağırıb deyirdi ki, “day alınmır, gəlin gedək”, lakin Valeh mübahisə etməyə davam edirdi. Mübahisənin səbəbi onları şəpitlə corabsız içəri buraxmamağı olmamışdır. Səbəb onların rezerv etdikləri yerin başqasına verilməsi idi. Etdiyi əmələ görə çox peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun qardaşıdır. 29 avqust 2021-ci il tarixdə saat 22 radələrində həyat yoldaşı ona zəng edərək, Vüqarın yıxıldığını və Leyla Şıxlinskaya xəstəxanasında ağır koma vəziyyətində olduğunu bildirdi. O dərhal xəstəxanaya gedəndə yolda olarkən, atası zəng edərək, qardaşını həmin saatda kompüter-tomoqrafiyanın işləməməsi ilə əlaqədar Leyla Şıxlinskaya xəstəxanasına qəbul etmədikləri üçün onun 3 saylı Şəhər Klinik Xəstəxanasına yönləndirdiklərini bildirdi. Atasına da bu barədə Vüqarın dostu məlumat vermişdi. O həmin xəstaxanaya getdi və orada qardaşını gördü. Qardaşının bədəni göyərmişdi. Həkim qardaşının beyninin öz fəaliyyətini dayandırdığını, ürəyinin döyündüyünü, lakin bunun müvəqqəti olduğunu bildirdi. O digər xəstəxanalarla əlaqə saxladı ki, bəlkə qardaşı daha yaxşı müalicə olunmaqla onun vəziyyəti normallaşar. Lakin qardaşı vəfat etdi və onu ekspertizaya apardılar. Xəstəxanada qardaşımın hündürlükdən yıxıldığını bildirdilər. Zərərçəkmiş şəxs2 xəstəxanada idi və onunla orada görüşdü. Valeh ona özünün də yumruqla vurulduğunu, Vüqarın vurulma anını gömədiyini bildirdi. Valehin üzündə gözlə görünən xəsarət izləri var idi. Valehdən hadisənin necə baş verdiyini soruşduqda o, əvvəllər də dəfələrlə getdikləri “Berlin Pub” kafesinə getdiklərini, rezerv etdikləri yerin başqa şəxsə verilməsi səbəbilə onların içəriyə buraxılmadıqlarını, bu səbəbdən mübahisə yarandığını, mübahisə zamanı Valehin özünün daha çox danışdığını, Vüqarın isə sadəcə olaraq sakitcə onun yanında dayandığını bildirdi. Təqsirləndirilən şəxsin ailə üzvləri mərhum qardaşının 40 mərasimində onlara gələrək, üzrxahlıq bildirdilər və halallaşmaq istəsələr də, onlardan başqa vaxt gəlmələrini xahiş edib, başqa vaxt bir yerdə oturub bu məsələni danışmağımızın mümkünlüyünü bildirdilər, təqsirləndirilən şəxsin ailə üzvləri yas mərasiminin xərclərini ödəməyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29 avqust 2021-ci il tarixdə o əvvəlcədən “Berlin Pub” kafesinə zəng edərək üç nəfər üçün masa rezerv etmişdi. O rezerv yer sifariş edərkən, telefonla sifarişi qəbul edən kafenin işçisi ondan xanımlarla gəlib-gəlməyəcəyiklərini soruşduqda, o da üç nəfər oğlan gələcəklərini dedi və kafenin işçisi də etiraz etməyib sifarişi qəbul etdi. Bundan sonra o, mərhum Vüqar və digər dostları Ramillə birgə “Berlin Pub” kafesinə getdilər. Kafenin giriş qapısına yaxınlaşdıqda, Ramilin ayağında corab yox idi və o “pasanuşka” geyinmişdi. Kafenin qapısının qarşısında dayanan mühafizəçilər corapsız içəriyə buraxmadıqlarını bildirdilər. Bundan sonra o öz corabını avtomobildə Ramilə verdi və o da geyindi. Bundan sonra mühafizəçilər onları içəriyə buraxdılar. İçəriyə daxil olduqdan sonra yanlarında xanım olmaması səbəbilə onları çölə çıxardılar. Onların əsas gətirdiyi səbəblər xoşlarına gəlmədi. Çünki o əvvəlcədən kafeyə zəng edib yer rezerv edərkən yanlarında xanım olmayacağını bildirmişdi və onlar heç bir etirazlarını bildirməmişdilər. O mühafizəçilərə “bizə normal səbəb deyin, biz gedək” dedi. Bundan sonra mühafizəçilər “vışiy bala” kimi danışmağa başlayanda, o onlara “sizi buraya qoymayıblar ki, camaatı vurasız” dedi. Bu cümləni dedikdən sonra qəflətən mühafizəçilərdən Orxan ona yumruqla vurdu. O pilləkənlərdən aşağı enərək, 102 xidmətinə zəng etmək istədikdə, bu vaxt ona “dostun yerə yıxılıb” dedilər. O Vüqarın yıxıldığı anı görmədi. O baxıb gördü ki, Vüqar həqiqətən yerə yıxılıb və Vüqarın yanına endi. Bu vaxt təcili yardıma zəng vurdu, lakin onlarla danışa bilmədi. Bundan sonra Ramillə o Vüqarı yerdən qaldırıb avtomobilə əyləşdirərək xəstəxanaya apardılar. O həmin kafeyə əvvəllər də gedəndə yanında xanım olmurdu və bu əsas gətirilərək, içəriyə buraxılmadığı bir hal olmamışdı. Həmişə bu formada kafeyə daxil olub, yeyib-içirdi. Berlin Pub kafesində geyim və digər məsələlər barədə qaydalara dair elan heç yerə vurulmamışdı. Onlar mühafizəçilərlə mübahisə edərkən kafenin rəhbərliyindən heç bir şəxs onlara yaxınlaşmadı. O mühafizəçilərlə mübahisə edərkən, mərhum Vüqar onların mübahisəsinə heç bir müdaxilə etmədi, o sakitcə dayanmışdı. O mühafizəçilərin rəhbəri olan Emin adlı şəxslə 3-4 dəqiqə danışdı ki, bəlkə Emin adlı şəxsi onun mühafizə xidmətində işləyən tanışları ilə tanışlığı olar və onun tanışlığı vasitəsilə kafeyə daxil olub, bir saat yeyib-içib sonra isə çıxıb gedərlər. Emin adlı şəxslə nə danışdığını xatırlamır. Hər şey ani baş verdi, Eminlə danışığından sonra nə qədər vaxt keçdikdən sonra mübahisənin münaqişəyə çevrildiyini xatırlamır. Onlar kafeyə gələndə yüngül içkili idilər, hər biri ayrıayrılıqda 100 qram olmaqla konyak içmişdilər. Qapıda iki nəfər mühafizəçi var idi, onlardan hansının bəhanələr gətirərək içəri buraxmadığını və içəri daxil olduqdan sonra kimin onları çölə çıxardığını xatırlamır. O mübahisə zamanı heç kəsi söyməmişdir. Hazırda onun Orxana qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 ildir ki, restoran və kafelərin idarə olunmasıyla məşğul olur. Hal-hazırda “Berlin Pub” kafesini icarə əsasında idarə edir. Orxan həmin kafedə mühafizəçi kimi işləyirdi. Hadisə baş verdiyi gün, yəni 29 avqust 2021-ci il tarixdə saat 20:30 radələrində işə gələn vaxt Orxanla digər işçi Elşən qapıda mühafizəçi idi. O kafeyə gələndə qapıda gördü ki, 3 nəfər şəxs mühafizəçilər Orxan və Elşənlə mübahisə edir. Həmin 3 nəfər şəxs sərxoş idi və müəyyən edilən qaydalara görə içkili vəziyyətdə olan şəxslərin içəriyə daxil olması qadağandır. Bu səbəbdən o Orxanla Elşənə həmin şəxsləri içəriyə buraxmamaları barədə göstəriş verdi. Orxan da həmin 3 nəfərə kafenin içərisinə daxil olmaqlarının mümkünsüz olduğunu bildirdi. Bu vaxt mərhum Vüqar adlı şəxs rus dilində “gəlin, çıxaq gedək” dedi. Lakin Valeh adlı şəxs “bugün burada oturacayıq” deyirdi. Bundan sonra Valeh adlı şəxs Orxana “sən bıksan”, “sən kimsən”, “əzərik” kimi kobud ifadələr işlətməyə başladı. O kafedən çöldə dayanmışdı. Bu vaxt hər şey ani baş verdi. Orxanın orada həmin şəxsləri qəsdən vurduğunu düşünmür, o buna hazırlaşmamışdı, ani olaraq X11 vurdu. Corapsız, içkili formada kafeyə daxil olmaq uzun müddətdir ki tətbiq olunur, amma kafeyə xanımsız daxil olmaq mümkündür. Bu qaydalar bugün də kafedə tətbiq olunur. Orxanın Vüqar və Valehi vurması bir anda, sürətli baş verdi. Mərhum Zərərçəkmiş şəxs1 Orxanı qıcıqlandıracaq hərəkətlər etməmişdi. Kafedə müəyyən edilən qaydalar şifahi olaraq müştərilərə bildirilir. Kafeyə gələn 2 nəfər şəxs sərxoş olduğu üçün o Orxanla Elşənə onları içəriyə daxil olmağa icazə verməmələrini bildirsədə, həmin 3 nəfər şəxs yenə mübahisə etməyə davam edirdi. Buna görə də guya xanımsız içəri daxil olmağın mümkünsüzlüyü bəhanə kimi onlara bildirilmişdi. xanımsız içəri daxil olmağın mümkünsüzlüyü həmin 3 nəfər şəxsi kafedən uzaqlaşdırmaq üçün bəhanə idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verdiyi vaxt “Berlin Pub” kafesində mühafizəçi işləyirdi və Orxan onun iş yoldaşı idi. Onunla eyni vaxta işə qəbul olunmuşdu. 29 avqust 2021-ci il tarixdə axşam saatlarında Orxanla o “Berlin Pub” kafesinin qapısının qarşısında dayanmışdı. 3 nəfər şəxs qapıya yaxınlaşdı. Həmin şəxslərdən birinin ayaqqabısı içəriyə daxil olmaq üçün uyğun olmadığından Orxan onlara “Zəhmət olmasa, ayaqqabınızı dəyişin, belə formada içəriyə buraxmırlar” dedi. Həmin şəxslər heç nə demədən getdilər və ayaqqabılarını dəyişib qayıtdılar. Onlar yer rezerv etdiklərini bildirdilər və Orxan da onlara “Xoş gəlmisiz, keçin içəri” deyərək içəriyə daxil olmağa icazə verdi. Onlar kafenin içərisinə daxil oldular. Bir az sonra onlar da içəri daxil oldular və gördülər ki, həmin 3 nəfər şəxs ayaqüstə dayanıb. Onlardan biri onlara yaxınlaşaraq yer rezerv etdiklərini bildirdilər. Onlar da kafenin idarəçisi Ramil bəyə yaxınlaşaraq həmin şəxslərin yer rezerv etdiyini və yerləri barədə soruşduqlarını bildirəndə, Ramil bəy də onlara xanımsız həmin şəxslərin içəriyə buraxılmamalı olduğunu bildirdi. Onlar da həmin 3 nəfər şəxsə kafenin inzibatçısının içəri xanımsız daxil olmağa icazə vermədiyini bildirdilər. Həmin şəxslərdən biri də əvvəlcədən zəng edib yer rezerv etdiyini və rezervasiya qeydiyyata alınan zaman 3 nəfər oğlan gələcəklərini bildirdiyini dedi. Bundan sonra həmin 3 nəfər şəxs çölə çıxdı və rezervasiya edən zaman telefonla kiminlə danışdıqlarını ətrafdan soruşmağa başladılar. Onlardan biri “hər dəfə bura gəlib-gedən adamam, xanım yoxdur deyə istirahət edə bilməyəcəm?” dedi. Ramil bəy kafedən çölə çıxaraq onlara bir nəfər belə xanım yanlarında olsa, içəriyə daxil ola biləcəklərini bildirdi. Bu zaman onladan biri “mən haradan xanım tapım, yer rezerv edəndə bunu deyərdiz” dedi. Bu anda həmin şəxs pilləkənin yanında dayanmışdı. Mərhum isə Orxan və Ramil bəyin yanında idi. Həmin 3 nəfər şəxsdən daha çox etiraz edən şəxs içəri daxil olmaq barədə etiraz edərək qonaqları ilə içəri daxil olmaqda israr edirdi. O və Orxan dəfələrlə tanımadığı həmin şəxsdən xahiş edirdilər ki, məsələ bitsin. Orxan səhv etmirsə, həmin şəxsə yenidən xanımsız içəriyə daxil olmağa icazə verə bilməyəcəklərini bildirdi. Bu vaxt həmin şəxs Orxana “Sən bıksan? Qapının ağzında kəsdirmisən, bizi içəri buraxmırsan” dedi. Orxan həmin şəxsin üzərinə getdi və ona “başa düşmədim, sən bu acı söz nədir ki, sən mənə deyirsən” dedi. Orxan həmin şəxsə əl-qol atdı. Bu an o onları aralaşdırmaqla dalaşmalarına icazə vermədi. Həmin şəxsdən sakit olmağını xahiş etdi. O həmin şəxslə üzbəüz idi, Orxan isə arxasında idi. O bu cümləni deyəndə həmin şəxs qışqıraraq “dostumu vurdu” dedi. O pilləkən tərəfə qaçdı və gördü ki, həmin 3 nəfər şəxsdən biri yerə yıxılıb. Bu vaxt Ramil bəy kafenin içərisinə daxil olurdu və o da Ramil bəyə yaxınlaşaraq təcili yardım çağırmasını istədi. Bunu deyib çölə çıxanda gördü ki, Orxanla həmin onlarla mübahisə edən şəxs pilləkəndən aşağıda dalaşırlar. O onları yenidən aralaşdırdı. Orxanı sakitləşdirdi. O içəri daxil olub Ramil bəydən təcili yardım çağırıb-çağırmadığını soruşdu, o da çağırdığını bildirdi. Daha sonra isə onları polis bölməsinə çağırdılar.Onlar da polis blməsinə getdilər. Mübahisə vaxtı mərhum sakitcə dayanmışdı. İkinci dəfə Orxanla həmin şəxs arasında mübahisəyə nəyin səbəb olduğunu bilmir. Orxan onlardan dəfələrlə məsələnin bitməsini xahiş etdi. Hadisədən sonra Orxanın hara getdiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o “Berlin Pub” kafesində hostel işləyir, Vəzifə öhdəlikləri müştərilərin zənglərinə cavab verib rezerv yer saxlamaq və qonaqları qarşılamaqdan ibarətdir. Orxan və Elşən hadisəyə qədər 10-15 gün idi ki, orada mühafizəçi işləyirdilər. 29 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 adlı şəxs kafeyə zəng etdi. Vüqar 3 nəfərlik stol rezerv etmək istədiyini bildirdi və o da sifarişi qəbul etdi. Təxminən saat 20:30 radələrində o kafenin içində olan zaman, giriş qapısının qarşısında Orxanın 3 nəfər oğlanla danışdığını və bir neçə dəqiqə söhbətdən sonra həmin oğlanların oradan getdiklərini gördü. Çölə çıxıb Orxandan həmin şəxslərin nə istədiklərini soruşduqda, Orxan həmin 3 nəfərin müştəri olduğunu, stol rezerv etdiklərini, lakin onlardan birinin corabsız ayaqqabı geyindiyinə görə kafenin daxili qaydalarına görə içəri buraxmadığını və həmin şəxslərin getdiyini bildirdi. O da Orxanın dediklərini təsdiqləyərək, onların geyimlərinin uyğun olmadığını bildirdi. O onların daha gəlməyəcəyini düşünüb, onların stolunu zəng edən başqa bir müştəri üçün rezerv etdi. Lakin bir neçə dəqiqə sonra həmin şəxslərin yenidən qayıdıb çöldə Orxanla danışdığını gördü və corabsız gələn müştəri corab geyinib qayıtdığından Orxan onları içəri buraxdı. Həmin 3 nəfər içəri daxil oldu, onlardan Valeh adlı şəxs içəri girən kimi onun üzərinə gələrək kobud formada oturacaqları stolun hansı olduğunu soruşdu. Bundan sonra müdir Ramil bəy onların xanımsız içəriyə buraxıla bilməyəcəklərini bildirdi. Mühafizəçilərdən Elşən həmin şəxslərdən xahiş edərək, onları kafenin giriş qapısından çölə çıxardı və orada Orxanla birlikdə onlara vəziyyəti izah etməyə çalışdı. O çölə baxdıqda Orxanın həmin üç nəfərlə danışıb vəziyyəti izah etməyə çalışdığını, lakin həmin şəxslərdən biri, yəni Valehin vəziyyəti başa düşmək istəmədiyini, mübahisə etdiyini gördü. Digər iki nəfər isə sakit dayanmışdı. Mərhumun bir neçə dəfə Valehə "‘gedək başqa yerə” dediyini də eşitdi. Təxminən 10 dəqiqə keçdikdən sonra o telefonla müştəri ilə danışan zaman çöldən səs-küy gəldiyini eşitdi və çölə çıxanda gördüm ki hadisə artıq baş verib. Rezervasiya edərkən həmin şəxslərə xanımsız gəlib-gəlməmələri sual vermədi. Lakin xəbərdarlıq olunmuşdu ki, qapıda “dress code” və “face control” adlanan yoxlama var. Orxanın mərhumu vurduğu və həmin şəxsin yıxıldığı anı görməmiş. Həmin 3 nəfər şəxsdən birinin Orxanın üzərinə qəzəbli formada gəldiyini gördü. Həmin şəxslərin içəriyə buraxılmaması qərarı müdriyyətə məxsus idi. Xanımsız gələn şəxslər kafeyə buraxılır, lakin gələn şəxsin tərzi və xarakteri bu meyara təsir edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə o dostları Vüqar, Valeh ilə birlikdə Valehgilin evində idilər və nərd oyunu oynayırdılar və qərara gəldilər ki, “Berlin Pub” kafesinə gedsinlər və bu məqsədlə Vüqar telefon vasitəsilə həmin kafe ilə əlaqə saxlayaraq yer rezerv etdi. Bundan sonra birgə “Berlin Pub” kafesinə getdilər. Orada Təqsirləndirilən şəxs yer rezerv edib-etmədiklərini soruşduqda, yer rezerv etdiklərini bildirdilər və Vüqar və Valehin içəriyə daxil olmasına icazə verdi, lakin ona ayağında corab olmaması səbəb göstərməklə içəriyə daxil olmağına icazə vermədi. Onlar geriyə qayıtdılar, Valeh öz corabını ona verdi, o da corabı geyindi və bundan sonra kafenin içərisinə daxil oldular. İçəriyə daxil olduqdan sonra 5-10 dəqiqə ərzində kafenin içərisində gözlədilər, çünki yer verən yox idi. Onlar isə yer rezerv etdiklərini bildirdilər. Orxan onlara yaxınlaşaraq xanımsız gəldikləri üçün yer verə bilməyəcəklərini bildirdi. Onlar da əvvəlcədən yer rezerv edərkən, xanımsız gələcəklərini bildirdiklərini dedilər. Onlar kafedən çölə çıxdılar. Çöldə nə o, nə də mərhum Vüqar Orxanla danışırdı, yalnız Valeh Orxanla söhbət edirdi. Valeh Orxandan ona kafeyə daxil olmasına imkan verilməməsi üçün ağlabatan səbəb deməsini istəyirdi. Onlar isə səbəb deyə bilmirdi. O pilləkəndən aşağı enib Valehə “Gəlin, gedək, buraxmırlar da“ dedi. Valeh isə ona “Nədən qorxursan ki?” dedi. O isə Valehə heç nədən qorxmadığını, içəriyə buraxmadıqlarını bildirdi. Valeh Orxana kobud söz dedi. Bundan sonra nəticədə, Orxan Valehi vurdu. Orxan mərhum Vüqarı da vurdu. Onlar qışqırıq səsi eşitdilər ki, “Gəlin, dostunuz öldü”. Onlar da Vüqarın yanına düşdülər, Vüqar xırıldayırdı. X16 Şıxlinskaya adına xəstəxanaya apardılar. Orada Vüqarı başqa xəstəxanaya aparmalı olduqlarını bildirdilər. Həmin xəstaxanaya məxsus təcili yardım avtomobili vasitəsilə Vüqarı 3 saylı Şəhər Klinik xəstəxanasına apardılar. Orada onlara Vüqarın öldüyünü bildirdilər. Mübahisə zamanı Vüqar mübahisəyə müdaxilə etmədi. Orxan Vüqarı heç bir səbəb olmadan vurdu. X12 vuranda o pilləkəndən aşağıda dayanmışdı. Mübahisə zamanı onlar Orxanı söymədi, sadəcə olaraq, Valeh Orxana kobud formada cavab verdi. Orxanın Valehi vurmasına səbəb Valehin Orxana qarşı kobud söz işlətməsi idi. Vüqar mübahisə zamanı sakitcə dayanmışdı, Orxanın onu nə səbəbdən vurduğunu bilmir. Orxanın Vüqarı vurma və yerə yıxılma anını da görmədi. Hadisədən sonra Orxanı içəriyə saldılar. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə tövsif edilmişdir, lakin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham isə məhkəmə istintaqı zamanı təsdiq edilmədiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif edilməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək, ona elan edilmiş qəsdən Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı cinayət işini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə başlasa da, sonradan nəyə əsaslanaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməsini tam əsaslandırmayaraq, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsüf etmişdir və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ”Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 1-ci və 2-ci bəndlərində tövsiyə edilmişdir ki, məhkəmə istintaqı zamanı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, mötivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs1 tərəf çevrilərək, fiziki hazırlıq gücündən istifadə edərək, mübahisədə iştirak etməyən və fızıkı cəhətdən ondan çox zəif olan sonuncunun sifət nahiyəsindən bir dəfə yumruqla vurduqda, Zərərçəkmiş şəxs1 müvazinətini itirib səndələməklə orada qoyulmuş dəmir dibçəyi olan ağaca dəydikdə, dibçək aşağı düşmüş, bu zaman həmin yerdə onun istinad edəcəyi həddin olmadığı və təhlükəli vəziyyətdə qalacağını görərək, növbəli dəfə vuracağı halda Zərərçəkmiş şəxs1 hündürlükdən yıxılıb həyat və sağlamlıq üçün ağır nəticələrə səbəb ola biləcək xəsarətlərin almasını, belə nəticənin baş verməsini dərk edib və şüurlu surətdə yol verərək, onun sifət nahiyəsindən ikinci dəfə yumruqla vuraraq, ona burun sümüyünün qapalı qəlpəli sınığı, burun nahiyəsinin deformasiyası, burun belinin qançırı və sıyrığı kimi sağlamlığa az ağır, sağ göz qapağının əzilmiş yarası və qançırı kimi sağlamlığa yüngül zərər vurma, sol bazunun qançırlar, sol ayağın İ barmağının sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək, 2 metr 70 santimetr hündürlükdən arxası üstə yıxılması və başın arxa nahiyəsinin metlax üzlü döşəmənin üzərinə dəyməsi ilə nəticələnmiş baş beyin toxumasının əzilməsi, baş beynin yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, ənsə sümüyünün sınığı ilə müşayiət olunan başın ənsə nahiyəsinin əzilmiş yarası həyat üçün təhlükəli olan, ölümlə birbaşa səbəbli əlaqəsi olan sağlamlığa ağır zərər vuraraq onu qəsdən öldürməsi kimi qeyd etsə də, məhkəmə Təqsirləndirilən şəxs təqsirini qarışıq formada (bir tərkibdə biri qəsdən, o biri isə ehtiyatsızlıqdan törədilən kimi) qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs şuurlu sürətdə mərhum Zərərçəkmiş şəxs1 yumruqla vursa da, onun ölümünü arzulamamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən mərhum Zərərçəkmiş şəxs1 yumruqla vurması əməlindən doğan içtimai təhlükəli nəticəyə (Zərərçəkmiş şəxs1 ölümü) psixi münasibət ehtiyyatsızlıqla əlaqədardır. Məhkəmə təqsirləndirilən şəxsin hadisədən əvvəl davranışında zərərçəkmiş şəxsi öldürmək üçün əlavə hər-hansı alət və vasitələr ələ keçirməsini müəyyən etməmişdir, mərhumu sadəcə yumruqla vurmuşdur və mərhum yumruqla aldığı zərbədən müvazinətini itirib səndələməklə, orada qoyulmuş dəmir dibçəyi olan ağaca dəyərək, 2 metr 70 santimetr hündürlükdən arxası üstə yerə yıxıldıqdan sonra da, ona heç bir xəsarət yetirməyərək, ondan kənarlaşmışdır. Bütün sadalanan hallardan görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyəti olmamış, mühafizəçi kimi digər Zərərçəkmiş şəxs2la aralarında yaranmış mübahisə zamanı əsəbləşmiş və əsəbi olduğu halda, mərhum Zərərçəkmiş şəxs2 arxadan ona toxunuşun özünə xəsarət yetirməsini səbəb olduğunu fikirləşərək, ona xəsarət yetirmək niyyətində olaraq, onu yumruqla vurmuş və o nəticədə yıxılaraq, Təqsirləndirilən şəxs iradəsindən kənar ölmüşdür. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən öldürməyə niyyəti olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət işində olan 30 avqust 2021-ci il tarixli tutma haqqında protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci i) tarixli 82 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlər-baş beyin əzilməsi, baş beyinin yumşaq qişasına toxumasına və beyin mədəciklərinə qansızmalar, ənsə sümüyünün sınığı ilə müşayiət olunan başın ənsə nahiyəsinin əzilmiş yarası, burun sümüyünün qapalı qəlpəlİ sınığı, burun nahiyəsinin deformasiyası, burun belinin qançırı, sıyrığı, sağ göz qapağının əzilmiş yarası, qançırı, sol bazunun qançırları, sol ayağının İ barmağının sıyrığı həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, canlı şəxslərdə dərəcəsinə görə baş beyin toxumasının əzilməsi, baş beynin yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, ənsə sümüyünün sınığı ilə müşayiət olunan başın ənsə nahiyəsinin əzilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır, burun sümüyünün qapalı qəlpəli sınığı, burun nahiyəsinin deformasiyası, burun belinin qançırı, sıyrığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sağ göz qapağının əzilmiş yarası, qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, sol bazunun qançırları, sol ayağın İ barmağının sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb-başın küt travması nəticəsində beyin toxumasının əzilməsi ilə müşayiət olunan baş beyinin yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar olmuşdur. Ölüm 30.08.21-ci il tarixdə saat 01:45-də X8 baş vermişdir, bu da meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və sali si latlar aşkar edilməməşdir. Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirilməsi inandırıcı deyildir, başın ənsə nahiyəsinin əzilmiş yarası və ənsə sümüyünün sınığı sürətləndirilmiş yıxılma nəticəsində törənə bilərdi. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 838 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 sol almacıq və sol çənə bucağı nahiyələrinin yumşaq toxumalarının zəif şişkinliyi halında əzilməsi müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2021 -ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2021 -ci il tarixli 737- MTKŞ/2021 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus şalvar üzərində əhəmiyyət kəsb edən hər-hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus şalvarın sağ ayağının ön səthinin yuxarı səthində və sol ayağının ön yuxarı səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə statik (hərəkətsiz) və ya az dinamik kontakt nəticəsində əmələ gəlmişlər. Cinayət işində olan məhkəmə bioloji ekspertizasının 24.1 1.2021-ci il tarixli 840/202 1- MTBŞ saylı rəyində göstərilmişdir ki, X3 ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus cins şalvar və 03 ədəd tənzif kəsikləri üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutiııinlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Abeta/H/ qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 əğluna məxsus ola bilər. Cinayət işində olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən ‘"Berlin Pub” kafesinin giriş qapısında və kafenin içində quraşdırılmış təhlükəsizlik kameralarının xx.xx.2021-ci il tarixdə hadisə vaxtı qeydə aldığı videogörüntülərə baxış keçirilərkən, müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20:40-da Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 pilləkənlərlə qalxaraq kafenin giriş qapısına yaxınlaşmışlar, onları qapıda dayanmış mühafizəçi Təqsirləndirilən şəxs qarşılamış və söhbət etmişlər. Təqsirləndirilən şəxs onlarla danışdıqdan sonra saat 20:41-də Vüqar, Valeh və Ramil pilləkənlərlə aşağı düşüb bir qədər kənarlaşdıqdan sonra saat 20:42-də yenidən pilləkənlərlə yuxarı qalxmışlar. İlkin olaraq onlar kafenin giriş qapısına yaxınlaşdıqda Valehin ayağında corab olmadığı görünsə də, ikinci dəfə yaxınlaşanda Valehin ayağında corab olduğu görünür. İkinci dəfə onlar giriş qapısına yaxınlaşaraq kafenin içinə girirlər. İçəridə digər mühafizəçi Şahid2 onlarla söhbət etdikdən sonra saat 20:45-də Vüqar, Valeh və Ramil yenidən kafedən çölə çıxaraq kafenin giriş qapısının qarşısında, pilləkənlərin üstündə dayanıb Təqsirləndirilən şəxsla söhbət etməyə başlamışlar. Onların yanında digər mühafizəçi Şahid2 də olduğu görünür. Söhbət zamanı Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs əl-qol hərəkətlərindən birbiri ilə mübahisə etdiyi məlum olur. Digərləri isə sakit dayanmış vəziyyətdə görünürlər. Saat 20:58-də Təqsirləndirilən şəxs yaranmış mübahisə zamanı ilk olaraq Zərərçəkmiş şəxs2 üz nahiyəsinə bir dəfə yumruq zərbəsi vurduğu və dərhal sonra həmin vaxt onun arxa tərəfində dayanmış Zərərçəkmiş şəxs1 tərəf çevrilib ona da ard- arda iki dəfə yumruq zərbəsi vurduğu, kafenin içində, müştərilər əyləşən zalda quraşdırılmış kamera görüntüsündən isə zalın pəncərəsindən ilk olaraq pilləkənin başında dayanmış böyük ölçülü gül qabının pilləkənin sağ yan tərəfindən aşağı düşdüyü, dərhal ardından, yəni 1-2 saniyə sonra isə Zərərçəkmiş şəxs1 pilləkənin başından yerə yıxıldığı müşahidə edilmişdir. Təqsirləndirilən şəxs pilləkənlə yuxarı çıxıb, sonra aşağı düşüb Zərərçəkmiş şəxs1 yıxıldığı yerə baxdıqdan sonra kənarda dayanmış Zərərçəkmiş şəxs2 üzərinə gedərək yenə də ona yumruq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşdığı müşahidə edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 pilləkənin başından yerə yıxıldıqdan sonra oraya kafenin işçiləri və digər şəxslər toplaşdığı, həmin şəxslərin pilləkənin kənarından aşağı baxmaları və pilləkəndən düşərək yan tərəfə getmələri, həmçinin kafenin işçilərinin pilləkənin aşağı yan tərəfinə su aparmaları, saat 21:10-da hadisə yerinə polis əməkdaşlarının gəldiyi müşahidə edilmişdir. Cinayət işinə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2757 saylı rəyində göstərilir ki, məhkəmə-psixiatrik ekspertizası -Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər-hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər- hansı psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri akına düşmür. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işindən müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü X5, X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 Təqsirləndirilən şəxs uşaqlarıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində biri azyaşlı olmaqla, ikisi yetkinlik yaşına çatmayan uşaqlarının olması, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin içtimai təhlükəliliyini nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 30 avqust 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki iş üzrə maddi sübut olan və Bakı şəhər Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Mərhum Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş göy rəngli cins şalvar dəyəri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq məhv edilməli, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən ‘"Berlin Pub” kafesinin giriş qapısında və kafenin içində quraşdırılmış təhlükəsizlik kameralarından götürülmüş özündə əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.1-ci-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Bakı şəhər Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş göy rəngli cins şalvar dəyəri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq məhv edilsin, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən ‘"Berlin Pub” kafesinin giriş qapısında və kafenin içində quraşdırılmış təhlükəsizlik kameralarından götürülmüş özündə əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar