Məhkəmə qərarları › İş №1(101)-551/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-551/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-551/2023 04.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X7, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Xocalı şəhərində qeydiyyatda olan, Xəzər rayonu, Mərdəkan qəsəbəsi “Günəşli” sanatoriyası, 3-4 korpus ünvanında yaşayan, barəsində Bakı şəhəri Xəzər rayon məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasının vətəndaşının qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi külli miqdarda 01 ədəd bükümdə kustar üsulla hazırlanmış 5,0 qram narkotik vasitə heroini 19 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Abşeron rayonu Xırdalan şəhəri ərazisində qanunsuz olaraq qəsdən əldə etmiş, həmin 01 ədəd bükümdə kustar üsulla hazırlanmış 5,0 qram narkotik vasitə heroininin bir qismini istifadə etdikdən sonra narkotik vasitə heroinin qalan 2,462 qramını əynində olan tüng göy şalvarın sağ yan balaca cibində şəffaf selefonun içərisində gizlətməklə daşımış, 20 oktyabr 2022-ci il tarixdə saat 21:30 dəqiqədə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan balaca cibindən şəffaf selofana bükülmüş 01 ədəd bükümdə 2,426 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Saxlanılmamışdan əvvəl müxtəlif yerlərdən narkotik vasitə əldə edərək istifadə etmişdir. Meyvəli bazarda satıcı işləmiş, tutulmamışdan 20 gün əvvəl müalicə olunmağa başlamış, narkomaniyadan müalicə aldığı üçün anası tərəfindən kilidlənmiş otaqda saxlanılmış, yeməyi belə nəfəslikdən verilmiş, müalicə olunması məqsədi ilə müxtəlif dərmanlar qəbul etmişdir. 20 oktyabr 2022-ci il tarixdə axşam saat 8-9 radələrində 5-6 nəfər polis əməkdaşları tərəfindən olduğu otağın qapısı qırılaraq yatdığı yerdən durğuzularaq aparılmışdır. Barəsində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunda narkotik vasitənin əynindəki şalvarının cibindən aşkar edilməsi qeyd edilsə də şöbəyə alt paltarında aparılmış, əynində şalvarı olmamışdır. Belə ki, şöbəyə aparıldıqdan sonra anasının yuyaraq ipdən asdığı şalvar ona geyinməsi üçün növbətçi hissəyə gətirilmişdir. Bölməyə aparıldıqdan sonra 5-6 dəqiqə növbətçi hissədə saxlanılmış, daha sonra aparıldığı xidməti otaqlardan birində döyülmüşdür. O, müdafiəçini polis əməkdaşları tərəfindən ikinci dəfə döyüldükdən sonra görmüşdür. İbtidai istintaqın əvvəllərində onun hüquqların Bəhruz adlı şəxs müdafiə etmiş, sonradan onun iradəsi olmadan müstəntiq həmin vəkili dəyişdirmişdir. Belə ki, həmin müdafiəçi üzərindən aşkar edilən narkotik vasitənin Xırdalan şəhərindən 80 manata 5 qram narkotik vasitə alması barədə əməliyyatçılar tərəfindən düşünülmüş ssenarinin təhqiqatçı tərəfindən ona dedizdirilməsinin şahidi olmuşdur. Əvvəlcə müvafiq sənədlərə imza etməkdən imtina etdiyinə görə videoçəkiliş bir neçə dəfə həyata keçirilmişdir. Bölmədə verdiyi ifadəsindən xəbəri yoxdur. İfadəni oxumamışdır və ora necə imza etdiyini bilmir. Əməliyyatçı onu aldadaraq “gəl sakitcə gedək bölməyə evdəkilər xahiş etsələr səni buraxarıq” dediyinə görə onu narkotik vasitələrlə bağlı bölməyə aparacaqlarını düşünməmişdir. Onu 3 nəfər əməliyyatçı döydüyündən, təzyiq altında sənədlərə imza etmişdir. Polis əməkdaşları tərəfindən döyülməsi barədə ifadələri Xəzər rayon məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən verərkən hakim iclasda 15 dəqiqəlik fasilə elan etmiş, daha sonra onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsini bildirmişdir. Onun bədən nahiyəsində ayağının altında göyərtilər olmuş, başına da “dubinka” ilə vurmuşlar. Lakin baş verən hadisə barəsində heç bir dövlət orqanına şikayət etməmişdir. Döyülməsi ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etməməsini isə Təqsirləndirilən şəxs təcridxanaya keçirildikdən sonra özünü təqsirli bilməməsi və ifadələrə qol çəkməməsi olmuş, habelə başına gələnləri məhkəmədə söyləməyi düşünmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, ona Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Onlar əməliyyat məlumatı barəsində rəhbərliyə raportla məruzə etdikdən sonra Təqsirləndirilən şəxs adlı şəxsi saxlayaraq 31-ci polis şöbəsinə aparmışdırlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman təxmini 2 qramdan çox narkotik vasitə olan heroini könüllü olaraq təqdim edərək həmin narkotik vasitəni adını bilmədiyi İran İslam Respublikası vətəndaşından aldığını, 5 qram narkotik vasitənin yarısını istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər onun ərazisində yaşadığına görə onu tanıyır. Onlar təqsirləndirilən şəxsi müşahidə etdikdən axşam saat 8-9 radələrində sanatoriyanin yaxınlığında həyətində saxlamışdırlar. Onlar təqsirləndirilən şəxsin mənzilini tanımırlar və saxladıqları yer ilə yaşadığı mənzil arasında məsafə barədə məlumata malik deyildir. Əməliyyat qrupu o və Şəhriyar olmaqla iki əməkdaşdan ibarət olmuş və qeyd edilən ünvana maşınla getmişdirlər. O və Şəhriyar Təqsirləndirilən şəxs qaldığı sanatoriyanın həyətinə daxil olduqdan sonra başqa polis əməkdaşları da gəlmişdirlər. Onlar ünvana mülki formada getmiş, Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. O, Təqsirləndirilən şəxs saxlayarkən üzərində nə olduğunu xatırlamır. Təqsirləndirilən şəxsə yaxınlaşdıqdan sonra onu bölməyə dəvət etmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni oktyabr ayının 19-u aldığını bildirmişdir. Onun bildiyi qədərilə Təqsirləndirilən şəxs narkotik vasitəni “zakladka” üsulu ilə əldə etmişdir. Təqsirləndirilən şəxsin üzərində telefon olub-olmadığını xatırlamır, qaçaqmalçılıqla məşğul olması ilə bağlı onda məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs onun nəzarət etdiyi inzibati ərazidə işlədiyinə görə əvvəllər onu tanımışdır. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlara anonim məlumatlar daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid2 olmuş, qrup iki nəfərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxsi axşam saat 9 radələrində sanatoriyanın həyətində sanatoriya istiqamətində hərəkətdə olduğu zaman saxlamışdırlar. Həmin vaxt onun üzərində olan geyimləri xatırlamır. Təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin satışında şübhəli olduğunu bildirərək sonuncunu bölməyə dəvət etmiş, üzərinə baxış keçirərkən o, üzərində olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitələrin dəqiq çəkisi, satış ya istifadə üçün alması ilə bağlı təqsirləndirilən şəxsin dediklərini xatırlamır. Narkotik vasitəni tutulmazdan 1-2 gün əvvəl İran İslam Respublikasının vətəndaşından aldığını, bir hissəsini istifadə etdiyini, bir hissəsinin isə qaldığını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, onun əmisi qızı Orxanın dayısı ilə evlidir. Orxanı uşaq vaxtından tanıyır, sonuncu meyvə-tərəvəz satışı ilə məşğul olmuş, hər gün səhər saat 7də işə gedib, axşam 8-də işdən gəlmişdir. Hadisə baş verən ərəfələrdə Orxanın halı pis olduğu üçün anası işə getməsinə icazə verməmişdir. Orxanın ailəsinin oğlunu müalicə etdirmək üçün maddi imkanı olmamışdır. Onlar sanatoriyada məcburi köçkünlər qalan yerdə yaşamışdır. Sanatoriya iki mərtəbəli bina evi şəklindədir. Ümumi qonşuların qapısı eyni yerə açılır. Təqsirləndirilən şəxs valideyinləri ilə birgə həmin iki mərtəbəli binanın birinci mərtəbəsində yaşamışdır. Həmin yaşayış sahəsi iki otaqlı olduğundan otağın birində Orxanın qardaşı, qardaşının uşaqları, yoldaşı, digər otaqda isə Orxan, atası və anası qalmış, evin qapısı ümumi koridora açılmışdır. Polis əməkdaşları Orxanın yatdığı otağın qapısını sındıraraq içəri daxil olmuş, sındırılan qapı isə onların ləvazimat yığdığı otağın qapısı olmuş, qapı içəridən kilidlənmiş və taxtadan olmuşdur. Orxan otaqda uzandığına görə qapını özü içəridən bağlamışdır. Orxanın saxlanıldığı yer bir otaqdan ibarət olmuş, orada qab-qaşıq, artıq ləvazimat, balaca uşaq yatağının üzərinə yığılmış döşəklər saxlanılmışdır. Həmin otağın sahəsi 4 metr yarım olmuşdur. Orxan yerdə olan döşəkçənin üzərində yatmış, otaqda olan çarpayı balaca taxtadan uşaq beşiyi olmuşdur. Orxanın qaldığı otaq onlardan 3-4 ev uzaqda olsa da hadisə günü möhkəm səsə-küy eşitdiyinə görə həmin otağa yaxınlaşarkən 3-4 nəfər polis əməkdaşlarının qapını qıraraq Orxanın olduğu otağa girdiklərini görmüş, həmin şəxslərin polis əməkdaşları olmağını onların özünü təqdim etdikdən sonra bilmişlər. Anası oğlu Orxanın narkotik vasitə istifadəçisi olduğu üçün onu həmin otaqda qapalı vəziyyətdə saxlamışdır. Orxan polis əməkdaşlarını görərkən qaçaraq çarpayının altında gizlənmiş, əməkdaşlar Orxanı zorla bayıra çıxarmış, Orxanın anası yüksək səslə Orxanın günahının olmadığını və onun xəstə olduğunu bildirmişdir. Orxanı ayağa qaldırarkən onun əynində şalvar olmamış, Orxan isə qışqıraraq şalvar geyinməsinə imkan vermələrini bildirmiş, açıq cins şalvarı Orxanın anası, atası geyinməsi üçün vermiş, şalvarı geyindikdən sonra isə onu görməmişdir. Bundan sonra isə Orxanı maşına əyləşdirərək aparmışdırlar. O, Orxanın narkotik vasitənin istifadəçisi olduğunu bilmişdir, Orxanın saxlanma gününü və saatını isə xatırlamır. Ondan başqa hadisənin baş verdiyi yerdə digər qonşular da olmuş, ona məhkəməyə gəlmək barəsində müdafiəçi məlumat vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, ümumi həyəti olan və iki mərtəbədən ibarət sanatoriyanın birinci mərtəbəsində yaşamışlar. Yaşadığı ev 1 otaqlıdır. Ümumilikdə həmin binada onun ailəsinə yaşamaq üçün üç otaq verilmişdir. Onun oğlu Orxan narkomaniya xəstəliyindən əziyyət çəkdiyi, lakin onun müalicəsi üçün yetərli maddi imkana malik olmadığı üçün oğlunu yaşadıqları yerdə əşyaların saxlanılması üçün nəzərdə tutulmuş otaqda qapalı vəziyyətdə saxlamış, səhər işə gedəndə həmin otağın qapısını qıfılla çöldən bağlamışdır ki , otaqdan çıxa bilməsin. Həmin otağın uzunluğu 4 metr, eni 2 metr olmuş, otaqda yataq və əşyaları saxlanılmış, otağın onlar yaşayan otağa açılan qapısı olmamışdır. Otaqda yerə döşək qoymuş və Orxan yerdə yatmışdır. Hadisə zamanı evə üç nəfər polis əməkdaşı daxil olmuş, həmin vaxt evdə olsa da polis əməkdaşları birbaşa onun oğlu olan otağa tərəf getmiş, qapının açılması barəsində müraciət etmədən həmin otağın qapısını qıraraq onun oğlunu yatdığı alt paltarında apardıqları üçün yuyaraq ipdən asdığı şalvarı apararaq maşında olarkən oğluna vermişdir. Hadisə təxminən axşam 8-in yarısı, 8-ə qalmış baş vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, onlar sanatoriyada yaşadıqlarına görə səs-küy olan kimi hər kəs çölə çıxmış, o da səs-küyə çıxmış və Orxanın polis əməkdaşları tərəfindən aparıldığını görmüşdür. Polis əməkdaşları üç nəfər olmuş, Orxanı apararkən o, şalvarsız yəni, yataqdan çıxmış vəziyyətdə olmuşdur. Orxanın ayağında ayaqqabısı da olmamışdır. O, Orxanı tanıdığı vaxtdan qonşuluqda olan Ağdamlı qadının yanında meyvə tərəvəz satmaqla məşğul olmuşdur. Orxanın anası ilə münasibəti yaxşıdır və onlarla arasında üç otaq var. O, Orxanın anasının onu bağlı qapı arxasında saxlamasını görməmiş, Orxanın xəstə olmasını eşitmişdir. Səhər saat 11 də işə gedib, axşam saat 5 də evə gəlir, təqsirləndirilən şəxs saxlanılarkən axşam saat 8, 8-in yarısı olmuş və o, həmin zaman evdə olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Şəxsi axtarış, baxış və maddi sübut götürülməsi” haqqında 20 oktyabr 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Günəşli sanatoriyasında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Günəşli sanatoriyasında 20 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində saxlanılaraq Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin 1-ci X8 Şöbəsinə təvil verilmiş, orada üstünə şəxsi axtarış zamanı o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan balaca cibində bir ədəd şəffaf rəngli selofana bükülmüş, spesifik iyə məxsus, qəhvəyi rəngli markotik vasitəyə oxşar kütləni təqdim etmiş, həmin narkotik vasitənin “Kakos” olduğunu, 19 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Xırdalan şəhərində, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün 80 manata 5 qram miqdarında almış, bir hissəsini istifadə etdikdən sonra həmin narkotik vasitəni üzərində saxlayaraq gəzdirmişdir. (cild 1, iş vərəqə 30-31). Məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №157» dairəvi möhür əksi, «Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş...» sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,462 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, siyahısına (Siyahı İ) daxildir. Expertiza tədqiqatdan sonra heroinin qalıq çəkisi 2, 412 qram təşkil etmişdir (cild 1, iş vərəqə 38-40). Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 109). “Sübutların qiymətləndirilməsi barədə” 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə ümumi çəkisi 2,426 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2, 412 qram təşkil edən heroinin saxlanılması üçün Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 110-117). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübut olan şəxsi axtarış və götürmə aparılması barədə DVD diskdə əks olunan video görünütlərin tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi protokolunun məzmunundan və müvafiq istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən DVD diskdən də görünür ki, təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilərkən həmin narkotik vasitənin “Kakos” olduğunu, 19 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Xırdalan şəhərində, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün 80 manata 5 qram miqdarında aldığını, bir hissəsini istifadə etdikdən sonra həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Müvafiq istintaq hərəkəti ona müdafiəçi qismində təyin edilmiş vəkilin iştirakı ilə həyata keçirilmiş və vəkil tərəfindən ona hər hansı təzyiqə məruz qalması barədə verilən suallara təqsirləndirilən şəxs heç bir fiziki və psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında verdiyi ifadələrlə ibtidai istintaq dövründə verdiyi ifadələr arasında ziddiyyət aydınlaşdırılarkən təqsirləndirilən şəxs bir tərəfdən gah həmin ifadələri oxumadan imza etdiyini, gah da fiziki təzyiq altında imza etməsini bildirməklə bir-birinə uyğun gəlməyən ifadələr vermişdir. Təqsirləndirilən şəxs həqiqətən də fiziki təzyiqə məruz qalıb-qalmaması barədə məsələnin aydınlaşdırılması üçün saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasına ünvanlanmış sorğuya cavab olaraq göndərilmiş tibbi –müayinə sənədlərindən aydın olur ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən hər hansı xəsarət almadığını bildirmiş, onun bədən səthində xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə iclasında döyülməsi barədə aidiyyəti qurumlara şikayət etməməsinin səbəbini isə o, etiraf edici ifadələri yalnız bömədə verdiyini, təcridxanaya getdikdən sonra ona təqdim edilən sənədlərə imza etməməsi ilə izah etməyə çalışmışdır. Halbuki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın sonrakı mərhələsində ona əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 206.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilikdən sonra müvafiq sənədləri imza etməkdən imtina etmişdir. Bundan başqa təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi üçün saxlanıldığı X1 rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə köçürülmüş və o həmin sənədlərə də imza etməkdən imtina edərkən yenə də X6 Saxlama yerində(əvvəllər təzyiqə məruz qaldığını iddia etdiyi yerdə) olmuşdur. Müdafiə tərəfinin vəsatəti ilə əlaqədar dindirilmiş şahid ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, əlavə şahid qismində dindirilmiş şəxslərdən ikisi əvvəla təqsirləndirilən şəxsin qohumlarıdır. Bundan başqa şahid ifadələri həm bir-biri, həm də təqsirləndirilən şəxsin özünün verdiyi ifadələr ilə ziddiyyət təşkil etmişdir. Belə ki, təqsirləndirilən şəxs şöbəyə kimi “alt paltarında” aparılmasını, yalnız valideynlərdən biri tərəfindən növbətçi hissəyə şalvarı gətirildikdən sonra şalvarını geyinməsini bildirsə də, anası Ayulduz Məmmədova quruması üçün ipdən asdığı şalvarı Təqsirləndirilən şəxs evdən aparılarkən mindirildiyi polis maşında geyinməsi üçün verməsini, həm qonşuluq, həm də qohumluq münasibətlərində olan Maisə Əliyeva təqsirləndirilən şəxsin yatdığı yerdən polis əməkdaşları tərəfindən durğuzularkən sonuncunun yanındakı şalvarını götürüb geyinmək istədiyini, anası tərəfindən də məhz Orxanın yanındakı həmin şalvarı ona verməsini göstərmişdir. Digər tərəfdən Maisə Əliyeva möhkəm səs-küyə gəldiyini bildirsə də qapının polis əməkdaşları tərəfindən sındırılmasına və qapının içəridən bağlı olmasına şahidlik etdiyini qeyd etsə də, Təqsirləndirilən şəxs və anası X10 Məmmədovun narkotik vasitələrdən istifadəni tərgitməsi məqsədilə qapının çöldən bağlanması məzmununda ifadələr verərək Maisə Əliyevanın polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs götürmək üçün gələrkən qapını sındırdıqlarının şahidi olmadığını göstərmiş, lakin əgər qapı hələ də sındırılmamış idisə möhkəm səs-küyün nədən ibarət olması barədə məsələyə də şahidlər tərəfindən aydınlıq gətirilməsi mümkün olmamışdır. Bundan başqa şahid Maisə Əliyeva təqsirləndirilən şəxsin çarpayının altında gizlənməsi, polis əməkdaşları tərəfindən oradan zorla çıxarılmasını qeyd etsə də suallara cavab verərkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorla çıxarılması iddia olunan otaqda yerdə qoyulmuş döşək üstündə yatması və həmin otaqda çarpayının olmaması, yalnız uşaq beşiyinin olması aydın olmuşdur. Təqsirləndirilən şəxs yatdığı otaqda uşaq beşiyindən savayı çarpayının olmaması barədə qeyd olunan hal həmçinin Təqsirləndirilən şəxs anası Ayulduz Məmmədovanın ifadəsi ilə də təsdiq edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs və müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Təqsirləndirilən şəxs tutulmamışdan 20 gün əvvəl evdə anası tərəfindən qapalı otaqda saxlanılması barədə ifadələri də "xxxx" MMC və "xxxx" MMC-dən daxil olan, CD disklərdə əks olunan onun istifadəsində olan telefon danışıqlarının məzmunu ilə də təkzib edilmişdir. Belə ki, sonuncunun istifadəsində olan ********** saylı nömrə ilə aparılan danışıqların məzmununu əks etdirən CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən 17 oktyabr 2022-ci il tarixdə +**********01 nömrə istifadəçisinə göndərilən “Qaqaw mehledeyem mawinan hazir vezyetde bidene elaqe saxlada 1daw qurban sene”, “Qaqaw qurban sene 2 dene olacaq 50 qepik moykadayam he yox dide mene”, 11 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan **********26 telefon nömrəsindən “**********14” telefon nömrəsinə göndərilmiş “Salam lamiw tema var ancaq cetnen”, “He heri necede isdiyirsen dene gekeceysense deqiq de”, “Mehkedeyende catanda yaz eke burda smsnen ki burdayam cixim naxxadi birde falqa getir mene nolar cixa bikmiren hec yere” məzmunda sms-lərdən də görünür ki, Təqsirləndirilən şəxs heç də həmişə evdə qapalı vəziyyətdə olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan +**********2611 saylı mobil telefon nömrəsindən 11 oktyabr 2022-ci il tarixdə +**********00 mobil telefon nömrəsinə göndərilmiş “ Narahat olma yigma meni yanimda adam var birbsaata gellem kende yigacam sene narmal bir wey verecem ok” məzmunlu sms-lərin aşkar edilməsi də məhz onun tutulmamışdan 20 gün əvvəl yaşadığı evi rahat şəkildə tərk edə bilməsi halına dəlalət etmişdir. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olmaması, evdən çıxa bilməməsi səbəbindən narkotik vasitə əldə edə bilməməsi, habelə yaşadığı evdə tutulması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlərin ifadələrinin həm özüözlüyündə, həm də bir-biri ilə ziddiyyət təşkil eməsi, Ayulduz Məmmədovun təqsirləndirilən şəxsin anası olması və oğlunun əleyhinə ifadə verməmək hüququnun olmasını, digər şahidlərin təqsirləndirilən şəxsin qohumları olması səbəbindən həmin ifadələrə mötəbər sübut kimi istinad edilməsinin qeyri mümkün olması qənaətinə gələrək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olması, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması barədə əldə edilmiş razılığa uyğun olaraq 19 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qanunsuz olaraq əldə etməsi və onun ittiham aktında göstərilən yerdə və saatda tutulması işin mübahisəsiz halları olmaqla müvafiq sübutlarla təsdiq olunur. Məhkəmə belə nəticəyə gələrkən həm də o halı əsas götürür ki, Təqsirləndirilən şəxs fiziki təzyiqə məruz qalması barədə ifadələri onun barəsində 3 saylı İstintaq Təcridxanasına daxil olarkən tərtib edilmiş tibbi müayinə sənədləri ilə də inkar edildiyindən həm barəsində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkəti nəticələrini əks etdirən protokolun, həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarının mötəbərliliyini Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi lakin satışı ilə məşğul olmaması barədə ifadələri "xxxx" MMC-dən 30 oktyabr 2022ci il tarixdə daxil olan və sonuncunun istifadəsində olan +**********26 saylı nömrə ilə aparılan danışıqların məzmununu əks etdirən CD diskdə Təqsirləndirilən şəxs çoxlu sayda narkotik vasitələrin istənilməsi, habelə sonuncu tərəfindən başqa şəxslərə narkotik vasitə təklif edilməsi, habelə satmasına dair aşkar edilmiş sms-lərin məzmunun ilə təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********26 saylı nömrəyə 16 sentyabr 2022-ci il tarixdə +**********47 mobil telefon nömrə istifadəçisindən “Orxan agridayam”, 19 sentyabr 2022-ci il tarixdə +**********03 telefon nömrə istifadəçisindən “Orxan sene znq edirik cevab vermirsen teli gorturmek istiyirem”, 20 sentyabr 2022-ci il tarixdə +**********90 mobil telefon nömrəsindən “Salam menim qaqawim necesen ne var ne yox Caviddi qaqaw .orxan hec vaxt agiz acmamisam sene 4gundu yerimden dura bilmirem mene sabaha kimi el tutda xais edirem”, 23 sentyabr 2022-ci il tarixdə + **********70 mobil nömrə istifadəçisindən “Орхан менем 5 манатлыг кола лазымдыр”, 28 sentyabr 2022-ci il tarixdə +**********40 mobil telefon nömrəsindən “Qaqa yari gotur kola”, 06 oktyabr 2022-ci il tarixdə +**********14 mobil nömrə istifadəçisindən “Sabah pul tapib gelerem tema alarsan mene sen cani yaxwi”, +**********95 mobil nömrə istifadəçisindən 08 oktyabr 2022-ci il tarixdə “Heri okuw salamatciliqdi. Daw lazim idi. Emele geler? Goturmek olur? Yoxsa olmur gecdi uje?”, 11 oktyabr 2022-ci il tarixdə **********14 mobil nömrə istifadəçisindən “Dobrudu hec olmuya”, “3 dene urey hara gelim”, “Bolt sifariw elemiwem gelirem her orxan gor ne deyirem ele eleki meni gorsun nolar az qoyma”, “Orxan yari alindirda nolar 30 verem de 3 dene cetin hec yari elemir” , 07 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən +**********40 mobil telefon nömrə istifadəçisinə “Elgun qurban olum terezi duz ele ayib baxir yani 2.5 kola patini yari ele 5 de newe mawinin yanindayam”, “Qaqa daniwmiwiq deyir pul kocsun gelecem ama goruwumemiwik”, 08 oktyabr 2022-ci il tarixdə +**********08 telefon nömrə sahibinə “Bir saata”, “Kola var”, “Ama awagisi on manatdan bawdiyir” məzmunda smslər yazdıqdan dərhal sonra yenidən +**********40 mobil telefon istifadəçisinə “Yatdin qaqaw hardasan neynirsen yari lazimdi ee”, “Yaxwi Deyim uwaga gelsin yazacam cixarsan” məzmunda smslər müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Qeyd edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına daxildir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrnin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin məhkəmə baxışının gedişində, 04 dekabr 2023-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməlində həmin maddələrdə nəzərdə tutulan cinayət tərkibinin sübuta yetirilməməsi əsası ilə ittihamdan imtina etmiş, məhkəmənin 04 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 20 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 67-69). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 12 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 102-104). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2, 412 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38). Məhkəmə qeyd edir ki, məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası 3 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X7 vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə il 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2, 412 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabına X7 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar