Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-552/2022 12.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmanverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı, iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 15 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 16 oktyabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan “Rəsul” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, həmin şəxsin vasitəsilə məlum olmayan vaxtda və yerdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib həmin narkotik vasitələrin və psixotrop maddələrin bir hissəsini yaşadığı evdə saxlamış, digər hissəsini isə özü ilə gəzdirdiyi qara rəngli selofan torbanın içərisində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 oktyabr 2021-ci il tarixdə saat 06:45-də Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 29 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 2da yerləşən Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada saat 08:20-dən saat 08:35-dək üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı qara rəngli selofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 805 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə ayn-ayrılıqda külli miqdar hesab edilən təmiz çəkisi 4,340 qram, 4,600 qram və 17,440 qram, ümumi təmiz çəkisi 26,380 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin gün saat 10:00-dan saat 10:13-dək Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 29 ünvanına baxış keçirilən zaman isə orada yataq otağındakı taxta konstruksiyalı çarpayının arxasında gizlətdiyi selofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 390 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Methadone 40" göstəricisi olan, təsir maddəsinin ümumi miqdarı 1,2 qram olan, narkotik vasitə hesab edilən 3 ədəd konvalyutda ümumilikdə 30 ədəd həb və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan 1 il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. O, Sabirabad rayonundan dəfn yerindən ailəsi ilə birlikdə qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. İttihamda ondan 805 qram narkotik vasitə götürüldüyü yazılsa da, bununla razı deyildir. Belə ki, onun evində yalnız 3 list metadon və 390 qram «kokos» kimi tanıdığı heroin olmuşdur. Həmin 390 qram heroini Rəsul adlı şəxsdən şəxsi istifadəsi üçün nisyə almışdır. O, heç kimə narkotik satmamışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs narkotik vasitələrdən ancaq istifadə etdiyini, onların satışı ilə məşcul olmadığını, saxlanıldığı vaxt üzərində narkotik vasitənin olmadığını, həmin narkotik vasitələrin özünə məxsus olmasını polis işçilərinin təzyiqləri altında etiraf etdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 oktyabr 2021-ci il tarixdə səhər saat 07 radələrində Xətai rayonu ərazisində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, sağ əlində saxladığı qara rəngli selofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən bir bükümdə narkotik vasitə heroin, üç bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, 1 ədəd “Samsung” markalı mobil telefon, 85 qəpik pul, şalvarın sol arxa cibindəki pul qabının içindən 200 AZN pul, 1 ədəd qəbz, 2 ədəd bank kartları aşkar olunmuşdur. Sonra metamfetamin və heroin elektron tərəzidə çəkilmiş, həmin kütlələr qablaşdırılmış və götürülmüşdür. İş üzrəəhəmiyyət kəsb etdiyi üçün mobil telefon, plastik bank kartları və qəbzlər götürülmüş, pul və qalan əşyalar ona qaytarılmışdır. Sorğu zamanı o, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı "Rəsul’’ adlı şəxsin vasitəsi ilə 15.10.2021-ci il tarixə keçən gecə İmişli rayonunda yol kənarında gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Rəsul” adh şəxsin deyəcəyi ünvanlara çatdırdığını və istifadə etdiyini, əlavə olaraq Bakı şəhəri, Xətai rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini.həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 29 ünvanına getmişlər, evinin girişindən sol tərəfdə olan yataq otağındaki taxta konustruksiyalı çarpayının arxasında gizlətdiyi bir ədəd selofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbanın içindən bir bükümdə heroin, 30 ədəd metadon həbi və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş əşyalar qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Yaşadığı evdən aşkar olunan heroini təxminən 15 gün əvvəl Nəsimi rayonu ərazisində gizlədilən yerdən Rəsulun vasitəsi ilə götürmüş və deyilən yerlərə çatdırmışdır. Rəsulu 1 ildir ki, tanıyır, əvvəl həmin şəxsdən şəxsi istifadəsi üçün pulsuz narkotik götürmüş, lakin daha sonra Rəsulla razılaşmış və əlbir olub narkotiklərin satışını təşkil etməyə başlamışdır. Narkotik vasitələri və psixotrop maddələri konkret şəxslərə çatdırmamış, sadəcə onları Rəsulun dediyi yerlərə qoyub getmişdir. Buna görə Rəsul ona heç bir ödəniş etməmişdir. Bu işdə «xeyiri» o olmuşdur ki, Rəsulun ona dediyi və fotoşəkillərini çəkib göndərdiyi yerlərə gedib oradan narkotik vasitəni və ya psixotrop maddəni götürərkən onlardan bir hissəsini özünə götürmüş, qalan hissəsini isə Rəsulun dediyi yerlərə aparıb orada gizlətmiş, həmin yerlərin fotoşəkilini çəkib «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə Rəsula göndərmişdir. Bu işlə təxminən 15-20 gün məşğul olmuşdur. Üzərindən və evindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr Rəsula məxsusdur, yəni onları Rəsulun dediyi yerlərdən bir hissəsini Rəsulun ona deyəcəyi yerlərə aparıb gizlətmək, qalan hissəsindən isə özü üçün istifadə etmək məqsədi ilə götürmüşdür (cild 1, iş vərəqi 180-182). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayında ona qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, həmin məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Xətai rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə onun rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmış, qrupa əməliyyat müvəkkilləri Vasif Bədəlov və Şabanov daxil edilmişlər. 15 oktyabr 2021-ci il tarixdə səhər saat 7 radələrində Təqsirləndirilən şəxs Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 29 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş idarədə təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli selofan torbanı təqdim etmiş, torbanın içindən 1 bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 3 bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman ondan bir ədəd “Samsung” markalı mobil telefon, iki ədəd qəbz, bir ədəd mobil nömrə kartı, pul qabının içindən 200 manat pul, bir ədəd qəbz, iki ədəd bank kartı aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Həmçinin mobil telefon, plastik bank kartları və qəbzlər təhqiqatçı tərəfindən götürülmüş, pul və digər əşyalar Təqsirləndirilən şəxs qaytarılmışdır. Suallara cavab olaraq saxlanılan şəxs narkotik və psixotrop maddələri İran vətəndaşı Rəsul adlı şəxs vasitəsilə həmin gecə İmişli rayonunda yol kənarında gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri Rəsul adlı şəxsin deyəcəyi ünvanlara çatdırdığını və istifadə etdiyini, Xətai rayonunda yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Sonra şəxsi axtarış barədə protokol tərtib edilmiş, hamı kimi o da, protokolu imzalamışdır. Şahid1 ifadəsinə görə, daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana videoçəkilişlə baxış keçirilmiş, bu zaman İsmayıl evin girişindən sol tərəfdə olan yataq otağındakı taxta çarpayının arxasında gizlətdiyi bir ədəd selofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən bir bükümdə qəhvəyi rəngli heroinə bənzər maddə, 30 ədəd metadon həbləri və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin narkotik vasitələri İran vətəndaşı Rəsul adlı şəxsin vasitəsilə təxminən 10-15 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində əldə etdiyini, onları Rəsulun deyəcəyi ünvanlara çatdırmaq niyyətində olduğunu, həmçinin özünün də onlardan istifadə etdiyini bildirmişdir. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, o da, digər iştirakçılar kimi protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əri olsa da, dörd ildir ki, Könül adlı qadınla ər-arvad kimi yaşayır. Əhmədli qəsəbəsindəki evdə özü üç övladı ilə birlikdə yaşayır. İsmayıl arabir uşaqları ilə görüşmək üçün onlara gəlir. O, İsmayılın narkotik aludəçisi olduğunu bilmiş, lakin sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını tutulmamışdan qabaq bir ay əvvəl eşitmişdir. Uşaqları ilə yaşadığı 3-cü Əhmədli küçəsi, 29 nömrəli evin yataq otağındakı çarpayının arxasından aşkar edilmiş narkotik vasitədən nə özünün, nə də ki, uşaqlarının xəbəri olmamışdır. Ola bilsin ki, işdə olan zaman İsmayıl uşaqları ilə görüşmək adı ilə evə gəlmiş və narkotik vasitəni uşaqlarının yataq otağında gizlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, arabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 055 ******* mobil nömrəsi özünə məxsusdur və həmin nömrədən uzun müddətdir ki, istifadə edir. Təqsirləndirilən şəxs tanımış, onun narkotik aludəçisi olduğunu və narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. İsmayıldan bir dəfə 2021-ci ilin sentyabr ayının əvvəlində SMS yazıb qurudulmuş marixuana almaq istəmiş, lakin İsmayıl müxtəlif bəhanələr gətirərək narkotik vasitəni ona satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 055 ******* mobil nömrəsi ona məxsusdur. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs narkotik aludəçisi və narkotikləri satan şəxs kimi tanımış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən bir il qabaq bir neçə dəfə İsmayıldan narkotik vasitə heroin almışdır. İsmayıl heroinin bir çetini 10 manata satmışdır. Sonuncu dəfə İsmayılı 2021-ci ilin iyul ayında görmüşdür. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, sənədlə adı «Aidə» olsa da, hamı onu «Könül» adı ilə çağırır. Arabir narkotik vasitələrdən istifadə etmiş, hazırda istifadə etmir. Təqsirləndirilən şəxs təxminən 5 ildir ki, tanıyır. İsmayıl başqa qadınla evli olsa da, faktiki olaraq onunla ər-arvad münasibətində yaşamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrinin aludəçisi olduğunu bilmiş, lakin sonuncunun narkotik vasitələrinin satışı ilə məşğul olduğunu bilməmişdir. İsmayıl özü bir neçə dəfə ona istifadə etmək üçün narkotik vasitə heroin vermişdir. İsmayıl narkotik vasitələri İran vətəndaşı olan Rəsul adlı şəxsdən almışdır. İsmayıl Rəsulla olan işləri haqda ona heç nə deməmişdir. İsmayıl tutulduqdan sonra üzərindən aşkar edilmiş «Kapital Bank»a aid 6768 6753 2282 0679 və 4169 7332 2627 4590 nömrəli bank kartları özünə məxsusdur. Həmin kartlardan biri “Bir kart’dır, digər kartla isə azyaşlı uşağına verilən, ölmüş ərinə təyin edilmiş təqaüd alır. Həmin kartların istismar müddəti keçəndən sonra İsmayıl onları öz cüzdanında saxlamaq üçün istəmiş, həmin kartları İsmayıla vermişdir. 055 *** ** ** mobil nömrəsi adına qeydiyyatdan keçmişdir. Həmin mobil nömrə ilə Təqsirləndirilən şəxslə apardığı SMS yazışmaları özünə məxsusdur (cild 1, iş vərəqi 121-123). Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, o, fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur, arabir narkotik vasitələrdən istifadə edir. 055 ******* mobil nömrəsi ona məxsusdur. Təqsirləndirilən şəxs qonşuluqda yaşayan bir şəxs kimi tanımış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik aludəçisi olduğunu və narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmiş, bir neçə dəfə İsmayıldan xırda dozalarda «patı» adlanan metamfetamin və «kola» adlanan heroin almışdır. İsmayıl ona narkotik vasitələri müxtəlif qiymətlərə satmışdır. Narkotik vasitə almaq istəyərkən istifadə etdiyi mobil nömrədən İsmayılın istifadə etdiyi 077 ******* mobil nömrəsinə zəng vurmuş, İsmayıl cavab verməyəndə isə sonuncuya mesaj yazmışdır. Tanış olmaq üçün təqdim edilmiş SMS yazışmaları ona məxsusdur. Sonuncu dəfə İsmayıldan narkotik vasitəni 2021-ci ilin avqust ayında almışdır (cild 1, iş vərəqi 125). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 15 oktyabr 2021-ci il tarixli protokola əsasən, həmin tarixdə saat 08:20-dən saat 08:35-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman onun sağ əlində saxladığı qara rəngli selofan torbanın içərisindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, üç ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 30-32). Cinayət işində olan 15 oktyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin gün saat 10:00-dan saat 10:13-dək Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 29 ünvanına baxış keçirilən zaman yataq otağındakı çarpayının arxasından selofan torbanın içərisində bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, üzərində “Methadone 40" göstəricisi olan 30 ədəd həb və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 35-36). İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı «Galaxy A10» markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, «WhatsApp» mobil tətbiqində «Rəsul Baba» kimi qeyd edilmiş +98 905 *** ** ** mobil nömrənin abonenti tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun «Rəsul Baba» adı ilə qeydə alınmış abonentə göndərilmiş mesajlara, fotoşəkillərə, videogörüntülərə və səsli mesajlara baxış keçirilmişdir. İş üçün əhəmiyyət kəsb edən fotoşəkillər üç vərəqdə çap edilərək, videogörüntülər və səsli mesajlar isə bir ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 77-80). Cinayət işində olan baxış protokolundan görünür ki, "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 ******* və 070 ******* mobil nömrələrin 01.07.2021-ci il tarixdən 15.10.2021-ci il tarixədək əhatə dairəsinə dair məlumatlar, həmin nömrələrin abunəçiləri haqqında məlumatlar, həmin tarixlərdə 077 ******* və 070 ******* mobil nömrələrə daxil olmuş və çıxmış zənglər, həmin nömrələrin abunəçiləri barədə məlumatlar, həmin tarixlərdə 077 ******* və 070 ******* mobil nömrələrə daxil olmuş və çıxmış SMS mətnlərinə dair məlumatlar olan bir ədəd CD diskə baxış keçirilmiş, bu zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən çoxsaylı sübutlar əldə edilmiş və həmin məlumatlar 15 vərəqdə çap edilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 100-115). Məhkəmə kimyəvi ekspertizasının 15 oktyabr 2021-ci il tarixli 6/4589 №-li rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzəri yapışqan lentlə bağlanmış 1 ədəd bükümdə təmiz çəkisi 805 qram olan qəhvəyi rəngli nəm vəziyyətdə olan kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,340 qram, 4,600 qram və 17,440 qram, ümumi təmiz çəkisi 26,380 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs evindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzəri yapışqan lentlə bağlanmış 1 ədəd bükümdə təmiz çəkisi 390 qram olan qəhvəyi rəngli nəm vəziyyətdə olan kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Methadone 40“ göstəricisi olan 3 ədəd konvalyutda ümumilikdə 30 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 1,2 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs evindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər və ümumi təmiz çəkisi 1195 qram təşkil edir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan 3 ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər və ümumi təmiz çəkisi 26,280 qram təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir (cild 1, iş vərəqi 43-48). İbtidai istintaq orqanının 16 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1195 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 26,380 qram olan psixotrop maddə metamfetamin, narkotik vasitə hesab edilən 30 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan 1194,800 qram heroin, 26,230 qram metamfetamin, 28 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi saxlanılmaqdan ötrü Xətai RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 163-171). Ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 08 dekabr 2021-ci il tarixli 4967 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 154-155). Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2004-cü il təvəllüdlü Əlamət Babayev, 2005-ci il təvəllüdlü Aysun Babayeva və 2010-cu il təvəllüdlü Püstə Babayeva adlı 3 yetkinlik yaşına çatmayan uşaqları vardır (cild 1, iş vərəqi 135-137). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 02 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Baş idarədə Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 96-97). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, tutularkən onun üzərində narkotik vasitə olmadığını, ittihamda ondan 805 qram narkotik vasitə götürüldüyü yazılsa da, bununla razılaşmadığını, onun evində yalnız 3 list metadon və 390 qram «kokos» kimi tanıdığı heroin olduğunu, həmin heroini şəxsi istifadəsi üçün nisyə aldığını, heç kimə narkotik satmadığını, həmin narkotik vasitələrin özünə məxsus olmasını polis işçilərinin təzyiqləri altında etiraf etdiyini bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotorp maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri dəfələrlə müxtəlif şəxslərə satması onun istifadəsində olmuş mobil nömrəyə daxil olan və çıxan çoxsaylı SMS mətnləri ilə bir daha öz təsdiqini tapır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, məhkəmə himayəsində azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən tutulduğundan və hal-hazıra qədər həbsdə saxlanıldığından, həmin müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Xətai RPİnin saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş tədqiqatlardan sonra qalıq qalan 1194,800 qram heroin, 26,230 qram metamfetamin, 28 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 2 ədəd DVD disk və onun istifadəsində olan mobil nömrə kartına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 91 (doxsan bir) manat 76 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 91 (doxsan bir) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli 4967 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Xətai RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1194,800 qram çəkidə narkotik vasitə heroin və 28 ədəd metadon həbləri, 26,230 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 2 ədəd DVD diskin və onun istifadəsində olan mobil nömrə kartına dair məlumatları özündə əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 91 (doxsan bir) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-552/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-552/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver