Məhkəmə qərarları › İş №1(101)-552/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-552/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-552/2023 25.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Lənkəran rayonu, Əşlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də sürücü vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Əşlə kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs soyuq silah hesab edilməyən bıçaqdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 11 avqust 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısındakı küçədə sonuncunun yetkinlik yaşına çatmayan qızını ona verməkdən imtina etməyini bəhanə edib əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq niyyəti ilə silah qismində istifadə etdiyi üzərində olan və soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sifət və sağ bud nahiyəsinə zərbələr endirib ona sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aid sağ budun deşilmiş-kəsilmiş yarası, o cümlədən sağ üz sinirin posttravmatik neyropatiyası, asimmetriya, funksiya, hissiyat və mimika pozğunluğu, sağ qulaqönü tüpürcək vəzinin zədələnməsi ilə müşayiət olunan sifətin sağ tərəfinin geniş ölçüdə dərin kəsilmiş yarası ilə nəticələnən, deformasiya, mimika və çeynəmə pozğunluqları və aydın nəzərə çarpan asimmetriya törədən, vaxt keçdikcə bərpa olunmayan, sifətin izi silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan sağlamlığa AĞİR zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilir. O, "xxxx" MMC-də avtokar sürücüsi vəzifəsində işləyirmiş. Şahid1 ilə iş yerində tanış olmuşdur. Bundan sonra Esmira qızı Aysunun nömrəsini ona vermişdir. Şahid1 qızının nömrəsini ona verəndən 2 həftədən sonra, o, Aysun ilə yazışmağa başlamışdır. Şahid1 qızını həftədə dəfələrlə onunla görüşə gətirirmiş. Esmira Aysunu görüşə gətirəndə üçü də oturub söhbət edirmişlər. Aysunla tək görüşəndə də sadəcə söhbət edirmişlər. May ayının 18-də atasıgil Aysungilin evinə elçiliyə gedib “hərisi”-ni almışlar. Oktyabr ayına artıq nişan olacağını planlaşdırmışlar. İyun ayının 29-da Aysunun atası Zərərçəkmiş şəxs onu öz evlərinə çağırmış və qohumlarının toyuna dəvət etmişdir. Qurban bayramına yaxın o evlərinə getmişdir. Anası, yeznəsigil Aysungilə qurban payı gətirmişdir. Siyavuş ona borcu olduğunu demişdir. Ona görə də o Siyavuşa dəfələrlə pul vermişdir. Müxtəlif vaxtlarda 50, 100, 400 manat vermişdir. Ondan başqa Siyavuşun öz qonşusuna da 400 manat borcu olmuşdur. Siyavuş ona vəziyyətinin pis olduğunu deyib pul istəmişdir. Onların Aysunla xasiyyətləri uyğun gəlmirmiş. Bunu valideyinləri də bilirmiş. Bunu görən Aysunun atası demişdir ki, Aysunu aparsın rayona ona öyrəşsin. O, Siyavuşa hazırda üzərində pul olmadığını, ayın 10-da apara biləcəyini demişdir. Lakin, ayın 10-da artıq onların fikri dəyişmişdir. Artıq qızı ona vermək istəmirmişlər. O, da Siyavuşa demişdir ki, ona nə vermişdirsə qaytarsın, Aysuna verdikləri qalsın, halal-xoşu olsun. Siyavuşdan pulları geri istəyəndə demişdir ki, hansı yolla gəlmişdirsə, ona yaxşı yol, ona verəcəyi bir şey yoxdur. O, Siyavuşgildən getdikdən sonra telefonunun Aysungilin evində qaldığını görüb zəng etmişdir ki, atasının evinə qayıdır, telefonunu qaytarsın. Lakin, zənglərini açmamışlar. Siyavuş sonra başqa nömrədən zəng edərək demişdir ki, gəlib telefonunu götürsün. Yaxınlıqda olan “Al market”-ə girib oradan bir bıçaq alıb Siyavuşun evinə tərəf getmişdir. Evin qarşısına çatanda Siyavuşun yoldaşı Esmiranı görmüşdür. Esmira onu həyətə çağırıb danışmaq istədiyini, bu işlərin belə olmamasını demişdir. O, isə Esmiraya dəfələrlə ayrıldıqlarını, hər dəfə onu qaytardığını, lakin, onun artıq bu münasibəti istəmədiyini, uçurumda olduğunu bildirmişdir. Esmiradan Siyavuşla danışıb öz haqqını almağına imkan verməyini istəmişdir. Sonra Siyavuş qaçaqaça üstünə gəlib çiyninə nəsə atmışdır. Həmçinin də anasını söydüyünə görə, həm də 7- 8 nəfərlə üstünə gəlib onu döydükləri üçün o da ona tərəf bıçağı atanda bıçaq Siyavuşun bədənində hara dəydi bilməmişdir. O, Esmira ilə həyətdə danışarkən Siyavuş qaça-qaça üstünə gəlmişdir, birinci Siyavuş onu vurmuşdur. Onun üzərində 5-6 nəfər adam var imiş. Onu təpikləyirmişlər. Esmira da ona daş atırmış. Daşlardan biri gözünə dəymişdir. Başqa nahiyələrindən də vurmuşlar. Onların öz qonşuları da həyətdə imiş. Hava qaralmış və hər kəs çölə çıxmışdır. Küçə dar olduğu üçün hər kəs onları görürmüş. O, əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Aysunun yetkinlik yaşına çatmadığını bilmirmiş. Onun şəxsiyyət vəsiqəsi onların evində qalmışdır. Onu Sabunçu rayon xəstəxanasından bölməyə aparanda şəxsiyyət vəsiqəsinin polkovnikdə olduğunu görmüş, şəxsiyyət vəsiqəsinə baxanda Aysunun da şəxsiyyət vəsiqəsini görmüşdür. Onu gecə vaxtı 7-8 nəfər Siyavuşla birlikdə döymüş, o, anasını söyəndən sonra ayağa qalxıb Siyavuşu vurmuşdur. Siyavuş üstünə gələndə həyat yoldaşı demişdir ki, vurma onlar bunu tutdurarlar. O, elə bilmişdir ki, üstünə gəlib onu vurmaq istəyir. Hadisə vaxtı onun yanında Siyavuşun öz ailəsi var imiş. O, Esmiraya qarşı ağır söyüş söyməmişdir. Esmiraya demişdir ki, daha ona onlar kimi ailə lazım deyil. Aysunla dəfələrlə ayrılmışlar, anası qaçıb arxasınca demişdir ki, ayrılmasınlar. O, bir ay Siyavuşun evində qalmış, yer olduğunu demiş, lakin, Siyavuş ona onlarda qalmasını demişdir. Ən sonuncu dəfə Aysundan ayın 7-də Aşura günü ayrılmış, çantalarını da götürüb evdən çıxmış, anası arxasınca gəlmiş, sonra da Siyavuş gecə saat 10-da ona zəng etmişdir. Siyavuş onu evinə dəvət etmişdir ki, Aysunla aralarında olan problemləri həll etsinlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmuş, ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 40-41 və 115-117-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... xx.xx.2022-ci il tarixdə axşam saatlarında Siyavuşun yaşadığı ev tərəfə getmiş, Siyavuşla həyətdə rastlaşmış və ona “mənim sənə və ailən üçün əşyaları və sənə verdiyim pullarımı qaytar” dedikdən sonra Siyavuş ona acıqla “sənə yaxşı yol” deyib onu lağa qoymuşdur. Siyavuşun bu sözündən əsəbləşmiş və oradan çıxıb getmişdir. Dəfələrlə Siyavuşa zəng etməyinə baxmayaraq Siyavuş onun telefon zənglərinə cavab verməmiş, yaxınlıqda olan “Al market”-ə girib oradan bir bıçaq alaraq Siyavuşun yaşadığı ev tərəfə getmişdir. Siyavuşun yaşadığı evə tərəf gedən küçədə Siyavuşun onu gördükdən sonra uzaqdan qaçaraq onun üzərinə gəldiyini görmüş, Siyavuş ona çatdıqda Siyavuşa badalaq gəlmiş, o, küçədə yerə yıxılmış, həmin vaxt Siyavuş onun çiyin nahiyəsindən dişləmiş, xəsarət almış, Siyavuş onun anasının ünvanına söyüş söymüş, bu vaxt əlində olan bıçaqla Siyavuşun sifət nahiyəsinə iki dəfə bıçaqla zərbə endirərək ona xəsarət yetirmiş, bir bıçaq zərbəsi də onun sağ bud nahiyəsinə dəymişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır, onun ifadəsi düzgün yazılmamış, o, ifadəni oxumamış, çünki müstəntiq ona demişdir ki, hər şey onun xeyrinə yazılmış, narahat olmasın. Müstəntiq onun barışıq ərizəsini almış və demişdir ki, sabah da onlardan barışıq ərizəsini alacaq. Onların qızı ona vermədiyinə görə aralarında dava olmamış, onların xasiyyəti uyğun gəlmirmiş. Zərərçəkmiş şəxs onu dişləməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən hadisədən 3 ay əvvəl Təqsirləndirilən şəxs ailəsi onlara elçiliyə gəlmişdir. Qızı Aysun həddi-büluğa çatmadığı üçün razı olmadıqlarını, yalnız Aysunun 18 yaşı tamam olduqdan sonra qismət olarsa Tural ilə ailə qura biləcəklərini demişlər. Turalın valideynləri o vaxta qədər gözləyəcəklərini demişlər. Hətta bu məsələyə görə Turalın valideynləri bir neçə dəfə onlara gəlib-getmişdir. Turalın borcla bağlı dedikləri yalandır. O, Turaldan yalnız bircə dəfə maşın baxmağa gedəndə 50 manat borc pul almışdır. O, 11 avqust 2022-ci il tarixdə Turalı onların həyətində görmüşdür. Tural qızını oğurlamaq istəyirmiş. O, Turalın yüksək səslə nalayiq ifadələr işlətdiyini eşidib Turalı sakitləşdirməyə çalışmışdır. Lakin, Tural üzərinə gələrək hücum çəkib badalaq gəlmişdir. Bu zaman o Tural yerə yıxılan zaman sifətinə yumruq zərbəsi vurmuşdur. Turalın ondan əl çəkməsi üçün Turalın çiynindən dişləmişdir. Tural yerə yıxılmışdır. 102 xidmətinə zəng edib polis çağırmışdır. Amma Tural cəld tərpənib şalvarındakı bıçağı çıxarmışdır. Sifətinə 2 dəfə bıçaqla zərbələr endirmişdir. Həmçinin, Tural sağ ayağının arxa bud nahiyəsinə bir dəfə bıçaqla zərbə vurmuşdur. Bu zərbələrdən o huşunu itirmiş və gözünü açdıqda xəstəxanada imiş. Tural ilə barışmamışdır. O, məhkəmədən Tural barəsində qanunamüvafiq cəza verilməsini istəyir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, elçiliklə bağlı şəkillərin hamısı montajdır. Turalın valideynləri elçilik üçün evlərinə gəldikdə evlənməklərinə razılıq verdikləri üçün deyil, qonaq olduqları üçün onlara süfrə açmışlar. Turalın atası ona Moskva şəhərindən zəng edib demişdir ki, onların Tural adlı oğlu yoxdur, tutulur tutulsun. O, Turalın çiynindən dişləmiş və gözünün altından yumruqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır və 3 uşaqları var. Aysun evin böyük uşağıdır və 2008-ci il təvəllüdlüdür. 2022-ci ilin təqribən aprel ayının ortalarında Təqsirləndirilən şəxs valideynləri və qohumları onların yaşadıqları evə gələrək qızı Aysuna oğulları Tural ilə ailə qurmaq üçün elçi düşmüşlər, əri Siyavuşla birlikdə ədəb-ərkanla Turalın valideynlərinə qızları Aysunun hələ uşaq olduğunu, həddi-buluğa çatmadığını, buna görə bu işin alınmayacağını başa salmış, buna baxmayaraq Turalın valideynləri təkid etmişdir. Turalın valideynləri bir neçə dəfə gəlib-getsələr də öz fikirlərini dəyişdirməmişlər. 11 avqust 2022ci il tarixdə saat 20 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşadığı evin yaxınlığında olarkən, Təqsirləndirilən şəxs ucadan nalayiq ifadələr işlədə-işlədə evlərinə tərəf gəlmiş, əri Siyavuş Turaldan ətrafda uşaqların və qadınların olmasına görə söyüş söyməməyi xahiş etmiş, söyüşləri eşitdiyinə görə utandığından kənara çəkilmişdir. Siyavuşun onu başa salacağını və Turalın çıxıb gedəcəyini fikirləşmişdir. Lakin söyüş səsləri kəsilməmiş, Turalın ucadan söydüyü söyüşlər bütün Binə qəsəbəsinə yayılmışdır. Daha sonra əri Siyavuşun qışqırıq səslərini eşitdiyinə görə hadisə olan yerə tərəf getmiş və bir müddətdən sonra Siyavuşun sifətinin qanlı vəziyyətdə yerdə uzandığını görmüşdür. Həmin vaxt orada artıq çoxlu adam olmasını müşaidə etmişdir. Siyavuş ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 avqust 2022-ci il axşam vaxtı o evdə imiş. O, pəncərədən baxarkən həyətdə qonşusu Siyavuşun və yoldaşının yüksək səslə qışqırdığını eşitmişdir. O, pəncərəni örtüb həyətə getmək istəyirmiş ki, həyətdən kimsə yüksək səslə qışqıraraq Siyavuşun bıçaqlandığını demişdir. O, artıq həyətə enəndə görmüşdür ki, qonşusu Siyavuş divarın küncündə uzanıb və qulaq nahiyəsinin dibindən iki bıçaq izi var, qan axır. Ətrafdakı şəxslərin köməyi ilə Siyavuşu xəstəxanaya aparmışlar. O, hadisə yerinə getdikdə ona orada olanlar demişlər ki, Şahbazı Tural bıçaqlamışdır. O, Siyavuşdan və ya ətrafdakı qonşulardan Aysunun nişanlanması və ya toyu olacağı barədə heç bir məlumat eşitməmişdir. O, hadisə yerinə çatanda Turalı görməmiş, küçədə Siyavuşu yaralı görmüş, Siyavuşun ətrafında isə yoldaşı, üç qızı və çoxlu insanlar var imiş. O, pəncərədən baxanda bir nəfərin digərini vurduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 11 avqust 2022-ci il tarixdə hadisə baş verən saatlarda məhəllənin başında imiş. Birdən möhkəm səs-küy eşitmiş və həmin istiqamətə hərəkət etmişdir. O, zənn etmişdir ki,uşaqların səs-küyüdür, lakin oraya yaxınlaşdıqda dava olduğunu görmüşdür. Siyavuş yerdə uzanmış və Siyavuşu vuran şəxs qaçmışdır. Onlar Siyavuşla qonşudurlar. Həmçinin, o, Siyavuşun evində usta kimi də işləmişdir. O, Siyavuşun qızı Aysuna elçi gəldiyini eşitmiş, lakin Aysunun hərisinin verildiyini eşitməmişdir. O, adətən Siyavuşgilə təsadüfən gedir. Turalı onların evində heç görməmişdir. O, hadisə yerinə çatanda Turalı görməmişdir. Şahid3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Belə ki, cinayət işinin 85-86-cı vərəqələrində olan ifadəsində Şahid3 aşağıdakıları göstərmişdir: «...Mən gördüm ki, küçənin digər tərəfində bir nəfər şəxs qonşum Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədir. Mən dərhal həmin tərəfə getdim. Adını sonradan bildiyim Tural adlı şəxsin Siyavuşun üzünə bıçaqla xəsarət yetirməsini gördüm. Cəld tərpənməyimə baxmayaraq hadisənin qarşısını ala bilmədim. Hadisə yerinə çatdıqda Siyavuşun üzü qanlı vəziyyətdə yerdə uzandığını gördüm. Siyavuşa xəsarət yetirən Tural adlı şəxs isə bıçağı yerə tullayaraq qaçıb getdi. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, o, uzaqdan onları əlbəyaxa olub Tural vuranda görmüş, onlara yaxınlaşanda Turalın üzünü görməmişdir. Tural o oraya çatanda artıq qaçmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 3-cü PŞ-nin məsul növbətçi əvəzi, polis mayoru İlqar Mehdiyevin 11 avqust 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində DİN-nin 102 xidmətindən Binə qəsəbəsi, Südçülük sovxozunda bıçaqlanma olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2022-ci il tarixli şifahi ərizə protokolundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022ci ildə saat 21:00 radələrində qızını istəyən Təqsirləndirilən şəxs onun sifət nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 12-15-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2022-ci il tarixli hadisə yerinə baxış və maddi sübutun götürülməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisidir. Həmin ərazidə yolda qanabənzər izlər vardır. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərərək, Zərərçəkmiş şəxs həmin yerdə bıçaqla vurduğunu bildirmişdir. Həmin yerdən təxmini 30 metr aralıda bir ədəd bıçaq aşkar edilmişdir. Cinayət işinin 88-89-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin 04 sentyabr 2022-ci il tarixli, 1047 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin, sol almacıq nahiyəsinin, döş qəfəsinin əzilmiş yaraları, boynun sıyrığı küt əşya (əşyalar); sağ bazu nahiyəsinin kəsilmiş yarası isə kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)); təsirindən törənmişlər, törənmə müddətləri onun “X4” X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Cinayət işinin 91-93-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin 11 oktyabr 2022-ci il tarixli, 1230 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ üz sinirin posttravmatik neyropatyası, asimetriya, funksiya, hissiyat və mimika pozğunluğu, sağ qulaqönü tüpürcək vəzinin zədələnməsi ilə müşayiət olunan sifətin sağ tərəfinin geniş ölçüdə dərin kəsilmiş yarası; sağ budun deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşyanın (alətin(ola bilsin bıçaq)) kəsici və deşici-kəsici təsirindən törənmişlər, törənmə müddətləri onun “X4” X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs sifətinin sağ yarısında aşkar olunmuş xəsarət deformasiya, mimika və çeynəmə pozğunluqları və aydın nəzərə çarpan asimmetriya törətdiyindən, vaxt keçdikcə bərpa olunmadığından, sifətin izi silinməz xəsarətlərinə aid olunur. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2022-ci il tarixli, 3/1407 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə amlik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin 136-139-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin 30 noyabr 2022-ci il tarixli, 16-Ə/1230 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ üz sinirin posttravmatik neyropatiyası, asimetriya, funksiya, hissiyat və mimika pozğunluğu, sağ qulaqönü tüpürcək vəzinin zədələnməsi ilə müşayiət olunan sifətin sağ tərəfinin geniş ölçüdə dərin kəsilmiş yarası; sağ budun deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşyanın (alətin(ola bilsin bıçaq)) kəsici və deşici-kəsici təsirindən törənmişlər, törənmə müddətləri onun “X4” X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Zərərçəkmiş şəxs sifətinin sağ yarısında aşkar olunmuş xəsarət deformasiya, mimika və çeynəmə pozğunluqları və aydın nəzərə çarpan asimmetriya törətdiyindən, vaxt keçdikcə bərpa olunmadığından, sifətin izi silinməz xəsarətlərinə aid olunur. Eybəcərləşdirmə tibbi məfhum deyildir. Xəsarətin sifətin eybəcərləşdirməsi kimi qiymətləndirilməsi məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir. Cinayət işinin 159-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təqsirləndirilən şəxsin üzünə təsdiq edərək, hadisə günü Təqsirləndirilən şəxs ona söyüşlər söydüyünü, üstünə hücum etdiyini, onun qarşısını almaq üçün ona müqavimət göstərdiyini, lakin, Təqsirləndirilən şəxs üzərindəki bıçaqla ona xəsarətlər yetirdiyini bildirmişdir. Cinayət işinin 162-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaq zamanı verdiyi ifadəsini bir daha təqsirləndirilən şəxsin üzünə təsdiq edərək, hadisə günü Təqsirləndirilən şəxs onun həyat yoldaşı Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətdiyini eşitdiyini, daha sonra küçəyə çıxanda ərinin sifətinin qanlı yerdə uzandığını gördüyünü bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 118-ci vərəqəsində olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq xx.xx.2022-ci ildə Zərərçəkmiş şəxs tərəfindən aldığı xəsarətlərlə bağlı sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı Siyavuş qaça-qaça üstünə gəlib çiyninə nəsə atmış, həmçinin də anasını söydüyünə görə, həm də 7-8 nəfərlə üstünə gəlib onu döydükləri üçün o da ona tərəf bıçağı atanda bıçağın Siyavuşun bədənində hara dəydiyini bilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verməsini tədqiq edilərkən müəyyən olunmuşdur ki, o, ona qarşı irəli sürülmüş ittihamla bağlı fərqli məzmunda ifadələr verməklə, iş üzrə ziddiyətlər yaratmağa çalışaraq cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs müxtəlif ziddiyətli ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bildiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Əksinə biri-digəri ilə ziddiyət təşkil edən ifadələr verməklə məhkəməni yalnış istiqamətə yönəlməyə çalışmışdır. Məhkəmə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 134-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 141-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 noyabr 2022-ci il tarixli, 3125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs 28 dekabr 2022-ci il tarixli ərizəylə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxsylə barışmadığını, sonuncuya qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respblikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 12 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 31-ci vərəqəsində olan 12 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 58-62-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 avqust 2022-ci il tarixli 4(003)-359/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar