Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-552/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:35-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızının iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşamış, barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “İgid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan vaxtda və yerdə “İgid” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 17,178 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Xəzər rayon İcra və Probasiya şöbəsində barəsində olan icra işi ilə bağlı Nəsimi rayon polis idarəsində açılmış axtarış işinə əsasən Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri çərçivəsində xx.xx.2023-cü il tarixdə saat 23:45-də Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi 105 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan əl çantasının içərisindən 02 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,514 qram və 16,664 qram olmaqla ümumi təmiz çəkisi 17,178 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Nəsimi rayon Polis idarəsinin 22-ci polis bölməsi ilə könüllü olaraq əməkdaşlıq etmişdir. İttihamda qeyd edilən narkotik vasitəni Nəsimi rayon Polis idarəsinin 22-ci polis bölməsinin razılığı, xəbəri olmaqla götürmüşdür. Ona narkotik vasitələrin satışı ilə məşğul olan İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq, onun kimlərə narkotik vasitə satmasını öyrənməsi tapşırılmışdır. O, polislərin razılığı ilə həmin şəxslə yazışmış, həmin şəxsin 16 kq narkotik vasitə vermək istədiyini polislərə demişdir. O, bir neçə vaxtdan sonra “Əli “ adlı şəxsə narkotik vasitələrin satılması üçün verildiyini öyrənmiş, onun məlumatı əsasında polis əməkdaşları Fəvvarələr meydanı ərazisində həmin şəxsi saxlamışlar. Qeyd edilən İran İslam Respublikasının vətəndaşının narkotik vasitə verdiyi “Əli “ adlı şəxs tutulduqdan sonra həmin İİR vətəndaşı bundan sonra onun özü ilə işləyəcəyini bildirmişdir. İran İR vətəndaşı narkotik vasitənin qoyulacağı yerə ona bildirdikdən sonra o, bu barədə polislərə məlumat vermiş və polis əməkdaşları həmin bükümə əl vurmamasını ona tapşırdıqlarından sonra onlar salfetka vasitəsilə bükümü götürmüşlər. Bu zaman Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları onu saxlayaraq, çəkiliş vasitəsilə bölmədə baxış keçirdikdən sonra onu Nəsimi rayon Polis idarəsinin 22-ci polis bölməsinə təhvil verəcəklərini, Nəsimi rayon Polis idarəsinin 22-ci polis bölməsi ilə əməkdaşlıq etdiyi üçün məsuliyyətdən azad ediləcəyinə söz vermişlər. Lakin o, müvəqqəti saxlanma yerinə aparılmış, daha sonra isə barəsində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasına köçürülmüş, ibtidai istintaq zamanı ifadəsini müstəntiqin diqdəsi ilə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 02 mart 2023-cü il tarixdə axtarış işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs xidmətdə olduqları zaman saat 23:45 radələrində ünvan 3 ünvanın qarşısında onlar tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs onlar saxlayan zaman onun hərəkətlərinin şübhəli, qeyri-adekvat olduğu üçün onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadə etməsi və satmasında şübhələndiklərini bildirərək, Təqsirləndirilən şəxs Nəsimi RPl-nin 21-ci PB-nə dəvət etmişlər. O, buna etiraz etməmiş, onlarla birlikdə Nəsimi RPl-nin 21-ci PB-nə gəlmişdir. Nəsimi RPl-nin 21-ci PB-nin təhqiqatçısının xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əl çantasının içərisindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümləri, 01 ədəd qara rəngli və 01 ədəd ağ rəngli mobil telefonları çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində olan çantasından aşkar edilmiş bükümlərin içərisindəkinin narkotik maddə “heroin” olduğunu bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümləri İran İslam Respublikasının vətəndaşı olan şəxsdən aldığını bildirmişdir. Ədalət adlı şəxsi yalnız axtarış işinin icrası zamanı görmüş, əvvəllər həmin şəxslə bağlı məlumatı olmamış, hazırda onun barəsində hansı məsələ ilə bağlı axtarış açılmasını xatırlamır. O, Şahid1 da Ədaləti əvvəlcədən tanıyıb-tanımamasını bilmir. Ədalətin narkotik vasitələr satan şəxslərə qarşı mübarizədə əməkdaşlıqda iştirakı barədə məlumatı yoxdur. Ədalət saxlanılan zaman onlara polislərlə əməkdaşlıq etməsini deməmiş, Ədaləti axtarış işi açıldıqdan təxminən 3-4 gün sonra saxlamışlar. Təqsirləndirilən şəxs ünvanı üzrə tapılmadığı üçün axtarışa verilmiş, ona görə də yaşadığı ünvana getməmişlər. Təqsirləndirilən şəxs qarşı təhqiredici, ləyaqəti alçaldan hərəkətlər edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Rəsul oğlu ifadəsində göstərdi ki, 02 mart 2023-cü il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə 70749 saylı axtarış işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs xidmətdə olduqları zaman tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər və həmin şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs onlarla Nəsimi RPl-nin 21-ci PB-nə gəlmiş, Nəsimi RPl-nin 21-ci PB-nin təhqiqatçısı tərəfindən videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən 02 bükümdə narkotik vasitə aşkar edilərək, qablaşdırılmış, möhürlənmiş, protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında saxlamışlar. Narkotik vasitə heroin 02 ədəd sellofan bükümdə olmuş hazırda çəkisini xatırlamır. Ədaləti əvvəllər tanımamış, onun üzərindən tərəzi aşkarlanıb-aşkarlanmaması isə yadında deyil. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023cü il tarixli 6/1277 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan-iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi, 0,514 qram və 16,664 qram, ümumi təmiz çəkisi 17,178 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in (Siyahı İ) daxildir. (iş vərəqə-55-59) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 2695 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. 2-ci dərəcəli əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə-152- 153) İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-pisixoloji ekspertizasının xx.xx.2023- cü il tarixli, 1629 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu müəyyən edilir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu” onun İİ Qarabağ uğrunda döyüşlərdə mərmi partlaması nəticəsində qapalı kəllə-beyin travması aldıqdan sonra meydana gəlmişdir. Təqsirləndirilən şəxs hazırda müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni törətdiyi əməl barəsində anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi mənşəli şəxsiyyət pozuntusu ilə əlaqədar o törətdiyi əməl zamanı öz əməlini faktiki xarakterini ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs yaddaşında zəiflik, diqqətində davamsızlıq, psixi-emosional sferasında əsəbilik, emosional qeyrisabitlik müəyyən edilir. O, konfliktə və mübahisəyə meyillilik, tez özündən çıxmaq, hövsələsizlik və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. (iş vərəqə 148-151) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:45-də Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə gətirilmiş və həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əl çantasının içərisindən 2 bükümdə təmiz çəkisi 17.178 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (iş vərəqə 46-48) İş materiallarında olan 21 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsi ilə çoxlu sayda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə SMS mübadilələri aparılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Yaxsi atiram 60m sen allah bir qram getirha günorta qalanin yene atacam karta nolar tez gel yadlna salki olurem pisem senol”, xx.xx.2023-cü il tarixdə yerini de tez gelim qayidim 20de ustumde”, xx.xx.2023-cü il tarixdə “Cox sqgolda allah razi olsun senden meni bu vezyetde qoydun olurem agridan nece saatdi bilirsenki heckimnende goture bilmirem yoxdu hormetin artig olsun”, xx.xx.2023-cü il tarixdə “Ediw mene 1qram yolla satimm atimda pulu sene sen.allah telefonuzadi cixartim”, xx.xx.2023-cü il tarixdə “ŞEY VER COX PİSDİ QAQAŞ COX PİSEM”, xx.xx.2023-cü il tarixdə “Qaziye z çatmır yarı kola lazımdı mümkün et nızamıdeyem goturum” kimi SMS mətnləri daxil olmuşdur. (iş vərəqə 173) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, narkotik vasitəni polis əməkdaşlarının göstərişi ilə əməliyyat tədbirində əməkdaşlıq etmək üçün götürməsinə dair ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun ifadəsi həqiqəti əks etdirməyərək özünü müdafiə xarakteri daşımaqla, ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 2695 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1277 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” və 21 iyun 2023-cü il tarixli baxış keçirilməsi barədə protokollar, iş üzrə şahidlərin ifadələri, eləcə də, özünün ibtidai istintaq zamanı ifadəsi, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində heroini şəxsi istifadəsi üçün gəzdirdiyini, lakin sonra ödəniş edəcəyini, heroini xx.xx.2023-cü il tarixdə adını “İgid” kimi bildiyi İran İslam Respublikasının vətəndaşının əvvəlcədən dediyi yerdən, yəni Sumqayıt" şəhərindən götürdüyünü bildirmiş, yəni, narkotik vasitəni polis əməkdaşlarının göstərişi ilə əməliyyat tədbirində əməkdaşlıq etmək üçün götürməsinə dair hər hansı fikir bildirməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,514 qram və 16,664 qram olmaqla, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan ümumi təmiz çəkisi 17,178 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edirlər, habelə narkotik vasitənin bükümlərə ayrılması, eləcə də, bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş vərəqə 104-120) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın 08 ay 06 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin, onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Məhkəməyə təqdim edilmiş vəsiqələrin və fəxri fərmanın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi zamanı döyüş tapşırıqlarını layiqincə yerinə yetirilməsində fəal iştirakına görə “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal”, “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarla təltif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs Vətən Müharibəsi zamanı döyüş tapşırıqlarını layiqincə yerinə yetirilməsində fəal iştirakına görə “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal”, “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarla təltif edilməsini, 2-ci dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onu cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü, azadlığın məhdudlaşdırılmasının iki günü, islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü, ictimai işlərin səkkiz saatı bərabər tutulur. Odur ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş, 02 il 03 ay 10 gün azadlığın məhdudlaşdırlması cəzasının çəkilməmiş 08 ay 06 gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 04 (dörd) ay, 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)- 132/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni, 02 mart 2023-cü il tarixdən, saat 23:45-dən hesablanmışdır. (iş vərəqə 21- 22; 92-95) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 2695 nömrəli rəyinə əsasən, 2-ci dərəcəli əlil Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,514 qram və 16,664 qram, ümumi təmiz çəkisi 17.178 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,028 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, Nəsimi rayon Polis idarəsində saxlanılan bir ədəd qara, bir ədəd ağ rəng olmaqla 02 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Ağa-Zəki qızına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 ay 06 gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə 04 (dörd) ay, 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 05 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,028 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, Nəsimi rayon Polis idarəsində saxlanılan bir ədəd qara, bir ədəd ağ rəng olmaqla 02 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədiqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Ağa-Zəki qızına təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-552/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-552/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver