Məhkəmə qərarları › İş №1(101)-553/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-553/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-553/2023 14.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2019-cu il təvəllüdlü azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmkir küçəsi, ev 24-də qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri seçimlmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs tərəfindən, sonuncudan 150 manat müqabilində satış məqsədi ilə qanununsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Abidə” adlanan yerin qarşısında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada saat 12:10 radələrində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən göy rəngli «Sobranie» siqaret qutusunun içərisində olan şəffaf sellofana bükülmüş halda 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qr., 0,441 qr., 0,458 qr., 0,453 qr., 0,448 qr., 0,449 qr., 0,431 qr., 0,456 qr., 0,452 qr., 0,481 qr., 0,457 qr., 0,451 qr., 0,451 qr., 0,431 qr., 0,452 qr., 0,399 qr., 0,437 qr., kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən külli miqdarda ümumi təmiz çəkisi 7,532 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayır, ailəlidir və bir az yaşlı övladı vardır. Təxminən 3-4 il olar ki, narkotik vasitə olan heroindən istifadə edib. Narkotik vasitəni hər dəfə Bakı şəhəri Papanin adlanan ərazidən tanımadığı şəxsdən alırdı, sonuncu dəfə də xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Papanin adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 150 manata heroin alaraq üzərində saxlamışdır ki, istifadə etsin. O həmin pula bir aylıq tələbatı olan 17 büküm heroin əldə etmişdir. Narkotik vasitəni istifadəsi üçün, satış məqsədi olmadan almışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəs, Ordubadi küçəsi, Abidə adlanan yerin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Orada təhqiqatçı onun üzərinə baxış keçirmişdir. Üzərindən yəni, qara rəngli idman şalvarının sağ yan cibindən “Sobranie” siqaret qutusunun içərisində olan 17 ədəd sellofan bükümü özü masanın üzərinə qoymuş və təhqiqatçının sualına cavab olaraq həmin bükümlərdə heroin olmasını, heroini şəxsi istifadəsi üçün 150 manata aldığını bildirmişdir. Ona xx.xx.2022-ci il tarixli protokol elan edildi, həmin protokolda qeyd olunmuşdur ki, müdafiəçisi X5 şəxsi axtarışda onun istəyi ilə iştirak etməmişdir. Həmin protokolu o imzalamış və imza onun özünə məxsusdur. Digər prosessual hərəkətlərdə vəkili iştirak etmiş, cinayət işinin materialları ilə vəkili ilə birlikdə tanış olmuşdur. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zor və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə ona məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmkir küçəsi, ev 24-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirir. Bu məlumatla bağlı rəhbərliyə raport yazmış, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, o və sahə rəisi Şahid2 ibarət məlumat əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə günorta radələrində o və Şahid2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi,1941-1945-ci illərdə olmuş Vətən müharibəsinə aid olan abidənin yanındakı parkda Təqsirləndirilən şəxs saxlayaraq 6-cı PB-nə aparmışlar. Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısına təhvil verib sonra Kamranın üzərinə baxışda iştirak etmişlər. PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edildi və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları masa üzərinə qoymasını təklif etmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd mobil telefon və göy rəngli «Sobranie» siqaret qutusunun içərisində olan 17 ədəd şəffaf sellofan bükülmlərini təqdim etdi. Həmin bükümlərdə heroin olmasını bildirən Təqsirləndirilən şəxs demişdir ki, 28 avqust 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 150 manata öz istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. 17 ədəd bükümlər sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 175» saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı müvafiq protokol tərtib olunaraq hamı tərəfindən imzalarla təsdiq edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, Təqsirləndirilən şəxs saxlayan zaman və üzərinə şəxsi axtarış və götürülmə aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs saxlanılmasında qrupun üzvü kimi iştirak etmişdir. Kamranı sahədə yaşayan sakin kimi tanımış, Kamranın barəsində ona şikayət və narazılıq daxil olmamış, Kamranını atası taksi sürücüsü olmaqla yaxşı adamdır. Kamranı subay kişi kimi tanımış, onun bir azyaşlı uşağı olmasından xəbəri olmamışdır. Kamran saxlanılan zaman müqavimət göstərməmiş, bölmədə təhqiqatçının təklifi əsasında siqaret qutusundan çox sayda bükümləri təqdim edərək içərisində heroin olduğunu bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə və tərtib olunmuş baxış protokoluna bütün iştirakçılar imzalarını qoymuşlar. Baxış v ideoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən ounur ki, həmin tarixdə «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərar qəbul edidmiş, əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəi qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Abidə” adlanan yerin qarşısında saat 11:00 radələrində saxlanılaraq Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “şübəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinərək həmin tarixdə saat 12:05 radələrində müdafiəçisinin iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştırakının olmamasına etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə videoçəkilişlə keçirilmiş, Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş əşya və sənədləri təqdim etməsi təklif edildikdən sonra , o əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən göy rəngli “Sobranie” siqaret qutusunun içərisində olan 17 ədəd şəffaf sellofana bükülmüş olan bükümləri və 01 ədə “Samsung A 31” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı həmin bükümlərin heroin olduğunu və bükümləri xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 150 manata aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4614 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zəfrlər üçün № 175” möhür əksi, Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübut…» və s. sözlər, imzalar olan zəfrdəki 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri– 0,385 qram; 0,441 qram; 0,458 qram; 0,453 qram; 0,448 qram; 0,449 qram; 0,431 qram; 0,456 qram; 0,452 qram; 0,481 qram; 0,457; 0,451 qram; 0,451 qram; 0,431 qram; 0,452 qram; 0,399 qram; 0,437 qram ümumi təmiz çəkiləri 7,532 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 17 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə : Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5105 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən “Samsung A 31” markalı mobil telefon işlək vəziyyətdədir, üzərində heç bir mobil operatorlara məxsus sim kart aşkar edilməmiş və iş üçün sübut əhəmiyyəti ola biləcək məlumat yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin rəisinə ünvanlanan 062-20722-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroini satmış şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəisində 2019-cu il təvvəlüdlü azyaşlı uşağı vardır. Məhkəmədə tədqiq olunmuş «cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və gəlinmiş nəticəyə dair» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 7,362 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin MSK-na təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkarlanmış “Samsung A 31” markalı mobil telefon atası Əjdər Mirzəyevə qaytarılmışır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitə olan heroinin təmiz çəkisi 7,532 qram olmaqla istehlak miqdarından çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların müvəqqəti saxlama kamerasına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq qalan 7,362 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkarlanmış “Samsung A 31” markalı mobil telefonun atası Mirzəyev Əjdərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki üz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların müvəqqəti saxlama kamerasına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq qalan 7,362 qram narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkarlanmış “Samsung A 31” markalı mobil telefonun atası Əjdər Mirzəyevə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki üz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar