Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-553/2024 31.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə 16 avqust 1993-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmamış, orta təhsilli, evli (himayəsində 2 azyaşlı uşağı olan), Mingəçevir şəhəri, X8 küçəsi, ev 22, mənzil 11 ünvanda qeydiyyatda olan, ünvan 2yan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq, saxlamışdır. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti müəyyən edilməmiş «Baba» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb, internet sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayıb məlum olmayan vaxt və şəraitdə «Baba» adlı şəxsin ona göndərdiyi külli miqdarda, yəni təmiz çəkisi 56,151 qram narkotik vasitə heroini satış məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində götürüb əldə etməklə daşıyıb üzərində saxlamış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 01:10-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ- nin inzibati binasına aparılmış, orada xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsiııin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 56,151 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gödəkçənin sol iç cibindən üzərində heroinin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qeyri-rəsmi nigahda olduğu Şahid6 və dostu Əli ilə evdə olan zaman Ayşən pəncərədən kiminsə evə baxdığını görmüşdür. Əli çölə çıxıb getmək istədikdə 7-8 nəfər polis əməkdaşı onun qolundan tutaraq evə girmişlər. Evə baxış keçirsələr də qanunsuz heç nə aşkar etməmişlər. Polis əməkdaşları onu və Əlini döymüşlər. O heç vaxt narkotik vasitə istifadə etməmiş, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. O saxlanılan zaman bacısı Şahid4 zəng vurub tutulmağı barədə demiş və WhatsApp mobil tətbiqi vasitəsi ilə evin ünvanının lokasiyasını göndərmişdir. Bacısı Aynurə onun yaşadığı evi tanımadığı üçün polis əməkdaşlarından biri Aynurəni qarşılamışdır. Bacısına ünvanı göndərməyinin vaxtı (22:41) telefonunda da görünür. Polis əməkdaşları bacısından 20.000 ABŞ dolları istəmiş, pul tapması üçün 1 saat vaxt vermişlər. Aynurə oradan getmiş, onlar isə evdə gözləmişlər. Onun telefonu vasitəsi ilə bacısıyla əlaqə saxlamışlar, Aynurə də pul tapa bilmədiyini demişdir. 1 saat gözlədikdən sonra polis əməkdaşları onu bölməyə aparmışlar. Sonradan Ayşən və Əlini buraxmışlar, onu isə 4-cü polis bölməsinə aparmışlar. 4-cü polis bölməsi qəbul etmədiyi üçün 6-cı bölməyə aparmışlar. Hadisə gecə saatlarında olmuşdur. Onu küçədə tutmamışlar, cibində tərəzi olmamışdır, əvvəllər avto qəzaya düşdüyü üçün nəfəs borusundan və ağ ciyərindən zədə almış, bu səbəbdən alkoqollu içki və narkotik vasitə istifadə etmək sağlamlığı üçün ciddi təhlükəlidir. Polis əməkdaşları gecə vaxtı saat təxminən 23 radələrində evə gəlmişlər. Polis əməkdaşları özlərini Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmiş, ona Zeynal deyə müraciət etmiş, o da Zeynalın kim olduğunu soruşmuşdur. O moykada işlədiyi zaman Zeynal yanına gəlib-gedən şəxs olmuşdur, evdə olan zaman polis əməkdaşları: “Zeynalı buraxın getsin”,- sözlərini demişlər, sonradan bilmişdir ki, Zeynal həmin zaman çöldə polis əməkdaşlarının maşınında olmuşdur, 6-cı polis bölməsində olarkən müdafiəçi də ora gəlmişdir. Videoçəkiliş aparılmamışdan əvvəl polis əməkdaşları elektron tərəzi gətirərək cibinə qoymuş, bunu vəkil də görmüşdür. Polis əməkdaşları tərəzini cibinə qoymamışdan əvvəl yumruqla onu sinəsindən, qabırğalarından vuraraq fiziki təzyiqlər etmişlər. Evdə olarkən onu döymələrinə baxmayaraq heçnəyə razılıq verməmiş, bölmədə isə artıq polis əməkdaşlarının tələbi ilə razılaşmış, videoçəkiliş zamanı narkotik vasitələrin və elektron tərəzinin guya ona məxsus olmasını etiraf etmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 01:10 radələrində ünvan 6 ünvanın yaxınlığında piyada hərəkət edən zaman, iki nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmişlər. Polis əməkdaşları onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra, onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Şöbədə olduğu zaman, hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, hüquq və vəzifələri ona izah olunmuşdur. Müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı barədə sual verilmiş və olduğu halda həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra o, əynindəki qara rəngli qış gödəkcənin sol iç cibindən bir ədəd elektron tərəzini, sağ yan cibindən bir bükümdə heroini, iki bükümdə metamfetaminə bənzər maddəni, əynindəki boz rəngli şalvarının sağ yan cibindən yaşadığı evin açarını, sol yan cibindən bir ədəd «Redmi» markalı mobil telefonunu təqdim edərək, masanın üzərinə qoymuşdur, narkotik vasitə, psixotrop maddə və elektron tərəzi bir ədəd zərəfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən «Baba” adlı şəxsin vasitəsilə əldə etmiş, bir hissəsini öz istifadəsi üçün, qalan hissəsini isə deyiləcək yerlərə qoymaq məqsədi ilə üzərində saxlamışdır. (cild 1, iş vərəqi 59-61) Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 Hifayət oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuş, dərhal həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamışlar, Zeynal adlı şəxsin də kim olduğunu bilmirlər. Təqsirləndirilən şəxs bacisini tanımır, ona zəng etməmiş, ümumiyyətlə nömrəsini bilmirlər. Orxanla və yaxud onun bacısı ilə pul barədə söhbətləri olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu ərazisində küçədə saxlamış, polis bölməsinə aparmışlar, üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, həmin şəxsi axtarışda o, digər polis əməkdaşı və müdafiəçi də iştirak etmişdir, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər maddələr və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Şahid1 Hifayət oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu zaman xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri, X7 küçəsi ev 22, mənzil 11-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Aslanov küçəsi, döngə 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə idarənin rəhbərliyinə qərarla müraciət edilib tədbirlərin keçirilməsinə icazə alaraq, DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş mötəbər məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 01:10 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz əldə etmə, satma, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirərək, birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə getməsini təklif etmiş və həmin şəxs etiraz etmyəib onlarla birlikdə şöbəyə getmişdir. Təqsirləndirilən şəxs yol boyu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Şöbədə bu barədə rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevə həvalə olunmuşdur. Şöbənin inzibati binasında yerləşən otaqların birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən ona hüquq vəzifələri izah olunmuş, üzərində qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən üç ədəd bükümü, həmin gödəkçənin sol iç cibindən bir ədəd gümüşü rəngli elektron tərəzini və əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirilməsi barədə sual verilərkən, sonuncu üzərindən aşkar olunmuş bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan «Baba» adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan 3-4 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürdüyünü və narkotik tərkibli maddələrin istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilən zaman, içərisindən 01 ədəd bükümdə heroinə bənzər, 02 ədəd bükümdə metamfetaminə bənzər kütlələr və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, həmin protokol uca səslə oxunulmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 84-85). Məhkəmədə şahid qismində dindirilmiş və ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunaraq tədqiq edilmiş Şahid3 və Şahid2 Şahid1 Hifayət oğlunun ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. 06 mart 2023-cü il tarixdə Orxan ona WhatsApp mobil tətbiqi vasitəsi ilə zəng edərək polislər tərəfindən tutulduğunu, kirayədə yaşadığı evdə olduğunu bildirmiş və oraya gəlməsini xahiş etmişdir; o, həmin evin ünvanı tanımadığından Orxan ona evin ünvanının lokasiyasını göndərmişdir. O həmin ünvana yollanmış və orada polis əməkdaşı onu qarşılamışdır. Evə daxil olduqda evdə polis əməkdaşlarının olduğunu, Orxanın üst başının dağınıq olduğunu, döyülmüş halda əlində qandallı olduğunu görmüşdür. Polis əməkdaşları Orxanın narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirirək tutduqlarını bildirmişlər, o, şok vəziyyətinə düşmüş, polis əməkdaşları ondan Orxanın buraxılması müqabilində pul tələb etmişlər, polis əməkdaşları onunla verilməli məbləğdə razılaşmağa çalışmış və pulu tapmaq üçün ona 30 dəqiqə vaxt vermişlər; O, nə qədər vaxt verilməsindən asılı olmayaraq dedikləri məbləğdə pulu tapmağa imkanının olmayacağını bildirmiş və evdən çıxıb getmiş, bundan sonra polis əməkdaşları 6-7 dəfə ona zəng etmişlər, o isə zənglərə cavab verməmişdir. O, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən heç bir orqana şikayət etməmişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 06 mart 2023-cü il tarixdə qeyri-rəsmi nikah münasibətlərində olduğu Təqsirləndirilən şəxs və sonuncunun dostu Əli adlı şəxslə kirayə yaşadıqları evdə olmuşlar, özünü pis hiss etdiyindən yataq otağında uzanmışdır. Birdən gözünə pəncərədən bir adamın evin içinə baxdığı görünmüş, halı yaxşı olmadığı üçün sanki gözünə göründüyünü zənn etmişdir. Bir az keçdikdən sonra Orxangilin olduğu otaqdan səs-küy gəlmiş, o əvvəlcə Orxanla dostu Əlinin zarafatlaşdıqlrını düşünmüş, sonra Əlinin və Orxanın əli qandallı şəkildə polis əməkdaşları tərəfindən otağa gətirildiklərinin görmüşdür. Polis əməkdaşları Orxanı yataqda otuzduraraq döyməyə başlamış, narkotik vasitənin harada olduğunu soruşmuşlar, kvi axtarmağa başlamışlar, lakin heç nə tapa bilməmişlər, daha sonra Orxanı, Əlini və onu hər birini ayrı-ayrılıqda otaqlara apararaq Orxanı və Əlini döyməyə başlamışlar, daha sonra Orxanla danışaraq Orxanın bacısının gəlməsini istəmişlər, Orxanın bacısı Şahid4 oraya gəlmiş, bir nəfər polis əməkdaşı ilə evə daxil olmuşdur. Polis əməkdaşları Orxan və Aynurəni eyni otağa salmış və söhbət etməyə başlamışlar, lakin nə danışdıqlarını eşitməmişdir. Daha sonra Şahid4 oradan getmiş və polis əməkdaşlarının danışıqlarından başa düşmüşdür ki, 1 saatdan da artıq müddət Aynurənin pulu gətirməsini gözləmişlər. Lakin Aynurə gəlməmiş onlar da Orxanı polis bölməsinə aparmışlar. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə eyni məhlədə yaşayır. 06 mart 2023-cü il tarixdə evdən çıxarkən bir nəfər şəxsin onu görüb gizləndiyini görmüş, həmin şəxsin Orxan olduğunu düşünmüş, daha sonra Orxanın həyat yoldaşı kimi tanıdığı Şahid6 ağlayaağlaya onlara gəlmiş və polis əməkdaşlarının Orxanı tutduğunu bildirmişdir. Həmin vaxt onu görüb gizlənən şəxsin polis əməkdaşları olduğunu başa düşmüşdür. Şahid6 polis əməkdaşlarının evə daxil olduqlarını, axtarış apardıqlarını, heç nə tapmadıqlarını, Orxanı döydüklərini bildirmişdir. Heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsinin və yaxud satmasının şahidi olmamışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs dostudur. Hadisədən bir neçə gün əvvəl maşını Orxanda olmuşdur. 06 mart 2023-cü il tarixdə Orxan zəng edərək maşını götürməsi üçün onu evə dəvət etmişdir. O Orxangilə gəlmiş, oturub çay içdikdən 30-40 dəqiqə sonra getmək üçün qapıya yaxınlaşmış, qapıdan çölə çıxmaq istəyərkən polis əməkdaşları qolundan tutmuş, sinəsinə təpiklə vuraraq evin içərisinə salmışlar, onu döyə-döyə Orxanla birlikdə yaşayan Şahid6 ilə eyni otağa salmışlar, Orxanı isə yandakı otağa salmışlar. Polis əməkdaşları onun əlini qandallayaraq döymüş, narkotik vasitənin yerini soruşmuşlar. O isə evdə narkotik vasitə görmədiyini, həmin evdə yaşamadığını, sadəcə Orxanla dost olduqlarını və avtomobili götürmək üçün ora gəldiyini bildirmişdir. Polis əməkdaşları onu bir müddət döydükdən sonra Orxanın yanına aparmış və Orxan da dost olduqlarını təsdiqləmişdir. O, polis əməkdaşlarına Qarabağ qazisi olduğunu, ayağında mil olduğunu bildirmiş, vəsiqəsini, medallarını göstərmişdir. Daha sonra polis əməkdaşları kiməsə zəng vuraraq bu haqda məlumat almışlar və onu buraxmışlar. Evdə olarkən polis əməkdaşları axtarış aparmış, lakin evdən heç nə tapmamışlar. O, avtomobilinə əyləşib çıxıb gedərkən Orxanın bacısı Aynurənin gəldiyini görmüşdür. O, baş verənlərlə bağlı heç bir orqana şikayət etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, şübhəli şəxsin tutulması haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 21). Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 73-78). Şəxsi axtarış və götürmə aparılması haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 4-cii PŞ-də qeydə alınaraq, DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri - polis kapitanı Şahid1, polis mayoru Şahid2 və polis mayoru Şahid3 iştirakı ilə, həmin idarənin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən üç ədəd bükümü, həmin gödəkçənin sol iç cibindən bir ədəd gümüşü rəngli elektron tərəzini və əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərsinə baxış keçirilmiş, təhqiqatçı lərəifndən həmin bükümlər və tərəzi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür (cild 1, iş vərəqi 30-33). Məhkəmə-kimyəvi ekspertizası üzrə 07 mart 2023-cü il tarixli 6/1378 saylı ekspert rəyindən görünür ki, AR DİN «Zərflər üçün №7» möhür əksi və «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...» və s. yazılar, imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 56,151 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,707 qram, 2,245 qram, ümumi təmiz çəkiləri 6,952 qram ağ rəngli, kristal şəkilli maddə kütlələri limon turşusudur, 01 ədəd elektron tərəzinin üzərində heroinin izləi müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı (cild 1, iş vərəqi 37-41). Məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 2555 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kanıabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 101- 102). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 83). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. İlkin izahat və ifadələrində, o cümlədən 07 mart 2023-cü il tarixdə üzərinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələrin və 01 ədəd elektron tərəzinin özünə məxsus olmasını etiraf etmiş; şəxsi axtarış keçirilməsi barədə 07 mart 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:10-da ünvan 3 ünvanının yaxınlığında saxladıqlarını, sonuncunu saxlayarkən yalnız 3 nəfər polis əməkdaşı olmalarını, Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamaları və orada axtarış aparılmadığını, Təqsirləndirilən şəxs birgə yaşadığı və qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Şahid6 və dostu Əlirza Məmmədovu tanımadıqlarını və Təqsirləndirilən şəxs saxlayarkən həmin şəxslərin orada olmadıqlarını, Təqsirləndirilən şəxs bacısını tanımadıqlarını, ona zəng etmədiklərini, hadisə günü bacısı Şahid4 gəlmədiyini, Orxanla və yaxud onun bacısı ilə hər hansı pul barədə söhbətlərinin olmadıqlarını, Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Müdafiə tərəfi Təqsirləndirilən şəxs 7-8 nəfər polis əməkdaşı tərəfindən 06 mart 2023-cü il tarixdə saxlanılması, polis əməkdaşı tərəfindən yaşadığı mənzilə baxış keçirilməsi, evindən qanunsuz heç nə aşkarlanmaması, polis əməkdaşları tərəfindən yaşadığı evdə və polis bölməsində olarkən döyülməsi, polis əməkdaşları tərəfindən evdə saxlanılarkən bacısı Şahid4 Təqsirləndirilən şəxs xahişi ilə sonuncunun WhatsApp tətbiqi vasitəsi ilə göndərdiyi lokasiya vasitəsi ilə ora gəlməsi, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs buraxılması müqabilində Şahid4 pul tələb etmələrinə dair iddialarını sübut etmək üçün Şahid4 mobil telefonundan çıxarılmış və Təqsirləndirilən şəxs ilə Şahid4 aralarında olan yazışmalar əks olunan çıxarış təqdim etmişlər. Həmin çıxarışdan görünür ki, Şahid4 mobil telefonunda olan WhatsApp tətbiqinə Orxan adı ilə qeyd edilmiş şəxs (Təqsirləndirilən şəxs nəzərdə tutulur) tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxlanıldığını iddia etdiyi vaxtda, gecə saat 22:52də lokasiya məlumatı göndərilmiş, həmin mesaja cavab olaraq isə saat 23:09-da Şahid4 tərəfindən “yoldayam” məzmunlu mesaj göndərilmişdir. 07 mart tarixində saat 00:23, 00:24, 00:33, 00:50-da Orxan tərəfindən 4 dəfə zəng edilmiş lakin zənglərə cavab verilməmişdir. Beləliklə məhkəmə, ittiham və müdafiə tərəfinin təqdim etdiyi sübutları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar işin faktiki hallarına daha uyğundur. Məhkəmə bir halı da qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həmin cinayət əməlini törətməklə ittiham irəli sürülmüşdür. Cinayət işinin materialları ilə və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq saxlaması cinayət əməli tam təsdiqini tapmış, lakin həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi öz təsdiqini tapmamışdır və Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlləri ümumi ittihamdan xaric edilməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən, cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirliklə nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Baba” ləqəbli şəxs əməliyyat-axtarışları tədbirləri nəticəsində aşkarlanmamamış, həmin şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. “Baba” ləqəbli şəxsin soyadı, adı və ya atasının adı, sair anket məlumatları barədə məlumat göstərilmədən, qabaqcadan əlbirlik dəqiq müəyyən edilmədən Təqsirləndirilən şəxs məlum olmayan “Baba” ləqəbli şəxslə qabaqcadan əlbirliklə bağlı ittiham irəli sürülmüşdür; məhkəmə hesab edir ki, ittiham həmin hissədə əsaslı deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməli, ona irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsində nəzərdə tutulmuş əməl çıxarılmalıdır. Qeyd olunanlar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq saxlamışdır. Beləliklə, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və şəraitdə sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı şəxsiyyəti müəyyən edilməmiş - özünü Baba» adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin ona göndərdiyi külli miqdarda, yəni təmiz çəkisi 56,151 qram narkotik vasitə heroini satış məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində götürüb əldə etməklə daşıyıb üzərində saxlamış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 01:10-da ünvan 7 ünvanın yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti-191 ünvanda yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına aparılmış, xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 56,151 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gödəkçənin sol iç cibindən üzərində heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir; onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 56,151 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağıın olması onun cəzasını yüngülləşdirlən hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 07 mart 2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və dərhal məhkəmə iclas zalından həbs edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 07 mart 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi eskpertizası üzrə 07 mart 2023-cü il tarixli 6/1378 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan 56,151 qram heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 56,051 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və gütürmə aparılması zamanı çəkilmiş videogörüntünün köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİnin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 56,051 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarış və gütürmə aparılması zamanı çəkilmiş videogörüntünün köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-553/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-553/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver