Məhkəmə qərarları › İş №1(101)-554/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-554/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-554/2022 21.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X2 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Azərbaycan Respublikası ƏN PX Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroin əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9,327 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 27 avqust 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:45-də qeyd edilən ünvanın qarşısında saxlanılaräq Baş İdarənin inzibati binasına gətirilmiş, orada saat 15:01-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli uzun qol köynəyin sol döş cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı üç ədəd sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,210 qr., 3,011 qr., 3,106 qr., ümumi təmiz çəkisi 9,327 qr. olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş itthamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitlərin istifadəçisi olmuş, əvvəllər də narkotik vasitə istifadə etdiyinə görə dörd dəfə məhkum olunmuşdur. Polis işçiləri onu saxlayarkən üzərində olan narkotik vasitəni bir gün əvvəl öz istifadəsi üçün tanımadığı şəxsdən almış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadələri məhkəmədə elan olunmuşdur. O, həmin ifadələrində göstərmişdir ki, tutulmamışdan bir gün əvvəl yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsində axşam saatlarında üzdən tanıdığı adının "Kazım" olduğunu bildiyi şəxsdən öz istifadəsi üçün 70 manat pul verib üç bükümdə narkotik vasitə heroin almış və üzərində saxlamışdır. 27 avqust 2021-ci il tarixdə o, yaşadığı ünvan 4 ünvanın qarşısında olan zaman ona mülki geyimdə şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onu həmin idarənin inzibati binasına dəvət etmişlər. O etiraz etməmiş və onlar deyilən idarəyə çatanda ona tərcüməçi təqdim edilmiş, dövlət hesabına vəkillə təmin olunmuşdur. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkil ilə tərcüməçinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt masaya yaxınlaşıb üzərində olan bütün əşyaları, konkret olaraq isə əynində olan köynəyin ciblərindən özünə məxsus olan nağd pulu və üç ədəd bükümdə olan yuxarıda qeyd etdiyi kimi bir gün əvvəl 70 manata aldığı "kokos" kimi tanınan heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərində başqa heç bir əlavə maddə və predmet olmamışdır. Üzərində olan nağd pul vəsaiti araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra təqdim etdiyi üç ədəd sellofan bükümlərə baxış keçirilmişdir. Aşkarlanmış maddələr ekspertiza tədqiqatı üçün götürülüb qablaşdırılmış, onlar da həmin zərfi imzalamışlar. Həmin maddə barədə sorğu edilərkən o, aşkar edilmiş maddənin "kokos" kimi tanıdığı heroin olduğunu və bir gün əvvəl pul müqabilində şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışdırlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsini müstəntiq yazmış, həmin vaxt narkotik vasitənin təsiri altında olduğu üçün ifadəni oxumadan imzalamışdır, həmin vaxt nə ifadə verdiyini xatırlamır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, o, halhazırda Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 27 avqust 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə daxil olmuş məlumatda xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması, daşıması və satışı ilə məşğul olması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmişdir. Həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi Şahid3 həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə həmin şöbənin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və o təyin edilmişlər. 27 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 12:45-də ünvan 6 ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs piyada olaraq keçən zaman saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə onu sorğu etmişlər və o, özünü təqdim edərək bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yerində şəxsi axtarış keçirmək şərait olmadığından o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən saxlanılmış şəxsə dövlət hesabına vəkil və tərcüməçi dəvət edilərək ona təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 27 avqust 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə onun üzərinə yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli uzun qol köynəyin sol döş cibindən üç ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan əlavə, cibində olan nağd pulu da çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə heroinə oxşar kütlələrin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, qeyd edilən maddələri bir gün əvvəl Suraxanı rayonu, Əmircan qəsəbəsində adını "Kazım" kimi tanıdığı şəxsdən 70 manat pul ödəməklə öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümlər götürülərək zərfdə qablaşdırılmış, aşkar edilmiş nağd pul isə özünə geri qaytarılmışdır. Götürülmüş zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 27 avqust 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Nərimanov rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 28 avqust 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri rayon Suraxanı rayon məhkəməsinin 24 avqust 2016-cı il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-c maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 09 aprel 2016-cı il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs 09 yanvar 2019-cu il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 28 avqust 2021-ci il tarixdə tərtib edilmiş protokolda göstərilmişdir ki, 27 avqust 2021-ci il tarixdə saat 12:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi ev 14 ünvanının yaxınlığında saxlanılaraq adı çəkilən İdarəyə dəvət edilmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin və tərcüməçisinin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin XMİÜ baş təhqiqatçısı polis mayoru Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs üzərində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli uzun qol köynəyinin sol döş cibində olan 03 ədəd sellofan bükümü və köynəyinin sağ döş cibində olan 3 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümün içində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni 26 avqust 2021-ci il tarixdə axşam vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində adını və digər anket məlumatlarını dəqiq bilmədiyi "Kazım" adlı şəxsdən öz şəxsi istifadəsi üçün ümumilikdə 70 manat pul müqabilində aldığını və narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 3 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə videoçəkilişə qeydə alınaraq 1 ədəd CD disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə kimyəvi ekspertizasının 28.08.2021-ci il tarixli 6/3739 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 6 nömrəli möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazıları, imzalar olan kağız paketdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,210 qram, 3,011 qram, 3,106 qram, ümumilikdə təmiz çəkisi 9,327 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə narkoloji ekspertizasının 12.11.2021-ci il tarixli 4443 saylı rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN və psixiatrik maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə psixiatrik ekspertizasının 12.11.2021-ci il tarixli 2665 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,210 qram, 3,011 qram və 3,106 qram, ümumi təmiz çəkisi 9,327 qram olan narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq hissəsi, yəni 9,237 qram olan narkotik vasitə heroin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru Elxan Tağızadənin 30.08.2021-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,210 qram, 3,011 qram və 3,106 qram, ümumi təmiz çəkisi 9,327 qram olan narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq hissəsi, yəni 9,237 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 27 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 109,90 manat (yüz doqquz manat doxsan qəpiq) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 06 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,210 qram, 3,011 qram və 3,106 qram, ümumi təmiz çəkisi 9,327 qram olan narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq hissəsi, yəni 9,237 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 109,90 manat (yüz doqquz manat doxsan qəpiq) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar