Məhkəmə qərarları › İş №1(101)-556/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-556/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-556/2021 22.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1975-ci il tarixdə Şamaxı rayonunun Şərədil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıma və satma barədə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrisi külli miqdarda - 970 qram narkotik vasitə heroini ünvan 2 ünvanda yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının yaxınlığında gizlədərək saxlamış, qrupun digər üzvü Təqsirləndirilən şəxs isə naməlum vaxtda və şəraitdə həmin yerdən qeyd edilən narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Bakı-Quba şossesinin 23-cü kilometrinə daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 30 may 2020-ci il tarixdə saat 04:30-da Saray qəsəbəsi ərazisində, Bakı-Quba şossesinin 23cü kilometrində saxlanılaraq həmin Baş İdarəyə dəvət edilmiş və qeyd olunan tarixdə saat 05:45 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı onun əlində olan 01 ədəd polietilen bağlamada satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda - 970 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, hər şey İranlı kimi tanıdığı Vaqif adlı şəxsin ucbatından baş vermişdir. Belə ki, o taksi fəaliyyəti ilə məşğul olmuş və bir dəfə dəqiq xatırlamadığı tarixdə müştərini Biləsuvara apardığı zaman İran sərhədini keçməli olmuşdur. İrandan bir xeyli şirniyyat almış, əslən İranlı olan Vaqifi də orada mağaza işçisi kimi tanımışdır. Vaqif ona İrandan nə lazım olsa Azərbaycana göndərə biləcəyini bildirdiyi üçün o, sonuncunun telefon nömrəsini götürmüş, həmçinin öz telefon nömrəsini ona vermişdir. Bununla da aralarında yaxşı münasibət yaranmışdır. İlk tanış olduqları vaxtdan təxminən beş-altı ay sonra Vaqif ona zəng edərək metronun “20 Yanvar” stansiyası tərəfdə mallarının olduğunu bildirmiş və ondan həmin malları “AzTelecom”un yanından götürüb özündə saxlamasını xahiş etmişdir. Malların qoyulduğu yerin fotoşəklini də Vaqif ona «WhatsApp» proqramı vasitəsilə göndərmişdir. Ümumiyyətlə, Vaqiflə əsasən «WhatsApp» proqramı vasitəsilə əlaqə saxlamışdır. Amma həmin vaxt Vaqif az sonra zəng edərək malları götürmək üçün başqa bir adam göndərəcəyini bildirmişdir. Lakin o, malları götürən ərəfədə, Vaqif ona dediyi adamın gec gələcəyini deyərək malları götürüb bir müddət özündə saxlamasını xahiş etmiş və bunun müqabilində ona 300 manat pul verəcəyinə söz vermişdir. Vaqifin tapşırığı ilə həmin yerə gedib malı götürmək istəməkdə də məqsədi bu 300 manatı qazanmaq olmuşdur. Vaqifin içində mal olan sumkanı qoydurduğu yeri ona göndərilmiş şəkil əsasında tapmışdır. Həmin şəkildə hazırda dəqiq nömrəsini xatırlamadığı və yolun kənarında saxlanmış təsadüfi bir avtomaşının şəkli də düşmüşdür. Həmin yeri tapsa da, mal qoyulmuş sumkanı görməmişdir. Ətrafına nəzər yetirdikdə bir qədər şübhəyə düşmüş və izlənilə biləcəyindən qorxmuş, həm də ətrafda olan tanımadığı şəxslərin ola bilsin ki, artıq onu izlədiklərini düşünmüşdür. Ona görə də təhlükəni başa düşərək daha malları axtarmamış, onları götürməkdən imtina etmək qərarına gəlmiş və avtomobilini “Saray”postu istiqamətində idarə etməyə davam etmişdir. Avtomobili idarə etməzdən öncə isə həmin ərazidən əvvəlcə iki qadın keçmiş, daha sonra isə iki nəfər oğlan gəlmişdir. “Saray”postuna çatanda yol polisi onu saxlayaraq radara düşdüyünü bildirmiş, bir qədər sonra isə yenidən ona yaxınlaşaraq avtomobilin baqajını açmasını tələb etmiş və orada əlavə qurğu quraşdırdığını demişdir. O, avtomobildən düyüb baqaja tərəf gedərkən onu tutmuşlar və ona şəkil göstərərək “bu sumkanı sən götürməli idin, niyə götürmədin?!” deyə soruşmuşlar. Daha sonra buraxılmağı üçün ondan pul istəmişlər, o, heç bir məbləğdə pul verməyəcəyini bildirdikdə onun əlinə qandal vuraraq üzərində olan 400 manat pulu götürmüşlər və evinə baxış keçirmək üçün onu evə gətirmişlər. Həmin vaxt evdə təmir işləri getdiyinə görə evin qapısı bağlı olmuşdur. Ona görə o, öz oğluna zəng edərək evini açarını gətirməsini bildirmişdir. Oğlu açarı gətirdikdən sonra evə girmişlər, lakin evdən heç bir qanunsuz əşya aşkar edə bilməyərək onun xarici pasportunu və evin kamerasının yaddaş kartını götürmüşlər. Bundan sonra onu qayınanasıgilin evinə gətirərək həmin evə də baxış keçirmişlər, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edə bilməmişlər. Bundan sonra onu döyərək onların dedikləri sözləri təkrar etməyini tələb etmişlər, yalnız bu halda onu buraxacaqlarını bildirmişlər. O da məcbur olaraq onların dedikləri kimi etmişdir. Onunla iranlı Vaqif arasında heç vaxt narkotik vasitələrlə bağlı aşkar bir söhbət olmamış, o, Vaqifin ondan götürməsini xahiş etdiyi malın narkotik vasitə olduğunu dəqiq bilməmiş, özü heç vaxt narkotik vasitə istifadə etməmişdir. Ona görə də məhkəmədən bütün bu halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, xeyli müddətdir ki, heç bir yerdə işləmir, narkotik vasitə qəbul etmir. O, etibarnamə əsasında **-RP-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobili idarə etmiş, vaxtaşırı olaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 5 ay əvvəl İran İslam Respublikasına getmiş, orada təsadüfən həmin ölkənin vətəndaşı Vaqif adlı şəxslə tanış olmuş, bir-birilərinin mobil telefon nömrələrini götürmüşlər. O, Azərbaycana qayıtdıqdan sonra “Whatsapp” vasitəsi ilə Vaqiflə əlaqə saxlamışdır. Vaqif ona bir neçə dəfə Bakı şəhəri ərazisində müxtəlif ünvanlara narkotik maddə daşımağını, bunun əvəzində ona pul verməyi təklif etmişdir. O, Vaqifdən nə məsələ olduğunu, narkotik vasitəni haradan götürəcəyini soruşduqda sonuncu “narahat olma narkotik vasitə Azərbaycandadır, dediyim yerdən gedib götürəcəksən” deyə bildirmişdir. O, ilkin mərhələdə Vaqiflə razılaşmamış, lakin daha sonra avtomobilin kredit borcunu ödəyə bilmədiyi üçün razılaşmışdır. 29 may 2020-ci il tarixdə Vaqif ona Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə qoyulduğunu, həmin narkotik vasitəni gecə saatlarında götürüb deyəcəyi növbəti ünvana aparmasını, əvəzində ona 300 manat pul verəcəyini bildirmiş, o da razılaşmışdır. O, 30 may 2020-ci il tarixdə təxminən saat 03:30 radələrində Vaqifin dediyi yerdən içində narkotik maddə olduğunu bildiyi sellofan paketi götürmüş və avtomobili ilə Sumqayıt şəhəri istiqamətində yola düşmüşdür. Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən magistral yolun sağ tərəfində telefonla danışmaq üçün avtomobildən düşmüşdür. Həmin vaxt içində narkotik maddə olan sellofan paketi sağ əlində tutmuşdur. Bu zaman sonradan polis əməkdaşları olduqlarını bildiyi mülki geyimli şəxslər onu avtomobilin yanında saxlamışlar. Ona hansı səbəbdən saxlanıldığı izah olunmuş və baş idarəyə dəvət olunmuşdur. Burada üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sağ əlində saxladığı içində narkotik maddə olan sellofandakı bir ədəd bükümü təqdim etmişdir. Həmin büküm içi boş olan zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra “Samsung” markalı mobil telefonu, özünə məxsus olan ümumvətəndaş pasportunu və avtomobilin açarını təqdim etmişdir. Həmin əşyalar iş üzrə əhəmiyyət kəsb etdiyi bildirildikdən sonra götürülmüşdür. Daha sonra onun razılığı ilə avtomobilinə baxış keçirilmişdir. Avtomobilinin ön hissəsindən bir ədəd qeydiyyat şəhadətnaməsi, bir ədəd sürücülük vəsiqəsi və etibarnamə götürülmüşdür. O, narkotik vasitələrdən istifadə etməmişdir. Maddi vəziyyətinin pis olması səbəbindən Vaqif adlı şəxslə razılaşıb narkotik maddələrin dövriyyəsi ilə pul qarşılığında məşğul olmuşdur. İlk dəfə idi ki, bu işlə məşğul olmuşdur. Onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə heç kimin məlumatı olmamışdır (cild 1, iş vərəqə 63- 65, 74-76). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli ilə bağlı məhkəmə istintaqında faktiki qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 Kamran oğlu göstərdi ki, 29 may 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 30 may 2020-ci il tarixdə, saat təxminən 04:30 radələrində Saray qəsəbəsi ərazisində yerləşən Bakı-Quba magistral yolunun 23-cü kilometrində, **- RP-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli “Hyundai” markalı avtomobilin yanında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Həmin avtomobil duracağa yerləşdirildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində tutduğu sellofandakı bir ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdə onun içərisindən açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, “Hyundai” markalı avtomobilə məxsus açarı, şalvarının sağ yan cibindən bir ədəd özünə məxsus ümumvətəndaş pasportunu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən iş üzrə əhəmiyyət kəsb edən başqa əşya və ya predmet aşkar olunmamışdır. İçində heroinə bənzər kütlə olan büküm ağ rəngli zərfə qoyularaq möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı telefon, avtomobil açarı və Təqsirləndirilən şəxs məxsus pasport sonuncuya bu barədə izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, onu təxminən beş ay əvvəl İran İslam Respublikasında tanış olduğu, həmin ölkənin vətəndaşı olan Vaqif adlı şəxsin Yasamal rayonu ərazisində qoydurduğu yerdən əldə etdiyini, həmin bükümü Vaqifin deyəcəyi yerə qoyduqdan sonra sonuncunun ona 300 manat pul verəcəyini, avtomobilinin kreditini vermək üçün narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu, özünün narkotiklərdən istifadə etmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra onun avtomobilinə də baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön hissəsində olan sürətlər qutusunun yanından həmin avtomobilin qeydiyyat şəhadətnaməsi, etibarnamə və Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi aşkar olunmuş və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Avtomobildən iş üzrə əhəmiyyət kəsb edə biləcək başqa əşya və predmet aşkar olunmamışdır. Avtomobilə baxış keçirilən zaman da “videoçəkiliş aparılmışdır. Daha sonra bu barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, videçəkilişin köçürüldüyü bir ədəd DVD disk protokola əlavə olunmuş və iştirakçılar həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İfadəsinə davam edən Şahid2 Kamran oğlu həm də göstərdi ki, faktiki olaraq əslində Təqsirləndirilən şəxs xeyli müddət əvvəldən narkotik vasitələrin satışı ilə məşğul olması barədə kifayət qədər əməliyyat məlumatları mövcud olmuşdur. Təqsirləndirilən şəxs əsas işi Bakı şəhərində müxtəlif yerlərə qoyulmuş külli miqdarda narkotik vasitələri “Whatsapp” vasitəsi ilə əlaqə saxlamaqla iranlıların tapşırığı əsasında ayrı-ayrı yerlərə aparıb çatdırmaqdan ibarət olmuşdur. Tapşırılan yerə çatdırdıqdan sonra isə razılaşmaya uyğun olaraq həmin yerin şəklini çəkib “Whatsapp” proqramı vasitəsilə iranlıya göndərirdi. Bu işi Valeh həm də kifayət qədər peşəkarlıqla görməyə başladığından onun yaxalanması çətinləşmişdir. Ona görə də bütün mümkün tədbirlər ona yönəldilmişdir ki, mümkün olan qədər böyük çəkidə narkotik vasitə ilə cinayət başında yaxalansın. Bu şəxsin hazırda yaxalandığı çəkidən qat-qat artıq çəkidə narkotik vasitələri eyni üsulla götürüb müxtəlif yerlərə çatdırması barədə kifayət qədər etibarlı məlumatlar mövcuddur. Təqsirləndirilən şəxs məhz peşəkarcasına bu işi görməyi bacarması onun daha ağır çəki ilə yaxalanmasına imkan verməmişdir. Həm də keçirilən tədbirlər nəticəsində Təqsirləndirilən şəxs əlbir olduğu və Vaqif kimi bildirilən şəxsin əsl adının Rza olduğu, onun İranın Aslandüz qəsəbəsində yaşadığı, xüsusi xidmət orqanları ilə əlaqəli bir şəxs olması müəyyənləşdirilmişdir. Hazırda qeyd olunan Rza adlı şəxslə bağlı konfidensiallıq baxımından açıqlamaq istəmədiyi çox ciddi əhəmiyyətli məlumatlar əldə olunmuşdur və aidiyyəti qurumlarla bununla bağlı ciddi işlər aparılmaqdadır. Bir məqamı da dəqiqləşdirir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz yaxalandığı ərazidə harayasa qoymaq istəyərkən saxlanıb. Həmin məqamda da telefonla danışıq aparmışdır. Onun məhz külli miqdarda narkotik vasitəni qoyacağı yerlə bağlı o anda danışıq aparması ehtimal edilmişdir. Bunu təsdiq edən bir ciddi məqam da ondan ibarət idi ki, saxlandığı anda Təqsirləndirilən şəxs əlindəki mobil telefon internetə bağlı olduğundan, onun yaxalandığını hiss edən iranlı Valehin telefonunu anındaca kənardan format edilməsinə nail oldu və bununla da telefondakı bütün məlumatlar silindi. Təqsirləndirilən şəxs yol polis əməkdaşları deyil, məhz onlar özləri saxlamışlar. Saxlanılan şəxsin evində heç bir axtarış, baxış aparılmamış, ona qarşı hər hansı qanunsuz təsir, təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3 və Şahid1 Şahid2 Kamran oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Qeyd olunanlarla bərabər Şahid3 həm də bildirdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi “20 Yanvar” dairəsinin ətrafında həmin hadisədən əvvəl keçirilmiş tədbirlər nəticəsində daha 18 kiloqram narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs da bir qayda olaraq məhz bu ərazidən narkotik vasitələri götürüb daşıması barədə etibarlı məlumatlar olmuşdur. Valehin özü, idarə etdiyi avtomaşın barədə qabaqcadan bütün zəruri məlumatlar onlar tərəfindən dəqiqləşdirilmişdir. Əsl adı Rza olan həmin iranlı ilə də bu fəaliyyəti Təqsirləndirilən şəxs peşəkarlıqla görmüş, bu səbəbdən də xeyli müddət yaxalanması mümkün olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 30 may 2020-ci il tarixdə saat 04:30-da Abşeron rayonu Saray qəsəbəsi ərazisində Bakı-Quba magistral yolunun 23-cü kilometrində saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş və həmin gün saat 05:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində tutduğu bir ədəd açıq sarı rəngli sellofanın içərisindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə olunmuş və videçəkilişin köçürüldüyü müvafiq disk protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 30-37). Təqsirləndirilən şəxs ilə şahidlər Şahid3, Şahid1 və Şahid2 Kamran oğlu arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 194-212). Məhkəmə-kimyəvi ekspertizasının 30 may 2020-ci il tarixli, 6/935 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün №7” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” əl yazısı olan kağız paketdəki bir ədəd polietilen bağlamada təmiz çəkisi 970 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 969,9 qram təşkil etmişdir (cild 1, iş vərəqə 44-49). Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 10.06.2020-ci il tarixli 008-2612-1220 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə İran İslam Respublikasının vətəndaşı “Vaqif” adlı şəxs tərəfindən Tbilisi prospektində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasının yaxınlığında qoyulmuş və Təqsirləndirilən şəxs tərəfindən həmin ərazidən götürülmüş, Təqsirləndirilən şəxs əvvəllərdə “Vaqifin” tapşırığı ilə Bakı və Abşeron rayonları ərazisində narkotik vasitələri əvvəlcədən müəyyən olunmuş yerlərdən götürüb və digər yerlərə yerləşdirilməsi göstərilmişdir (cild 1, iş vərəqə 123). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 avqust 2020-ci il tarixli 2313 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 256-258). Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə ibtidai istintaq orqanının 13 noyabr 2020-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 18-19 ). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 156-157). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21.07.2004-cü il və 03.02.2006-cı il təvəllüdlü uşaqları vardır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülərək göstərilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qaçaqmalçılıqla, yəni, Azərbaycan Respublikası Gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmişdir. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan hərəkətlərdən hər hansı birinin törədilməsi, yəni qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etmə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etmə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratma, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etmə və sair bu kimi hərəkətlər müəyyən olunmamışdır. Bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi qeyrisi Təqsirləndirilən şəxs artıq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilmiş, Bakı şəhərində bəlli yerə yerləşdirilmiş külli miqdarda narkotik vasitənin qoyulduğu yer barədə məlumat vermiş və Təqsirləndirilən şəxs məhz bu məlumatı aldıqdan sonra külli miqdarda narkotik vasitəni Bakı şəhərində qoyulduğu yerdən götürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona heç bir aidiyyatının olmamasına, ibtidai istintaq zamanı polis əməkdaşlarının təzyiqi altında etirafedici ifadələr verməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə edib saxlamaqla daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin xaric edilməsini qanuni və əsaslı hesab edir. Ona görə də Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi xaric edilməli, o, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 may 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 may 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20-21, 66-67, 89-95). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 may 2020ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, qalıq çəkisi 969,9 qram olan heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, habelə onun idarə etdiyi avtomobilə baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 109 (bir yüz doxsan) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, qalıq çəkisi 969,9 qram olan heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, habelə onun idarə etdiyi avtomobilə baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar