Məhkəmə qərarları › İş №1(101)-557/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-557/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-557/2023 17.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1985-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında pasport qeydiyyatında, ünvan 200-də kirayə yaşayan,barəsində Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 0, 376 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş,saxlamış və daşımış, 31 avqust 2022-ci il tarixdə saat 15:50 radələrində Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin İdarənin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilmiş, idarədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,376 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir. Atasına narkotik vasitədən əl çəkə bilmədiyini, 2 il yarım, 3 il azadlıqdan məhrum etmə növündə cəza çəkərsə sağalacağını bildirmiş, sonuncu oğlunun xəstə olması, vəziyyətdən çıxa bilməməsi ilə əlaqədar Alixan adlı əməkdaşa müraciət etmişdir.Onlar təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza çəkməsi barədə razılaşmışlar. Onu, istifadə etmək məqsədilə evdən pul alaraq narkotik vasitə almağa gedərkən binanın qarşısında 8 və ya 10 nəfər polis əməkdaşı saxlamış, yaşadığı evdə axtarış keçirilməli olmasını bildirmişlər. O da atasının evdə olduğunu, evin tərtəmiz olduğunu, onda tək iynə və şüşəsinin olduğunu bildirmişdir. Ona isə yeni qanuna əsasən evdə axtarış keçirilməsinin zəruri olmasını izah etmişlər. Qapını atası açmış, polis əməkdaşları içəri daxil olmuş, atası ilə onu mətbəxdə saxlamış, o, Mirqalibin qoluna qandalla bağlı olmuşdur. Koridordan polis əməkdaşlarının bir –bir digər otaqlara daxil olmağı görünsə də əllərində büküm olmasını müşaiyət etməmişdir. Video çəkilişlə axtarışın onların iştirakı ilə həyata keçirilməli olduğunu bildirmişlər. Videoçəkiliş bir neçə dəfə həyata keçirilmiş, həmin vaxt onlar döşəkcənin içərisində narkotik vasitənin olduğunu görmüşdürlər. İlk çəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını bildirməsindən imtina etmişdir. Sonuncu dəfə video çəkiliş zamanı onu atasını da cinayət məsuliyyətinə cəlb etməklə hədələmişlər. Əslində polis əməkdaşları atası onlara müraciət etdikdən 1 gün sonra evə gəlmişlər. Axtarış zamanı vəkil də iştirak etmiş, polis bölməsində də həmin vəkil olmuşdur. O, 4 dəfə tutulduğu zaman evdə axtarış keçirilməmiş, cari iş üzrə tutularkən evdə axtarış keçirdiklərini gördükdə narkotik vasitəni satma ilə əlaqədar cinayət məsuliyyətinə cəlb ediləcəyindən şübhələmişdir. Polis əməkdaşları onun 2019-cu ildə 12 saylı cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra, Şirvan rayonunda dəmiryolunun kənarından narkotik vasitə taparaq orda yerləşən evdə gizlətdiyini söyləməsini bildimişdirlər. Halbuki o, 2022-ci ildə tutulub çıxdıqdan sonra artıq Nərimanov rayonunda yaşamağa başlamışdır. Belə olan təqdirdə Şirvandakı evin kimə satıldığı və nə vaxt onların Bakı şəhərinə köçməsi aydınlaşdırılsa görünər ki, o həmin vaxt Türkiyə Respublikasında olmuşdur. Belə çıxır ki, narkotik vasitəni ora ya atası ya da anası gətirmişdir. Narkotik vasitənin aşkar edildiyi balaca döşəkcə də ona aid olmamışdır. Videoçəkilişə əsasən Alixan və Mircavad adlı polis əməkdaşları onu Polis Bölməsinə aparmış, orada guya 20 manata narkotik vasitəni Papanindən tanımadığı şəxsdən almasını bildirməsini söyləmişlər. Daha sonra onlara evdə 1500 qram narkotik vasitə aşkar edildiyi təqdirdə Papanindən 20 manata narkotik vasitəni necə aldığını soruşmuş, polis əməkdaşları müstəntiqlə onun ifadəsinin dəyişdirilərək narkotik vasitəni evdə olan 1500 qram narkotik vasitənin üzərindən götürməsi məzmunda yazılması barədə razılaşmışlar. O, Kürdəxanıya gəldikdən sonra boynunu kəsmiş, sonra onu “sançastda” saxlamışdırlar. Üzərindən 3 gün keçdikdən sonra gecə saat 2-də özünü asmış, Elnur müəllimgil gəlib onu ayıltmışdırlar. Özünə xəsarət yetirməsi barəsində aparılan cinayət işinin istintaqın gedişatına etiraz etməsiylə əlaqədar olmuşdur. Bundan sonra Suraxanı rayon prokurorluğundan və Ombudsman orqanından əməkdaşlar gəlmişdir. 1500 qram narkotik vasitənin 30000-40000 qiyməti olduğu halda həmin narkotik vasitənin əldə edilməsi üçün sərf edilən vəsait mənbəyi araşdırılmmaışdır. Həmin sellofanın içində ümumiyyətlə narkotik vasitə olmasına şübhə ilə yanaşır. Həmin vaxt üzərində heç bir narkotik vasitə olmamış, özü sadəcə könüllü olaraq şpritsin harda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi, məhkəmə iclasında elan edilərək tədqiq edilən ifadələrindən görünür ki, bir neçə müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, 31 avqust 2022-ci il tarixdə saat 15:50 radələrində ünvan 5 ünvanın qarşısında dayanan zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və söhbət zamanı ondan şübhələndiklərinə görə Nərimanov Rayon Polis İdarəsinə gətirmişlər. Orada xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. O bildirmişdir ki, həmin cibindən aşkar olunan siqaretin gümüş rəngli kağızına bükülmüş narkotik vasitə heroin (kakos) onundur və ona məxsusdur, onu bir neçə gün əvvəl Bakı şəhəri Nəsimi rayonu Papanin adlanan ərazidən adını və anket məlumatlarını bilmədiyi yalnız üzdən tanıdığı şəxsdən 20 manata almış özü istifadə etmək üçün üzərində saxlamışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Bundan sonra şəxsi axtarışda iştirak etmiş bütün şəxslərin iştirakı ilə onun kirayə yaşadığı ünvan 8-ə baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı evin qonaq otağında pəncərənin qarşısında sağ tərəfdə olan yumşaq qoltuqlu oturacağın (kreslo) döşəkcənin alt hissəsində 02 ədəd şprits, 01 ədəd şprits iynəsi, 02 ədəd şüşə ampula, həmin otağın pəncərənin sol tərəfində yerləşən yumşaq qoltuqlu oturacağın (kreslo) döşəkçəsinin içərisinə qoyduğu şəffaf rəngli sellofana bükülərək şəffaf rəngli yapışqan lentlə bağlanmış içərisində narkotik vasitə olan heroini (kakos) polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən götürülərək sellofan torbaya qoyulub qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşlarının tərəfindən imzalanaraq zərf polis əməkdaşı tərəfindən möhürlənmiş, kirayə yaşadığı evə baxışla əlaqədar protokol tərtib edilmiş, protokol axtarışda iştirak etmiş bütün şəxslər tərəfindən imzalanmışdır. Bundan başqa o, üzərindən aşkar olunan və kirayə yaşadıqları Bakı şəhəri Nərimanov rayonu F.Yusifov küçəsi, ev 45c, mənzil 100-də gizlətdiyi narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitəni 2019-cu il tarixdə azadlığa çıxan zaman yaşadığı Şirvan şəhərində dəmiryolunun kənarından tapıb evdə gizlətdiyini, hər hansı bir mobil operatordan istifadə etmədiyini, tapdığı narkotik vasitəni kirayə yaşadığı mənzildə gizlətməkdə məqsədi özü istifadə etmək və eyni zamanda müştəri tapıb satmaq olmuşdur başqa bir məqsədinin olmadığını, təhqiqat zamanı izahatında və istintaq zamanı ifadəsində üzərindən aşkar olunan narkotik vasitəni Bakı şəhəri Nəsimi rayonu Papanin adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını deməkdə o, qorxduğundan və məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə demişdir həqiqətdə isə elə deyil, hamısı yəni, həm üzərindən, həm də mənzildən aşkar olunan narkotik vasitə heroinin özünün olduğunu bildirmişdir. O, narkotik vasitə heroini ineksiya yolu ilə damarına vurur və eyni zamanda yandırıb tüstüsünü ciyərlərinə çəkmək yolu ilə də qəbul edir. İfadələri arasındakı ziddiyyəti onunla izah etmişdir ki, əslində o atası ilə hüquq mühafizə orqanlarının əməkdaşlarına müraciət edərək onu qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb etmələrinə, sübutları saxtalaşdırmalarına kömək etmişdir. Belə ki, sağalmaq istəmiş, narkotik vasitə əldə etmək üçün kifayət qədər pul vəsaitinə malik olmamışdır. Prokurorluq əməkdaşlarının təcridxanaya təqdim etdiyi sənədlərə isə oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində Şahid3 ifadə verərək göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs yanvar ayının 22-23-ü tarixlərində cəzaçəkmə müəssisəsindən çıxmış, təxminən fevral ayında onu Türkiyəyə göndərmişdir. Türkiyədən qayıtdıqdan sonra vəziyyəti 5-10 gün yaxşı olmuş, 2-3 aydan sonra vəziyyəti yenidən pisləşmiş, narkotik vasitə istifadə etməyə başlamışdır. Nəvələrinə infeksiya keçməsindən qorxduğu üçün oğluna narkotik vasitədən əl çəkməsini, özünün təqaüdçü olduğunu və təqaüdlə ailəni zorla dolandırdığını, ailənin bütün xərcləri onun boynunda olduğundan ona gündə 25 manat pul verə bilmədiyini bildirmişdir. Tanışları ona oğlunu cəzaçəkmə müəsisəsinə göndərməsini bildirmiş, o da qərara gəlmişdir ki, oğlu 5-6 il cəza çəksin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə teleqram vurmuş, məzmununda oğlunun narkotik vasitə istifadəçisi olmasını və bəzən narkotik vasitəni satdığını qeyd etmiş, poçt vasitəsi ilə müraciət etdikdən sonra onu 17-ci polis bölməsinə dəvət etmişdirlər. 7-8 nəfər polis əməkdaşı evə daxil olduqda evə kim tərəfindən nə qoyulduğunu özü də bilməmişdir. Polislərin yarısı mətbəxə keçmiş, digərləri çöldə qalmışdır. O da polislərlə mətbəxə daxil olmuşdur. Həyat yoldaşı evi səliqəyə salmış, polislər evdən 1500 qram narkotik vasitə tapmışdırlar. Həyat yoldaşı ona şpritslərin kreslonun altında olmasını bildirmiş, o yoldaşına şpritsləri yerindən tərpətməməsini xahiş etmişdir.Polis əməkdaşları evdən 1500 qram narkotik vasitə tapdıqlarını qeyd etmişdirlər. Oğlunun hər gün ondan narkotik vasitə alması üçün 25 manat alması səbəbindən evdən 1500 qram narkotik vasitə aşkar edilməsi, satması ona inandırıcı gəlmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş, vəkilin və təhqiqatçının iştirakı ilə şəxsin üzərinə baxış keçirilmişdir. Təhqiqatçı şəxsə üzərində qeyri-qanuni nə əşya varsa könüllü təqdim etməsini bildirmişdir. Şəxsin yaşadığı mənzilə məhkəmənin qərarı ilə, habelə şəxsin özünün və ev sahibinin etirazı olmadan baxış keçirmişdir. Təqsirləndirilən şəxsin ailə üzvlərindən onun atasını tanıyır. Atası oğlunun narkotik vasitə istifadə etməsi və satışı ilə məşğul olması ilə bağlı Daxili İşlər Nazirliyinə teleqram göndərmişdir. Onlarda isə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı olmuşdur. Əməliyyat məlumatının məzmunu narkotik vasitənin dəqiq çəkisi haqqında məlumatları əks etdirməmiş, satışı əlbəəl formada həyata keçirməsi barədə informasiyanı ehtiva etmişdir. Təqsirləndirilən şəxsi onun yaşadığı evin qarşısında saxlamış, evinə getməkdə səbəb isə məlumatı dəqiqləşdirmək olmuşdur. Əməliyyat qrupu yaradılmış, məhkəmənin qərarı alınmış və ev sahibinin etirazı olmaması ilə bağlı ərizəsi ilə evində özünün və atasının iştirakı ilə baxış keçirilmişdir. Bir-bir əşyalar axtarılmışdır. Əməliyyat tədbiri günorta həyata keçirilmiş, əməliyyat qrupunda 3-4 nəfər olmuş, tərkibdə o, Mircavad, təhqiqatçı olmuş, vəkilin iştirakı təmin edilmişdir. Onlara məhkəmənin qərarı təqdim edilmiş və özlərinin də razılığı ilə baxışa başlamışdırlar. Əməkdaşlarla birlikdə ilk öncə dəhlizdən baxış keçirməyə başlanılmış, ev balaca və iki otaqdan ibarət olmuşdur. Şəxsin yatdığı yerdən, yəni qonaq otağında 2 ədəd içində yorğan-döşək olan yük, stol-stul, 2 kreslo və televizor olmuşdur. Əşyalara bir-bir baxış keçirərkən çəhrayı qarışıq rəng köhnə model kreslonun üzərindəki yastığın içindən bağlama aşkar etmişdirlər. Təhqiqatçı onun nə olduğunu soruşmuş, qablaşdıraraq möhürləmiş və ekspertizaya göndərmişdir. Nərimanov rayonunda bir çox şəxs onun narkotik vasitənin satışı ilə məşğul olduğunu bilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Mircavid oğlu ifadə verərək göstərmişdir ki, onlar idarədə olan zaman 31 avqust 2022-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, məlumatın məzmununda Elçin adlı şəxsin Nərimanov rayonunda üzərində narkotik vasitə daşıması qeyd olunmuşdur. Əməliyyat məlumatı Əlixana daxil olmuş, onun məzmunu narkotik vasitələrin alışı-satışı və istifadəsi barəsində olmuş, narkotikin miqdarı və harada satması barədə informasiyanı ehtiva etməmişdır. Daha sonra əməliyyat qrupu yaradılmış, tərkibdə o və Əlixan adlı polis əməkdaşları olmuşdur. Əməliyyat qrupu yaradaraq şəxsin yerini müəyyən etdikdən sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq onu idarəyə dəvət etmiş, idarədə olan zaman təhqiqatçının otağında vəkilin iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Şəxsin üzərindən 1 büküm narkotik vasitə olan heroin aşkar edilmiş, videoçəkilişdə də həmin görüntülər əks olunmuşdur. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs özü narkotik vasitəni “Papanin” ərazisindən aldığını bildirmiş, amma kimdən aldığı barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəyə 20 və ya 30 manat pul verdiyini bildirmişdir. Videoçəkiliş bitdikdən sonra Təqsirləndirilən şəxs atası Şahid3 idarəyə dəvət edilmişdir. Məhkəmənin qərarı ilə onlar Təqsirləndirilən şəxs evinə baxış keçirmişdirlər. Şəxsin evinə atasının valideynlərinin iştirakı ilə baxış keçirən zaman evdən şpritslər, şüşə ampulalar tapılmışdır. Şəxsin evi 2 otaqlı olmuş, onlar zal olan hissədə torbada olan narkotik vasitə aşkarlamışdırlar. Narkotik vasitə təhqiqatçının, təqsirləndirilən şəxsin atasının və vəkilin iştirakı ilə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxs çəkiliş vaxtı tərəddüd edərək evdə narkotik vasitə olmadığını bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni “Papanin” adlanan ərazisindən əldə etdiyini bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs evdən çıxan narkotik vasitəni haradan əldə etdiyi haqqında məlumatı yoxdur. Üzərindən çıxan narkotik vasitə ilə evdəki narkotik vasitə eynitərkibli olmuşdur. Şəxsin evinə baxış keçirən zaman orada o, Əlixan, təhqiqatçı və stajor əməliyyatçı və vəkil olmuşdur. Saxlanılan şəxs baxış keçirdikləri evin əvvəl öz evi olduğunu bildirmiş daha sonra onun atası qohumunun evi olduğunu, burada müvəqqəti yaşadıqlarını bildirmişdir. Onlar məhkəmə qərarı ilə evə baxış keçirmiş, şəxsin yaşadığı ev bina evi olmuş, iki otaqdan ibarət olmuşdur. Evin otaqlarını və Təqsirləndirilən şəxs harada yatdığını onun atası göstərmiş, saxlanılan şəxsin evi kiçik olmuş, onlar ilk öncə mətbəxə daxil olmuşdurlar. Otaqları gəzdiyi zaman Təqsirləndirilən şəxs da yanlarında olmuş, otaqda ev əşyaları və zalda sol tərəfdə döşəklər yığılmışdır. Narkotik vasitəni evdən Əlixan adlı əməkdaş tapmış, amma şprits və ampulalar televizorun altında olmuş, şpritsin içi dolu olmuşdur. 30 avqust 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, daşıması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqə 7). Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərardan görünür ki, daxil olmuş əməliyyat məlumatının yoxlanması məqsədi ilə əməliyyat qrupu üzvlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış kimi əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 7) Bakı şəhəri Nərimanov rayon məhkəməsinin istintaq hərəkətlərinin keçirilməsinə dair 31 avqust 2022-ci il tarixli qərarına əsasən ünvan 6 ünvanına baxış və axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. 31 avqust 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür k, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar olduğu təqdirdə könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və on manat pulu sol yan cibindən isə bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilsə də heç bir əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü rəngli kağız bükümün içərisində baxış zamanı içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisindəki “kakos” adı ilə tanınan narkotik maddə heroindir, həmin heroini bir neçə gün bundan əvvəl Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və Daxili İşlər Nazirliyinin 44 nömrəli möhürü ilə möhürlənmişdir. (cild 1, iş vərəqə 33-34). Cinayət işi materiallarına əlavə edilmiş 29 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon Polis İdarəsinə daxil olmuş, 30 sentyabr 2022-ci ildə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə, 28 sentyabr 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs barəsində toplanmış cinayət işinə əlavə edilməsi üçün göndərilmiş Şahid3 tərəfindən ünvanlanmış teleqramdan görünür ki, oğlu Təqsirləndirilən şəxs həm narkotik vasitənin satışı, həm də özünə iynə vurmaqla istifadəsi ilə məşğul olur. 31 avqust 2022-ci il tarixli Təqsirləndirilən şəxs və həmin mənzildə yaşayan atası Şahid3 yazılı ərizələrindən görünür ki, onlar ünvan 7-ə baxış keçirilməsinə etiraz etməmişlər. 31 avqust 2022-ci il tarixli “Ərizə əsasında mənzilə axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, baxış zamanı təqsirləndirilən şəxsin yaşadığı ünvan 7 ünvanında yerləşən evə protokolda adı sadalanan şəxslərin iştirakı ilə axtarış keçirilmiş, qonaq otağında pəncərənin qarşısında sağ tərəfdə olan yumşaq qoltuqlu oturacağın (kreslo) döşəkçənin alt hissəsində 02 ədəd şprits, 01 ədəd şprits iynəsi, 02 ədəd şüşə ampula, həmin otağın pəncərənin sol tərəfində yerləşən yumşaq qoltuqlu oturacağın (kreslo) döşəkçəsinin içərisinə qoyduğu şəffaf rəngli sellofana bükülərək şəffaf rəngli yapışqan lentlə bağlanmış içərisində narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. ( cild 1, iş vərəqə 42-45). Məhkəmə-kimyəvi ekspertizasının 01 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N 44” dairəvi möhür əksi şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,376 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Expertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 0, 326 qram təşkil etmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin Azərbaycan Rsepublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (cild 1, iş vərəqə 53-55). Məhkəmə-kimyəvi ekspertizasının 01 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N 44” dairəvi möhür əksi ” şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bağlamada təmiz çəkisi 1500 qram (1 kq 500qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bağlamada olan 2 (iki) ədəd şpritsin, 2 (iki) ədəd şüşə ampulaların içərisində və 1 (bir) ədəd şprits iynəsinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Ekpertiza rəyi ilə aparılmış spektrometrik analizin nəticələrinə əsasən Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinə məxsus spektrlər ilə (01 sentyabr 2022-cı il tarixli 6/4684 saylı ekspert rəyi) kirayə yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinə məxsus spektrlərin ilə bir-birinə uyğun ölçülərdə olması əsas götürülməklə hər iki narkotik vasitənin kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olması nəticəsinə gəlinmişdir. Expertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 1499,8 qram təşkil etmişdir. 28 iyun 2005-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Rsepublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (cild 1, iş vərəqə 58-61). 15 noyabr 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 0,376 qram, kirayə yaşadığı evdən aşkar olunub götürülən 1500 qram narkotik vasitə olan heroin, 02 ədəd şprits, 01 ədəd şprits iynəsi, 02 ədəd şüşə ampulası maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,326 qram və 1499,8 qram təşkil edən narkotik vasitə olan heroinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin saxlancına verilməsi müəyyənləşdirilmişdir(cild 1, iş vərəqə 138-139). Təqsirləndirilən şəxs adına olan nömrələrin müəyyən edilməsi istiqamətində verilmiş sorğulara əsasən "xxxx" MMC və "xxxx" MMC tərəfindən göndərilən məktublardan görünür ki, şəxsin adına heç bir nömrə qeydiyyatdan keçməmişdir(cild 1, iş vərəqə 131-132). 16 sentyabr 2022-ci il tarixli əməliyyat tapşırığı ilə Təqsirləndirilən şəxs onda aşkar edilmiş narkotik vasitənin bir neçə gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu Papanin adlanan ərazidən adını və anket məlumatlarını bilmədiyini yalnız üzdən tanıdığı şəxsdən 20 manata alaraq üzərində saxlamasını, yaşadığı evdən aşkar edilən narkotik vasitənin isə 2019-cu il tarixdə həbsdə çıxan zaman yaşadıqları Şirvan şəhərində dəmiryolunun kənarda tapdığını bildirməsi ilə əlaqədar həm narkotik vasitənin mənbəyinin müəyyən edilməsi, həm də sonuncunun narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə verilmiş göstərişə əsasən təqdim olunmuş cavab məktubunda aparılmış tədbirlər nəticəsində narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, lakin müsbət nəticə əldə ediməməsi göstərilsə də Təqsirləndirilən şəxs narkotik vasitə satmasının müəyyən edilməsi istiqamətində isə hər hansı tədbirin keçirilməsi məsələsi öz əksini tapmamışdır (cild 1, iş vərəqə 108, 128). Ambulator məhkəmə psixiatrik ekspertizasının 28 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır (cild 1, iş vərəqə 156-157). 30 noyabr 2022–ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması zamanı işgəncəyə məruz qalması səbəbindən üzərindən narkotik vasitə aşkar edilməsi ilə əlaqədar şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsinə razılaşması barədə daxil olmuş məlumat yoxlanılarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən sonuncunun fiziki təzyiqlərə və işgəncələrə məruz qalmaması öz əksini tapmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir(cild 1, iş vərəqə 158-160). Qərar qəbul edilərkən istinad edilərək əsas götürülən məhkəmə tibbi ekspertizasının 24 noyabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində məhkəmə-tibbi müayinəsi zamanı 31 avqust 2022-ci il tarixə təsadüf edən xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən göndərilmiş müşaiyət məktubundan və ona əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində tibbi müayinə sənədlərindən görünür ki, o, təcridxanaya daxil olan zaman xəsarət almadığını bildirmiş, sol said nahiyəsində köhnə çapıq toxuma müşahidə edilmiş, bədən səthində yeni xəsarət izləri aşkar edilməmiş, 16 sentyabr 2022-ci il tarixdə istintaqın gedişatına etiraz əlaməti olaraq boyunun sağ və sol nahiyəsini , eyni zamanda sol said nahiyəsini kəsməklə özüözünə xəsarət yetirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin və külli miqdar təşkil edir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmçinin 31 avqust 2022ci il tarixdə saat 19:00-dan 19:30-dək olan müddət ərzində onun kirayə müqaviləsi əsasında yaşadığı ünvan 8 ünvanında yerləşən yaşayış evinə keçirilən axtarış zamanı qonaq otağında yumşaq qoltuqlu oturacağın döşəkçəsınin içərisindən şəffaf rəngli sellofana bükülərək şəffaf rəngli yapışqan lentlə bağlanmış təmiz çəkisi 1500 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və həmin otaqda olan digər yumşaq qoltuqlu oturacağın döşəkçəsinin altı hissəsindən içərisində heroin izləri olan 02 ədəd şprits, 01 ədəd şprits iynəsi və 02 ədəd şüşə ampulanın aşkar edilərək götürülməsi ilə əlaqədar 1500 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmə ünvan 8-ə daşımağa və saxlamaya görə ittiham irəli sürülmüşdür. Lakin məhkəmə istintaqı zamanı aparılmış hər tərəfli araşdırma zamanı təqsirləndirilən şəxsin kirayədə yaşadığı ünvan 8 ünvanına 1500 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək daşımaqla saxlamaya görə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməsi mümkün olmamışdir. Belə ki, yuxarıda sadalanan sübutlardan görünür ki, təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduqdan sonra müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə (o cümlədən yaşayış yerinə baxış) Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşı Şahid1 tərəfindən 30 avqust 2022-ci il tarixli qərar qəbul edilmişdir. 31 avqust 2022-ci il tarixli Nərimanov rayon məhkəməsinin qərarından isə görünür ki, həmin qərar 30 avqust 2022-ci il tarixli qərarın qanuni hesab edilməsinə dair müraciətlə deyil, yuxarıda göstərilən idarənin rəisi Vaqif Müslümovun əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə vəsatətinə baxılması ilə əlaqədar olmuşdur. Qərarın müəyyən etdi hissəsindən görünür ki, verilmiş təqdimat və vəsatətə əsasən Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı (Halbuki iş materiallarına əlavə edilmiş əməliyyat məlumatı barədə təqdim edilmiş raportdan Təqsirləndirilən şəxs yaşayış evində narkotik vasitə saxlaması barədə informasiyaya rast gəlinmir) sonuncunun yaşadığı evə daxil olma və baxış keçirmə əməliyyat axtarış tədbirlərinin aparılmasının şərtləndirilməsi ilə əsaslandırılmışdır. Qərarın isə həm adından (istintaq hərəkətinin aparılmasına dair qərar), həm də məzmunundan görünür ki, qərar, axtarış istintaq hərəkətlərinin keçirilməsinin hüquqi əsaslarına (Cinayət-Prosessual Məcəlləsinin 243-cü maddəsi) istinad edilməklə təqsirləndirilən şəxsin yaşadığı ünvana baxış və axtarış keçirilməsi tədbirlərinin, yəni istintaq hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Belə ki, “Əməliyyat- axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası 28 oktyabr 1999-cu il tarixli Qanununun 10cu maddəsinə əsasən “axtarış” əməliyyat tədbiri nəzərdə tutulmamışdır. Bundan başqa həm Təqsirləndirilən şəxs, həm də onun atası Şahid3 tərəfindən təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirilməsinə dair yazılı ərizə verilsə də təqsirləndirilən şəxsin yaşadığı evdən 1500 qram heroin aşkar edilməsi faktı “ərizə əsasında mənzildə axtarış və götürmə aparılması barədə” adlanan 31 avqust 2022-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Həmin protokolun məzmunundan görünür ki, axtarış istintaq hərəkətinin aparılmasına dair müddəaları nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 242 və 177.6-cı maddələrinə istinad edilməklə, şübhəli şəxsə isə şəxsi axtarış və götürmə başlamazdan əvvəl 90-cı maddəsinin tələbləri izah olunmaqla onun yaşadığı evə baxış, axtarış və götürmə aparılmış, axtarış və götürülmə aparılarkən protokolda sadalanan iş üçün əhəmiyyət kəsb edən müvafiq maddələr aşkar edilərək götürülmüşdür. Həmin hərəkətlərin həyata keçirilməsinə dair videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilərkən isə görünmüşdür ki, şübhəli şəxs qismində Təqsirləndirilən şəxsla yaşadığı mənzilə gələn polis əməkdaşları tərəfindən döyülən qapını şəxsin atası Şahid3 açmış, müvafiq istintaq hərəkət keçirilərkən nə məhkəmə qərarı, nə də təqsirləndirilən şəxs və onun atasının yazılı ərizələrinə istinad edilməmiş, ona oğlunun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə əlaqədar saxlanılması, etirazı olmadığı təqdirdə evə baxış keçiriləcəyi bildirilmiş, sonuncu şifahi şəkildə etiraz etməyərək polis əməkdaşlarını evə dəvət etmiş, baxış zamanı digər otaqların sadəcə qapısı açılaraq hansı otaq növü olması dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs yatdığı otaqda yerləşən əşyalar isə bir-bir axtarışa məruz qalmış, sonradan isə əməliyyatçılardan biri tərəfindən yumşaq oturacağında yerləşən yastıqlar bir-bir götürülərək örtükdən çıxarılmış, narkotik vasitə olan heroin də məhz həmin yastıqlardan birinin açılması nəticəsində polis əməkdaşı tərəfindən aşkar edilərək Təqsirləndirilən şəxs verilmişdir. Bundan başqa həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı polis əməkdaşları təqsirləndirilən şəxsin yaşayış yerinə axtarış həyata keçirdiklərini etiraf etmiş, əşyaları bir-bir axtardığını bildirmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət işinin başlanılması haqqında 01 sentyabr 2022-ci il tarixli qərar, cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 01 sentyabr 2022-ci il tarixli qərar,01 sentyabr 2022-ci il tarixli raport, məhkəmə kimyəvi ekspertizasının təyin edilməsi barədə 31 avqust 2022-ci il tarixli qərar, cinayət işinin icraata qəbul edilməsi barədə 01 sentyabr 2022-ci il tarixli qərar, həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat, cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli qərar, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar, habelə ittiham aktında da 1500 qram narkotik vasitə olan heroinin təqsirləndirilən şəxsin yaşadığı evə axtarış zamanı aşkar edilərək götürülməsi öz əksini tapmışdır. Beləliklə iş üzrə toplanılmış sübutların tədqiqindən aydın olur ki, əvvəla Təqsirləndirilən şəxs yaşadığı evə baxış əməliyyat axtarış tədbiri deyil, 31 avqust 2022-ci il tarixli protokolda göstərildiyi kimi axtarış istintaq hərəkəti həyata keçirilmiş, aşkar edilmiş narkotik vasitə isə heç də CD diskə baxış keçirilməsi barədə protokolda(Cild 1, iş vərəqə 107), habelə Şahid1 və Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələrdə göstərildiyi kimi Təqsirləndirilən şəxs özü tərəfindən təqdim edilməmiş, “Əməliyyat- axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası 28 oktyabr 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən “axtarış” əməliyyat tədbiri nəzərdə tutulmadığından bütün bu hallar keçirilmiş axtarış istintaq hərəkətinin sonradan baxış əməliyyat –axtarış tədbiri kimi “rəsmiləşdirillməsinə” xidmət etmişdir. (Cild 1, iş vərəqə 113-116, 141-144) Belə ki, axtarış, keçirilməsinin əsasları və qaydaları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 242-245-ci maddələrində nəzərdə tutulmaqla həmin Məcəllənin 177-ci maddəsinə əsasən istintaq hərəkətinin növlərindən biridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində (maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi;)nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində(tutularkən baxışa və şəxsi axtarışa, ,həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə , müayinəyə və ekspertiza aparılmasına məruz qalmaq)) müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmaqla alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılması haqqında qərarın 1 sentyabr 2022-ci il tarixdə qəbul edilməsini, yaşayış evinə isə axtarış istintaq hərəkətinin isə cinayət işi başlanmazdan bir gün əvvəl, yəni 31 avqust 2022-ci il tarixdə keçirilməsini nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci və 207.4-cü maddələrini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin yaşayış yerinə qanuni əsas olmadan axtarış istintaq hərəkəti keçirildiyindən həmin istintaq hərəkəti nəticəsində əldə edilmiş və şəxsin törədilməsində ittiham olunduğu cinayətin predmetinin təşkil edən 1500 qram narkotik vasitə heroin sübut hüquqi qüvvəsi olmayan hesab edilməklə ona qarşı irəli sürülmüş satış məqsədilə külli miqdar təşkil edən 1500 qram narkotik vasitə heroinin əldə edilməsi, saxlaması və daşıması ilə əlaqədar ittihamın əsasına qoyula bilməz. Məhkəmə onu da qeyd edir ki, formal tələblərə xidmət etsə də həm bir-biri ilə, həm də cinayət işi materialları ilə ziddiyyət təşkil edən məlumatları özündə əks etdirən Nərimanov rayon məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarı, nə də təqsirləndirilən şəxsin və onun atasının evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizələri qeyd olunan istintaq hərəkətinin həyata keçirilməsi üçün qanuni əsas ola bilməzdi. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 120.3 və 120.6-cı maddələrinə əsasən cinayət prosesinin iştirakçısı statusunu əldə etmiş şəxsin hüquq və vəzifələri onun iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərin icraatına başlanmamışdan və onun cinayət prosesinin iştirakçısı qismində hər hansı bir mövqeyini bildirməmişdən əvvəl izah edilməlidir. Tədqiq edilmiş sübutlardan isə görünür ki, 1500 qram narkotik vasitənin aşkar edildiyi evdə yaşayan nə təqsirləndirilən şəxs, nə də onun atası evə ümumiyyətlə hansı tədbirin (əməliyyat axtarış və ya istintaq hərəkətinin) keçirilməsi barədə məlumatlandırılmamış, iş materiallarına yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmələri barədə yazılı ərizələri, axtarış istintaq hərəkətinin keçirilməsi barədə məhkəmə qərarı əlavə olunsa da evə baxış keçirilməsinin videgörüntülərinə əsasən polis əməkdaşlarının Şahid3 şifahi şəkildə razılığına əsasən evə daxil olaraq axtarış istintaq hərəkəti keçirməsi həmin ərizələrin də, məhkəmə qərarının da “formal tələblər”ə riayət edilməsi məqsədinə xidmət etdiyini bir daha sübuta yetirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Hazırki iş üzrə isə müdafiə tərəfi ümumiyyətlə həmin narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmamasını, polis əməkdaşları tərəfindən evə yerləşdirilməsini, təqsirləndirilən şəxsin atasının müraciətinə əsasən tutulmasını bildirmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 1500 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmə, ünvan 8 ünvanına daşımağa və saxlamaya görə verilmiş ittiham təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən 1500 qram narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması və daşınması ilə əlaqədar hissədə Təqsirləndirilən şəxs elan edilmiş ittihamının bünövrəsini təşkil edən sübutun qanunsuz yolla əldə olunması müəyyən edildiyindən, bir- biri ilə ziddiyyət təşkil edən : -Təqsirləndirilən şəxs kirayə qaldığı evdə 1500 qram narkotik vasitə saxladığı təqdirdə atası Şahid3 ondan mütəmadi olaraq narkotik vasitə alması ilə əlaqədar pul istəməsi səbəbindən sonuncunun oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması məzmunda hüquq mühafizə orqanlarına müraciət etməsi barədə ibtidai istintaq və məhkəmə iclasında verdiyi ifadələrə, - Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkətləri həyata keçirilməsi zamanı üzərindən aşkar edilən narkotik vasitənin şəxsi istehlakı məqsədilə əldə etməsi və yaşadığı evdə narkotik vasitəyə malik olmaması barədə 31 avqust 2022-ci il tarixli izahatı ilə evə axtarış keçirilməyəcəyini düşündüyü üçün(halbuki iş materiallarına kirayədə yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizəsi əlavə edilmişdir) evdə narkotik vasitə saxlamasını gizlətməsi məzmununda 02 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində verdiyi ifadəsinə, - həmin narkotik vasitəni əldə etmək imkanları ilə təqsirləndirilən şəxsin aylıq qazancı arasında uyğunsuzluq olması, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitənin mənbəyinin müəyyən edilə bilməməsi(həmin narkotik vasitəni təkbaşına almasının mümkünsüzlüyü, ona bu narkotik vasitəni əldə etməyə kömək edən şəxslərin isə müəyyən edilməməsi), Şahid3 oğlunun narkotik vasitəsinin satışı ilə məşğul olması barədə müraciət etdiyi təqdirdə evə baxış keçirilməsi zamanı həmin narkotik vasitənin evdə olmasından xəbəri olmamasına dair “anlaşılmaz” və ziddiyyətli hallara, -üzərindən aşkar edilmiş narkotik vasitə ilə evindən aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olması məsələsi həll edilərkən üzərindən aşkar edilmiş narkotik vasitənin tədqiqat üçün istifadə edilmədiyi təqdirdə yalnız spektr göstəricilərinə uyğun olaraq hər iki narkotik vasitənin eyni tərkibli olub-olmasının müəyyən edilə bilməsi barədə ekspert rəyinə, - bir tərəfdən təqsirləndirilən şəxsin 16 sentyabr 2022-ci il tarixdə istintaqın gedişinə etiraz əlaməti olaraq boynunun sağ və sol nahiyəsini, eyni zamanda sol-said nahiyəsini kəsməklə özünə xəsarət yetirməsi, digər tərəfdən isə hazırkı hökmlə ittihamdan xaric edilmiş əmələ aid hissədə ibtidai istintaq dövründə etiraf edici ifadələrə verməsi kimi hallara hüquqi qiymət verilməsinə zərurət yoxdur. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs barəsində cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış, yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkar edildikdən sonra ona 02 sentyabr 2022-ci ildə 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Hazırda 1500 qram narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması və daşınması ilə əlaqədar əməllərin Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan xaric edilməsi, müvafiq mobil operatorlarına göndərilmiş sorğular nəticəsində əldə edilmiş məlumatlara əsasən onun ümumiyyətlə adına telefon nömrələrinin olmaması(yəni satış məqsədilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, habelə satması məzmunda telefon danışıqlarının, sms mətnlərinin müəyyən edilə bilməməsi), verilmiş əməliyyat tapşırığına əsasən cavab məktubunda təqsirləndirilən şəxsin narkotik vasitə satmasının müəyyən edilməsi istiqamətində hər hansı tədbirin keçirilməsi məsələsinin öz əksini tapmaması kimi halları əsas götürərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 0, 376 qram narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması ilə əlaqədar əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək Cinayət Məcəlləsin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxsn üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsin üzərindən 0, 376 qram narkotik vasitə olan heroin aşkar edilmiş və o, həmin narkotik vasitənin özünə məxsus olmasını və şəxsi istehlakı ilə əlaqədar əldə etdiyini bildirmişdir. Hələ ibtidai istintaq dövründə işgəncəyə məruz qalması səbəbindən şəxsi axtarış istintaq hərəkəti aparılarkən və şübhəli şəxs qismində dindirilərkən etiraf edici ifadələr verdiyi bildirsə də aparılmış araşdırma zamanı məhkəmə tibb ekspertiza rəyi ilə şəxsin bədənində tutulduğu günə təsadüf edən xəsarət və xəsarət izlərinin aşkar edilməməsi müəyyən edilmişdir. Göründüyü kimi 0, 376 qram narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma ilə əlaqədar şəxsi axtarış istintaq hərəkətlərininin videogörüntülərin, eləcə də həmin hissədə təqsirləndirilən şəxsin etiraf edici ifadələrin mötəbərliliyinin şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə az ağır cinayətdir.Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 7 avqust 2008-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 15 yanvar 2010-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.4.3, 93.1.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Şirvan şəhər məhkəməsinin 8 avqust 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan şəhər məhkəməsinin 21 iyul 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 5 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü hissəsinə əsasən cəza müddəti 6 ay azaldılmış, 22 yanvar 2022ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 146-148). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədən yenidən cinayət törətdiyinə görə məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə cinayətlərin residivini Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər , habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 31 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 101-105). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 avqust 2022-ci il tarixdən hesablanmalıdır. 01 oktyabr 2022-ci il tarixli məhkəmə narkoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 153-154). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatdan sonra təmiz çəkisi 0,326 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk və onun kirayə yaşadığı evə keçirilən axtarış və götürmə zamanı çəkilmiş video görüntünün olduğu 1 ədəd CD diskin nüsxəsi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı mənzildən külli miqdarda 1500 qram çəkidə narkotik vasitə heroin qanunsuz yolla aşkar edilərək götürüldüyündən qeyd olunan narkotik vasitənin kim tərəfindən həmin mənzilə daşınaraq saxlaması məsələsinə məhkəmə istintaqı qaydasında hüquqi qiymət verilə bilməməsi, həmin fakt üzrə cinayəti törətmiş şəxsin müəyyən edilməmiş qalması səbəblərindən hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1499,8 qram təşkil edən narkotik vasitə olan heroin və 02 ədəd şprits, 01 ədəd şprits iynəsi, 02 ədəd şüşə ampula, onun kirayə yaşadığı evə keçirilən axtarış və götürmə zamanı çəkilmiş video görüntünün olduğu 1 ədəd DVD diskin bir nüsxəsi həmin materiallara əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitəsi ilə əlaqədar məhkəmə-kimyəvi ekspertiza keçirilməsinə çəkilmiş 114 (yüz on dörd) manat pul vəsaiti ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs 1500 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmə, ünvan 8 ünvanına daşımağa və saxlamaya görə verilmiş ittihamın ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməsi ilə əlaqədar 01 sentyabr 2022-ci il tarixli, 6/4685 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 114 (yüz on dörd) manat ekspertiza xərci, Təqsirləndirilən şəxs aid edilməməlidir. (maddə 353.3.4) (cild 1, iş vərəqə 53, 58). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 44 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatdan sonra təmiz çəkisi 0,326 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilsin. - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və kirayə yaşadığı evə axtarış və götürmə istintaq hərəkətlərinin keçrilməsinin video görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 1500 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmə, ünvan 8 ünvanına daşımağa və saxlamaya görə verilmiş ittiham təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona qarşı irəli sürülmüş ittihamdan xaric edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1499,8 qram təşkil edən narkotik vasitə olan heroin və 02 ədəd şprits, 01 ədəd şprits iynəsi, 02 ədəd şüşə ampula, onun kirayə yaşadığı evə keçirilən axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 1 ədəd CD diskin bir nüsxəsi həmin materiallara əlavə edilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs 1500 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmə, ünvan 8 ünvanına daşımağa və saxlamaya görə verilmiş ittihamın ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməsi ilə əlaqədar 01 sentyabr 2022-ci il tarixli, 6/4685 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar