Məhkəmə qərarları › İş №1(101)-557/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-557/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-557/2024 28.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi- X3 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1972-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, orta təhsilli, evli, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış, daşımışdır; verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq məlum olmayan mənbədən küllü miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 4.876 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, daşımaqla üzərində saxlamış və 30 mart 2023-cü il tarixdə saat 03:40-da Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 6-cı döngənin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi-18 ünvanda yerləşən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd şəffaf salofan bükümdə təmiz çəkisi 4.876 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, məhkəmə zamanı şahid qismində dindirilmiş polis əmkədaşlarının heç birini tanımır, tutulduğu gün saat 14 radələrində sahə müvəkkili ona zəng edərək saat 16:00-da onu polis idarəsinə dəvət etmiş, saat 16 radələrində polis bölməsinə getmiş, orada polis əməkdaşları ondan Milli Məclisin deputatınını vurulması ilə bağlı məlumatınını olub-olmamasını, həmçinin onun «YouTube» səhifəsi ilə maraqlanıb-maraqlanmadığını soruşmuşlar, o da deputatın vurulmasını eşitmədiyini və «YouTube» səhifəsi ilə maraqlanmadığını bildirmişdir. Polis əməkdaşları onun əl-barmaq izlərini götürüldükdən sonra gedə biləcəyini, onun mobil telefonunda 1-2 zəngə baxmaq lazım olduğunu bildirərək telefonunu götürmüşlər. 20-25 gün sonra telefonu müstəntiq oğluna qaytarmışdır. Hadisə günü Babək adlı əməliyyat müvəkkili ona yaxınlaşaraq müavinin maşında olduğunu, bölməyə getməli olduğunu bildirmişdi. Polis Bölməsində bir müddət çöldə qalmış, sonra barmaqlıqlar arxasına salınmışdır. Saat 3 radələrində polis əməkdaşları onu barmaqlıqlar arasından çıxarmış və dost-tanış olduqları üçün ona təzyiq etmədiklərini bildirib, dedikləri narkotik vasitəni boynuna götürməsini xahiş etmiş, barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət iş açılacağını demişlər, o isə razı olmamış, polis əməkdaşları isə onnu övladlarınıpolis bölməsinə gətirəcəklərini bildirdikdən sonra məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmış, yalan ifadə verərək narkotik vasitəni yoldan tapdığını demişdir. Polis əməkdaşları tərəifndən ona fiziki təzyiq edilməmiş, yalnız övladlarını bölməyə gətirəcəklərini bildirdikləri üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ümumiyyətlə narkotik vasitələr qəbul etməmiş, həmin maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, satışını həyata keçirməmiş və bu kimi fəaliyyətlə məşğul olmamışdır. 29 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən «Qartal» abidəsinin yanında piyada hərəkət edərkən diqqətini yerdəki 01 ədəd şəffav sellefon büküm cəlb etmiş. Cəld əyilib bükümü götürmüş və içərisinə baxmışdır. Bükümdəki maddəni narkotik vasitə olan heroinə bənzətmişdir. O, narkotik vasitə qəbul etməsə də və qanunsuz dövriyyəsi ilə məşğul olmasa da, kütləvi informasiya vasitələrində bir çox növ narkotik vasitələrin necə olduğunu, nəyə bənzədiyini izləmiş və bu səbəbdən də tapdığı sellofan bükümdəki maddənin rəngindən, spesifik qoxusundan və digər əlamətlərindən narkotik vasitə heroin olduğundan şübhə etmişdir. O, cavanlar tapıb qəbul etməsin və ya başqa məqsədlər üçün istifadə etməsinlər deyə, həmin bükümü gələcəkdə məhv etmək üçün əynindəki qara rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. Aşkar etdiyi sellofan bükümdəki narkotik vasitə olan heroinin təxmini çəkisi 1 (bir) qrama yaxın olmuşdur. 30 mart 2023-cü il tarixdə təxminən saat 03:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 6-cı döngənin yaxınlığında olduğu zamanı 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşib özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 32-ci Polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 32-ci Polis bölməsinə gəlmişdir. Polis bölməsində onun kimliyi müəyyən edildikdən sonra ona üzərində axtarışın videoçəkilişdən istifadə edilməklə aparılacağı izah edilmiş və o, buna etiraz etməmişdir. Lakin üzərində axtarış aparılmazdan əvvəl ona olduğu ərazini təmsil edən Vəkil qurumunun vəkillərinin adları, soyadları və telefon nömrələri olan siyahısı təqdim edilmiş və siyahı üzrə istədiyi vəkilin pulsuz hüquqi yardımından istifadə etmək hüququnun olduğunu izah edilmişdir. Hətta ona şəxsi vəkili varsa həmin vəkilin hüquqi yardımından da istifadə edə biləsəyi izah edilmişdir. O, şəxsi vəkilinin olmadığını və ona təqdim edilən Vəkil bürosunun siyahısında göstərilən vəkillərindən hər hansı birinin hüquqlarının müdafiəsi üçün dəvət edilməsinə və müdafiəçi olaraq işə buraxılmasına etiraz etmədiyini və bunu istədiyini bildirmişdir. Bundan sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, dəvət edilmiş həmin vəkil ona təqdim edilmiş və vəkillə konfidensial görüşü şərait yaradılmışdır. Bundan sonra üzərində şəxsi axtarış aparılacağı bir daha ona xatırladılmışdır. O, üzərində axtarış aparılarkən vəkilinin iştirak etməməsini xahiş etmiş və bununla bağlı müvafiq ərizə ilə müraciət etmişdir. Daha sonra polis bölməsinin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə üzərində axtarış aparılmışdır. Axtarışa başlanılmazdan əvvəl ona üzərində qeyri-qanuni əşyalar olduğu halda təqdim etməyi təklif edildikdə o, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı və məhv etməyi unutduğu həmin 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Bükümün içərisinə baxış keçirilmiş və içərisindəki maddənin nə olduğu ondan soruşulduqda o, həmin maddənin narkotik vasitə heroin olduğundan şübhə etdiyi maddə olduğunu, həmin maddənin olduğu bükümü bir gün əvvəl yuxarıda qeyd etdiyi ünvanda yerdən tapdığını, üzərində gələcəkdə məhv etmək üçün saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş həmin narkotik vasitə müvafiq ekspertiza tədqiqatına təqdim edilməsi üçün kağız zərfdə qablaşıdırılmış, qablaşdırma üzərinə möhür vurulmuş və üzəri tərəfindən imzalanmışdır. Üzərində aparılan axtarış zamanı narkotik vasitə heroin istisna olmaqla hər hansı başqa qeyri-qanuni əşya, predmet, maddə və sair aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis bölməsinə gətirilərkən və üzərində axtarış aparılarkən ona qarşı hər hansı fiziki zorakılıq və psixi təsir göstərilməmişdir (1-ci cild iş vərəqi 69-70, 117-119). Məhkəmə zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-sinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs narkotik vastələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 30 mart 2023-cü il tarixində gecə saaat 03:40 radələrində, Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati ərazisində yəni, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində xidmətdə olarkən Təqsirləndirilən şəxs küçə ilə getdiyini görmüşlər. Buna görə də həmin şəxsə yaxınlaşaraq xidməti özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə dəvət etmişlər. 32-ci Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffav salofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda narkotik maddə heroin olduğunu, həmin bükümü 29 mart 2023-cü il tarixdə Qaraçuxur qəsəbəsində yerləşən “Qartar heykəlinin yaxınlığından taparaq başqalarının övladlarının zəhərlənməməsi üçün üzərində məhv etmək məqsədilə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və qanunsuz başqa heç bir şey aşkarlanmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən çıxan büküm qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş və tərkibinin öyrənilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Polis bölməsinə gətirilərkən və polis bölməsində olarkən ona qarşı heç bir psixoloji təsir göstərilməmiş və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan sübutlar məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Belə ki, 30 mart 2023-cü il tarixli Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, iş vərəqi 19-20) 30 mart 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə aşkar edildmiş, Təqsirləndirilən şəxs, üzərindən aşkar edilib götürülən narkotik vasitə heroinə oxşar kütləni 29 mart 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Qartal” heykəlinin yaxınlığından yerdən taparaq məhv etmək üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqi 30-31). Məhkəmə-kimyəvi ekspertiza üzrə 6/1812 nömrəli 30 mart 2023-cü il tarixli nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «....K,Salahovun üzərindən aşkar edilmiş maddə...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,876 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, vərəqi 36-40). Məhkəmə-narkoloji ekspertiza üzrə 07 iyun 2023-cü il tarixli 3540 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Salahov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqi 107-108). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1,iş vərəqi 102-103). Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 31 mart 2023-cü il tarixli 4(010)-153/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 84-87). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları psixi təzyiqlərə məruz qalması, saxlanılarkən üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə etirafedici ifadələr verməsi, etirafedici sənədləri imzalaması, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməməsi barədə ifadəsinə tənqidi yanaşır, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməməsi, saxlanılarkən üzərində narkotik vasitə olmaması, polis bölməsində polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitəni videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsi, həmin bükümün ona məxsus olmaması barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətin yüngülləşdirmək üçün özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində üzərindən narkotik vasitə aşkar edilməməsi, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərə yol verilməsi barədə göstərməmiş, həmçinin barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən o, Bakı şəhəri Suraxanı rayon məhkəməsində də bu barədə bildirməmişdir. Bundan başqa, 30 mart 2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokolun məzmunundan görünür ki Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hədə qorxulara, psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni könüllü şəkildə polis əməkdaşlarına təqdim etməsi öz əksini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş və məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Lakin bununla yanaşı, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdar təşkil edən 4.876 qram narkotik vasitə olan heroini sonuncunun məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi, yəni şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edilməsi təsdiq edilmədiyindən, onun əməli həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 Suraxanı RPİ-nin rəisinə ünvanladığı 30 mart 2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı deyil, məhz üzərində saxlaması və gəzdirməsi ilə bağlı olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaqın ilkin mərhələsində izahat və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini yolda gedərkən tapdığını və gələcəkdə məhv etmək üçün götürdüyünü qeyd etmişdir. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama yoxlama zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı barədə «fikir bildirməmiş», Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitlərin satılmasına dair əməliyyat xarakterili məlumatların olmasına istinad etsələr də, iş üzrə sübut əhəmiyyətinə malik olan faktlar təqdim etməmişlər, ümumiyyətlə iş üzrə nə ibtidai istintaq nə də ki məhkəmə baxışında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr almış şəxs müəyyən edilməməmiş, alıcı (istehlakçı) ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq narkotik vasitəni satış məqsədi ilə əldə etmiş və satmış şəxslər barədə məlumat təqdim edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsini cinayət işinin digər materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, sonuncunun 4.876 qram narkotik vasitə olan heroini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini satış məqsədilə əldə etməsi, saxlaması və ya daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından təqribi 33 dəfə çox, yəni külli miqdarda 4,876 qram olsa da, qeyd edilən tövsiyyələrə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdarda heroinin yalnız miqdarı, onun həmin narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış, daşımışdır; belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq məlum olmayan mənbədən satış məqsədi olmadan küllü miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 4.876 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, daşımaqla üzərində saxlamış və 30 mart 2023-cü il tarixdə saat 03:40-da Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 6-cı döngənin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi-18 ünvanda yerləşən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən satış məqsədi olmadan əldə edib daşımaqla saxladığı 01 ədəd şəffaf salofan bükümdə təmiz çəkisi 4.876 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngüllədirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 30 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, cəzaçəkməsinin başlanğıcının 30 mart 2023-cü il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə məhkəmə-narkoloji ekspertiza üzrə 07 iyun 2023-cü il tarixli 3540 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertiza üzrə 6/1812 nömrəli 30 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş 4,876 qram çəkidə narkotik vasitə heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı rayon RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,826 qram narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı rayon RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,826 qram narkotik vasitə olan heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar