Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-558/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Salyan şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Salyan rayonu, Qızılağac kəndində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbsqətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 27 mart 2022-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Daş bazarı” adlanan yerin yaxınlığında satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarında 1,214 qram çəkidə narkotik vasitəasetilə edilən tiryəki əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 12:10-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə yerləşən “Araz” marketin yaxınlığında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən 43-cü Polis Bölməsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda təmiz çəkisi 1,214 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 12 aprel 2022-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə yerləşən “Araz” marketin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarında 1,319 qram çəkidə narkotik vasitə - heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 13:20-də Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Araz” marketin yaxınlığında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən 43-cü Polis Bölməsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda təmiz çəkisi 1,319 qram olan kustar üsulla hazırlanmış tünd qəhvəyi rəngli maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 08 mart 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki Məscidin yaxınlığında satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,468 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 17:30-da Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, «Araz» marketin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi Rayon Polis idarəsinin 43-cü Polis bölməsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 2,468 qram olan külli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, ona elan edilmiş ittihama daxil olan hər üç epizod üzrə tutulan zaman üzərində narkotik vasitə olmamış, narkotik vasitənin istifadəçisi olduğunu bildiklərinə görə videoçəkiliş vasitəsilə həyata keçirilən şəxsi axtarış istintaq hərəkəti zamanı narkotik vasitə təqdim etməyə və etirafedici ifadələr verməyə razılaşmışdır. İlk epizod üzrə o, 27 mart 2022-ci il tarixdə daş bazarı yaxınlığında gecə vaxtı tutulmuş, lakin cinayət işi materiallarına əlavə edilən sənədlərdə tutulma vaxtı günorta saatları kimi rəsmiləşdirilmişdir. İkinci epizod üzrə o, 9 aprel 2022-ci il tarixində Metallom zavodunun yanında saxlanılsa da rəsmi sənədlərdə onun 12 aprel 2022-ci il tarixində tutulması qeyd edilmişdir. 8 mart 2023-cü il tarixində isə günorta saatlarında Binəqədi rayonunun mərkəzində olan baxçanın yaxınlığında tutulmuşdur. Axırıncı epizod üzrə təqdim etməyə razılaşdığı narkotik vasitənin miqdarı 2 qram olmamışdır. Narkotik vasitənin istifadəçisi olduğundan ona polis əməkdaşları tərəfindən verilmiş narkotik vasitəni öz üzərinə götürməyə razılıq vermiş və əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif ediləcəyini düşünmüşdür. Tibbi müayinədən keçərkən xəsarət aldığını bildirmiş, döyülməsi ilə əlaqədar rayon prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, ona daxil olan əməliyyat məlumatı əsasında təxminən 12 aprel 2022-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Araz marketin yaxınlığında birlikdə Təqsirləndirilən şəxs onların tərəfindən saxlanılaraq 43-cü Polis Bölməsinə aparılmış, onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüş, təqsirləndirilən şəxsin üzərindən çıxan narkotik vasitənin tərkibinin və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir, təqsirləndirilən şəxs narkotik vasitəni 20 AZN-ə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Əməliyyat məlumatı təqsirləndirilən şəxs barəsində olmaqla ona məxsus olmuş, əməliyyat qrupunda ondan başqa Şahid1 da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, 2023-cü ilin mart ayında ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanılaraq Polis Bölməsinə aparılmış, polis bölməsində siqaret kağızı olan qızılı kağızda “metamfetamin” aşkar olunmuşdur. Əvvəllər təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onun barəsində başqa cinayət işinin olduğundan xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsilə məşğul olması barəsində ona daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 43-cü Polis Bölməsinə aparılmış, təhqiqatçıya təhvil verilmiş, barəsində həyata keçirilən şəxsi axtarış zamanı onun üzərindən qızılı siqaret kağızına bükülmüş “metamfetamin” aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qimində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi 2022-ci ilin aprel ayında şübhəli şəxs qismində saxlamış, təqsirləndirilən şəxsin üzərindən bir bükümdə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması zamanı keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində sonuncu həmin tarixdə 27 mart 2022-ci il tarixdə saat 12:10 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə “Araz” marketin yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm və həmin şalvarın sağ yan cibindən 01 ədəd 5 manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun göy rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddənin nə olduğu soruşulduqda sonuncu həmin maddənin narkotik vasitə olan “tiryək" olduğunu bildirmiş və o, həmin maddəni 27 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan 30 dəqiqə əvvəl Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Daş bazarı” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş büküm müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 217-218). Məhkəmə-kimyəvi ekspertizanın 27 mart 2022-ci il tarixli, rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-243” dairəvi möhür əksi “...3 imza Təqsirləndirilən şəxs..” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi - 1,214 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 1,164 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 224-226). “Şəxsi axtarış və götümə aparılması haqqında” 12 aprel 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin vidogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması zamanı keçirilmiş əməliyyat axtraış tədbirləri nəticəsində sonuncu həmin tarixdə saat 13:20-də Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Araz” marketin yaxınlığında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 43-cü Polis Bölməsinə gətirilərək barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükülünü, həmin şalvarın sağ yan cibindən bir ədəd 10 manatlıq pul əskinazını çıxarıb masanın üzərinə qoymuş, həmin şəffaf sellofan bükülüdəki qəhvəyi rəngli maddənin nə olduğunu soruşduqda o, həmin qəhvəyi rəngli kütləin narkotik vasitə olan heroin olduğunu biildirmişdir (cild 1, iş vərəqə 137-138). Məhkəmə-kimyəvi ekspertizanın 13 aprel 2022-ci il tarixli, rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün N-243” möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 1,391 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 1, 341 qram təşkil etmişdir (cild 1, iş vərəqə 142-146). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 mart 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, 08 mart 2023-cü il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən “Araz” marketin qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun qara rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş ağ rəngli maddənin nə olduğu soruşulduqda sonuncu həmin maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmiş və o, həmin maddəni 08 mart 2023-cü il tarixdə saat 11 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Məscid” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 25 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş büküm müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır (Cild 1, iş vərəqə 32-33). Məhkəmə-kimyəvi ekspertizanın 09 mart 2023-cü İl tarixli, rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-243” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi - 2,468 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 2,418 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 37-40). Ambulator məhkəmə-psixiatrik ekspertizanın 22 may 2023-cü il tarixli, rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik və ya sair psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 2, iş vərəqə 37-39). “Cinayət işi üzrə əməlin tövsif edilməsi, sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınması haqqında” 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,214 qram (qalıq 1,164 qr) narkotik vasitə olan asetilə edilmiş tiryək, 01 ədəd bükümdə təmiz çəkisi 1,391 qram (qalıq 1,341 qr) narkotik vasitə olan heroin və təmiz çəkisi 2,468 qram (qalıq 2,418 qr) psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində ayrı-ayrı vaxtlarda aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən ümumilikdə 03 ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınması müəyyən edilmişdir (Cild 2, iş vərəqə 63- 79). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbayvan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin əməllərin külli miqdarda törədilməsi isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın (köhnə redaksiya) Siyahıların 1-ci Siyahısının 1-ci bəndinə əsasən – 50 qram və daha artıq çəkidə asetilə edilən tiryək, həmin Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qram və daha artıq çəkidə heroin və həmin Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin və külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs Fərid Seyidov məhkəmə iclasında ona elan edilmiş ittihama daxil olan ilk epizod üzrə müəyyən edilmiş halları mübahisələndirməsə də 2 mart 2023-cü il tarixdə isə barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aşkar edilmiş narkotik vasitənin ona aid olmamasını, döyülməsi səbəbindən şəxsi axtarış zamanı, həm də təqsirləndirilən şəxs qismində ifadə verərkən həmin psixotrop maddənin ona məxsus olmasını göstərmişdir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmənin təşəbbüsü ilə əldə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 04 noyabr 2023-cü il tarixli məktubu ilə müşaiyət edilən tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən onda sağ bazunun ön səthində, sağ çiyin nahiyyəsində təxminən 4-5 sm ölçüdə sarımtıl-bənövşəyi rəngli qançırlar, sol diz və sağ baldırın ön səthində, sağ əlin arxasında və İV barmaq səthində təxminən 1 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara müşahidə edilmiş, həmin xəsarətlərin həbs olunan zaman aldığını bildirmişdir. Məhkəmənin təşəbbüsü ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli məktubu ilə müşaiyət edilən 13 aprel 2023-cü tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs döyülməsi ilə əlaqədar şikayəti üzrə aparılmış araşdırma üzrə cinayət işi başlanılması rədd edilmişdir. Qərar qəbul edilərkən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları Şahid5 və Şahid6 Təqsirləndirilən şəxs barəsində hər hansı fiziki təzyiq göstərilməsini təkzib etməsi barədə ifadələri, sağ bazunun ön səthində, sağ çiyin nahiyyəsində təxminən 4-5 sm ölçüdə sarımtıl-bənövşəyi rəngli qançırlar, sol diz və sağ baldırın ön səthində, sağ əlin arxasında və İV barmaq səthində təxminəmn 1 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yaralarının müayinədən, yəni 13 mart 2023-cü il tarixdən 9-11 gün əvvəl (yəni tutulmazdan) əmələ gəlməsi, habelə 08 mart 2023-cü il tarixə uyğun gələn xəsarət və xəsarət izlərinin aşkar edilməməsi barədə 13 mart 2023-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyi əsas götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihama daxil olan hər üç epizod üzrə istintaq dövründə verdiyi etiraf edici ifadələrini inkar etsə də əvvəlki iki epizodla bağlı ifadələrinin təkzib edilməsi üçün tutarlı dəlillər gətirə bilməməsi, sonuncu epizod üzrə isə belə davranışını döyülməsi ilə əlaqələndirməsi üzrə izahatlarının 13 mart 2023-cü il tarixli ekspertiza rəyi ilə istisna edilməsi ayrı-ayrı vaxtlarda barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsi zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olması işin mübahisəsiz hallarını təşkil edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayəllərin təkrar törədilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır və 234.1-1-ci maddəsində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdə tutulmuş, 29 mart 2022-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir (cild 2, iş vərəqə 5-6). 12 aprel 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 205-206), Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 126-127, 180-184). 12 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyindən barəsində “başqa yerə getməmək haqqında iltizam” qəttimkan tədbiri seçilmişdir. 8 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 20-21), 10 mart 2023cü il tarixdə azad edilmiş (Cild 1, iş vərəqə 50-51), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 11 mart 2023-cü il tarixdən hesablanması qərara alınmış (cild 1, iş vərəqə 81-86), Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxil edilir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək tutulduğu müddət, 12 aprel 2022-ci il tarixdən -12 iyul 2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu müddət, 8 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək tutulduğu müddət ona təyin ediləcək cəza müddətinə hesablanmalı sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizanın 15 may 2023-cü il tarixli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqə 35-36). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,164 qram narkotik vasitə olan asetilə edilmiş tiryək, 1,341 qram narkotik vasitə olan heroin və 2,418 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən ümumilikdə 3 ədəd DVD ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 263 (iki yüz altmış üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (Cild 2, iş vərəqə 38, 143,223). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən, məhkəmə zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi 11 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 manat, məhkəmə mərhələsində göstərilmiş 54 (əlli dörd) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 324 manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 3 (üç) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək tutulduğu müddət, 12 aprel 2022-ci il tarixdən-12 iyul 2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu müddət, 8 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində 3 (üç) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,164 qram narkotik vasitə olan asetilə edilmiş tiryək, 1,341 qram narkotik vasitə olan heroin və 2,418 qram psixotrop maddə olan metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 263 (iki üz altmış üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına vəkil X4 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 54 (əlli dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-558/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-558/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver