Məhkəmə qərarları › İş №1(101)-560/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-560/2020

18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-560/2020 18.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1998-ci ildə Tərtər rayonunun Leninabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Tərtər rayonu, Ələsgərli kəndində qeydiyyatda olan, həbs olunanadək Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o,insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 03:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev 2A, 2-ci küçə, 1 May yaşayış massivində yerləşən “555” adlı kafenin qarşısında sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs onun dostu Şahid1 yumruqla vuraraq döyməsi, sonra isə onun yaxasından tutaraq boğazını sıxması səbəbindən aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs qəsdən 2 (iki) dəfə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid - döş qəfəsinin sol yarısının bayır səthində arxa qoltuqaltı xətt üzrə Vl qabırğa səviyyəsində 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısının bayır səthində arxa qoltuqaltı xətt üzrə İX qabırğa səviyyəsində 1 (bir) ədəd daxilə nüfuz edən, diafraqmanı və dalağı zədələyən torakoobdominal deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03:00 radələrində tanışları Məhərrəm və İlkinlə birlikdı pivə içmək üçün “555” adlı kafeyə getmişdir. O, kafedə boş masa görüb İlkinlə birlikdə oturmuşdur. Məhərrəm isə ayaq üstə dayanıb ətrafa baxırmış. Həmin vaxt kafedə olan müştərilərdən biri, adını sonradan bildiyi Saleh adlı şəxs onun tanışı Məhərrəmə çiyin atmışdır. Saleh həmin vaxt içkili vəziyyətdə olmuşdur. Salehin Məhərrəmə çiyin atmasına baxmayaraq, Məhərrəm yaşca kiçik olduğundan Məhərrəm Salehdən üzr istəyərək “əmi, bağışla” demişdir. Saleh də Məhərrəmə “çıxaq çölə, səni başa salacam” demişdir. Bundan sonra Məhərrəmlə Saleh söhbət etmək üçün kafedən küçəyə çıxmışlar. İlkin də Məhərəmlə Salehin arxasınca çıxmışdır. İlkin çıxdıqdan sonra o da həmin şəxslərin arxasınca küçəyə çıxmış və Salehin Məhərrəmin yaxasından tutub mübahisə etdiyini görmüşdür. X7 yaxınlaşdıqda Saleh İlkini möhkəm zərbə ilə vurmuşdur. İlkin aldığı zərbədən yerə yıxılmış və huşunu itirmişdir. O bunu görüb tez İlkinə yaxınlaşıb sonuncunu yerdən qaldıraraq kənarda dayanmış taksinin arxa oturacağına uzatmışdır. Sonra o, Məhərrəm ilə Salehin yanına qayıtmış və Məhərrəmi Salehin əlindən almaq istəmişdir. Həmin vaxt Saleh Məhərrəmi boğazından tutub söyüş söyürmüş. O, Salehə və Məhərrəmə yaxınlaşıb sonuncuları ayırmaq istədikdə Saleh sol əli ilə onun boğazından tutmuş və sıxmağa başlamışdır. O, Salehin əlindən çıxmaq istəsə də, Saleh onu və Məhərrəmi buraxmamış və onları boğmağa davam edirmiş. O da Salehin əlindən çıxa bilmədiyini görüb belindən düyməli, qatlanıb-açılan bıçağı çıxararaq onu və Məhərrəmi buraxması üçün bıçaqla Salehə iki dəfə zərbə endirmişdir. Bundan sonra Saleh onu və Məhərrəmi buraxmışdır. Onlar da tez taksiyə minib oradan uzaqlaşmışlar. Onlar oradan uzaqlaşdıqda Saleh də çıxıb yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs cavan, törətdiyi əməldən peşman olduğunu, törətdiyi cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətdiyini, ailə üzvlərinin və özünün dəfələrlə zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, lakin zərərçəkmiş şəxsin ondan pul istədiyini, onun isə zərərçəkmiş şəxsə vermək üçün pulunun olmadığına görə zərərçəkmiş şəxsin onunla barışmaqdan imtina etdiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri-Sulutəpə avtomobil yolunun kənarında yerləşən “555” adı ilə tanınan kafeyə getmişdir. O, həmin kafedə həmkəndlisi Zəkəriyyəni görüb sonuncu ilə bir masada oturub pivə içmişdir. Həmin gün saat təxminən 03:30 radələrində kafeyə onun tanımadığı bir neçə nəfər daxil olmuşlar. Həmin şəxslərin daxil olduğu vaxt o, kafedə oturduğu masadan qalxıb musiqiçilər olan tərəfə gedərkən kafeyə gələn tanımadığı şəxslərdən biri ilə çiyin-çiyinə toqquşmuşdur. Sonradan o, çiyin-çiyinə toqquşduğu şəxsin adının Məhərrəm olduğunu bilmişdir. O, Məhərrəmdən üzr istəmiş, lakin Məhərrəm onun əlindən tutaraq onu söhbət etmək üçün küçəyə çağırmışdır. O da Məhərrəmlə birlikdə küçəyə çıxmışdır. O, Məhərrəmlə küçəyə çıxdıqdan sonra kafenin qabağında sağ tərəfdə dayanıb Məhərrəmlə söhbət edən zaman birdən sol tərəfındən istilik hiss etmişdir. O, əli ilə sol tərəfini yoxladıqda, sol tərəfindən qan axdığını görmüş və bıçaqlandığını başa düşmüşdür. Bundan sonra o, oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxt o, Məhərrəmin və sonuncu ilə birlikdə kafeyə gələn şəxslərin yolun kənarında dayanmış avtomobilə oturaraq hadisə yerindən uzaqlaşdıqlarını görmüşdür. O da öz növbəsində oradan uzaqlaşmış və bir qədər piyada getdikdən sonra sol tərəfindən ağrı hiss etmişdir. O, sol tərəfindən ağrı hiss etdikdən sonra yolun əks tərəfində olan yanacaq doldurma məntəqəsi tərəfə getmişdir. O, yanacaq doldurma məntəqəsinə çatdıqda huşunu itirmiş və yerə yıxılmışdır. Sonra baş verənlər onun yadında qalmamışdır. O, özünə xəstəxanaya aparıldıqdan sonra gəlmiş və xəstəxanada olduğunu bilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək ifadəsində göstərdiklərinin nəzərə alınması və təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 03:00 radələrində “555” adlı kafedə oturub dostları ilə çay içirmiş. Bir qədər sonra kafeyə Məhərrəm, İlkin və Rüfət gəlmişlər. Məhərrəm, İlkin və Rüfət kafeyə daxil olduqdan sonra Məhərrəmlə Saleh adlı şəxs arasında anlaşılmazlıq olmuşdur. X6 arasında olan anlaşılmazlığın səbəbini o, bilməmişdir. Məhərrəm və Saleh söhbət etmək üçün küçəyə çıxmışlar. 10-15 dəqiqə sonra o və dostları küçədə səs-küy eşitmişlər və küçəyə çıxmışlar. Onlar küçəyə çıxdıqda o, Salehin Məhərrəmlə mübahisə etdiyini və X5 bir-birindən ayırmaq məqsədilə sonunculara yaxınlaşdığı zaman Salehin İlkinin çənəsinə yumruqla möhkəm zərbə endirdiyini görmüşdür. İlkin huşunu itirərək yerə yıxılmışdır. X12 boğazından tutaraq boğmağa başlamışdır. Həmin vaxt X8 əlindən almaq üçün sonunculara yaxınlaşmışdır. Saleh Rüfətin gəldiyini görüb Rüfətin də boğazından tutub boğmağa başlamışdır. Məhərrəm nə qədər Salehin əlindən qurtulmaq istəsə də, qurtula bilməmişdir. Saleh Rüfəti də boğduğundan Rüfət də Salehin əlindən çıxa bilməmişdir. X17 Məhərrəmi buraxmış və Rüfətlə Məhərrəm taksiyə minib getmişlər. O, həmin vaxt Rüfətin Salehi vurduğunu görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03:00 radələrində Rüfət və İlkinlə birlikdə pivə içmək üçün “555” adlı kafeyə getmişdir. Kafedə oturmağa yer olmadığına görə o, ayaq üstə dayanıb ətrafa baxırmış. O, Salehin harada oturduğuna fikir verməmişdir. O, üzünü çevirdikdə Salehin çiyni onun çiyninə dəymişdir. O, Salehin içkili olduğunu görüb sonuncuya “əmi, üzrlü sayın” demişdir. Saleh isə ona kafedə səs-küyün olduğunu bildirib onun nə dediyini eşitmədiyi üçün küçəyə çıxmağı bildirmişdir. Onlar küçəyə çıxmaq üçün pilləkənlərlə düşdükdə Saleh ilk öncə pilləkənlərlə qalxan şəxsi söymüşdür. O, Salehə sonuncunun söydüyü şəxsin yaşlı olduğunu bildirmiş və söyüş söyməməsini istəmişdir. Bu vaxt Saleh onu da söyməyə başlamışdır. Bundan sonra o da Salehi söymüşdür. Onlar küçəyə çıxdıqda Saleh onun yaxasından və boğazından tutmuşdur. İlkin gəlib onları ayırmaq istədikdə Saleh onu buraxaraq İlkini vurmuşdur. Saleh İlkinə elə güclü zərbə vurmuşdur ki, İlkin həmin zərbədən yerə yıxılaraq huşunu itirmişdir. O, İlkinin huşunu itirdiyini görüb Salehdən İlkini niyə vurduğunu soruşmuşdur. Bu vaxt Saleh yenə onun boğazından tutmuşdur. Bu dəfə Rüfət gəlib onları ayırmaq istədikdə Saleh Rüfətin də boğazından tutmuş və Rüfəti boğmağa başlamışdır. Bunu gürən Rüfət Salehə bıçaqla zərbə endirmişdir. Əgər Rüfət həmin vaxt Salehi bıçaqla vurmasaydı, bəlkə də Saleh Rüfəti buraxmadan boğacaqmış. Bundan sonra Saleh onları buraxmış və onlar taksiyə minib hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli götürmə haqqında protokoldan (cild İ, iş vərəqə 9) görünür ki, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd kəmər qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 10-11) görünür ki, həmin gün cinayət hadisəsinin törədildiyi yerə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev 2A, 2-ci küçə, 1 May yaşayış massivində yerləşən “555” adlı kafenin qarşısına baxış keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild İ, iş vərəqə 79) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsində şübhələr olduğuna görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild İ, iş vərəqə 80) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild İ, iş vərəqə 92-93) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-781/2019 saylı qərarı üzrə verilmiş çıxarışdan (cild İ, iş vərəqə 111) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübi və Tədris Birliyinin 545-MTKŞ/2019 nömrəli maddi sübutların ekspertizası rəyindən və ona əlavə edilmiş fotoşəkildən (cild İ, iş vərəqə 135-139) görünür ki, Zərərçəkmiş şəxs məxsus və ekspertiza tədqiqatına təqdim edilmiş 1 (bir) ədəd köynəyin ön səthi üzərində 2 (iki) ədəd və arxa üzərində 3 (üç) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsci alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs məxsus və ekspertiza tədqiqatına təqdim edilmiş 1 (bir) ədəd şalvarın və 1 (bir) ədəd kəmərin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübi və Tədris Birliyinin 813/2019-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyindən və ona əlavə edilmiş fotoşəkildən (cild İ, iş vərəqə 141-144) görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu B(İİİ)-dür. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, kəmər üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız В antigeni alındı. Beləlklə, bu qan ləkələri ABO sstemi üzrə B(İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübi və Tədris Birliyinin 2296 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə ekspertizası rəyindən (cild İ, iş vərəqə 131-133) görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsinin sol yarısının bayır səthində arxa qoltuqaltı xətt üzrə İX qabırğa səviyyəsində 1 (bir) ədəd daxilə nüfuz edən, diafraqmanı və dalağı zədələyən torakoobdominal deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısının bayır səthində arxa qaoltuqaltı xətt üzrə Vl qabırğa səviyyəsində 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yarası aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (alətin), ola bilsin bıçağın tiyəsinin deşici-kəsici təsirindən onun tibbi yardım üçün X14 gətirildiyi xx xxxxxxxx 2019-cu il tarixdə əmələ gəlmişdirlər, dərəcələrinə görə döş qəfəsinin sol yarısının bayır səthinin 1 (bir) ədəd daxilə nüfuz edən, diafraqmanı və dalağı zədələyən torakoobdominal deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsinin sol yarısının bayır səthində olan digər deşilmiş-kəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx xxxxxxxx 2019-cu il tarixdə bıçaqla vurulan zərbələr nəticəsində əmələ gələ bilərdilər. Həmçinin həmin rəyin təsviri hissəsindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 04:30 radələrində təcili tibbi briqadanın müşayiəti ilə ağır vəziyyətdə klinikaya gətirilmiş, həmin vaxt o, sərxoş olmuş, özünü ağılsız aparmış və tibbi personala hədə-qorxu gəlmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-33/2020 saylı qərardan (cild İ, iş vərəqə 166-168) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 2 (iki) ay müddətinə, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunlu ittihamın elan edilməsi haqqında qərardan (cild İ, iş vərəqə 171-172) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 449 saylı rəyindən (cild İ, iş vərəqə 208-209) görünür ki,Təqsirləndirilən şəxs ekspertiza keçirilən zaman hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmmamışdır. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlini faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild İ, iş vərəqə 211-218) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Şahid2 və Şahid1 əməllərində Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığına görə həmin şəxslərin barəsində cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 126.2.1, 126.2.4 və 221-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin olmadığı, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə qanunazidd hərəkətlər edərək münaqişə yaratmasına baxmayaraq, həmin münaqişə nəticəsində iştirak edən şəxslərə bədən xəsarəti yetirilmədiyindən, eləcə də hadisənin gecə saatlarında baş verməsi və hadisə vaxtı hər hansı şəxsə xəsarət yetirilməməsi səbəbindən Zərərçəkmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynəyin, 1 (bir) ədəd şalvarın, 1 (bir) ədəd kəmərin, hadisənin görüntüsünü əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması, 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması və Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynəyin, 1 (bir) ədəd şalvarın, 1 (bir) ədəd kəmərin saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlancına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X13 Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, biloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 üçü birlikdə pivə içmək məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev 2A, 2-ci küçə, 1 May yaşayış massivində yerləşən “555” adlı kafeyə getmişlər. Onlar kafeyə daxil olduqdan sonra Şahid2lə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Mübahisəyə səbəb Zərərçəkmiş şəxs çiyninin Şahid2 çiyni ilə toqquşması olmuşdur. Zərərçəkmiş şəxs cinayət hadisəsi baş verən gün “555” adlı kafedə spirtli içki içməsi, eləcə də onun çiyninin Şahid2 çiyni ilə toqquşması və bu toqquşma zamanı Zərərçəkmiş şəxs sərxoş olması cinayət işinin mübahisəsiz hallarıdır. Zərərçəkmiş şəxs məhkəmə istintaqında sərbəst şəkildə ifadə verərkən özünün Şahid2 üzr istədiyini bildirmişdir. Lakin məhkəmə istintaqında təqsirləndirilən şəxs və Şahid2 həm ifadələrində, həm də cinayət prosesinin iştirakçılarının suallarına cavab verərkən Zərərçəkmiş şəxs Şahid2 deyil, məhz Şahid2 Zərərçəkmiş şəxs üzr istədiyini ayrı-ayrılıqda bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxs və Şahid2 məhkəmə istintaqında bu hissədə verdikləri ifadələrinə tənqidi yanaşır və belə hesab edir ki, qeyd edilən şəxslər belə məzmunlu ifadə verməklə öz hərəkətlərinə haqq qazandırmaq istəmişlər. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş videogörüntüdən (cinayət hadisəsi baş verməmişdən əvvəl “555” adlı kafenin içərisini əks etdirən vörüntü) açıq aşkar görünür ki, Zərərçəkmiş şəxs çiyni Şahid2 çiyni ilə toqquşduqdan sonra Zərərçəkmiş şəxs Şahid2 qucaqlayaraq nəsə demiş, Məhərrəm isə Salehi küçəyə çağırmışdır. Zərərçəkmiş şəxs küçəyə çıxmaq istəməmiş, lakin Şahid2 Zərərçəkmiş şəxs qoluna girmiş və küçəyə çıxması ilə əlaqədar başı ilə Zərərçəkmiş şəxs işarə etmişdir. Zərərçəkmiş şəxs Şahid2 və ya Şahid2 Zərərçəkmiş şəxs, başqa sözlə, çiyin toqquşmasına görə kimin kimdən üzr istəməsi mübahisəli olsa da, bu hal məhkəmə istintaqında ətraflı araşdırılmışdır. Videogörüntüdən açıq aşkar görünür ki, çiyin toqquşmasına görə Zərərçəkmiş şəxs Şahid2 üzr istəmişdir. Zərərçəkmiş şəxs Şahid2 üzr istəməsinə baxmayaraq, Şahid2 çiyin toqquşmasına aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs küçəyə dəvət etmişdir. Bu hissədə məhkəmənin gəldiyini nəticəni təqzib edə biləcək heç bir hal məhkəmə istintaqında müəyyən edilmədi. Şahid2la Zərərçəkmiş şəxs küçəyə çıxdıqdan sonra İlkin, Rüfət və ibtidai istintaq orqanı tərəfindən şəxsiyyətləri müəyyən edilməmiş bir neçə şəxs onların arxasıyca küçəyə çıxmışlar. “555” adlı kafenin içərisində çəkilmiş və daha sonra cinayət hadisəsinin törədildiyi yeri əks etdirən videogörüntüdən göstərilən şəxslərin küçəyə çıxması görünsə də, kafenin qarşısında olan həyətdə onların hər birinin hərəkətlərinin ardıcıllığını və küçədə baş verən cinayət hadisəsinin ardıcıllığını məhkəmə istintaqında müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, cinayət hadisəsini əks etdirən videogörüntünün mövcud olmasına baxmayaraq, həmin hadisənin kimin hərəkətlərindən sonra başlamasını, cinayət hadisəsinin baş vermə üsulunu və mexanizmini, hadisənin başlanğıcını, davamını (gedişatını) və sona çatmasını həmin videogörüntü əsasında müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də cinayət hadisəsinin necə və hansı qaydada baş verməsinin müəyyən edilməsi ancaq cinayət hadisəsinin canlı şahidləri olan və məhkəmə istintaqında sərbəst şəkildə ifadə vermiş şəxslərin ifadələri əsasında müəyyən etmək olar. Şahidlərin məhkəmə istintaqında cinayət hadisənin necə baş verməsi barədə ifadələri təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi ilə üst-üstə düşdüyündən məhkəmə şahid ifadələrini şübhə altına alması üçün heç bir əsas görmür. Qeyd edilən şahidlərin ifadələrini və cinayət işində olan mötəbər sübutları məhkəmə istintaqında tədqiq edərək məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxsla Şahid2 küçəyə çıxdıqdan sonra onların arasında çiyin toqquşmasına görə sözlü mübahisə baş vermiş, həmin mübahisə nəticəsində Zərərçəkmiş şəxs Şahid2 boğazından tutmuşdur. Saleh Məhərrəmin boğazından tutduqdan sonra Məhərrəmin tanışı olan X10 əlindən almaq istəmiş və sonuncuları ayırmaq üçün onlara yaxınlaşmışdır. İlkin onları ayırmağa cəhd etdikdə Saleh qəflətən İlkinin çənəsinə zərbə endirmiş və nəticədə İlkin yerə yıxılmış, sonradan huşunu itirmişdir. Qeyd edilən hərəkətlər baş verənədək Təqsirləndirilən şəxs yaranmış mübahisəyə müdaxilə etməsi və ya mübahisədə hər hansı bir şəkildə aktiv hərəkətlər etməsi məhkəmə istintaqında müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs Şahid1 çənəsinə zərbə vurduqdan sonra İlkin aldığı zərbədən yerə yıxılaraq huşunu itirmişdir. Bunu görən Rüfət İlkinə yardım etmək istəmiş, bu məqsədlə o, İlkinə yaxınlaşmış və sonuncuya kömək etmişdir. Həmin vaxt Saleh Məhərrəmi boğmağa davam etdiyindən X8 əlindən almaq qərarına gəlmiş və bu məqsədlə Salehə yaxınlaşmışdır. Bu vaxt sərxoş və agressiv halda olan Saleh Rüfətin də boğazından tutaraq sonuncunu da boğmağa başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən çıxmağa cəhd etsə də, buna müvəffəq olmamışdır. Müvəffəq olmadığını görən Rüfət üzərində gəzdirdiyi bıçağı çıxararaq Salehə iki dəfə zərbə endirmişdir. Rüfət Salehi bıçaqladıqdan sonra X11 buraxmış və sonuncular hadisə yerindən qaçmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçaq zərbələrindən biri nəticəsində sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Yuxarıda qeyd edilən halları təhlil etdikdə belə nəticə hasil olunur ki, Təqsirləndirilən şəxs həmin gün hər hansı bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs xəsarət yetirmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs tanışı Şahid2 Zərərçəkmiş şəxs əlindən almaq üçün Salehə yaxınlaşdıqda Saleh daha da agressivləşmiş, Rüfətə qarşı da zor tətbiq etməyə başlamış və boğmağa başlamışdır. Zərərçəkmiş şəxs həmin gün sərxoş olması və ətrafda olan şəxslərə, o cümlədən tibb personalına qarşı agressiv olması həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 2296 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə ekspertiza rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəyin təsvir hissəsindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 04:30 radələrində təcili tibbi briqadanın müşayiəti ilə ağır vəziyyətdə klinikaya gətirilmiş, həmin vaxt o, sərxoş olmuş, özünü ağılsız aparmış, tibbi personala hədə-qorxu gəlmişdir. Bundan başqa, cinayət işi üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, hadisə baş verən vaxt Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə qanunazidd hərəkətlər edərək münaqişə yaratmış, lakin onun əməlində xuliqanlıq cinayətinin cinayət tərkibi olmadığına görə onun barəsində cinayət təqibinə xitam verilmişdir. Qeyd edilən qərara əsasən, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, Şahid2 və Şahid1 əməllərində Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmadığı, həmin şəxslər barəsində cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 126.2.1, 126.2.4 və 221-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin olmadığı, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynəyin, 1 (bir) ədəd şalvarın, 1 (bir) ədəd kəmərin, hadisənin görüntüsünü əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması, 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması və Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynəyin, 1 (bir) ədəd şalvarın, 1 (bir) ədəd kəmərin saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlancına verilməsi qərara alınmışdır. Cinayət işinə mahiyyəti üzrə məhkəmədə baxılanadək cinayət prosesinin tərəfləri cinayət işi üzrə çıxarılmış sübutların qiymətləndirilməsi barədə qərarı mübahisələndirmədiyindən və hal-hazırda sübutların qiymətləndirilməsi haqqında qərar qüvvədə olduğundan məhkəmə belə nəticəyə gəlir ki, sözügedən qərar hazırki iş üzrə əhəmiyyət kəsb edən sübut qismində çıxış edir. Qeyd edilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti məhz Zərərçəkmiş şəxs ona qarşı sərgilədiyi qanunsuz və zoraki hərəkət, yəni Zərərçəkmiş şəxs onu əsassız şəkildə boğması və zor tətbiq edilməsi nəticəsində törətmişdir. Qeyd edilən hal cinayət işinin mübahisəsiz hallarından birini təşkil edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayəti üzrə tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayəti məhz zərərçəkmiş şəxsin qanunsuz və zoraki hərəkətlərinin təsiri altında törətməsini, onun zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd etməsini, cavan olmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) və təqsirləndirilən şəxsin əməlində cızanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin məhz zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan və cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd kəmər məhv edilməlidir, cinayət hadisəsinin videogörüntüsünü özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan və cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd kəmər məhv edilsin, cinayət hadisəsinin videogörüntüsünü özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar