Məhkəmə qərarları › İş №1(101)-560/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-560/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-560/2021 03.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Konserv” zavodu yaxınlığında nömrəsiz evdə yaşamış, 17 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 15 avqust 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «Konserv» X3 yaxınlığındakı adsız küçədə Zərərçəkmiş şəxs göstərilən yataqxana sakinlərinin zibil tullantılarını küçəyə atması ilə bağlı irad bildirməsinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs fənn işlədərək onu yerə yıxdığına əsəbləşib, üzərində olan bıçaqla qəsdən sonuncunun qarın və sol qulaq nahiyələrinə zərbələr vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol qulaq seyvanının kəsilmiş yarası xəsarətini, qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsaq və nazik bağırsaq müsaqirəsinin və böyük piyliyin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 15 avqust 2020-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı evə doğru gedən zaman qonşuluqda yataqxanada yaşayan Elmarı görmüş, onunla söhbət zamanı yataqxana sakinlərinin küçəyə zibil atdıqlarını bildirmişdir. Bu vaxt Elmar heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamış və yaxasından tutaraq onu yerə yıxmışdır. Elmarın aıtından çıxa bilmədiyi üçün cibində olan mətbəx bıçağı ilə iki dəfə ona zərbə endirmişdir. Sonra Elmar onu buraxmış, ayağa qalxdıqda onun qarnından və qulağından xəsarətlər yetirdiyini görmüşdür. O, dərhal hərəkətlərini dayandırmış, həmin vaxt hadisə yerindən keçən və qonşuluqda yaşayan Hikmət adlı şəxs zaman Elmardan qan axdığını görüb nə baş verdiyini soruşmuş, o da, baş verənlər barədə Hikmətə bildirmişdir. Sonuncu, X8a, Elmar isə əmisinə zəng etmişdir. Elmarın əmisi gəldikdən sonra onlar 3 saylı şəhər Kliniki xəstəxanasına getmişlər. O isə, evə gedib əynindəki paltarları dəyişmiş və sonra xəstəxanaya getmişdir. Hadisə zamanı əynində olan paltarlar yararsız hala düşdüyü üçün onları yaxınlıqda olan zibil qutusuna atmışdır. Xəstəxanada olarkən polis əməkdaşları gəlmiş və o, özünü təqdim edərək, Elmara bıçaqla xəsarət yetirən şəxs olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onu Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin 14-cü polis bölməsinə aparmış və orada hadisə barədə izahatı alınmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hazırda Zərərçəkmiş şəxslə barışdığını və törətdiyi əməldən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 15 avqust 2020-ci tarixdə saat təxminən 19 radələrində yaşadığı yataqxananın yaxınlığında Elşadı görmüş, söhbət zamanı Elşad kobud şəkildə yataqxana sakinlərinin küçəyə zibil atmalarına etiraz etmişdir. O da, həmin yataqxanada yaşadığından Elşadla aralarında mübahisə baş vermiş və bu zaman Elşadın onu vuracağını güman edib yerə yıxmış və tərpənməyə icazə verməmişdir. Birdən qarın nahiyəsində bərk ağrı hiss etmiş, Elşadı özündən buraxarkən qulaq nahiyəsindən də ağrı hiss etmişdir. O, Elşadın əlində bıçaq olduğunu və Elşadın bıçaqla onun qarın və qulaq nahiyəsindən xəsarət yetirdiyini görmüşdür. Sonra Elşad hərəkətlərini dayandırmış, hadisə yerinə qonşuluqda yaşayan Hikmət gəlmiş və hadisə barədə onların hər ikisi Hikmətə danışmışlar. Hikmət X8a zəng etmiş, o isə, əmisi Namizətə məlumat vermişdir. Həkimlər hadisə yerinə gəlmiş, o, əmisi Namizətlə birlikdə X8 maşını ilə 3 saylı şəhər Kliniki xəstəxanasına getmiş və əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın təqsirləndirilən şəxsin qohumları tərəfindən ödənildiyini, hazırda Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayəti və iddia tələbi olmadığını bildirdi. Həmçinin zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qardaşı oğludur. 15 avqust 2020-ci il tarixdə saat təxminən 19 radələrində Elmar ona zəng edərək yataqxananın yaxınlığına təcili olaraq gəlməyini bildirmişdir O, dərhal Elmarın dediyi yerə getmiş, həmin vaxt orada Elmar, Elşad və qonşuluqda yaşayan Hikmət adlı şəxsin olduğunu görmüşdür. Elmar və Elşad aralarında mübahisə baş verdiyini və mübahisə zamanı Elşadın bıçaqla Elmara xəsarət yetirdiyini bildirmişlər. Təxminən 10-15 dəqiqə sonra X8 həkimləri gəlmiş, o, Elmarı 3 saylı şəhər Kliniki xəstəxanasına aparmış və orada Elmar əməliyyat olunmuşdur. Sonra Elşad da xəstəxanaya gəlmiş, oraya gələn polis əməkdaşlarına törətdiyi hadisəni etiraf etmiş və onlarla polis şöbəsinə getmişdir. Məhkəmə iclasında Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, 137 nömrəli orta məktəbin 9-cu sinif şagirdidir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlar hər ikisi onunla qonşuluqda yaşayırlar. 15 avqust 2020-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi X5 ailəvi yataqxanasına gedərkən bir nəfər şəxsin digər bir nəfər şəxsə yardım etdiyini görüb onlara yaxınlaşmış, həmin şəxslərin onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs və X7 olduğunu görmüşdür. O, nə baş verdiyini soruşduqda, Elşad ona bildirmişdir ki, Elmarla aralarında mübahisə düşmüş, Elmar fənd işlədib onu yerə yıxmış, o da, üzərində olan bıçaqla Elmarı vurmuşdur. Bundan sonra o, görmüşdür ki, Elmarın qarın nahiyəsindən qan axır. Dərhal mobil telefonu ilə X8 Stansiyasına zəng vurub məlumat vermişdir. Bundan sonra həmin yerə Şahid1 gəlmişdir. Təxminən 10-15 dəqiqə sonra TTYS-nın həkimləri gəlmişlər. Namizət və Elmar TTYS-nın həkimləri ilə onların avtomobilində xəstəxanaya getmişlər. O da, çıxıb evinə getmişdir (cild 1, iş vərəqi 126-127). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 11 dekabr 2020-ci il tarixli üzləşdirmə protoklundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, bu zaman tərəflər istintaqa vermiş olduqları ifadələrini bir-birilərinin üzünə qarşı demişdir (cild 1, iş vərəqi 163-164). İş materiallarına əlavə edilmiş 15 avqust 2020-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 20 radələrində 14 saylı X8 Stansiyasından həkim Rəhimova Bakı şəhəri, Sabunçu RPİ 14-cü Polis bölməsinə zəng edərək, Maştağa qəsəbəsi, X5 yanında yaşayan 17.05.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qarnının ön divarının kəsilmiş-deşilmiş yarası ilə müraciət etməsi barədə məlumat vermişdir. Məlumat həmin polis bölməsində Cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında 15 avqust 2020-ci il tarixlə, 1402 nömrə altında qeydiyyayta alınmışdır (cild 1, iş vərəqi 4). Cinayət işinə əlavə edilmiş 21 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və məlum olmuşdur ki, cinayət hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Konserv zavodu» ailəvi yataqxananın yaxınlığındakı adsız küçədə törədilmişdir (cild 1, iş vərəqi 87-88). Məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2020-ci il tarixli 1714 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsaq və naziq bağırsaq müsaqirəsinin və böyük piyliyin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, sol qulaq seyvanının kəsilmiş yarası müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda qeyd olunan 15.08.2020-ci il tarixə uyğun gəlir. Xəsarətlərdən qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsaq və nazik bağırsaq müsaqirəsinin və böyük piyliyin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır, sol qulaq seyvanının kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqi 98-100). Məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2020-ci il tarixli 16/1714 saylı rəyindən görünür ki:

1. vət. Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsaq və naziq bağırsaq müsaqirəsinin və böyük piyliyin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, sol qulaq seyvanının kəsilmiş yarası müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda qeyd olunan 15.08.2020-ci il tarixə uyğun gəlir. Xəsarətlərdən qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsaq və nazik bağırsaq müsaqirəsinin və böyük piyliyin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır, sol qulaq seyvanının kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər.

2. Lokalizasiya və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir.

3. vət. Zərərçəkmiş şəxs sol qulaq seyvanının sırğalığında aşkar edilmiş kəsilmiş yara kobud çapıqla ifadə olunmadığından, eləcə də sifətdə asimmetriya əmələ gətirmədiyindən sifətin silinməz xəsarəti hesab edilmir (cild 1, iş vərəqi 166-170). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 dekabr 2020-ci il tarixli 2387 nömrəli rəyindən görünür ki: - Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs müəyyən edilən «Üzvi mənşəli şəxsiyyət pozuntusu» ona ittiham olunan əməl dövründə kompensasiya vəziyyətində olduğu üçün o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. - Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, inadkarlıq, hövsələsizlik və s. kimi fərdi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 1, iş vərəqi 146- 148). Məhkəmə-tibbi kriminalistik ekspertizasının 04 dekabr 2020-ci il tarixli 601/2020-MTKŞ nömrəli rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin ön səthində solda 1 ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgüclü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici təsirindən törənə bilərdi;

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 1 ədəd deşilmişkəsilmiş zədə, onun bədənin qarının ön divarında 1 ədəd xəsarətlə nisbi olaraq uyğun gəlir (cild 1, iş vərəqi 150-151). Məhkəmə-tibbi bioloji ekspertizasının 07 dekabr 2020-ci il tarixli 940/2020-MTBŞ nömrəli rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu A (İİ)

2. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu 0 (İ)

3. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda A və H antigentləri alındı. Beləliklə həmin qan ləkələri ABO sistemi A beta /H/ (İİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (əgər onun qanında müşaiyətçi H antigenti varsa) (cild 1, iş vərəqi 152-156). İbtidai istintaq orqanının 12 dekabr 2020-ci il tarixli qərarından və həmin tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd açıq mavi ağ rəngli qısa qol köynək 3 saylı şəhər Kliniki xəstəxanasından götürülmüş və iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübüt kimi tanınaraq Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 171,173). Cinayət işinə əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin, həmçinin şəxsiyəət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə nikahından 17.04.2010-cu il təvəllüdlü Aydan Əliyeva, 14.07.2011-ci təvəllüdlü Nuray Əliyeva və 29.09.2015-ci il təvəllüdlü Aydın Əliyeva olmaqla üç azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 128-136). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 30 noyabr 2020ci il tarixli tələbnaməsindən və Kürdəmir rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli 1(041)- 78/2016 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancından 20% dövlət nəfinə pul tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 137- 144). Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin əməlindən peşman olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə hökmün çıxarıldığı tarixədək 8 ay 15 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun həbsdə saxlanıldığı 8 ay 15 gün təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı iddia tələbi və şikayətinin olmamasını və tərəflər arasında barışıq əldə edilməsini nəzərə alaraq onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dəyəri olmayan əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut - Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd açıq mavi ağ rəngli qısaqol köynək məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 17 avqust 2020-cı il tarixdən hökmün çıxarıldığı 03 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 8 (səkkiz) ay 15 (on beş) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd açıq mavi ağ rəngli qısaqol köynək məhv edilsin. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar