Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-560/2023 13.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1968-ci il tarixdə Masallı rayonu, Kəlbəhüseynli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2i evdə yaşamış, 13 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 14 sentyabr 2022ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 6,083 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni təmiz çəkisi 2,735 qram külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 13 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası DİN X7 Alayının 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən “Məmmədyarov dairəsi” adlanan dairənin yaxınlığında xidmət aparılarkən narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlayaraq daşımasında əsaslı şübhələr yarandığından saxlanılaraq, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis bölməsinə aparılmış, həmin polis bölməsində onun üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni 1 ədəd bükümdə təmiz çəkisi 6,083 qram olan həmin narkotik vasitə heroin və külli miqdarda, yəni 1 ədəd bükümdə təmiz çəkisi 2,735 qram olan psixotrop maddə metamfetamin onun əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və sərbəst ifadəsində, həmçinin proses iştirakçılarının suallarına cavab olaraq göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əsasən oğluna görə törətdiyi əməldən çox peşmandır. Belə ki, oğlu 8 ildir xüsusi təyinatlı kimi döyüş bölgəsində qulluq edir. Oğlu Qarabağ döyüşlərində iştirak etmiş, hazırda da Laçın dəhlizində xidmət edir. O, özü 5-6 ildir ki, narkotikdən istifadə edir, lakin heç vaxt, heç kimə narkotik vasitə satmamışdır. İbtidai istintaq zamanı ona qarşı heç bir təsir və təzyiq olunmamışdır. Üzərindən aşkar olunmuş heroin və metamfetamin ona məxsusdur. O, narkotik vasitə ilə bağlı tanımadğı şəxslə taksofon vasitəsilə zəng edib danışmışdır. Saxlanılarkən Elşən adlı şəxs onunla birlikdə olmuş, Elşən qonşunun oğlu olmuşdur. Həmin vaxt ucuz düşdüyü üçün narkotik vasitəni şəxsi istifadəsi üçün bir qədər çox almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 20 ilə yaxındır narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Onlar Bakı şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərində tanımadığı şəxslərdən almışdır. Şahid3 onun qonşusudur və onunla yaxşı münasibəti vardır. Şahid3 onunla eyni binada yaşayandan sonra onun da narkotik vasitə və psixotrop maddə qəbul etdiyini bildiyi üçün dəfələrlə Elşənlə birlikdə narkotik vasitə və psixotrop maddə alaraq öz evində qəbul etmişlər. 12 sentyabr 2022-ci il tarixdə o, Şahid3 iləəlaqə saxlayaraq narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuş, Elşən də onda olmadığını, bədənində ağrıları olduğunu, lakin pulu olmadığı üçün narkotik vasitə və ya psixotrop maddə ala bilmədiyini demişdir. Onun da bədənində ağrıları yaranmış, narkotik qəbul etmək istəmişdir. O, Abşeron rayonunda özündə olan kağıza yazdığı və bir neçə dəfə narkotik vasitə aldığı şəxsin mobil nömrəsinə taksofonla zəng etmiş və narkotik vasitə istədiyini bildirmişdir. Həmin şəxs onda narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. O, nə qədər olduğunu soruşduqda, həmin şəxs ona 110 manat dəyərində narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Həmin şəxs ona gecə saat 00:30 radələrində Maştağa qəsəbəsi, «Gülçülük» sovxozuna gəlməsini bildirmiş, o da, razılaşmışdır. Elşənə yenidən zəng edərək bu dəfə öz pulu ilə tanışından ala biləcəklərini, lakin növbəti dəfə onun pulu ilə almağı təklif etmiş, Elşən də razılaşmışdır. 12 sentyabr 2022-ci il tarixə keçən gecə saat 23:50 radələrində Elşənlə birlikdə tanımadığı taksi ilə Maştağa qəsəbəsində həmin şəxsin dediyi yerə getmiş, həmin şəxslə görüşmüş və ona 110 manat pul vermişdir. Həmin şəxs ona iki ədəd büküm verərək, birində 6 qram heroin, digərində 3 qram metamfetamin olduğunu bildirmişdir. O, həmin bükümləri əynindəki cins şalvarın sağ yan cibinə qoyub həmin şəxsdən ayrılmış və onu gözləyən Elşənə yaxınlaşıb 6 qram narkotik vasitə heroin, 3 qram psixotrop maddə metamfetamin aldığını demişdir. Onlar Elşənlə piyada hərəkət edərək taksi saxlatdırıb evə getməklə həmin narkotik vasitə psixotrop maddədən istifadə etməyi düşünmüşlər. 13 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Maştağa qəsəbəsində “Məmmədyarov dairəsi” adlanan yerdə piyada olarkən onlara Çevik polis alayının əməkdaşları yaxınlaşıb sənəd soruşmuş, o da, üzərində narkotik və psixotrop maddə olduğu üçün həyəcanlanmışdır. Onlar polis əməkdaşlarından yayınmağa çalışmış, lakin polislər onları 14-cü polis bölməsinə dəvət etmişlər. Onlar da həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis bölməsinə getmişlər. Orada vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları həmin narkotikləri kimdən, haradan və nə məqsədlə əldə etməsini soruşduqda, Maştağa qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 110 manata aldığını demişdir. Bundan sonra, üzərindən aşkar edilərək götürülmüş iki bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da, həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır (cild 1, iş vərəqi 158-161). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X7 Alayının 8-ci polis bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 13 sentyabr 2022-ci il tarixdə saat 01:00 radələrində polis serjantı Şahid2 ilə birlikdə Maştağa qəsəbəsi ərazisində yerləşən “Məmmədyarov dairəsi" adlanan yerdə xidmət apararkən iki nəfər şəxsin onları görən kimi istiqamətlərini dəyişdiklərini görmüş, onlara yaxınlaşıb şəxsiyyətlərini təsdiq edən sənədlərinin olub-olmamasını soruşmuşlar. Həmin şəxslər özlərini şübhəli apardıqlarına və heç bir sənədi olmadığına görə onları Sabunçu rayon Polis idarəsinin 14-cü polis bölməsinə aparmışlar. Bölmədə məlum olmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Şahid3dur. Xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd büküm çıxarıb təqdim etmişdir. Həmin bükümlərin birində narkotik vasitə heroinə bənzər, digərində isə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin birində heroin, digərində isə metamfetamin olduğunu, Maştağa qəsəbəsi, «Gülçülük» sovxozunda adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 110 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir ədəd “Samsung” markalı mobil telefonu da təqdim etmişdir. Aşkar edilmiş 2 ədəd büküm və mobil telefon qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və hamı tərəfindən imzalamışdır. Eyni qaydada digər şəxs Şahid3 da üzərində şəxsi axtarış aparılmış, lakin ondan qanunsuz hesab edilən heç nə aşkar edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN X7 Alayının 8-ci polis bölüyünün polis nəfəri Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan və tədqiq edilərkən, onun da 13 sentyabr 2022-ci il tarixdə saat 01:00 radələrində Maştağa qəsəbəsi ərazisində “Məmmədyarov dairəsi" adlanan yerdə xidmət apardıqları zaman Təqsirləndirilən şəxs və Şahid3 saxlanılaraq Sabunçu RPİ, 14-cü Polis bölməsinə gətirilməsi və orada şəxsi axtarışların keçirilməsində, bu zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddələrin aşkar olunaraq götürülməsində iştirak etdiyi, işin halları barədə Şahid1 məhkəmə iclasında verdiyi ifadə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild vərəqi, 120-123). Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs qonşusu kimi tanımış, hər ikisi narkotik istifadəçisi olduqlarına görə birlikdə narkotik vasitələrdən istifadə etmişlər. 12 sentyabr 2022-ci il tarixdə bədənində ağrıları olmuş, lakin narkotik vasitə tapa bilməmişdir. Sərraf onunla telefon əlaqəsi saxlayaraq bədənində ağrıları olduğunu demiş, onda narkotik vasitə olub-olmadığını soruşmuş, o da, olmadığını bildirmişdir. Bir qədər keçmiş Sərraf yenə ona zəng vurub bir nəfərlə danışdığını, ondan 110 manata heroin və metamfetamin alacağını demişdir. O, Sərrafa yenə də pulu olmadığını dedikdə, Sərraf ona bu dəfə özünün, gələn dəfə isə onun alacağını demiş, o da, Sərrafla razılaşmışdır. 12 sentyabr 2022-ci il tarixdə saat 23:50 radələrində Sərrafla bir taksiyə minib Maştağa qəsəbəsinə getmişlər. Taksidən düşdükdən sonra Sərraf sürücüyə pulunu verib yola salmışdır. Sərraf ona bir qədər kənarda gözləməyi demiş, özü isə həmin şəxslə görüşmüşdür. Çox keçmədən Sərraf onun yanına gəlib 6 qram heroin, 3 qram metamfetamin aldığını, tez oradan uzaqlaşmaq lazım olduğunu bildirmişdir. Onlar həmin yerdən uzaqlaşmış və taksi saxlatdırıb evə qayıtmaq istəmişlir. Artıq 13 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində “Məmmədyarov dairəsi” adlanan yerdə olarkən onlara polis əməkdaşları yaxınlaşıb şəxsiyyətlərini təsdiq edən sənədlərinin olub-olmadığını soruşmuş, onlar da Sərrafın üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış və polis əməkdaşlarından yayınmağa çalışmışlar. Polis işçiləri onları 14-cü polis bölməsinə dəvət etmiş, onnlar da etiraz etməyərək polis bölməsinə getmişlər. Bölmədə o, şübhəli şəxs kimi tutulmuş, üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunsuz heç bir əşya aşkar olunmamışdır. Sonra protokol tərtib edilmiş, o da, həmin protokolu imzalamışdır. Həmin vaxt o, şübhəli şəxs kimi tutulmuş, lakin təqsiri olmadığına görə iki gündən sonra buraxılmışdır. Şahid3 ifadəsinə görə, həmin vaxt polis işçiləri tərəfindən Təqsirləndirilən şəxs da üzərində şəxsi axtarış aparıldığını və bu zaman Maştağa qəsəbəsindən adını bilmədiyi şəxsdən aldığı 1 büküm heroinin və 1 büküm metamfetaminin aşkar olunaraq götürüldüyünü, bununla bağlı Sərrafın tutulduğunu bilmişdir. Onun özü demək olar ki, hər gün heroin və ya metafetamindən istifadə edir. Sərrafın da eyni qaydada narkotikdən istifadə etdiyini bilmişdir. Lakin nə o, nə də ki, Sərraf heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışlar. Demək olar ki, onlar Sərrafla hər gün bir yerdə olurlar və birlikdə narkotik vasitələrin qəbulu ilə məşğuldurlar. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin inzibati binasında Azərbaycan Respublikası DİN, X7 Alayının 8-ci patrul bölüyünün əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən, ona üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan 2 bükümü təqdim etmiş, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, digər 1 ədəd bükümdə isə narkotik vasitə heroin olduğunu, onları Maştağa qəsəbəsi, «Gülçülük» sovxozu adlanan yerdə adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 110 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin 2 büküm sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfə qablaşdırılıb götürülmüş, həmçinin Təqsirləndirilən şəxs 1 ədəd mobil telefon da aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq disk ilə birlikdə iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 27-29). Cinayət işində olan 24 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən diskə baxış keçirilmiş, bu zaman 13 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda göstərilənlərin diskdə olan görüntülərlə uyğun olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 113). Məhkəmə kimyəvi ekspertizasının 13 sentyabr 2022-ci il tarixli 6/5132 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,083 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 2,735 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş maddələr müxtəlif kimyəvi qruplara aid olduğundan eyniliklə bağlı sual cavablandırılmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 62-68). İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 noyabr 2022-ci il tarixli 6943 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 131-132). İşdə olan 29 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi protokolundan görünür ki,13 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş "HTC” markalı, Şahid3 üzərindən aşkar edilərək götürülmüş “General Mobile” və “Nokia” markalı mobil telefonlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 114). Cinayət işinə əlavə edilmiş 14 noyabr 2022-ci il tarixli 51472-1222 nömrəli məlktubdan görünür ki, əməliyyat tapşırığına cavab olaraq keçirilmiş zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini aldığı şəxsin şəxsiyyətinin, narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı Sabunçu RPİ-nin 14-cü Polis şöbəsinə məlumat daxil olmamışdır (cild 1, iş vərəqi 130). İbtidai istintaq orqanının 29 oktyabr 2022-ci il tarixli qərarından və 03 dekabr 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,735 qram olan psixotrop maddə metamfetamin və təmiz çəkisi 6,083 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,685 qram metamfetamin və 6,033 qram heroin, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş "HTC” markalı mobil telefon məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 124, 164). Cinayət işinə əlavə edilmiş İ-33957 nömrəli vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə X3 "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 12 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Baş idarənin statistik-informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 119). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək öz müdafiəsi üçün dəlillər gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olunmasını və oğlu Tural Hüseynovun Xüsusi Təyinatlı Qüvvələrin tərkibində İkinci Qarabağ müharibəsində iştirak etməsini və hazırda Laçın rayonu ərazisində hərbi xidmətdə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs oğlu Tural Hüseynovun müharibə iştirakçısı olmaqla Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri tərkibində İkinci Qarabağ müharibəsində iştirak etməsini və hazırda da Laçın rayonu ərazisində həmin qüvvələrin tərkibində hərbi xidmətini davam etdirməsini, həmçinin Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamasını, narkotik asılılığından əziyyət çəkməsinivə əməlindən səmimi peşman olmasını nəzərə alaraq, onun ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 13 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən təqsirləndirilən şəxs həmin tarixdə Sabunçu RPİ-in 14-cü Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 6943 nömrəli nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və müalicəyə əks göstərişi olmadığından ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,685 qram çəkidə psixotrop maddə metamfetamin və 6,033 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş "HTC” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 81 (səksən bir) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerində saxlanılmaqla ekspertiza tədqiqatından sonra qalıq qalan 2,685 qram çəkidə psixotrop maddə metamfetamin və 6,033 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş "HTC” markalı mobil telefon onun ailəsinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-560/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-560/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver