Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-560/2024 01.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X9 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 10,405 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 18 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə, saat 18:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq idarə etdiyi “Kia Forte” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 20:32-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qış gödəkçəsinin sağ iç cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrılıqda çəkiləri 5,730 qram və 4,675 qram olmaqla, ümumilikdə külli miqdar təşkil edən 10,405 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, arada narkotik vasitə olan marixuanadan istifadə etsə də, heç vaxt psixotrop maddə olan metamfetamindən istifadə etməmişdir. 13 mart 2023-cü il tarixdə, təxminən saat 18 radələrində ünvan 3 ünvanın yaxınlığında, iş yerindən çıxaraq idarə etdiyi “KİA Forte” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman ona tanımadığı şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onu maşını ilə birlikdə İdarəyə gətirmişlər. İdarədə onun üzəri yoxlanılmış, heç bir şey aşkar edilməmiş, bundan sonra onu 4-cü mərtəbəyə qaldırmışlar. Orada otaqlardan birində “rəis” deyilən bir nəfər ona təhqirlə “sən adam döyən çıxmısan, aparın bunu başa salın” demişdir. Həmin şəxsin qarşısında onun A4 formatlı kağızda şəkili, şəkilin üzərində isə mübahisəli olduğu iş yoldaşı Şahid4 adının, yəni “Şahid4” sözlərinin və sonuncuya məxsus telefon nömrəsinin qeyd olunduğunu görmüşdür. Şahid4la onun arasında pul ilə bağlı mübahisə olmuşdur. Belə ki, Fəridlə birlikdə bibisinə məxsus qızıl əşyaların oğurlanmasına görə məhkum olunmuş, Fərid bibisinə 5000 manat pulun qaytarılmasına söz versə də həmin pulu qaytarmamışdır. Ona görə də Fəridlə aralarında mübahisə olmuş, Fərid ondan Abşeron rayon Polis İdarəsinə şikayət etmişdir. “Rəis” deyilən şəxsin tapşırığına əsasən onu bir nəfər əməkdaş aşağı düşürmüş, otaqlardan birində sonradan adını bildiyi Şahid3 şkafdan iki bükülü çıxararaq onun qarşısına qoymuş və “sənindir, videoçəkilişdə təqdim edərsən” demişdir. O isə əvvəl etiraz etmiş, lakin ona fiziki və psixoloji təzyiq olduğundan razılaşmağa məcbur olmuşdur. Daha sonra videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşının ona verdiyi, məcbur olduğu üçün əynindəki qış gödəkçəsinin cibinə qoyduğu 2 ədəd bükülünü çıxararaq təqdim etmişdir. Həmçinin ona məxsus **-RH-*** qeydiyyat nişanlı, “Kia Forte” markalı avtomobilə də baxış keçirilmiş, avtomobilin saxlanc yerində məişətdə və təsərrüfatda istifadə olunan balta aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Tutulandan bir gün sonra həkim müayinəsindən keçirilmək üçün aparılsa da həkim tərəfindən müayinə edilməmişdir. Ondan analiz üçün sidik nümunəsi götürülmüşdür. Tutulmazdan təxminən 20 gün əvvəl toyda olarkən marixuanadan istifadə etmişdir. Mübahisəsi olduğu Şahid4 tanışı onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş, məhz onun şikayətinə əsasən saxlanılmışdır. Şahid4 ona həbs olunmamışdan təxminən bir həftə əvvəl “səni banditizmə çağıracaqlar” demiş, o tutulandan sonra isə ailə üzvlərinə “bu mənə elədiyinə görə oldu” demişdir. Onun üzərində heç bir narkotik maddə və ya psixotrop maddə olmamışdır. Heç bir cinayət əməli törətməmişdir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 13 mart 2023-cü il tarixdə ona qərəzsiz və mötəbər mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması, daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üstündə gəzdirməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkillər Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 13 mart 2023-cü il tarixdə, təxminən saat 18:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində olması müəyyən edilərək əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 18 ünvanına gedərək, orada əməliyyat mövqeyi seçilmişdir. Həmin ünvanda olduqları zaman, yəni 13 mart 2023-cü il tarixdə, təxminən saat 18:50-də Təqsirləndirilən şəxs məxsus **-RH-*** dövlət qeydiyyat nişanlı, “Kia Forte” markalı avtomobilin yol kənarında dayandığını, zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin həmin avtomobilin yanında olduğunu müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim edərək həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üstündə gəzdirməsi və daşıması barədə şübhəli olduğu bildirilərək DİN-in BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək, heç bir müqavimət göstərməyərək idarə etdiyi **-RH-*** qeydiyyat nişanlı, “Kia Forte” markalı avtomobillə İdarəyə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində təhqiqatçı Kənan Kərimli tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə özünün razılığı və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik maddə olduğunu bildirərək əynində olan ağ-qara rəngli qış gödəkçəsinin sağ, iç, yan cibindən 02 ədəd şəffaf sellofan bükülünü, həmin qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd avtomobil açarını çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa qeyri-qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlər açıldıqda içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri “metamfetamin” olaraq tanımasını, həmin maddələri təxminən iki gün əvvəl Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını, təxminən iyirmi gün əvvəl isə narkotik maddə olaraq tanıdığı “nəşə”dən istifadə etdiyini bildirmişdir. Bundan sonra sənədləşdirmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə də onun iştirakı ilə baxış keçirilmiş, avtomobilin yük yerindən sapı açıq şəkildə balta aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin baltanı təsərrüfatda istifadə etmək üçün avtomobilində saxladığını bildirmişdir. Avtomobildə başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, ona tərəflərindən narkotik vasitə verilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi “Fərid” adlı şəxsi tanımır, onunla bağlı hər hansı məlumata malik deyildir. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədi ilə özünü müdafiə xarakterli ifadə verdiyini düşünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 da Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxsla birlikdə “Gənclik” metrostansiyasının yaxınlığında qızıl alqı-satqısı ilə məşğul olmuşlar. Məmmədin bibisi Teyfənin mağazasından oğurluq olduğuna görə o və Məmməd tutulmuşlar. Teyfəyə dəymiş ziyanla bağlı Məmmədin təklifinə əsasən Teyfə ilə arasında 5000 manat borca görə notarial qaydada müqavilə bağlamışdır. Lakin həmin müqavilə üzrə heç bir ödəniş etməmişdir. 2023-cü ilin yanvar ayında həmin borca görə Məmmədlə mübahisəsi olmuş və Məmməd onu vuraraq ona xəsarət yetirmişdir. Bununla bağlı Abşeron rayon Polis İdarəsində şikayəti olsa da şikayətinə baxılmamışdır. O, şikayətinə baxan müstəntiqdən prokurorluğa, 102 xidmətinə, digər hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin nəticəsi olmamışdır. Xaricdə yaşayan və biznes fəaliyyəti ilə məşğul olan xalası oğlu Fəxrəddin həmin vaxt Bakı şəhərində olduğundan onunla söhbət zamanı şikayətinə baxılmadığını bildirmişdir. Fəxrəddin də ona “sən narahat olma, lazım olan orqanlara mən deyəcəm, özləri həll edəcəklər, sənə hansı orqandan zəng gəlsə oraya gedərsən” demişdir. Bir müddət sonra təxminən fevral ayının sonlarında ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən zəng edilərək İdarənin rəisi Əbülfət müəllim tərəfindən qəbul ediləcəyini bildirmişlər. Ona görə də həmin İdarəyə çağırılmışdır. İdarədə Əbülfət müəllim onu qəbul etmiş və şikayətini dinləmişdir. O da hadisəni danışmış, müstəntiqin işi düzgün aparmamasından şikayət etmişdir. Əbülfət müəllim də ona «ola bilməz axı o belə bir işə baxmasın. Yönləndirəcəyik, müstəntiq üçün də tədbir görəcəyik» demişdir. Sonra Əbülfət müəllim ona «sən get, lazımi tədbir görüləcək və iş də Abşeron rayon Polis İdarəsinə göndəriləcəkdir. Səni yaxın günlərdə Abşeron rayon Polis İdarəsindən dəvət edəcəklər» demişdir. Əbülfət müəllim “o, adamı qanun çərçivəsində cəzalandıracaqlar” demişdir. Sonra onun sözləri əsasında ərizə yazılmış, ərizədə olan hadisəni, yəni necə olmasını yazmış, müstəntiqin işə baxmamağını qeyd etmişdir. Əbülfət müəllimlə görüşəndən sonra heç bir yerə getməmiş, sonra ona ərizəsinin BMCMİ-dən Abşeron rayon Polis İdarəsinə göndərilməsi barədə məktub gəlmişdir. BMCMİ-dən məktub gələndə Məmməd hələ tutulmamışdır. Bundan sonra onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər, Məmməd bibisi ilə oraya gəlmiş, amma orada razılığa gələ bilməmişlər. Həmin vaxt artıq müstəntiq dəyişmişdir. Məmməd tutulana kimi bir neçə dəfə birlikdə Abşeron rayon Polis İdarəsinə getsələr də barışıq əldə edə bilməmişlər. Məmmədin ona yetirdiyi xəsarətə görə xəstəxanada olan zaman Məmmədin bibisi Teyfə onun yanına gələrək “xəstəxana xərclərini mən ödəyəcəm, sən şikayət etmə” demişdir. Lakin o razı olmamışdır. Məmməd narkotik vasitəyə görə həbs olunandan təxminən üçdörd gün sonra o bu barədə bilmiş və həmin vaxta qədər onunla barışmamışdır. Ona heç kim “sənə görə narkotiklə tutulubdur”, həmçinin o da kiməsə “Məmməd mənə etdiyinə görə tutuldu” sözlərini deməmişdir. O, heç vaxt Məmmədi hədələməmiş, həmçinin ona “səni banditizmə çağıracaqlar” kimi sözlər deməmişdir. Məmməd tutulduqdan sonra Məmmədin kürəkəni onun yanına gələrək bildirmişdir ki, “Məmmədi başqa şeyə görə həbs ediblər, amma əsas birinci sənin məsələndir. Gəl barışıq ver, iş işə qarışmasın” demişdir. Məmmədin kürəkəni həmçinin bildirmişdir ki, “Məmməd artıq Kürdəxanıdadır, amma sənin işinə görə Məmmədi Abşerona çağırırlar, barışıq olmalıdır ki, işi asan olsun”. O xəsarət aldığı üçün Məmmədin cəzalanmasını istəmiş, həmçinin ikinci şəxsin tapılmasını tələb etmişdir. Belə ki, Məmməd onu döyən zaman bir nəfər onları telefona çəkmişdir. O müstəntiq tərəfindən işinə düzgün baxılmamasından şikayət etmişdir. Məmməd tutulduğuna görə o Məmməddən şikayətçi olmamışdır, hazırda da münasibətləri normaldır, düşmənçilik etmir, amma dostluq da etmirlər. Teyfəyə ödəməli olduğu 5000 manatı isə notarial qaydada qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X12 tərəfindən tərtib olunmuş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən imzalanmış 13 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə narkotik maddə olduğunu bildirib, əynində olan ağ-qara rəngli qış gödəkçəsinin sağ, iç, yan cibindən 02 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etməklə masanın üstünə qoydu. Daha sonra Təqsirləndirilən şəxs əynində olan həmin qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd avtomobil açarını təqdim etməklə masanın üzərinə qoydu. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara ardıcıllıqla baxış keçirilməyə başlanıldı. İlkin olaraq onun təqdim etdiyi 01 ədəd avtomobil açarına baxış keçirildi. Avtomobil açarının üzərində “Kia” sözünün yazılması müəyyən olundu. Təqsirləndirilən şəxs bu açarın idarə etdiyi “Kia Forte” markalı, **-RH-*** qeydiyyat nişanlı avtomobilə aid olmasını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirildi. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldı. Bükümlərin içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri “metamfetamin” olaraq tanımasını, həmin maddələri təxminən 02 gün əvvəl Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən tanımadığı şəxsdən əldə etməsini, bu maddələrin onda maraq yaratmasını və gələcəkdə şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, təxminən 20 gün əvvəl də narkotik maddə olaraq tanıdığı “nəşə” adlı maddədən istifadə etdiyini, üstündən aşkar olunmuş maddələri heç kimə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını, həmçinin idarə etdiyi avtomobildə narkotik maddə olmasa da, 01 ədəd balta olmasını, həmin əşyanı hər hansı qanunsuz məqsədlə avtomobilində daşımadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırıldı. Daha sonra həmin kağız zərf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd avtomobil açarı isə onun özünə geri qaytarıldı. Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Forte” markalı, **-RH-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdi. Şəxsi axtarış və götürmə axşam vaxtı, süni işıqlandırma şəraitində aparıldı, saat 20:32-də başlandı, 20:48-də başa çatdırıldı. Şəxsi axtarış, baxış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı (cild 1, i/v 27-29). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X12 tərəfindən tərtib olunmuş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən imzalanmış 13 mart 2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edildi ki, idarə etdiyi “Kia Forte” markalı, **-RH-*** qeydiyyat nişanlı avtomobilində narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Forte” markalı, **-RH-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər gizlədib saxlamadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi “Kia Forte” markalı, **-RH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Belə ki, qeyd olunan avtomobilin ilk öncə sol, ön, yan qapısı Təqsirləndirilən şəxs tərəfindən açıldı. Avtomobilin qabaq salonundan 01 ədəd mobil telefon aşkar edilərək götürüldü. Qeyd olunan mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs telefonun ona məxsus olmasını, telefonda ***- ***-**-** saylı mobil nömrəsinin olmasını bildirdi. Mobil telefonun “Samsung” markalı olması müəyyən edildi. Mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldü. Daha sonra avtomobilin arxa, sol yan qapısı açıldı. Bu hissədən 01 ədəd əski parçası, 01 ədəd sellofan paketdə ət məhsulu olması aşkar edildi. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün ət məhsulu və əski parçası götürülmədi. Daha sonra avtomobilin baqaj hissəsinə baxıldı. Baqaj hissədən Təqsirləndirilən şəxs 01 ədəd sellofan paketdə olan 01 ədəd baltaya bənzər dəmir predmeti təqdim etdi. Həmin dəmir predmetin tutacaq hissəsi taxta materialdan, kəsici hissəsi isə qara və qəhvəyi rəngli metaldan ibarət idi. Təqsirləndirilən şəxs bu aləti həyətyanı sahələrdə istifadə etmək üçün avtomobilinin baqaj hissəsində daşımasını bildirdi. Daha sonra həmin baltaya bənzər dəmir predmet qablaşdırıldı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Daha sonra avtomobilin arxa, sağ yan tərəfində baxış keçirildi. Bu hissədən şübhəli əşya və ya predmet aşkar edilmədi. Daha sonra avtomobilin qabaq, sağ yan tərəfinə baxış keçirildi. Bu zaman qeyd olunan hissədən avtomobilə məxsus 02 ədəd etibarnamə və 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi aşkar edilərək iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldü. Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Forte” markalı, **-RH-*** qeydiyyat nişanlı avtomobilə baxış axşam vaxtı suni işıqlandırma şəraitində keçirildi. Baxış keçirilməsi 13 mart 2023-cü il tarixdə saat 21:50-də başa çatdı. Baxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı (cild 1, i/v 33-35). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD formatlı disklərə baxış keçirilmiş və baxış zamanı 13 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və 13 mart 2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollarda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1555 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən ...” sözləri yazılmış zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,675 qr., 5,730 qr., ümumi təmiz çəkisi 10,405 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət mddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 25 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 10,405 qr, tədqiqata sərf edildi – 0,100 qr, 10,305 qr. qalıq qalmışdır (cild 1, i/v 51-53). - “Maddi sübut hesab edilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 10,305 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 121-122). - "xxxx" MMC-nin 7614 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd CD formatlı diskə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən 7614 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd balta cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır (cild 1, i/v 195-210). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 1501 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 100-101). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 28 mart 2023-cü il tarixli, 1044/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan Heroin və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edildi. Barnitur turşusu törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (cild 1, i/v 162-164). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 3/481 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd predmet kustar üsul ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı baltadır, üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir, istifadəyə yararlıdır və soyuq silah hesab edilmir (cild 1, i/v 166-167). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X20 xx.xx.2023-cü il tarixli, 288 nömrəli sağlamlığa zərər vurmanın təyininə dair ekspert rəyindən görünür ki, 14 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (cild 1, i/v 176-177). - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və həmin tarixli protokoldan, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 351/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 4(005)-1047/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin 15 mart 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, məhkəmənin 11 iyul 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin uzadılmasından imtina edilmiş, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 18, 19, 113-117, 261-265). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir (cild 1, i/v 182-183). - Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən, 13-16/140 nömrəli, 13- 16/141 nömrəli, 06 aprel 2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yerləşən C.ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi anası X2 (xx.xx.1950), arvadı X3 (xx.xx.1988), qızı X4 (xx.xx.2013), oğlu X5 (xx.xx.2015) ibarətdir. Yaşadığı dövrdə nümayəndəliyə onun barəsində heç bir inzibati orqanlardan və qonşular tərəfindən ərizə, şikayət daxil olmamışdır (cild 1, i/v 171-173). - Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X8 tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Şahid4 ilə barışdığını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetamin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan külli miqdarda əldə edib saxlayaraq daşıması özü tərəfindən inkar edilsə də, məhkəmə icraatında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə Şahid4 ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifadəsi Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlinə aidiyyatı olmamaqla bu hadisədən əvvəl aralarında olmuş və barışıqla xitam edilmiş cinayət təqibi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində mübahisəsi olduğu Şahid4 tanışının onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etməsini, məhz onun şikayətinə əsasən saxlanılmasını, Şahid4 ona həbs olunmamışdan əvvəl “səni banditizmə çağıracaqlar”, o tutulandan sonra isə ailə üzvlərinə “bu mənə elədiyinə görə oldu” deməsini bildirsə də bu hal məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında ifadə verən əlavə Şahid4 ifadəsindən Təqsirləndirilən şəxs deyil, ona yetirilmiş xəsarətlərə görə müraciətinə baxılmaması ilə bağlı müstəntiqdən müxtəlif orqanlara, həmçinin BMCMİ-nə şikayət etməsi, Məmmədin onu vurmasına görə tutulmasını sonuncunun yaxınlarına deməməsi, eləcə də Məmmədə “səni banditizmə çağıracaqlar” kimi sözlər deyərək hədələməməsi, Təqsirləndirilən şəxs tutulmazdan əvvəl onların arasında hər hansı barışığın məhz onun tərəfindən olmaması, Təqsirləndirilən şəxs tutulandan sonra isə onun yaxınlarının təklifi ilə işinin ağırlaşmaması üçün barışması müəyyən olunur. Məhkəmə həm Təqsirləndirilən şəxs, həm də əlavə Şahid4 ifadələrinə müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhz Şahid4 şikayətinə görə polis əməkdaşları tərəfindən qanunsuz tutulması nəticəsinə gəlmək mümkün deyildir. Bundan əlavə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilən zaman üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini 02 bükümdə tanımadığı şəxsdən ümumlikdə 100 manata aldığını, ona yenidən ittiham elan edildikdən sonra isə üzərinə baxış keçirilən zaman heç bir narkotik və ya psixotrop maddənin aşkar edilmədiyini, polis idarəsində tanımadığı, anket məlumatlarını bilmədiyi mülki geyimli şəxs tərəfindən ona təqdim edildiyini, psixoloji təzyiq altında olduğu üçün deyilənlərlə razılaşdığını bildirmişdir. Göründüyü kimi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilən zaman Şahid4la bağlı ifadə verməmiş, ümumiyyətlə məhkəmə istintaqı zamanı qaldırdığı bu xüsusata ibtidai istintaq dövründə toxunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilən zaman, eyni zamanda şübhəli şəxs qismində dindirilərkən əynində olan ağ-qara rəngli qış gödəkçəsinin sağ, iç, yan cibindən 02 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etməklə həmin bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri “metamfetamin” olaraq tanımasını, həmin maddələri təxminən 02 gün əvvəl Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən tanımadığı şəxsdən ümumilikdə 100 manata əldə edərək gələcəkdə şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın ədalətli məhkəmə araşdırılması hüququna dair 6-cı maddəsinin 3(c) yarımbəndi təqsirləndirilən şəxsə qarşı məhkəmə icraatının müdafiə hüququ adekvat şəkildə təmin edilmədən həyata keçirilməsinin qarşısının alınmasına yönəlmiş olsa da, məhdudiyyətsiz müdaxilə arqumentinin istifadəsini təmin etmir. Həmin hüquqdan istifadə edən zaman bilərəkdən cinayət mühakimə icraatında iştirak edən şahid və ya hər hansı başqa şəxsin cəzalandırılmalı olan davranışı haqqında yalan məlumat verilməsi halında təqib edilə bilməyəcəyini düşünmək cinayət törətməkdə ittiham olunan şəxslərin müdafiə hüququ anlayışını həddindən artıq şişirtmiş olardı (Brandstetter Avstriyaya qarşı iş üzrə 28 avqust 1991-ci il tarixli Qərar). Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 13 mart 2023-cü il tarixli qərarın qanuna uyğunluğu məhkəmə nəzarəti qaydasında yoxlanılmış və Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 5(005)-530/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərarı ilə həmin qərar qanuna uyğun hesab edilmişdir. Məhkəmə qeyd olunanları hərtərəfli, tam və obyektiv təqdiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi özünü müdafiə xarakter daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbs olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 81 (səksən bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİnin Maddi sübutları saxlama yerinə təhvil verilmiş ümumilikdə qalıq çəkisi 10,305 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Novruz Məmmədovun üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 1 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən 7614 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD formatlı disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı mobil telefonun və 01 ədəd baltanın sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və təqsiri sübuta yetirilmiş ittihamla əlaqəsi olmadığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 3/481 nömrəli rəyi üzrə ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmamalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş ümumilikdə qalıq çəkisi 10,305 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Novruz Məmmədovun üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 1 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən 7614 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı mobil telefonun və 01 ədəd baltanın sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-560/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-560/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver