Məhkəmə qərarları › İş №1(101)-560/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-560/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-560/2025 05.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1993-cü il tarixdə Yardımlı rayonunun Əfçədulan kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 02 avqust 2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yardımlı rayonu, Əfçədulan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən nömrəsiz evdə yaşamış, 02 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 03 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 01 fevral 2024-cü il tarixdə saat 04 radələrində ünvan 1 ünvanında yerləşən "Bravo" marketin yaxınlığında ona yanaşaraq Albalılıq qəsəbəsinə necə gedə biləcəyi barədə məlumat almaq istəyən Zərərçəkmiş şəxs yolun əks istiqamətinə keçməklə qeyd olunan ünvana gedə biləcəyini bildirmiş, cinayətkar niyyətini reallaşdırmaq məqsədilə yolun əks istiqamətinə keçən sonuncunun arxasınca gedərək ətrafda kimsənin olmamasından istifadə edib hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs silah qismində istifadə edilən müəyyən edilməyən bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq etmək hədəsi ilə bağlı olan basqın edib, sonuncunun cibindən 2.500 manat pulu talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs 2.500 manat maddi ziyan vurmaqla qulduqluq etmişdir. Bundan başqa, o, məlum olmayan vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 4,660 qram ağ rəngli kristalşəkilli kütlə - kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, 1 ədəd bükümdə təmiz çəkisi 3,599 qram qəhvəyi rəngli maddə kütləsi - kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, 02 fevral 2024-cü il tarixdə saat 00:55-də həmin yerdə Zərərçəkmiş şəxs qarşı törədilmiş cinayət hadisəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Sabunçu RPİ, 13-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, 13-cü Polis şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,660 qram ağ rəngli kristalşəkilli kütlə - kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 3,599 qram qəhvəyi rəngli maddə kütləsi - kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, CM-nin 181-ci maddəsi ilə verilmiş ittihamı qəbul etmir və özünü təqsirli bilmir. Belə ki, o, quldurluq cinayətini törətməmişdir. Bu hadisə ilə bağlı ortada nə videogörüntü, nə də ki, bıçaq yoxdur. Narkotiklə bağlı verilən epizodda isə o, etiraf edir ki, narkotiklərin istifadəçisidir. Üstündən aşkar olunan narkotik vasitələr də onun özünə məxsusdur. Həmin narkotikləri Novxanıda tanıdığı bir nəfərdən öz istifadəsi üçün almışdır. Bir gün də Bakıxanov qəsəbəsində olarkən polis əməkdaşları onu tutub polis bölməsinə aparmış, orada üstünə baxış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Onun üzərinə baxış videoçəkilişlə aparılmışdır. Narkotik vasitələri tanışı Asif adlı şəxsdən öz istifadəsi üçün almışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs adlı şəxsi tanımır. O, ittiham aktını oxuyanda həmin adamın adını görmüşdür. Lakin həmin işlə bağlı ittihamda yazılanları qəbul etmir. Orada «Bravo» adlı market var, onun kameralarına baxılsa, həmin vaxt orada olmadığı öz təsdiqini tapar. Hadisənin baş verdiyi qeyd olunan 01 fevral tarixdə o, Masazırda oteldə olmuşdur. Həmin otelə öz tanışı Rəqsanə adlı şəxslə getmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və münasibəti olmamışdır. Sadəcə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi, “Bravo” marketin yaxınlığında olmuş, həmin vaxt həqiqətən də Zərərçəkmiş şəxslə görüşmüşdür. Lakin ona bıçaq çıxararaq 2500 manat pulunu ələ keçirməmişdir. Qeyd olunan tarixdə “Bravo” marketlə üzbəüz yerləşən ağaclıq hissədə Zərərçəkmiş şəxslə pul müqabilində cinsi əlaqədə olmuşdur. Belə ki, Mais ayaq üstündə dayanmış, o isə, dizi üstündə dayanaraq Zərərçəkmiş şəxs oral yolla intim münasibət göstərmişdir. Həmin vaxt Maisin şalvarı yerdə olmuş və o da, dizi üstündə sonuncuya oral yolla intim münasibət göstərərkən əlləri ilə onun yerdə olan şalvarının ciblərini axtarmağa başlamışdır. Həmin vaxt Maisin cibində pul olmasını görmüş, həmin pulları gizlincə götürmüşdür. Sonra isə Maisi orqazma çatdırmış və ayrılmışlar. Maisdən aralaşan kimi pulları saymış və orada təxminən 700-800 manat pul olmasını görmüşdür. Həmin pullarla da özünə üzərindən aşkar edilmiş narkotik vasitəni almışdır. Məsuliyyətə cəlb olunmamaq üçün ilkin olaraq Zərərçəkmiş şəxs ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxslə intim münasibətdə olarkən onun cibindən 700-800 manat pulunu çıxarmış, lakin ona heç bir bıçaq çıxarmamış və hədə-qorxu gəlməmişdir. Həmin vaxt da Maisin cibində 2500 manat pulu olmamışdır. Kişilər cinsi azlıqla intim münasibətdə olmalarını özlərinə guya təhqir kimi hesab edirlər. Bu səbəbdən də Mais özündən uydurmuşdur ki, guya ona bıçaq çıxarıb hədələməklə 2500 manat pulunu ələ keçirmişdir. Belə ki, Mais onunla intim münasibətdə olmasını etiraf etmək istəmir. Həmçinin pulun 2500 manat olmasını da şişirdir. Pulu ifadəsində qeyd etdiyi kimi, Zərərçəkmiş şəxslə oral yolla intim münasibətdə olarkən götürmüşdür. Həmin vaxt da səhv etmirsə, Maisin cibində 700-800 manat pul olmuşdur. Özü cinsi azlıq nümayəndəsidir, Bakı şəhəri, Sabunçu rayonu, R.Rüstəmov küçəsində “Bravo” supermaketin yaxınlığında müştəriləri ilə cinsi əlaqədə olur. Adətən də, göstərilən ünvana gecə saatlarında gedir. xx.xx.2024-cü il tarixdə də həmin ünvanda olmuş, bu barədə göstərilənləri mübahisələndirmir. Lakin heç kimə bıçaq çıxarmamış və hədə-qorxu gəlməmiş, həmçinin də heç kimin 2500 manat pulunu ələ keçirməmiş, bununla bağlı barəsində göstərilənlər yalandır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, o, uzun müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən və “patı”, “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən iyləmək yolu ilə istifadə edir. İstifadə etdiyi müddətdə narkotik vasitələr və psixotrop maddələri tanımadığı müxtəlif şəxslərdən almışdır. Həmin şəxslərin heç bir əlaqə vasitələri və anket məlumatları barədə məlumatı yoxdur. xx.xx.2024-cü il tarixdə saat 00:55 radələrində Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində olarkən iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğu üçün polis əməkdaşlarından yayınmaq istəmişdir. Bu zaman polis əməkdaşları onu saxlayıb şəxsiyyəti barədə məlumat soruşmuşlar. Polis əməkdaşlarının suallarına cavab verməkdən yayınaraq onlardan aralanmaq istəyərkən polis əməkdaşları onu saxlayıb 13cü PŞ-nə gətirmişlər. Polis şöbəsində polis əməkdaşları ona bildirmişlər ki, Sabunçu RPİ, 13-cü PŞ-nin inzibati ərazisində vətəndaş Zərərçəkmiş şəxs pulunun ələ keçirilməsində şübhəli bilindiyi üçün şöbəyə gətirilmişdir. Bundan başqa, saxlanılarkən polis əməkdaşlarında onun narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyi ilə bağlı da şübhələr yaranmışdır. Bu səbəbdən də təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Ərizə ilə müraciət edərək üzərinə keçirilən şəxsi axtarış zamanı vəkilin iştirak etməməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı ona edilmiş təklifdən sonra əynində olan tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 055 ***-**-** nömrəsi ilə istifadə etdiyi bir ədəd «Samsung» markalı mobil telefon, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən isə 338 manat pulu, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş iki ədəd bükümü təqdim etmişdir. Həmin bükümlərin birinin içərisində “metamfetamin”, digərinin içərisində isə “heroin” olmuşdur. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, içərisində şəffaf kristalik maddə olan büküm “şüşə”, “patı” kimi tanıdığı metamfetamin, içərisində tünd qəhvəyi rəngli maddə olan büküm isə “heroin”dir. Həmin heroin və metamfetamini özü istifadə etmək üçün xx.xx.2024-cü il tarixdə axşam saatlarında Novxanı qəsəbəsində üzdən tanıdığı adını Asəf kimi bildiyi, lakin ünvanını, əlaqə vasitəsini bilmədiyi, şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən 200 manata almış və üzərində saxlamışdır. Üzərindən aşkar edilən bir büküm metamfetamin və bir büküm heroin polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış, zərfi özü imza etmişdir. Həmçinin bir ədəd Samsung markalı mobil telefon və 338 manat pul götürülmüş, bununla bağlı protokol tərtib edilmiş, o da, həmin protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Diskə baxış keçirilərkən aşkar edilmiş sms mətnləri ilə tanış olaraq bildirmişdir ki, cinsi azlıq olduğuna görə cinsi əlaqədə olmaq istəyən müştərilərinə özünü Dəniz kimi təqdim edir, Dəniz onun ikinci adıdır. 070 ******* saylı mobil nömrə Musa adlı tanışına məxsusdur, ondan aylıq ödəmək şərtilə televizor almış, televizorun pulunu tam ödəyə bilmədiyindən, sonuncu onu polisə verməklə qorxutmuşdur ki, pulu ödəsin. O da, pulu ödəyə bilmədiyindən televizoru özünə qaytarmışdır, bununla bağlı heç yerdə araşdırma aparılmamışdır. ********** saylı mobil nömrənin sahibinin kim olması və yazışmaların məzmununu xatırlamır. ********** saylı mobil nömrədən daxil olmuş sms mətnində tanışı ondan kola içkisi istəyir, yəqin ki, o da sonuncu üçün kola almış, o da, pulunu ödəmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur (cild 1, iş vərəqi 264-268). Elan olunmuş ifadə ilə bağlı suallara cavab verən Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, ifadədə narkotiklərlə bağlı yazılanların doğru olduğunu, lakin digər epizodla bağlı yazılanları təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 01 fevral 2024-cü il tarixdə saat təxminən 01 radələrində metronun “Koroğlu” stasiyasının yaxınlığında olmuş, oradan rayonu Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə gəlmişdir. Təxminən 3 saata yaxın kafedə olmuş və 3 litr pivə içmişdir. Gecə saat 04 radələrində kafedən çıxıb yaxınlıqdakı “Bravo” marketin qarşısına gəlmiş, əvvəllər tanımadığı bir nəfərdən yaşadığı Albalılıq qəsəbəsinə necə gedə biləcəyini soruşmuşdur. Həmin şəxs ona yolun əks tərəfinə keçməyi təklif etmiş, oraya keçərkən həmin şəxs də onun arxasınca gəlmişdir. Orada tanımadığı şəxs cibindən bıçaq çıxarıb qarın nahiyəsinə dirəmiş, onu ağaclıq hissəsinə keçirmişdir. Şəxs əlindəki bıçağı onun qarın nahiyəsinə dirəyərək ona pul verməyi, əks halda onu bıçaqlayacağını bildirmişdir. Sonra isə həmin şəxs digər əlini onun sağ cibinə salıb cibində olan 2500 manat pulunu götürmüş və dərhal hadisə yerindən qaçmışdır. O da, dərhal DİN-in «102» xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Onun «Unibank»da əvvəl krediti olmuş, həmin kreditin bir hissəsini ödəmiş, bir hissəsi isə ödənilməmişdir. xx.xx.2024-cü il tarixdə də həyat yoldaşı Lətafətin adına «Unibank»dan 14000 manat kredit götürmüş, ilkin kredit üçün 9000 manat ödəmiş, 5000 manat isə özündə qalmışdır. Həmin pulun 2500 manatını ailəsinə xərcləmiş, 2500 manat isə özündə olmuşdur. xx.xx.2024-cü il tarixdə üzərində olan 2500 manat pul həmin kredit götürdüyü puldan qalıq qalmış 2500 manat olmuşdur. 01 fevral 2024-cü il tarixdə Lerik rayonuna atasının evini təmir etdirmək üçün getmək məqsədilə həmin pulu üzərində saxlamışdır. Lakin həmin hadisə baş verdiyinə görə rayona gedə bilməmişdir. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid - Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsi, 13-cü Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, 02 fevral 2024-cü il tarixdə saat 00:55 radələrində 13-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ərazidə törədilmiş quldurluq cinayəti ilə əlaqədar xidmətdə olmuşlar. Belə ki, bir gün əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində baş vermiş quldurluq hadisəsi ilə bağlı onun icraatına əməliyyat tapşırığı daxil olmuş, onlar həmin tapşırığın icrası ilə bağlı cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanının qarşısında saxlamışlar. Ona polis əməkdaşı olduqlarını, onun 01 fevral 2024-cü il tarixdə Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində baş vermiş quldurluq hadisəsində və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 13-cü Polis şöbəsinə gətirmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs bir ədəd «Samsung» markalı mobil telefonu, 338 manat pulu və cibindən iki ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmişdir. Bükümlərə baxış keçirilən zaman bir bükümün içərisində şəffaf rəngli kristal formada olan maddə, digərinin içərisində isə tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin «kakos» və «patı» olduğunu, həmin maddələri 01 fevral 2024-cü il tarixdə Novxanı qəsəbəsində üzdən tanıdığı Asəf adlı şəxsdən 200 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilən 2 ədəd büküm bir ədəd kağız zərfə qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 13-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 02 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, 13-cü Polis şöbəsinin inzibati binasına gətirilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroin və psixotrop maddə metamfetamininin aşkar edilərək götürülməsi tədbirində iştirak etdiyini bildirib, həmkarı Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Mais əvvəllər «Unibank»dan kredit götürüb müəyyən bir hissəsini ödəmiş, 9000 manat isə banka borcu qalmışdır. Maddi durumları aşağı olduğundan evin ehtiyaclarını ödəmək məqsədilə Mais onun adına kredit götürmək istədiyini bildirmiş, o da, razılaşmışdır. 17 yanvar 2024-cü il tarixdə Maislə birlikdə «Unibank»ın Mərdəkan qəsəbəsində fəaliyyət göstərən filialına gedərək onun adına 14000 manat kredit götürmüşlər. Həmin puldan 9000 manatını Mais köhnə kreditini bağlamaq üçün banka ödəmiş, yerdə qalan 5000 manat puldan isə təxminən 2500 manat pulu evin tələbatlarına və digər şəxsi məsələlərlə bağlı xərcləmişlər. Mais atasının evini təmir etdirmək üçün Lerik rayonuna atasının evinə gedəcəyini bildirmişdir. 01 fevral 2024-cü il tarixdə Mais işdən çıxdıqdan sonra Lerik rayonuna gedəcəyini bildirib bankdan onun adına götürdükləri puldan qalıq qalmış 2500 manat pulu ata evini təmir etmək məqsədilə götürərək cibinə qoyub evdən çıxmışdır. Axşam Mais onunla əlaqə saxlayıb işlərinin çox olduğunu, rayona gedə bilmədiyini bildirmişdir. Həmin gün gecə Mais evə gəlməmişdir. Ertəsi gün Mais səhər saatlarında evə gələrək başına gələnləri danışdıqda ona məlum olmuşdur ki, sonuncu, üzərində saxladığı 2500 manat pulla Bakıxanov qəsəbəsində fəaliyyət göstərən kafeyə gedərək spirtli içki içmiş, kafedən çıxdıqdan sonra adı sonradan məlum olan Vüsal adlı şəxs ona qarşı bıçaqla hədə-qorxu gələrək üzərində olan həmin 2500 manat pulu ələ keçirmişdir. Həmin pulları onun adına bankdan kreditə götürsələr də, aylıq ödənişləri Mais ödəyəcəkdir. Ona görə də qeyd olunan pul vəsaiti Maisə məxsusdur. Mais evdən çıxanda həmin 2500 manat pulu ayrıca cibinə qoymuşdur. Bu barədə dəqiq bilir (cild 1, iş vərəqi 223-224). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş 22 may 2024-cü il tarixli ifadənin yerində yoxlanılması protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs sərbəst ifadəsini hadisə yerində əyani şəkildə təsvir etmiş, bu zaman onun sərbəst ifadəsinin düzgünlüyü müəyyən edilmişdir (cild 1, iş vərəqi 25-27). İş materiallarına əlavə edilmiş 24 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs işlə əlaqəsi olmayan Zərərçəkmiş şəxsun iştirakı ilə tanınmaya təqdim edilmişdir. Həmin protokola əsasən, tanınmalı olan Təqsirləndirilən şəxs hazırkı işlə əlaqəsi olmayan üç nəfərin arasında Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsi ilk və son dəfə xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Bakıxanov qəsəbəsində yerləşən “Bravo” marketin qarşısında gördüyünü, Təqsirləndirilən şəxs həmin vaxt “Albalılıq” qəsəbəsinə necə getmək barədə soruşduğunu, sonuncunun da ona yolun əks istiqamətinə keçməsini təklif etdiyini, Təqsirləndirilən şəxs ilə yolun əks hissəsinə keçdikləri zaman orada olan ağaclıq hissədə sonuncunun cibindən bıçaq çıxarıb onun qarın nahiyəsinə dirədiyini və əlini cibinə salaraq 2500 manat pulunu götürüb oradan qaçdığını, Təqsirləndirilən şəxs bədən formasından, üz quruluşundan, özünü təqdim edərkən səsindən tanıdığını bildirmişdir (cild 1, iş vərəqi 30-32). Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək onu ifşa etmişdir (cild 1, iş vərəqi 33-34). Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması barədə 02 fevral 2024-cü il tarixli protokola əsasən, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılıb 13cü Polis şöbəsinə dəvət olunmuş, orada təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən hər biri bir büküm olmaqla narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr, həmçinin 1 ədəd «Samsunq» markalı mobil telefon və 338 manat pul aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 87-88). Cinayət işinə əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər köçürülmüş və həmin görüntülər şəxsi axtarış keçirilməsi haqqında protokolda qeyd olunanlarla uyğunluq təşkil edir (cild 1, iş vərəqi 104-105). Məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2024-cü il tarixli 3-16-16/2-6/754 nömrəli rəyindən görünür ki, tədqiqat obyekti kimi üzərində AR DİN «Arayışlar üçün № 160» möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 büküm narkotik vasitəyə bənzər maddə...” sözləri, soyadlar və imzalar olan 1 ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 4,660 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 3,599 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir, heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ). Qeyd: heroinin təmiz çəkisi 3,599 qram, tədqiqata sərf edildi - 0,1 qr., qalıq 3,499 qr. Metamfetaminin təmiz çəkisi 4,660 qram, tədqiqata sərf edildi - 0,1 qr., qalıq 4,560 qr.(cild 1, iş vərəqi 98). Məhkəmə-narkoloji ekspertizasının 20 may 2024-cü il tarixli 3505 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 240- 241). Məhkəmə-tibbi ekspertizasının 08 fevral 2023-cü il tarixli 391/K nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs oğlundan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir (cild 2, iş vərəqi 52-55). İbtidai istintaq orqanının 23 avqust 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən ondan aşkar edilərək götürülmüş təmiz çəkisi 4,660 qram təşkil edən psixotrop maddə metamfetamin və təmiz çəkisi 3,599 qram təşkil edən narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,499 qram çəkidə narkotik vasitə heroin və 4,560 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs götürülmüş zərərçəkmiş şəxsə məxsus 338 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 274-292, 294). İstintaq zamanı "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli 9427/24 saylı məktubla istintaqa daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan SMS-lərin siyahısı və mətnlərinin əks olunduğu 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə xx.xx.2023-cü il tarixdə saat 00:00-dan xx.xx.2024-cü il tarixdə saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan SMS-lərin siyahısı və mətnlər yüklənmişdir. Həmin protokoldan görünür ki, diskin yaddaşında «xx.xx.2024 12_18_26 SMS detallashmasi-MSİSDN_556342313» adlı 1 ədəd fayl mövcüddur. Həmin fayla baxış keçirilərkən sms mətnlərinə dair aşağıdakı məlumatlar aşkar olunmuşdur: xx.xx.2023 20:51:03 xx.xx.2023 01:20:15 1.1.**********77 1.1.**********13 Televizoru qaytar 1 saata gedirem polise senil DELİVERED xx.xx.2023 20:52:33 xx.xx.2023 01:21:14 1.1.**********77 1.1.**********13 Geceni kecmesin ne ogurlamisan qaytar qoy yerine televizoru bu gece getir DELİVERED xx.xx.2023 11:04:55 xx.xx.2023 11:04:56 1.1.**********77 1.1.**********13 Ac sozum var sene ogramisan basa dusurem gel problem acma ozuve polise duwsen hamivizin videolari var telfonda xoslugla qaytar DELİVERED xx.xx.2023 02:56:57 xx.xx.2023 02:56:57 1.1.**********13 1.1.**********45 Ablam menem deniz awda bu zengi kola istirem puluynan he yox dede balam DELİVERED xx.xx.2023 05:04:08 xx.xx.2023 05:04:08 1.1.**********13 1.1.**********45 Hele gelir o adam neqeder ceker alinmirsa eybi yox bele ozun cix gel DELİVERED xx.xx.2023 05:39:43 xx.xx.2023 05:39:43 1.1.**********13 1.1.**********45 Noldu ay medine gelirsen awda bir kelme DELİVERED xx.xx.2023 00:48:45 xx.xx.2023 00:48:45 1.1.**********95 1.1.**********13 Hardasane mən stiydeyem kowkun yanında poxu acda DELİVERED xx.xx.2023 04:02:04 xx.xx.2023 04:02:04 1.1.**********95 1.1.**********13 Ablavadi atam ehtiyatlı ol 3dene post patrul 2si bravonu fırlanırdı DELİVERED xx.xx.2023 04:02:05 xx.xx.2023 04:02:05 1.1.**********95 1.1.**********13 1i newede saxlamışdı sən cani ehtiyatlı ol DELİVERED xx.xx.2023 04:08:16 xx.xx.2023 04:08:16 1.1.**********13 1.1.**********95 Gorursenki ablavadi indi ola bilsinki belkem menim miqranima goredir bu ablava ne bilmey olar ya nece. Bunlari sen gore-gore duwunmekdense belkem Denize DELİVERED xx.xx.2023 04:08:17 xx.xx.2023 04:08:17 1.1.**********13 1.1.**********95 goredi.? Mene demekdense iwe cixma dur cix gel gedek eve problem olar sene deyirsenki atam ehtiyatli ol. Olaramda ne deyirem olaram inwallah. DELİVERED xx.xx.2024 11:20:35 xx.xx.2024 11:20:35 1.1.**********95 1.1.**********13 Tema ucun Zibil klokuna bazda olsa de DELİVERED xx.xx.2024 09:00:35 xx.xx.2024 09:00:35 1.1.**********19 1.1.**********13 Ay deniz mənəm aylin nolar cvb verin kola var, ölürəm puluynan DELİVERED (cild 1, iş vərəqi 237- 239). Cinayət işinə əlavə edilmiş «Respublika Psixatriya Xəstəxanası» X3 xx.xx.2024-cü il tarixli 6604 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 162). Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 fevral 2024-cü il tarixdə Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində vətəndaş Zərərçəkmiş şəxs qarşı törədilmiş quldurluq hadisəsi zamanı hadisənin şahidləri olmuş şəxsləri müəyyən etmək mümkün olmamış, hadisə yerinin yaxınlığında müşahidə kameraları aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı cinayətin törədildiyi cinayətin aləti olmuş bıçaq və ya hər hansı predmet müəyyən edilməmişdir (cild 1, iş vərəqi 210). Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs cinsi azlıq nümayəndəsi olması, onun ikinci adının «Dəniz» olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair konkret faktlar müəyyən edilməmişdir. Narkotik vasitələrin dövriyyəsi və istifadəsi ilə məşğul olan şəxslər aralarında bir-biriləri ilə kodlaşdırılmış sözlərlə narkotik vasitələrin alqı satqısını həyata keçirirlər. Belə ki, həmin kodlaşdırılmış sözlərdən “kola” kimi ifadə edilən söz narkotik vasitə olan heroini bildirir. Tapşırıqda qeyd edilən televizor oğurluğu iddiası ilə bağlı hər hansı araşdırma aparılmamışdır, qeyd olunan oğurluq faktı qeydə alınmamışdır. Televizor tələbi edən ********** saylı mobil nömrə sahibini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 273). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən 10 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 148-149). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlardan Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsini qəbul etmədiyini, özünün quldurluq cinayəti törətmədiyini, həmin hadisə ilə bağlı nə videogörüntü, nə də ki, bıçaq olmadığını, lakin narkotiklə bağlı verilən epizodu etiraf etdiyini, üstündən aşkar olunan narkotik vasitələrin özünə məxsus olduğunu, Zərərçəkmiş şəxs adlı şəxsi tanımadığını, həmin işlə bağlı ittihamda yazılanları qəbul etmədiyini, hadisənin baş verdiyi qeyd olunan 01 fevral tarixdə özünün Masazırda oteldə olduğunu bildirərək, müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs CM-nin 182.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri hazırkı hökmdə sadalanan və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərə qiymət verərkən həm də onu qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ümumiyyətlə həmin hadisənin baş verməsini inkar etməsinə baxmayaraq, ibtidai istintaq zamanı cinayət hadisəsini qismən etiraf edərək Zərərçəkmiş şəxs tanıdığını, özünün cinsi azlıq nümayəndəsi olduğunu və Maislə Bakıxanov qəsəbəsindəki «Bravo» marketin yaxınlığında ağaclıq ərazidə qeri-təbii yolla cinsi əlaqədə olduğunu, bu zaman zərərçəkmiş şəxsin şalvarının aşağı çəkilmiş vəziyyətdə olarkən əlini sonuncunun cibinə salıb yoxladığını və cibindəki pulları ələ keçirib sonradan hadisə yerindən uzaqlaşıb getdiyini, daha sonra pullara baxarkən zərərçəkmiş şəxsin təxminən 700-800 manat məbləğində pulunu ələ keçirdiyini bildiiyini və həmin pula üzərindən aşkar olunmuş narkotik vasitəni aldığını bildirmişdir. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış çoxsaylı sübutlarla təkzib olunduğuna görə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 02 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 13-cü Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxs qismində tutulduğundan və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanıldığından, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı onun həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 20 may 2024-cü il tarixli 3505 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,499 qram çəkidə narkotik vasitə heroin və 4,560 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş zərərçəkmiş şəxsə məxsus 338 manat nağd pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntülərinin əks olunduğu bir ədəd DVD disk və onun istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılmış telefon danışıqları ilə bağlı məlumatların əks olunduğu "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, iş üzrə müdafiəçi - Bakı şəhəri, 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına Təqsirləndirilən şəxs müdafiəsini həyata keçirmiş və bununla əlaqədar 43 saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,499 qram çəkidə narkotik vasitə heroin və 4,560 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı götürülmüş zərərçəkmiş şəxsə məxsus 338 manat nağd pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD disk və onun istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılmış telefon danışıqları ilə bağlı məlumatların köçürüldüyü "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəfləri hesab edilən: - 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar